MƏLƏK VƏ HAMLET  - NİGARDAN ROMAN

YAZARLAR 11:08 / 27.04.2026 Baxış sayı: 491

Bu gün də qəfil başlayan leysan yağış məni dartıb pəncərənin önünə gətirdi. Və mən saysız-hesabsız nazik su şırnaqlarının ağacları, evləri, küçələri necə yuduğuna tamaşa edə-edə o talesiz qadın haqqında düşünürdüm. Nə qədər talesiz olsa da çəkdiyi acılar, ağrılar bu qadını kobudlaşdıra bilməmişdi. O çox zərif, həssas və duyğusal idi. Fərqli, maraqlı düşüncələri ilə çox qəribə görünürdü. Onun qəribəliklərinin biri də bu cür qəfləti, leysan yağışlarla bağlı idi. Mən onu çox yaxşı tanıyırdım. Belə leysan yağışlarda evdə otura bilməyib çölə çıxdığını və islanana qədər yağışın altında gəzindiyini də bilirdim. Əslində o özünə çox qapanan, evdən çölə çıxmayan bir qız olmuşdu. Özünün danışdığına görə isə uşaqlıqda çox şən, dəcəl, ünsiyyətcil olmuş və öz yaşıdlarıyla həyət-bacada oynamağı çox sevirmiş. Böyüdükcə onu yaşıdlarından fərqləndirən bəzi xasiyyətləri də yavaş-yavaş üzə çıxmağa başlamışdı. Öz yaşıyla uyuşmayacaq dərəcədə ciddi olmuş, yalanı, riyakarlığı heç vaxt bağışlamamışdı. Bəlkə bə buna görə yaşıdlarıyla onun arasında olan bağlar yavaş-yavaş qopmuş və o beləcə tək qalmışdı. Ən adi, xırda yalanlara görə yaşıdlarıyla üz-göz olmasını valideynləri ona irad tutsalar da, o heç vaxt öz xasiyyətini dəyişə bilməmişdi. Nə orta məktəbdə, nə də ki, tibb universitetində oxuyanda qızlara qoşulub əylənməyi, gəzib-dolaşmağı da xoşlamırmış. Bu qəribə qızı evdən dartıb çölə çıxaran, bax, bu leysan, şıdırğı yağışlar olmuşdu.

– Reyhan xanım, əlimdə nə işim olsa da o dəqiqə tullayıb həyətə qaçırdım. – Mələyin köksünə sığmayan, sevincdən titrəyən səsi qulağımda səsləndi. – Yağış yağanda uşağa dönürdüm. Gah üzümü göyə tuturdum ki, yağış üzümü yusun. Gah ovuclarıma yağış dolsun, deyə əllərimi göyə açardım. Uşaq kimi atılıb-düşərdim. Balaca olanda anam yağışla oynamağıı mənə irad tutmurdu. O məni danlamağa başlayanda başa düşdüm ki, artıq böyük qızam.

– Sən artıq uşaq deyilsən, Mələk.

Artıq böyük qız olmusan, deyəsən, bunun fərqində deyilsən. Bu yaşında yağışın altında atılıb-düşürsən, nə bilim neynirsən? Qonum-qonşu səni görüb nə düşünər?

– Nə düşünürlər, düşünsünlər, – deyə hər dəfə anamın sözünü kəsib böyük bir şadyanalıq içində sanki hamı eşitsin deyə ucadan səslənirdim: – Kimsə məni bu sevincdən məhrum edə bilməz!

Bir dəfə də anam məni danlayanda az qala çığırdım:

– Ana, sən hiss etmirsən ki, bu, mənim yeganə əyləncəmdi? Sən niyə onu mənim əlimdən almaq istəyirsən? Bəyəm mən pis bir iş görürəm ki, sən belə acıqlanırsan? Mən bilmirəm niyə belə olur? Yağış yağanda, ağaclar belə yuyulub paklananda mənim də ruhum dincəlir, eynim açılır. Əhməd dayı tezdən məni məktəbə aparır, bir neçə saatdan sonra evə gətirir. Orta məktəbi bu gün sabah bitirirəm. Reyhan xanım, mən elə kövrəldim ki, gözlərimdən yaş töküldü. Anam elə çaşmışdı ki, söz tapıb deyə bilmirdi.

Handan-hana peşman-peşman dedi:

– Sən elə danışırsan ki, Mələk, elə bil biz səni hər cür əyləncədən məhrum etmişik. Səni evdən çölə çıxmağa qoymuruq? Neçə dəfə sənə demişəm ki, qoşul qızlara, rəfiqələrinə.

– Mənim rəfiqəm yoxdu. Heç vaxt da olmayacaq?

Bu dəfə danışanda anamın səsi titrədi:

– Niyə belə deyirsən, Mələk? Sən elə uşaq vaxtı da belə idin. Səndən baş açmaq olmurdu. Axı, sən niyə evə qapanıb qalıbsan?

– Bilmirəm, ana, bilmirəm. Yəqin günah mənim özümdədi. Qəlbimdə bir boşluq, tənhalıq var. Heç kəslə dil tapa bilmirəm. Mən qeyri-ixtiyari Mələyin sözünü kəsib soruşdum:

– Bəs Hamleti necə sevə bildin? Onunla necə dil tapdın?

Onda biz telefonla təzə-təzə danışmağa başlamışdıq. Həm də Mələk yaşca məndən çox kiçik olduğu üçün deyəsən, Hamlet barədə danışmağa utanırdı. Odur ki, qəfil sualım onu çaşdırdı və onun bir xeyli səsi gəlmədi. Onun pərtliyini hiss edib, sualı məqamında vermədiyimi başa düşdüm. Mələyi  bu vəziyyətdən çıxartmaq istəyəndə onun utancaqlıqla dediyi sözləri eşitdim:

– Bizim atalarımız dost idi. Nofəl əmi bizə gələndə arabir Hamleti də gətirirdi. Mən sizə danışmışam axı, Reyhan xanım. Uşaqlıqda mən çox cəsarətli, şən, ünsiyyətcil idim. Sözü də adamın üzünə deməkdən heç vaxt çəkinmirdim. Amma nədənsə Hamletlə söhbət edə bilmirdim. O, yaşına uyğun olmayacaq dərəcədə ciddi və təmkinli idi. Bəzən anam gülə-gülə deyirdi ki, atalarınız dost olsa da, siz heç vaxt dost ola bilməyəcəksiniz. Çünki sizin xasiyyətinizdə oxşar cəhətlər çoxdu. Atam da Hamleti çox tərifləyirdi. Nofəl əmiyə deyirdi ki, Hamlet çox ağıllı, zəkalı uşaqdı. O, sənin bütün ümidlərini doğruldacaq. Bu sözlər mənim uşaq qəlbimdə gizli bir qorxu yaratmışdı. Ona görə də onunla söhbət etməkdən çəkinirdim. Hamletin xarici görkəmi də yaşına uyğun deyildi. Yaşına görə o çox cüssəli və boy-buxunlu idi. Açıq rəngli buruq saçları o qədər gur idi ki, elə bil başına qıvırcıq tüklü papaq qoymuşdu. İri, ala gözləri çox parlaq və işıqlı idi. Bu iri, parlaq gözlər elə iti və ciddi nəzərlərlə baxırdı ki, elə bil adamın ürəyindən keçənləri oxumaq istəyirdi. Odur ki, Nofəl əmi Hamletlə bizə gələndə mən yüngülcə salamlaşandan sonra öz otağıma çəkilər və bir də onlar gedəndən sonra çıxardım. Əslində Reyhan xanım, o vaxtlar həyatımın elə dövrü idi ki, mən istər yaşıdlarımla, istərsə də özümdən böyüklərlə ünsiyyətdən qaçırdım. Yadımdadı, bir dəfə öz otağımda sakitcə uzanıb kitab oxuyurdum. Əslində isə fikrim çox dağınıq idi. Vərəqləri bir-bir çevirsəm də nə oxuduğumu bilmirdim. Nofəl əmiylə Hamlet yenə bizə gəlmişdilər. Qonaq otağından gələn səslər fikrimi dağıdırdı. Həm də bu söhbətlər məni çox cəzb edirdi. Elə bil Nofəl əmi, mənim düşündüklərimi hiss edib ucadan səsləndi.

– Mələk qızımız, niyə görünmür? Gözlərim həmişə onu axtarır. Ancaq biz içəri girən kimi o tez qaçıb otağına girir. Balaca olanda belə deyildi.

– Hə, düz deyirsən, – deyə atam Nofəl əmini çox danışmağa qoymadı. Böyüdükcə Mələyin xasiyyəti dəyişir. O şən, mehriban qızdan əsər-əlamət qalmayıb.

Anam da söhbətə qoşuldu:

– Deyirdilər uşaq vaxtı dəcəl, şən, ünsiyyətcil olan uşaqlar sonralar çox sakit, utancaq olurlar. Mələyə baxıb deyirəm ki, düz deyirlərmiş. Həmişə belədi e, Nofəl qardaş. Evə qonaq-qara gələndə öz otağından çölə çıxmır.

– Düzdü, utancaqlıq qızın gözəlliyidi. Ancaq hər şey gərək öz qədərincə olsun. Biz yad adamlar deyilik axı. Nofəl əmi bir anlığa susub əlavə elədi:

– Böyük şairimiz Nizami necə deyib, qardaş? – Sən məndən də yaxşı bilirsən.

– Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verər o da.

– Düz deyirsən, Nofəl qardaş. Anamın qayğılı səsi gəlib mənə də çatdı: – Bu qız dörd divarın arasında qapanıb qalıb. Əhməd kişi səhər gəlib məktəbə aparır, günorta gedib gətirir. Gördüyü bunlardı.

Mələk qüssəli-qüssəli danışdığı yerdə birdən susdu, az sonra gülə-gülə dedi: – Reyhan xanım, o an gözləyirdim ki, anam deyəcək ki, bircə yağış yağanda onu tutub saxlamaq olmur. Həyətə qaçıb o ki, var gəzinir. Ancaq anam bu barədə Nofəl əmiyə heç nə demədi. Mənim anama o qədər acığım tutdu ki, onlar gedər-getməz tez otağımdan çıxıb incik-incik dedim:

– Niyə yalan danışırsan? Yağış yağıb qurtarana qədər həyətdə gəzinən mən deyiləm? Niyə bu barədə Nofəl əmiyə heç nə demədin? Anam mənə uzun-uzadı baxdı, sonra onu gülmək tutdu. Başını yelləyib gülə-gülə dedi:

– Bilmirəm, sən nə vaxt böyüyəcəksən!  Uşaqlığın havası hələ də başındadı. Bu qaçıb gizlənmək nədi? O dediyin söz nədi? Sənin sözündən belə çıxır ki, mən Nofəl müəllimə deməliydim ki, bizim qızımız ancaq yağış yağanda çölə çıxır. Başlayır uşaq kimi atılıb düşməyə, yağışla oynamağa?

Mən hirsli-hirsli anamın sözünü kəsdim:

– Bu sözləri nə vaxtacan başımda taqqıldadacaqsan? O uşaqlıq idi, ötüb keçdi. İndi mən yağışın altında oynamıram, adam kimi gəzinirəm, bundan zövq alıram.

Anam nigaran baxışlarını üzümdə saxlayıb: – Söhbət sənin arabir həyətə çıxıb gəzinməyindən getmir, dedi. – Həyat tərzindən gedir. Məktəb yoldaşlarına qoşulub bir yerə getmirsən, qohum, qonşu evinə getmirsən.

Toy adı çəkiləndə üz-gözünü turşudub deyirsən ki, toya gedən gərək qohumlarla bir-bir oynasın, əldən düşənə qədər atılıb-düşsün. Mən bunu bacarmıram, daha doğrusu, belə şeylərdən zəhləm gedir.

– Deyirəm, sən uşaq vaxtı necə mehriban, ünsiyyətcil idin. Sənə nooldu, ay Mələk? Atan da bütün hirsin mənim üstümə tökür. Deyir sən anasan, otur qızınla üzbəüz söhbət elə. Başa sal ki, evə qonaq gələndə öz otağına girib qapını qonağın üzünə bağlamaq etikadan kənar bir şeydi, mədəniyyətsizlikdi. Deyir mən Nofəlgilə gedəndə onun qızı, oğlu məni mehribanlıqla qarşılayır, süfrə başında oturub bir yerdə çay içirik, söhbət edirik. Hiss edirəm ki, onlar məni bir qonaq kimi yox, ailənin bir üzvü kimi qəbul edirlər. Bu nə qədər xoş bir hissdi. Mənim qızım da bir kəlmə salam sözünü deyib qaçıb otağında gizlənir. Elə bil ailə tərbiyəsi görmüyüb. Vəhşixanada böyüyüb. Mələk, gör atanı necə əsəbiləşdirirsən ki, ağzından belə kəlmələr qopur.

– Axı mən Nofəl əmiylə, Hamletlə bir süfrə başında oturub nə danışacağam e, – deyə pərt halda anamın sözünü kəsdim. Görmürsüz, Nofəl əminin çox ağıllı, zəkalı oğlu atamın təriflərindən sonra adama necə baxır?

– Necə baxır? – deyə anam təəccüblə mənə baxdı.

– Özündən razı halda qaşlarını çatıb elə diqqətlə, elə ciddi-ciddi baxır ki, elə bil adamda qüsur axtarır. Onun bu baxışından heç xoşum gəlmir. O qədər ötkəm və iddialıdır ki, onu görəndə çaşıram. Bilirəm ki, danışsam dilim dolaşacaq.

Bax, Elza xanım da sənin haqqında belə yanlış fikirdədi. O da deyir ki, Mələk böyüdükcə adamı heç saya salmır. Deyir ki, balaca olanda çox şirindilli, istiqanlı bir uşaqdı. İndi tamam dəyişib, çox lovğa, təkəbbürlü bir qız olub.

– Bəs sən nə dedin? – Həyəcanlanmış halda pərt-pərt soruşdum.

– Nə deyəcəm? – Anam qayğılı halda dilləndi. – Dedim, Elza xanım, vallah, sənə elə gəlir. Mələkdə lovğalıqdan əsər-əlamət belə yoxdur. Bilmirəm, bu qız niyə belə dəyişdi? O qədər utancaq və qaradinməz olub ki, evə qonaq gələndə uşaq kimi qaçıb öz otağında oturur, səsini də çıxarmır. Anam azacıq susub mənalı-mənalı gülümsədi:

– Elzanı da  tanıyırısan də. Adama dərs verməyə him axtarır. Başını ədayla yırğalayıb başladı, nə başladı. Dedi, ay Səmayə xanım, Mələyi qabağında oturt, başa sal ki, qız uşağı böyüdükcə daha mülayim, mehriban olmalıdı. Həmişə sənin yanında oturub qalmayacaq ki… Gec-tez quş kimi uçub başqa bir evə köç edəcək. Odur ki, qızın dilinin altında gərək həmişə bir tikə qənd olsun. Vallah, düz sözümdür, qızı gərək uşaq vaxtından evliliyə hazırlayasan. Bax, evə qonaq-qara gələndə qulluqçu qız Zoyaya deyirəm ki, sən get mətbəxə biş-düşlə məşğul ol. Çay süfrəsi üçün şirniyyat hazırla. Süfrəni Fidan özü açacaq, qonaqlara özü qulluq edəcək. Belə olmalıdı da, Səmayə xanım. Qız gərək gözə görünsün ki, dost-tanış, qohum-əqrəba görsün ki, Nofəl kişinin evində yaxşı bir qız  böyüyür. Gərək qızı tanıdığın, bildiyin adama, yaxşı bir ailəyə verəsən ki, sonra arxayın olasan.

Elza xanım çox danışdı. Gördü ki, mən də susub danışmıram. Nə hiss etdisə səsini yumşaltdı:

– Səmayə xanım, sözümü qəribliyə salma. Vallah, mən sizin balalarınızı öz balamdan ayırmıram. İstəyirəm ki, uşaqlarımızın həyatında hər şey öz qaydasında olsun. Hamısı xoşbəxt olsun. Şəhərdə beş hörmətdi adam varsa, biri Ziya müəllimdi. Belə atanın qızı niyə qaçıb qapı arxasında gizlənsin? Mələk uşaq deyil axı. Bu gün-sabah orta məktəbi bitirəcək.

– Ana, sus, burda bu söhbətə son qoy. Bayaqdan canımı dişimə sıxıb dözürəm. Daha heç nə eşitmək istəmirəm.

Reyhan xanım, gördüm ki, anam çox pərt oldu. Zarafata salıb gülə-gülə dedim:

– Bir az da bu söhbəti davam etdirsən, vallah, qaçıb otağa girib qapını bağlayacam. Bir də kimsənin üzünə açmayacam.

Mən zarafata salıb gülsəm də anamın eyni açılmadı. Qayğılı və incik halda əlini yellədi:

– Mən bilmirəm, səndən necə, hansı dildə danışım, – dedi və köks ötürdü. – Atan da deyir ki, qızını başa sal ki, özünü adam kimi aparsın. Məni Nofəlin yanında pis vəziyyətdə qoymasın. Mələk, uşaq vaxtı o qədər dəcəlliklər edirdin, atan divara yekə bir mismar vurub deyirdi ki, özünü yaxşı aparmasan, səni bax, bu mismardan asacam. İndi bəs neyniyək?

Söhbətin bu yerində məni gülmək tutdu. Nə qədər cəhd etsəm də gülüşümü gizlədə bilmədim. Şən bir əhval-ruhiyyə ilə dedim:

– Ziya müəllimin bu cəzasında elə incə bir yumor var ki, bu cəzadan söz düşəndə məni həmişə gülmək tutur.

– Deməli, mən bu barədə sizə danışmışam. Ehh, Allah bilir, hələ nə qədər də danışacam, – deyə Mələk köks ötürdü.

– Anam da bu hadisəni tez-tez yada salır. Reyhan xanım, atam dünyasını dəyişəndən sonra bizim evdən gülüş qaçaq düşüb. Anam yazzıq üzümüz gülsün deyə tez-tez uşaqlıq çağlarımızdan söz salır. Qardaşlarımın dəcəllikləri ilə yanaşı bu mismar məsələsini də ortalığa salıb bizi güldürürdü. İndi daha bu söhbətlər bizi ondakı kimi güldürə bilmir.

Mən Mələyin məyus olduğunu hiss edib söhbəti dəyişdim:

– Mələk, keç əsas mətləbə. Biz axı başqa şeydən danışırdıq. Evə qonaq gələndə qaçıb öz otağına girirdin. Xüsusilə Nofəl kişi və Hamlet sizə gələndə sənin bu hərəkətin Ziya müəllimi pərt edirdi. Anan da səni başa salmaq istəyirdi ki, bu düzgün hərəkət deyil.

– Reyhan xanım, anam bu barədə elə məyus-məyus danışırdı ki, mən də əsəbləşib özümdən çıxdım. Dedim axı nə baş verib ki, siz belə narahat olursuz? Yaxşı, bu gündən sonra Nofəl əmiylə, əlahəzrət Hamlet bizə gələndə onların pişvazına çıxacam, onları ədəb-ərkanla qarşılayıb qulluq göstərəcəm.

– Bax, görürsən nə deyirəm, ya zarafata salıb gülürsən, ya da istehza edirsən? Mələk, qızım, bir az əvvəldə dedim söhbət sənin həyat tərzindən gedir. Bax, bu dərs ili başa çatmaq üzrədir. İki ildən sonra orta məktəbi başa vurursan. Tələbəlik həyatı bambaşqadır. Gərək aktiv olasan, ünsiyyətcil olasan. Tələbənin həyatı kitabxanalarda, oxu zallarında keçir. Hələ dünyanın sakit, dinc vaxtında ali məktəb üçün dərslik çatışmırdı. Ona görə də kitabxanalara qaçırdıq.

İmtahan, zaçot vaxtı səhər kitabxanaya girib axşam çıxıb yataqxanaya qayıdırdıq. Bir az dincəlib yenə bir yerə toplaşıb bilmədiklərimizi bir-birimizdən soruşurduq, öyrənirdik.

– Ay ana, sən Allah qurtar bu söhbəti, – deyib hövsələsiz halda anamın sözünü kəsdim: – Adam heç bilmir sabah başına nə gələcək. Sən iki-üç il qabağın dərdini çəkirsən. Nahaq yerə özünüzü üzməyin.

– Mələk, sən ana olanda bizim narahatçılığımızın səbəbini yaxşı anlayacaqsan. Gör, neçə vaxtdı sən bu xoşagəlməz həyat tərzinə vərdiş edibsən. Belə getsə sən adamlarla danışmanı da yadırğayacaqsan.

– Yaxşı ay ana, qurtar bu söhbəti.

– Mələk, sən normal həyat tərzinə keçəndə, bu söhbətə də son qoyulacaq. Mən atana desəm ki, sən deyilənləri qulaq ardına vurursan, onda atan özü sənlə söhbət eliyər.

Mələk bir az susub davam etdi:

– Reyhan xanım, çox-çox sonralar anladım ki, valideynlərimin narahatçılığı səbəbsiz deyilmiş. Mən vərdiş etdiyim həyat tərzindən heç cür qopub ayrıla bilmədim. Tələbə həyatım çox passiv keçdi. Orta məktəbdə olduğu kimi nə yaxın rəfiqəm vardı, nə kitabxanaya, nə ad günlərinə, nə də ki, başqa bir yerə gedirdim. Düzdür, mən üçüncü kursda artıq evli idim. Bu da bir tərəfdən mane olurdu. Ancaq qrupda məndən başqa da ailəli qızlar vardı. Bu evlilik onlara mane olmurdu. Uşaqlarla bir yerdə ad günlərinə də, kinoya da, kitabxanaya da gedir, bir yerdə əylənib vaxtlarını çox gözəl keçirirdilər. Anam da həmişə mənə baxıb ürək yanğısı ilə deyirdi.

– Görürsən, sən elə bir yerdə durub qaldın. Bu dünya da, sənin böyründən külək kimi ötüb keçdi. Heç bilmədin bu dünyada nə var, nə yox. Elə ona görə də başına bu bəlalar gəldi.

Mələk susub bir xeyli dinmədi. Mən bilirdim ki, bu talesiz, gənc qadın yenə nakam taleyi ilə bağlı ürək yandıran xatirələrin axınına düşüb qalıb. Onu bu acı anların ağrısından qurtarmaq üçün danışanda səsimə xoş bir ahəng verməyə çalışdım.

– Mələk, yenə də sən mənim sualıma cavab vermədin. Elə hey söhbəti başqa səmtə yönəldirsən. Bir də soruşuram, heç kəslə dil tapa bilməyən bu qəribə, həssas, gözəl qız necə oldu ki, Hamletlə dil tapdı, onu belə dəlicəsinə sevdi? Handan-hana telefondan həyəcanlı titrək səs eşidildi.

– Bizi bir-birimizə kitablar bağladı. Kitablar bizim aramızda gözəgörünməz bir körpü, təkrarsız bir ünsiyyət vasitəsi oldu.

Mən sevincimi gizlədə bilməyib, coşqunluqla dilləndim:

– Deyirəm axı, sizin sevginiz niyə belə sönməz olub? Aranızda yaşananlar niyə bu qədər təkrarsız, qeyri-adi olub? Danış görüm bu necə oldu?

– Reyhan xanım, mən deyilənlərdən, iradlardan sonra atamın xətrinə Nofəl əmiylə Hamlet bizə gələndə daha öz otağıma çəkilmirdim. Hamletin tez-tez mənə yönələn, ciddi, sərrast baxışlarından sıxılsam da özümü ələ alıb süfrə  hazırlamaqda anama kömək edirdim.

Bir dəfə süfrə hazır olandan sonra divanda oturub özümü elə göstərirdim ki, guya televizora baxıram. Birdən atamın şən bir əhvalla ucadan dediyi sözləri eşidib onlara sarı baxdım.

– Hamlet, əlindəki kitabın adı nədir?

Hamlet ciddi bir nəzərlə atama baxıb hörmət və ehtiramla dedi:

– Kitabın adı «Başsız atlı»dır, Ziya müəllim.

Atam mənalı-mənalı gülümsünərək başını tərpətdi:

– Baxan təki mənə çox tanış gəldi. Çox maraqlı kitabdı. Bu kitabı oxumuşam, – dedi və bir az fikrə gedib bəlağətli bir səslə davam etdi:

– Uzaq əyalətdə gecənin qaranlıqları içində qorxunc bir xəyalət təki sübhə qədər dolaşan başsız atlı. Bütün əyalət qorxu, xof içindədi. Kiçikdən böyüyə qədər hamını bir sual düşündürür: – Kimdi bu başsız atlı? Onu qətlə yetirən kimdi? Bir-birindən kəskin, dramatik, sirr, həyəcan dolu hadisələr bir-birini əvəz edir. Ancaq heç kəs bu sirri aça bilmir. Bu dəhşətli sirr ancaq əsərin sonunda açılır.

Atam sözünə ara verib Hamletə dərin bir nəzər saldı, üzü xoş bir təbəssümdən işıqlandı. Bu, işıq onun səsinə də keçdi. Bu kitabı oxuyanda elə sən yaşda olardım. Yadımdadı, kitabı əlimdən yerə qoymayıb birnəfəsə oxudum. Hadisələr o qədər canlı və inandırıcı şəkildə təsvir olunurdu ki, mən də sanki o əyalətin bir üzvü idim. Və o dəhşətli sirrin açılmasını həyəcan içərisində gözləyirdim. Kitabda çox maraqlı bir obraz var. – Atam susub, bir an sonra yenə coşqunluqla dilləndi: – Mister Cerald. Bu cəsur oğlanın mərdliyi, misilsiz bir çeviklə at sürməsi, ən çətin bir məqamda belə ölümün gözünə dik baxması, sevgidə, dostluqda çox sədaqətli olması məni valeh etmişdi.

Atam yenə azacıq susdu, sonra ürək dolusu güldü və gülə-gülə dedi:

– Hər bir yeniyetmə kimi mən də Cerald kimi cəsur, qətiyyətli olmaq istərdim. – Atam danışa-danışa Hamletə baxıb soruşdu: – Onun sevdiyi qızın adı nə idi? Deyəsən, Hamlet atamdan belə bir sual gözləmirdi. Ona görə də bir az tutuldu. Ancaq tez özünü ələ alıb dedi:

– Qızın adı Luiza idi.

– Hə, hə, yadıma düşdü, – deyə atam başının hərəkətiylə Hamletin dediklərini təsdiq etdi: Luiza çox böyük nüfuz və varidat sahibinin yeganə qızıdır. Onu sevənlər çoxdur. Ancaq Luiza Ceraldı sevir. Deyəsən, qızı Kassi Kalxaun adlı bir şərəfsiz də sevir.

Atam yenə Hamletə müraciət etdi:

– Mən kitabı çoxdan oxumuşam səhv etmirəm ki?

– Yox, qətiyyən, – deyə Hamlet böyük bir ehtiramla atama cavab verdi. – Çox doğru-düzgün danışırsız.

– Hə, o da yadımdadır ki, Kassi Kalxaun qızı var-dövlətə görə sevir. Ən dəhşətlisi isə odur ki, bu şərəfsiz Luizanın yeganə qardaşını öldürüb bu amansız qətli Ceraldın üstünə yıxmağa çalışır. Çoxları kimi, məhkəmə üzvləri də bu oğlanın qatil olduğuna inanırlar. Ancaq Ceraldın dostları da onun kimi çox sədaqətli və fədakardılar. Ən sonda, Ceraldın dostu, qoca ovçu, heç kəsin gözləmədiyi bir vaxtda gəlib çıxır. Və sübut  edir ki, bütün əyaləti qorxuya salan başsız atlı Luizanın qardaşıdı. Onu öldürən isə, şərəfsiz Kassi Kalxaundur. Əsərin son səhnəsi necə əzəmətli və möhtəşəm idi! Hamı kimi mənim qorxu və həyəcanlarım da böyük bir sevinclə əvəz olundu. Yadımdadı, mən bu böyük və əzəmətli hissin təsirindən uzun müddət çıxa bilmədim. Məni sevindirən son anda qalib gələn həqiqətin təntənəsi idi.

– Reyhan xanım, atam o hadisələri, o anları təzədən yaşayırmış kimi, elə hiss və həyəcanla danışırdı ki, biz hamımız onu heyranlıqla dinləyirdik. Hamıdan qabaq Nofəl əmi dilləndi. Çox sakit, rahat bir adam olan Nofəl əmi çox həyəcanlanmışdı:

– Ay qardaş, elə danışdın ki, elə bil kitabı təzədən oxudum, – dedi. – O illər gəlib gözüm önündən keçdi.

Atam sevincini gizlədə bilmədi:

– Demək bu kitabı sən də oxumusan?

Nofəl əmi həyəcanlı halda atamın sözünü kəsdi:

– O vaxtlar kim kitab oxumurdu ki? Bədii kitab oxumaq həvəsi ziyansız xəstəlik sindromu kimi təkcə məktəbi deyil, bütün kəndi bürümüşdü. Ən pis oxuyan şagirdin də bədii kitab oxumağa həvəsi vardı. O vaxtlar hər kənddə kitabxana vardı. Hərf tanıyan hər kəs kitab oxumaq istəyirdi və buna böyük bir həvəslə can atırdı.

– Çox təəssüf ki, indi kitaba olan meyllilik çox azalıb, – deyə atam kədərlə Nofəl əminin sözünü kəsdi: – Heç mən özüm də  daha əvvəlki tək mütaliə edə bilmirəm. Düzü, vaxt tapa bilmirəm.

Nofəl əmi başını qüssəli-qüssəli tərpətdi:

– Millətin belə çətin günündə kitab kimin yadına düşür? Bir də ki, yaş ötür. Biz oxuduğumuzu oxuduq, indi növbə gənclərindi.

– Gənclərin başını qatan başqa maraqlar da var. O vaxtlar kənddə heç işıq da yoxdu, – deyə atam fikirli-fikirli davam etdi. Televizor hələ kəndə gəlib çıxmamışdı. Radio, telefon isə tək-tək imkanlı adamların evində vardı. Odur ki, əsas məşğuliyyət kitab idi. Bir da arabir kəndə gəlib çıxan filmlər.

Nofəl əmi gülümsünərək dilləndi:

– Kəndə kino gələndə elə bil qəfil zəlzələ olurdu. Hamı evindən çıxıb kəndin klubuna sarı axışırdı.

– Elədi, – deyə atam da gülümsədi. Bir az fikrə gedib təzədən dindi:

– Ancaq texnologiya nə qədər inkişaf etsə də, gəncləri cəlb edən nə qədər maraqlar meydana çıxsa da, gənclər kitabdan uzaq düşməməlidirlər. Kitabın adama verdiyi şeyi heç nə verə bilmir. Düzdür, indi çox çətin, qarışıq bir zamandı. O boyda Sovet hökuməti dağım-dağım dağıldı. Hər sahədə işlər dayandı, alt-üst oldu. Qarabağ müsibəti isə bu millətin belini qırdı. İndi elə bir vaxtdı ki, heç kəsin ruhdan düşməyə, əlini-əlinin üstünə qoyub oturmağa haqqı yoxdu. Biz əvvəlkindən də beşqat, onqat artıq işləməliyik ki, bu ölkəni təzədən qurub yaradaq, ən əsası isə hər kəs üzərinə düşən işi vicdanla yerinə yetirməlidi.

– Ay Ziya, sən elə himə bəndsən ki, işdən-gücdən danışasan, – deyə anam zarafatyana  tərzdə söhbətin səmtini dəyişmək istədi.

– Ayda, ildə Nofəl qardaş bizə gəlir. Onun sayəsində biz də sənin üzünü görürük. Yoxsa ki, səhər tezdən gedib, gecə yarısı gəlirsən.

– Yaxşı, yaxşı, başa düşdüm. – Atam hissolunacaq pərtliklə anamı  çox danışmağa qoymadı. Əvvəlcə süfrəyə nəzər saldı, sonra isə Nofəl əmiylə, Hamletə baxıb başını narazılıqla tərpətdi:

– Qardaş, bilirsən ki, bizim asudə vaxtlarımız az olur. Belə məqamlarda da ürəyimi boşaldıb danışmayım, bəs nə vaxt danışım? Siz qonaq deyilsiz ki, məndən təklif gözləyəsiniz? Mənim başım söhbətə qarışıb, süfrədə nə varsa, eləcə də qalıb, sonra anam özü yeməyə başladı və gülə-gülə dedi:

– Məsəl var e, gördün yemək, nə demək. Tez olun, Səmayə xanımın hazırladığı təamların dadına baxın.

Beş-on dəqiqə keçməmiş atam baxışlarını Hamletə sarı yönəltdi. Sonra nəzərləri stolun üstündəki göyüzlü kitabda ilişib qaldı. Hamlet atamın nəsə demək istədiyini hiss edib, çəngəli nimçənin qırağına qoydu. Və atamı dinləməyə hazır olduğunu hiss elətdirdi.

– Hamlet, sən kitabı oxuyub qurtarmısan?

– Bəli, Ziya müəllim, oxuyub qurtarmışam.

– Onda elə kitabı özünlə gətirmişkən ver Mələk də oxusun.

Söz atamın ağzından çıxar-çıxmaz Nofəl əmi etiraz etdi:

– Lazım deyil. Əşşi, biz bu kitabı oxuyanda həyəcandan, qorxudan tir-tir əsirdik. Gecələr evdən çıxmağa ehtiyat edirdik. Hər kol, hər ağac bizə başsız atlı kimi görünürdü.

Nofəl əminin sevgi dolu mehriban baxışları üzümdə dikilib qaldı:

– Zərif, həssas uşaqdı. Qorxub eliyər.

Atamı gülmək tutdu:

– Yox, qardaş, mənim qızım qorxmaz. Mən sənə həmişə demişəm ki, mənim iki yox, üç oğlum var. Onun belə incə-mincə görünməyinə baxma. Mələk, xaraktercə çox möhkəm qızdı. Bir də ki, bura kənd deyil ki, hər kol-kos, ağac ona başsız atlı kimi görünsün.

– Ay Ziya, ay qardaş, sən belə düşünürsən. Bəlkə heç qızım belə düşünmür. Gəl, onun özündən soruşaq. Atam bu təklifə bəndmiş kimi ürəkli-ürəkli dilləndi:

– Yaxşı, gəl soruşaq. – Atam üzünü mənə tutub bir az təntənəli səslə soruşdu:

– Qızım Mələk, bu kitabı oxumaq istəyirsən?

Evdəkilərin baxışları mənə dikilmişdi. Hiss edirdim ki, qıpqırmızı qızarmışam. Həyəcandan ürəyim əsirdi. Elə bilirdim, danışsam dilim dolaşacaq. Atam gözlərini məndən ayırmadan həyəcanla bir də soruşdu:

– Utanma, qızım, burda yad adam yoxdu ki?

Nofəl əmin düz deyir, bu kitab adamda bir az qorxu, xof hissi oyadır. Oxumaq istəyirsənsə, götür oxu. Ancaq qorxulu olsa da bu kitabdı. Kitabdan adama heç bir ziyan gəlməz.

Mən başımı qaldırıb atama baxdım. Baxışlarımız qarşılaşanda mənə elə gəldi ki, atam canfəşanlığı bu kitabı oxumağın xatirinə eləmir.  Sanki o məni bu dörd divarın arasından çıxarıb, insanlarla ünsiyyətə dəvət edirdi. Atamın məni izləyən baxışlarında elə bir yalvarış vardı ki, mən qeyri-iradi dilləndim:

– Hə, oxumaq istərdim. Söhbətimizdən hiss etdim ki, maraqlı kitabdı. Atam ləzzətlə güldü:

– Gördün, qardaş, dedim axı, o çox güclü qızdı. Hələm-hələm şeylərdən qorxmaz. Nofəl əmi hər iki əlini yuxarı qaldırıb: – Mən təslim, qardaş, – dedi. Danışa-danışa Hamletə tərəf çevrildi:

– Hamlet, ayağa qalx, öz əlinlə kitabı apar ver qızıma.

Hamlet  cəld ayağa qalxdı və ağır addımlarla mənə sarı yeridi. – Reyhan xanım, o elə cüssəli, elə boy-buxunlu, həm də elə yaraşıqlı idi ki, elə bil onu ilk dəfə görürdüm. Həm də ki, kiçik məşəllər kimi od tutub yanan gözləri mənə elə baxırdı ki, sanki ürəyimdən keçənləri öyrənmək istəyirdi. Mən gözlərimi yerə dikib tərpənməyə belə qorxurdum. O da bir söz demədən kitabı oturduğum divanın üstünə qoyub, öz yerinə qayıtdı. Nofəl əminin açıq-aşkar hiss olunan sevinc dolu səsi eşidildi:

– Ziya qardaş, yadındadı, biz orta məktəbdə oxuyanda, oxuduğumuz hər kitabı müzakirə edərdik. Hərə öz fikrini söylərdi. Bu müzakirələr, söhbətlər bizi daha da ruhlandırardı. Oxumaq hissimizi daha da artırardı. Bəs bu uşaqlar niyə belə eləməsinlər? Bunun onlara çox xeyri dəyər. Bu il Hamlet, Allah qoysa orta məktəbi qurtaracaq.

Nofəl əminin mülayim sifətində sevgiylə baxan gözləri yenə mənə dikildi:

– Məncə, Mələk qızımız da iki ildən sonra təhsilini başa vuracaq.

Anam da bu söhbətdən həyəcanlanmışdı deyəsən. Ancaq bu həyəcan xoş bir həyəcan idi, onun da səsində xəfif bir sevinc vardı:

– Bu ildən sonra, iki ili qalır. İki il yarımdan sonra Mələk də orta məktəbi qurtaracaq.

– Hə, nolar, nə vaxt qurtarır, qurtarsın. Təki sağ-salamatçılıq olsun. Deməyim odu ki, vaxtlarını boş keçirməsinlər. Nofəl əmi danışdıqca həyəcanı artırdı:

– Bax, bu Hamletin əlindən kitab düşmür. Bundan sonra oxuduğu kitabları gətirib verər Mələyə, qızımız da oxuyar. Sonra kitab haqqında hərə öz fikrini söyləyər, sual-cavab edərlər. Hamlet bilmədiyini Mələkdən öyrənər, Mələk də Hamletdən.

Atam mənalı-mənalı gülümsünərək Nofəl əminin sözünü kəsdi:

– Hər halda Mələk Hamletdən daha çox öyrənər.

– Hər ikisi bizim balamızdı, – deyə Nofəl əmi atamı və anamı süzüb əlavə etdi:

– Mələk qızımız da dörd divar arasında tək-tənha oturub sıxılmaz. Düz demirəm?

Nə atamdan, nə də ki, anamdan səs çıxmadı. Ancaq onlar bir söz deməsələr də, hər şey Nofəl əminin dediyi kimi oldu. Elə bil Hamlet belə bir məqam gözləyirmiş. Oxuduğu hər kitabı gətirib mənə verir. Bir yerdə oturub kitabla bağlı fikirlərimizi bir-birimizə söyləyirdik. Özü demişkən tez-tez evə gəlməyə utananda uzun-uzadı telefonla danışardıq. Reyhan xanım, beləliklə kitab bizim aramızda sıx bir ünsiyyət yaratdı. Mən söhbət əsnasında içimdə dolanan sualı ona verməkdən özümü saxlaya bilmədim:

– Sonra başqa adamlarla ünsiyyət yaratmaqda bir problem yaşamadınız ki?

O, bu sualın cavabını gülə-gülə verdi:

– O, mənim həyatımı sevgi və nəvazişlə elə doldurmuşdu ki, başqa bir insanla ünsiyyətə yer qalmamışdı. Mən üçüncü kursa keçəndə evləndik. Təsəvvürünüzə belə gətirməzsiniz ki, eynən orta məktəbdə olduğu kimi indi də Hamlet özü gəlib maşınla məni Universitetdən evə aparırdı. Dərslik lazım olanda özü tapıb gətirirdi. Mağazaya da bir yerdə gedirdik. Bəzənsə mənə lazım olan şeyləri özü alıb gətirirdi. Şəhərə təzə film gələndə bir də görürdün gözlənilmədən Universitetə gəlir, yarızarafat-yarıxoş götürüb kinoya aparırdı.

– Bəs yağışlı günlərdə necə? Səninlə bir yerdə gəzintiləri xoşlayırdımı?

– Çox xoşlayırdı.

– Deməli, yağışlı günləri ona da sevdirə bildin?

Bu sualıma Mələk duruxa-duruxa cavab verdi:

– Bilmirəm, o belə günləri sevirdi ya, yox. Amma yağışlı havalarda gəzinmək istədiyimi biləndə çox həvəslə razı olurdu. Yadıma kiçik bir xatirə düşdü. Qoy sizə də danışım. Onda hələ nişanlı idik. Leysan yağış yağırdı. Havadan yağış ətri gəlirdi. Yekə bir çətirin altına sığınıb doymaq bilmədən gəzişirdik. Birdən üzünü göyə tutub dedi:

– Bu yağışı Allah mənə hədiyyə edir. Özü də gör necə tez-tez göndərir bu hədiyyəni?

– Nəyə görə Allah sənə belə lütf göstərir?

– Ona görə ki, mən onun sevimli bəndəsiyəm. Məni əziyyətdən qurtarmaq üçün göndərir.

– Hansı əziyyətdən? – deyib güldüm.

– Hər dəfə səni evdən çölə çıxartmaq üçün nə qədər dil tökürdüm. Sən də bir bəhanə tapıb razı olmurdun. Umu-küsülər, bəhanələr məni əldən salırdı. Onun kiçik məşəllər kimi parlayan gözləri məni uzun-uzadı süzdü, sonra pıçıltıyla davam etdi:

– İndi sənə yalvarmaq lazım gəlmir. Özün əlimdən tutub uşaq sevinciylə çölə qaçırsan. De görüm bundan böyük səadət varmı, sevgilim?

Telefon zəngləri kəsiləndən sonra bu kiçik xatirə tez-tez yadıma düşür. Və bu xatirə içimdəki ağır qüssəni azaldır. Yağışlı günlərin birində Mələyə rast gəlmək arzusuyla mən də qeyri-iradi çölə çıxıram. Yaxındakı bağ-bağatları gəzirəm. Hərdən dəniz sahilinə də gedirəm. O gün sahildə küləksiz, sakit, amma buludlu bir payız günü yaşanırdı. Buludlar o qədər dolmuşdu ki, yəqin bir azdan leysan tökəcəkdi. Hər şey fərqli idi. Dalğasız, sakit dəniz özü kimi tutqun, hüdudsuz göylərin altında dincini alırdı. Tək-tək gözə dəyən adamlar da sanki bu payız gününün sakitliyi içində öz hissləri, duyğuları ilə baş-başa qalıb sahil boyu tələsmədən, rahat-rahat addımlayırdılar. Mənimsə bu küləksiz, yağışsız payız günündə ürəyimə bir nigarançılıq dolmuşdu. Və bu nigarançılıq içində qeyri-ixtiyari dünən sahilin bu başından o başına qədər düzülmüş oturacaqların birində çox üzgün halda tək-tənha oturmuş oğlanı axtarırdım, oğlan oturub yerindən tərpənməsə də, onun iri, cüssəli, hündürboylu və çox yaraşıqlı olduğu aydınca hiss olunurdu. Və onun üzgün çarəsiz görünüşü, iri cüssəsi, hündür boyu ilə heç uyuşmurdu. Dünən elə ilk baxışdan bu oğlan mənə çox tanış gəldi. Mən onu hardasa görmüşdüm. O gün onunla söhbət də eləmişdim. Ancaq harda? Nə vaxt? Dünəndən bəri bu suallar mənə rahatlıq vermirdi. Bu gün də adamlara qoşulub sahil boyu tələsmədən yeriyir, özümdən ixtiyarsız gözlərim o oğlanı axtarırdı. Onu çox axtarmadım. Oğlan qol-budaqları nəhəng çətir kimi açılmış hündür bir ağacın altında oturmuşdu. Bura elə sakit və gözdən uzaq bir yer idi ki, sanki oğlan insanlardan, onların hay-küyündən, baxışlarından uzaq olmaq üçün buranı seçmişdi. Mən onu görcək qeyri-ixtiyari ayaq saxladım. Diqqətlə onu nəzərdən keçirdim. Oğlanın ağ, nurlu üzündə kədərlə baxan iri, qara gözləri elə bil hardasa naməlum bir nöqtədə donub qalmışdı. O qədər fikirli və dalğın görünürdü ki, sanki dörd bir yanında ətir saçan al-əlvan gülləri, hardansa uzaq diyarlardan gətirilmiş qəribə görkəmli ağacları, yaxınlıqdan ötüb-keçəndə dönüb ona baxan qızların maraq dolu baxışlarını, insanın xəyalını uzaqlara aparan, hüdudsuz, dalğasız, hamar səthi nəhəng, güzgü kimi xoş bir parıltı saçan dənizi belə görmürdü. Ancaq birdən oğlan nə hiss etdisə, dönüb mənə baxdı. Üzünün donuq, laqeyd ifadəsi dəyişdi. Durğun bir göl kimi sakit olan gözləri heyrət və çaşqınlıqla mənə baxdı və heç gözləmədiyim halda yerindən qopub sürətli addımlarla mənə yaxınlaşdı: 

– Reyhan xala, sizsiniz? – dedi və elə bil deməyə başqa söz tapmayıb duruxub qaldı. Bu bir an çəkdi, özünü ələ alıb təzədən dindi: – Siz məni tanımadınız? Yadınızdadırmı, mənim ad günümə gəlmişdiniz. Mən Mələyin oğlu Laçınam. Mən gözlərimi örtmüş göz yaşları içində pıçıldadım: – İlahi, indi başa düşdüm ki, alnına dağılmış qara, gur saçları altından iri qara gözləri hüznlə, ürək yaxan bir qüssəylə baxan bu yaraşıqlı, hündürboylu, iricüssəli oğlan niyə mənə bu qədər doğma, tanış gəlirmiş? İndi anladım ki, niyə dünəndən bəri anlaşılmaz bir nigarançılıqdan üzülən ürəyim dincəlmirmiş.

Mən ixtiyarsız halda Laçının yanına düşmüş əlindən tutdum və hiss etdim ki, göylərə dikələn hündür ağaclar kimi qədd-qamətli olan oğlanın iri cüssəsi titrəyir, uçunur. Ürəyimi yandırıb-yaxan acılı, ağrılı hisslərin burulğanına düşərək bir xeyli dilim söz tutmadı. Hiss edəndə ki, Laçının durğun göl kimi sakit olan gözləri nisgillə, qubarla dolub və mən bu nisgilin, qubarın önündə susa bilmədim.

– Nə yaxşı, sənə rast gəldim, Laçın. Necəsən, oğlum? Anan, nənən necədi? Nə vaxtdı zəng edirəm. Telefona cavab verən yoxdu. İndi nə yaxşı sənə rast gəldim. O suallarıma cavab verməyib çaşqın halda gözlərini yerə dikəndə və hələ də bu iri cüssənin titrəyib uçunduğunu hiss edəndə, anladım ki, Laçın heç dəyişməyib. O yenə də bir söz soruşanda uşaq kimi çaşıb qalır və anlaşılmaz hisslərin təsirindən beləcə uçunub, titrəyirdi. Onun əli hələ də əlimdəydi. İndi mənə sevgiylə baxan və günahsız uşaq gözləri kimi məsum, saf olan bu baxışların məndən nə istədiyini, nə umduğunu hələ başa düşmürdüm. Mən onun əlini buraxmadan qol-budaqları nəhəng çətir kimi açılan ağacın altındakı oturacağa sarı yeridim:

– Gəl oturaq oğlum, – dedim. Danışmağa sözüm çoxdu. Mən bayaq soruşdum axı? Niyə telefona cavab verən yoxdu? Niyə Mələk daha mənə zəng eləmir? Bəlkə harasa gedib?

– Gedib, Reyhan xala. Anam çoxdan bizi tərk edib gedib. Bu sözləri deyəndə elə bil Laçının damarlarından axan qan oda dönüb üzünü yandırıb yaxdı. Üzgün çöhrəsi əzabla qırışdı, gözləri yaşla örtüldü. Mənsə elə bil ağlımı itirmişdim. Başa düşürdüm ki, yaşla örtülmüş bu gözlərdəki nisgili, qubarı azaltmaq üçün nəsə deməliydim. Ancaq ağlıma elə bir söz gəlmirdi. Bir də ki, boğazıma tıxanmış qəhərin hər an hönkürtüyə çevriləcəyindən qorxub dinə bilmirdim. Mən yaşda bir qadın, hələ də uşaq qədər sadəlövh və təcrübəsiz olan Laçının önündə hönkürüb ağlasaydım, kim bilir o nə hala düşərdi. Bəlkə də bütün ümidləri, güvəni heç olub gedərdi. Mən boğazımı yandırıb-yaxan qəhərdən boğula-boğula belə ağır,  çətin məqamda hamının deyə biləcəyi sözləri təkrar etdim:

– Ağlama, Laçın, ümidini itirmə. Anan geri dönəcək, gec-tez qayıdacaq.

Laçın uşaqsayağı tərzdə əlinin arxasıyla gözlərini silib başını silkələdi:

– Yox, qayıtmayacaq. Gözlərimin qabağında uzun illərdi anamın necə əzab çəkdiyni görürdüm. Əvvəllər dözürdü, çünki güclü qadın idi anam. Sonra tab gətirə  bilmədi, gücü tükəndi. Baş götürüb qaçdı.

– İlahi, mənə kömək et, ilahi! Mənə kömək et ki, mən də bu uşağa kömək edə bilim.  Onu az da olsa ovuda bilim. Allah mənim səsimi eşitdi və bayaqdan söz tutmayan dilim açıldı:

– Bax, oğlum hər insanın həyatında belə məqamlar ola bilər. Deyirsən ki, anam çox güclü qadın idi. Ona görə də bu dərdlərə tab gətirə bilmirdi. İndi də sənin növbəndi. İndi də sən həyatını bu çətin sınaqlarından çıxmaq üçün güclü olmalısan. Çünki cavansan, kişisən.

Nə hiss etdisə Laçının ağ, tərtəmiz, üzünə qızartı çökdü. Ürəyim sancdı, hiss etdim ki, hardasa səhv etdim. Gərək «kişisən» sözünü  dilimə gətirməyəydim. Sanki indi də qarşımda ilk dəfə gördüyüm Laçın dayanmışdı. Onda aramızda çox qısa bir söhbət olmuşdu. Bəlkə də Laçın beş-altı kəlmə söz demişdi ya deməmişdi. Bu sözləri deyəndə bir dəfə də üzümə baxmağa ürək eləməmişdi. Durğun göl kimi sakit və hüznlü olan gözlərini hansısa naməlum bir nöqtəyə dikərək demişdi:

– Elə evdə də hamı, nənəm də, anam da, dayılarım da, həmişə  deyirlər ki, sən kişisən, kişi gərək güclü olsun, çətin məqamlarda ayaq üstə dayanmağı bacarsın. Mən axı neynəyim? Belə ola bilmirəm, ola bilmirəm. – Onun gözəl üzündə bir damcı qan qalmadı. İri, güclü əllərini düyünləyib dizlərinə çırpdı. Göz yaşlarında boğuldu. Üzünü göyə tutdu:

– Uşaq vaxtından Allaha yalvarırdım ki, mənə kömək etsin, mən də yaşıdlarım kimi olum. Böyüyüm… Onda da Allaha yalvarırdım ki, mənə kömək etsin ki, mən Ziya babama oxşuyum. Onun kimi ləyaqətli, mərd, millətini sevən bir kişi olum.

Laçın danışdıqca rəngi lap ağarır, gözləri dolub-boşalır və onun hər kəlməsi ürəyimi qana döndərirdi. Və bu qanın damcı-damcı içimə axdığını hiss edə-edə uzaq illərin o tayında qalmış Mələyin səsini eşidirdim.

– Reyhan xanım, siz elə gözəl insansınız ki, heç kəsə deyə bilmədiyim dərdimi sizə aça bilirəm. Laçın böyüdükcə daha dərindən hiss edirəm ki, o xəstədi, əsəb xəstəsi. Mən bu dərdə necə tab gətirəcəm? Bir uşağım qalıb zalım qayınanamın əlində. Düz on ildir ki, balamın üzünü də mənə göstərmir. Qayınanam oğlunun ölümündə məni günahkar sayır. Axı mən uşaqlarımın atasının ölümünü necə istəyə bilərdim?

Laçının səsi məni diksindirdi.

– Hamı düşünür ki, mən xəstəyəm. Çünki Ziya babam kimi əsil kişi ola bilmirəm. Reyhan xala, bilirsinizmi, Ziya babam kimdi? O anamın atasıdı. Özü də hökumət adamı idi. Məni  də çox istəyirdi. Hər axşam evə gələndə mənə hədiyyə alıb gətirərdi. Deyərdi ki, mən böyüyəndə əsil kişi olacam!

Gözlərim yaşla örtüldüyü üçün Laçının üzünü görə bilmirdim, amma qulaqlarımda Mələyin səsi səslənirdi:

– Atam rəhmətlik Laçını çox istəyirdi. Adını da özü qoymuşdu. Atam Laçın üçün bir otaq ayırmışdı. Otaq ağzına qədər oyuncaqlarla dolu idi. Necə gözəl, necə maraqlı oyuncaqlar idi, Allah.

Qəhərdən Mələyin səsi tez-tez qırılırdı. Köksünü ötürə-ötürə, ah çəkə-çəkə danışırdı və hər dəfə də söhbəti bu sözlərlə bitirirdi:

– Atam dözə bilmədi, bir gün xəbər gəldi ki, Ziya müəllim kabinetində, iş stolunun arxasında ürək-infarktından ölüb. Mənim dərdim öldürdü atamı. Bilirsinizmi niyə, Reyhan xanım? Çünki qayınatam atamın ən yaxın dostu idi. bizi də onlar evləndirmişdilər. Yazıq atam od tutub yanırdı. Deyirdi ki, mən gör kimlə dostluq eləmişəm? Yəqin mənim bəsirət gözümü Allah bağlayıbmış.

Bu necə adammış ki, oğlunun narkoman olduğunu hiss eləmirmiş? Axı bu necə ola bilər?  Əgər bilirdisə niyə vaxtında buna bir əncam çəkmirdi? Mən qızımı bədbəxt elədim, mən onun həyatını alt-üst elədim. Hələ utanmazlığın dərəcəsinə bax ki, uşağı da anasına vermirlər. Yazıq qızımı günahlandırırlar. Yox, mən bu işi belə qoymayacam. Mən hələ susuram, səbr edirəm. İnsan olan kəs kəsdiyi çörəkdən, daddığı duzdan utanar. Mən də kəsdiyimiz o çörəyə görə susuram. Bir də o dünyadan cavan gedən o bədbəxtə görə dinib-danışmıram. O, ağıllı, savadlı oğlan idi. Kimsə onu qəsdən bu zibilə saldı. Bilirəm indi dünyadan vaxtsız gedən oğullarına görə zillət çəkirlər, acıqlıdırlar. Acıqlı başda da ağıl olmaz. Qoy bir az ara sakitləşsin, hər şeyi yoluna qoyacam. Heç kəs atasız körpə uşağı anasından ayıra bilməz.

Mələk   həmişə anasından, atasından ürəkli-ürəkli danışırdı, amma söhbəti ağlaya-ağlaya bitirirdi. – Zavallı atam Toğrulu alıb mənə verə bilmədi. Xəstə ürəyi ona macal vermədi. Atam elə insandı ki, hər xırda şeyi də ürəklə görürdü. Elə ürəklə də bu dünyadan köçüb getdi.

Elə bil bu misralar onun üçün yazılmışdı:

 

Görünür ürəklə yaşayanların

Elə ölümü də ürəkdən olur.

 

Laçının incik səsi məni uzaq xatirədən ayırdı:

– Evdə çox şeyi məndən gizlədirlər. Fikirləşirlər ki, mən zəif adamam, əsəbiyəm, çox həssasam. Ancaq bu onlara haqq vermir ki, mənə yalan danışsınlar, çox şeyi sirr kimi saxlayıb mənə demirlər.

Mən çaşqınlıq  içində onun sözünü kəsdim:

– Sən hansı yalandan, sirdən danışırsan, Laçın?

Mən bu sualı elə kəskin şəkildə verdim ki, Laçın yenə çaşdı. Bir az susub uşaqlara xas olan bir küskünlüklə o da mənə sualla müraciət etdi:

– Reyhan xala, siz yəqin ki, mənim qardaşımın olduğunu bilirdiniz. Və siz də bunu mənə deməyib bir sirr kimi saxlayırdınız. Heç kəsin ağlına gəlmirdi ki, bu sirr də bir gün açılacaq. Onda mən daha da pis olacam, özümə güvənimi itirəcəm.

O, sözünə ara verib elə bil öz aləmində nəyisə götür-qoy edib çox gərgin və əsəbi halda dilləndi:

– Mən qardaşımın olduğunu da, atamın…sanki Laçının sözünü axıradək deməyə gücü çatmadı. Gözlərini yerə dikib pərt-pərt susdu. Mən əlimi onun kürəyində gəzdirdim. Sözlər qurumuş dodaqlarımdan güclə qopdu:

– Laçın, oğlum sən bu qədər üzülmə. Sən uşaqsan, atanın pis vərdişlərə aludə olması sənin günahın deyil ki. Valideynlərin səhvlərinə uşaqlar cavabdeh deyillər. Onun üzü sərt, qəzəbli bir ifadə alaraq tanınmaz bir hala düşdü və heç gözləmədiyim halda səsini qaldırdı:

– Hə, valideynlərin səhvlərinə uşaqlar cavabdeh deyillər. Axı bunun başqa tərəfi də var. Hər bir uşağın ilk qəhrəmanı atası olur, atalarını hamıdan güclü sanırlar, onlardan qürurla danışırlar. Mən də arzulayırdım ki, belə bir atam olsun.

Mənim buza dönmüş əllərim Laçının kürəyində donub qalmışdı. Hiss edirdim ki, Laçının çiyinləri titrəyir. – İçimdən yanğılı bir səs qopdu: Valideynlərin günahları ucundan uşaqlar nələr çəkir, Allah. Hər dəfə Laçının halı pisləşəndə iri cüssəsi əsib titrəyəndə və mən danışmağa söz tapmayanda Mələyin səsi gəlirdi qulağıma! – Yazıq balam, o atasına görə nə qədər əzab çəkirdi, sarsılırdı. Nə qədər ki, balaca idi, heç nədən xəbəri yoxdu, elə hey atasını məndən soruşurdu. Mən də neyliyəydim? İstiyirdim körpənin ürəyi açılsın, üzü gülsün. Özümü elə göstərirdim ki, guya onun atasını mən də çox istiyirəm. Odur ki, şirin-şirin danışırdım ki, elə bil balaca Laçın dünyanın ən gözəl nağılına qulaq asırdı, gözləri necə gülürdü, Allah. Deyirdim, sənin atan pəhləvan kimi güclü, gözəl, həm də çox mərd, xeyirxah bir adamdı. Həmişə insanlara kömək edərdi. Səni də çox sevərdi. Sənə nə qədər oyuncaq alardı. Sevinə-sevinə soruşardın: – Ziya babam çox oyuncaq alardı, yoxsa atam? – Bir az tutulardım, sonra tez özümü ələ alıb deyərdim: – Hər ikisinin aldığı  oyuncaqlar o qədər çox idi ki, saymaqla qurtarmırdı. Əsas odur ki, ikisi də səni çox istəyirdi, ikisinin də aldığı oyuncaqlar çox gözəl idi, çox.

Bu yerdə Mələyin nəfəsi təngidi, ancaq bu elə şirin anlar idi ki, Mələk çox susa bilmədi: – Reyhan xanım, bax beləcə baş-başa verib yaşayırdıq – Laçın, mən və uydurduğum şirin nağıllar. O vaxt ağlıma gəlməzdi ki, bir gün bu nağılların da tükənən günü olacaq. Demə o gün çox da uzaqda deyilmiş. Bir gün o şirin nağılların doğurduğu yuxudan ayılıb gördüm ki, Laçın böyüyüb, artıq məktəbə gedən vaxtıdı. Özü də atasına necə oxşayırdı, Allah! Laçının uşaqlığı mənim quraşdırdığım nağıllarla birgə bitdi. Onun uşaqlığı bir göz qırpımı qədər qısa oldu. Bəzən mənə elə gəlir ki, bu günahsız körpə heç uşaqlıq yaşamadı. Laçın ən ağır zərbəni atam dünyasını dəyişəndə aldı. Elə bil evimizin içində qəfil, qorxunc bir tufan qopdu. Bu tufan anamı bir tərəfə, məni də bir tərəfə tulladı. Anamın sinəsindən indiyə qədər eşitmədiyim dəhşətli bir çığırtı qopdu:

– Ay Ziya, Heyy… Sən bizi qoyub hara getdin? Sən balalarını niyə yetim qoydun? Sonra anam huşunu itirdi. Mənim də elə bil ağlım başımdan çıxmışdı. Özümü ora-bura çırpa-çırpa, saçımı yola-yola qışqırırdım: – Ay ata, ay ata! Sən niyə vədinə əməl eləmədin? Sən axı Toğrulu o zalımların əlindən alıb mənə verəcəkdin? Mən sənsiz neyliyəcəm, ata? Mən sənsiz necə yaşayacam, ata?

Laçını tamam unutmuşduq. Birdən qulağıma onun çığırtısı gəldi. Gördüm ki, uşaq paltarımın ətəyindən tutaraq mənimlə bir yerdə evin ortasında ora-bura vurnuxaraq ağlaya-ağlaya eyni sözləri təkrar edir:

– Ay Ziya baba! Ay Ziya baba!

Yəqin ki, ölənə qədər Laçının o andakı sifəti yadımdan çıxmayacaq. Uşağın sifəti köpüb qızarmışdı, qorxu dolu gözləri az qalırdı hədəqəsindən çıxsın. Elə ağlayırdı ki, az qalırdı ürəyi kiçik köksünü yarıb çıxsın. Yaxşı ki, həmişə ev işlərində anama kömək edən qız evdə idi. O da ağlaya-ağlaya gah xalçanın üstünə sərələnmiş anamın üzünə su çiləyir, gah da mənə tərəf qaçaraq deyirdi:

– Mələk, qurban olum, Mələk, özünə gəl. Laçını sakitləşdir, yoxsa uşağın ürəyi partlayacaq.

Sonralar bu mənzərə tez-tez gözüm önündə canlanırdı. Laçının az qala hədəqəsindən çıxan gözləri, ətəyimdən bərk-bərk yapışmış balaca əlləri hər dəfə yadıma düşəndə acı bir qəhər içində fikirləşirəm ki, o çox balaca idi və babasının başına nə iş gəldiyini dərk edəcək yaşda deyildi. Amma «Ziya baba» – deyib necə ağlayırdı. Çünki babası Laçın üçün həm ata, həm baba, həm də qardaş idi. O qardaş ki, indiyə qədər üzünü görməmişdi. Yenə telefonun dəstəyindən Mələyin ürək dağlayan hıçqırıqları eşidilirdi. Və mən də qəhərdən boğularaq dinə bilmirdim.

– Reyhan xanım, siz ordasız?

Hiss edəndə ki, mən danışa bilmirəm, günahkarcasına dillənərdi:

– Ay Allah, yenə mən sizi kövrəltdim. Gör neçə saatdı sizinlə danışıram. Yəqin ki, işiniz-gücünüz tökülüb qalıb. Vallah, yoldaşınız bir gün telefonu sizdən dartıb alacaq və deyəcək ki, ay xanım, nə istəyirsiz bizdən? İş-güc.

