Vahid Aslan --Nənəm və qara daş
Uşaq vaxtı
Hər il yay olanda,
Yaylağa köçüb
Nənəmlə yurdda qalanda,
Köksüm fərəhlə dolardı,
Dünya mənim olardı;
Nehrə yağının,
Sarı inəyin qaymağının yaxması,
Dərə boyu şırhaşırla
Dağ çayının axması,
Meşə çiyələyinin qoxusu,
Buludlara qoşulub
Göy üzündə uçmaq duyğusu,
Arada
Nənəmin nağıllarını
Dinləmək şirin idi...
Yurdu qoruyan babalardan danışardı,
Başı qarışardı,
Ocaqdakı süd qaynayıb daşardı,
Daşa dönüm deyib,
Nənəm özünü qınayardı;
Bir də yurdun yanında
Bir qara daş vardı,
Altından bulaq qaynayardı,
Nənəm deyərdi ki,
Bu daş mənimlə yaşıddı –
Səksən yaşı var,..
Bulaq onun danışan dilidi,
Onun da yaddaşı var;
Altdan-altdan gülərdim,
Həm də inanardım nənəmə,
Nənəm davam edərdi hekayəsinə:
- Baban sağ olsaydı
İndi səksən yaşı vardı,..
Hər şeyi anlayıram,
Hər gün nənəmin
Nə üçün qara daşın
Görüşünə gəldiyini,
Oxuyan bulağın
Nəğməsini dinlədiyini,
Qara yaylığını
Başından açıb
Xəyallara daldığını,
Aradabir
Nə üçün daşı sığalladığını
Anlayıram.
06.05.2025