Nazim Əhmədli -  ÜRƏYİMƏ MƏKTUB

Ədəbiyyat 21:25 / 06.07.2026 Baxış sayı: 141




Salam, necəsən ürəyim,
sinəmin altı necədi;
məni hər yana çapırsan,
mindiyin atın, necədi;

bu qələmim lələk deyil,
şair hələ mələk deyil;
hamı sənə ürək deyir,
adın, soyadın, necədi;

bezmədin, canımdan mənim,
dərd ötmür, yanımdan mənim;
doymursan, qanımdan mənim,
qanımın dadı, necədi;

bilmirəm ki, qışam, yazam,
saçıma baxdım, bəyazam;
gərək sənə nəsə yazam,
şeir, bayatı, necədi;

bir gün gələn, bir gün gedər,
dərd-sərin məni əridər;
ürəyim, bir məktub göndər,
görüm, həyatın necədi.

12.04.2017.