– Bilirəm ki, zarafat edirsən, – deyib, Mələyi çox danışmağa qoymurdum. – Neçə dəfə demişəm ki, yoldaşım elə adam deyil. O da mənim kimi həssasdı, duyğusaldı. Biz bir-birimizi başa düşürük.

– Əlbəttə, başa düşəcəksiniz. İkiniz də, maşallah, yazı-pozu adamısız. Allah sizi bir-birinizə çox görməsin, sizə can sağlığı versin. Mələk belə danışanda mən sıxılırdım, anlaşılmaz olsa da, qəlbimdə bir günahkarlıq hissi baş qaldırırdı. Mələk çox acı çəkmişdi, bu acıların fonunda kiminsə bəxtəvər, xoşbəxt görünməsi mənə haqsızlıq kimi görünürdü. O çox qəşəng, incəruhlu, həssas, ən əsası isə saxtakarlıqdan uzaq çox təmiz və səmimi bir qadın idi. Xoşbəxtliyi, yaxşı günü haqq edən bir insandı. Mələk məndən söz salanda çalışırdım ki, söhbəti başqa səmtə yönəldim. Həmin gün də, – sən axı Laçından danışırdın, – deyə mövzunu dəyişdim: – Mənə elə gəlir ki, Laçın ilk və ən böyük tramvanı Ziya müəllim dünyasını dəyişəndə alıb.

– Düz deyirsiniz, Reyhan xanım. O qara günə qədər Laçın çox şən, mehriban bir uşaqdı. Birdən-birə o çox dəyişdi, küskünləşdi. Söz soruşurdun dinmirdi, iştahı tamam pozulmuşdu. Gecələr onu özümlə yatırdırdım. Tez-tez yuxudan ayılıb diksinirdi. Onu bağırma basıb sakitləşdirəndə hiss edirdim ki, uşaq əsim-əsim əsir.

– Sən pis yuxu görüb qorxdun, Laçın? Qorxma, heç nədən qorxma, ana yanındadı. Mən səni çox istəyirəm, – danışa-danışa onu öpüb sığallayıb sakitləşdirməyə çalışırdım. Başını sinəmə qoyub gözlərini yumurdu. Bilirdim ki, o, babasının fikrini çəkir, darıxır elə bil. Amma bu barədə nəsə soruşmağa qorxurdu. Biz də bu barədə ondan nəsə soruşmağa ürək eləmirdik ki, birdən uşaq daha pis olar. Axırda onu həkimə apardıq. Həkim dedi ki, uşaq çox əsəbi, həssas uşaqdı. Ananızın ölümü onu dərindən sarsıdıb, həm də çox qorxub, hər cür xoşagəlməz hadisələrdən uzaq, sakit, rahat bir mühitdə böyüməlidi. Görürsünüzmü? – dedi. Babasının ölümü onun aldığı ilk tramvadı və o bu tramvadan nə günə düşüb. Ona görə də onu qorumaq lazımdı, yoxsa lap pis olar.

– Biz axı valideynlərin səhvlərindən danışırdıx, Reyhan xala. – Laçının hüzn dolu baxışlarını üzümdə hiss edəndə dağınıq fikrimi bir yerə cəmləşdirib diqqətlə ona qulaq asmağa çalışdım.

– Siz yazıçısınız Reyhan xala, çox yaxşı bilirsiniz ki, bu səhvlərə görə uşaqlar elə ağır zədə alırlar ki, bu zədələr bəzən heç vaxt sağalmır. Bu uşaqlardan biri də mənəm. Mən bu zədəni dördüncü sinifdə oxuyanda aldım.

Laçın nədənsə susub üzümə baxdı və nə hiss etdisə, çəkinə-çəkinə dedi: – Sizin üçün ağırdısa danışmayım.

Mən onu ürəkləndirmək üçün gülümsədim və əlimi onun kürəyində gəzdirərək dedim:

– Sən axı bilirsən ki,  mən yazıçıyam, həm də jurnalistəm. Sən danış, yazmaq üçün bu  maraqlı bir mövzudur.

– Siz mənim danışdıqlarımı yazmaq istəyirsiniz? – O başını yelləyib etiraz etdi: – Yox, mən bunu istəmirəm. Heç vaxt istəmərəm ki, atamın narkoman olduğunu hamı bilsin.

Mən yenə gülümsənərək onu sakitləşdirdim:

– İstəmirsən yazmaram. Amma yadında saxla ki, pis vərdişlərə alışan o qədər insanlar var ki? Jurnalistlər bu mövzudan çox yazırlar, bəzən heç kəsin adını çəkmirlər. Ad çəkmək o qədər də vacib deyil. Biz bu bəlalardan, dərdlərdən ona görə yazırıq ki, qoy insanlar belə vərdişlərdən uzaq olsunlar, onlara görə əzab çəkənlərin sayı azalsın. İndi çəkinmədən danış, ürəyini jurnalistə yox, Reyhan xalaya boşalt. Və yenə əlimi onun qara, gur saçlarında gəzdirərək gülümsədim. Mən Laçının  ürəyini almaq, içindəki ağrıları azaltmaq üçün belə edirdim. Əslində  isə ürəyim qan ağlayırdı, göz yaşlarım gözlərimin dərinliklərində yığışıb qalırdı. Və belə məqamlarda tez-tez xatırladığım və mənə görə çox ibrətamiz və həm də çox acı olan bir deyim yadıma düşürdü:

– İnsan bəzən ağlamaq lazım olan yerdə gülür. Bu kədərin yüksək və son nöqtəsidi.

– İndi danış, Laçın, Reyhan xala sənə qulaq asır.

– Dedim axı, onda mən dördüncü sinifdə oxuyurdum. Bir gün məktəbimizdə böyük bir tədbir keçirildi. Çoxmu adamlar gəlmişdi. Bizim sinfin uşaqları da orda idi. Məktəbimizə Qarabağda vuruşaraq  qəhrəmanlıqla həlak olan bir şəhidin adı verilirdi. Şəhidin oğlu da bu məktəbdə oxuyurdu. Danışmaq üçün ona söz verdilər. Atasından necə qürurla, necə ürəklə danışırdı. Mən ona baxır, dediklərinə diqqətlə qulaq asırdım. Bu anlar anamın atam haqqında dedikləri gəlib düşürdü yadıma.

– Laçın, sənin atan pəhlivan kimi güclü, mərd, cəsur bir kişi idi. İnsanlara kömək etməyi çox sevərdi. Bu sözləri xatırlaya-xatırlaya gözlərim yaşla dolurdu. Bu zaman qulağımın dibində qəfil ucalan səsdən diksindim:

– Sən niyə ağlıyırsan, alə?

Və səs gələn tərəfə baxanda Qorxmazı gördüm. O bizim qonşuluğumuzda yaşayırdı. Nənəsi bizə tez-tez gələr və mətbəxdə oturub nənəmlə söhbətləşərdilər. Ona görə də çəkinmədən üzümü Qorxmaza tutub dedim:

– Atam yadıma düşdü. Anam həmişə atamdan danışıb deyir ki, o pəhlivan kimi güclü, mərd, cəsur idi. Həm də xeyirxah adam idi.

Qorxmaz gülə-gülə dedi:

– Anan sənə yalan deyib. Düzünü bilmək istəyirsən? Sənin atan narkoman olub, bildin?

Narkoman?

Bu anda Laçının səsi xırp kəsildi. Elə bil yaşlı gözlərini mən görmürdüm deyə iri əlləriylə başını tutub gözlərini yerə dikdi. Bu halıyla Laçın çox çarəsiz görünürdü. Neçə illər öncə Mələk də həmin gün çarəsiz qalıb mənə zəng eləmişdi.

– Bu gün dünya başıma uçdu, Reyhan xanım. Evim yıxıldı mənim.

Mələyin telefondan ucalan səsindəki çarəsizlik, inamsızlıq məni də elə sarsıtmışdı ki, söz tapıb danışa bilmirdim. Belə səs son ümidini itirmiş bir insanın qəlbindən qopa bilərdi.

– Ay allah, mən niyə bu qədər səhvlərə yol verirəm? Bu səhvlər həmişə məni dərin, qaranlıq bir quyuya salır.

Bu dəfə düşdüyüm quyudan çıxa bilmiyəcəm.

– Mələk, bir toxta. Məni başa sal görüm nolub axı.

– Reyhan xanım, bu gün Laçın atasının narkoman olduğunu öyrəndi. Mən məhv oldum, balam da elə bir zədə aldı ki, bu zədə heç vaxt sağalmayacaq.

– Mələk, özünü ələ al.

Bunu Laçına kim deyib?

– Yaxşı… Qoy hər şeyi əvvəldən axıradək danışım.

O, sanki gücünü toplamaq, həyəcanını azaltmaq üçün bir anlığa susdu. Dəstəkdən onun köks ötürmələri, ah-ufları, ardınca isə səsi eşidildi.

– Bu gün günortaya xeyli qalmış qapı döyüldü. Qapını açanda ürəyim ağzıma gəldi. Laçının qanı qaçmış üzündə mənə baxan gözlərində elə yad, elə soyuq bir ifadə vardı ki, tüklərim ürpəndi.

– Nolub sənə, Laçın? Niyə belə tez gəlibsən? Axı sənin məktəbdən gələn vaxtın deyil. Onu qucaqlamaq istədim, əlimi kənara itələyib otağa keçdi. Çantasını bir tərəfə tullayıb: – Mən daha məktəbə getmiyəcəm, – dedi. Mən qorxu və təlaş içində soruşdum:

– Niyə, Laçın? Kim dəyib xətrinə?

Bir anda uşağın sifəti tamam dəyişdi. Gözləri qəzəblə parıldadı. Ona təəccüb və qorxu içində baxır və mənə elə gəlirdi ki, qarşımda dayanan balaca Laçın deyil, onun atası Hamletdi. Hamlet də qəzəblənəndə iri gözləri kiçik məşəllər kimi parıldayır və sanki ətrafa od-alov saçırdı. Mən çaşqınlıq içində quruyub qalmışdım, nitqim batmışdı. Mənim nəzərimdə çox balaca olan Laçın atası kimi ötkəm və sərt səslə dilləndi:

– Sən yenə mənə yalan demisən. Qardaşımın olduğunu təsadüfən eşidəndə and içdin ki, səni heç vaxt aldatmayacam. Bəs niyə aldatdın məni? Uydurduğun nağıllara qulaq asa-asa fikirləşirdim ki, mənim atam da qəhrəmandır. Bu gün isə mənim üzümə dedilər ki, sənin atan narkomandı. Bu xəbəri eşidəndə az qaldı ürəyim partlasın. Qorxmazın üstünə qışqırıb dedim ki, sən yalan deyirsən. Mənim atam mərd, cəsur və xeyirxah bir insan olub. O, gülə-gülə məni ələ saldı. Dedi ki, bu sözü sənin nənən mənim nənəmə deyib. İstəyirsən gedək soruşaq.

Bu sözləri deyərkən Laçın elə hala düşdü ki, əgər onu sakitləşdirməsəydim uşağın ürəyi partlaya bilərdi. Ağlıma gələn fikirdən dəhşətə gəlib:

– Hər deyən sözə inanma, qurban olum, – deyərək onu qucaqlamaq istədim. Balaca Laçın sərt bir hərəkətlə məni geri itələyib: – Yox, mən daha səni heç vaxt bağışlamayacağam, – deyəndə yenə mənə elə gəldi ki, qarşımda dayanan Hamletdi. Bu an anam özünü hövləng halda içəri atmasaydı, kim bilir mənim halım necə olacaqdı. Anam da özünü onun üstünə atdı, ancaq Laçın geri çəkildi. Kiçik məşəllər kimi od-alov saçan gözlərini atama dikərək: – Siz hamınız məni aldatmısınız, – dedi.  Və döşəməyə atdığı çantaya baxaraq sözünü tamamladı:

– Mən daha məktəbə getmiyəcəm. Bundan sonra heç kimin gözünə görünməyəcəm.

Mən çox-çox sonralar daha dərindən anladım ki, o vaxt telefondan ucalan o ahlar, nalələr, qorxular nahaq deyilmiş. Bu an qəribə bir hadisə baş verdi. Bayaqdan gözlərini yerə dikərək susan Laçın qəfil yuxudan ayılan adamlar kimi üzümə baxıb dedi:

– O vaxt mən çiynimdən asılmış o ağır məktəb çantasını götürüb acığımdan titrəyə-titrəyə lazımsız bir şey kimi döşəməyə atmağım nahaq deyilmiş.

Eyni anda ikimizin də ürəyindən keçən sözlərin bu dərəcədə üst-üstə düşməyi məni çox heyrətləndirdi. Və mənim bu heyrətimdən xəbərsiz olan Laçın dərin bir hüzn içində davam etdi:

– Onda uşaq idim. Çox şeyləri o qədər də dərindən hiss etmirdim. Çox, çox sonralar xatırladım ki, yerə atılmış o çantayla birlikdə mənim ürəyimdə nəsə qırıldı, qopdu, alt-üst oldu. O, yenə başını tutdu elə çarəsiz, elə ümidsiz bir görkəm aldı ki, sanki bu dünyada nə vardı, nə yoxdu, ətrafda nə baş verirdi, hətta mənim onunla bir skamyada oturduğumu da unutmuşdu. Yalnız onun dodaqlarından qopan hüznlü pıçıltılar bu payız gününün tutqunluğu içində qüssəylə səslənir və sakit-sakit əriyib yox olurdu:

– İllər ötüb-keçdi və mən başa düşdüm ki, sevinə-sevinə çiynimə aşırıb məktəbə tələsdiyim və mənə yol yoldaşı olan o məktəbli çantasıyla bağlı nə qədər arzularım, istəklərim varmış! Yazıq anamın quraşdırdığı o nağıllarda həqiqət də varmış. Atam doğrudan da mükəmməl təhsil almış, savadlı, ağıllı, cəsarətli, mərd bir insanmış. Bu sözləri Ziya babamın dilindən eşidəndən sonra mən o nağıllarda işıqlı həqiqətlərin olduğuna da inandım. Və hamıdan gizlin özümə söz verdim ki, mən də mükəmməl təhsil alacam, atam kimi bir neçə dil öyrənəcəm, onun yarımçıq qalmış arzularını, istəklərini həyata keçirəcəm.  O susub başını yelləyə-yelləyə güldü:

– Amma gör nələr oldu? Heç məktəbə də gedə bilmədim. Nə oxudumsa evdə, dörd divarın arasında oxudum. Adamların gözünə görünməyə cəsarət etməyən, onlarla ünsiyyət qurmağı bacarmayan bir adamdan nə çıxar axı?

O, başını qaldırıb mənə baxdı:

– Hə, Reyhan xala, məni başa salın. Xahiş edirəm mənə izah edin, aydınlaşdırın görüm, mənə nə olub? Niyə mən bu qədər cəsarətsizəm? Niyə bu qorxuların, anlaşılmaz hisslərin əsirinə çevrilmişəm? Niyə axı bu qədər bəlalar bizim başımıza gəlir? Siz yazıçısınız, jurnalistsiniz, ağıllı, mərhəmətli insansınız. Bu bir sirdimi, müəmmadımı? – Nədi axı bu?

Laçının səsində elə bir üsyan, elə bir qəzəb vardı ki, bu qəzəbin, üsyanın önündə mən də donub qalmışdım. Mələk düz deyirmiş, Laçın qəzəblənəndə durğun göl kimi sakit-sakit baxan gözləri kiçik məşəllər kimi od saçırdı.  Reyhan xanım, bu an o atasına elə oxşayır ki, bəzən karıxıb qalıram.

– İndi bəs mən neyniyim? Anam dözməyib baş götürüb getdi. Nənəm ayaq üstə güclə dayanır. Əgər ev işlərində nənəmə kömək eləyən Elnarə olmasaydı vəziyyətimiz lap pis olardı. Siz elə bilirsiz ki, mən indi adam arasına çıxanda özümü yaxşı hiss edirəm? – Laçın bu sualı mənə verib cavab gözlədi. Artıq o kiçik məşəllər sönmüşdü. Odu sönmüş, külü qalmış ocaq yeri kimi qaralırdı. Ocaq yeri kimi qaralmış bu gözlərdə elə dərin bir hüzn və məyusluq vardı ki, mən deməyə söz tapa bilmirdim. Laçının içindəki qəhərdən dəyişib kallaşmış səsi təzədən eşidildi:

– Yox, yenə əvvəlki tək adamlar arasına çıxanda özümü itirirəm, çaşıram, kimsə bir söz soruşanda karıxıb qalıram. Atamın pis vərdişlərin aludəçisi olduğunu biləndən sonra lap pis olmuşam. Anam gedəndən sonra daha o evdə otura bilmirəm. O qorxular, o təşviş və sıxıntılar indi çəkdiyim əzabların yanında heç nədir. Ona görə də evdən çıxa bilirəm. Daha qorxmuram ki, kimsə məndən nəsə soruşsa, ona necə cavab verəcəm, kimsə mənim haqqımda nə düşünəcək? Bu sualların doğurduğu təşviş və təlaşları özümdən uzaqlaşdırmağa gücüm çatır. Evdə isə məni nənəmin dərd-ələm dolu gözləri, tənəli sözləri gözləyir. İçəri girən kimi nənəm ürəyindəki ağrı-acısını mənim üstümə tökür:

– Ay Laçın, ay insafsız bala, bax  görürsən? Sən istəsən gedib gəzib-dolaşa bilirsən. Bəs ananın qabağında niyə küncə qısılıb evdən çölə çıxmırdın? Niyə ananın dərdinin üstünə dərd gətirirdin? Gördün, axırda sağalmaz xəstəlik tutdu.

Hər dəfə son sözlərini ağlaya-ağlaya deyirdi:

– Bu qədər dava-dərman kömək eləmədi. Axırda başını götürüb qaçdı. Dedi qoy xəstəlik sizə yoluxmasın. Sənin üçün qorxurdu e, sənin üçün. Bu yaralardan bircəciyi Laçının bir yerinə çıxsa özümü öldürəcəm.

Əgər dayım bizdə olsa nənəmi Elnarəyə tapşırıb məni evdən çıxarırdı. Deyirdi, gəl gedək maşınla gəzib-dolanaq, bir yerdə oturub çörək yeyək. Eynimiz açılsın. Maşınla şəhəri gəzib dolanırdıq, oturub bir yerdə çörək yeyirdik. Hər kəlməbaşı tuta-tuta tapşırırdı ki, nənənin dediklərini ürəyinə salma. Mələyin xəbərsiz-ətərsiz gedişi arvadı yıxdı. Əsəbləri tamam pozulub, nə danışdığını bilmir. Özün bilirsən, nənən səni necə çox istəyirdi. İndiyə qədər sənə güldən ağır bir söz demişdi? Hə, de görüm bircə dəfə olsun sənin xətrinə dəymişdi? Yox, dəyməmişdi. Ağlı çaşıb arvadın. Laçın, sən bir az möhkəm ol. Mən Mələyi tapacam. Sənə söz verirəm dünyanın o başında olsa da tapıb evə gətirəcəm. Laçın susanda çoxdan məni narahat edən bir məsələ barəsində tez-tələsik soruşdum ki, sonra yadımdan çıxmasın:

– Laçın, anan evdən gedəndə heç bir-iki kəlmə söz yazıb qoymuyub ki, mən hara gedirəm?

– Yox, heç nə yazıb qoymayıb. – Laçın bu sözləri deyəndə üzü əzabla qırışdı, dərin bir məyusluq içində yenə dindi:

– Onun evdən getdiyini biləndə elə bil hamımız dəli olmuşduq. Nənəm baş- gözünə döyə-döyə çığırırdı:

– Yox e, Mələk elə-belə gedə bilməz. Bəs fikirləşməz ki, Laçının başına hava gələr? Evi yaxşı-yaxşı axtarmaq lazımdı. Ola bilməz ki, nəsə yazıb qoyub getməsin. 

Evi başdan-ayağa ələk-vələk etdik, heç nə tapmadım. Dayılarım nənəmi mənə tapşırıb tez-tələsik maşina minərək getdilər ki, bəlkə bir xəbər öyrənə bildilər. Nənəm heç sakitləşmirdi, başına-gözünə döyə-döyə evin içində vurnuxur, gözünün yaşını axıdaraq deyirdi:

– Ay Mələk, ay bədbəxt bala, sən o xəstə canınla hara getdin? Ay Allah, bu nə zülümdü biz çəkirik, ay Allah, onun o xəstə canına qıyma Allahım. Hər şey sənin əlindədi, ay Allah. Elə elə ki, getdiyi kimi də qayıdıb gəlsin balam. Onu balasına bağışla. Laçın ilk gündə olduğu kimi hüznlü baxışlarını hansısa naməlum bir nöqtəyə dikərək susdu. Yenə durğun göl öz məcrasına sığınaraq illər boyu yerindən tərpənmədiyi kimi bu hüznlü baxışlar da sanki ətrafında hərəkət edən, vurnuxan, gerçək dünyanı görmürdü, hiss eləmirdi. Bir xeyli beləcə oturdu. Sonra nə düşündüsə göz bəbəkləri hərəkətə gəldi. Hətta mənə elə gəldi ki, üzünə xəfif bir təbəssüm qondu. Üzünü mənə tutub dedi:

– Bu axtarışların nəticəsi o oldu ki, anamın gündəliyini tapdım. Anam hər gün gündəlik yazırmış. Reyhan xanım bax, bu qalınlıqda bir dəftərdi. – Susub əlinin hərəkətiylə gündəliyin qalınlığını göstərməyə çalışdı. Mən Mələyin həyatı ilə ilk dəfəydi ki, belə xoş bir xəbər eşidirdim. Bu xəbər məni yerimdən tərpətdi, hansı bir hissə məni qaldırıb ayaq üstə qoydu. Və niyə, nə üçün ayağa qalxdığımı başa düşmədən sıxıntıdan, ağrıdan uzaq bir səslə dilləndim.

– Nə yaxşı. Gündəlik hiss və həyəcanlardan yaranan bir şeydir. Yazırsan, həm ürəyini boşaldırsan… Həm də həyatının müəyyən anlarını əbədiləşdirirsən. Fərqi yoxdur, bu hisslər yaxşıdı, pisdi, acıdı, şirindi. Sən mənə de görüm, Mələk o gündəlikdə xəbərsiz-ətərsiz gedişiylə bağlı bir şey yazmıyıb ki?

– Yox, heç nə yazmıyıb. Ən çox gənclik illərindən yazıb. – O fikrə getdi, elə bil nəyisə götür-qoy etdi və duruxa-duruxa dedi:

– Bilmirəm bu barədə danışmaq düzgündürmü? Sonra da fikirləşirəm ki, siz anamla çox yaxın idiniz. Bəlkə də o bütün həyatını sizə danışıb. Yəqin ki, gənclik illəri ilə bağlı xatirələrdən sizə söz açsam o qədər də səhv etmərəm. Mən qeyri-ixtiyari yenə əlimi onun çiyninə qoydum:

– Sənin üçün bu barədə danışmaq çətindirsə, danışma. O ki qaldı bizim yaxınlığımıza. Düzdü, Mələk demək olar ki, bütün həyatını mənə danışıb. Ona görə də onu unuda bilmirəm. Sonuncu kəlməni deyəndə səsim titrədi və dolan gözlərimi Laçın görməsin deyə üzümü yana çevirdim.

Laçın da nədənsə ayağa durdu və bəlkə də mənim qəlbimə toxunduğunu zənn edərək ürək yandıran bir uşaq sadəlövhlüyü ilə könlümü almağa çalışdı:

– Xahiş edirəm, məni bağışlayın. Deyəsən sizi incitdim. «Vallah, mən bunu qəsdən eləmədim».

Və birdən heç gözləmədiyim halda əlimi tutub üzünə sıxdı. Göz yaşlarından boğularaq dedi:

– Bilirsinizmi, sizi görəndə necə sevindim? Vallah, düz deyirəm, elə bil anamı gördüm.

Mənim kifayət qədər yaşım vardı. Haqq etdiyim təriflər eşitmişdim, məni sevən oxuculardan çox böyük sevgi və ehtiram görmüşdüm. Ancaq indi əlini üzümə sıxaraq göz yaşları içində üzr istəyən Laçının gözləri və sözləri qədər məni qəhr edən, ürəyimi yandıran baxış görməmişdim, söz eşitməmişdim.

– Laçın, sən niyə elə düşünürsən ki, qəlbimə toxundun, ya məni incitdin. Bunu heç ağlına da gətirmə. Sən də mənim balamsan. – Və boğazımı yandıran qəhər daha məni danışmağa qoymadı. O, uşaqsayağı hərəkətlə gözlərini silərək – İstəyirsinizmi gündəlikdə oxuduqlarımdan sizə də danışım? Əvvəlcə onu deyim ki, atam orta məktəbi də, tibb institutunu da rusca oxuyub, özü də əla qiymətlərlə. Mən isə Azərbaycan dilində təhsil almışam. Əgər buna təhsil demək olarsa. Evdə oxuyan uşaq nə təhsil alacaq, axı? Onu demək istəyirəm ki, anamın gündəliyini oxuyanda hiss edirəm ki, elə şeylər var ki, mən onu tam dərinliyinə qədər başa düşmürəm. O gün anamın kitab şkafını ələk-vələk edəndə gördüm ki, onun nə qədər kitabları var. Həm psixologiyaya, həm tibbə aid, həm də çoxlu bədii kitabları var. Özü də rus dilində. Bilirəm, bu kitabların hamısını oxuyub. O, mütaliəni çox sevir. Sizin kitablarınız da onun şkafında idi.

Hələ də məni tərk etməyən məyusluq içində dedim:

– Dil o qədər də vacib deyil, əsas odu ki, oxuduğun yaxşı, dəyərli kitab olsun. Mənə elə gəldi ki, kitablardan söz salıb danışanda Laçın sıxılırdı və gizli bir təlaş, qorxu keçirirdi. Ona görə də mövzunu dəyişdi.

– Hə, sizə axı, anamın gündəliyindən danışırdım. Bilirsinizmi, Reyhan xanım, mən bu gündəliyi oxuyandan sonra başa düşdüm ki, atam anamı çox sevib, lap çox. Onların arasında böyük bir sevgi yaşanıb. Yox, mən bu sevginin nə qədər böyük olduğunu sizə çatdıra bilmərəm. Ancaq onu demək istəyirəm ki, atam anamın dilindən «sevirəm» sözünü eşitmək üçün nələr etməyib. Düzünü deyim ki, mən anamın bu qədər təkəbbürlü, qürurlu olduğunu qətiyyən təsəvvürümə belə gətirə bilmirəm. Heç inana bilmirəm ki, mənim üçün mələklər kimi mehriban, şəfqətli, mərhəmətli olan anam, sevgi dolu bir ürəyin sahibi olan anam, atama qarşı bu qədər sərt ola bilərmiş!

Sözünə ara verib bir müddət susdu. Baxışlarım dənizin o tayında –  nəhayətsizliyində qaralan üfüqə dikilib qaldı. Hava qaralırdı. Bir az əvvəl xoş bir parıltı saçan dəniz qaşqabaqlı bir qoca kimi susurdu. Göy üzündə asta-asta sürünən ağır, tutqun buludlar yavaş-yavaş aşağı enir və sanki dənizə qovuşurdular.

– İndi mən tək qaldım. Laçının səsi uzaq nəhayətsizlikdə qaralan üfüqün, qaşqabaqlı qoca kimi susan dənizin, göy üzündə asta-asta sürünən buludların içimdə yaratdığı qüssəni bir az da artırdı. Laçın yenə dindi:

– Özümü böyük dənizdə azıb qalmış yelkənsiz qayıq kimi hiss edirəm. Bilmirəm, bu sahildə nə axtarıram mən. Evə qayıtmağa qorxuram. Hər axşam evə dönəndə fikirləşirəm ki, sabah, o biri gün, ya hansısa bir gün daha o evdən çıxmağa gücüm çatmayacaq.

– Laçın, belə ümidsiz danışma. Yox, dodaqlarımdan qeyri-ixtiyari qopan bu sözləri  elə bil Laçın heç eşitmədi. Nə üzümə baxdı, nə bir söz dedi. Mən danışıq fikirlərimi bir yerə toplayıb  yenə dilləndim:

– Laçın, sənə sözüm var, xahiş edirəm, mənə qulaq as.

O, başını qaldırıb mənə baxdı. Bu solğun kədərli üzdə, zülmət gecə kimi qaralan qara gözlərdə elə bir hüzn vardı ki, nə deyəcəyimi unudaraq susub qaldım.

– Onun səsi  məni özümə qaytardı:

– Sözünüzü deyin Reyhan xala, sizi eşidirəm.

– Mən yaxşı bir psixiatr tanıyıram. İstəyirəm səni onun yanına aparım. Bu vəziyyətdən çıxmaq üçün o sənə kömək edər.

– Yox, lazım deyil. O, mənə necə kömək edəcək?

– Necə kömək edəcəyini həkim yaxşı bilər. Gəl gedək.

– Yox, daha mənə heç kəs kömək edə bilməz. Uzaqbaşı həkim mənə dərman yazacaq. O dərmanlardan çox qəbul etmişəm.  Xeyri nədi axı. Dərmanı atıram, key kimi oluram, bütün günü yatmaq istəyirəm. Yuxum gəlir, içimdəki qüssə, tənhalıq hissi, sıxıntı isə bir az da artır. Bir də ki, onda anam yanımda idi, qayğımı çəkirdi, mənə ürək-dirək verirdi. İndi kim çəkəcək qayğımı, kim mənə ürək-dirək verəcək? – O sözlər ki, qəfil ağzımdan çıxdı, bu sözlər çoxdan içimdə dolaşırdı. – Yaxşı, mən sənə necə kömək edim? Necə eliyim ki, sənə bir köməyim dəysin. – Laçın fikrə getdi. Hüzn dolu gözləri dənizin nəhayətsizliyi içində dolaşdı və sonra üzümə baxıb dedi:

– Anamı tapıb mənə verin. Bu sözlərin doğurduğu böyük acıdan, ağrıdan ürəyim sızıldadı. Şaxta vurmuş adam kimi titrədim. Xeyli vaxt dilim söz tutmadı. Onun son ümidini qırmamaq üçün özümü ələ alıb dedim:

– Yaxşı Laçın, sənə söz verirəm əlimdən nə gəlir, gücüm nəyə çatır hamısını edəcəm. Sənə söz verirəm, əzizim.

Ona ümidini  itirmə dedim. Amma özüm ondan əvvəl itirdim ümidimi. Ona söz verdim, dedim ki, ananı tapıb sənə qaytaracam. Amma özüm öz sözümə inanmadım.

– Mən sizə inanıram Reyhan xala, – Laçın yenə mənim əlimdən tutub payız axşamının soyuğundan buza dönmüş üzünə sıxdı:

– Bilirəm, mənə kömək edəcəksiniz.

Laçının mənə güvənməsindən uşaq kimi sevindim.

– Ancaq mənim sənə bir sualım var. Laçın, bilmək istəyirəm ki, anan evi tərk edib getdiyi gün sən harda idin?

Bu sual nədənsə Laçını çaşdırdı və o bu çaşqınlıq içində duruxa-duruxa dedi:

– Onda mən evdə yoxdum. Uzaq bir kənddə yaşayan bibimgilə getmişdim.

– Anan ağır xəstə ola-ola niyə bibingilə getmişdin? – Bilmirəm, bu sualdan sonra onun solğun sifəti niyə birdən-birə ağardı? Və o dili dolaşa-dolaşa dedi:  – Anam məndən xahiş etdi ki, get bibingilə, orda hava sərindi, havası təmizdi. Yayın bu istisində şəhərdə qalıb boğulmaqdansa get orda qal, dincəl bir az… Özü də yay tətilidi, sonra vaxt olmayacaq.

Mən içimə dolmuş şübhələrdən üşənsəm də yenə ondan soruşdum:

– Bibingildə neçə gün qaldın?

Laçın karıxsa da sualıma cavab verdi:

– Günlərin sayı yadımda deyil. Yay tətilimi qurtarana qədər qaldım. İçimə səslənən suallar getdikcə artır və bu sualların doğurduğu ağrıdan bədənim gizildəyirdi. Hiss edirdim ki, Laçın da verdiyim  suallardan karıxaraq təşvişə düşmüşdü. Heyrət dolu çaşqın baxışları üzümdə donub qalmışdı. Onun bu halından narahat olsam da danışmaqdan özümü saxlaya bilmədim:

– Amma söz ver ki, məndən inciməyəcəksən.

Mən susub onun cavabını gözlədim. Sözlər Laçının dodaqlarından güclə qopdu:

– Söz verirəm, inciməyəcəm.

– Laçın, əzizim, bilirəm ki, sən ananı nə qədər çox istəyirsən. Necə oldu ki, onu belə ağır vəziyyətdə qoyub dincəlməyə getdin?

Bu dəfə o çılğınlıqla dilləndi:

– İnanın mənə. Anam məni dilə tutdu. Yalvar dı, xahiş etdi.

Elə həyəcanla danışdı ki, nəfəsi təngidi və ürəyini tam boşalda bilmədi. Dərindən nəfəs alıb təzədən dindi:

– O qorxurdu, çox qorxurdu. Qorxurdu xəstəlik mənə də yoluxar. Bir gün Universitetdən qayıdıb, həmişə olduğu kimi, ona baş çəkmək istədim. Qapını açmaq istəyəndə gördüm ki, qapı içəridən bağlıdı. Nə qədər döydüm anam qapını açmadı, nə də ki, səsini çıxarmadı. Mən qorxu  içində nənəmin otağına qaçdım. Nənəm ağlayırdı. Məni görcək dedi:

– Anan heç kəsi yanına buraxmaq istəmir. Mən qorxu və həyəcandan titrəyərək soruşdum:

– Niyə axı? Noolub?

Nənəmin sinəsindən hönkürtü qopdu:

– Mələyin yaralarından qan qarışıq irin axırdı. İstədim yaralarını təmizləyib dərman sürtmək üçün ona kömək edim. Məni qovub otaqdan çıxartdı. Dedi ki, çıx otaqdan. Heç kəsi, heç Laçını da otağa buraxma.

Mənim nitqim batdı. Handan-hana dilim söz tutdu:

– Axı siz deyirdiniz ananın yaraları yaxşılaşır, yavaş-yavaş azalır.

– Hə, bu həkimin müalicəsindən sonra yaxşılaşmışdı, təzədən başladı. Qurban olum Laçın, ona heç nə demə. Demə ki, nənəm mənə belə sözlər deyib. Yoxsa üzümə də baxmayacaq. Çünki anan istəmir sən hər şeyi biləsən. Özü də mənə tapşırıb ki, heç kəs Laçına heç nə deməsin. Yoxsa, vallah, özümü öldürərəm.

– Siz nə danışırsınız, anam orda təkbaşına canıyla əlləşir, Siz deyirsiz ki, mən heç nə bilməmiş kimi oturub susum?

Anamın otağına sarı qaçaraq az qala qışqırdım:

– Bu dəfə qapını sındıracam.

– Belə eləmə Laçın, başına dönüm. Belə eləsən ananın halı daha da pisləşəcək. Onsuz da Mələyin əsəbləri tamam pozulub.

– Yaxşı, gözümüz görə-görə onu ölümün qucağına ataq? Onu başqa ölkəyə aparmaq, daha savadlı həkim tapmaq lazımdı. – Nənəm titrəyə-titrəyə qolumdan tutub məni tərpənməyə qoymadı.

– Ay bala, dayın Mələyi İrana apardı, Türkiyəyə apardı. İndi də deyir, bacı, gəl səni Moskvaya aparım. Getmək istəmir, deyir daha yorulmuşam, bezmişəm. Əlbət, yazan belə yazıb. Deyir, taleyimlə, bəxtimlə razılaşmışam. Allah belə məsləhət görüb. Allah, Allah, yandı bağrım. Niyə rəhmin gəlmir, balama? Onun günahı nədir ki, bu cəzaya layiq görürsən onu?

Nənəm sızıldaya-sızıldaya yenə mənə yalvardı:

– Ayaqlarının altında ölüm, Laçın. Hay-küy salma. Qoy görək ananı dilə tutub Moskvaya apara bilərikmi? Bir də ki, bala, bədbəxt anan indi ancaq səni düşünür. Deyir ki, daha Laçını yaxına gəlməyə qoymayacam. Qorxur ki, bu yaralar sənə də düşər.

Laçın elə bil oddan köynək geymişdi. Gözümün qabağında alışıb yanırdı. Sanki dodaqlarından söz deyil, od qopurdu:

– Sonra mən sakit, yumşaq səslə anamı dilə tutub dedim ki, qapını aç, səni görmək istəyirəm, yoxsa vallah, ürəyim partlayacaq. Anam qapını açdı və cəld qapıdan aralanıb öz yatağına tərəf tələsdi. Yaxına gəlmək istəyəndə elə çığırdı ki, dəhşətdən yerimdə donub qaldım. Və ona baxanda gördüm ki, anam bütün bədənini ağ, böyük bir yaylıqla bürüyüb. O dəhşət saçan səslə təzədən çığırdı:

– Yaxın gəlmə mənə. Mənə baxan gözlərindən iri yaş damlaları süzüldü. Və hər dəfə danışanda səsi əsib titrədi:

– Sənə qurban olum, Laçın, qulaq as mənə. Mən həkiməm axı. Bu xəstəlik sənə də keçə bilər. Bu yoluxucu xəstəlikdir. Mən görsəm ki, bu iyrənc yaralar sənə də keçib, özümü öldürərəm. Sən bunu istəyirsən Laçın?

– Yox ana, qurban olum, yox, – deyib titrədim. Məni qovma, ana, qoy elə qapının ağzında durub sənə baxım.

– Yaxşı, yaxşı, ağlama, qurban olum. Səni otaqdan qovan kimdi?

– Ana, sənə bir söz demək olar?

– Niyə olmur, başına dönüm. Ana, razı ol, səni Moskvaya aparıb yaxşı bir həkimə göstərək. Yalvarıram sənə.

– Yaxşı, razı olaram. Amma sən mənim dediklərimi eləməlisən.

– Nə istəyirsən edərəm, ana. Təki sən sağal. Təki… Qəhərdən səsim tutulub batdı.

– Yaxşı, yaxşı, fikir eləmə. Hər şey yaxşı olacaq.  Amma söz ver ki, mənim dediklərimə əməl edəcəksən. And iç mənim canıma.

 – And içirəm, ana.

Anam çox sərt və ciddi şəkildə dedi:

– Onda elə günü sabah kəndə gedəcəksən, bibingilə. Bibinlə danışmışam. Onlar səni qarşılayacaqlar. Bir az düşünüb təzədən dindi: – Bəlkə zəng edim Nofəl babana. Xahiş edim ki, Toğrulu da sənə qoşsun. İki qardaş gedin bibingilə. Yaxşı-yaxşı dincəlin! İlahi, adamın üzü bir an içində necə dəyişərmiş. Onu da deyim ki, Reyhan xala, o iyrənc yaralar anamın bütün bədənini bürümüşdü. Təkcə üzündən başqa. Üzü yenə əvvəlki kimi gözəl idi, təravətli idi.

– Bax beləcə anam məni dilə tutub kəndə getdi. Ancaq anam dil töküb, xahiş etsə də Elza nənəm Toğrulun mənimlə getməsinə razı olmadı. Onsuz da çoxdan idi ki, Elza nənəm Toğrulu bizə gəlməyə qoymurdu. Deyirdi ki, sizdən bizə xeyir gəlməz. Bircə o qalmışdı ki, gül kimi uşağım o iyrənc xəstəliyə yoluxa. Onu da dedi ki, gərək bu barışığa razı olmayaydım. Nər kimi oğlum o ifritənin güdazına getdi. Bundan sonra Toğrul bir də o evə tərəf addım atmayacaq. Bir dəfə gördünüz, bəsdi... – Laçın danışa-danışa qəzəbə dolurdu. Elə sonuncu kəlmələrini də qəzəblə dedi:

– Qardaşımla barışıqdan sonra anamın üzü təzə-təzə gülürdü, eyni açılırdı. Niyə Allah rəva gördü ki, bu iyrənc xəstəlik gəlib onu tapsın? Niyə?

O bir anlığa susub sanki üzümə baxdı ki, görüm nə hisslər keçirirəm və eyni əhvalla davam etdi:

– Reyhan xala, yəqin hiss etdiniz ki, anam məni də, qardaşımı da niyə  o dağ kəndinə göndərməyə belə can atırdı? Özü canıyla əlləşirdi, ölüb-dirilirdi. Amma bizi özündən uzaqlaşdırırdı ki, xəstəlik bizə keçməsin. Toğrul heç, onu qoymadılar. Mən kəndə tək getdim. Anamın xahişi, yalvarışları sayəsində bütün yayı bibimgildə qaldım. Qayıdıb gələndə o, evi tərk edib getmişdi. Nənəmsə yatağa düşmüşdü,  elə arıqlamışdı, onu tanımaq olmurdu. Mənə dedilər ki, anam heç kəsə heç nə demədən çıxıb getmişdi. Mən onların dediklərinə inanmadım.  Deyirdim ki, heç vaxt inana bilmərəm ki, anam məni tək qoyub çıxıb getsin. Bir də ki, irin, qan axan yaralarla o hara gedə bilərdi. Mən öz fikrimdə çox israr etdim. Axırda dayım, nənəm, hətta Elnarə də məni inandırdı ki, Mələk xəbərsiz-ətərsiz baş götürüb evdən gedib. Hətta heç Moskvaya da getməyib.

Nədənsə ikimiz də ayaq üstə dayanmışdıq. Sanki bir-birimizə baxmağa ürək etməyib hərəmiz bir səmtə baxırdıq. Danışmağa söz də tapa bilmirdik. Deyəsən sözün tükəndiyi yerə gəlib çıxmışdıq. Hava da lap qaralmışdı. Göyün üzünü almış sis-duman, qara, boz buludlara qarışaraq dənizin üzərinə enmişdi. Sis-duman içində işaran lampaların işıqları dənizin üzərinə düşərək bir an işıq saçır, sonra sanki dənizin dərinliyində itib-batırdılar. Bu xoşagəlməz mənzərə içimdəki acı və çox ağır kədəri bir az da artırırdı.

– Bu söhbətdən sonra mənə hər şey aydın olmuşdu. Artıq bu dünyada yoxdu Mələk. Yadıma onun bir vaxtlar dediyi sözlər düşdü:

– Reyhan xanım, sizi özümə o qədər yaxın bilirəm ki, heç anama da demədiyim sözləri sizə deyirəm. Bilirsiniz, İrandan, Türkiyədən belə gəzib müalicə olunmuşam. Heç bir nəticəsi olmayıb. İndi də öz həmyerlimiz müalicə edir məni. Əvvəl bir az yaxşılaşdım, yaralar soluxdu. Hamımız necə sevindik. İndi baxıb görürəm ki, yaranın biri sağalır, təzəsi çıxır.

Mələk bu dəfə elə sakit və laqeyd danışırdı ki, elə bil onu dözülməz əzablara düçar edən xəstəlikdən danışmırdı. Onun bu sakitliyi, laqeydliyi məni qorxutdu. Odur ki, təlaş içində dedim:

– Sən özün də həkimsən. Sən özün də xəstələrə deyirsən ki, dava-dərman köməkçi vasitəsidir. Əsas odur ki, xəstə özünə, həkimə inansın.

O, gülə-gülə sözümü kəsdi:

– Hə, bu sözləri mən də demişəm. Səbr də eləmişəm, həkimə də inanmışam. Ancaq nə qədər? Səbrin, inamın tükəndiyi bir vaxt da olur. İndi o vaxt gəlib çatıb. Özü də iyrənirəm e, elə iyrənirəm ki,ürəyim ağzıma gəlir. Günlərlə ağzıma bir tikə çörək, bir qaşıq yemək də ala bilmirəm. Bilirəm, immunitetim aşağı düşür, bədənim zəifləyir, bu iyrənc yaralar artıb-çoxalır.

Səs kəsildi və bir az keçmiş dəstəkdən səs ucaldı. Bu dəfə onun səsindəki inamsızlığı, sakitliyi acı bir qəzəb və üsyankarlıq əvəz etmişdi:

– Bu qədər zülmlər az idi, gərək elə bu iyrənc xəstəlik də gəlib tapaydı? Mən bədbəxt suyu da üfürə-üfürə içirdim, qapı-pəncərələrin dəstəklərindən tutmuş hər şeyi, sumkamı, telefonumu, kompüteri, nə bilim e, evdə nə varsa hamsını spirtlə silirdim. Elnarəyə deyirdim ki, həftədə bir dəfə döşəmələri paraşoklu suyla yu. Mələk sözünə ara verib acı-acı güldü: – Yazıq anam düz deyirmiş. Deyirdi, bu vasvasılıqnan, bu xasiyyətnən axır bir gün xəstəlik tapacaqsan. Deyirdi, ay Allahın bəlası, başa düş ey, otun  yaxşısı həmişə murdar yerdə bitir. Anamın sözünü xatırlaya-xatırlaya gör necə indi bu irinli yaraları təmizləyib dərman sürtürəm, ölüb-dirilirəm. Axı bu zülmü nə vaxtacan çəkəcəyəm? Axı bu cür yaşamaq mənim nəyimə lazımdı? Reyhan xanım, əgər Laçın olmasaydı, çoxdan öldürmüşdüm özümü. İndi fikirləşirəm ki, mənim kimi ana Laçının nəyinə lazımdı? Mənim çəkdiklərimi görə-görə uşağın ürəyi əriyir, dünya başına dar olur. Vallah, belə getsə bu iyrənc yaralar ona da keçəcək. Yox e, daha bəsdi!  Öldürəcəm özümü. Heç kəs məni qınamasın, heç kəs məndən inciməsin. Nələr çəkdiyimi bir mən bilirəm, bir də Allah!

– Reyhan xala, sizdən bir söz soruşmaq istəyirəm.

Mən gözlərimdə yaş, içimdə acı bir qəhər Laçına baxdım. Deyəsən, mənim bu halım Laçını karıxdırdı:

– Reyhan xala, niyə ağrıyırsız? – dedi və deyəsən bu sualın yerinə düşmədiyini anlayıb tez sözünü dəyişdi: – Reyhan xala, bilmək istəyirəm ki, siz necə? Anamın bizi tərk edib getməsinə inanırsınızmı? Düzünü deyim ki, mən inanmıram. Şübhələr ürəyimi didib-parçalayır. Nənəmin sakit oturub gözləməsi məni lap təəccübləndirir. Vallah, belə bir şey olsaydı, nənəm sakit oturmazdı, xəstə olsa belə, ən azı televiziyaya müraciət edərdi. Elə verilişlər var ki,otuz-qırx ilin itkinini də tapırlar. Bir dəfə dayıma dedim ki, gəl gedək televiziyaya müraciət edək. Dedi, bizim atamız üzdə olan bir adam olub, deputat olub, uzun illər dövlət qulluğunda işləyib. İndi necə deyək ki, Ziya müəllimin qızı itkin düşüb. Özü də uşaq ola, deyəsən hə. Sən boyda iki uşaq anasıdı, həkimdi. Bunu necə izah edək?

Söhbətə sakit bir tərzdə başlayan Laçın getdikcə əsəbiləşirdi. Rəngi ağarır, bozarır, gözləri qəzəblə parıldıyırdı. Düzü, mən heç vaxt onu bu vəziyyətdə görməmişdim. Elə qəzəblənmişdi ki, mənə də, böyrümüzdən tək-tək ötüb keçən adamlara da məhəl qoymadan əl-qol hərəkətləri edə-edə səsini qaldırırdı:

– Söhbət mənim anamın həyatından gedir. Mən inanıram ki, Ziya babam anamı tapmaq üçün hər şey edərdi. Elə Ziya babamın ürəyi də anama görə infarkt oldu. Ehh, babam sağ olsaydı... – Laçının birdən-birə bu qədər gərginləşib əsəbiləşməsi məni tamam çaşdırmışdı. Necə olursa-olsun mən onu sakitləşdirməliydim.  Odur ki, onun qolundan tutub:

– Gəl gedək, oğlum, hava tamam qaralıb, – dedim. – Sahildə də adam qalmıyıb. Hava lap soyudu.

Birdən o qolunu əlimdən çıxarıb heç anlamadığım bir baxışla mənə baxaraq dedi:

– Siz məni lap uşaq hesab edirsiniz. Nə vaxt getmək lazım olduğunu özüm bilərəm. Mən təəccübdən yerimdə donub qaldım. Nə edəcəyimi bilmədən çıxılmaz vəziyyətə düşdüm. Və yenə Mələyin səsi gəldi qulağıma:

– Yaxın adamımız rəhmətə getmişdi. Bir neçə gün anamla, Laçınla bir yerdə bu yasda iştirak etməli olduq.  Bir dəfə mən işdən qayıdıb gələndə çox böyük və təlaş içində dedi:

– Laçın özünü neçə gündü qəribə aparır. Söz soruşuram cavab vermir. Heç nə yemir. Mən həyəcan və qorxu içində soruşdum:

– İndi o hardadı?

– Öz otağındadı. Dedi yatmaq istəyirəm.

Mən onun otağına qaçdım. Qapını açanda gördüm ki, uzanıb, amma yatmamışdı. Ayrı vaxt olsaydı, tez ayağa qalxardı, mənim əhvalımı  soruşardı. Amma indi heç nə soruşmadı, heç yerindən də qalxmadı. Məni uçunma tutmuşdu. Ehtiyatla yaxınlaşıb üzündən öpdüm. Dinib-danışmadan üzümə elə baxdı ki, elə bil məni tanımırdı. Dəhşətdən ürəyim partlamaq dərəcəsinə gəlsə də heç nə hiss etdirmədən yumşaq-yumşaq soruşdum:

– Çörək yeyibsən, Laçın? Qaşlarını çatıb sərt səslə dilləndi:

– Yox, istəmirəm. – Mən bir xeyli lal-dinməz oturub yollar axtarırdım. Öz-özlüyümdə götür-qoy edirdim ki, necə eləyim, necə dindirib danışdırım ki, eyni bir az açılsın, hirsi soyusun. Əslində anam da, mən də neçə gündü hiss edirdik ki, Laçın nədənsə çox acıqlıdı. Amma səbəbini bilmirdik. Mən bu fikirlər içində çırpınarkən Laçın yerindən qalxıb çarpayının üstündə oturdu. Təhdid dolu baxışlarını üzümdə saxlayıb səsini qaldırdı:

– Sənin əziz qohumun ölmüşdü, bundan mənə nə? Məni niyə ora aparırdın? Bəlkə sənin yadından çıxıb? Amma mənim yaxşı yadımdadı. Həkim sənə demədi ki, məni elə yerlərə aparmaq olmaz? Sizə nə var e. Yasda ağlayıb özünüzü öldürürsüz. Evə gələn kimi hər şeyi yaddan çıxarırsız. Sakitcə həyatınızı davam edirsiniz. Heç bilirsiz mən nələr yaşayıram. O ağlaşma səsi başımdan silinib keçmir e. Beynim az qalır dağılsın, – deyib başını əlləri arasına alıb sıxdı, sifəti əzabla qırışdı:

– Peşmançılıq, günahkarlıq hissindən ürəyim od tutub yandı. Yalvarıb-yaxarıb:

– Keç günahımdan, Laçın, – dedim. – Səhv eləmişəm. O, əlinin sərt hərəkətiylə məni danışmağa qoymadı:

– Hər dəfə səhv edirsən, sonra da keç günahımdan deyirsən. Bu əzablara dözmək çətindi e, çətin. Neçə gündü özümü ələ almağa çalışıram, amma heç cür bacarmıram. Heç bilmirəm niyə bu qədər qəzəblənirəm, bir yerdə qərar tuta bilmirəm. Hər şeyi vurub dağıtmaq istəyirəm. Adam öldürmək istəyirəm. Mən ölümcül hala düşmüşdüm. Ağzımı açıb bir kəlmə söz demək iqtidarında deyildim. Bu zaman həmişəki kimi anam özünü içəri atdı, bir anlıq mənə nəzər salıb nə hiss etdisə ağlamsına-ağlamsına Laçına tərəf yerimək istəyəndə o əlini havada qəzəblə silkələyərək:

– Yox, yox, mənə yaxın gəlmə, – dedi. – Sizdən zəhləm gedir, sizi görmək istəmirəm. Mən özümdə deyildim, ancaq onu hiss edirdim ki, Laçın onu itələsə də, anam onu zorla qucaqlayıb üz-gözündən, saçlarından öpə-öpə yalvarırdı:

– Başına dolanım, istəyirsən öldür məni, döy məni. Amma qovma bizi, qoy sənə kömək edək. Nənən sənə qurban olsun, Laçın, gör rəngin necə ağarıb,  gözəl gözlərin qanla dolub. Gözlərinə nənən qurban. Kaş kor olaydım, səni belə görməyəydim, körpə balam.

Hər dəfə belə olurdu. Yazıq anam onu nəvazişləri, yalvar-yaxarı ilə yumşaldıb könlünü ala bilirdi. Onda Laçın orta məktəbdə oxuyurdu. Yəni müəllimlər onunla evdə məşğul olurdular. Onda o lap uşaq kimi idi. Anamın nəvazişləri, yalvar-yaxarı, göz yaşları Laçını yumşalda bilirdi. Deyib danışdığı, güldüyü yerdə birdən qəzəbə dolub tanınmaz hala düşürdü. Hər dəfə biz əlacsız qalıb onu həkimə aparırdıq. Uzun müddət müalicə alırdı. Mələk uzaq illərin o tayında qalmış söhbətləri belə bitirdi.

– Atam mənə görə çox tez getdi bu dünyadan. Məni böyüdən anam indi də mənim oğlumu böyüdürdü. Bəzən heyrətə gəlirdim. Mən cavanam, ayaq üstə dayana bilmirəm. Bəs anam bu gücü hardan alır? Bu vaxt üzümü Allaha tutub yalvarırdım ki, anamı məndən ayırmasın.

Bir oğlum belə, o biri də mənə qənim kəsilmiş qayınananın əlində. Mən təkbaşına dərdlərin önündə necə duruş gətirə bilərəm, Allah! Qəfil başlayan güclü yağış hər ikimizi karıxdırdı. Bu şıdırğı yağış axşamın yarıqaranlığı içində mürgü döyən sahildə canlı-cansız nə vardısa, hamısını hərəkətə gətirdi. Arabir gözə dəyən adamların bəziləri hündür, qol-budaqları çətir kimi açılan ağacların altına qaçdılar. Bəziləri çətirlərini başları üstünə tutaraq yəqin ki, evlərinə tələsdilər. Mən də çantamdan çətirimi çıxardıb açdım və minlərlə  nazik su şırnaqları altında çaşıb qalmış Laçına tərəf baxaraq: – Yaxına gəl, oğlum, – dedim. – Çətir böyükdü, ikimizi də yağışdan qoruyar.

Hava soyuqdu, islanıb xəstələnərsən.

O, dediklərimi eşitmirmiş kimi yerindən tərpənmədi. Leysan yağış onu islatmaq üzrə idi. Laçına yaxınlaşıb çətiri elə tutdum ki, yağışdan qoruna bilsin. Bir xeyli çətirin böyür-başından süzülən su şırnaqları altında dinməzcə addımladı.

– Reyhan xala, eviniz uzaqdadı?

Mən bu yumşaq səsdən sevinərək ona baxdım. İndi Laçının baxışları da səsi kimi yumşaq və şəfqətli idi:

– Yox, ev yaxınlıqdadı, – dedim. – Narahat olma, bu dayanacaqdakı avtobusa minib rahatca gedəcəm.

– Belə yağışda sizi tək buraxa bilmərəm. Taksi tutub sizi evə qoyub, sonra da o taksiylə gedərəm.

İlahi, ürəyimdə elə xoş bir yüngüllük vardı ki, danışanda sevincdən səsim titrədi:

– Adam böyüyün sözünə baxar, – deyib gülümsədim. Sonra onu birdən-birə çulğamış anlaşılmaz qəzəbin tamam əriyib yox olması üçün səsimə bir az da mehribanlıq qatdım:

– Bax, Laçın, əzizim, özün deyirsən ki, nənən xəstədi. Bilirəm, sən nənəni çox istəyirsən. Niyə bəs onu nigarançılıq içində qoyursan? Bir az gəzib dolaşdın, sonra evə qayıt ki, nənənin gözü qapıda qalmasın. Axı o çox yaxşı nənədi.

Bu sözləri deyəndə özümün də gözlərim doldu. Laçın deyəsən çox mütəəssir oldu, başını razılıqla tərpədərək dedi:

– Düz deyirsiz, Reyhan xala. Bundan sonra elə edərəm ki, nənəm nigaran qalmasın, məndən inciməsin. Sizə söz verirəm. Nazik su şırnaqları getdikcə artıb çoxalırdı. Neçə gündən bəri incik adamlar kimi göy üzündə küskün-küskün dolaşan buludlar, axır ki, ürəyini boşaldırdı. Və iri şəffaf damlalar ağacların, evlərin, küçələrin tozunu-çirkini yuyub apardığı kimi, sanki Laçının içindəki qəzəbi də, qızğınlığı da sərinliyin içində əridib yox edirdi. Mənim də ürəyim rahat idi. İnanırdım ki, Laçının şəfqət dolu mehriban baxışları, sevgi dolu səsi nənəsinin yaralı ürəyini ovudacaq və o bəlkə də bu gecə rahatca yuxuya gedəcək.

Biz çox səmimi və mehriban bir şəraitdə ayrıldıq. Mən ev telefonunun təzə nömrəsini istəyəndə Laçın yəqin ki, mənim inciyəcəyimdən ehtiyat edərək duruxa-duruxa dedi:

– Reyhan xala, bizim ev telefonu həmişə bağlı olur. Çünki anamın gedişindən sonra nənəm heç kəslə danışmaq istəmir. Amma istəyirsinizsə, mən öz nömrəmi sizə verə bilərəm. Siz də öz nömrənizi, mümkünsə mənə verin. Biz nömrələrimizi bir-birimizə verdik. Sonra xudahafizləşmək üçün əl tutuşduq. Bu an mənə elə gəldi ki, indi mən Mələklə həmişəlik ayrıldım. Bu an gözlərimdən axan yaş da bu qəfil yağış kimi, nazik su şırnaqlarına dönüb üzü aşağı süzüldü. Bunu görüb hiss edən Laçın yenə əlimdən tutub üzünə sıxdı. Sonra mən bilmədim Laçınla necə xudahafizləşdim. Amma onun da, mənim də son anda dediyimiz sözlər yəqin ki, ömürlük yaddaşımda qalacaqdı:

– Mən sizə zəng edəcəm, Reyhan xala.

– Mən də sənin zəngini gözləyəcəm. Mələyin zəngini gözləyən kimi.

Evə qayıdanda çox yorğun idim. Evdəkilər məndən nigaran qalmışdılar. Sualı sual dalınca verirdilər:

– Harda idin? Niyə belə gec qayıtdın? Telefonun niyə bağlı idi?

Dedim ki, yolüstü bacımgilə dəydim. Söhbət uzandı. Sonra qəfil yağış yağdı.

Hər kəsin nigarançılığına son qoyuldu. Ancaq mənim nigarançılığım çox uzun çəkdi. – Yatmaq istəyirəm, – deyib otağıma çəkildim. Gözlərimi bərk-bərk qapadım ki, bəlkə yuxuya gedim. Amma  yuxu yerinə, bir-birindən maraqlı və cazibəli xatirələr axınına düşdüm.

Mələyi ilk dəfə Yazıçılar poliklinikasında görmüşdüm. Səhhətimlə bağlı poliklinikaya gedib-gəlirdim. O, qadın həkimi idi. İlk dəfə Mələyi görəndə zənn etdim ki, o cavanca bir qız uşağıdı, çox məlahətli və qəşəng bir qız uşağı, zərif, ağ üzündə dalğın bir qüssəylə baxan qara, iri gözləri, şəlalə kimi üzüaşağı süzülüb axan qara, gur saçları, gül budağı kimi zərif qaməti onu çox füsunkar göstərirdi. Bir dəfə söhbət əsnasında o mənim həm də jurnalist olduğumu biləndə çox həyəcanlı bir tərzdə soruşdu:

– Deməli siz həm yazıçı, həm də jurnalistsiniz, eləmi? Mənim cavabımı gözləmədən davam etdi:

– İlahi, nə vaxtdı ki, mən bir jurnalist qadınla görüşmək istəyirdim. Nə yaxşı sizi gördüm. Mələk çox həyəcanlı görünürdü və onun mənə dikilmiş baxışlarında, səsinin kövrəkliyində böyük bir ağrının yaşandığını elə ilk andan hiss etdim.

– Bilirsinizmi, Reyhan xanım, mənim çox acı və faciəli bir taleyim var. O, çox kövrəldi və sözünü axıradək deyə bilmədi.

İri, qara gözləri yaşla doldu. Doğrusu, onun bu halı məni də mütəəssir etdi. Qolundan tutub onu sakitləşdirməyə çalışdım. Xahiş edirəm özünüzü ələ alın. Və ürəyinizi boşaldın, mən sizi dinləyirəm.

– Yaşadığım acıları günlərlə, aylarla danışsam bitməz. Ancaq bir-iki kəlmə danışsam bilərsiniz ki, mən nələr çəkirəm. O,dayanıb nəfəsini dərdi və köksünü ötürərək təzədən dindi: – Mən çox gənc ikən ailə qurdum. Ailəm də çox tez dağıldı. Üzündə elə bir ifadə yarandı ki, sanki söhbətini davam etmək üçün ona nə isə mane olurdu.

Ona ürək-dirək verdim:

– Yaşadığımız bu çətin, qarışıq zamanda çox tez ayrılan ailələrin sayı çoxdu. Əlbəttə, bu xoşagələn hal deyil, amma dünyanın axırı da deyil.

– Mənə görə dünyanın axırıdı, – deyə Mələk doluxsunaraq sözümü kəsdi. – Yoldaşım dünyasını dəyişəndə heç otuz yaşı da yox idi. İki uşağım var idi, kiçiyi iki yaşında idi. Ən dəhşətlisi isə budur ki, böyük oğlumu əlimdən aldılar. İndi onun 14 yaşı var. Axırıncı dəfə evdən çıxanda 4 yaşın içində idi. İndiyə qədər bircə dəfə oğlumun üzünü görməmişəm.

Tüklərim biz-biz oldu.  Bir ana kimi onun nələr çəkdiyini hiss edərək soruşdum: – Uşağı kim sizdən aldı? Heç kəsin buna ixtiyarı yoxdu, axı.

O, əlimdən tutanda hiss etdim ki, zərif cüssəsi əsim əsim-əsir.

– Mən də bilirəm ki, buna heç kəsin ixtiyarı yoxdu. Amma fakt budur ki, uşağımı əlimdən alıblar və mənə göstərmirlər.

– Necə yəni, göstərmirlər, siz məhkəməyə müraciət etmisinizmi?

– Bəli, etmişəm, amma qayınanamgil mənim haqqımda dəlilik kağızı düzəldiblər. Ona görə də məhkəmə işi onların xeyrinə həll etdi. O bir anlığa susub çox böyük bir ağrıyla soruşdu:

– Reyhan xanım, siz mənə kömək edə bilərsinizmi?

Mən belə sualları çox eşitmişdim. Amma heç vaxt bu sualların qabağında susub qalmamışdım. Bu qadının baxışlarında, səsində elə bir can yanğısı vardı ki, təsəlli verməyə gücüm çatmırdı. Bu zaman cavan tibb bacısı bizə yaxınlaşdı: – Mələk xanım, xəstə çox narahatdı. Bayaqdan sizi gözləyir.

– Hə, hə, yaxşı, indi gəlirəm.

Onun sonsuz ağrılarla, acılarla dolu gözləri yenə mənə dikildi:

– Telefon nömrənizi verin mənə, xahiş edirəm. Mən sizinlə danışmaq istəyirəm. Bu mümkündürmü?

– Mümkündü. Nə vaxt istəsəniz, zəng edin. Telefon nömrənizi yazın.

O, tələsik əlini cibinə saldı:

– Həmişə cibimdə qələm-kağız olurdu...

– Məndə var, Mələk xanım.

Tibb bacısı əlindəki qələmi ona uzatdı.

Kağız da lazımdır, Mələyin baxışları gözləmə otağındakı jurnal qoyulmuş stola dikildi. Sonra həyəcanlanmış halda ağ xalağının yaxalığını tərsinə çevirərək: – Bax, bura yazaram, – dedi.

– Xahiş edirəm siz nömrənizi deyin. Və evin telefon nömrəsini çox böyük bir cidd-cəhdlə xalatının yaxalığına yazdı. Sonra üzümə elə bir baxışla baxdı ki, sanki xalatının yaxalığına yazdığı bu nömrə onun həyatında nəsə, mühüm bir dəyişiklik yaradacaqdı. Onun bu əhvalı məni çox mütəəssir etdi. Və uzun illər telefon nömrəsini yazan o əllərin necə tələsdiyini, titrəyib əsdiyini unuda bilmədim. Evə dönəndə çox kədərli idim. Qız uşağı zənn etdiyim bu qadının nə qədər acı çəkdiyini ilk görüşdən hiss etdim. Danışanda çox həyəcanlanır, tez-tez mütəəssir olur, haldan-hala düşür, gözləri dolub boşalırdı. Mən acı çəkən insanla qarşılaşanda çox təsirlənir, belə insanlara həmişə kömək etməyə can atıram. Bir jurnalist və yazıçı kimi kiməsə köməyim dəyirsə, o anlar çox rahat oluram, yaşadığımı hiss edirəm. İndi də evə çatan kimi tez-tələsik işlərimi görməyə çalışırdım ki, bu acı taleli qadın ürəyini boşalda bilsin. Mən də onu rahatca dinləyə bilim.

Mələk günortadan sonra zəng elədi. Elə ilk sözündən hiss etdim ki, o yenə çox həyəcanlıdır. Danışarkən tələsirdi, elə bil ürəyini birnəfəsə boşaltmaq istəyirdi.

– Reyhan xanım, bir söz soruşmaq istəyirəm. Amma bilmirəm yerinə düşəcək, ya yox?

Mən onun səsindəki gərginliyi hiss edib dinlədim:

– Mələk, əzizim, hər xırda şeyə görə belə həyəcanlanıb özünü üzmə. Nə istəyirsən soruş. Rahat-rahat danış, ürəyini boşalt. Mən belə söhbətlərə adət etmişəm, işim belədi.

– Çox sağ olun, Reyhan xanım, təşəkkür edirəm sizə.

– Yenə həyəcandan nəfəsi təngidi:

– İnanın, mən birinci dəfədi yazıçıyla, jurnalistlə söhbət edirəm.  Uzun illərdi ki, bunun arzusunda idim. Baxmayaraq ki, mən tibb institutunu bitirmişəm, atam uzun müddət dövlət qulluğunda işləyib, deputat olub, anamsa ədəbiyyat müəllimi idi. Mən çox qapalı bir həyat sürmüşəm, əgər buna həyat demək mümkünsə. Orta məktəbə  maşınla gedib-gəlmişəm, instituta da  bunun kimi. Hələ indinin özündə də, rəhmətlik atamın bu ailəyə çox sadiq qalan sürücüsü məni işə aparıb gətirir.

O yenə susub nəfəsini dərdi və kallaşmış səslə təzədən davam etdi:

– Bir tərəfdən bu qapalı həyat tərzi, bir tərəfdən çəkdiyim acılar, sarsıntılar sinirlərimi tamam pozub. Özüm də bilirəm ki, danışanda tələsirəm, həyəcanlanıram, mütəəssir oluram. Nə qədər çalışıram başqa cür ola bilmirəm. Siz təsəvvür edə bilməzsiniz ki, sizə rast gələndən sonra nə hisslər keçirirəm. Bir tərəfdən sevinirəm, bir tərəfdən də həyəcandan nəfəsim kəsilir. Bilmirəm, siznən necə danışım, danışanda artıq-əskik şeylərə yol verməyim.

Mən Mələyin halına acısam da, sözümü gülə-gülə dedim ki, bəlkə onun gərginliyi, həyəcanı azala:

– Mələk, mən bayaq dedim axı… Həyəcanlanmağa heç bir əsas yoxdu. Mən də sıradan, adi bir insanam. Rahat-rahat dərdini danış. Mən səni dinləyirəm.

–O, yaxşı, – dedi. Amma yenə  susdu.

– Onda mən sənə sual verim sən də cavab ver. Bayaq dedin ki, atam deputat olub, uzun müddət dövlət qulluğunda işləyib. Əgər  mümkünsə atanın adını de. Bəlkə mən də tanıdım.

– Tanıyarsız Reyhan xanım. Ziya Kərimovu kim tanımır ki?

Çox düşünmək lazım gəlmədi: – Üzdən görməsəm də haqqında yaxşı sözlər eşitmişəm, – dedim. Deyirlər çox nəcib, mərd, özünə məxsus əqidəsi olan ləyaqətli bir adam olub.

– Sağ olun, Reyhan xanım, sağ olun. Mən atamla nəfəs alırdım. İndi onun haqqında bu sözləri eşidəndə… Mələk sözünü bitirə bilmədi. Hiss etdim ki, o ağlayır. Ona mane olmadım. Qoy ağlayıb sakitləşsin. Bir müddət heç birimiz dinib danışmadıq. Mələyin səsini eşidəndə yüngülləşdim:

– Reyhan xanım, atam haqqında kiçik bir xatirə danışmaq istəyirəm.

– Danış Mələk, qulaq asıram.

– Atamın ürəyi xəstə idi. Amma bu tezlikdə dünyadan köçəcəyini ağlımıza da gətirmirdik. Onun dəfn məclisinə çox adam gəlmişdi, çox. Deputatlar, dövlət işində çalışan, üzdə olan adamlar… Onların içində tanınmış qadınlar da vardı. Mən yarıcan halda yatağa düşüb qalmışdım. Məşhur bir qadının dediyi sözlər indi də qulaqlarımda cingildəyir:

– Ziya müəllimin evi budu? – Biz çox da böyük olmayan, yığcam bir həyət evində yaşayırdıq,  insanlarsa axın-axın gəlirdi. Məclisi rahat, layiqli yola verməyə heç şərait də yox idi.

– Daha başqa söz demək lazım deyil. Hər şey mənə aydın oldu. Allah Ziya müəllimə rəhmət eləsin.

Dəstəkdən kəsik-kəsik hıçqırıqlar eşidildi. Sonra Mələyin titrək səsi eşidildi:

– Atam mənə görə öldü.

– Sizə görə niyə, axı?

Mənim ailə həyatımın çox tez şəkildə  dağılmasında, özü də faciəli bir şəkildə dağılmasında özünü günahkar hiss edirdi. Qayınatam atamın ən yaxın dostu idi. Bizi onlar evləndirmişdilər. Mən dözə bilməyib soruşdum:

– Belə çıxır ki, siz bir-birinizi sevməmisiz. Valideynləriniz...

Mələk hiss olunan bir tələskənliklə sözümü kəsdi:

– Yox, elə deyil. Bizim aramızda çox böyük bir sevgi yaşanırdı. – O susdu. Danışanda səsində çox böyük bir acı və ağrı hiss etdim:

– Baxmayaraq ki, Hamlet xoşagəlməz bir səbəbdən vəfat etdi. Və mənə çox böyük acılar yaşatdı. Mən onu indi də əvvəlki tək sevirəm. Hamlet savadlı, ağıllı, həm də çox yaraşıqlı bir oğlandı.

– Elə sən də gözəl qadınsan. Əvvəl elə bildim ki, sən gənc qızsan. Maşallah, böyük oğlun var.

– Çoxları belə deyir. Elə Hamlet də çox gözəl idi. İnsanın  gərək bəxti, taleyi gözəl olsun. Zahiri gözəllik insana xoşbəxtlik gətirmir. Geyim-keçim, gözəl paltar, zəngin həyat... Elə anlar olur ki, bunlar da mənasız, lazımsız şeylərə dönür.

O, sözünə ara verib gülə-gülə dedi:

– Reyhan xanım, desəm ki, mən zaqsa ev paltarında, ayağımda sürütmə ilə getmişəm, buna inanarsınızmı?

– İnanaram… Amma mənə çox maraqlı gələr.

– Əgər maraqlı gələrsə qulaq asın, danışım. Amma əvvəlcədən üzr istəyirəm. Siz məndən böyüksünüz, elə şeylər var ki, sizə danışmaq düzgün deyil. Amma inanın mənə, danışıb ürəyimi boşaltmağa, hisslərimi bölüşməyə çox ehtiyac hiss edirəm. Doğrusu, heç özüm də bilmirəm, elə ilk andan sizi niyə sevdim. Bax, görürsüz, yaşadıqlarımı çəkinmədən sizə danışıram.

– Sən də bil ki, Mələk, mən də hər adamla söhbət edə bilmirəm. Görünür, bizi bir-birimizə bağlayan nəsə var. Bu nədisə bir müddətdən sonra üzə çıxacaq. Mən sonuncu kəlmələri gülə-gülə dedim və əlavə etdim:

– İndi danış görüm, ev paltarında, özü də sürütmədə zaqsa gedən qız kimdi? Yoxsa sən özünsən?

– Hə, mənəm, Reyhan xanım, deyib ucadan güldü. Onun gülüşü sərin su kimi qəlbimə axdı və fikirləşdim ki, acı çəkən bir insanı güldürmək nə gözəl bir duyğudu.

– Yaz təzəcə girmişdi. Biz yenə küsüşmüşdük. Səbəbini başqa vaxt danışaram. İndi Hamletin məni zaqsa necə apardığından danışmaq istəyirəm. Evdə tək idim, çöldə yaz yağışı yağırdı. Yaz yağışının necə gözəl olduğunu siz yəqin hamıdan yaxşı bilirsiniz, Reyhan xanım. Dedim axı, biz küsülü idik. Ürəyimdə elə bir kədər vardı ki, qüssədən boğulurdum. İlahi, bu nə qəribə hissdi, heç özüm də özümdən baş aça bilmirdim. İki gün əvvəl Hamleti evdən qovmuşdum. Demişdim ki, bu dəfə həmişəlik ayrılırıq. Hətta barmağımdakı nişan üzüyünü də stolun üstünə atıb öz otağıma keçib qapını arxadan bağlamışdım. İndiysə darıxırdım, ürəyimdə elə bir qüssə vardı ki, göz yaşlarım səssizcə süzülüb axırdı. Bu yaz ətirli leysan yağışda məni varımdan-yox edirdi. Qapı döyüldü, tələsik qapını açdım. Gələn ev işlərində anama kömək edən Elnarə idi. O, içəri girər-girməz səsini qısıb həyəcanla pıçıldadı:

– Səmayə xanım evdədi?

– Yox, evdə deyil, işə gedib. Sən niyə belə həyəcanlısan?

– Bilirsən, kimi gördüm?

– Kimi?

– Hamleti. Evə çatanda gördüm ki, qapının ağzında dayanıb. Yağış da elə yağır ki, yazığ oğlan su içində idi.

Ürəyim sızıldadı. Amma əlimi yelləyib dedim:

– Sən niyə belə ağılsızsan, Elnarə? Mən də deyirəm görəsən noolub? Qapıda dayanıb gözlədiyi birinci dəfədi? Bir də ki, o niyə gəlib. İki gün bundan qabaq ona dedim axı, bu dəfə həmişəlik ayrılırıq. İlahi, bu necə insandı. Elə bil söz başa düşmür.

Bu sözləri deyə-deyə bədənim buza dönürdü, amma yenə onu asıb-kəsirdim:

– Zəhləmi töküb e lap!

Elnarə yazıq görkəm alıb kövrək-kövrək dilləndi:

– Belə eləmə, Mələk. O səni çox sevir. Yazıq oğlan səni çox sevir.

– Ehh, anam kimi sən də başdama də. Elə bil bir-birinizlə sözləşibsiz. Anam da sənin kimi deyir, yazıq oğlan səni çox sevir. Deyir günah səndədi, deyir ürəyin daşdı, nədi?

– Düz deyir də, Səmayə xanım. Sən görəsən indi Hamlet qabağımı kəsib mənə nələr deyirdi? O boyda oğlanın gözlərində yaş görmək bilirsən nə deməkdi?

– Yaxşı də, sən də mənim ürəyimi yumşaltmaq üçün özündən söz uydurma. Hamlet hara, göz yaşları hara! Yox, bir dəsmal götürüb ağlayır, – deyib bir anın içində içimə dolan xoşbəxtlik duyğusundan titrədim.

Gözlərimin hər şeyi büruzə verəcəyindən qorxub ondan aralandım.

– Vallah, tək qardaşımın canına and içirəm ki, oğlan məndən utanmasaydı, gözündən yaş ələnərdi. Az qala mənə yalvarırdı ki, Mələyə de, həyətə düşsün, ona vacib sözüm var. Get də Mələk, gör nə deyir? Sənin insafın-zadın yoxdu. Heç dəyişməmisən e. Elə uşaqlıqdakı kimi tərssən, inadkarsan. Həm də dilin çox acıdı.

– O, çox yumşaqdı, buğda yeyib cənnətdən çıxıb. Həmişə belədi e, dediyini yerinə yetirənə qədər ilan dili çıxarır, sonra  özü ilana dönüb, adamı elə çalır ki...

– Günaha batma, Mələk, o elə oğlan deyil. Get, gör nə deyir? Allaha and olsun, az qala mənə yalvarırdı ki, Mələyi başa sal ki, ona sözüm var, beş dəqiqəliyə aşağı düşsün.

– Ay Allah, indi mən neyləyim? Axı nişan üzüyün gözünün qabağında stolun üstünə atıb dedim, çıx get, özümə də söz vermişəm ki, bir də ondan kəlmə kəsməyəcəm. Bu sözlərdən sonra onunla göz-gözə dayanmaq... səsim həyəcandan elə titrədi ki, tez susdum və yenə hay-küy saldım:

– Yox e, mümkün deyil, bacarmaram. Deyəsən Mələk mənim yumşaldığımı hiss eləmişdi. Gülümsünə-gülümsünə mənə yaxınlaşıb:

– Bacararsan, burda nə var ki, – dedi. Və dörd bir tərəfə dağılmış saçlarımı bir yerə toplaya-toplaya dedi:

– Hansı paltarını geyinirsən, gedim gətirim?

– Paltar nədi? Elə bu geyimdə həyətə düşəcəm. Beş dəqiqəyə düşəcəm. Görüm nə deyir?

Bədənim uçunurdu, qapıya sarı tələsdim. Yan-yana düzülmüş sürütmələrdən birini geyib cəld qapını açaraq özümü çölə atdım. Pilləkənləri sürətlə üzüaşağı düşəndə Elnarənin səsini eşitdim: 

– Ay Mələk, ayağındakı sənin sürütmən deyil e, Ziya  müəllimin sürütməsidi. Geri qayıt, öz sürütməni geyin, eyibdi, görən olar. Mən ayağıma baxdım, atamın sürütməsi ayağıma elə böyükdü ki, gülmək məni tutdu. Geri dönmək istədim, amma ürəyim elə tələsirdi ki, tez qayıdacam, – deyib üzüaşağı yüyürdüm.

– Ay aman, sən nə qəribə, nə maraqlı qız imişsən, ay Mələk, – deyib ucadan güldüm.

Mələk məni çox danışmağa  qoymadı:

– Hələ siz Hamleti görəydiniz, o məndən də beşbetərdi. Qulaq asın, görün ki, o mənim başıma nə oyun açdı.

– Hə, həyətə yüyürdüm. Gördüm ki, hövsələsiz halda o başa, bu başa gedir. Allah bilir başından nə fikirlər keçirdi. Heç gəlişimdən də xəbəri olmadı. Buruq-buruq gur saçları vardı, saçlarından su damcılayırdı. Paltarı da əyninə yapışmışdı. Bu şəkildə mənə elə gülməli görünürdü ki, gülməkdən özümü güclə saxladım. Qaş-qabağımı töküb bərkdən dilləndim ki, məni eşitsin:

– Niyə gəlibsən? Nə deyəcəksən mənə?

Yuxudan təzəcə oyanmış adamlar kimi gözlərini geniş açaraq mənə heyrətlə baxanda içimdə yenə gülüş qaynadı. Gözlərini məndən ayırmadan tez-tez dediyi şeiri deməyə başladı.

 

Gözüm aydın,

Gözümə surəti canan görünür.

Müşk-ənbər saçaraq,

Ətrlə-əfşan görünür,

Allaha şükr edirəm

Ey gözümün nuru – bu gün

Yar gəlib göz önünə,

Sərvi xuraman görünür.

 

Ürəyim titrəsə də. – Əllaməçilik eləmə, – dedim.  – Sözünü de. Beş dəqiqəliyə gəlmişəm. – Mısmırığımı sallayıb aralıda dayandım.

– İndi də məni əllaməçi qayırdın? – deyib yanıqlı-yanıqlı başını tərpətdi: – Mənə hörmət qoymursan heç olmasa o boyda şairə  hörmət qoy.

– Görmürsən nə viddə-fasondayam. Bax, nə deyirsən de. Yoxsa çıxıb gedəcəm.

O, cəld mənə yaxınlaşdı.

Bir anın içində məni qucaqladı. Ayaqlarım yerdən üzüldü. Qüvvətli qolları məni elə tutmuşdu ki, tərpənə belə bilmədim. Bir söz demədən qapıya sarı addımlayanda ağlım yerinə gəldi və hirsimdən boğula-boğula çığırdım:

– Məni yerə qoy. Dəli olmusan? Görüb-eliyən olar. Eyibdi. Görən olsa biabır oldum. Deyəcəklər Ziya müəllimin qızı nə oyunlardan çıxır.

– Sən çığırma, görən olmaz. Bir də ki, mən hansı biabırçı hərəkət edirəm ki? Doğmaca nişanlımı qollarım üstə öz məxsusi maşınıma aparıram ki, o gözəl ayaqları inciməsin.

Sən dəlisən, vallah. Çoxdan hiss edirdim bunu. Amma indi bildim ki, həqiqətən də dəlisən.

– Hə, yaxşı, düz deyirsən. Mənim ağıllı, gözəl doktorum, mənim nur topum.

– Məni ələ salırsan? Eybi yox, mən səni bu hərəkətinə görə gör necə peşman edəcəm. Görərsən!

 O, istehzayla gülümsünüb:

– Bax, həyətin qapısını açıb çölə çıxıram, dedi.

– Hay-küy salma, eşidən olar, biabır olarıq. Mənim gözəl doktorum.

– Başqalarının sözünü təkrar edib, məni təhqir etmə. Axşam atam işdən gəlsin. Nofəl əmini də çağırtdıracağam. Bu hoqqalarını danışanda sənin necə hala düşdüyünü görəcəm.

– Qorxuram sən özün peşman olasan, xəcalətindən heç kəsin üzünə baxa bilməyəsən, əzizim. Sakit ol, sakit ol, indi maşina daxil oluruq.

Mən çırpınıb onun qollarının arasından çıxmaq istəsəm də bacarmadım. Təsəvvür edin, Reyhan xanım, bu necə güclü adamdı ki, bir qolunda mən boyda adamı tutub saxladı, o biriylə isə məni uşaq kimi maşının içinə salıb oturtdu. Özü də mənim böyrümdə əyləşdi. O maşını hərəkətə gətirənə qədər elə sanırdım ki, zarafat edir yəqin. Maşın yerindən qopub irəli şığıyanda gördüm ki, bu zarafata oxşamır.

– Bu məni bu görkəmdə, bu  geyimdə hara aparır Allah?

Bu fikir ürəyimdən keçəndə, elə bil ağlım başımdan çıxdı. Çarəsizlikdən maşının qalın şüşəli pəncərələrini döyəcləməyə başladım:

– Maşını saxla Hamlet. Yoxsa qapını açıb özümü yerə atacam. Sən ki, mənim necə tərs olduğumu bilirsən.

– Elə bildiyim üçün də belə edirəm, – deyib güldü: – Qaldı qapıya. Qapını çoxdan bağlamışam. Ay mənim tərs sevgilim, gərək çoxdan başa düşəydin ki, sən tərs olduğun qədər, mən də inadkaram. Sən gərək bunu çoxdan biləydin, – deyib alma boyda iri gözlərini üzümə dikərək yenə güldü:

– Bax, ağıllı olsaydın, başına bu iş gəlməzdi.

Bu an nəhayət başa düşdüm, indi daha hay-küyün, çığır-bağırın yeri deyil. Bir az mehribanlıq göstərsən, hər şey yoluna düşəcək, – deyib özümü inandırmağa çalışdım. Dərindən nəfəs alıb yumşaq səslə soruşdum:

– Sən Allah, Hamlet, sən məni hara aparırsan? İndi hansı dəliliyi edəcəksən?

– Hə, indi xoşuma gəldin, – deyə hələ də yağışdan islaq olmuş qalın saçına sığal çəkərək təşəxxüslə dilləndi:

– Çığır-bağır, hay-küy salmaq, əvəzinə sakitcə soruşsaydın, mən də adam kimi səni başa salardım.

– Yaxşı, yalvarıram, ürəyimi partlatma. De görüm hara gedirik?

– Bax, haray salıb qışqırma, çünki geriyə yol yoxdur.

O, üzümə baxdı, baxışları necə mehribandı, sevgi doluydu: Səsi də dəyişmişdi, danışanda bir az titrədi.

– Zaqsa gedirik. Mən bu günü çoxdan gözləyirdim.

– Heyf, belə bir oğlan gənc yaşında bu dünyadan gedib. Heyf. Nə baş verdi ki, bu cür qüvvətli, bu cür sevgi dolu ürəyin sahibi belə tez dəyişdi dünyasını?

Düzünü deyim kt, özümü saxlaya bilməyib ağladım. Mələk bunu deyəsən hiss etdi və o da hıçqıraraq sözümü kəsdi.

– Düz deyirsiz, Reyhan xanım. Hamlet çox güclü oğlandı, tək fiziki cəhətdən deyil, mənən də çox güclü idi. O, heç vaxt belə çirkin işə əl atmazdı. Onu  qəsdən, düşmənçilikdən narkotik dərman aludəçisi etdilər.

– O susub təzədən dinəndə hiss etdim ki, halı çox pisləşib, səsində elə bir qüssə, elə bir nisgil var idi ki, bu Mələk adlı tərs, inadkar qıza heç bənzəmirdi.

Mən isə bütün hisslərimi, düşüncələrimi çulğamış, çox kədərli bir maraq içindəydim:

– Bu qeyri-adi, bəlkə də təkrarolunmaz kəbinkəsmə gününün axırı necə oldu? Nələr baş  verdi? Ancaq bütün bunlardan başqa məni narahat edən daha doğrusu, məni qəhr edən bir sual var idi: – Hamleti ölümün qucağına atan, çox çirkin vərdişin aludəçisinə çevirən kim olmuşdu?

Mənim suallarıma cavab verməyə artıq Mələyin gücü çatmadı.

– Qurban olum, Reyhan xanım, məni bağışlayın, sən Allah. Sizi də çox narahat etdim. Biz söhbətə başlayanda günorta idi, indi axşam düşüb. İşiniz-gücünüz tökülüb qalıb. İndi yoldaşınız, uşaqlar da gəlib çıxarlar. Özüm də elə haldayam ki, Reyhan xanım, daha bir kəlmə söz deməyə də taqətim yoxdu. Hər şeyi təzədən yaşadım. İstəsəniz sabah sonrasını danışaram.

Düzünü deyim ki, bu telefon zəngləri məni də yorurdu, taqətdən salırdı və gündəlik işlərimi ya gec görürdüm, ya da heç görə bilmirdim. Ancaq bu telefon zənglərinin doğurduğu marağın fonunda gündəlik görülməyən işlər mənə o qədər bəsit və cılız görünürdü ki, mən buna heç təəssüf də etmirdim. Bu acı taleli cavan qadının danışdıqları məni də onun özü qədər qəhr edirdi və çox düşündürürdü. Bilirdim ki, davamlı şəkildə, söylənilən, həm də çox böyük bir həyəcanla, ağrı-acıyla, bəzən də bir an qədər qısa olan xoşbəxtliklərlə, sevinclə dolu olan ən əsası isə böyük sevgidən doğan bu söhbətlər nə vaxtsa kitaba çevriləcək. Əslində kitabla bağlı söhbəti elə ilk görüşdən Mələk özü açmışdı. Gah mütəəssir olan, gah həyəcanlanan, gah da mənə anlaşılmaz görünən, sevincdən haldan-hala düşən cavan qadının dediyi sözlər heç yadımdan çıxmırdı:

– Sizin kitablarınızı görmüşəm, Reyhan xanım. Mənim atamın, bilirsiz necə zəngin kitabxanası var? Mən özüm də mütaliə edirəm, sizin kitablardan da oxumuşam. İş ondadı ki, mən rus təhsilliyəm. Azərbaycan dilində kitab oxuyanda etiraf edirəm ki, başa düşmədiyim məqamlar da olur. Çox pis oluram ki, sizin kitabları da oxuyanda bu çətinliklərlə qarşılaşıram.

Mələk susub üzümə diqqətlə nəzər saldı və nə hiss etdisə dedi:

– Mənim anam ədəbiyyat müəllimidi. Çox dili bilmək həvəsiylə məni rus dilli məktəbə qoymuşdu. Atamla anam arasında çox mübahisələr olurdu. Anam deyirdi ki, Mələk ana dilini onsuz da bilir. İstədim ki, başqa dili də öyrənsin. Bunun nəyi pisdi? Atam da dedi ki, Mələk öz ana dilində bədii kitab oxuyub başa düşmür. Deməli, o ana dilini bilmir. Reyhan xanım, sizə bir söz demək istəyirəm. Siz mənim səmimiyyətimə inanarsınızmı? O, bu sözləri deyəndə doğrudan da gözümdə hələ yaşa dolmamış bir qız uşağı qədər sadəlövh görünürdü. Tez-tez əhvalı dəyişən Mələyin hər sözü məni mütəəssir edirdi. Mən onun qolundan tutub gülümsədim:

– Sənə inanmamağa bir əsasım yoxdu, Mələk.  Sən belə danışanda mən özüm pis oluram.

– Reyhan xanım, məni bağışlayın. Ola bilsin ki, əhvalımın tez-tez dəyişməsi, həyəcanlı, gərgin olmağım sizə anlaşılmaz görünür. İnanıram ki, sonralar, yəni mütəmadi zəngləşsəm siz məni başa düşəcəksiniz. İndi mən sizə söz demək istəyirəm.

Düzdür, sizin kitablarınızı da oxuyanda başa düşmədiyim şeylər olur. Amma inanın, oxuduqlarım ürəyimə elə təsir edir ki... O əlini ürəyinin üstünə qoyub gözlərini tez-tez qırpmağa başladı və ağ əllərinin incə barmaqları ilə gözünün künclərini tez-tələsik silməyə başladı ki, mən heç nə hiss etməyim. Sonra mütəəssir halda davam etdi: – Uzun müddətdir ki, bir yazıçı qadınla qarşılaşmaq arzusundaydım. İstəyirdim ki, kaş bir yazıçı mənim bu acı taleyimdən balaca bir kitab yazsın. O yenə uzun, qara kirpiklərini endirib qaldırdı və danışanda səsindəki titrəyişi gizlədə bilmədi: – Sizi görəndən sonra elə sevinirəm ki, elə bil bu arzuma çatmışam.

Qəhr olası tale. Hər dəfə acı taleli bir insanla qarşılaşanda, bu kəlmələr beynimdə ildırım kimi çaxır və gizli bir yanğıdan gözlərim yaşarır. Yazıçının da taleyi qibtə ediləsi tale deyil. Öz dünyasında nə qədər talelər yaşadan və bu talelərin ağrısı-acısıyla yaşayan yazıçı. Bəzən yaratdığı obrazların nəfəsini belə hiss edir, ürək döyüntülərini eşidir. Gözləri önündə nə qədər üzlər canlanır və bu üzlərdən səssiz-səmirsiz baxan baxışlar bəzən qan-yaşla örtülür, bəzən təzəcə açılan səhərləri bəyaz şəfəqlərindən işıqlanır. Mələyin tükənmək bilməyən söhbətləri hər dəfə məni bu cür gah acı, gah da şirin hisslərin burulğanına salır. Və uzun müddət bu burulğandan çıxa bilmirdim. Nə qədər qəhr olsam da, üzülsəm də onun zəngini gözləyirdim. Ertəsi gün Mələk zəng etdi:

– Reyhan xanım bircə gün dözə bildim. İnanın ki, dünəndən bəri telefonun dövrəsində fırlana-fırlana qalmışam.  Axır ki, anam bunu hiss edib dedi:

– Onsuz da dözməyəcəksən, yenə zəng edəcəksən. Bu qədər həyəcan keçirməkdənsə götür zəng elə.

– Qızım da o gün mənə deyir ki, Mələk zəng etməyəndə deyəsən darıxırsan, fikirli, dalğın olursan. Niyə hər dəfə o zəng etməlidi? Götür özün zəng elə. Yaxşı, söhbəti gəl uzatmayaq. Danış görüm, zaqsa getdinizmi?

– Getdik, Reyhan xanım, getdik. Ancaq ürəyim, gözlərim qan ağlaya-ağlaya getdim. Çünki bu günlə bağlı nə qədər xəyallar qurmuşdum. Hansı paltarı geyinəcəm, nə cür saç düzümü edəcəm, daha nələr? Onu bu dəli inaddan döndərmək üçün göz yaşları içində yalvardım:

– Belə etmə Hamlet. Məndən heyif almaq istəyirsənsə başqa cür al. Amma bunu eləmə. Mən bu paltarda ora necə gedim?

Birdən yadıma düşdü ki, paltar cəhənnəm, ayaqlarıma atamın sürütməsini geymişəm. Tez-tələsik dilləndim:

– Bəri bax, – dedim. – Ayaqlarımdakı atamın sürütməsidi.

– Ziya müəllim xeyirxah adamdı. Onun sürütmələrini geyibsənsə bu yaxşı əlamətdi, – deyib bu dəfə də güldü.  Deməli hər şey yaxşı olacaq.

– Hamlet, mən inanmazdım ki, sən mənim yalvarışlarıma, göz yaşlarıma bu cür etinasızlıqla yanaşacaqsan. Məni ələ salıb güləcəksən. Ona görə də mən səninlə heç yerə getməyəcəm. İstəyirsən vur öldür məni.

O, başını sükana söykəyib dərindən nəfəs alaraq köks ötürdü. Mən gizli bir ümiddən sevinərək fikirləşdim ki, hər şey yoluna düşdü...

– Kaş mən səni öldürə biləydim, Mələk. Yox, yox, düz demədim. Əlim qalxsaydı, səni yaxşıca döyə bilərdim. Onun alma boyda gözlərində yaş gilələndi:

– Yadındadı, uşaq vaxtı atamla bir yerdə tez-tez sizə gələrdik. İkimiz də uşaqdıq. Anan səndən hey gileylənərdi. Bir gün Səmayə xala Ziya müəllimə dedi ki, ay Ziya, Nofəl də bu evin adamıdı. Bu qız tərsliyindən inadkarlığından heç əl çəkmir. Bu gün səhərdən dilinə heç nə vurmuyub. Ona bax, heç oturduğu yerdən də qalxmayıb. Nə var, nə var, ona demişəm ki, daha çölə çıxdı yoxdu. Hər gün bir qonşu dava-şavaynan üstümüzə gəlir ki, bəs Mələk uşağımı döyür.

Səmayə xala sözlərini qurtarmamış atam əlini əlinə çırpıb güldü:

– Ay Səmayə bacı, mən də həyəcan içində bayaqdan gözləyirəm ki, görüm nə deyəcəksən? Əşşi, döyüb, yaxşı eliyib. Kişi qızıdı də, yəqin bir günahı varmış ki, döyüb.

Ay Nofəl qardaş, uşaq idi, dinmirdik. İndi daha böyüyüb yekə qızdı. Bayaq bu sözün üstündə az qala özünü öldürürdü. Deyirdi yox, mən hələ böyük qız deyiləm. Mən hələ balacayam. Elə ağlayırdı, az qalırdı ürəyi ağzından gəlsin. Ona bax, Ziya, sənə necə baxır? Bayaqdan mənə deyir ki, atam sən deyəni deməyəcək. Deyəcək ki, Mələk hələ balacadı, qoy gedib oynasın. Bunu deyib elə ağladım ki. O isə səhərə qədər gözümün önündən çəkilmədi. Bəlkə də mən elə o gecə səni sevdim. O balaca Mələk heç gözümün önündən çəkilmədi.

O danışdıqca mən həm kövrəlirdim, Reyhan xanım, həm də heyrətlənirdim ki, görəsən birdən-birə Hamletə noldu? Heç inana bilmirdim ki, onun gözlərində yaş gilələnərmiş. Bir tərəfdən də sevinirdim ki, daha məni zorla zaqsa aparmağa gücü çatmayacaq.

– İndi sənə baxıram, Mələk, görürəm ki, sən hələ də böyüməmisən. Və məni də heç vaxt sevməmisən.

– Yox, yox, Hamlet, niyə elə deyirsən? Mən səni çox istəyirəm.

– Ona görə mənim başıma bu oyunları açırsan? – Bir an içində onun yaşlı gözləri kiçik məşəllərə dönüb parladı: – Sən mənə de görüm nə vaxt bir yerə öz xoşuna getmisən? Hara getmişiksə, səni zorla dava-şavaynan aparmışam.

– Hə, məsələ elə burasındadı ki, sən hər yerə məni zorla aparmısan? Bir dəfə mənim istəyimi nəzərə almamısan? Həmişə sən dediyin olub?

– Elə həyəcanlanmışdım ki, Reyhan xanım, sanki fürsət düşmüşkən ürəyimi boşaltmaq istəyirdim. Təntimiş halda davam etdim: – Yadındadı, biz ikimiz bir yerdə restorana  gedib nişan günümüzü qeyd etmək istəyirdik. Sən aşağıda məni gözləyirdin. Mən də sevinc içində bəzənib-düzənib aşağı düşdüm. Əynimdə sizin nişan günü gətirdiyiniz qırmızı paltar, ayağımda paltar rəngdə tufli, saçlarımı da hörməmişdim. Sancaqlayıb kürəyimə tökmüşdüm. O an mən necə bəxtəvər idim. Amma sən neynədin? Bilmirəm, mənə niyə elə baxdın? Niyə gözlərindən üstümə od yağdı? Niyə elə qəzəbləndin? Dedin ki, qayıt, qayıt evə bu paltarı çıxart, başqasını geyin. Yerimdə donub qalmışdım. Sən də elə təkrar edirdin:

– Dedim, get paltarını dəyiş. Sən gördün gözlərimdən yaş necə ələndi? O an bilirsən ürəyimdə nə fikirləşirdim? Fikirləşirdim ki, sən məni sevmirsən.

– İndi də elə fikirləşirsən? Mənim dinmədiyimi görüb əlini sükana çırpdı və yenə yaşarmış gözlərini mənə dikərək dedi: – Sən heç bilirdin o paltarda necə görünürdün? Hələ saçların? Mənə baxanda ağlım başımdan çıxdı. Səni restorana necə aparaydım? Kiminsə baxışlarını sənin üzündə hiss etsəydim. Siz qadınlar necə qəddarsınız? Bilirsən bu haqda Əli Kərim nə deyib? O susub fikrə getdi. Əlini alnına çırpıb dilxor halda davam etdi: – Gündə yüz dəfə dediyim şeir də yadımdan çıxdı. Qoy məzmununu deyim ki, bəlkə başa düşəsən: Deyir, sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi? Bax, siz qadınlar belə öldürürsüz kişiləri. Ona görə kişilər sizlərdən daha tez köçürlər dünyadan.

– Ay Mələk, sən Allah, ürəyim üzüldü. De görüm, o səni zaqs idarəsinə apara bildimi?

– O heç vaxt dediyindən geri dönməyib. Demə evdə də bu barədə söz-söhbət olub. Dedi, gör iş hara gəlib çatıb ki, atam da bu işə qarışdı. Dedi uşaq kimi siçan-pişik oynayırsınız? Nə vaxtacan küsüb-barışacaqsız? – Nofəl əmi guya əməlli-başlı acıqlanıb Hamletə. Deyib ki, sən axırda otuz-qırx illik dostumla məni üz-göz edəcəksən. Belə şey olar, ə, belə getsə siz elə küsüb barışa-barışa qalacaqsınız. Amma, Hamleti ən çox qıcıqlandıran anası olub, Reyhan xanım. Elza xanım Hamletin anasıdır. Özü də çox hökmlü qadındı. Deyib ki, Hamlet o boy-buxunundan utanmırsan? Bir qıznan da bacarmırsan? Adını da kişi qoymusan. – Bu sözləri Hamlet elə şəkildə dedi ki, başa düşdüm, o bu fikrindən dönən deyil.

Axırda o mənim əlimdən tutub zorla maşından çıxartdı. İnan, Reyhan xanım, utandığımdan böyür-başıma da baxa bilmirdim ki, görüm bizə baxan varmı? Ayaqlarımda kişi sürütməsi, əynimdə sadə, deyərdim ki, nimdaş büzməli paltar. Saçlarım da ki, dağılıb dörd-bir yana. Özü-özümə fikirləşirdim ki, görəsən bizi görənlər nə fikirləşirlər? Hansı otağa getdik, bizdən nə soruşdular, mən nə dedim? Yadımda deyil. Bircə onu xatırlayıram ki, sarı saçlı bir qadın bizi təbrik edib iri bir gül dəstəsini mənə təqdim edəndə onun əlini itələyib otaqdan çıxdım. Bu da mənim nigah günüm!

Mən Mələyin eynini açmaq üçün güldüm:

– Xoşbəxtlik bir parça kağızla bağlı deyil. Əsas odur ki, sizi bir-birinizə bağlayan möhkəm bağlar var. Bir də inanıram ki, siz ikiniz də bu günü həmişə xatırlayıb güləcəksiniz. Bəlkə də deyəcəksiniz, nə yaxşı bizim ömrümüzə, yaddaşımıza belə fərqli, belə bənzərsiz bir gün də yazılıbmış.

– Bəs evdə bu məsələyə necə münasibət bəslədilər?

– Ehh, soruşmasanız yaxşıdı, Reyhan xanım. Qapını açıb içəri girəndə gördüm anam yarımcan halda kresloya düşüb qalıb. Onu da deyim ki, Hamlet içəri girmədi. İri gül dəstəsini zorla qucağıma basıb, hələ bir utanmaz-utanmaz üzümdən də öpdü.

– Bu gün gözəl gün idi, – deyib pilləkənləri qaça-qaça düşdü. Anam yerindən tərpənmədən mənə baxırdı. Elə bil arvadın yerindən durmağa taqəti yoxdu. Ona diqqətlə baxanda məni gülmək tutdu. Doğrudan da, adam çox sinirli olanda onu dəli bir gülmək tuta bilərmiş. Anamın heyrətdən bərəlmiş gözləri mənə elə baxırdı ki, elə bil məni ilk dəfə görürdü:

– Az, o gül nədi? Bu nə geyimdi? Bu nə qaş-gözdü? Az, çöllü-biyabanda olan hal pərilərinə oxşayırsan e. Az, o saçını di yığıb bağlaya bilmirdin? Hələ bunun sürütməsinə bax!

Anam kreslodan durub mənə yaxınlaşdı:

– Ay qız, dəli olmusan, nəyə gülürsən, az? De görüm bu vaxtacan harda idin? Yenə nə oyun çıxarmısız?

Gülməyim xırp kəsildi, içimə qəfil dolan qəzəb səsimə də  keçdi:

– Allaha çox şükür ki, daha bu oyunlara son qoyuldu, Səmayə xanım, – deyib əlimdəki gül dəstəsini stolun üstünə tulladım.

– Bu axırıncı oyun idi. Atamın elə bil nitqi tutulmuşdu. Nəsə xoşagəlməz bir hadisənin baş verdiyini hiss edibmiş kimi yerində quruyub qalmışdı. Bayaqdan kənarda dayanıb bizə baxan Elnarə sanki bu gərginliyə son qoymaq üçün gül dəstəsini götürüb qoxladı: – Nə gözəl güllərdi, – dedi. Hamletin çox gözəl zövqü var.

– Bura bax, Elnarə, bir də onu yanımda tərifləsən, özündən küs, – dedim. Bütün olub-keçənlər bir an içində gözüm önündən gəlib keçdi və indi də məni dəli bir ağlamaq tutdu. İçimdə birdən-birə qaynayan hönkürtüdən bədənim lərzəyə gəlir, üz-gözümü isladan göz yaşlarını silməyə belə aman vermirdi: – Mən onunla qurtardım, daha. Birdəfəlik qurtardım. Bir nigah kağızı yox e, min nigah kağızı olsa da mən onnan ayrılacam. Adamı bu qədər uşaq yerinə qoyub ələ salmaq olar?

Axır ki, anamın səsi eşidildi:

– Ay Elnarə, bu nə danışır? Bəlkə sən nəsə bilirsən? Nigah kağızı nədi? Bu nə deyir? Bu dəli olub nədi? Çaşbaş qalmış anam əlini əsim-əsim əsən çiynimə qoyub:

– Mələk, noolub sənə, – dedi və təzədən üzünü Elnarəyə tutdu:

– Ay qız, bu evdən  çıxanda hara getdiyini sənə demədi?

– Yox, heç nə demədi, Səmayə xala. Elnarə duruxa-duruxa əlavə elədi:

– Dedim axı, Hamlet onu həyətdə gözləyirdi. Mənə dedi ki, Mələyə de, həyətə düşsün, ona sözüm var. Mən də onun dediklərini Mələyə çatdırdım. Mələk də aşağı düşdü.

Anamın da, Elnarənin də səsi əsəblərimə toxunub məni lap sinirləndirirdi. Heç özüm də bilmədim. Stolun üstündəki gül dəstəsini nə vaxt qapıb didik-didik edərək döşəməyə tulladım. Elnarə içini çəkib heyif, gözəl güllər idi – deyəndə mən səsimi qaldırdım:

– Heyif güllərə, yox e, heyif olsun, mənim arzularıma, istəklərimə, param-parça olmuş qəlbimə. Bu sözləri deyə-deyə daha bərkdən hönkürdüm. Mənim bu halım deyəsən anamı qorxutdu:

– Elnarə, nə dirək kimi quruyub qalıbsan? Get su gətir, görmürsən qızın ürəyi az qalır partlasın?

Sonra saçlarımı sığallaya-sığallaya məni sakitləşdirməyə çalışdı:

– Qurban olum, bir az toxta. Danış görək noolub axı? Axı mən də yazığam, ürəyim partladı axı.

Elnarə su dolu stəkanı dodaqlarıma yaxınlaşdıraraq yalvardı:

– Qurban olum Mələk, iç suyu, iç. Qoy ürəyin toxtasın.

Mən bir-iki qurtum su içib sonra onun əlini kənara itələdim. Anam stolun üstündən salfetkanı götürüb islaq üzümü silə-silə: – Belə şey olar, – dedi.

– Nə vaxtacan belə olacaq. Gülə-gülə gedirsən, ağlaya-ağlaya qayıdırsan. İndi nooldu, axı. Nigah kağızından danışırdın. Bu nə deməkdi, Mələk? Mən yerimdən dik atılıb evin ortasında o baş-bu başa gedə-gedə az qala qışqırdım.

– Sizin sevimli kürəkəniniz, Hamlet, bax məni bu geyimdə-keçimdə demək olar ki, zorla zaqs idarəsinə aparıb, nigah kəsdirdi. O bunu mənə rəva gördü. Rəva gördü ki, bax atamın bu sürütməsində, bax bu cındır paltarda gedib nigah kəsdirim. Kimin başına belə bir iş gələ bilər, Allah!

Anam qorxu içində əlini ağzına qoyub:

– Az, danışma, az, – dedi. Gözlərini döyərək sanki kiminsə eşidəcəyindən qorxurmuş kimi pıçıltıyla soruşdu:

– Az, nigah nədi, zad nədi? Bu nə sözlərdi danışırsan?

– Bunu get Ziya müəllimin əziz-xələf dostunun oğlu Hamletdən soruş.

– Ay qız, sənin sözünə söz çatdırmaq olmurdu. Qan-qan deyirdin. Tutaq ki, o səni aparmaq istədi. Bəs sənə nə olmuşdu? Sən niyə düşüb onun yanına getdin? Doğrudan da uşaqlığın havası başımdaydı. Heç inanmazdım ki, bu yaşımda da ayağımı yerə çırpıb qışqıra bilərmişəm: – O, mənə imkan verdi ki, ağzımı açıb nəsə deyim? Qəfildən mənə yaxınlaşıb uşaq kimi məni yerdən götürüb qolları üstünə aldı. Əvvəl elə bil huşum başımdan çıxdı. Hiss edəndə ki, o həyətin qapısını açıb çölə çıxmaq istəyir, çığırdım, bağırdım, axırda yalvardım da. O da gülə-gülə deyirdi: – Hay-küy salma, xeyri yoxdu. Bu gün zaqsa gedəciyik, vəssalam. Susub mat-mat mənə qulaq asan anamı süzüb – Sən özün deyirdin ki, maşallah, Hamlet pəhləvan kimi oğlandı. Boy odey – az qalır tavana dəysin. Hə, bu da sənin pəhləvan kimi kürəkənin. İlahi, pərvərdigara, adamda nə qədər güc olarmış, qolları dəmir kimidi. Mənim bu quşcax canım var, onun qolları arasından çıxa bilərdim?

– Allah, allah, mən Ziyaya nə deyəcəm? – O yavaşca dizinə vurub günahkar-günahkar davam etdi: Atan həmişə sənin hər hərəkətinə görə məni danlayıb.  Hirsi tutanda deyir ki, oğlanlarımız qalıb bir tərəfdə, bu əl boyda qız meydanda at oynadır.

– Əşşi, belə şey olar? – deyib mənə acıqlanırdı. – Sənin qızın qonum-qonşuda döyməmiş uşaq qoymayıb.  Soruşanda ki, a bala, niyə belə eliyirsiz, deyir, yalan danışmasınlar, sözün düzünü qoyub ağızlarına gələni danışıb adamı hirsləndirməsinlər. Bu əl boyda qızın iddiasına bax e, yalan danışmasınlar! Bir gün vallah, bunu vurub öldürəcəklər e. Mən  də deyirdim ki, ay Ziya, bu qız evdə də belədi. Mənə qan uddurur. Deyirsən qatıq ağdı, deyir yox e, qaradı.

– Bax, sənin tərsdiyin, inadkarlığın, bir də ki, təkəbbürün ucundan başına bu oyunlar gəlir e, – deyə anam acığından qızarmış gözlərini mənə dikdi.

– Bilmirəm, sən kimə oxşadın. Bir qarış vaxtından, hamıya ağıl öyrədirsən, əmr verirsən, yol göstərirsən. Az, o eyvanın divarına vurulmuş mismar hələ ordadı e.

Gördün, sənlə bacarmaq olmur, vurub öldürmək də olmur. Yazıq Ziya bir gün o boyda mismarı divara vurub sənə dedi ki, bax, sən bir də çöldəki uşaqları və ananı incidsən, səni bu mismardan asacam. Heç inanmazdım ki, sən o mismara baxıb qorxundan ağlayasan. Məni gülmək tutanda atan işarə elədi ki, səsini çıxarma. Bax o mismar məsələsindən sonra bir az ağıllandım. Bilirsən, bunları niyə danışıram, – deyə anam əsəbi-əsəbi səsini qaldırdı: – Yəqin ki, indi o yazıq oğlanın canını boğazına yığmısan. Neçə dəfə öz gözlərimlə görmüşəm. Yazıq oğlan sənə nəsə deyir, sən də yox deyirsən. Balaca döyüşkən xoruzlar olur e, az qalırsan atılıb oğlanın gözlərini deşəsən. Bax, görürsən, bu ərkəsöyünlüyün axırı necə oldu? Gör sənə necə dərs verdi?

 – Sənə nooldu, ana? Birdən-birə onun tərəfinə keçdin? Mənim nələr yaşadığım sənin vecinə deyil?

Anamın yerinə Elnarə cavab verdi:

– Ay Mələk, ay başına dönüm, axır bir gün zaqsa gedib kəbin kəsdirəcəydin də.

– Elnarə, sənə dedim axı, bir də yanımda onun tərəfini tutma. – Qıza elə bir baxışla baxdım ki, yazıq qız çəkilib bir küncdə dayandı. Mən onu qanlı-qanlı süzüb ürəyimi boşaltdım:

– Hə, evliliyə qədəm qoyan hər bir qızın yolu ordan keçir. Amma belə yox də. Eh, qızlar bilirsən o günə necə hazırlaşırlar? Xüsusi paltar tikdirirlər, neçə saat gözəllik salonunda oturub saçların düzəltdirirlər, makiyaj elətdirirlər. Video çəkdirirlər.

– O qızlar sənin kimi nişanlılarıyla dikləşmirlər.

– Başına dönüm, qadanı alımla danışırlar, ay səfeh.

– Ana, sən məni bir qəpiklik elədin lap. Onun elədikləri yadından çıxıb? Yadındadı, bir gün məni hava almaq üçün dəniz sahilinə aparmışdı. Evə nə vəziyyətdə qayıtmışdım. Tamam suyun içindəydim. Sən özün də hirsləndin. Hamletə baxıb acıqlı-acıqlı dedin.

– Ay Hamlet, belə olmaz axı. Sən özün görürsən ki, bunun bir quşcağ canı yoxdu. Bu niyə suyun içindədi? İndi Allah bilir, neçə gün yataqda düşüb qalacaq. İnstituta da gedə bilməyəcək. Ziya soruşsa nə cavab verəcəm? O da həmişəki kimi sənin yanında yumşalıb muma dönəcək və günahkar-günahkar deyəcək.

– Üzr istəyirəm, Səmayə xanım, bir işdi də olub, daha olmaz. Mənim yanımda isə şirə-pələngə dönür, gözləri məşəllər kimi od-alov saçır? Bilirsən, niyə elə islanmışdım? Dedi ki, burda gözlə, uzaq bir yerdi, bəsdi oturduq, dur suya girib, bir az sərinlənək. Mən də təəccüblə ona baxıb dedim: – Dedim, sən nə danışırsan? Yadından çıxıb ki, mən bu sudan iyrənirəm, ona görə də bir dəfə də dənizdə çimməmişəm. Bir bax da, – dedim – Gör dəniz necə çirklənib. İstiyirsən iyrəndiyimdən yenə allergiya olum? Bilirsən mənə necə acığı tutdu? Dedi, camaat sevgilisi, nişanlısı ilə gəlib dincəlir, çimir, xoş bir gün keçirir, sən də hər dəfə bir bəhanə tapırsan. Gah deyirsən evdən çıxmağa həvəsim yoxdu, gah deyirsən başqa işim var. Səni güclə çıxardıb bura gətirmişəm. İndi də deyirsən ki, dənizdən iyrənirəm. Gördüm hirslənib, dedim atamın xasiyyətini bilirsən, o belə şeyləri xoşlamır. Dedi yaxşı, çimmirsən, çimmə. Gəl onda dəniz qırağında bir az gəzişək, ayaqlarımıza su dəysin, sərinlənək. Bax, dalğaları görürsən. Elə dayanaq orda, dalğa özü gəlib ayaqlarımızı yuyacaq. Bilirsən, bu necə gözəl bir hisdi?

Gördü yerimdən tərpənmirəm. Bax, bugünkü kimi məni qəfil qucaqlayıb dənizə tulladı.

– Yox, bir səni dənizdə batırdı. Ay Allah, insan bu qədər ağılsız olar? – deyə kinayə ilə etiraz etdi.

– Ay qız, yaydı, millət hamısı sərinlənmək üçün dənizə qaçır. Niyə səndən başqa iyrənən yoxdu? Dəniz çirklənib, dəniz xəstəlik yuvasıdı, – deyib durursan. Hamlet özü mənə dedi ki, hə, günahkaram. Amma inanın ki, heç bilmədim onu nə vaxt dənizə saldım. Tullamaq nədi? Ay qız, nolardı dənizin dayaz yerində ayağını suya salardız. Ay bədbəxt, niyə hər şeyi özünə qadağan edirsən? Sənin tayların hər il özünü günə verib qaraldır. Sən də o qədər havaya, günə çıxmırsan ki, rəngin rufun sapsarı olub. Hamlet də, təəccüb qalır. Deyir bu gün, sabah həkim olacaq. Bəyəm bilmir ki, dənizdə çimmək, zaqar qəbul etmək sağlamlıqdır.

– Siz məni belə tərbiyə etmisiz də, – dedim və acı-acı güldüm. – Nə vaxt bu evdə dənizdə çimən, nə bilim, zaqar qəbul edən olub? Uşaq vaxtı bir az diribaş olmuşam, deyə məni nə qədər danlayırdınız. Elə vaxt olurdu, həyətə çıxmağa qoymurdunuz. Axırda evə qapanıb qaldım. Orta məktəbdə oxuyanda qızlar dərsdən çıxandan sonra dəniz sahilinə, nə bilim, haralara gedib şənlənirdilər, deyib-gülüb əylənirdilər, mən də evə qaçırdım. Elə tələbəliyim də belə keçir.

– Mələk, insafsızlıq eləmə, atan, ya da mən nə vaxt sənə uşaqlarla bir yerdə deyib-gülüb, şənlənməyi qadağan etmişik.

– Mənə qadağa qoymaq lazım deyildi. Atam o qədər ciddi idi ki, özüm-özümə qadağa qoymuşdum. İndi də özümə qoyduğum qadağalardan kənara çıxa bilmirəm. Ona görə də Hamletin istəyi ilə oturub-dura bilmirəm. Bax, bəla bundadır.

Atam günahkar-günahkar gözlərini döyüb bir söz demədi. Mənimsə daha danışmağa halım yoxdu.

– Yaxşı, mən öz otağıma gedirəm. Heç kəs məni narahat etməsin, yatmaq istəyirəm.

Anam çarəsiz bir görkəmlə dedi:

– Barı bir şey yeyəydin. Səhərdən acsan.

– Heç nə istəmirəm. İndi heç boğazımdan su da keçməz. Otağıma sarı bir-iki addım atıb dayandım. – Bax, ana, bu barədə atama heç nə demə. İşdən yorğun-arğın gələcək. Ürəyi də xəstədi, iraq olsun, ona bir şey olar. Özümü bağışlaya bilmərəm.

– Atana şad xəbər verəcəm? Deyəcəm sənin tərifli kürəkənin qızını zorla zaqsa aparıb. Qoy bu barədə Nofəl qardaşla Hamlet özü düşünsün. Mən bu işə qarışa bilmərəm.

Mən əsəbi-əsəbi anamın sözünü kəsdim:

– Bu gündən sonra kim nə düşünür, düşünsün. Mənə dəxli yoxdu. Mənimki Hamletlə tutmaz daha. Hiss etdim ki, anam yaman qəhərləndi. Bu acı qəhər səsinə də keçdi: – Eh, Mələk, heç bilmirəm nə deyim. Gör səni nə qədər istəyən oldu? Hamısı da bir-birindən dəyərli oğlanlar idi. Sənsə Hamleti seçdin.

– Atam durub-oturub Hamletdən danışırdı. Deyirdi ağıllıdı, savadlıdı, cəsarətlidi, əsil kişidi. Onda mən də uşaq idim. Bu sözləri o qədər eşitdim ki, bir də gördüm xəyalımda əlçatmaz bir qəhrəman obrazı yaranıb. Qəlbimə elə yol tapdı ki.

Qəhər boğazımı yandırdı, bir xeyli danışa bilmədim. Özümü ələ alıb sözümü tamamladım:

– Amma indi hər şey bitdi. Bitdi, ana.

Otağıma qaçıb, pal-paltarlı yatağıma yıxıldım. Hər şey bitdi, ana. Bu sözlərin doğurduğu acı içində yuxuya getdim. Səhərsə ürəyimi yandırıb-yaxan, acı bir həsrət içində yuxudan oyandım. Ürəyim yanıq yeri kimi göynəyirdi. İndi “hər şey bitdi” sözlərini başqa sözlər əvəz etmişdi:

– Yox, mən onsuz yaşaya bilmərəm. Çox çəkməz qüssədən boğulub ölərəm. İlahi, bu nə zülümdü? Niyə biz bir-birimizlə dil tapa bilmirik?

Mələyin dodaqlarından qopan qəhərli pıçıltılar getdikcə zəifləyib kəsildi.

Yazıq qız, ziddiyyətli hisslərin burulğanı içinə düşüb əzab çəkirmiş. Əslində Hamlet ona kömək edə bilərdi. Çünki o çox güclü oğlan imiş. Ancaq Mələyin aldığı ciddi tərbiyə, onun qüruru, təkəbbürü və bir də uşaqsayağı xasiyyəti buna imkan verməyib.

– Reyhan xanım, məni bağışlayın, siz Allah. Mən sizi tamam yorub əldən salıram. Hiss edirəm heç danışmağa taqətiniz də qalmayıb.

– Yox, elə deyil Mələk. Ötən günlər yadıma düşdü. Fikrə getdim. İndi anlayıram ki, məni sənə bağlayan nədir? Bizim xarakterimizdə oxşar cəhətlər çoxdu. Gəncliyimdə mən də çox qürurlu, iddialı və hətta çox təkəbbürlü olmuşam. Və bunun  əzabını kifayət qədər yaşamışam. O vaxt mən bu hisslərin bəzən lazımsız və həddindən çox olduğunun fərqinə varmırdım. İndi sənə qulaq asıram. Və fikirləşirəm ki, gənclikdə doğrudan da, insanın beyni qan olur. Yəni pisi yaxşıdan ayıra bilmir, kimin haqlı, kimin haqsız olduğunu da ayırd elə bilmir. Və çəlpəşik qarışıq duyğular böhranı içində çaşıb qalır. Bizim Mirzə Şəfi Vazeh adlı bir şairimiz olub. Onun sevən bir gəncin yaşadığı sarsıntılar barədə gözəl bir şeiri var. İstəyirsənsə, bu şeiri söyləyim sənə?

– İstəyirəm Reyhan xanım, çox istəyirəm. Xahiş edirəm, söyləyin.

– Yaxşı, qulaq as.

 

Ağlımla qəlbimin özgə yolu var,

Hər biri bir yolda puç edir məni.

Birisi sevdadan uzaqlaşdırır,

Birisi sevdaya tuş edir məni.

 

 

 

Düşüncəm həmişə yazıq qəlbimi daima danlayar, daima söyər.

Qəlbimsə sevdaya bir həris kimi daima istəyər, daima sevər.

 

Bir xeyli heç birimiz danışmadıq. Yenə sözə Mələk özü başladı:

– Reyhan xanım, hər dəfə belə gözəl şeirləri dinləyəndə, oxuyanda anama acığım tutur. O məni rus dilli məktəbə qoymasaydı, mən öz dilimizi daha mükəmməl öyrənərdim və belə gözəl şeirləri də incəliyinə qədər başa düşüb anlayırdım.

Burda başa düşülməsi çətin olan bir şey yoxdu. Çox sadə və gözəl bir şəkildə deyilir ki, insan sevəndə ağlı bir söz deyir, ürəyi başqa bir söz. Ancaq ağıl ürəyi nə qədər qınasa da, danlasa da xeyri yoxdu, qəlb öz işini görür. Çünki sevənlərin çoxu ürəyi ilə sevir. Ağılla sevənlər tək-tək olur.

Mələk həyəcanlanmış halda sözümü kəsdi:

– Sizcə mən necə sevmişəm, ağılla, yoxsa ürəklə.

 – Səndə ağıl həmişə hissləri üstələyib. Hamletdə isə hisslər daha güclü olub. Ona görə də aranızda bu anlaşılmazlıqlar olub. Hər ikiniz çox acı yaşamısınız.

– İlahi, siz gərək o vaxt mənim qarşıma çıxaydınız, Reyhan xanım. Mənə düz yol göstərərdiniz, məsləhət verərdiniz. Bəlkə hər şey başqa cür olardı.

– Mən belə düşünmürəm, Mələk. İnsan doğulmuşdan necə var elə də doğulur. Mən kiməm ki, insanı dəyişib başqa bir adama çevirim? Düzdür, məsləhət vermək olar. Ancaq bu insanın taleyini dəyişmir ki. Taleyi yazan Allahdır.

 – Qurtar də, ana, qurtar bu söhbətləri. – Qəfil gurlayan bu səs mənə də gəlib çatdı və mən çaşıb qaldım. O qəzəbli səs təkrar gurladı: – Hər gün işdən gəlib asılıb qalırsan telefondan. Heç  yadına düşmür ki, evdə bir adam var. Bəlkə elə mənim sənə ehtiyacım var?

– Yaxşı, yaxşı, Laçın, qurban olum sənə. Get otağına, gəlirəm.

Deyəsən, Laçın hirslə qapını çırpıb getdi. Mələyin ağlar səsi eşidildi:

– Görürsüz də, Reyhan xanım. Mənim günüm indi də qaradı. Elə bilirsiz, birinci dəfədi? O gün də üstümə qışqırıb dedi ki, sən utanmırsan, atamdan şikayət edirsən? Ağzına gələni danışırsan? Reyhan xanım, quruyub yerimdə qaldım. Bir xeyli söz tapıb deyə bilmədim. – Hə, görürsən cavab verə bilmirsən. Yenə o səhvlərini təkrar edirsən. – Axır ki, qəhərdən boğula-boğula birtəhər onu başa salmağa çalışdım. Dedim ki, mən atandan şikayətlənmirəm, öz taleyimdən danışıram, Laçın. – Danışma, heç nə danışma, – deyib elə hərəkət etdi ki, elə bil məni vurmaq istəyirdi. Yazıq, anam qaçaraq gəlib özünü onun üstünə atdı, qucaqladı, yalvarıb-yaxarıb sakitləşdirdi. Bax, mənim günüm indi də belə qaradı, Reyhan xanım. Dərdim azıymış kimi kiçik qardaşım da gəlib oturub böyrümdə. Onun da qayğısını mən çəkirəm.

Mələyin səsi kəsildi. Hiss etdim ki, səsi içindəki qəhərə tab gətirə bilmədi. Ancaq çox susu bilmədi:

– Axır ki, qudurğan arvadı onun axırına çıxdı. Bu barədə sizə heç nə deməmişəm. Utandığımdan deməmişəm. Həm də fikirləşirdim ki, sizi öz dərdlərimlə narahat etdiyim bəsdi. Vallah, elə bil ki, Allah bizi qarğıyıb. Bilmirik, hansı günahların sahibiyik ki, bir-birinin ardınca bu bəlalar gəlir başımıza.

– Allah sevdiyi bəndələrini sınağa çəkir.

– Bəlkə də siz dediyiniz doğrudur. Siz bilirsiniz ki, mən namaz qılan adamam, Allahın inanclı bəndəsiyəm. Ancaq hərdən üzüm elə dönür ki, içim nifrətlə, qəzəblə dolur. Hətta özümü öldürmək qərarına gəlirəm. Halbuki namaz qılan adam üçün belə şeylər barədə düşünməyin özü belə günahdır. Bir tərəfdən də Laçın gəlib gözümün qabağında dayanır. Fikirləşirəm ki, mən olmasam ona kim sahib çıxacaq. Onsuz da anam mənim dərdimi çəkə-çəkə ürək xəstəliyi tapıb, dərmanla yaşayır. Qardaşımın ailəsi dağılandan sonra anam lap düşüb.

– Mələk, bir az sakitləş. Sözün birini qoyub o birisinə keçmə. Sən axı qardaşından danışırdın. Onun ailəsi nədən dağılır.

– Ehh, Reyhan xanım, əsəblərim o qədər gərilib ki, sözlərim arasında əlaqə də itib.

– Bir ay bundan əvvəl qardaşım qapını açıb içəri girəndə az qaldı anamın başına hava gəlsin. Arvadın sinəsindən elə bir qışqırıq qopdu ki, tüklərim biz-biz oldu:

– Noolub sənə, Babək? Rəngin niyə belə qaralıb? Niyə bu haldasan?

Babək bir söz demədən özünü kresloya çatdırıb: – Ana, xahiş edirəm heç nə soruşma, – dedi və üzünü mənə tutdu: – Mələk sən həkimsən, mənə kömək elə, ölürəm. Mədəm doğranır. Anam da, mən də bir xeyli elə hala düşdük ki, bir xeyli dilimiz söz tutmadı. Babəkin köhnə ət kimi qaralmış sifəti əzabla qırışdı: – Kömək edin mənə, – deyəndə ikimiz də çaşqın halda ona yaxınlaşdıq. Anam əlini onun alnına qoyub: – Ay Mələk, Babək od tutub yanır, – dedi. Bir özün də bax. Kömək elə qardaşına. Mən də əlimi onun alnına qoydum: – Hə, istiliyi çoxdu. Sən danış görək haran ağrıyır? Niyə bu hala düşmüsən? Babək sualımın cavabında – ölürəm, mədən doğranır, – dedi və ikiqat oldu və əzab dolu zəif səslə: – Ürəyim bulanır, gözlərim qaralır.

– Zəhərlənib Babək, ona çoxlu sodalı su içirib qusdurmaq lazımdı, – deyib mətbəxə tələsdim.

– Hə, nə başınızı ağrıdım Reyhan xanım, Babəkə çoxlu sodalı su içirdib qusdurdum. Bir xeyli sakitləşdi, hətta temperaturası da aşağı düşdü. Ancaq vəziyyəti yenə pisləşdi. Onu xəstəxanaya aparmalı olduq. Uzun müalicədən sonra həkim bizə nə desə yaxşıdı? Dedi ki, bu adam zəhərlənib və bu zəhərlənmələr mütəmadi olaraq davam edib. Odur ki, daxili üzvləri zədələnib. Hətta onu da dedi ki, bir az da geciksəydiniz xəstəni itirə bilərdiniz. Reyhan xanım, dəhşətlisi odur ki, demə arvadı ona dərman verib gizli-gizli zəhərləyirmiş.

Mən o qədər sarsıldım ki, acı bir hisdən gözlərim yaşardı. Və içimdə vahiməli səslər dolaşdı. İlahi, bu nəydi belə? Bu ailə nədən bir-birinin ardınca bu qədər bəlalarla üz-üzə qalır. Səmayə xanım gözlərim önündə dayandı. Başsız qalmış yaşlı qadın bu acılara necə tab gətirir? Qeyri-ixtiyari dodaqlarımdan qırıq-qırıq səslər qopdu:

– Mələk, anan necədi? Ondan muğayat ol.

Görünür, Mələk bu sözləri gözləmirdi. Bir xeyli ondan səs çıxmadı. Xeyli sonra hüznlü bir səslə dilləndi:

– Reyhan xanım, bilirəm, niyə qəfildən anamı soruşdunuz, – dedi və yenə susdu: – Düzü bəzən mən özüm də mat qalıram. Mən tez-tez yıxılıram, depressiyaya düşürəm, bəzən günlərlə yataqdan durmuram. Anamsa həmişə ayaq üstədi. Gözlərində ümid, çöhrəsində sakit bir ifadə. Anamı ağlayan, gileylənən görməmişəm. Ancaq Laçını bağrıma basıb sakitləşdirəndə görürəm ki, onun gözləri ağlayır. Səssiz-səmirsiz ağlayır. Laçına layla çalıb yatırdanda səsi ney kimi nalə çəkir elə bil. Ən çox dediyi layla budu:

 

– Dağda darılar,

Sünbül sarılar,

Qoca qarılar

Bu balama qurban.

 

Mən də onun eynini açmaq üçün zarafat eləyirəm. Deyirəm, ay ana, xalxın qarılarıynan nə işin var. Onlar sənin nəvənə niyə qurban olmalıdılar? Mənim zarafatım anamın eynini heç açmır. Başını qüssəylə yırğalayıb deyir:

– Sözdən söz çıxartmaq sənin köhnə peşəndi e. Az, mənim xalxın qarılarıynan nə işim var. Özümü deyirəm e. Mən də qarıyam də. Reyhan xanım, bilirsiz, onda Laçın neyniyir? Mənim cavabımı gözləməyib gülə-gülə anama diqqətlə baxır, sonra onu bərk-bərk qucaqlayıb ağlamsınır.

– Yox, sən qarı deyilsən. De ki qarı deyiləm. – Anamın da eyni açılır və o da gülə-gülə Laçını sakitləşdirir.

– Hə, balam düz deyir. Mənim haram qocadı e. Mən gülü burnunda cavanca bir gəlinəm. – Laçın başını anamın sinəsinə qoyanda anamın dili təzədən açılır. – Mənim balam, gözəl baladı e. Deyirəm, ay Laçın, gözlərin qaynar bulaq.

 

Əyilib içməyim gəlir.

Burnun gilan fındığı,

Sındırıb yeməyim gəlir.

Yanağın alma yanaq,

Soyub yeməyim gəlir.

 

– Ay Allah, mən lap mat qaldım, Mələk. Səmayə xanımın dediyi o sözlər, o deyimlər illər uzunu mənim dilimdən düşməyib. Balalarımı bu sözlərlə oxşayıb əzizləmişəm, bu sözlərlə yatırtmışam.

– Necə sevindim, Reyhan xanım. Görünür analar hamısı bir-birinə oxşayır. Amma mən o analardan olmadım. Mən balalarıma heç vaxt layla çalmadım, çala bilmədim.

Onun necə acı bir qəhərdən boğulduğunu telefonda belə hiss elədim. Və mənə elə gəldi ki, bu an sözün tükəndiyi, ümidlərin qırıldığı bir andı. Ancaq bilirdim ki, yenə nəsə tapıb deməliydim, Mələyi bu acı qüssəsindən az da olsa çıxarmalıydım. Və dilimdən çıxan kəlmələri elə ürəkdən dedim ki, Mələk mənə inansın:

– Elə demə, Mələk. Sən anaların ən yaxşısısan. Özün deyirsən ki, Laçın qucağında ata evinə qayıdanda heç otuz yaşın da yox idi. Bəlkə də başqası olsaydı, başqa cür hərəkət edərdi. Öz həyatına davam edərdi. Mən hiss edirəm ki, balalarından başqa bu dünyada səni düşündürən heç nə yoxdu. Nə ürəkdən güldüyünü eşitmişəm, nə də göz yaşlarının quruduğunu görmüşəm.

Bu sözləri dedim ki, Mələk mənə inansın, Mələyin ürəyi açılsın, amma əksinə oldu. Mələyin hıçqırtılarını eşidəndə ürəyim yara yeri kimi sızıldadı:

– Siz belə düşünürsünüz, Reyhan xanım, – dedi və daha ürəkdən ağladı.

– Mən heç vaxt özümü yaxşı bir ana kimi hiss etməmişəm. Böyük oğlum ata evində. Deyirlər onu çox yaxşı saxlayırlar, nazını çəkirlər. Hə, tutaq ki, belədir. Bəs ona ana sevgisini, ana nəvazişini anadan başqa kim verə bilər. Laçının da üzü heç gülmür, güləndə də gözlərindən kədər çəkilib getmir. Mən özümü necə yaxşı ana kimi hiss edə bilərəm.

– Bu sənin günahın deyil, Mələk. Bəyəm sən istəyərdin ki, bu belə olsun. Yox, istəməzdin. Bu taledi, bu alın yazısıdı. Sən istəsən də, istəməsən də bu belə olmalıydı.

Mələk bir xeyli susdu və sakit, amma həmişəki kimi hüznlü bir səslə dedi:

– Reyhan xanım, mən sizə bir hadisə danışmaq istəyirəm. Və fikrinizi bilmək mənim üçün çox vacibdir. Onu da bilin ki, mən bu barədə sizdən başqa heç kəsə heç nə deməmişəm.

Mələk susub elə bil nəyisə götür-qoy etdi. Mən isə maraq içində onun nə danışacağını gözləyirdim. Mələk məni çox gözlətmədi:

– Məni çox yaxşı bir oğlan istəyirdi. Anamın rəfiqəsinin oğlu idi. Özü də yaşca məndən xeyli kiçik idi. Ev-eşiyi, yaxşı işi-gücü vardı. Özü də ali təhsilli idi. Bu istəyi oğlunun ürəyində anası yaratmışdı. O, anamla uzun müddət idi ki, bir məktəbdə dərs deyirdi. Ailələrimiz arasında çox səmimi və yaxın bir bağlılıq vardı. Hamlet dünyasını dəyişəndən xeyli müddət keçəndən sonra bir gün anam mənə dedi:

– Rəfiqə xala səni öz oğluna istəyir. Özü də nə vaxtdı hər gün bu barədə mənimlə söhbət edir. Mən də deyirəm ki, Sirac Mələkdən neçə yaş kiçikdi. Həm də Mələk iki uşaq anasıdı.

– Reyhan xanım, mən təzədən ərə getmək fikrindən o qədər uzaq idim ki, anam bu barədə danışanda əvvəlcə təəccübləndim, sonra məni gülmək tutdu:

– Dedim, hər yarağım düzəlmişdi, bircə qalmışdı saqqal darağım. Anam mənə baxıb başını yelləyə-yelləyə dedi: – Mən burda ciddi-ciddi söz danışıram. Bunun gülməyinə bax bir. Burda gülməli şey var? Ay qız, bir gerisinə qulaq as də. Heç dəyişməmisən e. İçimdəki gülüş acı bir kinayə ilə əvəz olundu:

– Yaxşı, mən tutaq ki, hə, deyib razılaşdım. O birisi heç yanımda yoxdu, bəs Laçına nə deyəcəm?

– Laçın uşaqdı. Onu yavaş-yavaş başa salarıq. Bircə sənin başında görünüb. Ömrünü tək çürüdəcəksən? Sənə baxan heç inanmır ki, iki uşaq anasısan.

– Başqası bildi-bilmədi nəyimə gərəkdi. Mən özüm bilirəm ki, iki uşaq anasıyam. Biri də yaşlı adamların əlindədi. Bəs onun taleyi necə olacaq? Nənə-baba bir gün dünyasını dəyişəcək. Onda Toğrula kim sahib çıxacaq?

Anam ciddi-cəhdlə məni başa salmağa çalışdı:

– Sən elə bilirsən ki, tək-tənha bu problemlərin öhdəsindən gələ biləcəksən? Bir gün gözünü  açıb görəcəksən ki, mən də yanında yoxam. Qardaşlarının öz ailəsi, dərdi-səri var. Ona görə də sənə yaxşı bir həyat yoldaşı lazımdı. İnan ki, Rəfiqə xalanın oğlu Sirac sənə yaxşı bir həyat yoldaşı və arxa, dayaq ola bilər.

Anam elə danışırdı ki, elə bil uzun müddət imiş ki, məni yola gətirmək, inandırmaq üçün tutarlı, məntiqə uyğun sözlər tapıb düzürmüş. Onu da deyim ki, anamın cidd-cəhdlə dediyi sözlər, onun danışdıqca gizli bir nisgildən, acıdan qaralan dərdli baxışları məni qəhərləndirirdi. Deyəsən, anam daha təkbaşına mənim dərdimi çəkə bilmir, – deyib qəhərlənirdim. Bir tərəfdən də ona acığım tuturdu. Elə acıqlı-acıqlı onu başa salmağa çalışdım:

– Ana, elə bil nəvənin xasiyyətinə bələd deyilsən. Görmürsən, o gecə-gündüz ətəyimdən sallaşıb durur.

İki gün bundan qabaq gecə yarısı bilirsən nooldu? Sənə heç nə demədim. İndi danışıram. Eşit. Gecə yarı qapı qəfildən açıldı. Yerimdən dik atıldım. Laçını alaqaranlıq otağın ortasında dayanıb mənə baxığını görəndə bağrım yarıldı. Yuxulu olsam da gecə lampasının işığında onun rənginin necə avazıdığını hiss elədim. Qorxu dolu gözləri mənə elə baxırdı ki, elə bil məni tanımırdı. Bilirsən də mən qorxu keçirəndə necə oluram? Elə bil bütün həyat qüvvələri məni tərk edir. Yerimin içində donub qalsam da, güc-bəla ilə soruşdum:

– Noolub, Laçın? Niyə yatmamısan?

– Yox, yuxum gəlmir. Laçın mənə cavab versə də elə dalğın və həm də qorxu, həyəcan içindəydi ki, sanki danışmağa da qorxurdu. Nə düşündüsə yaxına gəlib əlimdən tutdu:

– Dur gedək mənim otağıma, – deyəndə lap qorxdum və uçunmağa başladım.

– Sənin otağında nə baş verib? – Noolub sənə Laçın? O, cavab vermədən məni arxasınca dartıb öz otağına apardı. İçəri girəndə gördüm ki, kompüter işləyir.

– Mən kompüterdə maraqlı bir kinoya baxıram. Maraqlıdı, həm də çox qorxuludu. Tək baxmağa qorxuram, ana. Gəl birlikdə baxaq.

Laçının dili bu sözləri deyirdi. Özü isə başqa aləmdəydi. Mənim nə hala düşdüyümü hiss eləmirdi. İndi təsəvvür et, ana. Gecə yarıdan ötmüşdü. Səni oyatmaq istəmədim. Ona söz deməyə də ehtiyat edirdim. Fikirləşirdim ki, acığı tutar, əsəbiləşər. Bilirsən ki, mən təkbaşına onu sakitləşdirə bilmirəm. Lakin gah kompüterə, gah da mənə baxıb qorxu içində pıçıldayırdı:

– Bax, ana bax, gör adamı öldürüb necə doğrayır. Sonra onu bişirib yeyəcək.

Mən kompüterə baxsam da orda nələr göstərildiyini görmürdüm, anlamırdım. Laçının dediyi sözlər məni elə bil yuxudan oyatdı.

– Baxma ona, Laçın, yalvarıram, baxma. Həkim sənə nə deyib. Yadından çıxıb? O, üzümə baxdı, yenə öz aləmindəydi, elə bil məni görmürdü. Mən Laçının əlindən tutdum. Buza dönmüş əlim onu diksindirdi, özüm də elə titrəyirdim ki, az qalırdı çənəm şaqqıldasın. Laçın oturduğu yerdən qalxıb məni qucaqladı.

– Sənə noolub, ana? Sən də qorxursan, – deyib key-key üzümə baxanda qalxıb kompüteri söndürdüm. Yaxşı ki, o heç nə demədi. Mən özümdə olmasam da, onun yatağını düzəldib: – Gəl yat, – dedim. – Bir də belə filmlərə baxma, xahiş edirəm, yalvarıram, baxma.

Bütün hirsimi, qəzəbimi kompüter icad edənin üstünə töküb, ürəyimdə onu lənətləyirdim. Laçın otağın ortasında dayanıb yerindən tərpənmirdi. Qolundan tutub yatağa sarı apardım:  – Gəl yat, dedim. Az qalır səhər açılsın. Otaqdan çıxmaq istəyəndə Laçının səsini eşitdim:

– Ana, gedirsən? – deyib qorxu, vahimə dolu gözlərini üzümə dikəndə hönkürüb ağlamaqda özümü güclə saxladım.

– Mən qorxuram. Olar, gedib səninlə yatım?

Danışmağa halım yoxdu. Əlindən tutub öz otağıma apardım. O gecə Laçının halının dəyişəcəyindən ehtiyat edib ağlamamışdım. Anamın yanında isə daha özümü saxlaya bilməyib hönkürdüm. Və onlara ağlaya-ağlaya dedim:

– Sən isə mənə deyirsən ki, ərə getmək lazımdı. De görüm, Laçının gözünün qabağında ər evinə necə gedə bilərəm. Onu necə başa sala bilərəm? Necə deyə bilərəm ki, bax, bu sənin atandı?

Reyhan xanım, yəqin ki, anamın kağız kimi ağarmış üzü, yaşla örtülmüş, fağır-fağır, çarəsiz bir baxışla baxan gözlərini heç vaxt unuda bilməyəcəm. Anamın dərdli-dərdli dediyi bu kəlmələr də həmişə qulaqlarımda səslənəcək: – Yazıq bala, o səni vurub şikəst elədi, balalarını da, səni də yaman günlərə qoydu, sən hələ də ondan ürək yanğısıyla danışırsan?

– Hamletin haqqında belə danışma, anam. Neçə dəfə sənə demişəm. Hamlet yaxşı insan idi. Bunu atam da deyirdi. Onu bu çirkin oyuna zorla saldılar. Hamlet heç vaxt bu çirkin işə öz istəyi ilə əl atmazdı. Heç vaxt istəməzdi ki, mən də, balaları da ona görə bu qədər əziyyət çəkək. Ana, xahiş edirəm, Laçının yanında atası haqqında belə sözlər danışma. Başqası desə də, sən demə. Qoy o gizli-gizli olsa da mənim yaratdığım o qəhrəman ata ilə gizli olsa da təskinlik tapa bilsin. Bu söhbətdən sonra ana daha mənə o barədə bir kəlmə də olsa bir söz demədi. Amma Sirac da, Rəfiqə xala da anama bildirmədən yol tapıb təklikdə mənlə söhbət elədilər. Mən Siracı başa saldım ki, get özünə uyğun yaxşı bir qız tap, evlən, xoşbəxt ol. O, çox pis oldu, dedi ki, mən səndən məsləhət almağa gəlməmişəm. Onu da demək istəyirəm ki, bu, təkcə anamın istəyi deyil. Mən səni sevirəm və həmişə də sevəcəm. Reyhan xanım, Hamletdən sonra ilk dəfəydi bu sözləri eşitdim. Heç təsəvvür belə etməzdim ki, bu bircə kəlmə söz məni belə hala sala bilərmiş. Elə bil məni qəfil ildırım vurdu. Və o an hiss etdim ki, mən hələ də Hamleti sevirəm. Kiminsə bu sözü mənə deməyini heç cür qəbul edə bilmirəm. Düzünü deyim ki, məndən yaşca kiçik olan və xasiyyətinə çoxdan bələd olduğum bu yaraşıqlı, mərd oğlana da ürəyim yandı. Göz yaşlarımdan boğula-boğula onu başa salmağa çalışdım:

– Sirac, bütün problemlərimə, yaşca səndən çox kiçik olduğuma görə məni qiymətləndirməyinə, məni sevdiyinə görə çox sağ ol, – dedim. Amma, vallah, mən səni heç vaxt bir anlığa olsa belə xoşbəxt edə bilməyəcəm. Çünki mən balalarıma çox bağlı bir anayam. Sən cavansan, heç vaxt üzü gülməyən, sevinməyi yadırğayan bir qadınla niyə özünü bədbəxt edirsən? Elə bu sözləri Rəfiqə xalaya da dedim:

– Rəfiqə xala, sənin də, Siracın da xətrini çox istəyirəm. Amma xahiş edirəm, mənə görə oğlunu bədbəxt eləmə. Deyəsən, qəhər Mələyi boğlu. O, bir xeyli susub özünü ələ aldı və son sözlərini dedi: – Rəfiqə xala boynumu qucaqlayıb ağladı. Və elə ağladı ki, elə bil ən doğma, ən əziz adamını, həmişəlik uzaq bir səfərə yola salırdı.

Mələk bax beləcə gah qəhərdən, gah göz yaşlarından boğula-boğula, hərdən həyatından iynə ucu boyda işıqlı bir şey yadına düşəndə bir uşaq sevinci ilə yorulmadan, usanmadan mənə danışırdı. Hər söhbətdən sonra hiss edirdim ki, bu acı taleli qadın qəlbimin dərinliklərində belə özünə yer tapır və bizim aramızda çox dərin bir bağlılıq yaranırdı.  Bu hiss ürəyimdə xoş bir rahatlıq yaradırdı. Onun incə, məlahətli səsini dinləyəndə, ağ işıqlı üzündə dalğın bir qüssəylə baxan iri, qara gözlərini, incə qamətini, bulud kimi bürüyən gur saçlarını görəndə, böyük rus yazıçısı Dostoyevskinin bu kəlamı yadıma düşür: – Bütün gözəlliklər iztirabdan yaranır.

Bir dəfə uzun-uzadı söhbətdən sonra yenə günahkar-günahkar dedi:

– Reyhan xanım, artıq bilirəm bu qədər vaxtınızı alsam da siz mənim günahımdan keçirsiz. Bir şey məni çox narahat edir. Bəs evdəkilər necə? Ən çox yoldaşınızı nəzərdə tuturam. Düzünü deyin, xahiş edirəm, bu uzun-uzadı söhbətlərə görə sizə iradını bildirirmi? Gördünüzmü, o gün Laçın necə üstümə gəldi? Bilirsinizmi o niyə çığırıb-bağırır. Mən işdən qayıdan kimi kəsdirir böyrümü. Üzr istəyirəm, hamama girəndə də özünə yer tapmır. Tez-tez soruşur nə vaxt çıxırsan? Anamsa çox ehtiyatla onu başa salmağa çalışır ki, belə olmaz, axı, Laçın. Sən artıq yekə oğlansan. Ananı bir az rahat burax. O an siz yadıma düşürsünüz və özümü çox pərt hiss edirəm. Öz-özümü danlayıram. Deyirəm ki, ay Mələk, Reyhan xanım yazı-pozu adamıdı. Bir evin qadını – anadı.

Mən mələyin sözünü kəsdim:

– Axı, bu barədə danışmamışıq biz, – dedim. – Hə, biz ikimiz də yazı-pozu adamıyıq. Ona görə də bir-birimizi başa düşürük. Bir də ki, vallah, sən elə bil bu ailənin bir adamına çevrilibsən. Tez-tez səndən söz salıb danışırıq. Bir dəfə yoldaşım mənə dedi ki, sən elə-belə bu qədər vaxtını boş yerə sərf etməzsən. Bilirəm, o qadının çox güman ki, bir dərdi-səri var. Mənlik bir iş olsa kömək etməyə hazıram.

– Çox sağ olun, Reyhan xanım. Vallah, heç bilmirəm sizə nə qədər minnətdar olduğumu necə izah edim. Yoldaşınıza təşəkkürümü çatdırın.

 Allah sizin kimi adamları yer üzündən əskik eləməsin. Reyhan xanım, siz heç özünüz də bilmirsiz ki, mənə nə qədər yaxşılıqlar etmisiniz. İnanın mənə, sizlə söhbət edəndən sonra ürəyim necə yüngülləşir, özümü necə rahat hiss edirəm.

– Mələk, əzizim, bir az sözünü qısa elə, sənə yaxşı bir xəbərim var, – deyə onun sözünü kəsdim. – Bilmirəm bu xəbər səni sevindirəcək ya yox.

Bu dəfə də Mələk xoş bir həyəcan içində mənim sözümü kəsdi:

– Deyin Reyhan xanım, siz mənə pis xəbər verməzsiniz. Tez deyin, ay Allah, axır ki, mənə də xoş bir xəbər deyən tapıldı. Onun bu uşaqsayağı sevinci məni bir az kövrəltdi. Ancaq bunu hiss etdirməmək uçün səsimə mümkün qədər xoş bir ahəng qatdım:

– Mələk, yadındadımı,  sən ilk dəfə görüşəndə nə dedin? Dedin ki, sizin kitablarınızı oxumuşam. Elə istərdim ki, siz mənim bu acı taleyimdən də, bax, bu əl boyda bir kitab yazasız. Düzü o vaxt bilmirdim, mən bu kitabı yaza bilərəm, ya yox? Amma sizin ürəyinizi qırmamaq üçün dedim ki, yazaram. Bax, indi o kitabı yazıram.

Mələyin sinəsindən sevinc nidası qopdu. Və bir xeyli danışa bilmədi. Handan-hana həyəcan və heyrət qarışıq səsi eşidildi:

– Siz bu kitabı nə vaxt yazırsız. Buna necə vaxt tapırsız? Axı günün bir hissəsini mənə sərf edirsiz.

– Bax, elə sənə sərf  etdiyim günün o hissəsində də bu kitab yazılır.

– Heç cür başa düşə bilmirəm, Reyhan xanım. Bu necə olur axı.

– Sən danışırsan, hər sözün, hər kəlmən mənim ruhuma, qəlbimə, yaddaşıma yazılır. Qaldı kağıza köçürmək. Bu o qədər də vaxt aparmır. Yaddaşıma, qəlbimə yazılmış sözlər elə öz-özünə axıb töküləcək vərəqələrə.

– Heç bilmirəm sizə necə təşəkkür edim, Reyhan xanım.

Mələk darıxma, qoy kitab yazılıb çap olunsun, onda da təşəkkür edərsən.

– Ay Allah, bu gün nə yaxşı gündü. Çoxdandı belə sevinməmişdim. Allah sizi sevindirsin Reyhan xanım.

– Sağ ol, Mələk. Əgər səni sevindirə bildimsə, bu, mənə bəs edər.

Reyhan xanım mən bilirəm ki, siz o kitabda Hamletin obrazını yaradacaqsınız. Məni ən çox sevindirən budur. Biz pis-yaxşı bu dünyada yaşayırıq. O isə dünyasını dəyişəndə çox gənc idi, heç otuz yaşı da tamam olmamışdı. Hiss etdim ki, Mələk danışa-danışa qəhərlənir, səsi tutulub kallaşır. Odur ki, onun sözünü kəsdim.

– Mələk, gəl bu gün yaxşı şeylərdən danışaq. İstəyirəm bu günün də sevinc içində keçsin.

– Yaxşı Reyhan xanım, istəyirsiz Hamletlə bağlı xoş bir xatirə danışım?

– Bu çox yaxşı olar, Mələk. Danış qulaq asıram.

– Reyhan xanım, yadınızdadı?  Kəbinimin necə bir vəziyyətdə kəsildiyindən sizə danışmışdım.

– Hə, yadımdadı.

Kəbin kəsildi. Sonra nələr baş verdi, nə oldu? Araya başqa söz düşdü. Heç nə öyrənə bilmədim.

Mələk dilxor halda dilləndi:

– Yadınızdadı, danışırdım ki, əhvalım çox korlanmışdı. Elə bil dünya başıma uçmuşdu.

– Çox nahaq yerə. – Mələyi axıradək danışmağa qoymadım. – O gün doğrudan da sənin halın pis idi. Ona görə də üstünə getmədim. Amma indi fikrimi deyirəm. Düzdü, kişi sürütməsində zaqsa getmək heç bir qızın xoşuna gəlməz. Amma sən oğlana seçim etməyə imkan verməmisən. Ona görə də səni zorla zaqsa aparıb. Çünki o səni itirməkdən həmişə qorxub.

– Düz deyirsən, Reyhan xanım. Sonra siz dediklərinizi  o da mənə dedi. Bəlkə də bu xasiyyətimə, naşükür olduğuma görə başıma bu bəlalar gəldi.

– Yaxşı, üzülmə, olan oldu. Qismət beləymiş. İndi danış görüm Hamlet səninlə necə barışdı? Sən onu necə bağışladın?

– Sizə danışmışdım axı. Kəbin kəsiləndən sonra evə necə əhvalla gəlmişdim. Lap itə dönmüşdüm. O verdiyi çiçəkləri yolub tulladım. Çığırıb-bağırdım. Dedim, yüz nigah kağızı olsa belə daha onla barışmaram, sonra ac-susuz öz otağıma getdim, pal-paltarlı uzandım yatağıma. Daha hər şey bitdi. Hamlet adlı adam öldü mənim üçün. Səhər isə: – Mən Hamletsiz yaşaya bilmərəm. Qüssədən ölərəm. İlk dəfəydi ki, o cür acı, o cür ağır, fərəhsiz bir səhər açılırdı üzümə. Doğrudan da qüssədən boğulub ölürdüm. Evdəkilər elə bilirdi ki, mən yatmışam. Amma yatmamışdım, yarıcan halda yatağımda uzanıb qalmışdım. Mənə gəlib çatan kəlmələrdən hiss edirdim ki, atam işə  getdi. Onun ardınca qardaşlarım Universitetə getdilər. Onda böyük qardaşım axırıncı kursda oxuyurdu. Kiçik qardaşımsa birinci kursda idi. Evin böyüyü  mənəm. Anam da işə getməliydi, ancaq o mənə görə işdən qaldı. Bir azdan anamın köməkçisi Elnarə də gəlib çıxdı. Evə sükut çökdü. Uzun çəkən bu sükut qəlbimi didib dağıdırdı. Mən Hamleti gözləyirdim, hər an mənə bir il qədər uzun gəlirdi: – Yox, o gəlməyəcək, gəlməyəcək. Mənim ona etdiklərimin hayıfını çıxacaq. Nə vaxtsa gələcək, onda da qürrələnib deyəcək ki, bax, ərkəsöyünlüyün, şıltaqlığın, təkəbbürün axırı belə olar. Yox, belə olmayacaq. Bu evlilik baş tutmayacaq. Bu an kimsə qapını döydü. Fikirlərim qırıldı. Kimsə Elnarəynən danışırdı, sözləri aydın eşidə bilmirdim: – Bu Hamletdi, – deyib yerimdən dik atıldım, qapı örtüldü. Elnarə anama nəsə deyib mənim otağıma yaxınlaşanda təzədən yerimə uzandım və gözlərimi qapadım ki, guya yuxudayam. Elnarə otağa girib pıçıltıyla, amma çox şövqlə dilləndi:

– Mələk, bir gözlərini aç, güllərə bax e, ilahi, qızılgülün nə qədər rəngləri varmış. Yarpaqlarında şeh parıldayır e. Hamlet bunu hardan alıb belə şehli-şehli. – Hamletin adı çəkiləndə ürəyim elə bərkdən titrədi, sanki köksümü yaracaqdı.

– Buna bax e, heç gözlərini də açıb baxmır. Ay qız, bu gülləri görsən ürəyin gedəcək e, türklər demişkən bayılacaqsan. Qız mənim yatdığımı zənn edib yaxına gəldi və qorxu içində pıçıldadı:

– İraq olsun, bu dərman atıb nədi? Nə yaman bərk yatıb. Yaxına gəlib əlini mənə toxunduranda gözlərimi açdım.

Elnarə köksdolu nəfəs alıb:

– Şükür, axır ki, oyandın, – deyib vəcdlə təkrar etdi: – Mələk, sən Allah, güllərə bax e, insafın olsun. Reyhan xanım, birdən Elnarə oxumağa başladı:

– Naz et  mənə, sevgili yarım naz et. – Məni gülmək tutdu. Və onun qucağına sığışmayan böyük gül dəstəsini görəndə içim sevinclə doldu. Elnarə bunu hiss edib vəcdə gəldi:

– Deyirdim axı, gülləri görəndə bayılacaqsan. Hələ burda bir məktub da var. O güllərin arasından məktubu götürüb yellədi: – Eh, Allah bilir Hamlet burda nələr yazıb.

Sonra üzünə məyus bir ifadə verib başını yellədi:

– Ay Mələk, sən Allah, bu oğlana az zülüm elə. Ay  qız, pişik balasını istədiyindən yeyən kimi, bu yazıq  oğlan da nə eləyirsə səni istədiyindən edir. Vallah, səni belə görürəm əgər o oğlan səni zorla dartıb zaqsa aparmasaydı, elə qocalana qədər küsüb barışacaydınız. Ürəyimdə düşündüm ki, bu Elnarə nə çoxbilmiş qız imiş. Eynən Nofəl əmi də belə demişdi:

– Belə görürəm qocalana qədər küsüb barışacaqsınız.

– Yaxşı, bu gülləri neyniyim, – deyə Elnarə deyəsən mənim tərpənmədiyimi görüb dilxor oldu. – Bəlkə aparım suya qoyum, heyifdi, solmasınlar. Məktubu da cırım tullayım.

– Elnarə, məni hirsləndirmə.  Gülləri  də, məktubu da qoy stolun üstünə.

Elnarə yenə sevindi. Deyirəm nə yaxşı qız imiş bu Elnarə. Allah onu xoşbəxt eləsin. Gülləri də, məktubu da stolun üstünə qoyub türksayağı səsini ucaltdı:

– Qız, qalx ayağa. Bu kaprizlərinə də son qoy. Şükür elə və həyatına davam et. Sonra peşman olarsan.

Elnarə qapıdan çıxan kimi tez qalxıb gülləri götürüb qoxladım. Doğrudan da, çox gözəl güllər idi. Sanki Hamlet göydə, yerdə nə qədər ürəkaçan xoş, təravət saçan al-əlvan rənglərini bu şehli gül dəstəsində toplayıb mənə göndərmişdi. Sonra tələsik məktubu götürdüm, amma açmağa cəsarət etmədim. Mən də köks dolusu nəfəs alıb: – Əsas odu ki, sən Hamleti bağışdadın, – dedim.

– Yox, hələ ürəyim tamam soyumamışdı. Məktubu oxuyandan sonra bağışladım onu, ürəyim yumşaldı. O məktubda nələr yazılmışdı. Amma sizə deməyə utanıram.

– Mələk mən dedim axı, kitab yazıram. Acılarla yanaşı, şirin, xoş nə varsa hamısını danış mənə. Nədən utanırsan? Mən də sənin böyük bacım onun sevincdən titrəyən səsi eşidildi:

– Nə yaxşı, həyatda varsınız. Yaxşı, qoy olduğu kimi yadıma salım. Hə, məktub belə başlanırdı.

– Gözümün işığı, sevgilim.

Sabahın xeyir, gözəlim. Bilirəm, indi çox acıqlısan. Onu da bilirəm ki, dünən sənə çox acılar yaşatdım. Vallah, inan ki, mən bu hərəkəti ikimizin də xoşbəxtliyi naminə etdim.  Bilirsən, atam elə sənin atan kimi xeyirxahdı, mərhəmətlidi, geniş ürəklidi. İndi düzünü deyəcəm sənə. Anam elə deyil. O sənin şıltaqlıqlarını heç cür qəbul etmir. Yadındadırmı, dünən sənə dediyim söz? Mənimlə həmişə ehtiyatla danışan anam düz gözümün içinə baxıb kinayə ilə dedi:

– Bu boy-buxunundan utanmırsan? Əl boyda bir qızla da bacarmırsan. İnan mənə, başqası üzümə belə söz desəydi, Allah bilir ona neylərdim? Sən ki, mənim xasiyyətimə az-çox bələdsən. İndi əzizim, məni başa düş. Bağışla məni. Heç təsəvvür etməzsən ki, mən dünəndən bəri nələr çəkmişəm. Səhəri dirigözlü açmışam. Dünyam alt-üst olub. Şair də insandı, yəqin o da belə bir gün yaşayıb və gör nə deyib:

 

Qayıt, yerinə qoy,

Ayı, Günəşi,

Yenə əvvəlki tək

Görüm həyatı.

Qayıt gözüm nuru,

Könlüm atəşi.

Qayıt, sahmana sal

Bu kainatı!

 

Mən səbr edə bilməyib Mələyin sözünü kəsdim:

– Sənin Hamletinin nə gözəl ürəyi varmış. Necə hissiyyatlı oğlan imiş. Deyəsən, ədəbiyyatı da yaxşı  bilirmiş.   Qəhərdənmi, sevincdənmi danışanda Mələyin səsi xəzana düşmüş yarpaq kimi əsdi. – Hə, Reyhan xanım, o ədəbiyyatı da yaxşı bilirdi. Azərbaycanın elə şairi yoxdu ki, o tanımasın. Füzulinin şeirləri dilindən düşməzdi. Sizdən də üzr istəyirəm, bir şeir yadıma düşdü, deməsəm ürəyim dincəlməyəcək. Yenə də üzr istəyirəm. Reyhan xanım, nə vaxt ki, saçlarımı açıb kürəyimə tökürdüm, ya nə bilim, gözünə necə görünürdüm, Füzulinin bu şeirini deyərdi. O qədər demişdi ki, mən də əzbərləmişdim.

 

 

 

Könlüm açılır,

Zülfü pərişanını görcək.

Nitqim tutulur,

Qönçeyi-xəndanını görcək,

Baxdıqca sənə,

Qan saçılır didələrimdən

Bağrım dəlinir,

Navəki müjganını görcək.

 

Mələyin elə bil nəfəsi kəsildi. Dəstəkdən onun köks ötürmələri eşidildi. Və çox ara verməyib yenə dindi: O, Azərbaycan Dövlət Universitetinin şərqşünaslığını bitirmişdi. Özü də ərəb fakültəsini. Ərəb dilindən başqa, fars, ingilis və rus dillərini çox gözəl bilirdi. Türk dilindən söz düşəndə gülüb deyirdi: – Kimsə deyəndə ki, mən türk dilini də bilirəm, mənə qəribə və anlaşılmaz gəlir. Türk dili elə öz dilimizdi də. Türk dilini də bilirəm nə deməkdi? Qoy yeri düşmüşkən bunu da deyim ki, o, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini də bitirmişdi. Şərqşünaslığı bitirəndən sonra bir neçə ay Universitetdə dərs dedi. Bir gün evə gəlib dedi ki, müəllimlik işi mənə görə deyil. Sonra hüquq fakültəsinə imtahan verdi və həmin il də qəbul olundu qiyabi şöbəyə. Və hüquq sahəsində işləməyə başladı. Bilirsiz, Reyhan xanım, o çox qaynar, qızğın təbiətli bir adam idi. Bu adam elə bil od-alov idi, danışanda gözlərindən elə bil od yağırdı. – O susub köks dolusu nəfəs aldı. Bir xeyli ikimiz də bu söhbətin doğurduğu xoş duyğular içində susub qaldıq. Mələyin hiss olunacaq dərəcədə şövqlü səsi yenə eşidildi:

– Hə, Hamletin göndərdiyi məktubdan danışırdım axı, çox şeylər  yazmışdı. Elə şeylər var ki, onları sizə söyləmək məncə düzgün deyil. Amma onu deyim ki, məktubun sonunda məni görüşə  çağırırdı. Az qala dil açıb yalvarır. Deyirdi ki, sənə bu gün xoş bir gün  hədiyyə etmək istəyirəm. Məktub bu sözlərlə sona çatırdı:

– Əzizim , saat ikidə səni həyətdə gözləyəcəm. Gəlməsən, bütün günü dayanıb gözləyəcəm. Ta Ziya müəllim işdən qayıdana kimi. Sən məni məcbur edirsən ki, Ziya müəllimlə danışım. Onsuz da onunla görüşəcəydim. Amma onun atamla kəbin barəsində danışmaq istəyi məni lap qorxuya saldı. Mən bu tezliklə istəmirdim ki, bu barədə atamla danışsın. Əvvəlcə ikimizin də oturub əməlli-başlı söhbət etməyini istəyirəm. – Düzünü deyim ki, Reyhan xanım, mən bu nigah məsələsini heç cür ağlıma sığışdıra bilmirdim.

Mənim Hamletlə görüşə getdiyimi biləndə anam çox sevindi. Ona baxanda hiss etdim ki, yazıq anam gecəni yatmayıb. Gözlərinin altında göy ləkələr görünürdü. Avazımış üzündə əzablı, gərgin bir ifadə vardı. Ürəyim anamın bu halına elə yandı ki, dözə bilməyib onu qucaqladım, üz-gözündən öpə-öpə dedim:

– Darıxma ana, hər şey yaxşı olacaq.

İlahi, anam üzümə necə baxdı. Sönük baxışları bir anda işıqlandı. Titrək səslə: – Allah, sənə şükür, – dedi.

Şəfqət dolu baxışlarımı ondan çəkmədən soruşdum:

 Nigah barədə atama bir söz deməmisən ki, ana?

– Yox, ürək eləmədim.

– Yaxşı ki, deməmisən. Bu gün Hamletlə görüşəcəm, saat ikidə çöl darvazasının ağzında dayanıb gözləyəcək.

Anam əlimdən tutub məni divana sarı çəkdi:

– Gəl, otur yanımda. Sənə sözüm var, – dedi.

– Qurban olum, Mələk. Sən bu nigah məsələsinə elə belə baxma. Dünən deyirsən ki, o mənim üçün bir parça kağızdan başqa heç nə deyil. Belə deyil, qızım. Nigah bizim adət-ənənəmizin ən vacibi, ən önəmlisidir. Sən bu barədə ciddi düşünməsən də, bu belədi. – O, diqqətlə mənə nəzər salıb sanki sözünü axıra çatdırmaq üçün sinə dolusu nəfəs aldı. Mənə elə bir baxışla baxdı ki, sanki deyəcəyi sözlər mənim taleyimi həll edəcəkdi. – Ərkəsöyünlüyün, uşaqlığın sonu gəlib çatdı, Mələk. Sən istəsən də, istəməsən də, artıq o evin gəlinisən, Hamletin halalca...

– Yox, yox, ana, bu sözü dilinə gətirmə, – deyib içimə dolmuş qorxu içində anamın ağzını əlimlə qapadım. Bilirəm, nə deyəcəksən. Mənim bu sözdən zəhləm gedir. Mən hələ buna hazır deyiləm.

– Görürsən, bax, sən quruca sözü – Hamletin halalca arvadısan sözünü qəbul edə bilmirsən. Bəs bunun axırı noolacaq. – Anam birdən-birə dəyişib ciddiləşdi, hətta gözlərindəki qorxu, təlaş da silinib getdi. Məni sərt bir şəkildə təhdid etməyə başladı:

– Allah bilir, Hamletə nə üz göstərəcəksən? Sən inadkarsansa, o səndən beşbetər inadkardı.  Yenə təzə bir mərəkə qopacaq. Yenə gözüyaşlı üstümə qayıdacaqsan: – O başını tutub səsini qaldırdı: – Mən bilmirəm sizin axırınız necə olacaq? Neçə dəfə o nişan üzüyünü barmağından çıxarıb tullayacaqsan? İndi nişan üzüyündən keçib e, indi ortalıqda rəsmi kəbin kağızı var. Atan bunu biləndə, Allah bilir, bu evdə hansı tufan qopacaq. Mənə nələr deyəcək. Sən onun üzünə necə baxacaqsan? Ona nə cavab verəcəksən? Nəzərə al ki, atanın ürəyi nasazdı. Ona görə də Mələk, yalvarıram sənə. Daha uşaqlıq eləmə. Hamletlə ciddi-ciddi danış. Öz aramızdı, bu işi yoluna qoyun. Ya da imkan verin, iki ailə bir yerə yığışıb bu məsələni birdəfəlik həll eləsin. Hiss etdim ki, anamın yorğun bədəni bu həyəcana, nigarançılığa tab gətirməyib titrədi. Məhzun bir baxışla mənə baxıb nə deyəcəyini gözlədi. Anam danışdıqca ağlım başıma gəlir və bu məsələnin nə qədər ciddi olduğunu yavaş-yavaş anlayırdım. Kim bilir, hələ atam məndən nə soruşacaqdı. Mən ona nə cavab verəcəkdim Allah. Desəm ki, günah Hamletdədi. Məni zorla zaqsa apardı. Mütləq belə deyəcəkdi: – Sən axı ipə-sapa yatırdın. Danışanda ağzından od tökülürdü. Deyirdin, yüz kişinin cavabını təkbaşına verərəm. İndi nooldu bəs? Uşaq kimi onun əlindən tutub bizdən xəbərsiz kəbin kəsdirdiniz? Atamın güvənsiz baxışlarını üzümdə hiss edib qeyri-ixtiyari üzümü əllərimlə qapadım. Bir xeyli beləcə qaldım. Göz yaşlarım barmaqlarımın arasından süzülüb axırdı. Bilmirəm, bu nə qədər çəkdi? Göz yaşları içində anamı bərk-bərk qucaqlayıb pıçıldadım: – Üzülmə ana, söz verirəm sənə. Daha bu evdə tufan qopmayacaq. Hamletlə ciddi-ciddi danışıb bu işi yoluna qoyacayıq. Sən rahat ol.  Anam məni sinəsinə sıxıb: – Şükür sənə  Allah, – dedi və dərindən nəfəs aldı. Bax, mən belə bir ürəklə fikirlə Hamletlə görüşdüm. Qərarımı vermişdim, daha onunla söz güləşdirməyəcəkdim.  İçimdə elə bir dinclik və rahatlıq vardı ki, özüm də buna mat qalmışdım. Hamletsə çox nəşəli görünürdü, üzü, gözləri gülürdü. Maşının qapısını açıb: – Buyur, şahzadəm, – dedi və başdan-ayağa məni süzüb yenə şövqlü bir səslə dilləndi:

– Bu gün nə gözəl görünürsən. – Mənim belə ibarəli sözlərdən xoşum gəlməsə də dilimi dinc saxlayıb dinmədim.

Maşın hərəkətə gəlib irəli şütüyəndə soruşdum:

– Hara gedirik?

– Restorana, dünənki gözəl və unutmayacağımız o müqəddəs günü qeyd etməyə gedirik. Sonra o gözlərini yoldan ayırıb ani olaraq mənə baxıb yenə ibarəli bir tövrlə soruşdu:

– Bəs sən nə düşünürsən, Şahzadəm? Hara getmək istəyirsən? Bu gün sən mənim Şahzadəmsən, mən də sənin qulun. Əmrinizə müntəzirəm. Sən necə istəyirsən elə də edək.

Onun sözlərindən beynim elə uğuldadı ki, az qaldı qulağım  batsın. İçimdən isə heyrət dolu bir səs qopdu: – İlahi, bu gün buna noolub? Hamlet hara, mən sənin qulunam sözləri hara? Yenə onun səsi qulağımda cingildədi: – Niyə dinmirsən? Məktubda yazmışdım axı. Bu gün sənə fərəh, sevgi dolu xoş bir gün hədiyyə edəcəm.

Elə bil nitqim tutulmuşdu. Altıncı hissim olduğuna artıq inanmağa başlamışdım və indi bu hissin təsiri altındaydım. Qeyri-ixtiyari inanırdım ki,  ikimizə də nəsə olub? Elə bil ki, mənim nəzərimdə adi kağız parçası olan o rəsmi sənəd hər ikimizi qeyri-ixtiyari daha lütfkar etmişdi və ən əsası isə məsuliyyət hissimizi daha da artırmışdı. Artıq biz bir-birimizə güzəştə getməyə başlamışdıq. Onun ibarəli danışığı xoşuma gəlməsə də mən səsimi içimə salıb  susurdum. O isə sanki məni incidəcəyindən qorxub daha şəfqətli, daha diqqətli olmağa çalışırdı. Və mən içimdəki bu yeni duyğuların təsiri altında dedim:

– Sən hara istəyirsən ora da gedək. Mənim başqa fikrim yoxdu, Hamlet.

Hamlet çaşqın bir nəzərlə üzümə baxıb razı halda gülümsədi. Deyəsən biz gəlib restorana çatdıq. Maşından düşən kimi  Hamlet əlini irəli uzadaraq:

– Bax, o qırmızı girəmidli kiçik evi görürsən? Biz orda  oturub dünənki günü qeyd edəcəyik. Orda ikimizdən başqa kimsə olmayacaq. Böyük restoranların hay-küyündən, yad baxışlardan uzaq, rahat bir yerdə: – Mənim baxışlarımdakı çaşqınlığı hiss edib: – Bilirəm, xoşun gələcək, – dedi: – İndi çoxları belə edir. Bax, görürsən nə qədər domiklər var. Ailəvi gələnlər də var, sevgilisi, dostu ilə gələnlər də.

Məni birdən-birə bürüyən çaşqınlığı rahat və xoş bir duyğu əvəz etdi:

– Nə yaxşı sən belə yer seçmisən. Bilirsən ki, adam çox olan yerdə rahat ola bilmirəm.

– Elə səni fikirləşib buranı seçdim də. Bilirəm ki, yad baxışlardan sıxılırsan. Onun mənə dikilmiş gözləri sevgiylə dolu idi. Bu doğma baxışların məndə oyatdığı isti hisslər içində dedim:

– Sən yaxşı oğlansan, Hamlet. Səni çox istəyirəm.

Deyəsən, mənim sözlərim onu çox kövrəltdi, ancaq bunu hiss etdirməmək üçün üzünü göyə tutdu. Köks dolusu rahat nəfəs alaraq: – Bu gün nə gözəl gündü, ilahi, – dedi. Sonra o kövrək, mehriban baxışlar mənə sarı döndü: – Mənim şahzadəmin dilindən belə sözlər də eşitmək olarmış.

– Hamlet, xahiş edirəm, mənim şahzadəm, nə bilim nə, belə sözləri tulla bir yana, – dedim. Bu sözlər mənə o qədər   süni, yad gəlir ki, özümü pis hiss edirəm. Elə bilirəm, heç sən də mənim tanıdığım Hamlet deyilsən.

Elə bil dediklərim onun ürəyindən xəbər verdi, əlini-əlinə vurub güldü:

– Düz deyirsən. Bu halımla heç özümə oxşamıram. O, səliqəylə daranmış saçını qarışdırdı, başını təşəxxüslə dik tutdu. Bu an doğrudan da gözlərindən od sıçradı elə bil.  Bax, indi əsil Hamlet qarşında dayanıb, – dedi və yenə güldü.

Bu an qarson bizə yaxınlaşıb dedi: – Qardaş, sifariş verdiyiniz yeməkləri hazırlayaq?

Hamlet başını tərpədərək:

– Hə, hazırlayın, – dedi: – Sonra mənim əlimdən tutub: – Gəl gedək, – dedi. Mən içəri girən kimi otağa nəzər saldım. Bura çox rahat, təmiz və səliqəli idi. Ortalığa qoyulmuş stolun üstündəki növbənöv salatları, şirə dolu butulkaları, meyvələri, daha nə bilim, nələri görüb içimi çəkdim: –  Bu qədər şeylər nəyə lazımdı?

Stolun tən ortasındakı güllər diqqətimi bütünlüklə özünə çəkdi:

– Nə gözəl güllərdi. Bunları sən almısan?

Bir söz deməyib başını tərpətdi. Bu zaman qarson əlində çox yekə bir padnos içəri girdi: – Bunlar hazırdı, qardaş, dedi. – Bir azdan kabablar da hazır olacaq, deyib isti xörəklərlə dolu qabları stolun üstünə yerləşdirərək çıxıb getdi. Biz stolun ətrafında üzbəüz oturduq. Hamletin mənə zillənmiş baxışlarından yayınmaq üçün yenə stola nəzər saldım və doğrudan da məni gülmək tutdu və gülə-gülə dedim:

– Sən dəlisən vallah. Burda yalan olmasın, bir toyun yeməyi var. Kim yeyəcək bu qədər şeyi?

Mənim sözlərimdən tutulan Hamlet dilxor halda dedi:

– Mələk, mən sənin əhvalını korlamaq istəmirəm. Sən soruşursan, mən də sualına cavab verirəm. Biz bir ildən çoxdu ki, nişanlanmışıq, amma bir dəfə ikilikdə oturub yemək yeməmişik. Xoş bir gün yaşamamışıq. Bir az əvvəl sifariş verəndə çaşıb qalmışdım. Bilmirdim sən hansı xörəkləri, hansı meyvələri, hansı şirələri xoşlayırsan. Mən bu stolu sənə görə açdırmışam. Ona görə də bu qədər sifarişləri vermişəm ki, onların içində sənin xoşladığın şeylər də olsun. İndi xahiş edirəm, mənə belə mənasız suallar vermə. Gəl, heç olmasa bu günü elə yaşayaq ki, nişanlı olduğumuz, subay olduğumuz çağları yadımıza salanda ikimiz də bir yerdə deyək: – O gün nə gözəl gündü, ilahi.

Reyhan xanım, sonralar bu günü xatırlayanda başa düşdüm ki, aramızda olan o mübahisələrin, umu-küsülərin səbəbkarı təkcə Hamlet deyilmiş. Bəlkə də günahın çoxu məndə imiş. Çünki ona imkan verməmişəm ki, içindəki sevgini tamlığı, bütövlüyü ilə açıb göstərsin. O gün Hamlet iri cüssəsi, aşıb-daşan sevinci, sevgisi ilə sanki bu balaca otağa sığışmırdı. Gözlərinin ifadəsi də dəyişmişdi. Çox vaxt kiçik məşəllər kimi alışıb yanan baxışları nə qədər yumşaq, mehriban olmuşdu. Bir yerdə oturmadan mənə qulluq göstərirdi.

– Hə, bax indi bildim ki, nəyi xoşlayırsan, nəyi xoşlamırsan. O, uzun saplaqlı qaşıqla iri qabdakı aşdan götürərək qarşımdakı nimçəyə qoyaraq dedi:

– Bax, bu xoşladığın plov. Özü də necə ətir saçır. Bu şabalıdlı ət qovurması. Əla bişiriblər, xoşun gələcək. Sonra nə xoşlayırsan?

Böyük stolun üstünə nəzər salaraq:

– Hə, burdadı, bu da nərə balığının kababı, – deyib iri bir tikəni nimçəyə qoydu. Narşərabsız bunu yemək ləzzət eləmir. Bu da narşərab.

– Yaxşı, Hamlet, yaxşı. Otur yerində, nə xoşlasam özüm götürüb yeyəcəm, deyib gülməyə başlayanda onun da gözəl üzündə ürəkdən gələn işıqlı bir təbəssüm dolaşdı.

– Xahiş edirəm, sən narahat olma. Söz vermişəm axı, sənə xoş bir gün hədiyyə edəcəm. Elə bilirsən tək yeməyi nəzərdə tuturam? Sənə sürprizim var. Qəfil məni çulğayan  maraq içində bir uşaq sevinciylə onun sözünü kəsdim:

– Nə sürpriz? De də nolar?

O da eyni sevinc hissiylə sözümü kəsdi:

– Desəm sürpriz olmaz ki. Hövsələn olsun, bir az səbr elə. Qoy bir az bu nemətlərdən dadaq. Sonra onlar gələrlər.

– Onlar kimdi?

Hamlet duruxub qaldı və əlindəki qatığı stolun üstünə atıb təəssüflə başını yırğaladı:

– Sən məni çaşdırdın. O qədər hövsələsizsən ki, həmişə nəsə bir şey eləmək istəyirəm, o alınmır.

– Yaxşı, gəl çörəyimizi yeyək, – deyib oturdu: – Başla görək.

– Yox e, de görüm onlar kimdi?  Deməsən, dilimə heç nə vurmayacam. Xasiyyətimi bilirsən də.

– Bilirəm, bilirəm, – deyərək başını təəssüflə yırğaladı və üzü məyus bir ifadə aldı.

– Hamlet, sən deyirsən ki, onlar gələcəklər. Belə deməsəydin mən də heç nə soruşmazdım. Belə çıxır ki, bura kimsə gələcək. Mən istəmirəm bura kimsə gəlsin. Başqa restorana ona görə getmədik ki, ikilikdə oturaq. – O, səbirsiz bir tövrlə məni çox danışmağa qoymadı.

– Mələk, bura heç kəs gəlməyəcək. Skripkada çox gözəl çalan bir oğlan dəvət etmişdim. Skripka sənin sevdiyin musiqi alətidi. İstəyirdim o sənin üçün gözəl bir musiqi ifa eləsin. Bu an ikimizin yaddaşında həmişəlik qalsın.

– İstəmirəm, belə yaxşıdı. Axı bu günü sən mənə hədiyyə edirsən. Qoy elə ikimizə aid olsun. Başqası lazım deyil.

O, bir söz demədən xeyli mənə baxdı. Sonra ayağa qalxıb mənə yaxınlaşdı. Üzr istəyirəm. Reyhan xanım, bəlkə də bu sözləri deməmişdim. Amma o gün elə yaxşı, elə mükəmməl gün idi ki, istəyirəm hər sözünü, hər kəlməsini sizə söyləyim. Mənə yaxınlaşıb üzümdən öpdü, saçlarımı gül kimi dəstələyib qoxuladı. Bu zaman qarson içəri girdi. O, ayağa qalxıb tez məndən aralandı. qarson duruxa-duruxa dedi:

– Skripkaçı oğlan bayaqdan sizi gözləyir.

– Deyin çıxıb getsin. Lazım olmadı.

– Axı, sifariş vermişdiniz. Gör nə vaxtdı oturub gözləyir.

– Hə, başa düşdüm, – deyə Hamlet onu çox danışmağa qoymadı. – Gəl, çöldə danışarıq.

Hamletin çıxmağı ilə qayıtmağı bir oldu. O, yerində oturan kimi  çəngəli götürüb vəcdlə dilləndi:

– Günümüz davam edir, sən də götür qaşığını plovun dadına bax.

Bir xeyli heç birimiz danışmadıq. O nə düşündüsə çəngəli stolun üstünə qoyub başını yellədi:

– Yox e, mən düşündüyüm kimi alınmır, – dedi. Sən imkan vermədin. Bilirsən, oğlan necə gözəl çalır. Elə çalır ki, az qalır adamın ruhu bədənindən çıxıb musiqi sədalarına qoşulub harasa getsin. Bir az fikrə gedib vəcdlə davam etdi:

– Nəsimidən bir şey düşdü yadıma. Bu şeir yerinə düşər. Şeir deyəndə üzünün, gözlərinin ifadəsi tamam dəyişdi. Baxışlarındakı mehribanlıq, həmişəlik elə bil od saçan atəşlə əvəz olundu. Saçları alnına töküldü. Şeir bitdi, atəş saçan gözləri üzümdə qaldı. Bəlkə sən də bir şeir söyləyəsən, – dedi. Sənə bu qədər şeir deyirəm. Şeirlə qarşılayıb şeirlə yola salıram. Birini də sən desən dünya dağılmaz ki. Mənim susduğumu görüb:

– Yoxsa şeir bilmirsən, – dedi.

– Bilirəm.

– Bəs niyə susursan?

Mən pərt halda duruxa-duruxa cavab verdim:

– Sən bilirsən ki, mən rusca təhsil almışam, Azərbaycan dilində şeir deməyə çətinlik çəkirəm. Qorxuram, hardasa çaşam, nəyisə düz deməyəm.

– Çaşanda nolar? Çaşa-çaşa öyrənərsən.

Bir az susub təəssüflə başını yırğaladı:

– İncimə, ürəyimdən keçəni deyirəm. Sənə baxıram, inanmıram ki, sən Ziya müəllimin yanında böyümüsən. Baxmayaraq ki, sənin atan uzun illərdi dövlət qulluğunda işləyir, deputatdı, danışanda elə bilirsən ki, bu adam saz-söz adamıdı. Ədəbiyyatdan, musiqidən danışanda adam heyrətə gəlir. Nə qədər zəngin adamdı bu. Hamletin atam haqqında bu cür danışması məni içimdəki pərtlikdən, sıxıntıdan azad etdi.

– Sən bilirsən, atam nə qədər musiqi bəstələyib? – dedim və qürur hissiylə əlavə etdim.

– Bu mahnıları ən tanınmış müğənnilər belə oxuyur. Amma atam adının çəkilməsini  istəmir.

Hamletin onsuz da iri olan gözləri heyrətdən böyüdü.

– İnsanda təvazökarlığa, sadəliyə bax. Ona görə deyirlər ki, istedadlı adamlar bar verən ağaca bənzəyir. Ağac bar gətirəndə başını aşağ əyir. Hamlet başını vəcdlə yırğaladı:

– Ziya müəllim təvazökar olduğu qədər də mərddi, millətini, xalqını sevən xeyirxah bir adamdı. Sonra mənə baxıb əlavə etdi: – Belə bir kişinin qızı gərək öz dilində şeir deməyə çəkinməsin, qorxmasın.

– Sən elə bilirsən Azərbaycan dilində şeir bilmirəm? Bilirəm. Atamın sayəsində dilimizin, ədəbiyyatımızın, musiqimizin nə qədər zəngin, nə qədər dəyərli olduğunu yaxşı bilirəm. Amma bildiklərim mənə çox az görünür. Ona görə də bir az çəkinirəm. Rus dilində nə qədər istəsən şeir deyə bilərəm. Ya da bir bolqar mahnısı var. O mahnının sözlərini söyləyim.

– Bolqar dilində deyəcəksən?

Mən gülə-gülə: – Yox, öz dilimizdə, – deyəcəm. Bilirsən, Hamlet, bu mahnının sözləri çoxdan ruhuma, qəlbimə elə yol tapıb ki, özüm də bəzən buna heyrət edirəm. Hətta bu mahnıya bu qədər bağlılığım məni qorxudur. Çünki mahnı yarıda qırılmış bir sevgi haqqındadı. İstəyirsən söyləyim?

O, bir söz deməyib başını razılıqla tərpətdi.

 

Sənin barmağında nişan üzüyü,

mənim gözlərimdə yaş,

sən bu gün bəy evinə gəlin köçürsən.

Gəl, sənə mahnı oxuyum,

Köhnə gitaranın qədim sədaları altında,

Sən bu mahnını, hamıdan gizlin

Yaddaşında apar bəy evinə.

 

Reyhan xanım, mən bəzən çox qəhərlənəndə, adamın üzünə baxa bilmirəm. Elə bil gözlərimin dərinliklərinə yığışıb qalmış göz yaşlarını gizlətmək istəyirəm. İndi də belə məqamlardan biri idi. Şeir bitəndə Hamletə baxdım, inanın mənə, onun gözlərini ilk dəfəydi bu qədər hüznlü, kədərli görürdüm. Mən də doluxsundum və əllərimlə üzümü qapayıb dinmədim. Otağa mənə çox ağır gələn bir sükut çökdü. Sonra hiss etdim ki, Hamlet ayağa qalxıb mənə yaxınlaşdı. Ürəyim tir-tir titrəyirdi. O, əlimi yavaşca üzümdən kənara çəkdi və gözlərimə diqqətlə baxıb:

– Sən ağlayırsan, Mələk, – dedi. Sonra hiss olunacaq bir qüssəylə soruşdu: – Niyə axı, belə kədərli bir şeir seçdin?

Reyhan xanım, onda Hamletə heç nə deyə bilmədim. Daha doğrusu, qorxdum. Bayaq dedim axı, bu mahnı yarımçıq qalmış bir sevgi haqqında idi. Bu mahının sözlərini çox tez-tez xatırlayırdım. Və hər dəfə gizli bir qorxu, həyəcan içində fikirləşirdim ki, niyə axı bu mahnı heç ağlımdan çıxmır mənim? Niyə axı, həyatımızın ən gözəl xoş günündə bu nəğmədən başqa ağlıma başqa bir şey gəlmədi?

Mələyin həyəcanlı, qəhərli pıçıltıları qırıldı. Az sonra dəstəkdən adamı qəhr edən bir pıçıltı eşidildi:

– Bu qorxunun, bu qəhərin bir səbəbi varmış. Mənim də taleyim yarıda qırıldı. O gün ürəyimdəki bu qorxudan, təlaşdan Hamletə söz açmağa ürək eləmədim. O, özünü tez ələ aldı, dəyişmiş bir səslə:

– Tut əlimdən, əzizim, gedək uzaq ellərə, – dedi. – Onun gözlərindəki hüznün, qüssənin yerini yenilməz bir qətiyyət əvəz eləmişdi. Mən də sakitləşdim və ayağa qalxıb onun mənə sarı uzanmış əlindən tutdum. Və bu xoşagəlməz vəziyyətdən tamam çıxmaq üçün: – Sən mahnını təhrif etmə, – deyib gülümsədim. O mahnı belədi:

Sevgilim, tut əlimdən, gedək üzü küləyə.

O, başını yırğalayıb:

– Mən o mahnıdan danışmıram, – dedi: – Söhbət mənim öz nəğməmdən gedir.

Mən bu sözlərdən həm sevincək oldum, həm də heyrətləndim.

– Sən də mahnı yazırsan? – dedim.

– Hər kəsin qəlbinin dərinliklərində bir mahnı var. Hamıdan gizlin bu nəğmə ürəyimizdə, yaddaşımızda yaşayır. O mahnıda deyildiyi kimi sonra o mənim əllərimi sıxıb yenə bayaq dediyi sözləri təkrar etdi:

– Tut əlimdən, əzizim, gedək uzaq ellərə. Mən onun bu anlaşılmaz sözlərindən bir şey anlamadan soruşdum:

– Hara  gedirik, Hamlet? Hamlet bu an o çılğın, od-alov saçan Hamletə oxşamırdı. Gözlərindən də daha kiçik məşəllər təki od yağmırdı. Sevgi dolu bu gözlər mənə indi o qədər doğma, əziz gəlirdi ki, ürəyim əsirdi, yumşalıb muma dönürdüm. Onun baxışları yumşaq, mehriban səsi indi də qulaqlarımdan getmir, Reyhan xanım.

– Sən de, əzizim, hara istəyirsən ora gedək.

Hamlet verdiyi sözə əməl elədi. Mənə heç vaxt unuda bilməyəcəyim gözəl, xoş bir gün hədiyyə etdi. O gün mən evə çox gec qayıtdım.

Qapını üzümə anam açdı. O çox həyəcanlı idi. Qapıdan içəri girər-girməz təlaş dolu səslə astadan soruşdu:

– Bu vaxtacan hardasan? Atan bayaqdan gəlib.

– Məni soruşdu?

– Hə, soruşdu.

– Nə dedi?

– Dedim Hamletlə bir yerdədi.

– Acığı tutdu?

– Yox, bir söz demədi. O vaxtdan indiyəcən otağından çıxmıyıb. Bilmirəm yatıb, ya yox? İçəri girməyə qorxuram. Biz demək olar ki, pıçıltıyla danışırdıq. Mən anamın üzündən öpüb pıçıltıyla dedim:

– Qorxma, ana. Hər şey yaxşı olacaq. Mən getdim yatmağa.

O, arxamca gələrək:

– Mələk, yatmaq nədi? – dedi və yenə pıçıltıyla davam etdi: – Bir danış görüm, nooldu? İndi yatmaq vaxtıdı?

– Ana, qurban olum, sonra danışaram. İndi yuxum gəlir. Danışa-danışa otağıma girib qapını arxadan bağladım. Təəssüratlarım o qədər çox və gözəl idi ki, anamla belə danışmaq istəmirdim. Xəyallarımın dağılacağından qorxurdum. Yatağıma uzanıb gözlərimi qapadım. Belə rahat, şirin yatdığım yadıma gəlmirdi. Səhər də yuxudan gec oyandım. Daha doğrusu, anamın həyəcanlı səsi məni yuxudan oyatdı:

– Mələk, qalx ayağa, yatmaq vaxtı deyil. Axşam qayınananla qayınatan gələcəklər.

Yuxum tamam qaçdı və qalxıb yerimdə oturdum:

– Yəqin Hamlet hər şeyi danışıb. Əlbəttə deyib, nə vaxtacan gizli saxlayacaqdı.

– Sən necə ana? Atama dedin?

– Hə, hər şeyi olduğu kimi danışdım.

– Acığı tutdu?

Anamın üzündə xoş bir təbəssüm görəndə ürəkli-ürəkli soruşdum.

– Doğrudan acığı tutmadı:

– Acığı tutdu nədi? Gülməkdən uğunub getdi, – deyib güldü. Mən yatağımdan sürüşüb düşdüm və anamla üzbəüz dayanıb bilmək istəyirdim ki, o düz deyir, yoxsa zarafat edir.

– Ana, inana bilmirəm e. Gülüb nə deyirdi?

– Gülə-gülə deyirdi ki, onun kimi tərs, inadkar qıza elə bu lazımdı? Yazıq oğlan neynəsin? Neçə dəfə üzüyü oğlanın üstünə tullamaq olar? Nə qədər küsüb barışmaq olar? Son vaxtlar hiss edirdim ki, Nofəl də çox narahatdı. Açıb-ağartmırdı, ancaq çox nigarandı. Hər şeydən əvvəl dostluğumuzun pozulacağından qorxurdu. Elə mən də onun kimi. Gör, neçə illərdi dostuq, nə qədər duz-çörək kəsmişik. Bir-birimizdən gizli sözümüz olmayıb. Bir də ki, Mələyə ona görə acığım tuturdu ki, istəmirdi, əvvəldən yox deyəydi, etirazını bildirəydi. Onu zorla ərə verən vardı?

Reyhan xanım, anam çox danışdı. Məni təəccübləndirən o idi ki, atamın dediyi elə sözlər vardı ki, eynilə Hamletin dedikləri ilə üst-üstə düşürdü. Atam kimi Hamlet də deyirdi, axı bu dəbdəbələr nə üçündü. Bir də görürsən hər xırda şeyə görə yığışırlar, hay-küy başlanır. Elə bil qadınlar yarışa çıxır.

– Sən kəbin kəsilən günə elə-belə, adi gün kimi baxırsan? – deyəndə Hamlet sözünü dəyişmişdi. – Yox, mən bu günə elə belə yanaşmıram. İki sevən gəncin bir araya gəlməsi üçün bu çox vacib bir gündü. Belə gündə zahiri şeylər heç bir əhəmiyyət kəsb edir. Vacib olan şey bu iki gənci bir-birinə bağlayan hisslərin qırılmazlığı, möhkəm olmasıdı. Yoxsa ki, xüsusi geyimlər, eyni saç düzümləri, makiyajlar, bir-birinə bənzəyən üzlər, təbəssümlər adamı çiyrəndirir, belə şeyləri görməkdən göz də yorulur. Amma Mələk sən zaqsa necə vardı, elə getdin. Bu görkəminlə sən çox gözəldin, bənzərsizdin. Kişi sürütməsinə gələndə isə, düzdü, bu çox gülməlidi. Amma təkrarolunmazdı, – deyib atam da Hamlet kimi əlini-əlinə vurub güldü. Əsas odu ki, bu günü həmişə gülüşlə, təbəssümlə yada salacaqlar.

Hə, Reyhan xanım, o gecə evdə çox xoş, təbəssüm, gülüş dolu bir ab-hava vardı. Və bu ab-hava içində bizim toy günümüz təyin olundu. Toyumuz bizim düşündüyümüzdən də tez oldu. Toyumuzdan iki-üç gün keçmişdi ki, Hamlet böyük bir şadyanalıq içində mənə yanaşıb dedi:

– Bilirsən, Mələk, bu gün səhər atam məni çağırıb dedi ki, toy səyahəti haqqında düşünmürsüz? Mənim duruxduğumu görəndə dedi ki, toy səyahətinə çıxanlar sizdən artıqdı? Dünyanın hansı ölkəsini görmək istəyirsinizsə, gedin, gəzin, əylənin. Pul sarıdan narahat olmayın. Dedi, Mələyin də fikrini öyrən, gör hansı ölkəyə getmək istəyir. Mən çaşıb qalmışdım. Çünki bu barədə biz Hamletlə heç vaxt, heç nə danışmamışdıq. Mənim halımı hiss edən Hamlet dedi ki, sən fikirləş, sonra qərarını mənə deyərsən. Düzünü deyim ki, Reyhan xanım, mənim səyahət etməklə, gəzib-dolanmaqla heç vaxt aram olmayıb. Bəlkə də bu evdəki ab-hava ilə bağlı idi. Bəzi adamlar var ki, hara gedirsə, arvad-uşağı da böyründə olur. Mənim atam elələrindən deyildi. Əvvəldən sizə demişəm ki, mən evə qapanan bir qız olmuşam, çöl-bayırda gəzməklə heç aram olmayıb. Hamletə də elə belə dedim. Dedim ki, bircə dəfə atam məni özüylə Fransaya aparmışdı. Parisin hər yerini gəzdirdi. Amma mən darıxırdım. Evə qayıdacağımız günü səbirsizliklə gözləyirdim. Gördüm Hamlet dilxor oldu. Dedim, Azərbaycanın o qədər gözəl, gəzməli yerləri var ki, oraları gəzib görmək mənim üçün daha xoş olar. Hamlet bir söz deməyib mənimlə razılaşdı. Bir az fikrə gedib soruşdu:

 – İlisuda olmusan?

–Yox, olmamışam.

–Onda hazırlaş, sabah obaşdan yola düşürük. Oralar çox gözəl yerlərdi, xoşuna gələcək.

Mən də bir az çəkinə-çəkinə dedim:

– Hamlet, bilirsən də mən çox vasvasıyam. Başqa yerdə qala bilmirəm. Səhər tezdən gedib axşam qayıdarıq. Elə Parisdə də iyrəndiyimə görə oteldə qala bilmirdim. Atam məni apardığına görə peşman olmuşdu.

Hamlet mənə bir xeyli baxdı, başını yelləyə-yelləyə gülüb dedi:

– Yazıq kişi gör sənin əlindən nələr çəkib.

Yaxşı, sən deyən olsun, səhər gedib, axşam qayıdarıq. Nofəl əmi də bu xasiyyətimi bilib çox pis oldu. Dedi, ay qızım, belə eləmə, bu xasiyyətini tərgit. Yoxsa xəstəlik-zad taparsan. Elza xanım isə yarızarafat, yarıciddi bir şəkildə öz fikrini bildirdi:

– Ata-bala nə düşmüsüz bu qızın üstünə e. Toy səyahətinə getmək üçün adama dil töküb yalvararlar. Belə şey görməmişəm, vallah. Getmir getməsin, minnəti olsun.

Nofəl kişinin qəzəbli səsi Elzanı bundan artıq danışmağa qoymadı.

– Elza, sənə min dəfə demişəm ki, mənim işimə qarışma. Özü də özünü adam kimi apar, danışığına fikir ver. Bu gəlin sənin evinə dünən gəlib. Elza pərt halda dilləndi:

– Ay Nofəl, mən nə dedim ki, sən belə hirsləndin. Mələk də mənim balam. Ana balasına məsləhət vermir? Mən də onu başa salıram ki, belə şeyə görə adam nəm-nüm eləməz. Hansı gəlin toy səyahətinə etiraz edər?

Səhəri gün İlisuya yola düşdük. Gecənin qaranlığı hələ şəhərin üzərindən çəkilməmişdi. Mən yorğun və həyəcanlı idim. İlk dəfəydi Hamletlə uzaq bir yol gedirdim. Həm də çox kövrək, bir az təşviş doğuran, qarışıq hisslərin həyəcanı məni yatmağa qoymamışdı. Bəlkə də buna görə evdən çıxanda hələ açılmamış səhərin sərinliyi məni üşütdü. Bunu hiss edən Hamletin nəvazişlə dediyi sözlər gecənin səssizliyini pozdu:

– Şəhərdə belə üşüyürsənsə, orda necə olacaq? Oralar çox sərindi. Çiyninə atmağa bir şey götürmüsənmi?

O, qolumdan tutdu:

– Sən lap titrəyirsən ki, – dedi. Gəl, gəl, tez maşına min.

Maşının içi isti və rahat idi. Yumşaq oturacaqda oturan kimi məni xoş bir rahatlıq bürüdü. Hamlet mənə baxıb gülümsədi. Yenə onun nəvaziş dolu səsi eşidildi:

– Üşütmən keçib getdi? Özünü necə hiss edirsən?

– Yaxşıyam. Daha üşümürəm. Yerim də çox rahatdı. Narahat olma. Sür gedək.

– Hə, düz deyirsən. Axşam geri dönməliyik. Elə edək ki, getdiyimizə görə bir az dincəlib təmiz hava alaq. Az sonra maşın gecənin qaranlığını yara-yara irəli şütüyürdü. Mən içimdəki çox xoş, şirin bir duyğu içində başımı yumşaq və hündür oturacağa söykədim və nə vaxt yuxuya getdiyimi hiss eləmədim. Birdən maşın bərk silkələndi və mən yarıyuxulu halda təşvişlə soruşdum:

– Ata, nooldu? Maşın niyə dayandı?

Sualımın cavabı yerinə Hamletin qəhqəhəsi eşidildi və o gülə-gülə mənə baxıb soruşdu:

– Mələk, oyan, özünə gəl, sən haralardasan?

Mən pərt halda ona baxdım, atamın yerində onu görəndə içimdə elə bir həsrət hiss etdim ki, gözlərim yaşla örtüldü. O, bunu hiss edib məni qucaqladı, başımı sinəsinə sıxıb saçlarıma sığal çəkdi: – Sən nə qədər də uşaqsan, – dedi: – Heç böyüməmisən.

Onda mən Tibb Universitetinin III kursunda oxuyurdum. On doqquz yaşım vardı, Reyhan xanım.

Mən artıq Mələyi unutmuşdum, onun nə dediyini belə eşidə bilmirdim. İçimdəki hönkürtüdən titrəyən əllərim telefonun dəstəyini daha tuta bilmirdi. Mələk nə hiss etdisə böyük bir təlaş içində səsləndi:

– Sizə nooldu, Reyhan xanım? Deyəsən, siz ağlayırsınız. Ay Allah, mən necə də düşüncəsiz bir qadınam. Heç sizi düşünmürəm. Görün neçənci dəfədi sizi belə kövrəldirəm. Mən özümü ələ almağa çalışsam da danışanda səsim qəfil tufana düşmüş yarpaq kimi əsdi: – Yox, vallah, bu dəfə sənə görə kövrəlməmişəm:  – Səsim ürəyimi sızladan həsrətdən titrədi.

– Reyhan xanım, qurban olum, deyin görüm nolub sizə. Ay Allah, mən necə adamam. Neçə aylardı danışıram, gah ağlayıram, gah qəzəblənirəm, bilmirəm neyləyəm? Bircə dəfə də mənə qulaq asan adamın halını soruşmamışam, fikirləşməmişəm ki, o özünü necə hiss edir? O hansı acıları yaşayıb.

– Dedim axı, Mələk, mən indi sənə görə belə qəhərlənməmişəm. Atam yadıma düşdü.

Bundan artıq danışa bilmədim. Mələk günahkar-günahkar və çox qəhərli bir səslə dilləndi:

– Məni bağışlayın, Reyhan xanım. İnanın, elə bil birdən-birə dərin bir yuxudan ayıldım. Xəcalətdən az qala ölürəm. Xahiş edirəm, məni bağışlayın.

İndi mən Mələyi sakitləşdirəcək bir halda deyildim. Özüm yetim qalmış bir uşağa dönmüşdüm. Ürəyim atamı necə istəyirdi, Allah. Bilirdim Mələk telefon əlində quruyub qalmışdı, məndən bir söz gözləyirdi. Ancaq özümü heç cür ələ ala bilmirdim.

– Reyhan xanım, yalvarıram bir söz deyin, ürəyinizi boşaldın, bəlkə sakitləşə bildiniz.

Mən danışa bilmirdim. Deyəsən, Mələk də danışmağa ürək eləmirdi. Bir xeyli heç birimiz dinib-danışmadıq.

Bu dəfə Mələk məndən güclü çıxdı: – Reyhan xanım, bəlkə dəstəyi asım? Amma sizi belə vəziyyətdə tək qoymağa ürəyim gəlmir. Özü də deyirsiz ki, evdə təkəm.

– Axır ki, dilim söz tutdu:

– Düz deyirsən, Mələk. Bir az söhbət eləsəm bəlkə ürəyim sakitləşər.

– Sizə qulaq asıram, Reyhan xanım.

– Sənə demişdim axı. Mən Azərbaycan Dövlət Universitetini bitirəndən sonra öz rayonumuzda çıxan qəzetdə işləyirdim. Mən kənddə yaşayırdım. Hər gün rayon mərkəzinə gedib-gəlirdim. Ona görə də yuxudan hamıdan tez oyanırdım və oyanan kimi qonşu otaqda yatan atam eşitsin deyə uzaqdan səslənirdim:

– Papa, saat neçədi?

Atamgilin yatdığı otaqda böyük divar saatı vardı. Və o saat neçə illərin saatı olsa da zərgər dəqiqliyi ilə işləyirdi. Demək olar ki, hər səhərim atama verdiyim bu sualla başlanırdı. İllər keçdi. Mən ailə qurub şəhərdə yaşamalı oldum. Yadımdadı, kirayədə kiçik bir otaqda yaşayırdıq. Bilmirəm, neçə gün idi o otaqda yaşayırdıq.  Hələ işə də getmirdim. Amma bir səhər həyəcan və təlaş içində yuxudan oyanıb yenə ucadan səsləndim: – Papa, saat neçədi? Və uzun müddət bu vərdişi tərgidə bilmədim. Yenə boğazımı yandıran qəhər məni axıradək danışmağa qoymadı. Mələk də danışanda səsi titrəyib əsdi:

– İndi sizi başa düşdüm, Reyhan xanım. Bizim hislərimiz arasında necə incə bir oxşarlıq var. İndi mən sizi dinləmək istəyirəm. Atanız çoxdan rəhmətə gedib?

– Hə, çoxdan. Xeyli yaşım vardı. Elə bilirdim ki, daha böyümüşəm, müdrikləşmişəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, yox, heç böyüməmişəm. Ona bir şeir yazdım. Bu şeir oyuncağı qəfil əlindən düşüb çilik-çilik olmuş, hələ də rəngləri solmamış, dünyası tarmar olmuş bir uşaq haqqında idi. O uşaq heç vaxt böyümədi.

– Mən sizi başa düşürəm, Reyhan xanım, atanız sizi çox sevib. Aranızda çox dərin bir bağlılıq olub.

– Hə, elə olub. Amma bu dərin bağlılıqdan heç xəbərim olmayıb.  Atam mənim bir sözümü iki eləmirdi. Hər nazımı çəkirdi, şıltaqlıqlarımı, ərkəsöyünlüyümü daha böyük bir sevinclə qarşılayırdı.

Mən sözümə ara verib dərindən nəfəs aldım. Sanki içimi dağıdıb-sökən həsrəti, yanğını azaltmaq istədim. Və bu hislərdən kövrəlmiş, necə deyərlər, uşaqlaşmış bir səslə təzədən dindim: – Mənim gözlərimdə anadangəlmə bir xəstəlik var. Durmadan artan miyapiya xəstəliyi. Yəqin ki, bu xəstəliyin necə bir xəstəlik olduğunu bilirsən, Mələk.

Mələyin məyus səsi güclə gəlib mənə çatdı:

– Bilirəm, Reyhan xanım. Mən ginekoloq olsam da bütün xəstəliklərdən xəbərim var. Siz artıq o dövrü keçmisiniz. Ona görə də bu sözləri deməyə cəsarət edirəm. Bu, çox ciddi, ağır bir xəstəlikdir. Bəzən bir tramvadan insan gözlərini itirə də bilər.

Deyəsən, bu sözləri demək Mələyə çox baha başa gəldi. Və o da köks dolu nəfəs almalı oldu:

– Yenə də, deyirəm, siz bu sınaqdan yaxşı çıxmısız. Şükür olsun Allahın dərgahına. Reyhan xanım, siz Allahın sevimli bəndəsi olmusunuz. Yoxsa ki, bu xəstəliyin o qədər ciddi, ağır fəsadları olur ki. Gərək bu xəstəliyi olan adamlar ağır iş görməsinlər, kəskin idman hərəkətləri eləməsinlər. Ən ağırı, ən kədərlisi odur ki, belə xəstəliyi olan qadınlar dünyaya övlad gətirə də bilməzlər, əks halda gözləri kor ola bilər. Hətta belə xəstələrə oxumaq da tövsiyə olunmur.

Mələyin dediklərindən elə sinirləndim ki, içimdəki çox dözülməz acılar gülüşə çevrildi: – Yəni ki, insanlıqdan çıxıb quruca bir müqəvvaya dönsünlər. Müqəvva olmaqdansa, kor olub necə bacarırsansa, elə də yaşamaq daha yaxşıdı.

– Bağışlayın, Reyhan xanım, deyəsən sizi incitdim.

–Yox, yox, Mələk heç üzülmə. Mən bu sözləri eşidəndə o qədər kiçik idim ki, dünya gözlərimdə çox sevimli, çox gözəl bir oyuncağa bənzəyirdi. Özüm  də elə bəxtəvər, elə xoşbəxt idim ki. O sözləri eşidəndən sonra mənim xoşbəxtliyimə çox acı, çox qorxunc bir hiss qarışdı. Yaşımın bu vaxtında da o acı, qorxunc hiss mənimlə qoşa yaşayır.

Uzun çəkən sükutdan sonra Mələyin qəhərli səsi eşidildi:

– Elə bil nitqim batdı, dilim xeyli söz tutmadı, Reyhan xanım, sizə baxanda, siz danışanda, adama elə gəlir ki, siz heç vaxt dərin bir acı yaşamamısınız. Sizin çöhrənizdə elə bir işıq var ki. Siz çox işıqlı adamsınız.

– Uzaqdan hər şey gözəl görünür, Mələk. Dünyada dərdsiz adam yoxdu. Hələ mən sənə nə danışmışam ki?

– Elə iş ondadı ki, siz mənə heç nə danışmamısınız. Mən danışmışam, işiniz, gücünüzü atıb səbirlə qulaq asmısınız, bəzən mənə qoşulub ağlamısız, bəzən sevincimə şərik olmusunuz. Amma bundan belə siz danışacaqsınız, mən qulaq asacam.

– Yox, Mələk, sən düzgün fikir söyləmirsən. Mən bu kitabı sizin həyatınıza həsr edirəm.

– Reyhan xanım, mənim dediklərimdə də bir həqiqət var, axı.  Siz mənim həyatımla yaxından tanış oldunuz. Hələ də tanışlıq davam edir. Mənsə sizin həyatınızdan demək olar ki, heç nə bilmirəm. Bu düzgün deyil axı. Sizə qarşı haqsızlıqdı, laqeydlikdi. Bunun başqa adı yoxdu. Bir də ki, bu barədə danışmaq sizin üçün çətin olsa da, amma içimdən gələn bu sözü deyəcəyəm. Hələ belə gözlə mənim haqqımdı kitab da yazmaq istəyirsiniz. Vallah, bu barədə danışanda utanıram. Kitab yazmaq elə belə iş deyil, axı.

– Mələk, əvvəlcə onu deyim ki, mən yazıçıyam, bu mənim işimdi. Daha doğrusu, içimdən gələn qarşısıalınmaz bir ehtiyacdı. Və bu ehtiyac elə bir qüvvədir ki, məni özümdən asılı olmayaraq yazmağa məcbur edir. Mən bu kitabları sifarişlə yazmıram, öz istəyimlə yazıram. İkincisi də sizin həyatınızdan kitab yazıram, deyə siz bunun müqabilində nəsə eləməyə borclu deyilsiniz. Sən belə danışmaqla məni pis vəziyyətdə qoyursan. Düzünü deyim ki, belə söhbətlər mənə çox yad olan söhbətlərdi. Mənim ruhumu öldürən söhbətlərdi.

– Üzr istəyirəm, Reyhan xanım, nəyisə düz demədimsə, bağışlayın məni. Sizin gözlərinizdəki xəstəliyi biləndən sonra bir həkim kimi içimdə bəzi suallar doğdu. Bayaq dedik axı, bu xəstəliyin qadağaları çoxdu. Və bu qadağalara əməl olunmasa, xəstə gözlərini itirə bilər. Mən bir həkim qız tanıyıram. Qızın anası da göz həkimidi, cərrahdı. İndi o qızın yaşı qırxı çoxdan keçib. Amma o qadağalar ucundan ailə həyatı qurmağa qorxur. Təsəvvür edin, anası da yaxşı göz həkimidir. Allah bədnəzərdən saxlasın, amma sizin iki övladınız var.

– İki deyil, üç övladım olub mənim. Birini itirmişəm.

Mələk içini çəkib: – Allah, Allah, siz nə danışırsınız, Reyhan xanım, – dedi və deyəsən deməyə söz tapmadı.

Nəhayət o, günahkar-günahkar dilləndi:

– Bax, görürsüz, siz necə böyük bir acı yaşamısınız. Amma bu barədə bircə kəlmə belə danışmamısınız. Heç olmasa indi danışın görək bu necə oldu?

– Körpəykən itirdik onu. Dünya gözəli bir uşaqdı, özü də oğlan uşağı. Dünyadan köçəndə bir yaşına az qalmışdı, təzə-təzə dil açıb «mama» deyirdi. Bu heç bir dərdlə müqayisə olunmayan bir acıdı. Mənim çox acı çəkdiyimi görənlər bəlkə də təskinlik naminə deyirdilər: – O dünyadan xəbərsiz bir körpə idi. Quş kimi uçub getdi. Nə fərqi var axı. Nə yaşda olursa-olsun övlad itkisi ağırdı. Həyat yoldaşım bu itkinin ağrısını-acısını bəlkə də şeirləri ilə azaltmaq istəyirdi. Şeirlərinin birində deyir ki, körpə Müşfiq də bir gün böyüyüb, çinar boylu bir cavan olacaqdı. Mələk, gəl bu barədə də çox danışmayaq. Evdə təkəm. Başqa vaxt danışarıq.

– Yaxşı, Reyhan xanım, yaxşı. Siz necə deyirsiniz, elə də olsun. Hiss edirdim ki, Mələk qəhərdən boğulur, sözlər dodaqlarından çox böyük bir ağrıyla qopur, amma bu dəfə o özündə güc tapıb mənə təskinlik verirdi:

– Allah bu iki övladınızı sizə gözü dolusu versin. Onları o qədər xoşbəxt eləsin ki, baxıb sevinəsiniz, bütün dərd-sərlərinizi unudasınız. Sonra dəstəkdən səs gəlmədi, elə bil Mələk danışmağa ürək eləmirdi. Mən onu bu vəziyyətdən çıxarmaq üçün söhbəti başqa səmtə yönəltdim:

– Mələk, axı biz başqa şeydən danışırdıq. Gör söhbətimiz nə qədər uzandı, gəlib haralara çıxdı. Danış görək, İlisuya nə vaxt gedib çatdınız. Necə dincəldiniz?

– Yox, Reyhan xanım, bu barədə indi heç nə danışa bilmərəm. Başqa vaxt danışarıq. İndi ancaq sizdən danışmaq istəyirəm. Bayaqdan ürəyimdə soruşmaq istədiyim bir yığın söz yığışıb qalıb. Bu barədə danışmasaq inan gecə yata bilməyəcəm.

– Yaxşı, Mələk, nə istəyirsən soruş. Səni dinləyirəm.

– Bir az əvvəl gözlərində miapniya xəstəliyi olan bir qızdan danışdım axı.

Bu xəstəliyin fəsadlarından qorxub ərə getmir. Reyhan xanım, indi gözlərinizin vəziyyəti necədir? Yenə sizi incidirmi?

– Mələk, dedik axı, bu, çox ciddi xəstəlikdi. Tamamilə sağalıb qurtarmır. İndi də göz sarıdan əziyyət çəkirəm. Amma öhdəsindən birtəhər gəlirəm.

– İndi sizin Allah saxlasın, nəvəniz var. Deyirsiz ki, bu xəstəlik anadangəlmə xəstəlikdi. İlahi, siz nə qədər əziyyət çəkmisiz.

– Bu əziyyəti tək çəkməmişəm, son nəfəsimə qədər atam həmişə mənimlə olub. Yadımdadı, mən çox balaca idim. Anam pəncərədə pərdə taxırdı. Bilmirəm, nəyə görəsə əlində yekə sancaq vardı. Otaq yarı qaranlıq idi. Mən xeyli aralıda dayanıb gözləyirdim ki, anam pərdəni nə vaxt taxıb qurtaracaq. Birdən anamın səsini eşitdim: – Sancaq əlimdən yerə düşdü. – Onda mən heç özüm də başa düşmürdüm ki, niyə sancağın yerə düşməsi məni belə qorxutdu. Anam mənə baxıb dedi:

– Reyhan gəl, sancağı tap ver mənə. Yaxına gəl.

Mən qorxu içində pəncərəyə yaxınlaşdım və bütün diqqətimi toplayıb döşəməyə düşmüş sancağı axtardım. Amma heç nə görmədim.

– Reyhan, o boyda sancağı görmürsən? Bax, ayağının altındadı.

Bir az da aşağı əyildim, yenə heç nə görmədim.

Bilmirəm, niyə məni ağlamaq tutdu və mən qaçaraq otaqdan çıxdım. Sonra anam mənə heç nə demədi. Amma hiss edirdim ki, o çox bikefdi. Axşam atam işdən qayıdanda anam doluxsunmuş halda hər şeyi ona danışdı. Mən də otaqdaydım. Balaca olduğumdan onlar heç nə başa düşməyəcəyimi zənn edib pıçıltıyla danışırdılar. Axırda anam ağlamsına-ağlamsına dedi:

– Çoxdan hiss edirdim bunu. Ancaq bu gün başa düşdüm ki, uşağın gözü çox pis görür. Ayağının düz böyründə olan o boyda sancağı görmədi.

– Yaxşı, yaxşı, sən Allah. Gözünün suyunu axıtma. Uşaq başa düşər, pis olar. Atam danışa-danışa özü də kövrəlirdi, səsi tez-tez qırılıb titrəyirdi. Sonra atam evin bu başından o başına gedə-gedə kövrək-kövrək gileylənirdi:

– Yox, Allah bunu mənə qıymaz. Ata-ana üzü görmədim. Nə zülümlə böyüdüm. İndi əlim bir parça çörəyə çatıb. Çəkdiyim zülümlərin ağrısı canımdan çıxmamış, Allah mənə bu dərdi yaşatmaz. Anam da gözünü silə-silə deyirdi:

– Mən hansı xoş günü görmüşəm? Tifağı dağılsın Sovet hökumətinin. Atamı, babamı, əmimi tutub apardı.

– Bir böyük uşaq anamızın umuduna qaldı. Üzümüz gülmədi, gözümüzün yaşı qurumadı. İndi də gəl çək bu dərdi. – Yarı qaranlıq otaqda kədərlə səslənən bu pıçıltıları, mən də eşidirdim. Evin bir küncündə oturub, özümü elə göstərirdim ki, guya gəlinciyimlə oynayıram.

Düz deyirlər ki, gözləri zəif görən, ya heç görməyən adamların hissiyatı çox güclü olur. Onların üzünü yaxşı seçməsəm də hiss edirdim ki, ikisinin də yaşlı gözləri kədərlə, nisgillə dolub. Və buna görə də məni ağlamaq tuturdu. Elə bir yaşda idim ki, gözlərimin çox pis görməsi barədə deyilən sözlərin mənasını başa düşürdüm. Hər ikisinin ağlaması bikef-bikef danışması məni çox qorxudurdu. Onların birdən-birə belə bikef olması əlimdəki sevimli oyuncağımı da gözümdən salmışdı. Daha onunla oynamaq istəmirdim.

– Reyhan xanım, inanın mənə. Mən heç ağlıma da gətirməzdim ki, sizin qəlbinizin dərinliklərində belə acılar varmış.

– Hər kəsin taleyində nə vaxtsa ağrı-acı yaşanır. Kimində ötəri, kimində çox. Mələk məni çox danışmağa qoymadı.

– Nə qədər ürək yandıran bir hissdi. Gözlərinizin xəstə olduğunu biləndə, hələ oyuncaqla oynayırdınız.

– Yox, dedim axı, o gün məni ağladıb-qorxudan valideynlərimin məyus olması idi. O yaşda uşağın gözü hər yerdə ata-anasını axtarır. Ata-anasının üzü gülürsə, onun da al-əvan dünyasında hər şey yerində olur. Valideyn gözü yaşlı, bikef olanda ən sevimli oyuncaq belə uşağın gözündən düşür. Kiçik olanda biz hamımız bunları yaşamışıq.

– Reyhan xanım, bəs nə vaxt başa düşdünüz kit, gözləriniz xəstədi?

– Birinci sinifdə oxuyanda. – Çox-çox uzaqlarda qalmış günlər, xatirələr birdən-birə gəlib gözüm önündən keçdi.

– Əslində mən məktəbə gedəndə  heç altı yaşım da olmayıb. İlk dəfə məktəbə necə getdiyimi sənə deyəndə yəqin ki, güləcəksən. Yəqin ki, onda da çox balaca olmuşam. O günü heç xatırlaya bilmirəm. Evdə gülə-gülə danışırdılar ki, mən beş yaşında, məndən xeyli böyük olan xalam qızına qoşulub məktəbə getmişəm. Xalam qızı üstümə qışqırıb acıqlanırmış ki, gəlmə mənim dalımca, get evə. Sən bunun boyuna bax, məktəbə getmək istəyir. Mən də zülüm-zülüm ağlayıb deyirmişəm ki, yox, evə getmək istəmirəm, məktəbə getmək istəyirəm. Xalam qızı çığırıb-bağırsa da mən ondan əl çəkməmişəm, düz məktəbə qədər getmişəm. Məni görən müəllimlər də, uşaqlar da gülüşüblər. Müəllimlərdən biri deyib ki, sən Allah, bunun boyuna bax, kuklaya oxşayır. Amma oxumaq həvəsinə bax. Sonra məni oturdublar xalam qızının böyründə, dərs qurtarana qədər heç səsimi də çıxarmamışam. – Hər ikimizi gülmək tutdu. Mələk gülə-gülə soruşdu:

– Bəs sonra nooldu? Belə çıxır ki, beş yaşında birinci sinifə getmisiniz?

– Yox, düzdü atam mənə əlifba kitabı alıb, dəftər qələm də alıb və müəllimlərdən xahiş edib ki, qoy arada gəlib-getsin. Vallah, sakit uşaqdı, sizə mane olmaz. Əslində uşaqlıq həyatımda belə qəribəlik çox olub. O vaxtlar çox evlərdə heç radio da yox idi. Amma bizim evdə böyük bir radio vardı. Desəm ki, mən elə o radionun qarşısında otura-otura, kitab oxuya-oxuya böyümüşəm. İnan ki, elə belə də olub.

Bir gün radioya qulaq asıb, sonra başlamışam ağlamağa. Bu hadisəni də xatırlaya bilmirəm. Yəqin ki, çox balaca olmuşam. Ağladığımı görən atam soruşub ki, niyə ağlayırsan? Ağlaya-ağlaya demişəm ki, məni radioya salın. Nə qədər eləyiblər sakitləşdirə bilməyiblər. Sonra atam çarəsiz qalıb belə deyib:

– Qoy bir həftə keçsin. Balamın başını toka verib radioya salacağam. Mən də kəndin ortalığına qaçıb uşaqlara demişəm ki, bir həftədən sonra papam mənim başımı toka verib radioya salacaq. – Yenə də gülməkdən uğunub getdik.

– Allah sizi güldürsün, Reyhan xanım, siz nə qəribə uşaq olmusunuz?

– Ehh, bu xatirələri danışmamaq üçün nə qədər vaxt lazımdı. Bitib-tükənməz bu xatirələr. Sonralar bütün bunları yada salanda özüm də təəccüblənirdim. Axı mənim yaşıdlarım bütün günü çöldə-bayırda oynayırdılar. Nə bilirdilər kitab nədi, radio nədi. Mənim ətrafımda heç kitab oxuyan da yoxdu. Kitaba, radioya belə bağlılıq məndə hardan yaranmışdı? Kitab oxumağa olan istəyim çox güclü idi, mütaliə mənim üçün hava idi, su idi. Rəhmətlik atam həmişə qardaş-bacılarıma deyərdi ki, siz hamınız Reyhana baxıb oxudunuz, onun yolu ilə getdiniz. Bəs Reyhan kimnən öyrəndi? Ona kim yol göstərdi? Odur ki, bacınızın qədrini bilin, ona hörmətlə yanaşın. Mələk, deyəsən söhbətim çox uzun çəkdi. Amma bir söz də deyim. İlk dəfə atam məni həkimə aparanda da balaca idim. Gözlərimin çox xəstə olduğunu da o həkimdən eşitdim. Bayaq dediyiniz o qadağaları da o həkimdən eşitdim. Ağır iş görmək olmaz, ailə qurmaq olmaz, dünyaya övlad gətirmək olmaz. Bu qadağalar məni o qədər də sarsıtmadı. Amma deyəndə ki, oxumaq da olmaz, yoxsa cavankən gözlərimi itirə bilərəm. Axırıncı kəlmələri eşidəndə, elə bil qəfil şaxtaya, sazağa düşdüm. İliklərimə qədər dondum, bu şaxtanın soyuğu uzun müddət məni tərk etmədi. Hər şeyə, hər şeyə dözərdim, amma kitabsız yaşaya bilməzdim. Onu da deyim ki, uşaq ikən kitaba, radioya bu qədər bağlı olmağım mənə çox şey verdi. Kiçik yaşlarımda nitqim formalaşdı, dünyagörüşüm də onun kimi.

– İndiki nəsil kitaba o qədər də meyilli deyillər Reyhan xanım. Hərə bir ünvan, açır, kitabı ora yerləşdirib internetdə oxuyurlar. Hələ bu internetdə nə qədər çirkin, qorxulu oyunlar gedir. Yadınızdadı, bir dəfə demişdim ki, gecənin bir aləmində Laçın nə vəziyyətdə otağıma girdi. Və qorxu içində dedi ki, ana, gedək mənim otağıma, birlikdə filmə baxaq. Tək baxmağa qorxuram. Bax kompüter uşaqların beynini belə pozur. Qorxulu oyunların, filmlərin çox ağır fəsadları olur. Bəzən intihara gətirib çıxarır, ya da ki, başqalarına çox ağır xətərlər toxundururlar.

– Hə, elədi Mələk. Ancaq internetdən xeyirli məqsədlər üçün istifadə edənlər də var. Təəssüf ki, belələri azlıq təşkil edir. Əslində kompüter maariflənmək üçün ən gözəl vasitədir. Amma çoxluq xoşagəlməz oyunlara aludə olur.  İnternet vasitəsilə  tanışlıqlar, evlənmələr, hərə ağzına gələni yazır, bir-birilərini təhqir edirlər. Ailələr dağılır. Mənim kompüterlə heç bir bağlılığım yoxdu. Heç istəmirəm də. Gənclik bir yana qalsın, yaşa dolmuş qadınların bu çirkin oyunlara qoşulması, bir-birlərinə təhqiramiz sözlər deməsi, nə qədər də iyrənc bir şeydi. Bəziləri mənə irad tutub deyirlər ki, sən yazıçısan. İndi internet əsridi. Sən də çəkilib durubsan bir qıraqda, heç kompüterə yaxın da getmirsən. İndi yazıçıların hamısı internet vasitəsilə məşhurlaşırlar.

– Siz elə sözlərə əhəmiyyət verməyin Reyhan xanım. Siz istəsəniz də, onların getdiyi yolu gedə bilməzsiniz. Siz başqa bir dünyanın adamısız.

– Mələk, sən danışanda yadıma qırğız yazıçısı Çingiz Aytmatov düşdü. Bir dəfə jurnalist müsahibə zamanı ondan soruşdu:

– İndi yazıçıların çoxu kompüterlə işləyirlər və bunu çox əlverişli hesab edirlər.

Çingiz Aytmatov başını yelləyib gülümsədi:

– Mən o yazıçılardan deyiləm, istəsəm də ola bilmərəm. Düzdü, kompüterdə yazmaq daha asanddır. Ancaq mən onun arxasında oturan kimi bütün hisslərim donur. Buna görə də mən diyircəkli qələmlə yazıram və yəqin ki, həmişə belə olacam. – Danışa-danışa qəhərləndim və bunu Mələk hiss etməsin deyə susdum. Ancaq Mələk bu sarıdan çox həssasdı.

– Deyəsən, kədərləndiniz Reyhan xanım.

– Çingiz Aytmatov mənim ən çox sevdiyim yazıçılardan biridi. Onun qəhrəmanları ilə baş-başa verib yaşadığım günlər saya gəlməz. Çox qəribə, çox incə hissiyyat adamlarıdı onun qəhrəmanları. Həm də yenilməz, güclü adamlardı.

Hələ uşaqkən oxuyardım bu yazıçının əsərlərini və həmişə də qəlbimi sarmış kədər içində düşünərdim ki, elə bil o mənim həyatımı qələmə alıb. Təzədən əlimə çanta alıb köksümə sığmayan bir sevinc içində məktəbə tələsirəm, qəfil yağışdan sevinib güzgü kimi parıldayan gölməçələrin içiylə qaçıram. Göy qurşağına baxıb, ona qovuşmaq üçün quş olub uçmaq istəyirəm. Bu anlar mənim varlığımı göylər belə hiss etsin deyə, – Eheyy, mən burdayam, deyib qışqırmaq istəyirəm. Bu mənim uşaqlıq hissiyyatımdı, Mələk.

– Reyhan xanım, siz necə danışırsınız. İnanın ki, gözlərim yaşla doldu. İndi belə danışırsınız. Allah bilir gənclikdə necə olmusunuz?

– Mələk, əzizim, sən mənim çox incə, əziz hisslərimə toxunursan. Yaşa dolsam belə uşaqlığımla,  gəncliyimlə bağlı o hisslər, yenə həmin əlvanlığı, həmin qəribəliyi və şuxluğu ilə içimdə yaşayır. Görürsən ki, bayaqdan danışıram, susa bilmirəm.

– Aylardı mən danışıram, Reyhan xanım, siz ilk gündü  danışırsız. Bunu mənə çox görürsüz? Sizə qulaq asmaqdan doymaq olar? Ürəyimdə düşünürəm ki, belə oxumaq istəyi bu cür qəribə hissiyyat tək-tək uşaqlarda olar. Siz yəqin ki, sinfin ən sevimli şagirdi olmusuz.

– Mələk, sən elə sual verirsən ki, – deyib gülməyə başladım. – Uşaqlığımdan danıaşanda, inan ki, bu yaşımda belə dəyişib uşaq oluram. Deyirsən, indi hər şeyi açıb töküm? Bu kitab səndən bəhs olunur, əzizim. İndi  durub ürəyimi açıb töksəm düzgün olmaz. Həm də çox uzun çəkər.

– İnanın ki, danışmasanız əl çəkən deyiləm. Danışın görüm siz necə şagird olmusuz? Universitetə necə qəbul olmusuz. Reyhan xanım, gör nə vaxtdı öz həyatımdan danışıram, orda da ürək açılası çox az şey var. Bilmirəm, niyə belə olur? Amma siz danışanda ürəyim açılır. Hərdən sizə qoşulub doyunca gülürəm.

– Yaxşı, Mələk, təki sənin ürəyin açılsın, nə qədər desən danışaram.

Mələyin könlü açılsın, üzü gülsün deyə xoş günlərdən danışmaq istədim, amma təzə söhbətə kədərli günlərdən başladım.

– Mələk, gör yadıma nə düşdü. İlk dəfə gözümə eynək taxdığım gün. Bu qalın şüşəli eynəyi gözümə taxanda necə sevindim, Allah. Demək dünya mən gördüyümdən də gözəlmiş. Güllərin, çiçəklərin, yarpaqların, çölün, çəmənin, göylərin rəngi də bambaşqaymış. Atamın, anamın da üzü daha gözəlmiş, baxışları daha mehriban, daha doğmaymış. Bu eynəyi həkim təyin edənə qədər bir xeyli göz xəstəxanasında yatmış oldum. Uşaqlığımla bağlı ilk və çox acı günləri onda yaşadım. Axşam düşəndə əhvalım dözülməz dərəcədə pisləşirdi. Xəstəxananın o ürəksıxan ab-havası, xəstə uşaqlarına görə əzab yaşayan anaların kədərli şikayətləri ürəyimi elə sıxırdı ki, az qala nəfəsim kəsilirdi. Gecələrsə daha uzun olurdu, ilk dəfə ayrı düşdüyüm anam, atam gəlib gözüm önündə dayanırdı, gözlərim yuxu əvəzinə yaşla dolurdu. Gecənin hansı aləmindəsə qəfil yağış kimi küçələrə səpələnən ayaq səsləri eşidilirdi. – Mənim kimi gözlərinə yuxu getməyən azyaşlı bir uşağın anasının qibtə dolu səsi otağın alaqaranlığı içində necə qəmli səslənirdi:

– Bəxtəvərlər,Yaşıl Teatrdan qayıdırlar. İlahi, mənə də belə bir xoş gün nəsib et. Azərimin – körpə balamın gözlərinə işıq ver. Burda yatanların hamısını sevindir. Mən də onun içində. Bu acıların sonu gəlib çatdı. Həkim, atam və mən işıqlı bir otaqdaydıq. Ağ xalatlı, kök və şaqraq səsli həkim yenə əlində çubuq, rəqəmlər yazılmış işıqlı lövhənin önündə dayanmışdı. Mənimsə qorxudan ürəyim əsirdi. Ağlamaq tuturdu məni. Qorxurdum ki, həkim yenə kök üzündə dolaşan qayğısız təbəssümü və şaqraq səsiylə anama deyəcək:

– Beş-altı gün də müalicə edək, görək nəticəsi necə olacaq. Atam da ağlamsına-ağlamsına yaş dolu qəmli gözləriylə mənə baxıb deyəcək:

– Topuş bala, beş-altı gün də döz. Sonra həkim icazə versə də, verməsə də, səni götürüb aparacam kəndə.

O an ürəyim necə sıxılırdısa, atam əlimdən tutub, – yaxşı, yaxşı, ağlama. Gəl, gedək səni gəzdirim, –  deyir. Özü də xəlvətcə gözünü silirdi. Atam əlimdən tutub xəstəxananın ətrafındakı mağazalara girir və hər dəfə də məndən soruşurdu:

– Nə istəyirsən, topuş bala? Mənsə heç nə istəmirdim, atamın əlimdən tutan əlindən başqa, tez-tez mənə baxan baxışlarından başqa. Mən istəməsəm də, atam həmişəki kimi iri, kağız torbanı yeməli şeylərlə doldururdu.

– Bu hansı hərifdi, qızım. Həkimin şaqraq, qayğısız səsi məni düşüncələrdən ayırdı. Ürəyim əsə-əsə dedim:

– A hərfidi.

İkinci sətri göstərdi, dumanlı şəkildə olsa da hərfi düz dedim. Sonra heç nə görmədim. Həkim başını yelləyib çubuğu bir qırağa qoydu.  

– Yox, müalicə heç bir nəticə vermədi, – dedi. Uşağın gözləri yaxşı vəziyyətdə deyil. Əlac eynəyə qalıb.

Atam çarəsiz bir halda gözlərini yerə dikib köksünü ötürdü. Stolun arxasında oturan həkim atama baxıb nə hiss etdisə dedi:

– Fikir eləməyin, eynəklə yaxşı görəcək. Sonrası Allahın işidi. Həkimin səsi yenə şaqraq və qayğısız idi. Ürəyimdə ona elə acığım tuturdu ki. Elə bil atamın belə çarəsiz şəkildə ona fağır-fağır baxıb  köks ötürməsinin günahkarı həkim idi. Sonra mənə eynək yazıb dedi:

– Eynəyin nömrəsi on altıdı. Uşağa yazığım gəldi, ona görə bu eynəyi yazdım ki, heç olmasa  eynəklə yaxşı görə bilsin. Başqa həkimlərin tövsiyyə etdiyi qadağaları o da təkrar, bir-bir təkrar etdi: – Oxumaq olmaz, ağır iş olmaz, ailə qurmaq, övlad dünyaya gətirmək olmaz.

Söhbətin bu yerində ürəyim elə sıxıldı ki, nəfəsim təngidi. Mələyin hüznlü səsi eşidildi:

– Reyhan xanım, mən sizdən nə soruşmuşdum. Cavabında siz başqa şeylər danışdınız. Bəlkə, yadınıza salım? Soruşmuşdum ki, siz yəqin sinfin ən sevimli şagirdi olmusuz. Gəlin danışaq yaxşı şeylərdən.

– Elə o yerə gəlirəm də Mələk. Bakıda müalicə olduğum üçün xeyli vaxtdı ki, dərsə gəlmirdim. Gözümdə eynək içəri girəndə gözləmədiyim bir hadisə baş verdi. Hamı bir nəfər kimi ayağa qalxdı. Mən karıxıb qaldım. Firəngiz müəllim də deyəsən çaşmışdı. Hələ də ayaq üstə olan uşaqları süzüb mənə baxdı:

– Yoldaşların səni nə yaman çox istəyir Reyhan, – dedi və çaşqınlıqla baxan gözləri adəti üzrə çox sərt bir ifadə aldı. – Oturun. Yadınızda saxlayın. Sinifdə ancaq müəllimə görə ayağa qalxmaq olar. Hər dəfə o günü xatırlayanda özüm də təəccüblənirəm. Uşaqlar niyə məni görəndə ayağa qalxdılar?

– Sizi sevirlərmiş, həm də hörmət edirlərmiş.

Mən o uzaq illərin təsiri altında Mələyi çox danışmağa qoymadım. O günlər nə qədər qəribə, maraqlı və coşqun bir fərəh içində keçirmiş. Çox təəssüf ki, mən o günlərin gözəlliyini onda yox, indi anlayıram. Akif İslamzadənin ürək yanğısıyla oxuduğu bir mahnıda necə acı bir həqiqət var.

 

 Ötən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim.

 

İnsan həmişə belədi. Yanında olan xoşbəxtliyi, gözəlliyi görmür. Hər şey əlçatmaz, ünyetməz xəyallara dönəndə o günlər üçün necə həsrət çəkir. Yadımdadı, mən dərs danışanda qəfildən qonşu sinif otağının qapısı açılırdı. Sinfin bütün uşaqları qapının ağzında dayanıb mənə baxırdılar. Onların müəllimi məni göstərib deyirdi:

– Bu qıza baxın. Görün dərsi necə gözəl danışır. Bax, əsil şagird belə olar.

Sonra üzünü bizim ədəbiyyat müəllimimizə tutub davam edirdi:

– Ay Firudin müəllim, bu Reyhanda nə gözəl dil qabiliyyəti var. Vallah, mən bayaqdan o biri otaqdan bu qızın danışığına qulaq asıb məəttəl qalıram. Necə olub ki, bu yaşda onun nitqi belə formalaşıb.

Firudin müəllim gülümsünə-gülümsünə adəti üzrə təmkinlə, sakit bir tərzdə dillənirdi:

– Ay Füruzə müəllim, Reyhanın əlindən kitab düşmür e. Bizim bu kitabxanaçı Qəmər deyir ki, Reyhan kitabxanaya gələndə çaşıb qalıram. Ona verməyə təzə bir kitab tapa bilmirəm, hamısını oxuyub. İndi də keçib kənd kitabxanasına. Bu qədər kitab oxuyanın nitqi də, söz ehtiyatı da belə olar. Hə, yadıma bir xatirə də düşdü. Onu da danışım, bugünlük bəsdi. O vaxt «İstedad axtarırıq» şüarı altında kəndbəkənd, rayon-rayon axtarıb qabiliyyətli uşaqları tapırdılar. Bu festival bizim rayonda da keçirilirdi. Biz o günlərdə Hüseyn Cavidin «Ana» pyesini tamaşaya qoymaq istəyirdik. Dərnəyin rəhbəri Firudin müəllim idi. O pyesin baş qəhrəmanı olan ana rolunu mənə vermişdi. Mən o festivalın qalibi oldum. Yadımdadı, münsiflər heyətinin sədri mənim qolumdan tutub səhnədən düşürdü və soruşdu:

– Qızım, sən gələcəkdə kim olmaq istəyirsən?

Əslində mən aktrisa olmaq arzusundaydım. Ancaq bu arzumu dilimə gətirə bilmədim. Yəqin ki, sən də bilirsən, Mələk. O vaxt qızların bu sənətə gəlməsinə razı olmurdular. Buna görə də dedim:

– Mən jurnalist olmaq istəyirəm.

Kişi qətiyyətlə etiraz etdi:

– Yox qızım, yox, sən gəl, özündəki istedadı məhv etmə. Səndən gözəl aktrisa olar.

Ədəbiyyat müəllimimizə isə demişdilər ki, bu qız sadəcə bir şagird ola bilməz. Kimsə ona xüsusi bir dərs keçib, hazırlaşdırıb. Əməlli-başlı mübahisə düşüb. Axırda Firudin müəllim onları inandırıb ki, heç bir müəllim-zad olmayıb. Uşaq özü istedadlı şagirddi. Sonra onlar deyiblər ki, bu uşağı aparmaq istəyirik. Bu uşaq Azərbaycan Milli Dram Teatrının nəzdində olan  kursda çalışmalıdır. Ondan gözəl bir aktrisa olar.

Firudin müəllimi çox dilə tutublar. Axırda əlacsız qalıb deyib ki, gedin bu icazəni onun valideynlərindən alın. Mən sadəcə olaraq onun müəllimiyəm. Bir gün atam qapıdan içəri girib gülə-gülə dedi:

– Əşşi, bunlar nətəhər adamlardı, neçə gündü əl çəkmirlər məndən. Yox, deyirəm, yenə əl çəkmirlər. Anamın bir şey başa düşmədiyini görüb təzədən dindi:

– Reyhangil rayonda tamaşa verməmişdilər? Reyhan birinci yer tutdu axı. Bunlar da yapışıb yaxamdan ki, bu qızı Bakıya aparıb oxutmaq istəyirik. Dedim ki, a kişilər, əl çəkin yaxamdan, mənim sizə verməyə qızım yoxdu. O, hələ uşaqdı. Bircə gün bizdən ayrı düşsə ürəyi partlar uşağın. Bununla da söhbət qurtardı:

– Reyhan xanım, bəs siz öz arzunuzu atanıza bildirmədiniz?

– Yox, heç nə demədim. Bilirsən, Mələk, o vaxt kənddə qızların aktrisa olmasına çox pis baxırdılar. Əlbəttə, mən onlarla heç razılaşmırdım və bu xoşagəlməz münasibət ürəyimdə çox ağır bir kədər doğururdu. Ancaq mən uşaq idim, altıncı, yeddinci sinifdə oxuyurdum. Görürdüm, camaat bu məsələyə çox xoşagəlməz bir münasibət bəsləyirdilər. Mən də atamı pis vəziyyətdə qoymaq istəmirdim. Həm də görünür, bu hiss o qədər də ciddi bir hiss olmayıb. Ciddi bir istək olsaydı, sözümün üstündə durardım. İnanıram ki, atam mənə çox da mane olmazdı, çünki atam ölən günə qədər mənim heç bir istəyimə qarşı çıxmadı. Mən ondan nəinki bir acı söz, heç adi xoşagəlməz bir kəlmə də eşitmədim. Anam da eynən atam kimi:

– Reyhan xanım, düz deyirlər ki, ata qız övladını, ana isə oğlunu çox istəyir. Mən də atamı çox sevirdim. Anama deyə bilmədiklərimi atama deyirdim. Mələyin hüznlü səsini eşidəndə başa düşdüm ki, bu söhbət onu qüssələndirib.

– Mələk, deyəsən səni kədərləndirdim. Bu günlük bəsdi daha.

– Yox, Reyhan xanım, heç nə qurtarmadı. Mənim atamı xatırlamadığım gün olmayıb. Hər dəfə də qüssələnirəm, atamdan ötrü darıxıram sizin kimi. Bu da mənim həyat tərzimin bir hissəsidi.

Hiss edirdim ki, Mələk çox kədərlənib. Ona görə də İlisu səfəri haqqında söhbət saldım ki, bəlkə eyni açıla.

– Reyhan xanım, İlisuda olduğumuz gün yaddaqalan bir gün oldu. Xahiş edirəm, inciməyin, indi o xoş təəssüratları söyləmək əhvalında deyiləm. Başqa bir vaxt söylərəm. Yenə atamla bağlı xatirələr dünyasına düşmüşəm. Allah bilir ordan nə vaxt çıxacam. Elə mən də uşaqlığımla, atamla, anamla bağlı xatirələrin doğurduğu hüzün dolu xoş bir qüssə içindəydim. Bir küncə çəkilib bu xatirələrlə baş-başa vermək ruhumu dincəldir, narahat qəlbimə sakitlik gəirirdi.

Aradan bir neçə gün keçmişdi ki, Mələk zəng elədi. O, telefonun dəstəyini götürən kimi tez-tələsik salamlaşıb:

– Reyhan xanım, bağışlayın ki, sizi yenə narahat etdim. Son zəngimdən sonra özümə söz vermişdim ki, daha sizi tez-tez narahat etməyəcəm. Heç üçcə gün keçməmiş zəng elədim.

O, elə həyəcanla danışırdı ki, dayanıb nəfəsini dərdi. Mən narahat halda soruşdum:

– Nə baş verib, Mələk? Niyə belə gərgin, əsəbisən?

– Reyhan xanım, kiçik qardaşımın da ailəsi dağıldı. Düz on gün bundan qabaq məhkəmə oldu. Boşandılar. Doğrusunu deyim ki, bu barədə sizə danışmaq istəmirdim. Bu gün səhərdən evdə elə gərgin, elə ağır bir ab-hava var ki, sizə zəng etməsəydim, elə bil ki, nəfəsim kəsiləcəkdi.

– Yaxşı elədin, zəng elədin, Mələk, nəfəsini dər, de görüm noolub?

Birdən Mələk ağlamağa başladı:

– Bu nə gün, nə saatdı, Reyhan xanım, bu nə müsibətdi. Öz dərdimi çəkə bilmirdim. Qardaşıma baxıram, əlim yerdən-göydən üzülür. Laçın da əsəbi, həssas uşaqdı. Onun həkimi həmişə deyir ki, belə uşaqlar həmişə insanlardan pozitiv enerji almalıdı, əksinə olanda əhvalları kəskin sürətdə dəyişir. Dünəndən Laçının da halı dəyişib, söz soruşursan dinmir, iştahı da kəsilib. Anama baxıram, görürəm ki, halı özündə deyil. Anam təmkinli, sakit təbiətli bir qadındı.

Ah-uf eləyən, göz yaşı töküb haray-həşir salan qadınlardan deyil. İndi də biz hiss etməyək deyə ya mətbəxə, ya da bir otağa çəkilib, səssizcə ağlayır, öz-özünə gileylənir. Heç kəs bunu görməsə də, mən görürəm. Heç kəs bunu hiss etməsə də mən hiss edirəm. Qardaşım da dünəndən üzüquyulu yıxılıb qalıb. Bilirsiniz, niyə? O, yenə də susub nəfəsini dərməli oldu. Və çox üzgün, bezikmiş bir halda dilləndi:

– Məhkəmə olanda uşaqların dördünü də anaya verdilər. Uşaqlar bir-birinin ardınca doğulduqları üçün kiçikdilər. Həm də o qudurğan qadın uşaqları necə öyrətmişdisə hamısı analarının yanında qalmaq istəyirdilər. Halbuki uşaqlar atalarını daha çox istəyirdilər. Babək qapıdan içəri girən kimi böyür-başından sallaşırdılar. Anaları həkimdi, işdən çıxıb gah gözəllik salonuna, gah partnixaya, ya kiminsə ad gününə gedirdi. Yazıq qardaşım bir qadın tutmuşdu ki, o işdən dönənə kimi uşaqlara baxsın. Sonra o özü uşaqlara baxırdı. Gecə neçə dəfə durub üstlərini örtürdü, məktəbə, bağçaya özü aparıb gətirirdi. Nə isə, uzun söz-söhbətdən sonra məhkəmə qərar verdi ki, uşaqlar anasıyla qalacaqlar. Ata isə həftədə iki dəfə gedib uşaqlarıyla görüşə bilər. Babək bu qərarı heç cür qəbul edə bilmirdi. Elə hala düşüb ki, elə bil gerçək aləmlə əlaqəsi kəsilib. Di gəl, bu dərdə döz, görüm necə dözürsən. Yazıq anam donub qalıb e. Deyir bir məsəl var e, dərd-dərdi gətirər. Deyəsən, bu sözü bizi görüb deyiblər. Anamın gözlərinə baxa bilmirəm, bu gözlərdə nə qədər ələm, dərd var. Reyhan xanım,  o qədər əsəbiyəm ki, bir sözü qoyub o birinə keçirəm. Dünən qardaşım sevinə-sevinə ayın-oyun alıb, uşaqlarla görüşə getmişdi. Nə vəziyyətdə evə gəlmişdi, Allah. Aldığı şeylər hamısı əlində, rəngi-rufu zəhərlənmiş adamların rəngi kimi sapsarı, gözləri qan çanağı. Şeyləri bir tərəfə tullayıb üzüquyulu yatağa yıxıldı. Uzun yalvar-yaxardan sonra dedi ki, o ifritə, uşaqlara nə deyibsə, necə öyrədibsə uşaqların heç biri mənə yaxın gəlmədi. Nə qədər dilə tutdum, heç veclərinə də deyildi. Yaxınlaşmaq istədim qaçıb gedib analarının böyründə dayandılar. O ifritə də mənə  baxıb gülümsəyirdi. Bu sözləri deyib, Babək elə ağladı ki…

Mələk bir anlığa susub ağlaya-ağlaya dedi:

– Qardaşım iricüssəli, ucaboylu bir oğlandı. Elə ağlayırdı ki, Reyhan xanım, uzandığı o boyda çarpayı da titrəyirdi. Mən daha qardaşıma baxa bilməyib öz otağıma qaçdım. Nə yaxşı ki, siz varsınız, Reyhan xanım. Görürsünüz ki, yenə sizə zəng elədim.

Doğrusu, acı bir qəhər boğaz yolumu elə tutmuşdu ki, ağzımı açıb bir söz deyə bilmirdim. Dillənsəydim bəlkə də Mələkdən betər ağlayacaqdım. İçimdə dolaşan söz köz kimi ürəyimi yandırıb-yaxırdı.

– Bilirəm, Reyhan xanım, söz tapa bilmirsiniz? Hə, sizin yerinizə olsam mən də belə məqamda söz tapıb deyə bilmərəm. İlahi, yenə sizi kövrəltdim. Bəlkə dəstəyi asasınız. Sonra danışarıq.

– Yox, bir az kövrəldim, ötüb keçdi. Mən bir şeyi bilmək istəyirəm, Mələk. Dörd uşaq anası, hamısı da oğlan, ən əsası isə sağlam uşaqlar. Dediklərinizdən başa düşdüm ki, Babək də çox gözəl ata və həyat yoldaşıdı. Bəs bu ayrılığın səbəbi nədi? Necə oldu ki, o qadın həyat yoldaşına düşmən kəsildi?

– Bir məsəl var e, Reyhan xanım, anasına bax qızını al, qırağına bax, bezini al. Günay belə deyildi, onu anası yoldan çıxartdı. Nə qədər ki, atam sağ idi və bir əli də onların üstündə idi. Günayın da, ata-anasının da dilindən Ziya müəllim sözü düşmürdü. Atam dünyasını dəyişəndən sonra hər şey dəyişdi. Bir gün eşitdik ki, Günayın anası böyük bir xarici ölkəyə gedib. Orda bizneslə məşğul olmaq istəyir. İnanın, anam da, mən də, hətta böyük qardaşım da təəccüb qaldı. Düzdü, o qadın hökmlü, necə deyərlər, boyevoy qadın idi. Anam demişkən, handa bir kişi gedib xarici ölkədə biznes qura  bilmir, bəs bu qadın xeylağı necə qurub-yaradacaq? Çox keçmədi, eşitdik ki, Hökumə xala öz işini qurub-yaradıb və əməlli-başlı qazancı da var. Evə paçka-paçka pullar göndərir. Arvad pul göndərir, ərsə bir ucdan ev alır, obyekt alır. İnanın, hamımız mat qalmışdıq. Anam elə hey deyirdi:

– Xaraba qalsın belə zəmanəni. Arvad gör haralarda qazanc qazanır, kişi də oturub evdə uşaqlara baxır.

Arvadının puluyla ev alır, obyekt alır. – Sonra da nigaran bir halda deyinirdi:

– Mənim o qapıya elçi getdiyim yerdə qıçım sınaydı. Belə getsə bu qız da qudurub cızığından çıxacaq. Yazıq balamın başına bəla açacaq. Elə belə də oldu. Bir gün qardaşım çox qaşqabaqlı, qanı qaralmış halda bizə gəldi. Dedi, gecəni burda qalacam. O dəqiqə anam nigaran bir baxışla əvvəl mənə, sonra da Babəkə baxıb soruşdu:

– Qalmağına qal, nolacaq. Öz ata evindi. Ancaq gizlətmə, de görüm, nolub? Sən uşaqlardan ayrı qalmazdın. O, bir xeyli susub danışmadı, sonra dilxor halda:

– Daha bezmişəm, canım boğazıma yığılıb, – dedi. Uşaqlar olmasa o cür qadını bircə gün də saxlamaram. Mən də uşaqlarsız qala bilmərəm.

Babək qalxıb evin içində o yan, bu yana yeriyə-yeriyə səsini qaldırdı:

– İndiyə qədər hansı havanı çaldı, oynadım. Özünüz bilirsiz də, evin işini də görürdüm, uşaqlara da mən baxırdım.

– Əlinnən bir iş gəlirdi ki, görsün? Nə bir fərli xörək bişirə bilirdi, ev də ki, həmişə səliqəsiz, toz-torpaq içində. Anam əlini dizinə vurdu:

– Gərək mən Mələyin sözünə baxaydım. Qızı tanıyan gündən dedi ki, bu yoldan çəkilsəniz, yaxşıdı. Düz deyirmiş. Onunku elə odu ki, gündə təzə bir paltar geyinsin, gündə saçını bir formada düzəldib, qır-qızıldan da taxıb işə qaçsın. Nə yaman böyük səhv elədim mən.

– Bu sözlərin yeri deyil ana. Daldan atılan daş topuğa dəyər, – deyib Babəkə baxdım. – Nə istəyir axı bu qız?

– Anasının yanına getmək istəyir.

– Necə yəni anasının yanına getmək istəyir, – deyib gözlərini döyə-döyə Babəkə baxdı: – Bəs bunun dörd balaca balası var.

Babək tələm-tələsik halda anamın sözünü kəsdi:

– Ürəyindən keçir ki, atası kimi mən oturub evdə uşaq saxlayım, o da anasına qoşulub bizneslə məşğul olsun. Anası kimi qaz vurub, qazan doldursun.

– Allah, sən saxla Allah, – anam bu sözləri deyib heyrət içində təzədən dindi. – Var-dövlət qızın başını xarab eləyib e. Heç qardaşlarına baxıb nəticə çıxartmır. Nolsun ki, gündə bir ev alırlar, obyekt alırlar. Kim oturacaq o evin içində. Qardaşının biri narkoman, biri də qoşulub vəhabilərə. Öz aləmindədi. Heç bilmir ev nədi, ata-ana hardadı. Bir ağlı başında qardaşı vardı. O da arvad-uşağını da götürüb qaçdı qayınatasının evinə. Neynəsin, gördü də, atası-anası hansı ağlın sahibidi. Qaçıb canını qurtardı, ailəsini dağılmağa qoymadı.

Mən özümü saxlaya bilməyib soruşdum:

– Bəs sən nə deyirsən? Niyə onu başa salmırsan ki, bu yol düzgün yol deyil.

Anası onu elə yoldan çıxardıb ki, gözünə nə uşaq görünür, nə də mən. Ancaq pul, var-dövlətlə yaxşı yaşamaq hayındadı.

– Bəyəm, siz acından ölürsüz? Sistemdə işləyirsiz, bir parça çörəyin var. Alnın açıq, üzün ağ.

– Eh, ana, sən gərək gedib ağız açmayaydın, – deyə Babək yorğun və əsəbi halda anamın sözünü kəsdi. – Elə bilirsən o sahədə təmiz işləmək asanddı? Neçə ildi dözürəm. Evdə də, işdə də günüm qaradı. Hər gün evdə qırğın. Deyir ki, quruca maaşla  adam acından ölər.

– İşdə niyə, bala? Sən heç vaxt şikayət etməmisən axı. Deyəsən arvad səni də yoldan çıxardıb aparmaq istəyir. Get də, sən də get qısıl qayınananın böyrünə. Yəqin deyir qazancın bizə çatmır.

– Ana, xahiş edirəm, sən də mənim üstümə gəlmə. – Babək anamı axıradək danışmağa qoymadı. Elə bil ayaq üstə dayanmağa gücü çatmadı. Təzədən yerində oturub çox üzgün bir halda başını yellədi: – Birincisi, ora gedən kimdi? İkincisi də o heç istəmir ki, mən ona qoşulum gedim. Fikri budu ki, mən evdə oturub uşaqlara baxım?

– Ay Ziya, ay Ziya, məni niyə tək qoyub getdin? –Anam susub başını aşağı saldı, çiyinləri titrədi. Reyhan xanım ilk dəfəydi anamı belə çarəsiz görürdüm.

– Mən daha dözə bilmirəm, Ziya. Niyə bizim balalarımız xoşbəxt ola bilmir? – Anam  gözünün yaşını silib yenə ciddi və təmkinli bir baxışla Babəkə baxıb: – Sən o qızın öhdəsindən gələ bilməyəcəksən Babək, – dedi. – Bəlkə bir müddət burda qalasan. Qoy uşaqlarla tək qalsın evin altında, bəlkə onda onun ağlı başına gələr.

– Yox, ana, yox, o düzələn deyil. Onun başı çönüb. Çoxdandı onunla dava-qırğındayam. Onun əlindən nə desən gələr. Təki anasının yanına getsin.

– Sən nə demək istəyirsən, Babək?  Yəni deyirsən o sənə xətər toxundura bilər?

Babək gözlərini yerə dikib susanda anam ayağa qalxıb:

– O qız həddini aşıb lap – dedi və təkid etdi: – Dur, dur ayağa, gedirik sizə. Mən ona həddini bildirərəm. Niyə axı, bu vaxta qədər sən bizə heç nə deməmisən?

Babək başını yelləyib güldü, bu gülməkdən çox ağlamağa bənzəyirdi:

– Ehh, ana, nə deyəydim axı sənə. Sizin dərdiniz başınızdan aşır. Bir də ki bizim heç birimiz o cür adamlarla bacara bilmərik. Bayaq sənə dedim axı. İşdə də günüm qaradı. Hamısının gözü mənim üstümdədi. Güdürlər məni, hara getdim, neynədim, kimnən danışdım?

Anam çarəsiz-çarəsiz onun sözünü kəsdi:

– Niyə axı, bala, niyə?

– Çünki mən Ziyanın oğluyam. Üzüağ, alnıaçıq, mərd, ləyaqətli, halal çörəyini yeyən bir kişinin oğluyam. Ona görə də məni ləkələməyə çalışırlar. Gözləri götürmür məni.

Reyhan xanım, o gün gözlərimin önündə anamın qəddi əyildi. Sındı anam. Bu qədər dərdlərin önündə şikayətlənmədən, gileylənmədən durub dözən anam Babəkin bu vəziyyətə düşməsinə tab gətirə bilmədi. Tez-tez ağlaya-ağlaya mənə şikayətlənir:

Mələk, sən ağıllı, səbirli ol. Mələk, bu halımı dərd eləmə özünə. Mən yaşlı insanam, daha gücüm çatmır. Həyatımda ikinci dəfədi ki, canımı qorxu, vahimə elə alıb ki, daha işıq ucu görə bilmirəm. Rəhmətlik Ziya dünyasını dəyişəndə də qorxmuşdum. Başımı elə itirmişdim ki, nə edəcəyimi bilmirdim.

Anam gözümün qabağında hönkürüb ağlayanda ağlıma gəldi ki, deyəsən anamızı da itirəcəyik. Bu fikirdən elə xoflandım ki, damarlarımda axan qanım dondu. Məni buz kimi soyuq tər basdı. Məndən xəbərsiz olan anam təzədən danışmağa başladı:

– Atanız rəhmətə gedəndə qardaşların hələ tələbə idi. Sənin də bir uşağını əlindən almışdılar. Biri qucağında, özün də xəstəhal. Atan içində yaşadığımız o həyət evindən başqa heç nə qoyub getməmişdi. Yadındadı, o məşhur qadının dediyi söz? Ziya müəllimin evi budu? Yaxşı ki, atanın sadiq dostları vardı. Onların köməkliyi ilə onun maşınını ömürlük mənim adıma keçirtdilər. İndiyə kimi hamımız o maşınla dolanırıq. Yoxsa, bilmirəm halımız necə olardı?

Mən dözə bilməyib üzgün halda anamın sözünü kəsdim:

– Bunların hamısını mən də bilirəm. Niyə danışıb əhvalını daha da pisləşdirirsən?

– Elə bilirsən, susmaq asanddır? İllər uzunu susurdum. Babəkin bu halını görüb daha susa bilmədim. Yadındadı, qardaşların universiteti qurtarandan sonra işsiz qalmışdılar. Yenə gedib lazım olan yerlərə şikayət etdim. Dedim, Ziya düzgün adam olub, təmiz, mərd adam olub. Bir tikə haram çörək gətirməyib evinə. Özü də elə iş stolunun arxasında dəyişdi dünyasını. İndi Ziyanın balaları qalıb ortalıqda. Niyə onlara iş verən yoxdu. Çox çəkmədi ki, ikisinə də iş verdilər. Amma qardaşların neylədi? Böyük qardaşın bir-iki ay işləyəndən sonra dedi ki, mən o cür saxtakar, simasız adamlarla işləyə bilmərəm. Ərizəsini verib çıxdı işdən. Dedim niyə belə edirsən, Aqil? Dedi bacarmıram ana, mən düz yolla gedirəm bu yolu, bunu mənə atam öyrədib. Dedim axı, elə atan işlədiyi vaxtda da sən dediyin o adamlar olub. Bəs niyə o son nəfəsinə qədər işlədi, öz mənliyinə, əqidəsinə sadiq qaldı:

– Görünür atam çox güclü adam olub. Mən onun kimi ola bilmədim. Məcbur olub yaşadığımız o həyət evini satdıq. Ev yaxşı yerdə olduğu üçün yaxşı qiymətə də satıldı. Pulun bir hissəsini verib bu yeni tikilən binada bu evi  aldıq. Bir hissəsini də Aqil götürüb bizneslə məşğul olmağa başladı. Allaha şükür, indi də öz işiylə məşğuldur. Məni Babəkin fikri götürüb. Gör arvad onu nə günə qoydu. Belə getsə, işdən də çıxacaq. Çünki müstəntiq işi çətindi. Gərək adamın ağlı başında olsun. Bədbəxt balamın fikri özündə deyil.

– Uşaqların fikrini eləyir, ana, özünü bu qədər üzmə, – dedim. Sonra hər şey düzələcək. İndi hələ təzədi. Bu ayrılığa dözə bilmir.

– Yox, heç nə düzəlmir Reyhan xanım, heç nə. Günlər, aylar ötüb keçir, Babəkin halı daha da pisləşir. İşdən çıxıb oturub yanımızda, nə dinir, nə danışır. Eşidəndə ki, arvadı, uşağı atasının yanında qoyub, özü də çıxıb gedib o uzaq ölkəyə, anasının yanına, az qaldı dəli olsun. Reyhan xanım, bizim qızlarımız, gəlinlərimiz nə günə qalıb? Elə bil bu da dəbə düşüb. Kişilər oturur evdə, arvadlar işə gedir.

Mənim dodaqlarımdan acı bir gülüş qopdu və acı bir kinayə ilə dedim:

– İndi matriarxat dövrü başlayıb də, Mələk. İndi meydanlarda at oynadan qadınlardı.

Mələk də güldü və gülə-gülə dedi:

– Mənim də yadıma bir şey düşdü, Reyhan xanım. Deməsəm ürəyim partlayar. Mənim rəhmətlik ata-anam tez-tez deyərdi, od tutub yanasan səni belə dünya, gözümüz nələr gördü? Deyirdi ki, bu zamana qızlarının, gəlinlərinin geyiminə, keçiminə, oturuşuna, duruşuna baxıram, baxıram, əl-ayağım yerdən-göydən üzülür. Üzünü mənə tutub deyərdi, bizim vaxtımızda belə qızlar, gəlinlərər üçün deyərdilər.

 

Mən gəlmişəm, sarı geyib sallanam,

Gəlməmişəm aşbaz olub,

Qor-qoduğa allanam.

 

 Mən də zarafata salıb deyirdim ki, ay nənə, sən Allah, o qor-qoduq sözünü ordan çıxart, ayrı söz de.

Atamın anası da yaman sərt, ciddi bir arvad idi. Deyirdi yox, elə-belə yaxşıdı. Bəzi qızlar lətifəsi bizdən uzaq olsun, ər evinə gedəndən sonra əri də, qayınananı, qayınatanı da qor-qoduq gözündə görür. Yaxşı ki, nənəm rəhmətə getdi və görmədi ki, belə qudurğan, azğın qadının güdazına getdi onun nəvəsi.

O gün ikimiz də çox acı bir üzüntü içində bir-birimizdən ayrıldıq. Bir müddət Mələkdən zəng gəlmədi. Mənə zəng eləməyə ürək eləmirdi. Fikirləşirdim ki, bəlkə əhvalı heç yaxşı deyil.  Bir kimsəylə danışmaq istəmir. Heç gözləmədiyim halda  Mələyin anası Səmayə xanım mənə zəng elədi. Səsindən hiss elədim ki, qadın çox ağır bir üzüntü içindədi. Demə Mələyin dedikləri doğru imiş. Səsindəki ağır üzüntüyə baxmayaraq qadın çox təmkinli və həyəcansız  danışmağa çalışırdı. Hal-əhval tutandan sonra:

– Sizi narahat etdiyim üçün üzr istəyirəm,  – dedi və əlavə etdi: – Mələk sizin haqqınızda o qədər danışıb ki, elə bil sizi çoxdan tanıyıram. Sizi özümə doğma bir adam kimi hiss edirəm.

– Sağ olun Səmayə xanım. Mələk də sizdən mənə çox danışıb. Sizə çox böyük hörmətim var.

– Sağ olun, Allah sizdən razı olsun. Reyhan xanım, yəqin ki, Mələk kiçik oğlumun başına gələnlərdən  danışıb.

Deyəsən Səmayə xanımın üzüntüsünü gizlətməyə gücü çatmadı.  Danışanda səsi xəfifcə titrədi:

– Bizim başımıza  daha nələr gəlmədi, Reyhan xanım?

– Allah köməyiniz olsun, Səmayə xanım. Allah sizə səbir versin.

– Sağ olun, Reyhan xanım. Mələyin söhbətlərindən hiss etmişəm ki, siz də, yoldaşınız da çox xeyirxah adamlarsız. Ağıllı, savadlı uşaqlarınız var. Allah bədnəzərdən qorusun, oğlunuz da dövlət qulluğunda işləyir. Mələk deyir ki, çox savadlı, həssas oğlandı. Gücü çatan qədər insanlara kömək etməyə çalışır. Ona görə də istəyirəm  ki, oğlunuz Babəklə görüşüb bir az söhbət eləsin. Düzdür, Babək oğlunuzdan xeyli böyükdü. Amma ağıl yaşda deyil, başdadı. Bir də ki, onlarda xasiyyət oxşarlığı var. Babəkin vəziyyəti  indi çox pisdi.  Ağır bir depressiya içindədi. Heç kəslə də söhbət eləmək istəmir. Bəlkə bunun bir köməyi dəydi Babəkə.

– Hə, yaxşı olar, Səmayə xanım. Siz necə istəyirsiz elə də olsun. İnanıram ki, onların söhbəti  tutacaq.

– Onda Babəkin nömrəsini verin zəngləşib görüşsünlər. Sizə bir sözüm də var, Reyhan xanım. Bilmirəm, heç necə deyim.

– Heç sıxılmayın, Səmayə xanım. Sözünüzü deyin.

– Vallah, sizi özümə o qədər doğma və yaxın hiss edirəm  ki, ona görə bu sözləri deyirəm.

– Eşidirəm, Səmayə xanım.

– Reyhan xanım, sizin oğlunuz elə bir nazirlikdə işləyir ki, ordan xarici ölkəyə getmək şansı daha çoxdu. Vallah, Babək sarıdan o qədər narahatam ki, sizdən kömək umuram. Deyirəm bəlkə, oğlunuz, ya yoldaşınız Babəkin o nazirlikdə işə düzəlməsində bizə kömək edəsiniz. Bizdən asılı olan bir şey olsa, biz hazırıq. Təki Babək ora işə düzəlsin. Sonra da çıxıb getsin başqa bir ölkəyə. Yoxsa burda qalsa,  o çətin özünə gələ. Allah pis qadınların cəzasını versin. İmkan vermir ki, yazıq balam heç olmasa balalarıyla görüşüb sakitləşsin. Özü də dörd balasını atıb atasının yanına, çıxıb gedib. Bu nə zəmanədi? Kişi dayəlik edir, arvadı bilmirəm vallah, hansı ölkədə biznes qurub. Qızını da dartıb apardı yanına. Ziya sağ olsaydı, belə olmazdı axı. Ziya olan yerdə heç cınqırtılarını da çıxarmırdılar. Sizi də narahat elədim e, Reyhan xanım. Özüm Mələyə deyirəm ki, sən Reyhan xanımın vaxtını çox alırsan, işi-gücü tökülüb qalır.

İndi mən özüm Mələkdən betər oldum.

– Səmayə xanım, elə danışırsız ki, nəsə böyük bir iş görürəm. Siz danışırsız, mən də dinləyirəm. Burda nə var ki…

– Elə deməyin, vallah, adamı dinləməyin özü də savabdır, insanlıqdan irəli gələn yaxşı bir şeydi. Mən bəzən gəlinimlə… Bu yerdə Səmayə xanım susdu və peşman-peşman təzədən dindi:

– Vallah, heç gəlinim deməyə də dilim gəlmir. Oğlum elə onun adını nahaq yerə ifritə qoymayıb. Hərdən Babəkgilə tez-tez gedirdim. Ana olan kəs heç fikirləşmirdi ki, bu uşaq mən işə gedəndən sonra nə yeyəcək? Evin bütün dərdi-səri tökülmüşdü Babəkin üstünə. İşdən çıxıb təngənəfəs gəlirdi evə. Bilmirdi neyləsin. Uşaqlar ac, ev tökülüb itir. Bu dediklərimi Babək eşitsə, dünyanı dağıdar e. Bilirsən, Reyhan xanım, o necə oğlan idi. Sözünün qabağına söz demək olmurdu. Babək nədi, oturub evdə uşaqlara baxmaq, xörək bişirmək nədi. Belə yerdə deyiblər e, arvad var, kişini göylərə qaldırır, arvad da var ki, kişinin adını batırıb heç eyləyir.  Görürdüm balam əziyyət çəkir, uşaqlarına görə dözüb durur, tez-tez gəlib ev-eşiyi təmizləyirdim. Demək düz olmaz, xörək hazırlayırdım, nə qədər peraşki, qutab bişirirdim ki, ac qalmasınlar. Onu deyirdim axı, bayaq sözüm yarımçıq qaldı. Hərdən söhbət eləyib bu ifritəni başa salmaq istəyirdim ki, qadının ən vacib işi uşağına, ev-eşiyinə baxmağıdı. Özü də elə israfçı idi ki, əlinə keçəni ağına-bozuna baxmadan tullayırdı. Balamın qazandığını heç eləyib deyirdi ki, Babək nə qazanır e. Anam bizə kömək eləməsə acından ölərik. Mən də deyirdim ki, ay bala, ərin az qazanır, deməli aza qane olmalısan. Görmürsən çətin zəmanədi, ölkədə müharibə gedir, millət zillət içindədi. Sən aza qane olmursan, bəs ev-eşiyindən didərgin düşmüş imkansızlar neyləsin? Bir tərəfdən də əzizlərini, doğmalarını itirirlər.

– Danışmayın, danışmayın, – deyib qulaqlarını tutub üz-gözünü turşudurdu. – Nastroyeniyam pozulur. Onda quruyub qalırdım. Fikirləşirdim ki, Allah, bunu Babək hardan tapıb gətirib? Bunun nəyini sevib oğlum?

Babək millətin dərdindən-sərindən danışmağa başlayanda:

– Danışma, danışma, – deyib öz otağına sarı gedə-gedə deyirdi:

– Onsuz da xəstələr əhvalımı korlayır. Sən də bir tərəfdən korlama. Qapını daldan bağlayıb bir xeyli otaqdan çıxmırdı. – Sözümü ona gətirirəm ki, hər adam söz dinləməyi bacarmır. Axırı da gəldi çıxdı bu yerə. Başımı elə itirmişəm ki, nə edəcəyimi bilmirəm, sizi də narahat edirəm. Sən allah, bağışlayın.

– Heç bir narahatçılıq yoxdu, Səmayə xanım. İstərdim ki, sizə bir köməyim dəysin. Elə indi Babəkin nömrəsini oğluma verərəm. İşdən çıxanda zəngləşib görüşərlər. Bəlkə elə doğrudan da sözləri tutacaq?

Dəstəyi asandan sonra oğluna zəng edib vəziyyəti ona danışdım. Dedi ki, mən işdən çıxan kimi Babəklə zəngləşib danışaram, sən narahat olma. Oğlumun evə qayıtmasını səbirsizliklə gözləyirdim. Çox istəyirdim ki, bu görüş Babəkin düşdüyü bu böhranlı və ağır vəziyyətdən çıxmasına  gec də olsa kömək etsin. Oğlum evə girən kimi üz-gözündən hiss etdim ki, çox dilxordu.

– Ana, Babək bu dəfə çox ağır bir depressiya içindədi. Uşaqlarının ayrılığına heç cür dözə bilmir. – Onun arvadı necə insandı, – deyib çox kədərli bir halda davam etdi: – Babək and içir ki, o uşaqların əziyyətini mən çəkmişəm. Uşaqların nə istəyi, nə sözü olsa mənə deyirdilər, heç ona yaxın da düşmürdülər. İndi dəhşətə gəlir ki, bu qadın necə adammış, mən bu illər ərzində onu tanımamışam. Qısa müddət ərzində necə elədi ki, uşaqlar tamamilə məndən soyudular, indi mənə heç yaxın da gəlmirlər, məni görmək istəmirlər. Ana, inan ki, mən elə sarsılmışdım ki, necə olursa-olsun ona kömək etmək istəyirdim. Ancaq mümkün olmadı. Ortalığa nə qədər söhbət salsam da o fikrini cəmləşdirib mənə qulaq asa bilmirdi. Elə hey gözləri dolub-boşalırdı.

Mən naümid bir əhvalla dinləndim:

– Bəs iş barəsində necə, bir söz dedimi?

– Hə, dedi. Ümumiyyətlə bu vəziyyətdə onun prokurorluqda işləməsi mümkün deyil. Çünki fikri çox dağınıqdı. Çox böhranlı anlar yaşayır. Bizim  sahədə işləməyinə gələndə isə buna da vaxt lazımdı. İndi işə girmək üçün test üsulu ilə imtahan verməlidi.

– Özümü elə itirmişəm ki,  Səmayə xanıma heç nə demədim. İndi ağlıma gəlir ki, işə girmək üçün imahan vermək lazımdı. Uzaqdan hər şey başqa cür görünür. Yazıçı, jurnalist, sən də ki nazirliyin işçisi. Bu sözlər kənardan nə qədər də cazibəli, gurultulu səslənir. Səmayə xanım da fikirləşir ki, bir ailədə bunların hamısı varsa, yəqin ki, nəsə bir iş görmək olar. Reallığa gələndə isə baxıb görürsən ki, heç nə eləyə bilmirsən. İndi yazıçıya qiymət verən kimdi?

Oğlum dilxor halda sözümü kəsdi:

– Ana, hiss etdim ki, Babək savadlı oğlandı. O hazırlaşsa imtahan verib elə bizim nazirlikdə də işə girə bilər. Məsələ ondadı ki, bu vəziyyətdə o imtahana hazırlaşa bilməz.

– Ona zaman lazımdı, oğlum. Zaman çox dərdlərin dərmanıdı. Ancaq Səmayə xanım zəng eləsə mən ona nə cavab verəcəm? – Bu  sual mənə çox əzab verirdi. Məni bu əzabdan Mələyin zəngi xilas etdi. Səsindən hiss etdim ki, deyəsən işlər yaxşılığa doğru gedir. Mələk ürəyimdən keçənləri hiss edibmiş kimi:

– Reyhan xanım, bilirəm, siz də narahatsınız, – dedi. – Üzülməyin, hər şey yaxşılığa doğru gedir. Elə günü sabah Babəki Türkiyəyə yola salırıq.

– Allah səni sevindirsin, Mələk, çox sevindim. Neçə gün idi narahat idim. Səmayə xanım məndən kömək gözləyirdi.

– Reyhan xanım, burda sizlik bir şey yoxdu. Anam özü də hər şeyi başa düşür. Sadəcə olaraq o çox həyəcanlı və gərgin idi. Məndən xəbərsiz sizə zəng edib. Anam oğlunuzu çox tərifləyir. Neçə dəfə Babəklə görüşüb, hətta ona imtahan üçün testlər də tapıb gətirib. İndi Babəkin durumu elədir ki, imtahana hazırlaşa bilməz. Deyir ki, Türkiyədən gələndən sonra Reyhan xanımın oğlu ilə görüşəcəymi? Deyir ki, o mirovoy oğlandı, onunla dost olmağa dəyər. İndi Babəkə ən vacib olan şey mühitini dəyişməkdi.

– Nə yaxşı belə bir imkan yarandı. Mələk o qədər həyəcanlı idi ki, sözümü tez kəsdi:

– Anam neçə gün zülüm çəkdi. Tanış bir həkim demişdi ki, Babəki tez bir zamanda burdan uzaqlaşdırmaq lazımdı. Yoxsa vəziyyəti çox pisləşəcək. Yazıq anam fikirləşə-fikirləşə qalmışdı ki, bunu hara göndərim ki, uşaqların fikrindən bir az uzaqlaşsın. Sonra yadına düşdü ki, Türkiyədə atamın yaxın bir dostu var. Onlar çox yaxın idilər. Atam rəhmətlik sağlığında bir iş üçün Türkiyəyə gedəndə onlarda qalardı. Dostu da buralara gələndə heç yerə getməzdi, bizə qonaq olardı. Bir gün anam qəfildən sevincək halda deli:

– Ay Allah, gör ağlımız necə çaşıb ki, atamın dostu Ömər yadımıza düşmür. Biz də adam axtarırıq ki, Babəki hara göndərək. Bax belə, Reyhan xanım, anam Ömər dayıgilə zəng elədi. Allaha şükür, hər şey yoluna düşdü. Kişi yaxşı işdə işləyir, imkanlı adamdı. Anama deyib ki, sən heç fikir eləmə, Səmayə xanım. Ziya yoxdu, mən varam. İstəsə, Babək üçün burda iş də taparam.

– Mələk, düz deyirlər ki, Allah bir yandan bağlayanda, bir yandan da açar. Vallah, mən də çox sevindim. Elə bil üstümdən dağ götürüldü.

– Heç məni demirsən, Reyhan xanım. Sevindiyimdən ayağım yerə dəymir. Elə bil uçuram. Anam yazıq mənim dərdimə güclə dözürdü. Məni fikir götürmüşdü ki, belə getsə, anam dözə bilməyəcək, yatağa düşəcək. Bu Babək də  demə başqa cür imiş e, Reyhan xanım. Subay vaxtı elə kefkom, elə azad, sərbəst insandı ki. Hərdən mənə baxıb deyərdi ki, ay bədbəxt, bu uşaqlar sənə can verəcək? Niyə özünü öldürürsən? Belə getsə, vallah, xəstə düşəcəksən. Yazıqsan, özünə də fikir ver.  Toğrul üçün nə qədər fikir çəkdiyimi hiss edib deyirdi ki,vallah, yazıq adamsan. Ay qız, Toğrul yad əllərdə deyil ki?  Babasının, nənəsinin yanındadı də. Onlar ona səndən də yaxşı baxırlar. Yağ içində böyrək kimi saxlayırlar. Mən də o gün onun halına baxıb dedim:

– Babək, bəs sən mənə lağ eləyirdin? İndi, görürsən, dözmək olmur. Sənin də uşaqların babalarının yanındadı. Özü də var-dövlətləri başlarından aşır. Sən niyə özünü öldürürsən? Gördüm çox pis oldu, başını aşağı salıb dinmədi.

– Mələk, mən səndən xeyli böyüyəm. Ona görə də hiss etdiyimi deyirəm. İnsan  bir uşaq vaxtı xoşbəxt olur. Uşaqlıq insanın ən bəxtiyar, ən bəxtəvər çağlarıdı. Heç bir sevgi, heç bir qayğı valideyn sevgisini əvəz eləmir. Bir də uşaqlar balaca olanda ata-ana da xoşbəxt olur. Təsəvvür et, uşağa bir oyuncaq alırsan, uşaq sevinəndə valideyn də sevinir. O sevinci təzədən yaşayır, özü də sevincək bir uşağa dönür. Ona görə də Babəki qınamaq olmaz. Sən məni bağışla, Mələk. Yəqin fikirləşirsən ki, sənin də Toğrulunu uşaqkən əlindən aldılar, onun necə böyüdüyünü görmədin. Amma şükür et ki, Laçın həmişə yanında olub.  Babəkinsə dörd uşağını qəfildən əlindən aldılar.

– Reyhan xanım, mən inanıram ki, nə vaxtsa o uşaqlar Babəkin yanına qayıdacaqlar. Çünki ana onları atıb gedib. Baba yaşlı bir adamdı. Nə olsun ki, dövlətli, imkanlı adamlardı. Uşaqlara lazım olan sevgini ata-anadan başqa heç nə, heç kim verə bilməz.

Hiss etdim ki, söhbət bu mövzuda uzanıb getdikcə Mələyin sevincinə bir nisgil, bir həsrət qarışacaq. Ona görə də söhbəti dəyişdim.

– Mələk, yadındadı, sən Hamletlə bir yerdə İlisuya getdiyindən danışırdı. Sonra ortaya başqa söhbətlər düşdü. O vaxtdan bu günəcən bu söhbət yarımçıq qaldı. Özü də bu sizin toy səyahətinizin ilk günü idi. Danış görək, İlisuya nə vaxt çatdınız? Necə dincəldiniz? Oralar gözəl idimi?

– Reyhan xanım, siz İlisuda olmusunuzmu?

– Yox, olmamışam.

O, həyəcanlı bir tərzdə sözümü kəsdi:

– İmkan düşən kimi oralara gedin. Ora cənnət məkandır. Biz İlisuya çatanda artıq hava açılmışdı. Səhər Günəşinin sərin şəfəqləri dağın döşündən meşəyə səpələnirdi. Meşənin  nə qədər rəngi olarmış, Reyhan xanım. Meşə elə bil rənglərin alovunda od tutub yanırdı. Meşənin ətəyində çay axıb gedirdi. Rəngli alov üzüaşağı süzülərək qıjıltıyla axıb gedən çaya qarışır və uzaqlara axıb gedirdi. Ancaq çay nə qədər sürətlə axıb getsə də, ona süzülüb axan rəngli alov sönmürdü, tükənmirdi.

– Ay Mələk, nə gözəl danışırsan. Sən yəqin ki, yazırsan? – Mən həyəcanımı gizlətmədən davam etdim. – Mən əminəm ki, sən yazırsan.

– Hə, yazıram, Reyhan xanım. Üzr istəyirəm, bəlkə də düzgün deyil bu barədə danışmağım. Hamleti sevdiyim gündən indiyəcən gündəlik yazıram.

O, elə həyəcanlandı ki, nəfəsini dərib ani olaraq susdu. Danışanda səsi qüssəli idi.

– Bu mənim sirrim idi. İndiyə qədər bundan heç kəsin, hətta anamın da xəbəri yoxdu. Birinci adamdı ki, bu sirrdən xəbər tutdu. Xahiş edirəm, anama heç nə deməyin.

– Sən narahat olma, Mələk. Sən xahiş etməsən də mən bunu heç kəsə demərəm. Gündəlik yazmaq gözəl bir şeydir, daha doğrusu, sənin şəxsi mənada sərvətindi. Özü də bu sirr olanda daha cazibəli, daha maraqlı olur. İndi isə gəl söhbəti  başqa səmtə yönəltməyək.  Söhbətini davam etdir. Çox böyük zövqlə qulaq asıram.

– Reyhan xanım, o vaxtdan uzun illər ötüb keçsə də hər şey yadımdadı. Dörd bir yanımda elə bir gözəllik vardı ki, sakit dayana bilmirdim.

Çiçəkli çəmənlər, kim bilir, haralara qədər uzanıb gedirdi. Qırmızı lalələr yaşıl otların arasında köz kimi qızarırdı. Yarpaqlarında səhər şehi almaz kimi parıldayan mavi, çəhrayı, bənövşəyi, sarı, ağ çiçəkləri görüb necə dinc dayanasan?

Mən özümü saxlaya bilməyib Mələyə qoşuldum:

– Özü də adamın on doqquz yaşı ola.

– Düz deyirsiz, Reyhan xanım, – deyə Mələk ürəkdən güldü. Tanışlığımız müddətində hələ onu belə gülən, sevinən görməmişdim.

– İnanın ki, gözüm heç Hamleti də görmürdü. Ayaqqabılarımı çıxarıb bir tərəfə tulladım və çəmənlik boyunca qaçmağa başladım. Ürəyim köksümə sığmırdı. Uzaqda dağın döşündə rəngli buludlar oynaşırdı. Mən o buludlara sarı qaçırdım. Birdən hiss etdim ki, Hamlet də mənə qoşulub qaçır. Gülə-gülə arabir qolumdan tutub deyirdi:

– Ay dəli, bir dayan, ayaq saxla, hara qaçırsan? İnan ki, Reyhan xanım dəcəl, ipə-sapa yatmayan balaca Mələyə dönmüşdüm. İlahi, necə gözəl anlar idi. Heç Hamlet də məni saxlaya bilmirdi. Birdən o məni bərk-bərk qucaqlayıb dayandırdı və təngənəfəs halda dedi:

– İrəli bax. O yamacı görürsən, ordan aşağı çay axıb gedir. Baş alıb qaçırsan, o yamaca heç əlli addım da qalmayıb. Bu qaçışla sən birbaşa çaya düşə bilərdin.

– Mən bilirdim ki, ordan çay axır. – Nəfəsim kəsilə-kəsilə özümə haqq qazandırmağa çalışdım. – Çayı görüb dayanacaqdım.

– Birdən özünü saxlaya bilmədin. Çəmənlik də şeh içindədi, sürüşkəndi. Onda necə?

Hamlet sözünü bitirib məni qucağına götürdü.

– İndi mən səni özüm çaya ataram, – dedi və gülə-gülə aşağısından çay axan yamaca sarı yüyürdü. – Elə bilirsən zarafat edirəm? Səni dənizə tulladığım yadındadı, – deyib qəhqəhə çəkdi.

– Hə, yadımdadı, – dedim. – Səndən hər şey gözləmək olar. Onun kiçik məşəllər kimi alışıb yanan odlu baxışlarına dözə bilməyib gözlərimi yumdum. Və bərkdən qışqırdım: – Burax məni!

O, məni xalı kimi yumşaq yamacda oturdub, – Gəl, burdan ətrafa tamaşa edək, – dedi.  

– Gözəlliyə bir bax. Gözəllik belədi, bəzən adam ona rahatca oturub tamaşa edə bilmir. Bax, bu mənzərələrin doğurduğu hiss və həyəcandan ürəyim necə çırpınır, – deyə Hamlet əlimdən tutub köksünə sıxdı. Doğrudan da ürəyi bərk-bərk döyünürdü. O üzümə baxıb:

– Sən də bu gözəlliyin bir parçasısan, – dedi. – Ürək lazımdır ki, buna davam gətirsin. Mən də şiddətli ürək çırpıntıları içində üzümü başqa səmtə döndərdim və nə edəcəyimi bilmədən hündür saplaqlı otları, şehi qurumamış çiçəkləri yolub ona sarı tulladım. O, çəmənliyə uzanıb gözlərini qapadı və titrəyişli bir səslə dedi:

– Mən yatım, sən üstümü çiçəklə ört. Özü də sinəmin üstünə tök.

– Mən bu anları heç unuda bilmirəm, Reyhan xanım. Onda mən xoşbəxt uşaq kimi necə sevincək idim. Gülə-gülə dörd bir yanımdakı çiçəkləri dərib Hamletin sinəsinə tökürdüm. O bir xeyli gözü yumulu uzanıb sonra çiçəklərdən bir neçəsini qoxlayaraq mənə nəzər saldı. Nəvaziş dolu bir səslə:

 – Çiçəklərdən sənin saçlarının ətri gəlir, – dedi və təzədən gözlərini qapadı. Bir xeyli sonra pıçıldadı:

– İzn ver, ölüm, sevgilim, sən də çiçəklərlə basdır məni. Mən çaşdım və danışanda səsim titrədi:

– Hamlet, sən hərdən elə sözlər deyirsən ki, mən qorxuram. Bu nə ağılsız sözlərdi. Yadındadı, nigah günümüzün səhəri o kiçik «domikdə» oturduğumuz gün? Onda da qəmli bir səslə qəfildən dedin:

– Tut əlimdən əzizim, gedək uzaq ellərə. Sonra da gözlərin doldu. Səbəbini soruşanda sən yenə anlamsız sözlər söylədin. Bu nə deməkdi? Sən, bəzən mənə çox ziddiyyətli və anlaşılmaz görünürsən.

– Bəs sən necə?  – deyə o mənə baxıb gülümsədi: – Başdan-ayağa ziddiyyətsən. Həm çox realistsən, həm də romantik. Mən də bəzən səni başa düşmürəm. Qaldı dediyim sözlərə. Sözdü də ağlıma gəlir, deyirəm. Sən həkimsən axı, insanın, dəqiq bilmirəm neçə milyon hissiyyatı var. İnsanın hər an əhvalı dəyişə bilər, nəsə deyə bilər. Sən də hər sözün haqq-hesabını çəkirsən. – O cəld bir hərəkətlə yerindən qalxaraq:

– Romantik anlar bitdi, – dedi. – Ancaq hələlik bitdi. Gəzməli, görməli yerlər çoxdu. Gəlsənə, bir şeylər yeyək, sonra səyahətimizə davam edək. Nə deyirsən? – Mən razılıqla başımı tərpətdim.

– Yaxşı, burda gözlə məni. Gedim maşından şeyləri gətirim.

Bir az sonra çəmənliyin üstündə açdığım süfrənin üstü göz oxşayırdı.

Hamlet qızardılmış kotletlərdən, kartof dilimlərindən çəngəlin ucuna keçirib yeyə-yeyə: – Çox ləzzətlidir, sən hazırlamısan də bunları?– deyib soruşdu.

– İnanmırsan? Bu süfrədə nə var hamısını özüm hazırlamışam.

– İnanıram, inanıram. Bilirəm ki, ömründə yalan danışmazsan. Dilimə səhvən bir söz gələndə, yalan danışırsan, – deyib məni məşhər ayağına çəkdiyin günlər, hamısı yadımdadı.

– Sən də himə bəndsən ki, mənim qanımı qaraldasan.

– Yaxşı, yaxşı, zarafat edirəm, yeməyini ye. Tələsmək lazımdı. Gəldiyimizə görə heç olmasa bir az gəzib dolaşaq.

Mən nimçədəki pendir dilimlərini bir-bir götürüb həvəslə yeməyə başlayanda o:

– Deyəsən, pendirdən başqa heç nə yemirsən, – dedi.

– Niyə yemirəm? Xiyar, pomidor, göy-göyərti də yeyirəm. Əti sevmirəm heç. O, başını yelləyib kinayəli bir səslə dedi: – Yoxsa sən də kilo almaqdan qorxursan?

Mən təəccüblə soruşdum:

– Nə kilo? Başa düşmədim.

– İndi axı qadınlar arasında dəb düşüb. Salam verib, hal-əhval tutmaq yerinə soruşurlar:

– Deyəsən, arıqlamısan? Gözümə yaman qəşəng görünürsən. Neçə kilo vermisən? Kilonun qədərini bilən kimi o birisi gileylənməyə başlayır. Ay qız, yoldaşım məni qara günə qoyub e. Bilirsən ki, pəhriz xörəklərinə görə evdə dava-qırğındı. Axır ki, o gün az qala hazırladığım tərəvəz salatını, tərəvəz supunu başıma çırpsın. Dedi, mən heyvan deyiləm ki, hər gün mənə ot yedirdirsən. Nə vaxtdı bir fərli xörək yemirəm, az qala dizlərim əsir. O gün, bu gün xörəyi özü hazırlayır. Özü də kərə yağından. Uşaqlar da keçib onun tərəfinə. Xörəkləri də elə dadda bişirir ki, özümü saxlaya bilməyib mən də yeyirəm. Görürsən, nə gündəyəm, qarnım da çıxıb. – Reyhan xanım, o danışdıqca elə gülürdüm ki, gözlərimdən yaş axırdı.

Birtəhər özümü ələ alıb dedim:

– Belə çıxır ki, sən oturub onların söhbətinə qulaq asırsan. Yoxsa ki, sən bunları hardan bilirsən.

O, dilxor halda başını yellədi:

– Bunlar mənim iş yoldaşlarımdı. Hər gün bu söhbətləri eşidirəm. Bəzən o qədər əsəbiləşirəm ki, otaqdan qaçıb çıxıram ki, qoy danışıb ürəklərini boşaltsınlar. Özü də utanmaq-zad yoxdu. Qadınlar çox korlanıblar.

– Qurunun oduna yaşı da yandırma. Unutma ki, mən də qadınam.

O, etirazla başını yelləyib sözümü kəsdi:

– Sən elələrindən deyilsən. Sənin xəmirin başqa cür yoğrulub. Yadından çıxartma ki, Ziya kişinin qızısan. Hamlet bir az susub təzədən dilləndi: – Adamı yandıran odur ki, belələrinin yanında böyüyən qızlar necə olacaq? Bu cür mənəviyyatdan kasad, cılız, bəsit qadınların heç ana olmağa ixtiyarları yoxdu.

Mən gülə-gülə:

– Sən lap kökündən vurdun, Hamlet, – dedim. Qətiyyətli baxışlarla məni süzüb başını narazılıqla yırğaladı:

– Mən o cür qadınla bir gün də damın altında qala bilmərəm.

Sən elə danışırsan ki, elə bil mən uşağam və sən məni qorxutmaq istəyirsən.

– Hə, uşaqsan, – deyib güldü.

– Axşam yol gələndə dediyin söz yadından çıxmayıb? Mən boyda adam böyründə ola-ola soruşursan ki, papa, saat neçədi?

– Sən mənim ən əziz, ən doğma hisslərimdən gör necə danışırsan?

Birdən-birə elə doluxsundum ki, gözlərim yaşla doldu. O, tez o yana qalxıb mənə yaxınlaşdı və məni qucaqlamaq istədi.  Mən onu kənara itələyib: – Sən  birdən elə kobud olursan ki, – deyib gözlərimi sildim.

– Bağışla, əzizim vallah, mən səninlə zarafat eləmək istədim.

– Ay cavanlar, sizə ev lazımdı? İkimiz də birdən səs gələn səmtə dönüb baxdıq. Qarşımızda orta yaşlı düşkün bir qadın və ondan bərk-bərk yapışaraq ayaq üstə güclə dayanmış şikəst bir qız dayanmışdı.

Qadın batıq və kədərli səslə bir də dilləndi:

– Ev lazımsa içində suyu olan geniş bir otağım var. Sizə verə bilərəm. Mən çaşqın halda Hamletə baxdım. O, başını mənə tərəf əyib pıçıldadı: – Bura gələnlər kirayə ev tuturlar. Kim nə  qədər istəsə, qalıb dincəlir.

İstəyirsən, biz də qalıb istirahət edək.

Mən duruxa-duruxa dedim:

– Axı, biz danışmışdıq ki, axşam geri dönəcəyik. Özümlə heç dəyişik paltar da götürməmişəm. Xasiyyətimi də bilirsən.

Hamlet sanki qadını incidəcəyindən ehtiyat edirmiş kimi yumşaq bir səslə onu başa salmağa çalışdı:

– Xanım, biz burda qalmaq fikrində deyilik. Axşam şəhərə qayıdacağıq.

– Nolar, Allah yolunuzu açıq eləsin, xata-bəladan qorusun. Sonra ona sarmaşmış qızını ehtiyatla özündən aralayıb çəmənlikdə oturtdu. İri zənbildən qalın bir adyal çıxarıb otluğa sərdi. Qızının belindən tutub adyala sarı sürüyəndə gördüm ki, qızın ayaqları lazımsız, artıq bir şey kimi arxasınca sürünür. Bu mənzərə mənə o qədər ağır və acınacaqlı gəldi ki, əllərimlə üzümü qapadım. İçimdə olan şadyanalıq, xoşbəxtlik duyğusu bir anın içində dərin bir qüssəylə əvəz olundu. Hamletin səsini eşidib əllərimi üzümdən götürdüm:

– Qoyun sizə kömək eləyim. Hamlet uşağı qucağına götürüb adyalın üstünə qoymaq istəyəndə qız:

– Yox, yox, istəmirəm, – deyib anasına elə bir baxışla baxdı ki, qadın çarəsiz halda dilləndi:

– Lazım deyil, qadan alım, özüm götürrəm. O utanır. Belə cılız görünməyinə baxmayın. Onun on dörd yaşı var.

Mən qızı diqqətlə nəzərdən keçirəndə ürəyim ağrıdan sıxıldı. Qıza doqquz-on yaşdan artıq vermək olmazdı. Hamlet geri çəkilib sanki nə edəcəyini bilmədən təəssüflə başını yırğaladı. Qadın birtəhər qızı adyalın üstündə oturdub belini dikəltdi. Bizi bir də süzüb: – Evdə otura bilmir, neyləsin darıxır də uşaq, – dedi.  – Gətirdim ki, hövsələsi bir az genişlənsin, bir az hava dəysin ona. Mən də bir az kəkotudan, qantəpədən, əvəlikdən-zaddan yığım. İndi otun-əncərin yaxşı vaxtıdı. Bu vaxtlar yığırıq, həm özümüz istifadə edirik, həm də satırıq.

Qadın qızına sarı dönüb əlavə elədi:

– Gülnaz, anan qurban, darıxma. Bax, bacıynan qağa da hələ ki, buradadı. Çox ləngiməyəcəm. Bax, bu torbanı doldurub qayıdıram. Qadın aralanmaq istəyəndə Hamletin səsi eşidildi:

– Bağışlayın, bir söz soruşmaq istəyirəm. Bu uşağın ayaqları sonradan belə olub?

Qadının sönük, qəmli baxışlarında bir işartı göründü:

– Yox, yox, qadan alım, sonradan olmayıb, doğulandan belədi.

O, bir anlığa susub köks ötürdü. Allah ermənilərin tifağını dağıtsın. Bizi də yerimizdən, ev-eşiyimizdən didərgin saldı. Biz Xocalı qaçqınıyıq. Yəqin televizorda-zadda görüb eşidibsiz də o qırğınları, o müsibətləri. Biz də o odun-alovun içindən çıxıb gəlmişik.

Qadının sinəsindən iniltiyə bənzər bir səs qopdu. Başına bağladığı nazik yaylığının ucunu gözünə sıxıb hıçqıranda qız: – Ana, – deyib qışqırdı. Qadın özünü qızının üstünə atıb:

– Qorxma, Gülnaz, qorxma. Mən heç yerə gemirəm, – dedi.

– Zənbildə su gətirmişəm, verim bir az iç.

Qadın zənbili eşələyib su butulkasını götürənə qədər, Hamlet cəld bir hərəkətlə üstü hələ də yer-yeməli şeylərlə dolu olan süfrənin ucundan tutaraq onların qabağına çəkdi. Və tez mineral sudan stəkana töküb qıza uzatdı:

– İç, iç, heç nədən qorxma. Niyə qorxursan? Qızın qəşəng təmiz çöhrəsində qorxuyla baxan gözləri Hamletə dikilib qalmışdı.

– Al, iç  suyu, Gülnaz. Bu qəşəng qağadı. Qadın bu sözləri deyə-deyə Hamletin əlindəki su dolu stəkanı alıb qızın dodaqlarına yaxınlaşdırdı.

– İç, iç, ana qurban iç, – dedi və bizə nəzər salıb təzədən dindi: – Biz təpəmizdən güllə, od-alov yağa-yağa ayaqyalın, başıaçıq qaçanda qorxdu uşaq. Ayaqları da qorxudan tutuldu. Bir yandan da qışın şaxtasında, qarında yalnız ayağı donub buz bağlamışdı. Hələ buna da şükür. Yaxşı ki, ayaqlarını kəsmədilər. Ehh, nə deyim, hələ yolda donub qalanları, yaralarından qan axa-axa meşənin zülməti içində ölüb qalanları demirəm. Yadıma düşəndə iliklərimə qədər buza dönürəm, ölüb təzədən dirilirəm. Onda Gülnaz körpə idi. Bəs uşaq neyləsin? Qardaşımla atam, yoldaşım o alçaqlarla əlbəyaxa vuruşa-vuruşa deyirdi:

– Siz qaçın, siz qaçın canınızı qurtarın.

Qəhər qadının boğazına tıxanıb danışmağa qoymadı. Amma çox susa bilmədi:

– Qardaşım o gecə həlak oldu. Atamla yoldaşımın öldüsü, qaldısı hələ də məlum deyil.

Axır ki, qadın dözə bilməyib hönkürdü. Gülnaz qışqırıb anasını qucaqladı. Reyhan xanım, qız başını anasının sinəsinə söykəyib hıçqırır, əlləriylə anasının qolunu cırmaqlayırdı. O, solğun, balaca əllər içindəki qəhərin nə qədər acı, dözülməz olduğunu büruzə verirdi. Mən göz yaşlarından boğularaq yerimdə donub qalmışdım. Ağlayacağımdan qorxub ağzımı açıb söz deməyə də qorxurdum. Hamletə baxanda hiss etdim ki, o da nə deyəcəyini bilmədən yerindən tərpənə bilmirdi. Qadının yalvarış dolu səsi eşidildi:

– Sakit ol, Gülnaz, başına dönüm. İstəyirsən gedək evə. Allah məni öldürsün, min dəfə demişəm, bu uşağın yanında ağzımı açıb bir söz deməyəcəm. Huş-baş qalıb məndə? Ağlım başımdan çıxır, yenə danışmağa başlayıram. Di sakit ol, Gülnaz. Bu ölmüş ananın keç günahından. İstəyirsən dur gedək evimizə.

Qız bir söz demədən, üzünü anasının sinəsində gizlədərək sanki içindəki əzabları azaltmaq üçün anasının qolunu didişdirirdi. Mən bu acınacaqlı mənzərəyə son qoymaq üçün yaxına gəldim:

– Gülnaz, istəyirsən səni maşınla aparıb gəzdirək? – deyə onu dilə tutdum.

– Gör, bacı sənə nə deyir, Gülnaz. İstəyirsən gəl, hamımız bir yerdə gedib maşında gəzək. Qız başını anasının sinəsindən ayırıb mənə baxdı. Onun solğun üzündə qəmli-qəmli baxan gözlərində nə qədər kədər vardı, İlahi. Bu kədər o cılız cüssəyə necə sığışırdı? Sonralar mənə uzaq bir yuxu kimi gələn bu hadisəni xatırlayanda öz-özümə deyirdim ki, nə yaxşı biz Gülnazı maşında oturdub gəzdirməyə razı sala bildik. Anasının etirazlarına baxmayaraq biz bir neçə saat gəzib dolaşdıq. Gülnazın göz yaşları quruyanda və bu göz yaşlarının yerində sevinc işartıları görəndə ürəyimə dolmuş ağır kədər bir az dağıldı. Gülnazın anası Şəfiqə xəlvətcə qulağıma pıçıldadı:

– Dayısı görəndə ki, Gülnaz bulud kimi dolub. Bir himə bənddi ki, gözünün yaşını axıtsın. Onu zorla olsa da qucağına alıb öz taksisində aparıb gəzdirir. Allah o tək qardaşımı mənə çox görməsin. – Şəfiqə gözünün yaşını tökə-tökə xeyli danışaraq ürəyini boşaltdı:

– Deyirəm, şükür sənə, bizi yaradan, nə yaxşı bu qardaşım varmış. Yoxsa elə anam kimi qəfil ürəyim partlayıb ölərdim. Bu şikəst balam qalardı ortalıqda. Söhbətini ürək dağlayan bu sözlərlə bitirdi:

– Nə qədər ki, qardaşım evlənməmişdi, nə qazanırdı hamısını qoyurdu Gülnazın yolunda. Onu Bakıya aparıb yaxşı həkimlərə göstərib müalicə elətdirirdi. Yaxşı müalicə olunanda Gülnaz qolumdan tutub birtəhər yeriyirdi. İndi qardaşım evlidi. Özünün ailəsi, uşaqları var. Gülnaz nə vaxtdı yaxşı müalicə olunmur. Ona görə də ayaqları yer tutmur. Mən qardaşımı qınamıram, çatdıra bilmir. Bilirəm imkanı olsa Gülnazın bu vəziyyətinə tab gətirə bilməz. Hələ yaxşı ki, qardaşımın sayəsində yaşamağa yerimiz var. İki göz otaqdı, birində özümüz qalırıq, birini də yayda dincəlməyə gələn adamlara kirayə verirəm. O pul əlimdən tutur. İnan, Reyhan xanım, qadın bu sözləri deyəndə özümü elə günahkar hiss etdim ki, bir xeyli onun üzünə baxa bilmədim. Öz-özümə fikirləşirdim ki, necə olsa ona kömək etməliyəm. Toy səyahətimdən söz düşəndə Nofəl əmi mənə bir xeyli pul verib demişdi:

– Bu da əminin sənə ayrıca toy hədiyyəsi. Gəzib dolandığınız yerdə ürəyin nə istəsə al, xərclə.

O pul mənim əl çantamdaydı. Bu pulu Şəfiqəyə verməyin yolunu tapa bilmirdim. Uzun götür-qoydan sonra bu pulu xəlvətcə Şəfiqənin əyninə geydiyi toxunma jaketin cibinə qoydum. Bilmədim Şəfiqə bunu hiss etdi ya yox. Mənim üçün əsas o idi ki, pul Şəfiqənin cibində idi. Və bu pulla Gülnazı müalicə elətdirəcəkdi. Biz geri qayıdanda artıq şəhərə qaranlıq çökmüşdü. Yolboyu ikimiz də sanki nədən danışacağımızı bilmədən susurduq. Sussaq da ikimiz də eyni şey haqqında düşünürdük. Hamletin çox məyus və günahkar bir görkəmlə dediyi sözləri uzun müddət unuda bilmədim:

– Bizim yaşamaq üçün hər şəraiti olan, rahat evimiz var. Ata-anamızın böyük sevgisiylə əhatə olunmuşuq. Ayağımızın altında maşın, cibimizdə pul. Arzu və istəklərimizi qismən də olsa yerinə yetiririk. Bəs niyə bu qədər naşükürlük edirik?

Hamlet danışa-danışa mənə baxdı. Onun baxışları ağır bir günah işlətmiş adamların baxışları tək sanki Allahdan  əfv diləyirdi. O üzünü döndərib gözlərini yola dikdi və dalğın düşüncəli bir halda davam etdi:

– Nişanlı olduğumuz günləri xatırla, yadına sal. O umu-küsülər, dava-qırğınlar nə üçündü? O şikəst qızla, o düşkün qadını görəndə bilirsən necə xəcalət çəkdim? Başa düşdüm ki, Allah bizə haqq etdiyimizdən də artıq çox şeylər verib. Biz isə şikayətlənirik, gileylənirik. Bütün bunlar o şikəst qızın, o çarəsiz düşkün qadının çəkdiyi əzabların, əziyyətlərin yanında heç nədi, naşükürlükdü, haqsızlıqdı.

Mən də elə Hamlet kimi düşünürdüm, amma ağzımı açıb bir söz deyə bilmirdim. Reyhan xanım, ayrılıq məqamı gəlib çatanda bu qısa müddətdə Şəfiqənin, Gülnazın bizə nə qədər doğmalaşdığını hiss edib çox kövrəldim. Bizdən heç ayrılmaq istəmirdilər.

– Başınıza dönüm, uzaq yol gedəcəksiniz. Gəlin, bu kasıb komamıza birlikdə oturub bir stəkan çay içək. Yorğunluğunuz canınızdan çıxsın.  Anasının qolundan bərk-bərk  yapışaraq özünü ayaq üstə güclə saxlayan Gülnaz dedi: – Hə, anam düz deyir, can bacı, gəlin gedək bizə, – deyərək israr etdi.

Məndən qabaq Hamlet dilləndi:

– Lap yaxşı olar. Doğrusu ürəyim yaman çay istəyirdi. Özü də kəklikotundan dəmlənmiş çay.

İlahi, o an qadının da, qızın da üzləri necə işıqlandı, gözləri güldü. Biz içəri girdik. Otaq çox təmiz və səliqəli idi. Yerə xalça sərilmişdi. Divar boyu döşəkçələr düzülmüşdü. Reyhan xanım, ürəyim elə qəribsədi ki, gözlərim doldu. Mənim nənəmgil də kənddə yaşayırdılar. Dağ otlarının iyini verən bu otaq, yerə döşənmiş xalça, ipək üzlü döşəkçələr, çarpayının üstünə yığılmış yastıqlar, güllü pərdələr mənə nə qədər doğma, əziz idi. Şəfiqə Gülnazın qolundan tutub yerdəki döşəkçənin üstündə oturdanda Hamlet də qızın böyründəki döşəkçədə oturaraq:

– Nə rahatdı, – dedi. – Özümü nənəmgildəki kimi hiss elədim.

Mən də Hamletin yanında oturaraq:

– Hə, düz deyirsən, çox rahatdı, – dedim və gülümsədim: – Uşaqlığım yadıma düşdü.

– Bıy, başınıza dönüm, siz də rayon uşağısınız? – Şəfiqə sevincək bir əhvalla üzümüzə elə baxdı ki, sanki uzun illərin ayrılığından sonra itkin düşmüş əzizinə qovuşmuşdu.

Yenə də Hamlet məni qabaqladı:

– Kənd uşaqlarıyıq, Şəfiqə xanım. Nolsun ki, şəhərdə doğulmuşuq. Əslimiz-kökümüz kənd adamları olub. Ata-anamız evlənəndən sonra şəhərə köçüb orda yaşayıblar.

– Elə bir yay olmazdı ki, biz nənəmgilə getməyək, – deyərək söhbətə qoşuldum. – Hər il düz üç ay yayı kənddə qalardıq. Nə gözəl günlər idi.

– Deyirəm axı, niyə görən kimi qanım sizə qaynadı. Suyunuz mənə elə şirin gəldi ki.

Şəfiqə sözünü axıra çatdıra bilmədi. Yaylığını gözünə sıxıb bir xeyli dinməzcə dayandı.

– Ana.

Gülnazın gileyi, qəhərli səsi Şəfiqənin elə bil özünə gətirdi.

– Hə, yaxşı, sakit ol, Gülnaz, – dedi. – Vallah ağlamıram. – Bu sözləri deyə-deyə küncə sarı yeridi. Çaydanı krantın altına qoyub su ilə dolduraraq təzədən dindi: – Allah o bircə qardaşımı mənə çox görməsin. Bax, bu krantı o özü düzəldib ki, evə su gəlsin. Yayda heç, olmasa çöldə ocaq qalayıb biş-düş edirik. Samavarımızı qaynadırıq. Qışda çətindi. Hə, çaydan doldu, maşınkanın üstünə qoyum qaynasın. Bu maşınkanı da qardaşım hardansa alıb gətirib. Neftlə işləyir. Neftin iyi gəlsə də, sən Allah, bağışlayın. Deyirsiz ki, şəhərə dönəcəksiniz. Tez olsun deyə belə elədim. Yoxsa çöldə samavara od salıb qaynadardım. Ocaq qalayıb sizə yaxşıca bir göyərti  kətəsi bişirərdim. Şəhərdən istirahətə gələnlərin çoxu belə şeylər istəyir.

– İnşallah, biz də başqa vaxt gələrik, samavar qaynadarsız, göyərti kətəsi bişirərsiz.

– Başınıza dönüm, nə vaxt istəyirsiz gələrsiz. Qapımız üzünüzə açıqdı.

Şəfiqə susub köksünü ötürdü, başını dərdli-dərdli yırğaladı:

– Qaçqınlıq bizə hər şey öyrətdi. Biz nə bilirdik kirayə ev nədi, nə bilim, Allahın otunu yığıb satmaq nədi? Vallah, bir evimiz vardı ki, bir ucu burda, bir ucu orda. Özü də qonaqlı-qaralı ev olmuşuq.

Gülnaz çarpayıya sarı nəzər salıb utana-utana dilləndi:

– O kuloku bura gətir. Can bacıya bir hədiyyə vermək istəyirəm.

– Bıy, anan sənə qurban olsun. Yaxşı yadıma saldın. – Şəfiqə divar boyu uzanan çarpayıya yaxınlaşıb iri sellafon torbanı götürüb tez geri qayıtdı. İçindəkiləri Gülnazın qabağına tökəndə Hamletin və mənim dilimdən eyni anda bu sözlər qopdu:

– Bunları Gülnaz toxuyub?

– Hə, başınıza dönüm, hamısını Gülnaz balam toxuyub. Mən al-əlvan rəngli bir jaketi götürüb: – İlahi, nə gözəl rənglərlə bəzəmisən, ay Gülnaz, – deyib qıza baxdım. Məni çulğayan sevinc içində ucadan səsləndim: – Afərin sənə, Gülnaz. Nə gözəl zövqun var sənin.

Hamlet də çox heyrətlənmişdi. Və bu heyrət çox ürəkaçan, çox xoş bir heyrət idi.

Hamlet də sevincini gizlədə bilmədi:

– Bu çox gözəl bir işdi. Bunu sənə kim öyrətdi, Gülnaz? Mən çox sevindim. – Demə Gülnazın dilinin açılması, gözlərinin ümidlə, sevinclə dolması bircə sözə bəndmiş.

Bunu mənə Telli müəllimə öyrətdi. O, evdə mənə dərs keçir. Bir gün o çəkdiyim bir şəklə baxıb dedi ki, gəl, sənə toxumaq öyrədim. Görürəm, yaxşı əl qabiliyyətin var. Başladı mənə öyrətməyə. Toxumağı çox tez öyrəndim. İndi elə öyrənmişəm ki, ayrıla bilmirəm. Telli müəlliməni çox istəyirəm. O, nədənsə qəfil susub sevgi dolu baxışlarını üzümdə saxlayıb yumşaq bir səslə dedi:

– Can bacı, sizi də çox istəyirəm, Telli müəllimə də, siz də çox qəşəngsiz.

Reyhan xanım, insan niyə belədi? Bəzən görürsən ki, çox ağır bir kədərdən ağlaya bilmir, donub qalır. Bəzən də ilk baxışda çox adi görünən bir sözdən elə kövrəlir ki, özünü saxlaya bilmir. Bax, mən də Gülnazın bircə sözündən doluxsunub elə ağladım ki, özümə gələndə özüm də pərt oldum. Şəfiqə də məni bağrına basıb:

– Ağlama, qurban olum, ağlama, sən nə gözəl balasan, sənin nə gözəl ürəyin var, – dedi.

Reyhan xanım, əslində bu ağlamaq deyildi, birdən-birə içimə dolmuş şadlığın ifadəsi idi. Ortalığa tökülmüş al-əlvan rəngli şərflərə, corablara, əlcəklərə, jiletlərə baxa-baxa sevinirdim ki, nə yaxşı Gülnazı bu həyata bağlayan sevdiyi bir işi var. Onun gözlərindən aşıb-daşan sevinc Gülnazı və anasını görən andan içimə dolmuş kədəri, sıxıntını büsbütün yox eləmişdi.

– Gülnaz düz deyir, can bacı. Telli dediyi o qadın səndən yaxşı olmasın, Allahın nur bəndəsidir. – Şəfiqə ürəkdolusu bir sevgiylə danışırdı. Üzündəki əzablı qırışları xoş bir təbəssüm əvəz eləmişdi. – Telli yaxınlıqdakı məktəbdə dərs deyir. Mən də o məktəbdə xidmətçi işləyirdim. Elə ilk günlərdən mənlə onun söhbəti tutdu. Elə sadə, elə mehriban insandı ki, belələri bu dünyada tək-tək olur. Bilirdi ki, mənim evdə xəstə qızım var. Mənə həmişə ürək-dirək verir, həmişə deyir ki, Allah öz bəndəsini darda qoymaz. Arabir bizə gəlirdi, oturub Gülnazla söhbət edirdi. Bir gün gördük ki, əlində kitab, dəftər, qələm, nə bilim ey bir kulok şey içəri girdi. Dedi ki, evdə Gülnaza dərs deyəcəm. O gün, bu gün Gülnazla məşğul olur. İndi Gülnaz yazmağı da, oxumağı da bilir. Üstəlik toxumağı da.

– Dünya belə insanların çiyni üzərində dayanır, Şəfiqə xanım. Hamlet bu sözləri deyib nəvazişlə Gülnaza baxdı. – Elə Gülnaz da ağıllı, qabiliyyətli qızdı.

Reyhan xanım, biz bu evə sıxıntı və kədər dolu bir ürəklə gəlmişdik. Sonra yavaş-yavaş evin ab-havası dəyişdi. Şəfiqə xalçanın üstündə süfrə açdı. Nəyi vardısa, düzdü süfrəyə. Dağ otlarından dəmlənmiş çayın ətri indi də burnumdan getməyib. Hələ Gülnazın mənə bağışladığı yun corabı, şərfi demirəm. Görün, aradan nə qədər illər keçib. O şərf, corab hələ də mənim paltar şkafımda durur. Düzdü, biz bir-birimizə ünvan verdik. Hamlet bir də buralara gələcəyini, onlara qonaq olacağını vəd etdi. Amma  biz bir də görüşmədik.

Söhbət bu yerə çatanda Mələk çox kövrəldi. Bir xeyli ondan səs gəlmədi. Sonra qəmgin bir səslə dedi:

– Reyhan xanım, bu bizim ilk və son toy səyahətimiz oldu. Bu toy səyahətindən mənə qalan isə bu xatirələr oldu. Mən çox qəmli, bir az da xoş hisslərin təsiri altında soruşdum:

– Bəs qayınatan soruşmadı ki, siz niyə toy səyahətinizi davam etdirmədiniz? Axı o, bunu çox istəyirdi.

– Soruşdu, mən müxtəlif bəhanələrlə bu məsələni yoluna qoydum. Onda mən dördüncü kursda oxuyurdum. Nofəl əmiyə dedim ki, toyla bağlı çox dərs buraxmışam. Oturub oxumaq istəyirəm. Həm də kişini inandırdım ki, gəzməyi heç xoşlamıram. Əslində isə, Reyhan xanım, mən bu səyahət məsələsini Elza xanıma görə ixtisara saldım. Açıq-aşkar görürdüm ki, bu barədə olan söhbət onu çox qıcıqlandırır. Qaş-qabağını sallayıb susur. Hiss etdim ki, bu səyahət davam etsə, evdə söz-söhbət olacaq. Bundansa evdə oturub öz işimlə məşğul olmağı seçdim.

– Belə görürəm ki, Elza xanım yaxşı qayınana olmayıb.

– Çox təəssüf hissiylə deyirəm ki, Elza xanım yaxşı qayınana olmayıb. O məni heç sevmədi. Sadəcə olaraq Nofəl əminin gözü qabağında yaxşı qayınana rolunu çox məharətlə oynayırdı. Bunu Hamlet də bilirdi. Bu məsələni açıb ağartmırdıq ki, evdə mərəkə qopmasın. Ancaq bir gün Elza xanımın əsil sifəti göründü. – Reyhan xanım, söhbətimiz çox uzandı. Bəlkə sonraya qalsın.

– Əgər yorulmamısansa, danış. Bu necə oldu?

– Yaxşı, istəyirsinizsə danışım. Çox-çox üzr istəyirəm, Reyhan xanım. Onda mən ilk hamiləliyimi yaşayırdım. Yəqin siz də bilirsiniz ki, bu dönəmlərdə qadınlar çox həssas, əsəbi olurlar. Yemək məsələsində isə lap həssas olurlar. Bir də görürsən ki, könlünə bir şey düşür. Və onu yeməlisən. Mənim də könlümə pendir düşmüşdü. Elə əvvəldən  pendir yeyəndim. O günlərdə qayınatam İrana getmişdi. Gələndə ordan on-on beş kilo pendir gətirmişdi. Qəribə pendir idi, xəmir kündələri kimi yumru-yumru, özü də çox dadlı idi. Adətən çox pendirlərin spesifik qoxusu olur. Belə pendirləri heç xoşlamıram. Qayınatamın İrandan gətirdiyi pendirin heç bir qoxusu yoxdu, dadı da çox gözəl idi. Səhər-səhər pendirdən yeyib, Universitetə gedirdim. Sonra isə heç nə yemirdim. Qızlar tənəffüsdə çox vaxt bufetə gedib nəsə yeyirdilər. Əvvəllər mən də gedirdim. İndiysə bufetin yaxınlığından keçəndə belə ürəyim bulanırdı. Yeməyin iyi gələndə özümü pis hiss edirdim. Evdə bunu  Hamletdən başqa heç kəs bilmirdi. O, təkid edirdi ki, anama de. Niyə gizlədirsən axı? Doğrusu, deməyə utanırdım. Fikirləşirdim ki, yəqin bir gün özləri başa düşəcəklər. İki gün pendirdən başqa heç nə vurmadım dilimə. İndiki kimi yadımdadı. Üçüncü gün səhər-səhər soyuducudan pendir götürüb yemək istəyəndə, gördüm ki, pendir yoxdur. Çox təəccübləndim. İki günün içində bu qədər pendir yeyilə bilməzdi axı. Soyuducunu ələk-vələk elədim. Başqa cür pendir vardı. Amma qayınatamın İrandan gətirdiyi pendirdən heç bir tikə də yoxdu. O biri pendirdən bir tikə götürüb yemək istədim, ancaq pendirin iyi məni elə vurdu ki, ürəyim ağzıma gəldi. Nəysə, kefsiz halda öz otağıma qayıtdım. Onu da deyim ki, Hamletgilin evi elə nəhəng idi ki, otaqların sayını belə bilmirdim. Bir otaqda olanlardan heç kəsin xəbəri olmazdı. Təkcə  qulluqçu qızdan başqa. Nəysə, gəldim uzandım. Mədəm sivrilirdi, ürəyim bulanırdı, başım gicəllənirdi. – Anamı elə arzuladım ki, məni ağlamaq tutdu. Sakitləşənə qədər ağladım. Bilmirəm nə qədər vaxt keçmişdi. Hiss etdim ki, qapı açıldı. Dik atılıb ayağa qalxdım. Ürəyimin döyüntüsünü eşidir, Hamleti dumanlı şəkildə görürdüm. O məni başdan-ayağacan süzüb soruşdu.

– Sən ağlayırsan?

Mən başımı yırğaladım. – Bəs gözlərin niyə qızarıb, – dedi. – Rəngin də çox solğundu. Sənə nolub? Qolumdan tutub çarpayıda oturtdu:

– Axı, sənə nolub? Niyə dinmirsən?

Hamlet elə nəvazişlə və elə bir qayğıkeşliklə danışırdı ki, yenə məni ağlamaq tutdu.

– Mələk, xahiş edirəm, de görüm sənə nolub? Anam səni incidib?

– Yox, yox, heç kəs məni incitməyib.

– Yaxşı, bəs niyə ağlayırsan?

– Ürəyim pendir istəyir.

O, bir xeyli mənə baxdı və şaqqılıtyla güldü və gülə-gülə dedi:

– Ürəyin pendir istəyir. Get soyuducudan götür, ye də. Kim sənə mane olur?

– Orda pendir yoxdu.

– Necə yəni pendir yoxdu. O qədər pendiri iki günün içində kim yedi?

Mən çiynimi çəkib yavaşca dedim: – Mən də bilmirəm.

– Yaxşı, mən indi gedib özüm baxaram.

Onun gedib-qayıtması bir an çəkdi.

– Yaxşı, bu qədər pendir necə oldu? Birdən fikrə gedib bir xeyli sonra dilləndi:

– Hə, indi yadıma düşdü. Mətbəxdə başqa bir soyuducu da var axı. Yəqin ordadı, qoy gedim baxım.

 – O, soyuducunun qapısı bağlı olur həmişə.

– Niyə? – Onun qaşları çatıldı, üzünün ifadəsi sərtləşdi:

– Bu nə deməkdi? Soyuducunun qapısı niyə bağlı olsun?

–Bilmirəm.

İçimə xoşagəlməz bir hiss çökdü. Halım daha da pisləşdi. Bunu hiss edən Hamletin həyəcanlı səsi eşidildi:

– Bu gün nə yemisən? Rəngin nə yaman solğundu sənin?

– Mən iki gündür ancaq pendir yeyirəm.

O, sözümü kəsdi.

– Yaxşı, sən pendirdən başqa heç nə yeməyəcəksən? Eşitmişəm ki, hamilə qadın yaxşı qidalanmalıdı.

– Hə, sən dediyin düzdü. Amma belə də olur. İndi ürəyim pendirdən başqa heç nə istəmir. Başqa yeməklər ürəyimi bulandırır.

– Yaxşı, bir dəqiqə gözlə. Yəqin anam bilər. Gedim ondan soruşum.

– Hamlet, xahiş edirəm. Anana heç nə demə. Birtəhər keçinərəm.

– Mələk, sənin özündən xəbərin var? Ayaq üstə dayana bilmirsən e. Üzündə bir damcı qan qalmayıb.

O, cəld bir hərəkətlə qapını açıb otaqdan çıxdı. Mən şiddətli ürək çırpıntıları içində hiss edirdim ki, bu saat nəsə xoşagəlməz bir hadisə olacaq.  Hamletin sərt səsi məni lap qorxutdu:

– Axı, harda görünüb ki, soyuducunun qapısı bağlı olsun? Bu seyfdi, nədi, qapısını bağlayıbsınız?

Elza xanımın hökmlü səsi eşidildi:

– Sən ananla danışırsan Hamlet. Sən  heç vaxt mənimlə belə danışmazdın. Özü də səsini belə qaldırma, atan gəlib eşidər.

Hamlet daha da də sərt bir səslə dilləndi:

– Əvvəlcə sən məni anlat görüm soyuducu niyə bağlıdı? Və atamın İrandan gətirdiyi pendiri olmaya o soyuducuya qoyub ağzını da bağlamısız? Onun səsi bir xeyli gəlmədi. Əlinin şappıltısı eşidildi: – Biabırçılıqdı vallah! Prokurorun evində pendir gizlədilir? Ana, sən bu pendiri kimdən gizlədirsən? Bu evdə yad adam var? Kimdi o yad adam?

– Yaxşı, yaxşı, görürəm yaman qəzəblənibsən? Başını yaman doldurublar. Noldu, sənə Hamlet? Kişilikdən dəm vuranların çox vaxt axırı belə olur. Birdəfəlik de ki, arvadının ürəyi İran pendiri istəyir. Orda başqa pendir də var. Gərək elə  İran pendiri olsun?

– İlahi, mən nələr eşidirəm? Elza xanım, sən bu sözləri necə özünə yaraşdırırsan? Arvad dediyin o kəs bu evin gəlinidi. İnana bilmirəm, sən ona görə pendiri soyuducuya qoyub ağzını bağlamısan? Bunu özünə necə yaraşdırırsan? İlahi, gör bu evdə nələr baş verir?

Yenə səs kəsildi, bu dəfə Hamletin səsində acı istehza ilə yanaşı kədər də vardı:

– Mən indi başa düşdüm ki, niyə Mələk hamilə olduğunu səndən gizlədir. O, hamilədi Elza xanım. Ürəyi pendir istəyir. Sən də qadınsan və bunun nə demək olduğunu yəqin ki, sən də bilirsən.

Bir müddət ortalığa sükut çökdü. Sükutu Elza xanım pozdu:

– Yaxşı, yaxşı, götür açarı. Bir anlığa səs eşidilmədi. Sonra Elza xanımın kinayəli səsi ucaldı:

– Bəs sən arvadından niyə soruşmursan ki, hamilə olduğunu niyə qayınanandan gizlədirsən? Deməli, siz də məni yad adam hesab edirsiz, hə?

Nəhəng evə qulaqbatıran sükut çökdü. Bu arada nə baş verdiyini anlaya bilmədim. Xeyli sonra Elza xanımın sərt, ağır addımlarla öz otağına tərəf getdiyini hiss elədim. Hamletlə anası arasında olan bu mübahisə məni elə sarsıtdı ki, təzəcə alışdığım bu həyatla bağlı bütün arzularım, xəyallarım alt-üst oldu. Bundan sonra mən bu evdə necə yaşayacam? Dünyaya sağlam övlad gətirə biləcəyəmmi? İçimdə səslənən bu suallar halımı lap pisləşdirirdi. Reyhan xanım, düzünü deyim ki, Elza xanım mənə qarşı soyuq davransa da, mən ona çox böyük hörmətlə yanaşırdım. Fikirləşirdim ki, o Hamlet kimi bir oğlanı dünyaya gətirib böyüdüb. Hamlet mənim övladlarımın atası olacaq. Elza xanım haqqında pis düşünməyim belə mənə çox böyük haqsızlıq, naşükürlük kimi görünürdü. Ancaq onun mənim ünvanıma söylədiyi hər söz bıçaq kimi ürəyimə sancılıb qalmışdı. Bu ağır hisslərdən ürəyim elə sıxılırdı ki, gözlərimə qaranlıq çökürdü. Əgər Hamlet bir az da gec gəlsəydi, kim bilir, halım necə olacaqdı? O,otağa girəndə mən halsız halda uzanıb gözlərimi qeyri-ixtiyari yummuşdum. Hamletin həyəcanlı səsi elə bil lap uzaqlardan gəlirdi:

– Mələk, sənə nolub? Özünü pis hiss edirsən? – O, əlimdən tutdu, təşviş dolu səs yenə güclə gəlib mənə çatdı: – İlahi, əlləri necə soyuqdu. İndi, mən nə edim?

Bir anlığa otağa səssizlik çökdü. Hiss etdim ki, həmişə stolun üstündə olan qrafindən stəkana su tökdü. Bir əlini başımın altına salıb məni ehtiyatla yuxarı qaldırdı:

– Mələk, bir az su iç, – deyib stəkanı dodaqlarıma toxundurdu: – Xahiş edirəm, iç. Özünə gəl.

Bu həyəcanlı səsdə elə bir mehribanlıq və yalvarış vardı ki, ürəyim istəməsə də sudan qurtum-qurtum içməyə başladım. O, stəkanı stolun üstünə qoyub saçımı sığallamağa başladı.

– İndi necəsən, sevgilim? Bir az yaxşılaşdınmı?

Gözlərimi açıb ona baxdım. Sizdən üzr istəyirəm, Reyhan xanım. Bu an bu sözləri deməyə necə də böyük ehtiyac hiss edirəm. Ona görə də deyirəm. Gözlərimi açıb ona baxanda bütün varlığımla hiss etdim ki, mən Hamleti nə qədər çox istəyirəm. Onun yolunda ölümə də gedərdim.

– Mən bilirdim, hiss edirdim Mələk. Sizi bir-birinizə böyük bir sevgi bağlayır.

Bu sözləri elə hiss həyəcanla dedim ki, nəfəsim təngidi. Və sözümü axıra qədər deyə bilməyib susdum. Ancaq bu sevgi hekayəti o qədər gizli və maraqlı idi ki, çox dözə bilməyib təzədən dindim:

– Mələk, sonra necə oldu?

Hamlet səni yedirdə bildimi?

– Hə, Hamlet, bir körpə uşaq kimi məni dilə tutub yedirtdi. O gecə söhbətimiz çox uzandı. Hamlet necə acı çəkdiyini açıb söyləyərək dedi:

– Mələk, sən elə bilirsən mən əzab çəkmirəm? Düzdü, mən açarı anamdan aldım. Tələsik soyuducuya yaxınlaşdım. Ancaq soyuducunun bağlı qapısını açıb ordan pendir götürmək mənə o qədər ağır və təhqiramiz gəldi ki, açarı tullayıb ordan uzaqlaşmaq istədim. Sən və sənin bətnindəki körpə gözüm önündə canlananda elə bil ağlım başıma gəldi. Öz-özümə dedim ki, indi hisslərlə deyil, ağılla hərəkət etmək lazımdı. Mələk bu gecə ac qala bilməz. Ona görə də bax, bu padnosu İran pendiriylə doldurub gətirdim. İndi qalx, əzizim, nə qədər istəyirsən ye. Mən çönüb gümüşü, balaca padnosda qalaqlanmış pendirə baxdım. Və hiss edəndə ki, pendirə olan istəyim büsbütün ölüb, özüm də mat qaldım. Dedim ki, Hamlet nahaq yerə əzab çəkə-çəkə bu pendiri gətirmisən. Mən daha yemək istəmirəm, götür apar.

Hamlet qətiyyətlə başını yırğaladı:

– Yenə də deyirəm, Mələk. Bəlkə də özün hiss eləmirsən ki, nə haldasan. Dodaqların da ağappaq ağarıb. Tərsliyin yeri deyil. Daha uşaq deyilsən. Bətnindəki uşağı düşün.

– Hamlet, vallah, mən tərslik eləmirəm. Bilirəm ki, halım yaxşı deyil. Yəqin ki, təzyiqim çox aşağı düşüb. İnan ki, daha pendir istəmirəm.

Və düşünmədən bunu da dedim:

– Mən qadın həkimi olacam. Bilirəm ki, belə hallarda körpə tələf ola bilər. Reyhan xanım, bu sözləri dediyimə peşman oldum. Hamlet yerindən dik atılıb çox sərt halda dedi:

– Mələk, sənə və körpəyə nəsə olsa, mən anamla düşmən olacam. Məni anamla düşmən eləmə, Mələk.

İnanın mənə, Reyhan xanım, Hamletin bu halı elə bil məni dərin yuxudan oyatdı. Nə qədər halsız olsam da özümdə güc tapıb oturdum və onu başa salmağa çalışdım:

– Pendiri apar qoy yerinə. Soyuducudan başqa bir şey gətir.

O, duruxdu və çaşqın halda soruşdu:

– Nə gətirim?

– Yəqin ki, orda soyutma ət, kotlet var. Bunlar həmişə olur soyuducuda.

– Yaxşı, yaxşı, – deyib padnosu götürüb qapıya yaxınlaşanda əlavə elədim: – Hamlet, xiyar turşusu və mineral su da gətir.

Çox çəkmədi ki, Hamlet əlində iri bir padnos içəri girdi. Gətirdiyi şeyləri stolun üstünə düzə-düzə dedi:

– Bax, bunların hamısını yeyəcəksən.

– Reyhan xanım, mən əvvəldən çox az yeyən bir uşaq olmuşam. Anam həmişə deyirdi ki, səni yedirdincə canım boğazıma yığılırdı. Böyüyəndə isə gileylənirdi ki, bilmirəm sən nəyin hesabına ayaq üstə dayana bilirsən. Allahın quşu da səndən çox yeyir.

Həmişə fikirləşirdim ki, az yemək yaxşıdı. Ancaq o gecə başa düşdüm ki, hamilə qadın üçün bu fikir yararlı deyil. Özüm-özümə təəccüblənirdim? Necə oldu ki, mən bu hala düşdüm. İnanın ki, oturub yeməyə də gücüm çatmırdı. Hamlet zarafat edə-edə məni yedirdir və gülə-gülə deyirdi: – Axır ki, özün də başa düşdün. Həmişə tərslik eləmək olmur. Uşaqlıq bitdi daha. Mismar məsələsi də qurtardı. – Hamlet məni güldürmək üçün uşaqlığımı yadıma salırdı. Bilirsiz də, Reyhan xanım, atam məni qorxutmaq üçün divarda çox böyük bir mismar vurub demişdi. Bax, tərslik eləsən, sözə baxmasan səni bu mismardan asacam. O, bunu yada salanda ikimiz də bir-birimizə qoşulub güldük. Sonra da mən yuxuya gedənə qədər  yerinə uzanmayıb başımın üstündə oturdu.

– Allah Hamletə rəhmət eləsin. O səni çox sevirmiş, Mələk. Mələk susub cavab vermədi. Axır ki, qəhərdən titrəyən bir səslə dedi:

– Reyhan xanım, siz ona rəhmət oxuyanda mən karıxıram, elə bil ürəyimdə yenə nəsə qırılır. Hər dəfə bu cür söhbətlər edəndə onun ölümünü unuduram. İnanın, mənə elə gəlir ki, Hamlet ölməyib, sağdır və nə vaxtsa qayıdıb gələcək. Çünki mən onun ölümünü görməmişəm, dəfnində iştirak etməmişəm. Bizim ailədən Hamletin yasında ancaq atam iştirak edib. Mən Hamletin dəfnində iştirak etmək istəyirdim. Ancaq atam nə mənim, nə də ki, anamın yasa getməsinə razı olmadı. Yadımdadı, atam səsini qısaraq mən eşitməyim deyə astadan anamı başa salmağa çalışırdı:

– Bilirəm, Mələk ora getmək istəyir. Getməlidi də. Ancaq indi Mələyin ora getməsi məsləhət deyil. – Atam susub sonra çox qəmgin bir səslə dedi: – Dəhşətdi, dəhşət. O boyda Nofəl cücəyə dönüb, kişinin beli bükülüb. Elza xanımı sakitləşdirmək olmur. Yazıq havalanıb elə bil.

– Kim olsa havalanar, Ziya, dağ boyda oğul itirib.

– Ən ağır bilirsən nədi, Səmayə, – deyə atam pıçıltıyla dilləndi. – Elza xanım Hamletin ölümündə Mələyi günahlandırır. Deyir Mələyin güdazına getdi Hamlet. Arvadı, uşağı yanında olsaydı, bu bədbəxtçilik də olmazdı. İndi Mələyin onun gözünə görünməsi qəti olmaz.

– Mən Elzanı başa düşürəm, çox böyük, ağır itkidi. Yazıq Mələyin nə günahı var, ay Ziya. Mələk üçün də asan deyil. Görürsən nə gündədi? Ayaq üstə dayana bilmir. Gözünün yaşı da qurumur. Qızın üzünə baxa bilmirəm.. Ürəyim parça-parça olur. El arasında bir söz var e, deyirlər ölən ölüb canını qurtardı, vay qalanın halına.

Anam sözünü ağlaya-ağlaya bitirdi:

– Hamlet ata-anasının ürəyinə o cür dağ çəkdi. Mələk də iki körpə uşaqla qaldı ortalıqda. Bədbəxt olub getdi. Uşağının birini də əlindən alıblar. İndi bu bədbəxt necə yaşayacaq.

– Yavaş, Səmayə. Demirsən halı pisdi?  Sən də bir tərəfdən başlamısan? Danışdıqlarımızı eşidib lap pis olar. Bir xeyli səs gəlmədi. Atamın dediyi son kəlmələr güclə gəlib mənə çatdı.

– Qoy aradan bir müddət keçsin. Yaralar bir az soyusun. Ağır da olsa Nofəl ilə danışacam. Körpə uşağı anasından ayırmaq olar? Yəqin Nofəl məni başa düşər.

– Heç olmasa imkan versinlər ki, bu yazıq, balasının üzünü görə bilsin. Belə zülüm olar? – deyib anam yenə ağladı.

Reyhan xanım, o an elə bil mənim gerçək dünya ilə əlaqəm kəsilmişdi. Atamla anamın dediklərini də elə bil yuxuda eşidirdim. Elə bil məni havasız, qaranlıq bir yerə salmışdılar. Havam çatmırdı, boğulurdum. Bircə, gecə-gündüz böyrümdən əl çəkməyən Laçının varlığını, nəfəsini hiss edirdim. Bəlkə də məni saxlayan Laçının nəfəsi, hənirtisi idi. Tez-tez ara vermədən bu üç yaşlı uşaq üzümə baxıb deyirdi:

– Ağlama, mama. Bax, mən sənin yanındayam. Hərdən dodaqları büzülür, gözləri yaşla, qorxuyla dolurdu. O anlar, o dəhşətli gün gəlib gözüm önündə dayanırdı.

Mən bu məqamda Mələyin sözünü kəsdim:

– Hamletin öldüyü gündən də dəhşətli bir gün ola bilərmi? Sən hansı gündən danışırsan, Mələk?

– Düz deyirsiz Reyhan xanım, Hamletin vəfatı hər iki ailəyə çox böyük dəhşətlər yaşatdı. Ancaq mən dediyim o gün olmasaydı, bəlkə də bu dəhşətlər yaşanmazdı.

– Mələk, bilirəm sənin üçün bunları yada salıb xatırlamaq çox ağırdı. Ancaq sən tez-tez o dəhşətli gündən söz salırsan, amma danışmırsan.

Mələk çox güclü bir həyəcan içində sözümü kəsdi:

– Bu gün hər şeyi danışacam. Bilirsiz, Reyhan xanım, mən uzun illərdi ki, günahkarlıq hissi içində yaşayıram. Hamletin ölümündə özümü də günahkar sayıram. Bunun necə ağır bir hiss olduğunu yəqin ki, siz yaxşı bilirsiz. O gün nələr yaşadığımı öz ailəmizdən başqa heç kəs bilmir. Yeganə adamsınız ki, mən bu barədə sizə danışmaq istəyirəm. Sizin fikrinizi biləndən sonra mənə aydın olacaq ki, mən Hamletin ölümündə günahkaram, ya yox?

Mələk azacıq susub yenidən dindi:

– Siz təsəvvür belə edə bilməzsiniz ki, o günü yada salıb xatırlamaq, nələr yaşadığımı dilə gətirmək mənim  üçün nə qədər çətindir. Deyərdim ki, ölüb təzədən dirildim. Necə ki, o gün qucağımda körpə Laçın öldüm və təzədən dirildim.

– Danışma, Mələk, xahiş edirəm ki, heç nə danışma. Bu  hissi təzədən yaşamağını istəmirəm.

– Yox, Reyhan xanım, danışacam. Dedim axı, günahkarlıq hissindən birdəfəlik qurtarmaq istəyirəm. Bilirəm, bu dəfə məni dinləmək sizin üçün də çox çətin olacaq. Bunun üçün qabaqcadan üzr istəyirəm.

– Bu sözlər lazım deyil, Mələk. Hər halda mən o ağrıları sənin qədər dərindən yaşaya bilmərəm. Mən səni düşünürəm.

– Sağ olun, Reyhan xanım. Səbr edib məni dinlədiyinizə görə sağ olun. Belə düşünürəm ki, bu mənim sonuncu və ən ağrılı xatirəm olacaq. İndi isə xahiş edirəm, qoyun ürəyimi boşaldım.

Mələk sözünə ara verib köks dolusu nəfəs aldı və danışmağa başladı:

– O dəhşətli gündən danışmazdan əvvəl ötən günləri yada salmaq lazımdı. Üzr istəyirəm, Reyhan xanım, ikinci uşaq, yəni Laçın beş aylıq körpə olanda hiss etdim ki, Hamletə nəsə olub. O əvvəlki Hamlet deyildi. Evə çox gec gəlirdi. Gələn kimi dinib-danışmadan yıxılıb yatırdı. Bəzən çox aqressiv olurdu, bəzənsə çox süst və yorğun görünürdü. Ən pisi isə o idi ki, ata-anasının gözünə görünmək istəmirdi. Mən ürəyimə dolmuş qorxu içində soruşurdum:

– Sənə nolub, Hamlet? Sən çox dəyişibsən? Səbəbi nədir? Yadına salmaq istəyirəm ki, sənin iki körpə balan var. Deyəsən, sən onları tamam unudubsan.

– Yox, elə deyil. Sadəcə bu günlər işim çox olur. Odur ki, yoruluram. Sən narahat olma. Tezliklə hər şey yoluna düşəcək.

Yadımdadı, o bu sözləri deyəndə gözlərini məndən gizlətməyə çalışırdı. Və hər dəfə də mənə deyirdi ki, xahiş edirəm, Mələk, evə gec gəldiyimi, yorğun olduğumu, ümumiyyətlə hiss etdiklərini anama demə. Bilirsən ki, onun çox tünd xasiyyəti var. Evdə söz-söhbət yaranmağını istəmirəm. Səndən də çox xahiş edirəm, rahat ol, uşaqlara yaxşı bax. Vallah, elə ciddi bir şey yoxdu. Bu aralar işim çox olur. Prokurorluğun işi çətindi. Bax, atamı götür, uzun illərdi ki, evə həmişə biz yatandan sonra gəlir. Çox vaxt biz onun üzünü belə görmürük. İndi də çox qarışıq bir zamandı. O boyda Sovet hökuməti yıxılıb, sistem dağılıb, hər şey alt-üst olub. Cinayət işi beşqat çoxalıb. Hələ yerindən, yurdundan qovulan didərginlərin problemlərini demirəm. Yadındadı, sən də deyərdin ki, son vaxtlar atam evə gec gəlir. Elə yorulur ki, heç dinib-danışa da bilmir. İndi dövlət işində işləyənlərin işi beşqat, onqat çoxalıb. Hamlet çox vaxt bunları danışa-danışa yuxuya gedərdi. Mən onun dediklərinə inanmaq istəyirdim, amma gizli bir qorxudan, şübhədən üzülüb əldən düşürdüm. Bu barədə söz salmağa da cəsarət etmirdim. Ancaq bir gün heç gözləmədiyim halda içimdəki qorxular, şübhələr özünü doğrultdu. O gün çirkli paltarların ciblərini yoxlayıb yuyulması üçün paltaryuyan maşına atırdım. Hamletin şalvarlarından birinin ciblərini yoxlayanda barmaqlarım bir kağız bükülüsünə toxunanda diksindim. Və cəld o kağız bükülüsünü açıb baxdım. Kağızın içində ağ rəngli toz şəklində paraşoku görəndə elə bil məni ildırım vurdu. Reyhan xanım, onda mən Tibb Universitetini bitirirdim. İkiillik interna kursundaydım. Hər cür dərmanlardan anlayışım vardı. Kağızın arasındakı paraşokun narkotik maddə olduğunu hiss edirdim. Qorxudan, dəhşətdən donub qalmışdım. Nə edəcəyimi bilmirdim. Handan-hana özümə gələndə Elza xanımın otağına qaçdım. O, divanda uzanıb televizora baxırdı. Məni görəndə dikəlib oturdu və təəccüblə soruşdu:

– Nolub sənə? Rəngin niyə belə ağarıb?

Qəhərdən boğazım elə acışırdı ki, dinə bilmirdim. Hiss edirdim ki, gözlərimdən yaş axır. Elza xanım ayağa qalxıb mənə yaxınlaşdı və həyəcanla yenə soruşdu: – Nolub axı? Niyə ağlayırsan? Bəlkə Hamletə bir şey olub? Cavab ver, ürəyim partladı axı.

Onun həyəcanı, qorxusu dilimi açdı:

– Elza xanım, Hamlet narkotik maddə qəbul edir.

Qadının rəngi qaçdı, qaşları çatıldı:

– Hardan bilirsən sən bunu?

Mən onu çox danışmağa qoymayıb əlimdəki kağız bükülüsünü göstərərək dedim:

– Alın, buna baxın. Bu kağızın içindəki ya nəşədi, ya da ki…

– Bura ver, – deyə o sərt bir hərəkətlə sözümü kəsib kağız bükülüsünü əlimdən aldı və içindəkinə baxaraq kinayə ilə dedi:

– Bunu deyirsən? Tutaq ki, lap nəşədi. Bu bir çimdik toz o boyda bədənə nə edəcək? Cavandır də, qoy çəksin. Bir az nəşələnər, kefi açılar. Vəssalam.

O, arxayın bir tərzdə divanda oturdu. Üzümə baxıb arxayınçılıqla dedi:

– Heç nə olmaz, ay qız. Niyə quruyub qalıbsan? De görüm uşaqlar neynirlər? Hardadılar?

Mənim dinmədiyimi görüb başını yırğaladı:

– Bu yazıq ayaq üstə keçinib ki, – dedi və sözünü tez dəyişdi.

– Uşaqları soruşuram. Cavab ver də.

– Hə, uşaqları soruşursan?

– Yedirtdim, sonra yatdılar.

– Bax, təmiz hava belədi e. Nənəsi onları o qədər gəzdirdi ki, elə Toğrul ayaq üstə yuxuladı. Laçın da kalyaskada. Sonra nə hiss etdisə sözünü dəyişib sərt bir səslə dedi: – Eşit gör nə deyirəm, Mələk. İndi çox qarışıq, ağır zamandı. Əvvəlki vaxt deyil ki, saat altı olan kimi hamı qaçırdı evinə. Divanda uzanıb televizora baxır, rahatca deyə-gülə çörəklərini yeyib, sonra başlarını atıb yatırdılar. Sistem işçilərinin işi həmişə çox olub. İndi ondakından beşqat çox işləyirlər. Kənardan baxanlar da bizə bəxtəvər deyirlər. Ta demirlər ki, bu pulu necə zülümlə qazanırlar. Odur ki, gecə Hamlet evə qayıdanda sən də üstünə getmə. Qoy heç olmasa rahat yatıb dincini alsın. İndi get. Əgər Toğrul oyanıbsa yanıma göndər.

Mən göz yaşlarından boğula-boğula otaqdan çıxdım. Ona deyə bilmədiyim sözlər ürəyimi yandırıb yaxırdı: – Elza xanım, sən təkəbbüründən heç nəyi etiraf etmək istəmirsən. Doğrudanmı, başa düşmürsən ki, istəkli oğlun necə dəhşətli, qorxulu bir işə qurşanıb. Bu  gün nəşə çəkən, sabah ondan betərini qəbul edəcək. Belə getsə, oğlun tələf olacaq, Elza xanım. Sənsə mənə kinayə ilə gülürsən.

Reyhan xanım, gecə Nofəl əmi işdən qayıdıb Elza xanımla mübahisə edəndə mənim ürəyimdən keçən bu sözləri eynilə onun üzünə dedi. Dedi ki, mən sənin bu qədər təkəbbürlü, məkrli bir insan olduğunu bilmirdim. Gəlin yazıq əlində nəşə sənin üsünə qaçır. Sənsə ona gülürsən. Mən bilirəm, sən hər şeyi yaxşı başa düşürsən. Amma gəlinin qabağında guya ki, özünü sındırmırsan. Bu gəlin sənə neyləyib ki, ona  qarşı bu qədər kinlisən. Oğlunun həyatı təhlükə qarşısındadı. Sən bu məqamda da öz bildiyini yeridirsən.

– Nofəl, sən elə danışırsan ki, elə bil sevimli gəlinini məşhər ayağına çəkmişəm. Mən bilmirəm onun əlindəki nəydi. Bir çimdik tozdan ötrü ağlaşma-şivən qopartmalıydım?

– Yox, gəlininlə üzbəüz oturub onu dinləməliydin. Bəlkə onun bildiyi elə bir şey var ki, bizim xəbərimiz yoxdu. Elza xanımın hökmlü səsi yüksəldi. Bəsdi sən Allah, onun bildiyi şeyi mən də bilirəm. Bilirəm ki,  Hamlet evə gec qayıdır. Yəqin ki, işi çox olur də. Guya sən ondan tez gəlirsən? Mən belə şeylərə alışmışam.

– Hər halda sən mənim cibimdən kağızı bükülü nəşə tapmamısan.

Elza xanım qəzəbli bir səslə Nofəl əmini çox danışmağa qoymadı:

– Sən hardan bilirsən ki, o nəşədi?

– Elza, unutma ki, mən uzun illərdi ki, prokuror işləyirəm. Narkomanları da yaxşı tanıyıram, onların qəbul etdiyi o zəhrimarlardan da xəbərim var.

– Sən nə danışırsan, Nofəl. Sən oğlumuzu kimlərə oxşadırsan? Bunu necə dilinə gətirə bilirsən?

Elza xanım hönkürdü. Mən uşaqların otağındaydım. Bu hönkürtü ora da gəlib çatdı. Bu mübahisə uzun çəkdi. Hamlet evə qayıdanda isə bu mübahisə o qədər şiddətləndi ki, uşaqların isti otağında olsam da, qəfil tufana düşmüş son yarpaq kimi əsirdim. Uşaqların üzünə baxmağa ürək eləmirdim. Onda Toğrulun üç yaşı artıq tamam olmuşdu. Laçın isə beş aylıq körpə idi. Körpə olsa da Hamletə oxşadığın aydınca hiss edirdim. O qədər sarsılmışdım ki, bu oxşarlıq mənim qəlbimi param-parça edirdi. Mənim aləmimdə artıq onlar atasız qalmışdılar.

Bu sözlərdən sonra bir xeyli telefonun dəstəyindən səs gəlmədi. Mələyin yorulduğunu zənn edib onunla xudahafizləşmək istəyəndə o qəmgin, ümidsiz səs təzədən eşidildi:

– Mən çox uzun-uzadı danışmayacam, Reyhan xanım. O gecə Hamlet evə çox gec qayıtdı. Yatmayıb birlikdə onun qayıdacağını gözləyirdik. O qayıdandan sonra sanki bu nəhəng ev qəfil, güclü bir tufandan yırğalanırdı. Elza xanım göz yaşları içində çığırır, bağırır, gah da qəhərdən boğula-boğula deyirdi:

– Sən elə bilirdin ki, anan yatıb? Sənin evə gec gəldiyindən xəbəri yoxdu? Yox, hər gecə evə gəlib çıxana qədər gözümə yuxu getmirdi.

 – Bəs niyə susurdun, ay ağılsız insan? – Nofəl əmi Elzaya qarşı çox acıqlı idi. Kişi qəzəbindən od tutub yana-yana susmaq bilmirdi. – Nəyi gözləyirdin? Sən doğrudanmı başa düşmürdün ki, bunun axırı hansı faciələrə gətirib çıxara bilər.

– Mən inana bilmirdim. İnana bilmirdim ki, Hamlet…

– Əlbəttə, əlbəttə, sənin oğlun əvəzedilməz bir oğul idi. – Nofəl əmi hər dəfə Elza xanımın sözünü yarıda kəsirdi. – Ona bir irad tutmaq istəyəndə səsin evi başına götürürdü. Mənim oğlum hər oğulun tayı deyil. Onun heç bir məsləhətə ehtiyacı yoxdu, deyirdin. İndi bax, oğluna. Bu da sənin güclü, ağıllı, savadlı oğlun.

Mənim bütün diqqətim, fikrim Hamletin üzərində cəmləşmişdi. O, çox yorğun, süst bir halda başını aşağı salıb dinməzcə oturmuşdu. Sanki özünü müdafiə etməyə gücü çatmırdı. Həmişə yenilməz güc, qətiyyət ifadə edən gözləri indi mənasız küt bir baxışla baxırdı. Hərdən başını yelləyib guya ki, bu deyilənlərin mənasız bir şey olduğunu göstərmək üçün gülümsünür və laqeyd tərzdə deyirdi:

– Bu nə hay-həşirdi? Başa düşmürəm. Deyirəm axı, bu aralar işim çox olur. Ona görə də evə gec gəlirəm.

Bu məqamda Elza xanım çox qəmgin, məyus bir tərzdə dilləndi:

– Saata bax, Hamlet, gecə yarıdan ötüb. Bu vaxt iş olar?

– Sən uşaq başı aldadırsan, ay namərd. Sənin atan uzun illərdi bu işin içindədi. Utanmırsan bu sözləri dilinə gətirirsən?

Bu sözlər deyəsən Hamleti bir az tərpətdi. O, çaşqın bir tərzdə dedi:

– Yox, mən demirəm ki, bu vaxta qədər işdə olmuşam.

Dostlarla oturmuşduq. Nofəl əminin həmişə xoş bir baxışla baxan gözləri qəzəbdən od saçırdı. Bu an o özündən çox Hamletin əvvəlki vaxtına oxşayırdı. Səsi də Hamletin o vaxtkı səsi kimi çox sərt və güzəştsiz idi. O, Hamletin cibindən tapdığım kağız bükülüsünü havada silkələyib səsini qaldırdı:

– Bəlkə bunu da cibinə o dostların qoyub. Bayaqdan deyirsən ki, mənim ondan xəbərim yoxdu. Bizi günahlandırırsan. Deyirsən onu hardan tapmısız? Nofəl əminin baxışları mənə sarı yönəldi və elə o andaca bu baxışlar yumşalıb mehribanlaşdı. Bu bir an çəkdi. Sonra Hamletə sarı çevrilib kağız bükülüsünü göstərərək: – Bunu Mələk sənin cibində tapıb, – dedi. – O dəqiqə də ananın üstünə qaçıb qorxu içində deyib ki, Hamlet nəşə çəkir. Bəs anan nə deyib. Danışa-danışa Elza xanıma baxdı və istehza ilə səsini ucaltdı.

– Anan da deyib ki, nəşə çəkir, çəksin də, cavandı, qoy kef eləsin. Bu bir çimdik toz o boyda bədənə nə edəcək?

Birdən heç gözləmədiyim halda Hamlet yerindən dik qalxıb mənə baxdı. Bu an onun iri gözləri yenə kiçik məşəllərə bənzədi. Ancaq bu baxışlar indi od-alov deyil, dəhşət saçırdı. Məni qanlı-qanlı süzüb qəzəbləndi:

– Demək, Mələk mənim ciblərimi yoxlayır?

Nofəl əmi ona yaxınlaşıb qolundan tutaraq: – Otur aşağı, – dedi: – Yuyulmazdan qabaq hər qadın paltarların ciblərinə baxır ki, bəlkə orda nəsə bir şey qalıb. Xəcalət çəkmək əvəzinə qıza acığın da tutur. Sən mənə cavab ver görüm, bu zəhrimarı nə vaxtdan qəbul edirsən?

Daha Hamlet əvvəlki tək süst və yorğun görünmürdü, əksinə çox qəzəbli və aqressiv görünürdü. Birdən-birə əlini stola çırpıb:

– Mən heç bir narkotik maddə qəbul etmirəm, – dedi və hamını acıqlı-acıqlı süzüb ötkəmliklə etiraz etdi:

– Siz hamınız sözü bir yerə qoyub bunu mənim boynuma qoymaq istəyirsiniz. Mən Mələyə də göstərərəm ki, bir də ərinin cibindən nəsə tapıb sizin üstünüzə qaçmasın.

Hamletin mənə sarı çevrilən baxışlarında elə bir yad, amansız ifadə var idi ki, mən birdən-birə sazağa düşmüş adamlar kimi üşüdüb titrətməyə başladım. Bilmirəm, Nofəl əmi mənim bu halımı hiss etdi ya yox? Onu gördüm ki, Nofəl əmi taqətsiz halda stula çökdü və oğluna baxıb qəhr olmuş bir halda başını yellədi:

– Sən necə cılız bir adama dönmüsən, Hamlet. Ata-ananın gözü qabağında yoldaşını hədələməyi necə özünə yaraşdırırsan? Sən axı arvadına əl qaldıran, onlara qarşı nalayiq hərəkət edən kəsləri kişi hesab etmirdin. Belələrinin üstündən xətt çəkirdin.

Hamlet dinməyib pərt halda yerində oturdu. Otağa çökmüş gərgin sükutu Nofəl əminin məyus və kədərli səsi pozdu:

– Sən niyə yolunu azdın Hamlet? Necə oldu ki, bu çirkin işə qoşuldun? Sən bilirsən ki, mən yoxsul bir ailədə böyümüşəm. Sənin kimi mənim qayğımı çəkən olmayıb. Yeddi uşaq idik. Atam kolxozda suçu işdəyirdi. O vaxt belə bir qərar çıxdı ki, niyə gərək elə prokurorun oğlu oxuyub prokuror olsun? Bəs kasıb adamın uşaqları? Və beləcə hüquq fakültəsinə kasıb ailələrin uşaqlarını götürdülər. Mən də o şanslı gənclərdən biri oldum.

Nofəl əmi danışdıqca qəhərə dolur, mehriban baxışlı gözləri yaşla dolub-boşalırdı: – Yadımdadı, atam mənə yolpulu verməyə çətinlik çəkirdi. Məni Bakıya dayım gətirdi və bir tanışın evində qoyub geri döndü. Dayım mənə 10 manat pul vermişdi. Bu pulu qəpiklərə çevirib cibimə qoymuşdum ki, imtahan vaxtı Universitetə gedəndə yolpulum olsun və bu pul imtahan qurtarana qədər mənə çatsın. Anamın qara bir zənbildə qoyduğu şeyləri də tikə-tikə yeyirdim ki, sonra ac qalmayım.

– Papa, papa, sənə qurban olum, bəsdi daha. – Hamletin bacısı bu sözləri deyib ağlaya-ağlaya özünü atasının üstünə atdı. Elza xanım da, mən də göz yaşlarımızı saxlaya bilmədik. Bu kədərli mənzərə, deyəsən Hamletə də təsir elədi. O, gözlərini yerə dikib günahkar-günahkar susurdu. Nofəl əminin ürəyi dolu imiş. Onun kövrək səsi yenə eşidildi:

– Atam mənə pul göndərə bilmirdi. Gündüzlər dərsə gedirdim, gecələr gözətçi işləyirdim. Universiteti bitirənə qədər tələbə yataqxanasında qaldım. Bunları sənə ona görə danışmıram ki, boynuna minnət qoyum. Yox, ona görə demirəm, Hamlet.

Deyəsən, Nofəl əmi kövrəldi. Bəlkə də ağlayırdı. Gözlərini yerə dikdi ki, heç kəs ağladığını hiss etməsin.

– Ona görə bütün bunları danışıram ki, bu yerə gəlib çatana qədər çox əziyyət çəkmişəm. Çətinliklər həmişə, elə indinin özündə də olur. – O, gözlərini yerdən ayırıb Hamletə baxdı. – İndi bir problemlərlə qarşılaşanda sən gəlib gözümün qabağında dayanırsan. Ürəyim qürurla dolur. Dağ-dağa söykənən kimi mən də həmişə sənə söykənmişəm. Elə bilmişəm ki, arxamda bir dağ dayanıb. Məni arxasız qoyma, Hamlet. Bir çətinliyin, problemin varsa, aç, danış. Birlikdə bu problemi həll edək. Sonra çox gec olar, oğlum.

– Atan düz deyir, Hamlet.

– Elza xanım qüruru, təkəbbürü tullayıb ağlaya-ağlaya oğluna yalvarırdı.

– Hamlet, qurban olum, sən hansı yanda olursa-olsun bizim üçün uşaqsan. Uşaq dərd-sərini ata-anasından gizlətməz. Üz-gözündən əzab yağır, səni incidən nədir, Hamlet?

– Bu da Allahın işidir,  Reyhan xanım, bəlkə də Nofəl əmi kövrəlib o söhbətləri eləməsəydi, Elza xanım göz yaşları tökə-tökə Hamleti dilə tutmasaydı, yəqin ki, Hamletin son vaxtlar buza dönmüş ürəyi yumşalmazdı. Çığır-bağırla, hədə-qorxuyla ondan söz almaq çətin olardı. Az qala səhər açılırdı. Nofəl əminin, Elza xanımın nigaran yalvarış dolu baxışları Hamletin üzünə dikilib qalmışdı. Nəhəng ev ağır bir sükut içindəydi. Axır ki, Hamlet bu sükutu pozdu:

– Hə, ata, mən xoşagəlməz, qorxulu bir yoldayam. Amma bu yolu öz xoşumla seçməmişəm. – Hamlet o qədər gərgin idi ki, heç kəsin üzünə baxa bilmirdi. Elə bil nəsə boğazına tıxanıb onu axıradək danışmağa qoymadı. Amma özündə güc tapıb bu sözləri də deyə bildi:

– Özüm də hiss etmədən məni bu çirkin işə qoşdular. Özümə gələndə isə artıq çox gec idi.

Nofəl əminin ayağa qalxmasıyla onun qəzəbli səsinin divarlarda əks-səda verməsi bir oldu:

– Kim səni bu təhlükəli, çirkin işə sövq etdi? Kim? Niyə açıb demirsən? Heç ola bilməz ki, sən onları tanımayasan.

Hər şeyi açıb deməsi Hamletə çox baha başa gəldi. Elə bil ki, birdən-birə o tamam sındı. Zəifliyini, gücsüzlüyünü büruzə verdi. Ağarmış üzü əzablı qırışlarla örtüldü. Əlləri titrəməyə başladı. – Oğlunun bu halı Elza xanımı yerindən tərpətdi. O, özünü Hamletin üstünə ataraq:

– Sənin günahın nədi, Hamlet, – deyərək sanki oğlunu bu olanlardan qorumaq üçün bərk-bərk qucaqladı.

– Sən kimə pislik etmisən? Niyə səni bu odun-alovun içinə atdılar? Nofəl əmi bir yerdə qərar tuta bilmirdi. Gah oturur, gah da cəld ayağa qalxıb sanki nə edəcəyini bilmədən evin ortasında var-gəl edirdi. Axırda ürəyini söküb-dağıdan qəzəbini Hamletin üstünə tökdü:

– Niyə susursan?

Onların kim olduğunu demirsən? İndiyə qədər susduğun bəs deyil? Bu gedişlə hara gedəcəksən? Heç bunun axırını fikirləşirsən?

– Nofəl əminin sifəti qəzəbdən tanınmaz hala düşmüşdü. O, oğlunun qolundan tutub silkələdi:

– Susduğun, bizdən qaçdığın bəsdi? Cidanı  çuvalda gizlətmək olmaz. De görüm, kim səni bu kökə saldı? Kim?

Hamlet özünə gəldi, ayağa qalxıb, atasıyla üz-üzə dayandı:

– Axı, o adamların kim olduğunu bilməyin nə mənası var? İndi bunun heç bir əhəmiyyəti yoxdu, ata! Olan olub. – Nəfəsi təngidi, susub dərindən nəfəs aldı, sanki içindəki acığını, qəzəbini yumruğunda düyünləyib stola çırpdı:

– İndi əsas məsələ mənim bu vəziyyətdən çıxmağımdı.

Nofəl əmi bir xeyli oğlunun əzablardan qırışmış üzünə, odu sönmüş qəmli gözlərinə baxıb çarəsiz halda susub qaldı. Sonra yenə qəzəbə dolub səsini qaldırdı:

– Çox adamların məni gözü götürmür. Səni görəndə istəyib-istəməyən də deyirdi: – Belə oğlu olanın dərdi olar? Savadlı, ağıllı, cəsarətli, dağ boyda cüssəsi. O tərəfdən gələndə elə bil dağ yerindən ayrılıb üstünə gəlir.

Nofəl əmi dərindən ah çəkib başını yellədi:

– Nəhlət olsun belə zəmanəyə, adam bilmir dostu kimdi, düşmüəni kimdi? Əvvəllər düşmənçilik də kişiyana, mərdi-mərdanə idi. Bilirdin düşmənin kimdi. Bilirdin xata sənə hardan gələcək. Amma indi düşmənçilik də başqa cürdü. Bax, budur, gör mənim dağ boyda oğlumu nə günə qoydular. Özü də nəylə? Bir çimdik tozla. Kişi yanıb yaxıla-yaxıla səsini lap ucaltdı. – Bir çimdik tozu suya, nə bilim nəyəsə töküb üzünə gülə-gülə içirdib evini yıxırlar. Çünki kişilik itib. Yox, belə davam edə bilməz.

O, oğluna yaxınlaşıb qətiyyətlə dilləndi:

– Elə günü sabah, səni də götürüb Bakıya gedirəm.

Mən içimdəki qəhərdən dəyişmiş, batıq səslə qeyri-ixiyari dilləndim:

– Mələk, bəyəm siz Bakıda yaşamırdınız?

Mələk həyəcanlı halda məni başa salmağa tələsdi:

– Onda qayınatamın iş yerini dəyişib Bakıya yaxın olan bir rayona prokuror təyin etmişdilər. Nofəl əmi heç cür ailəsinin gözündən uzaq olmasına yol vermirdi. Ailəlikcə hamımızı özüylə götürüb rayona apardı. Elə Hamlet də müstəntiq kimi o rayonda işə başladı. Sizə demişəm yəqin, Hamlet şərqşünaslıqla yanaşı, hüquq fakültəsini də bitirmişdi. Reyhan xanım, səsinizdən hiss etdim ki, yorulmusuz. Bağışlayın məni sən Allah, gedin dincəlin.

– Yox, Mələk. Sənin sözünü ağzında qoydum. Davam et. Mən də hər şeyi bilmək istəyirəm.

– Hə, qayınatam, qəti bir şəkildə dedi ki, sabah şəhərə yola düşürük.  Hamlet sən bağ evində qalacaqsan. Yaxşı bir həkim tapacam. O da səninlə birlikdə bağ evində qalacaq. Bax, evinin bir açarını həkimə verəcəm. Sən müalicə olunub sağalana qədər o bağ evindən bir addım da kənara çıxmayacaqsan. Bunun başqa yolu yoxdur.

– Yox, ata, yox. Mənə  heç bir həkim lazım deyil. Mən özüm özümü bu vəziyyətdən çıxaracam. Bircə siz mənim üstümə gəlməyin. Mənə möhlət verin.

Nofəl əmi özünü saxlaya bilmədi:

– Bəs indiyə qədər niyə susurdun? Niyə bizdən qaçırdın?

– Ona görə ki, sizlə üz-üzə gələ bilmirdim. Siz heç ağlınıza belə gətirə bilməzsiniz ki, mən özüm öz gözümnən necə düşmüşəm. Özümə necə nifrət edirəm, necə əzab çəkirəm.

Hamlet əlləriylə başını tutub dərindən köks ötürəndə yenə Elza xanım özünü onun üstünə atdı:

– Qurban olum sənə Hamlet, sakit ol. Biz sənə kömək edəcəyik, oğlum. Ancaq müalicəsiz, həkimsiz, bu odun-alovun içindən çıxmaq çətindir.

– Dedim ki, özün bu vəziyyətdən çıxacam. Ancaq siz mənə vaxt verin. Məni sıxma-boğmaya salmayın.

– Yaxşı, Hamlet, yaxşı.

Biz hamımız səni çox istəyirik. Nə deyirik, sənin yaxşılığın üçün deyirik. Səni belə görmək heç birimiz üçün asan deyil. Elza xanımın sinəsindən odlu bir hıçqırıq qopanda Hamlet onun əlindən tutub inam doğuran bir səslə dedi:

– Sizin hamınız qarşısında söz verirəm ki, bu çirkin yoldan geri dönməyə özüm də güc tapacam.

– Təki belə olsun, oğlum. Allahın bizə, o iki körpə balana rəhmi gəlsin.

O gecə dan yeri ağaranda hər kəs öz otağına çəkildi. Mən də uşaqların otağında yatdım. Buna yatmaq demək olmazdı. Ölü kimi, pal-paltarlı çarpayıya uzandım. O qədər üzgün, o qədər yorğun idim ki, nəfəsim güclə gəlib gedirdi. Elə bil ruhum bədənimdən ayrılmışdı, Reyhan xanım. Elə indi də halım pisdir.

– Onda bu günlük bəsdi, Mələk. Get, dincəl. Mən də yorğun hiss edirəm özümü. Bir az uzanıb dincəlmək istəyirəm.

– Axır ki, dilə gəldiniz, Reyhan xanım. doğrudan da mən sizi əldən salıram.

Biz sağollaşıb dəstəyi asdıq. Əslində mən o qədər də yorulmamışdım. O, dincəlib nəfəsini dərsin deyə yalan danışdım. Bu cavan, talesiz qadına ürəyim yanırdı. Bu qədər acılar çəkməsinə baxmayaraq o günlərdən saatlarla nəfəsini belə dərmədən danışırdı. Onun xatirələrində acılarla, göz yaşlarıyla bərabər ürəkdolusu bir sevgi də yaşanırdı. Mənimsə mərhəmətdən ürəyim sızlayırdı. Etiraf edirəm ki, onunla danışdığım müddətdə müvəqqəti bir qopuqluq yaranmışdı. Mən övladlarıma çox bağlı bir qadınam. Hər hansı bir əsər üzərində işlədiyim müddətdə bu bağlılıq bir az azalırdı. Bunu ən çox qızım hiss edirdi. Və tez-tez gileylənirdi ki, sənin üçün darıxmışam, ana. – Mən nə qədər dalğın və fikirli olsam da ona qarşı diqqətli olmağa çalışır və gülümsünüb deyirdim ki, mən ki sənin yanındayam. Niyə darıxırsan?

– Sən bilirsən, mən nə demək istəyirəm, – deyib qəribsəmiş baxışlarıyla mənə baxır və elə baxışlarıyla  da ona bir az vaxt ayırmağımı xahiş edirdi.

– Bilirəm, sən indi öz öbrazlarınla söhbət edirsən, onlarla oturub-durursan. Həmişə olduğu kimi unudursan ki, sənin bir həmsöhbətin də var. Onun necə darıxdığını hiss eləmirsən?

O anlar ürəyim çox kövrəlir və qızımın balaca olduğu günlər yadıma düşürdü. O çox kiçik olsa da məni o qədər dərindən duyub hiss edirdi ki, mən heyrət içində qalırdım. Qızım da bunu hiss edir və gülə-gülə deyirdi, biz ruh əkiziyik, ana. Yaşın heç bir fərqi yoxdu.

Yadımdadı, o çox kiçik idi. Mən yeni bir roman üzərində işləyirdim. Yenə gerçək aləmdən ayrılmışdım. Televizora baxmırdım, telefona yaxın gedib bir kəslə danışmırdım. Qızım demişkən öz qəhrəmanlarımla söhbətləşirdim, onlarla oturub-dururdum. Bütövlüklə, bütün ruhum, varlığım, fikrim ancaq əsər üzərində cəmləşsə də, dumanlı şəkildə hiss edirdim ki, mənim balaca Ayselim darıxır. Yenə qəribsəmiş gözləriylə məni axtarır. Hərdən dözməyib mənə yaxınlaşaraq çox ehtiyatla, çəkinə-çəkinə soruşurdu: – Ana, yazıb qurtarmadın?

O anlar əsərlə bağlı qarışıq hisslərin ziddiyyətləri içindən tam  çıxa bilməsəm də onu qucaqlayıb öpür və günahkarlıq hissindən titrəyən, kövrək bir səslə deyirdim.

– Az qalıb, Aysel.

O da iri, qara gözlərinin çox doğma, mehriban baxışlarıyla mənə baxıb bir uşaq sadəlövhlüyü ilə yenə soruşurdu:

– Bəs sən nə vaxt mənimlə söhbət edəcəksən?

İllər hiss olunmadan ötüb keçib, amma qızımla məni bir-birimizə bağlayan hiss və düşüncələr də, böyük sevgi də, heç nə dəyişməyib. Hərdən Aysel kövrək bir əhvalla deyirdi: – Görəsən, dünyada elə bir ana və bala varmı ki, bir-birinə bu qədər bağlı olsun. Ana, biz bütöv bir ömrü bir yerdə yaşamışıq.

Mələklə zəngləşdiyimiz vaxtlarda da eyni hisslər, eyni əhvallar yaşanırdı. Yoldaşımsa mənalı bir tərzdə gülümsünüb dillənirdi:

– Darıxma, Aysel. Deyəsən, yeni bir əsər doğulur. – Yoldaşım düz deyirdi. Mələyin  danışdığı hər xatirə, hər söhbət ruhuma, yaddaşıma hopur və təzə əsərin bünövrəsi qoyulurdu. Ona görə də Mələyin hər zəngini maraq və həyəcan içində gözləyirdi. Axırıncı söhbətdən bir neçə gün keçmişdi ki, o, yenə zəng elədi. Mələyin səsi çox üzgün və kədərli idi. Bunun səbəbini soruşmamış o özü danışmağa başladı.

– Reyhan xanım, olub-keçənlərdən danışıb özümü də əldən salıram, sizi də. Heç fikirləşmirəm ki, sabah başıma nələr gələcək.

– Nə baş verib axı, Mələk?

– Bundan artıq nə olacaq, Reyhan xanım? Bu boyda uşaq qapanıb özünə. Evdən çölə çıxmır. Hərdən dərd məni elə götürür ki, uşağın əsəbi, həssas olduğunu unudub düşürəm üstünə. İki gün bundan qabaq gedib oturdum üzbəüz. Əsəbi-əsəbi danışmağa başladım. Dedim, Laçın, sən orta təhsili dörd divar arasında aldın. Bəs ali təhsili necə alacaqsan? Heç bu barədə fikirləşmisən? Bu gün, sabah orta məktəbi bitirəcəksən. Tək çölə çıxmırsan. Çıxanda da dayınla çıxırsan, bir-iki saat maşınla fırlanıb qayıdırsan. Nə vaxtacan belə olacaqsan, Laçın.

İnan ki, danışdığıma peşman oldum. Bir anın içində uşaq nə günə düşdü. Rəng oldu ağappaq. Elə çığırdı ki, yenə anam yazıq qaçaraq gəlib otağa girdi. Qorxu, təlaş içində soruşdu:

– Yenə nolub? – Laçın anama məhəl qoymadan düşdü üstümə. – Günahı məndə axtarma, – dedi. Özündə, bir də sevib-seçdiyin adamda axtar. Məni siz dünyaya belə gətirmisiniz. Üç-dörd gündən bir başlayırsan, – Laçın niyə evdən çıxmırsan? Tay-tuşlarınla ünsiyyət yarat, zəng elə, danış. Bunları eləyə bilsəydim, nə vardı ki. Başa düşmürsən ki, eləyə bilmirəm? Yoxsa məni hirsləndirməkdən həzz alırsan? – Sözünü deyib cəld ayağa qalxdı, otaqdan çıxanda qapını elə çırpdı ki, yalan olmasın, ev silkələndi. Dalınca qaçdım ki, üzr istəyib könlünü alım. Otağına girib qapını daldan bağladı. Anam da bütün acığını tökdü mənim üstümə:

– Sən bu uşağı niyə dinc oturmağa qoymursan? Yazıq  uşağın çəkdiyi bəs deyil, sən də bir tərəfdən düşürsən üstünə. Ay qız, o daha böyük oğlandı e. Hər şeyi başa düşür. O da istəyər ki, tay-tuşları kimi gəzib dolansın, bir qızla maraqlanıb oturub dursun. Bilmirəm, xəstəlikdi nədi, bu uşağa mane olur da. Laçın düz deyir. Günahı özünüzdə axtarın. Yadında deyil, danışırdın ki, Laçın beş-altı aylıq körpə idi. Onda başa düşübsən ki, ərin narkotik dərman qəbul edir. Bu uşaq necə sağlam doğula bilərdi. Düzdür, ölünün dalınca danışmazlar. Ancaq indi Laçına baxıram ürəyim od tutub yanır, – bu sözləri deyəndə anamın gözləri yaşla doldu. Özünü ələ almaq üçün bir xeyli susub sonra təzədən dindi:

– Hamlet rəhmətlik savadlı, dərrakəli adamdı. Başa düşmürdü ki, o dərmanları qəbul edənin uşaqları sağlam ola bilməz? Anası da təkəbbüründən yerə-göyə sığmırdı. Heç olmasa o, oğlunu başa salaydı. Sən də indiyə kimi Hamletdən ötrü göz yaşları tökürsən. Əvəzində Elza xanım da, mənim oğlum Mələyin güdazına getdi, deyib uşağını da əlindən aldı. Toğrul daha yekə oğlandı. Görürsən, heç burnunun ucunu da göstərməyib sənə. Yolda-rizdə qabaq-qabağa gəlsəniz, nə sən onu tanıyarsan, nə də ki, o səni. Belə zülüm harda görünüb.

Mən göz yaşlarından boğula-boğula dilləndim:

– Ana, bayaq sən deyirsən ki, Laçının üstünə düşmə, rahat burax onu. Sən niyə hər dəfə bu sözləri deyib ürəyimi qana döndərirsən? Mənim əlimdən nə gəlir? Bəs mənim günahım nədi? Özün deyirsən ki, yazan belə yazıb. Sənin taleyinə xoş gün yazılmayıb.

Həmişə olduğu kimi anam dediklərinə peşman olub dinmədi. Elə bil mənim könlümü almaq üçün: – Yaxşı, gedim görüm Laçın neyləyir, – dedi. – Çaydan-çörəkdən aparım uşağa.

– Reyhan xanım, iki-üç gündü Laçın mənlə kəlmə də kəsmir, heç mən olan səmtə dönüb baxmır da.

Telefonun dəstəyindən ürək yandıran kəsik-kəsik hıçqırtılar eşidildi. Hər dəfə belə olurdu. Mələk, ağlayanda mən qəhərdən boğuluram. Səssizcə oturub onun sakitləşiməsini gözləyirəm. İndi də belə oldu:

– Reyhan xanım, sən Allah, məni bağışlayın, bilirəm, siz də qəhərlənirsiniz. Ona görə də dinmirsiniz. Vallah, sizə elə bağlanmışam ki, ürəyim dolan kimi sizə zəng eləmək istəyirəm. Bəzən zəng eləməyə utanıram. Onda da heç yerdə qərar tuta bilmirəm.

– Mələk, əzizim, mən sənə neçə dəfə demişəm ki, üzrxahlıq eləmək lazım deyil. Demişəm axı, bu zənglər, bu söhbətlər sənə rahatlıq gətirirsə, ürəyini yüngülləşdirirsə, türklər demişkən nə xoş mənim halıma.

İndi sən mənə de görüm, o vədlərdən, etiraflardan sonra nə baş verdi? Hamlet sözünün üstündə durub o vəziyyətdən çıxmağa cəhd etdimi?

– Hə, Reyhan xanım, hiss edirdim ki, o özü-özüylə mübarizə aparır. On-on beş gün keçəndən sonra Hamletdə yaxşılığa doğru dəyişiklik hiss eləyirdim. O, evə əvvəlki tək gec qayıtmırdı. Hər gün Toğrula bir oyuncaq alıb gətirirdi. Bu oyuncaqlardan sevinən Toğrula qoşulub onunla əylənirdi. Reyhan xanım, Laçını qucağına götürüb onun əllərindən öpə-öpə, uşağa elə bir baxışla baxırdı ki, sanki bu dilsiz körpədən əfv diləyirdi. Laçının hər təbəssümündən, hər gülüşündən uşaq kimi sevinirdi. Bu anlar özümü saxlamağa çalışsam da, gözlərimdən yaş axırdı.  Onların sevincinə acı qatmamaq üçün qaçıb otaqdan çıxırdım. Reyhan xanım, suda boğulan saman çöpündən yapışdığı kimi Hamlet də hər xırda şeydən yapışıb ayaq üstə durmağa çalışırdı. Onun bu halı mənim ürəyimi yandırırdı. Bilirdim ki, bu acınacaqlı vəziyyətdən təkbaşına çıxmaq onun üçün  çox çətin olacaq.

Günlər ötüb keçdikcə mənim Hamletə olan inamım artırdı. Öz-özümə təskinlik verirdim ki, Hamlet çox güclü, iradəli adamdı. O, bu təhlükəli yoldan geri dönməyi bacaracaq. Evdəkilərin hamısının gözü Hamletin üstündəydi. Hiss edirdim ki, Nofəl əmi də Hamletə görə evə tez qayıdır. İçəri girən kimi Hamleti soruşurdu. Hamlet evdə olsa, bir uşaq sevinciylə atasının qabağına qaçırdı. Hər dəfə Nofəl əmi oğlunu qucaqlayır, sanki ona ürək-dirək vermək üçün iri əlini bir xeyli Hamletin çiynində saxlayırdı. Sonra da nəhəng evin hər yerində eşidiləcək bir səslə səslənirdi:

– Tez olun, hamınız yığışın yemək otağına.

Elza xanımın səsi mətbəxdən ucalırdı:

– Mən burdayam, indi gəlirəm. İki dəqiqədən sonra Hamletin sevdiyi xörək hazır olacaq.

Hətta otağına qapanıb kompüterin önündən ayrılmayan Fidan da qaçaraq gəlirdi. Birlikdə süfrə açıb, Elza xanımın göstərişi ilə xidmətçi qız Tamaranın hazırladığı dadlı, ləzzətli xörəkləri stolun üstünə düzürdü. Nofəl əminin təzədən işıqlanıb, şəfəqlənən gözləri üzümə dikilir: – Uşaqları da gətir, qızım, – deyərək mən uşaqlarla birlikdə yemək otağına gəlməyincə ayaq üstə dayanıb gözləyirdi. Reyhan xanım, o anlar xoş olduğu qədər də səksəkəliydi. Və bu səksəkə, bu nigarançılıq hamımızın baxışlarından hiss olunurdu. Günlər, aylar keçdikcə baxışlardakı səksəkə, nigarançılıq da azalırdı. Hamlet verdiyi sözə əməl edərək yenə hamımızın etimadını qazanırdı. Onun üzünə deməsək də, hər kəs öz ürəyində yenə onunla fəxr etməyə başlamışdı. O günlər bu nəhəng evdə yaşanan günlərin ən gözəli, ən fərəhlisi idi. Artıq mən internanı başa vurmuşdum. Hamletin bacısı Fidan nişanlanıb ərə getməyə hazırlaşırdı. Laçının ad gününü də Hamlet səbirsizliklə gözləyirdi. Onun iki yaşının tamam olmasına çox az qalmışdı.

Nofəl əmi də mənə münasib bir iş yeri tapmışdı. Laçının ad günündən sonra işə gedəcəkdim. Ən əsası isə o güclü, iradəli, ötkəm və ötkəm olduğu qədər də bacarıqlı Hamlet qayıdıb gəlmişdi.

Bir gün Hamlet işdən qayıdıb gələndə dedi:

– Mələk, sabah mən iş yoldaşımın toyuna gedəcəm. Kostyumlardan birini seç, lazımsa ütülə. Evdə geymək üçün də rahat bir idman paltarı qoy sumkaya.

Mən təəccüblə soruşdum:

– İdman formasını neynirsən? Sənin iş yoldaşın burda yaşamır?

– İş yoldaşım burda yaşayır. Ata-anası, bacı-qardaşları isə kənddə. Toyu da kənddə eləmək istəyirlər.

O, üzümdə nə hiss etdisə dilləndi:

– Narahat olma, sabah tezdən çıxacam. Bəlkə elə axşam da qayıdıb gələcəm. İşdi alınmasa, birisi gün günorta evdə olacam.

Reyhan xanım, o an içimə elə bir izaholunmaz nigarançılıq, qorxu çökdü ki, düz Hamlet qayıdıb gələnə qədər bu hisslər məni tərk etmədi. Hamlet dediyindən gec qayıtdı evə. İki gündən sonra səhər tezdən gəlib çıxdı. Tez-tələsik paltarını dəyişib işə getdi. Onun dediyi vaxtda evə gəlməməsi, bir söz demədən, uşaqları soruşmadan tez-tələsik işə qaçması içimdəki narahatçılığı daha da artırdı. Reyhan xanım, məndə hər şeyi qabaqcadan hiss etmək duyğusu o qədər güclüdür ki, bu bəzən məni çox qorxudur. Mənə olmazın əziyyətlər yaşadır.

İndinin özündə Mələk o xatirələri çox böyük həyəcan və əzab içində danışırdı. Mən bu vaxtacan Mələyin səsində bu qədər ağrı-acı hiss etməmişdim: 

– Toydan qayıdandan sonra Hamletdəki dəyişikliyi hiss edirdim. O, bu dəyişikləri çox böyük cidd-cəhdlə ört-basdır etməyə çalışırdı. Mən də bu barədə söz açmaqdan çəkinirdim. Mənə dinclik verməyən vahimə içində öz-özümü sakitləşdirməyə çalışırdım. Bəlkə mənə elə gəlir? Bu barədə nəsə desəm evdə yenə tufan qopacaq. Yaxşısı budur, bir az səbir edim. Hələ ki, qaşınmayan yerdən qan çıxartmayım. Ancaq çox çəkmədi ki, bu narahatçılığın, bu vahimənin doğru olduğu çox dəhşətli bir şəkildə aşkar oldu: – O gün evdə tək idim. – Mələk susub sanki güc toplamaq üçün köks dolusu nəfəs aldı. Məni çox gözlətməyib davam etdi. – Nofəl əmi işdə idi. Elza xanım Fidanı da, Toğrulu da götürüb bacısının ad gününə getmişdi. Məni də dəvət etdi. Ancaq Laçının xəstələndiyini bəhanə edib getmədim. Kaş gedəydim. İlahi, bir an, bircə an insanın həyatını büsbütün dəyişib alt-üst edə bilərmiş. Reyhan xanım, mən başa düşmədim, o toyda Hamletə yenə nə içirtdilər və nə etdilər ki, o təzədən çox acınacaqlı və acınacaqlı olduğu qədər də dəhşətli bir vəziyyətə düşdü. Laçın xalçanın üstüylə tökdüyüm oyuncaqlarla oynayırdı. Mən də Hamletin çox sevdiyi xörəyi bişirirdim. Bədbəxtçilikdən də qulluqçu qız Tamara o gün xəstələndiyindən gəlib çıxmadı. Yadımdadır borş hazır oldu. Bir az da kotlet qızartmaq istəyirdim. Çəkilmiş ətlə dolu qabı soyuducudan çıxarıb stolun üstünə qoydum. Bu an hiss etdim ki, çöl darvazası açıldı. Bu vaxt bizə kim gəlmiş olar? – deyib evin qapısına doğru bir-iki addım atmışdım ki, qapı açıldı. Və Hamlet qarşımda dayandı. Mən dinmək istəyəndə o məni qabaqladı:

– Mələk, götür telefonu atangilə zəng elə. Mənə təcili beş yüz dollar pul lazımdı.

Reyhan xanım, bəlkə də mən həyatımda bu qədər heyrətlənməmişdim. Çaşqınlıq içində soruşdum:

– Sən zarafat edirsən, Hamlet?

– İndi zarafat yeridi, – dedi və ağarmış sifəti əzabla qırışdı. – Tez ol, zəng elə! Mənə təcili beş yüz dollar lazımdı! Mən hələ də onun ciddi danışdığına inanmadan gülə-gülə dedim:

– Bəs deməzlər ki, prokurorun evində beş yüz dollar tapılmır? Buna heç kəs inanmaz axı. Bir də ki bu dəqiqə bu pul sənin nəyinə lazımdı?

– Bəsdi, uzatma, zəng elə, tez ol! Hələ ki, atamgil qayıtmayıblar, zəng elə, o pulu axşama qədər çatdırsınlar. Mən qorxulu yuxudan qəfil oyanmış adamlar kimi diqqətlə Hamleti nəzərdən keçirdim. Onun baxışlarının ifadəsi tamam dəyişmiş, üzünün cizgiləri sərtləşib gərilmişdi.

– Mənə niyə belə baxırsan? Sözlərim sənə çatmır? Dedim ki, zəng elə. Tez ol!

İçimə dolan gizli bir vahimədən dizlərim əsdi. Ancaq evə zəng edib təcili pul istəməyim mənə ağlasığmaz görünürdü.

– Mən bunu edə bilmərəm, Hamlet, – dedim. – Deyərlər görəsən nə baş verib. Qorxub eləyərlər. Danışa-danışa mətbəx stoluna sarı yeridim ki, bəlkə süfrə açım. Deyim ki, xoşladığın xörəyi bişirmişəm. O, cəld addımlarla mənə yaxınlaşıb qolumdan tutdu. Və məni dəhşətə gətirən yad bir səslə qışqırdı:

– Sən məni eşitmirsən? Dedim ki, bu pul axşam mənim cibimdə olmalıdır. Tez ol, evimizə zəng elə. Yoxsa sənin üçün pis olar.

Laçın əlindəki oyuncağı tullayıb mənə sarı qaçdı və paltarımın ətəyindən tutaraq qorxu dolu gözləriylə atasına baxdı. Ancaq Hamlet elə bil heç nə görmür və heç nə hiss eləmirdi. Onun anlaşılmaz bir ifadəylə baxan gözlərindəki soyuqluq və laqeydlik məni dəhşətə gətirdi. Dilim dolaşa-dolaşa dedim:

– Telefonum yuxarı evdə qalıb. Qoy gedim gətirim.

Sonra Laçının qolundan tutub yerə səpələnmiş oyuncaqlara sarı apardım:

– Qaqaş, sən oyuncaqlarınla oyna. Qorxma, telefonumu götürüb gəlirəm.

Yuxarı mərtəbəyə qalxan pilləkənlərə sarı bir-iki addım atmışdım ki, Hamletin səsi məni dayandırdı:

– Nə bişirmisən?

Sevinən kimi oldum və mehribanlıqla dilləndim:

– Borş bişirmişəm, Hamlet. Sən bu xörəyi çox xoşlayırsan.

– Hə, xoşlayıram. – Könülsüz-könülsüz dillənib əlavə etdi:

– Gəl, bir boşqab xörək çək. Mən yeyincə sən də telefonu gətir gəl.

Allaha şükür, deyəsən yavaş-yavaş özünə gəlir. Bu fikirlər içində tez iri bir boşqabı xörəklə doldurub stolun üstünə qoydum. Başqa şeylər gətirmək istəyəndə. – Lazım deyil, – dedi. – Ancaq borş yeyəcəm. Sən get telefonu gətir, cəld ol.

İçimdəki ötəri sevinc yenə vahiməylə əvəz olundu. Daha da əsəbləşməsin deyə pilləkənləri tez-tez qalxıb ikinci mərtəbədə qonaq otağına girdim. Reyhan xanım, əslində telefon cibimdəydi. Mən vaxt uzansın deyə, ikinci mərtəbəyə qalxmışdım. Allaha yalvarırdım ki, kaş bu dəqiqə Nofəl əmi, ya da Elza xanım gəlib çıxaydı. Ya da ki, qohum-əqrəbadan kimsə qapını açıb içəri girəydi.  Hiss edirdim, bu işin axırı yaxşı olmayacaq. Kiminsə qəfil gəlişi bəlkə də bizi bu qorxunc vəziyyətdən xilas edəcəkdi. Bu fikirlər içində otaqda var-gəl edirdim ki, Laçının qışqırtısını eşitdim. – O Laçını vurdu, – deyə pilləkənləri sürətlə enməyə başladım.  Pilləkənləri düşə-düşə baxıb gördüm ki, uşağın burnundan qan süzülür. Hamletsə uşağın başı üstündə dayanıb acıqlı-acıqlı qışqırırdı:

– De görüm papanı çox istəyirsən, yoxsa mamanı?

Laçın için-için ağlayaraq təkrar edirdi:

– Ma-ma, Ma-ma! Özümü uşağın üstünə atıb yerdən götürərək bağrıma basdım. Və bütün bədənimi çulğamış qəzəb içində qışqırdım:

– İndi əmin oldum ki, sən narkomansan. Özü da lap alçağından. Yoxsa ki, əl boyda körpə balanı bu günə salmazdın. – Bir an içindəcə onun gözləri qan çanağına döndü. Nə düşündüsə stolun üstündəki xörək dolu boşqabı götürüb qəzəblə yerə çırpdı.

– Sən mənə narkoman deyirsən, – deyərək mənə sarı yeriyəndə elə bildim nəhəng, qara bir kabus, bir ölüm mənə yaxınlaşır. Mən bu qara ölümün buz nəfəsini hiss edəndə, uşaqdan bərk-bərk yapışıb evdən çıxıb qaçmaq istədim. Qapıya sarı yüyürdüm. Hamlet aman verməyib qolumdan tutdu və məni fırlatdı.

– Uşağı bəri ver, – deyib onu məndən almaq istədi. – Reyhan xanım, uzun illərdən sonra onları xatırlayanda belə ürəyim parça-parça olurdu. Göz yaşları tökə-tökə fikirləşirdim ki, Laçın ilk ağır travmanı həmin gün aldı. Qollarım arasındakı bu balaca cüssə təhlükə hiss edən kiçik sərçə balası tək titrəyirdi. Balaca əlləri məndən elə bərk-bərk yapışmışdı ki, Hamlet onu məndən ayıra bilmirdi:

– Uşağa xətər toxunmamış onu ver mənə.

Hamlet özündə deyildi. Qollarım boşalıb yanıma düşdü, Laçını məndən alıb oyuncaqların yanında oturtdu. Qorxudanmı, nədənmi Laçın için-için səssizcə ağlayır, ürəyi az qala sinəsindən çıxmaq istəyirdi. Gözlərim dumanlanır, elə bil, ağlım başımdan çıxırdı. Cansız ölüyə dönmüşdüm. Ancaq nəfəsim gedib-gəlirdi. Nələr baş verəcəyini anlamaq iqtidarında deyildim. Dumanlı şəkildə hiss etdim ki, o mənim saçımdan tutub sınmış boşqab qırıntılarıyla bir yerdə yerə dağılmış xörəyə sarı dartdı.

Boynumun ardından tutub aşağı əyərək mənə tamam yad gələn qorxunc bir səslə qışqırdı:

– Əyil, bişirdiyin borşu dilinlə yala. İndi mən sənə bu borşu yedirdərəm, dilinlə yalatdıraram. Onda bir də başından böyük qələt eləməzsən. Sən nə cəsarətlə mənə alçaq, narkoman deyirsən. Laçının çığırtısını eşitdim və o an huşumu itirib üzü üstə yerə sərələndim. Bu bir an çəkdi. Bilmirəm huşumu itirdiyimi bildi, ya bilmədi, bir ayağını belimə qoyub bərkdən basdı, xırıltı səsini eşidəndə dumanlı bir şəkildə anladım ki, belim sındı.

– Ah, aman Allah! – Bu ağrılı kəlmə dilimdən necə qopdu, özüm də bilmədim. Sonra özümü çox pis hiss etdim. Deyəsən, Mələk bunu başa düşdü. Reyhan xanım, sizə noldu? Halınız pisləşdi? Ay Allah, gör mən nə etdim? Gərək bunları sizə danışmayaydım. Reyhan xanım, xahiş edirəm, bir söz deyin. Mən göz yaşlarından boğula-boğula dedim:

– Sakit ol, Mələk, elə bir şey deyil, ürək dərmanı içərəm keçib gedər.

– Xahiş edirəm dəstəyi asın. Dərman içib uzanın. Üzr istəyirəm, Reyhan xanım. – Mələk, kövrək, titrək səslə bu sözləri deyib dəstəyi asdı və mən özümdən asılı olmayaraq hıçqırıb ağlamağa başladım. Bütün bədənim Mələyin danışdıqlarından lərzəyə gəlib əsirdi. İçimdə elə bir ağrı, elə bir acı, qüssə vardı ki, ürəyim parçalanırdı. Bu acı qüssə, bu dözülməz ağrı aramsız axan göz yaşlarına dönüb gilə-gilə əriyib azalırdı. Nəhayət ki, özümü ələ alıb ayağa qalxdım. Ürək dərmanı içdim, ayaq üstə dayana bilməyib uzandım. Halım yaxşılaşandan sonra özüm Mələyə zəng elədim. Səsimi eşitcək kövrəlmiş halda məni danışmağa qoymayıb:

– Nə yaxşı zəng elədiniz, Reyhan xanım, – dedi. – Mən də, anam da çox narahat idik. Anam məni danlayıb dedi ki, niyə zəng edib, bütün ağrı-acını tökürsən Reyhan xanımın üstünə. Düzgün deyil axı. Özü də deyirsən səhhətində problemlər var. Dörd dəfə gözlərindən əməliyyat olunub. Mən də söz verdim ki, daha belə söhbətlərlə Reyhan xanımı üzüb əldən salmayacam.

– Bu düzgün yanaşma deyil.

Mən yaradıcılığa bir jurnalist kimi başlamışam. Bir jurnalistin insan taleyinə laqeyd yanaşmağa haqqı yoxdur. Bu bizim işimizdi. Mən insanların qarşılaşdığı çətinliklərdən onların ağrı-acılarından, ümumiyyətlə, cəmiyyətdəki haqsızlıqlardan çox yazılar yazmışam. Yenə də deyirəm, bu bizim işimizdi. Nahaq yerə narahat olursunuz. Azacıq susub davam etdim. Bir dəfə yoldaşını itirmiş bir gənc qadından müsahibə götürürdüm. Bəlkə də danışdıqlarım təvazökarlıqdan uzaq olacaq. Ancaq ona görə danışıram ki, sən hər dəfə bu qədər narahat olub məndən üzr istəməyəsən. Onda məmləkətimiz qan içində çalxalanırdı.

Hər gün nə qədər cavanlarımız, elan olunmamış müharibənin qurbanı olurdular. Müsahibə götürdüyüm qadın da çox acı çəkirdi. Toydan sonra bu qadının evliliyi cəmi dörd-beş ay çəkmişdi. Yoldaşı könüllü olaraq cəbhəyə getmiş, az sonra onu itirmişdi. Gənc qadın bu itkinin ağrı və acılarından elə bir qüssəylə danışırdı ki, göz yaşları qurumaq bilmirdi. Mən də ona qoşulub ağlayırdım. Birdən heç gözləmədiyim halda ayağa qalxıb məni qucaqladı və islaq üzümdən öpüb dedi:

– Göz yaşlarınıza qurban olum. Çox jurnalistlər məndən müsahibə götürüb. Amma ilk jurnalistdi ki, mənimlə bir yerdə göz yaşları tökür.

İnan ki, qadının «göz yaşlarınıza qurban olum» sözləri məni elə pərt etdi ki, bir xeyli danışa bilmədim. Və handan-hana pərtlik içində dedim:

– Xanım, sizin yoldaşınız cəbhədə həlak olub. Mən neyləmişəm? Belə sözlər lazım deyil.

– Reyhan xanım, siz də hər yazıya ürək qoyursuz, bax beləcə, göz yaşları tökürsüz. Mən hiss etdiklərimdən danışıram. Bilirəm ki, siz də üzülürsüz, əziyyət çəkirsiz.

Mən Mələyi o ağır xatirələrin doğurduğu acılardan az da olsa uzaqlaşdırmaq üçün bu söhbəti ortalığa atdım. Hiss etdim ki, özünə gəlib, əhvalı xeyli yaxşılaşıb. Odur ki, yarımçıq qalmış söhbətə təzədən qayıtdım: – Mələk söhbət elə gərgin məqamda kəsildi ki, mən nigarançılıq içində qaldım. Sonra nə baş verdi? Hamlet özünə gəldimi?

– Yox, Reyhan xanım, yox, – Bu sözlərlə elə bil Mələyin sinəsindən yanıqlı bir ah qopdu. Mən təzədən bu söhbətə başladığıma görə çox peşman oldum. Ancaq daha gec idi. Mələk danışmağa başladı:

– Mənim belimi sındırmışdı. Yəqin ki, o nə etdiyini bilmirdi. Yoxsa ki, kobud bir tərzdə qolumdan tutub ayağa qaldıraraq amansız bir baxışla mənə baxıb deməzdi:

– İndi mən gedirəm, işim var. İki-üç saata qayıdacam. Ona qədər pul burda olmalıdı. Zəng elə, oldumu?

Mən də özümdə deyildim, çarəsiz bir halda başımı tərpətdim. O, ağlamaqdan, qorxudan əldən düşüb mat-mat gah mənə, gah da ona baxan Laçına tərəf baxmadan evdən çıxdı. Mənim belim sınmışdı. Ancaq necə oldu ki, mən yerimdən qopub Laçına tərəf qaçdım. Onu qucağıma alıb sinəmə sıxdım. Darvazanın açılmasını, sonra da maşının səsini eşitdim. Yel kimi evdən çıxdım, düz qonşunun evinə qədər var-gücümlə yüyürdüm. Yumruğumla qonşunun darvazasını döyməyə başladım. Çox çəkmədi darvazanın o üzündən evin gəlininin səsi eşidildi: – Kimdi?

– Bütün gücümü toplayıb cavab verdim:

– Mənəm, Təranə, Mələkdi. – Darvazanın açılmasıyla Təranənin içini çəkib heyrətlə qışqırması bir oldu:

– Sənə nolub, Mələk? Niyə bu haldasan? Gözlərinin altı gömgöydü, sifətin qançır ləkələrlə doludu. Nə baş verib, Mələk?

Mən Təranənin dediklərini eşitsəm də, nə ləkələrin, nə də qançırların fərqində deyildim. Nəfəsim təngiyə-təngiyə ona yalvardım:

– Qurban olum, başına dönüm, Təranə, darvazanı tez ol bərk-bərk bağla. Evdəkilərdən məni soruşan olsa, de ki, mən Mələyi görməmişəm, qurban olum sənə,mənim sizə gəldiyimi onlara bildirmə.

Heyrətdən gözləri böyümüş gəlin:

– Yaxşı, yaxşı, sakit ol, heç nə demərəm: – deyərək qolumdan tutdu.  – Gəl evə gedək.

Mənim güclə yeridiyimi hiss edib Laçını dilə tutdu:

– Gəl qucuma, Laçın. – Laçın üzünü sinəmdə gizlədərək məndən bərk-bərk yapışanda Təranə kövrəldi.

– Axı nolub Mələk? – Səsi elə titrəyirdi ki, sözünün ardını deyə bilmədi. Ancaq çox susa bilmədi.

– İraq olsun, bəlkə ölüb-itən var?

Mən qəhərdən boğula-boğula dedim:

– Qorxma, heç kəs ölməyib. O demək olar ki, məni uşaqla bir yerdə sürüyə-sürüyə evə apardı. Kresloda oturdub mənə və uşağı süzərək:

– Ay Allah, görəsən nə baş verib? – dedi və doluxsuna-doluxsuna məni dindirməyə başladı:

– Ürəyim partlayır, Mələk. Biz axı çox yaxın olmuşuq. Bir-birimizdən gizli sirrimiz olmayıb. De görüm axı nolub?

Bu mehriban, doğma səs məni çox qəhərləndirdi. İçimdəki ağrı, acı, qəzəb, nifrət bir an içində hönkürtüyə dönüb od kimi ağzımdan püskürdü. Taqətsiz bədənim, güclü küləyə davam gətirməyən ağac kimi yırğalanırdı. Təranə də mənə qoşulmuşdu, gözünün yaşını tökə-tökə deyirdi:

– Qurban olum Mələk, özünü ələ al. Uşaq qorxur axı.

Ancaq mən heç cür sakitləşə bilmirdim. Qucağıma sığınmış Laçını daha möhkəm qucaqlayaraq od içində yanan adam kimi ağlayırdım. Bayaqdan özünü itirərək yerində donub qalmış Təranə birdən yerindən qoparaq:

– Ay Allah, gör özümü necə itirmişəm, ey. Sənə su verməyi belə unutmuşam.

Su gətirmək üçün mətbəxə qaçdı. Suyla dolu stəkanı dodağıma yaxınlaşdıraraq:

– İç Mələk, xahiş edirəm, iç, – dedi. – Vallah, ürəyin partlayacaq. Laçına, balana yazığın gəlmir?

Bu sözlərdən sonra sudan qurtum-qurtum içməyə başladım və bir az özümə gəldim. Bunu hiss edən Təranə qəhərli-qəhərli dilləndi: – Uşaq qorxub, ona da su vermək lazımdı. İç, qaqaş, iç, xala sənə qurban, iç. Buna bax e. Körpə nə gündədi. Qan quruyub körpənin üz-gözünə yapışıb. Gəl, qucuma, Laçın. Təranə xalanı tanımırsan? Gəl gedək, Təranə xalan üzünü yusun.

Nələr baş verdiyini anlamayan Laçın üzümə baxanda ürəyim dilə gəldi:

– Səni bu hala salanın əlləri qurusun:

– Göz yaşları içində Laçını dilə tutdum: – Get Təranə xalan üzünü yusun. Niyə belə baxırsan? Sən Təranə  xalanı tanımırsan, Laçın? O, yaxşı xaladı.

 Kövrəlib doluxsunmuş Təranə də mənə qoşuldu:

– Gəl, qucuma, qaqaş, gəl gedək. Bax, Murad da öz otağında oturub televizorda multfilmə baxır. Multfilmə baxmaq istəmirsən, Laçın?

Bu an uşağın gözlərindəki qorxu bir az azaldı və əllərini Təranəyə sarı uzatdı. İnanın, Reyhan xanım, o an Laçın təhlükədən sovuşduğunu başa düşən pişik balası kimi Təranəyə elə sığındı ki, ürəyim şan-şan oldu. Köksümü dağıdan hönkürtünü körpə eşitməsin deyə əllərimlə ağzımı bərk-bərk qapadım. Az sonra yadıma düşdü ki, indi ağlamağın yeri deyil. Hamlet qayıtmamış mən burdan uzaqlaşmalıyam, özümü, Laçını bu qısa vaxt ərzində evimizə çatdırmalıyam. Yaxşı ki, telefon əynimdəki xalatın cibindəydi. Anamla danışmaq üçün nömrələri tələsik yığdım. Anamın səsini eşitcək boğazım qəhərdən od tutub yandı. Anam ağladığımı hiss edəndə yəqin ki, halı pisləşəcəkdi. Odur ki, özümü ələ alıb elə danışmalıydım ki, anam heç nə hiss etməsin. Ancaq nə qədər sakit danışmağa çalışsam da, anam nəsə hiss edib həyəcanlandı. Danışanda səsində bir nigarançılıq, bir qorxu hiss etdim:

– Mələk, sən heç nə olmayıb desən də, səsindən hiss edirəm ki, orda nəsə baş verib. Məndən gizlətmə, de görüm nolub. Səsin niyə belə qəhərlidi?

– Dedim ki, heç nə baş verməyib, ana? Bir az nasazlamışam. Sizdən ötrü darıxmışam. Özü də çox. Odur ki, Əhməd əmiyə de ki, gəlib məni aparsın. Yaxşımı, ana.

Qəhər məni boğurdu. Bir az susmalı oldum. Anam da qəhərlənmişdi. Titrək bir səslə məni sakitləşdirməyə çalışdı:

– Sən narahat olma, Mələk. Əhməd gəlib səni gətirər.

Özümü unudub anamın sözünü kəsdim:

– Əhməd əmiyə de ki, tez gəlsin. Ən uzağı üç saata burda olsun. Xahiş edirəm, ana.

Anamdan bir xeyli səs gəlmədi. Bu dəfə o açıq-aşkar bir narahatlıq içində dedi:

– Yox, sən məndən nəsə gizlədirsən. Niyə səni Hamlet özü gətirmir? Axı, o sənin heç kəslə uzaq yola çıxmağına razı olmurdu. İndi nə baş verib ki, Əhmədin səni gətirməsinə razı olur?

– Ana, yalvarıram, daha məndən heç nə soruşma. Dedim ki, xəstəyəm. Ağrıyıram. Əhməd əmi mümkün olan qədər tez gəlib məni evimizə çatdırsın. Hələlik, ana, Əhməd əmini gözləyirəm.

Özümü saxlayıb ağlamırdım, amma içimdəki qəhərdən yenə taqətsiz bədənim tufana düşmüş ağac kimi yırğalanırdı. Bilirdim ki, anam nigaran qaldı. Dözməyib zəng edəcək. Odur ki, telefonu söndürdüm. Gözlərimi qapayıb üzgün bir halda kresloya söykənib hərəkətsiz qaldım. Bir an sonra qəfil şimşək kimi beynimdə çaxan fikirdən dik atıldım. Bilirdim ki, anam dözməyib zəng edəcək. Görəndə ki, telefonum söndürülüb, Hamletə zəng edəcək. Bundan sonra Allah bilir, evdə nə həngamə qopacaqdı. Onlar məni axtarıb harda olduğumu öyrənəcəkdilər. Və yəqin ki, bu  vəziyyətdə məni evimizə buraxmayacaqdılar. Canımı alan vahimə içində tez-tələsik anamın nömrəsini yığdım. Anam səsimi eşitcək ağlaya-ağlaya ucadan danışmağa başladı:

– Mələk, niyə telefonu söndürürsən? Ürəyimi partlatmaq istəyirsən? Mənə elə gəlir ki, sən öz evinizdə deyilsən. Uşaqlar hardadı? Niyə onların səsi çıxmır?  Mələk, mənə sözün düzünü de. Yoxsa ürəyim dayanacaq. İndi sən hardasan?

– Qonşunun evində. – Ay Allah, ay Allah. Artıq özümü  saxlamayıb başqa cür danışmağa gücüm çatmadı.

– Ana, eşit gör nə deyirəm? Əgər Əhməd əmi iki-üç saat ərzində gəlib məni evə çatdırmasa, siz məni sağ görməyəcəksiniz. Daha məndən başqa söz soruşma.

– Mələk, Mələk, qurban olum sənə, döz bir az. Yaxşı, iki-üç saatdan sonra Əhməd özünü çatdırar.

Hiss etdim anam daha danışa bilmir. Əvvəlcə onun kəsik-kəsik hıçqırıqlarını, sonra isə ağlar səsini eşitdim.

– Allah, Allah, özün kömək ol. Ya rəbbim, balalarımı sağ-salamat çatdır mənə.

Reyhan xanım, sonra nə baş verdiyini bilmədim. Ayılanda qonşunun gəlini Təranəni başımın üstündə gördüm. Otaqdan ürək dərmanın qoxusu gəlirdi. Təranə yaş dəsmalla üz-gözümü silə-silə ağlar səslə: Allaha şükür, özünə gəldin.

Elə üşüyürdüm ki, danışanda çənəm əsirdi: – Ev nə yaman soyuqdu, – deyib əl-ayağımı çarpayıya yığaraq büzüşdüm. Təranə tez-tələsik qalın bir adyal gətirib üstümü bərk-bərk örtdü.

– Laçın hardadı? O neyləyir?

– Narahat olma, vallah, indi Laçın yaxşıdı. Yemək də yedirtmişəm. Muradla oynayır.

– Laçının dodağı yaralanmışdı. Yenə qanayır?

Hiss etdim ki, Təranə çox qəhərlənib. Xəlvətcə gözünün yaşını silərək:

– Yox, vallah, daha qan axmır, – dedi. – Sərin suyla üz-gözünü tərtəmiz yudum. Laçın sarıdan narahat olma, sən özünü fikirləş. Qoy gedim isti çay gətirim, iç. Yoxsa ki, tirtir titrəyirsən.

– Sənə də əziyyət verirəm, Təranə, sən Allah bağışla.

– Bu nə sözdü deyirsən, Mələk? Mən səni bacım qədər istəyirəm. Sən heç bilmirsən, yəqin, bu illər ərzində mən sənə necə bağlanmışam. Mən bu vəziyyətdə sənin üstünə gəlsəydim sən nə edərdin?

Təranə daha özünü ələ ala bilməyib ağlayanda, mən də adyalı başıma çəkib hıçqırdım. Təranə titrək, ağlar səslə məni sakitləşdirməyə çalışdı:

– Qurban olum Mələk, bilirəm indi sənin üçün nə qədər çətindi. Yalvarıram sənə, özünü ələ al. İki körpə balan var, onların xətrinə möhkəm ol. Vallah, bütün bunlar ötüb keçəcək. Hər şey yoluna düşəcək.

Mən adyalı üzümdən qırağa çəkib:

– Sən heç nə bilmirsən, Təranə, – dedim. – Daha heç nə yaxşı olmayacaq, heç nə yoluna düşməyəcək. Bu günü qəbir evinə kimi unuda bilməyəcəyəm mən heç, körpə balamın da bağrı yarıldı.

– Reyhan xanım, içimdəki qəhərdən köksüm elə alışıb yanırdı ki, bu yanğıya dözə bilməyib inildədim.  Təranə dözə bilməyib hönkürdü:

– Mələk, Mələk, yalvarıram, toxta bir az.  Qoy gedim sənə çay gətirim.

– Yox, heç nə lazım deyil Təranə. Ancaq o sözümə baxmayıb mətbəxə qaçdı. Tez də geri qayıdıb əlindəki padnosu stolun üstünə qoydu: – Əgər mənim xətrimi istəyirsənsə, Mələk, bax, bu çayı içəcəksən. Öz əlimlə bişirdiyim bu piroqdan da yeyəcəksən. Vallah, Laçını dilə tutub yalvar-yaxarla bu  piroqdan ona da yedirtmişəm. Vallah, öz əlimlə bişirdiyim bu piroqdan yeməsən, bir də sənin üzünə baxmaram.

– Reyhan xanım, çox-çox sonralar bütün bunları xatırlayanda minnətdarlıq hissindən elə mütəəssir olurdum ki, uzun müddət göz yaşlarımı saxlaya bilmirdim. Təranə düz deyirdi. Biz bir-birimizə çox bağlanmışdıq. Bir-birimizdən gizli sirrimiz, sözümüz yox idi. Ürəyim dolanda, ya anam yadıma düşəndə Təranənin yanına qaçardım. O, çox həssas, incəruhlu, duyğusal bir qızdı. Yadımdadı ki, o məndən heç nə soruşmadı. Çünki Hamletin hansı yolda olduğunu ona demişdim. Yəqin bilirdi ki, bizi bu günə salan Hamletdi.  Odur ki, məndən heç nə soruşmadı. Ancaq bacardığı qədər mənə kömək etməyə çalışırdı. Heç vaxt unutmaram. Bir stəkan çayı içirdib, piroqu mənə yedirdənə qədər, nə qədər dil töküb yalvarmışdı. Əhməd əmi üç saatdan da bir az tez gəlib özünü çatdırdı. Kişi qucağıma sığınaraq məndən hələ də bərk-bərk yapışmış Laçına baxıb doluxsundu və özünü saxlaya bilməyib dedi:

– Səni dağılasan, belə dünya. Əl uzadanın əlindən tutan, kasıbın, yoxsulun dadına yetişən Ziya müəllimin balalarının gününə bax.

Kişi baxışlarını bir xeyli bizim üstümüzdə saxlayaraq qəhərlənmiş halda başını tərpətdi:

– Bunu heç Allah da bağışlamaz, – dedi. Bu hansı nainsafsızın işidi?

Yadımdadı, Əhməd əmi mənim qolumdan tutub maşina oturdanda, ürəyim necə sızladı, Allah. dönüb təzəcə alışdığım evə baxanda göz yaşları içində yadıma düşdü ki, mən bu nəhəng evdən, əynimdəki xalatdan, ayağımdakı sürütmədən başqa heç nə götürməmişəm. Nə qədər pal-paltarım, zinyət əşyalarım qaldı o evdə. Heç o paltarların, o zinyət əşyaların çoxunu geyinib taxmamışdım. Ancaq bütün varlığımı təzədən sarsıdıb, qəhr edən bu sözlər məni özümə gətirdi. Sən gör bir nə düşünürsən, Mələk? Pal-paltar nədi? Zinyət əşyaları nədi? Sən ürəyinin bir parçası, gözlərinin işığı olan balanı Toğrulunu orda, o nəhəng evdə qoyub gedirsən? O paltarlar, o zinyət əşyaları sənin nəyinə lazımdı?

Deyəsən Əhməd əmi maşının güzgüsündən mənə baxırmış:

– Mələk, qızım, iki körpə balana, atana, anana yazığın gəlsin. Özünü belə üzmə. Yoxsa xəstələnib yatağa düşərsən. Qucağındakı körpəyə bir bax. Gör sənə necə sarmaşıb. Sən ağlayırsan. O da gör sənə necə baxır. Uşaq qorxur, qızım, sən Allah, özünə toxtaxlıq ver. Yoxsa maşını sürə bilmirəm, vallah. Mən tez özümü ələ alıb islaq üzümü qurulaya-qurulaya:

– İndi yaxşıyam, Əhməd əmi, – dedim. – Xahiş edirəm, mənə fikir verməyin. Mümkün qədər məni evimizə tez çatdırın.

Yəqin ki, ayaq səslərimizi eşidib evdəkilər hamısı qapının ağzına yığışmışdı. Qapını üzümüzə anam açdı:

– Evim yıxıldı, Allah, gör balalarım nə gündədi, – deyib özündən getdi.

Ev işlərində anama kömək edən Elnarə,  anamın yaxın rəfiqəsi, məni özünə gəlin etmək istəyən xala da, böyük qardaşım Aqil də bizdəydi.

Elnarə özünü üstümə atıb uşağı qucağımdan aldı və yəqin ki, ayaq üstə dayana bilmədiyimi hiss edib bir əliylə əlimdən tutaraq ağlaya-ağlaya məni kresloya tərəf dartdı:

– Gəl, bacım, gəl. Elnarə sənə qurban olsun. Gəl otur. Anamın rəfiqəsi qardaşımla köməkləşib anamı divana uzatdılar. Ona dərman içirdib ayıltmağa çalışdılar. Elnarə isə Laçını bağrına basıb, yəqin ki, onun qorxduğunu anlayıb qəhərdən titrəyən səslə deyirdi:

– Qorxma, Laçın. Heç nədən qorxma. Mənə bax, Laçın, mənə bax. Elnarə xaladı e. Məni tanımırsan, Laçın. Vay sənin əllərin qurusun. Körpə uşağa da əl qaldırmaq olarmı? Ay Allah, Ziya müəllim bunları görəndə nə hala düşəcək, Allah, sən özün kömək et. – Mənsə taqətsiz halda kresloya düşüb qalmışdım. Elə bil qorxulu bir yuxu görürdüm. Reyhan xanım, bəzən belə hallar olur. Qorxulu bir yuxu görürsən. Qışqırıb nəsə demək istəyirsən. Amma nə qədər etsən də, səsin çıxmır. O an az qalır insanın ürəyi partlasın. Bax, mən də belə bir hal yaşayırdım. Huşsuz halda divana uzanmış anamın saralmış üzünü, Elnarənin boynundan yapışaraq qorxu, vahimə dolu baxışlarıyla evdəkilərin üzünə baxıb səsini çıxarmayan Laçına baxıb çığırmaq, ürəyimi boşaltmaq istəyirdim. Ancaq səsim çıxmırdı.

Handan-hana anam özünə gəldi və bir xeyli mənə baxdı, sonra baxışları Elnarənin boynundan yapışmış Laçına tərəf yönəldi:

– Sizi kim bu kökə salıb, Mələk? Kim?

Bu səsdə elə bir yanğın, elə bir ağrı vardı ki, görünür anam bu ağrıya, bu yanğıya tab gətirə bilməyib təzədən huşunu itirdi. Ancaq bu bir an çəkdi. Onun ağlar səsi evdəki ağır, ölü sükutu pozdu:

– Hardasan, ay Ziya. Niyə gəlib çıxmırsan? İşin çoxdu yenə. İşlə, çox işlə. Sənə heykəl qoyacaqlar. Heç olmasa indi tez gəl. Gör bir onlar nə kökdə baş götürüb qaçıblar. Yaman güvənirdin dostuna. Gəl, gör dostunun əziz-xələf oğlu körpə balanı bəxtsiz, talesiz qızını nə günə qoyub. Gəl, tamaşa elə.

Böyük qardaşım Aqil tez anama yaxınlaşıb dilxor və məyus halda anamı dilə tutdu:

– Ana, belə hallarda hisslərə uymaq olmaz. Bilirsən ki, atamın ürəyi xəstədi. Xahiş edirəm, onun yanında belə danışma. Dərdin üstünə bir dərd də gətirmə. Anamın rəfiqəsi qardaşımın sözünə qüvvət verdi. – Səmayə, Aqil düz deyir. Biz anayıq. Belə ağır məqamlarda səbirli olmağı, ayaq üstə dayanmağı bacarmalıyıq. Ailəni qorumaq xatirinə, dayanıb dözməliyik.

Xeyli sonra atam gəlib çıxdı. Mən bu anı dillə deyiləsi mümkün olmayan bir ağrı içində gözləyirdim. Bu ağrıda həm də böyük bir təşviş, həyəcan da vardı. Çox qorxurdum ki, atam bizi görəndə halı pisləşə bilər. O gələndə  Laçın yatmışdı. Onun dodağındakı zədə yeri tez-tez qanayırdı. Evdəkilər belə qərara gəldilər ki, hələ ki, atam uşağı görməsə yaxşıdı. Reyhan xanım, çox təəccüblüdür ki, çatlamış belimin ağrısını ancaq evə gəlib çıxandan sonra hiss elədim. Ağrıdan ayaq üstə dayana bilməyib yatağıma uzanmışdım. Üzümdəki qançırlar çox hiss olunmasın deyə Elnarə o yerlərə krem vurmaq istədi. Ancaq anam razı olmadı. Dedi ki, mən heç nə deməyəcəm, qoy Ziya özü öz gözləriylə görsün. Reyhan xanım, bilirsiz ki, mən çox ağrı-acı yaşamışam. Ancaq o gün atamın mənə baxan gözlərindəki acını heç vaxt görməmişdim, hiss etməmişdim. Atam uzun-uzadı mənə baxdı. Nə dindi, nə danışdı. Üzünü sinəmə söykəyib acı-acı ağladı. Və ağlaya-ağlaya dedi:

– Məni bağışla, qızım. Bütün günahlar məndədi. Mən Nofəllə dost olmasaydım, sən Hamleti hardan tanıyacaqdın?

Reyhan xanım, o gündən sonra bizim evdə hər şey dəyişdi. Atama baxanda bilirsiniz, nə düşünürdüm? Bir də görürsən ki, çox əzəmətli, möhtəşəm bir bina qəfil zəlzələdən zədə alır, özülü laxlayır. Sonra yavaş-yavaş bu bina əyilir, çökür, öz əzəmətini itirməyə başlayır. O gündən sonra elə bil atam da sındı, qırıldı. Yerişi, baxışı, səsi dəyişdi. Atam elə məntiqlə, elə ağıllı, sərrast danışırdı ki, sözünün qabağında söz demək olmurdu. Elə dərin, nüfuzedici, iti baxışları vardı ki, önündə duruş gətirmək olmurdu. O hadisədən sonra elə bil atam mənimlə göz-gözə gəlməkdən çəkinirdi. Mən də onun kimi. Hər kəs öz aləmində özünü günahkar hiss edirdi. Bu acınacaqlı durum məni çox qəhr edirdi. Bir gün anam mənimlə üzbəüz oturub bikef-bikef dedi:

– Eşit gör nə deyirəm, Mələk, qızım. Sən bilirsən ki, atanın ürəyi xəstədi. Səhər gedir, az qala gecə yarısı evə qayıdır. Bu çətin, qarışıq zamanda dövlət işçilərinin işləri nə qədər çoxalıb, çətinləşib. Atan da elə adamdı ki, hər işin üstündə ürək qoyur. Hər kənd, hər rayon alınanda, o didərginlərin vəziyyətini görəndə rəngi elə saralır ki, elə bil zəhər udub. Dərmanı dərmanın dalınca atır. Hər dövlət işçisinin canı elə yanmır axı. Odur ki, başı həmişə qalda olur. Qızım, bunları sənə ona görə deyirəm ki, çətin də olsa özünü bir az ələ al. Atanın gözü önündə ürəkli-ürəkli otur, ürəkli-ürəkli danış. Yoxsa ki, vallah, bu qədər dərdin-sərin qabağında o duruş gətirə bilməyəcək. Xəstə ürəyi tab gətirməyəcək.

Reyhan xanım, anam yazıq, nə qədər ehtiyatla, yumşaq-yumşaq, həm də yana-yana danışsa da, heç özüm də hiss etmədən elə bir qəzəbə doldum ki, dodaqlarımdan qopan sərt, acı sözlərdən yerində quruyub qaldı.

– Mənim nə vaxtımdı ki, atamın əziz-xələf dostunun oğlu belimi sındırıb şikəst elədi məni. İki körpə uşaqla, bu şikəst canımla, bu yaşda necə yaşayacam, mən? Atam ürəyini, canını bizim yolumuzda qoymayıb. Bizdən başqa hər kəs üçün canından keçməyə hazır olub.

Reyhan xanım, elə bil ki, içimdəki hirsimi, acığımı, ağrımı açıb-tökmək üçün bir məqam gözləyirmişəm. Anam danışdığına peşman olub məni sakitləşdirmək istəsə də bacarmadı.

– Deyirsən, gecə-gündüz işləyir, canını qoyur, ürəyini qoyur. Bizim üçün nə edib axı? O cür vəzifədə olan adamların kim bilir necə evi, villası, bankda pulu, maşınları…

– Mələk, sən nə danışırsan? Səsini kəs, eşidən olar.

Anam üzünü tutub, – İlahi, o evdə bu qıza noldu ki, belə dəyişdi, – dedi, əllərini üzündən çəkib ilk dəfə görürmüş kimi mənə bir xeyli baxıb başını dərdli-dərdli yırğaladı. – Mələk, heç inana bilmirəm ki, sən nə vaxtsa atan haqqında bu cür danışa bilərmişsən. Daha mənim sənə deməyə sözüm yoxdu.

Anam gözlərini yerə dikib üzgün halda otaqdan çıxdı. Mənim hirsim, hikkəm, nifrətim bir azdan əriyib getdi. Atam haqqında dediyim sözlərsə qulaqlarımda cingildəyirdi. Bu sözlərin mənim dilimdən qopduğuna heç cür inana bilmirdim. Peşmançılıq, xəcalət hissi içində əllərimlə üzümü qapayaraq, pıçıldadım: – İlahi, gör nə günə qalmışam ki, atam haqqında bu cür danışa bilirəm. Bir an içində yerimdən qopub anam olan otağa atdım özümü. Və ağlaya-ağlaya onu qucaqlayaraq:

– Bağışla, ana, məni, bağışla, – deyərək islaq üzümü onun sinəsində gizlətdim. – Xahiş edirəm, yalvarıram sənə, bu barədə atama heç nə demə, heç nə anlatma. Bilmirəm, mənə nolub? Ana, mən o qədər əzab çəkirəm ki… Başımı itirmişəm. Gör hirsimi kimin üstünə tökürəm. Nələr danışıram. – Mən qəhrimdən tir-tir əsirdim. Anam məni qolları  arasına alıb: – Səni başa düşürəm, qızım, sakitləş bir az, – dedi. – Zaman hər şeyin dərmanıdı. Vaxt keçər, hər şey yoluna düşər.

Mən sakitləşib özümə gələndən sonra anamdan xahiş etdim ki, bu söhbətdən atamın heç vaxt xəbəri olmasın. Yoxsa, vallah, özümü öldürərəm.

– Mələk, mən hər şeyi başa düşürəm. Mən sənin dediklərinin bir kəlməsini belə atana söyləsəm, kim bilir o nə hala düşər? Bundan sonra o ayaq üstə dayana bilərmi? Sən yaxşı bilirsən ki, atan hansı ürəyin sahibidi. İndi onun gecəsi-gündüzü yoxdu. Yaxşı yata bilmir, yemir, içmir. Ancaq dərmanı-dərman dalınca atır. Anam qəhr olmuş halda sözünə ara verib gözünü sildi. Köksünü ötürüb, – Heç Hamletgildə də vəziyyət yaxşı deyil, – dedi. – Yaxşı nədi e, müstbətdi, müsibət.

– Hardan bilirsən? – deyib böyük bir nigarançılıq və intizar içində cavab gözlədim.

– Hardan biləcəm? Atan danışdı. Nofəl atana zəng edibmiş. Atan danışdı ki, kişi elə haldaydı ki, ona demək istədiyim bütün acı sözlərin hamısı yadımdan çıxdı. Hamlet bağ evində həkim nəzarəti altındadı. Deyirmiş ki, vəziyyəti çox pisdi. O gün sənə və uşağa etdiklərini heç cür xatırlaya bilmir. Ağlı özündə deyilmiş.

Anam dərindən ah çəkib, köksünü ötürdü. – Çox ağır dərddi. Allah heç bir ataya, anaya, o cür ağır bir dərd göstərməsin. Dağ kimi bir oğul gözləri önündə məhv olub gedir. Nə ata, nə ana bilmir ki, bu uşağı bu odun içinə atan kimdi? Nə qədər soruşurlar, Hamlet bir kəlmə söz demir. Anam sözünə ara verib elə bil nəyisə yadına salmaq istədi:

– Yadıma düşdü, bir gün zəng edib mənə demişdin axı. Demişdin ki, Hamlet kəndə iş yoldaşının toyuna gedib. Deyəsən Hamlet dediyi vaxtda evə qayıtmamışdı. Sən də çox narahat idin. Nofəl atana deyib ki, o toyda kimsə gizlincə Hamletə narkotik dərman veribmiş. Suyamı, şirəyəmi, vallah, yadımdan çıxıb, nəyəsə qatıb içirdiblər. Özü də o zəhrimarın ən güclüsündən veriblərmiş. Bax, səni, uşağı döydüyü o gün yazığın ağlı başında deyilmiş. Orqanizmi o zəhrimarı tələb edirmiş. Dərman almağa cibində pulu yoxmuş. Gümanı sənə qalıb. Ona görə də sənə deyirmiş ki, atangilə zəng elə, pul isə. O vəziyyətdə atasından, anasından necə pul istəyə bilərdi? Onların gözünə necə görünə bilərdi?

Mən o günün dəhşəti, sarsıntıları içinə yenidən düşərək donub qalmışdım. Deyəsən, anamın bu halımdan xəbəri yoxdu. Yoxsa ki, belə bir vəziyyətdə üstümə gəlməzdi:  

– Mələk, qızım, sən görmürdün o yazığın ağlı özündə deyil? Bir tərəfdən də sən onun üstünə gedib təhqir edirdin. Allah saxlayıb e, sizi, qızım. Bundan da betəri olardı. Yaxşı ki, üzü üstə yıxılanda kənara düşüb qalıbsan. Yoxsa ki, o, sınmış boşqabın qırıqları gözünə batıb gözlərini kor edərdi, ya üzün sınmış boşqabın qırıqlarına toxunub parça-parça olardı. Eh, Mələk, bu tərsliyin, bu inadkarlığın axır ki, səni bəlaya saldı. Sən gərək o məqamda ona o cür təhqiramiz söz deməyəydin. Ya xəlvətcə qaynatana zəng edib vəziyyəti ona başa salaydın. Ya da ki, mən ölmüş anana zəng edəydin. Bəlkə onda hər şey başqa cür olardı.

– Yox, ana,yox. Tutaq ki, xəlvətcə zəng etdim sənə. Sən də pul göndərdin. Demək belə çıxır ki, mən gərək o pulu xəlvətcə verəydim ona. O da evdəkilərdən xəbərsiz yenə o zəhrimardan içəydi. Bu nəyi dəyişdirəcəkdi?

Anam bir söz deməyib günahkar-günahkar susurdu. Mən əsəbi halda davam etdim:

– Sən bilirsən ki, Hamlet elə əvvəldən oddu, alovdu. Mən də həmişə su olub o odu söndürməyə çalışmışam. Görürsən ki, heç nə alınmadı. Heç nə. Axırda balamın birini orda qoyub, birini götürüb başı alovlu qaçdım. Allah bilir, o birisi də orda qan-bağır olub.

Anam əsəbi-əsəbi sözümü kəsdi:

– Elə danışırsan ki, elə bil Toğrulu düşmən evində qoyub gəlibsən. Nənəsinin, babasının yanındadı də uşaq. Onlar Toğrulu göz bəbəkləri tək qoruyurlar.

– Ana, sən aylarla körpə balanın üzünü görməsəydin narahat olmazdın? O gün Toğrul məni evdə qoyub nənəsiylə qonaqlığa getmişdi. Qayıdıb gələndə gördü ki, mən yoxam. Bir gün, iki gün olsaydı, deyərdim narahat olmağa dəyməz…– Söhbətə təmkinlə başlasam da elə hirsləndim ki, səsim evi başına götürdü: – Gör nə vaxtdı uşağın gözü hər yerdə məni axtarır. Yanındakı xəstə düşüb, deyirsən o da Laçın kimi həkimlik olsun?

– Yox, başına dönüm, Mələk, mən elə demək istəmədim. – Anam peşmançılıq içində günahkar-günahkar davam etdi:

– Deyirəm yəni Toğruldan arxayın ol. Atan deyir ki, evdəkilərin hamısı uşağın üstündə əsim-əsim əsirlər, bir dəqiqə olsun belə gözlərindən qırağa qoymurlar.

– Demək, atam da, sən də belə qərara gəlmisiz ki, mən uşağımı görməsəm də olar? Mən Toğrulun nəyinə lazımam? Nofəllə Elza yaxşı baxırlar ona, üstündə əsim-əsim əsirlər. Mən bunu  sizdən gözləməzdim heç. – Bu sözlər dilimdən elə bir qəhrlə qopdu ki, gözlərim yaşla doldu, danışanda səsim titrədi:

– Heç mənim haqqımda düşünürsüz? Heç ağlınıza da gəlmir ki, mən nələr çəkirəm? Bəlkə yadınızdan çıxıb ki, mən anayam. Ona görə də belə arxayın-arxayın oturubsuz? Hər gün qapı açılanda az qalır ürəyim yerindən qopsun. Hər gün, hər dəfə gözləyirəm ki, atam Toğrulla birgə içəri girəcək. Demə, bu heç sizin ağlınızdan da keçmirmiş.

İçimdən qopan hönkürtü zəifləmiş cüssəmi lərzəyə salanda anam özünü üstümə atdı:

Yox, yox, elə deyil, Mələk, vallah atan tez-tez Nofəllə bu barədə danışır. Deyir, körpə uşağı anasından ayırmaq insafsızlıqdı. – Anam məni qucaqlamaq istəyəndə mən ondan aralanıb kənarda dayandım. Pərt olmuş anam göz yaşları içində məni başa salmağa çalışdı:

– Atan deyir ki, hər dəfə Toğruldan söhbət salanda o boyda kişi uşaq kimi kövrəlir, aciz bir şəkildə xahiş edir ki, Ziya müəllim, möhlət ver mənə. Deyir ki, Hamlet bağlı qapı arxasında müalicə olunacaq, o gündən Elza da xəstə düşüb. Əvvəllər heç dözmürdü. Ağlayıb yalvarırdı ki, qoy gedim Hamletin yanında qalım. Deyirmiş, Ziya müəllim, sən də bilirsən ki, Hamlet bir gün evə gəlməyəndə Elza o boyda evdə özünə yer tapmırdı. İndi nə qədər yalvarıb dil töksə də həkim Elzanın onun yanında qalmasına razılıq vermir. Deyir ki, o ancaq mənim nəzarətim altında müalicə olunmalıdı. Yazıq qadın əlacsız qalıb meylini salıb Toğrula. Deyir, Hamletin iyini uşaqdan alır. Bir dəfə gözündən qırağa qoymur. Uşaqla yatır, uşaqla durur, günlərini Toğrulla başa vurur. İndi mən Toğrulu  ondan necə ayırım? Ölər, amma  uşağı gözündən uzağa buraxmaz. Zornan uşağı ondan ayırsam, bağrı çatlayıb ölər.

Anam nə düşündüsə yanıqlı-yanıqlı ağladı:

– Adamın kişiyə yazığı gəlir qızım. Gör atana nə deyirmiş. Ziya müəllim, şükür Allaha ki, balalarının hamısı yanındadı. Nəvən də gözünün qabağında. Qardaş, bəs biz neyləyək? Qız da köçüb getdi. Bu nəhəng evdə qaldıq tək- tənha. Qalmışıq bu uşağın umuduna. Onun da hənirtisi bu evdən kəsilsə, ikimizin də başına hava gələr, bağrımız çatlayıb bir gecənin içində ölərik. Səbr elə, qardaş, Allah qoysa Hamlet sağalar. Yenə hamımız yığışarıq bir evə.

Anam sözünü bitirib köksünü ötürdü. – Bəs bu sözlərin qabağında atan neyləsin, bala? Sən özün də bilirsən ki, Nofəl yaxşı adamdı. Səni də öz balası kimi çox istəyir. Allah baisin tifağını dağıtsın. O boyda kişini gör nə günə qoydular? Atan deyir ki, Nofəlin qəddi bükülüb, danışanda gözləri dolur, səsi titrəyir. Neyləsin, dağ boyda oğlu gözünün qabağında məhv olub gedir. Sən bir az səbir elə, Mələk, Allah var, rəhmi var. İnşallah, Hamlet sağalar, qaynatan demişkən, yığışarsız bir yerə.

Reyhan xanım, bu söhbət məni silkələyib çox dərin və ağır bir yuxudan oyatdı. O nəhəng ev gəlib gözüm önündə canlandı. Ora gəlin gəldiyim ilk günlər bir-bir gəlib gözüm önündən keçdi. Yadıma gəlir, ürəyim sıxılanda, darıxanda, ya da ürəyim atamı istəyəndə qaçıb Nofəl kişinin yanına gəlirdim. Elə bil Nofəl əmi mənim darıxdığımı hiss edib qolumdan tutaraq böyründə oturdardı. Hamlet iri cüssəli, ciddi və ağır təbiətli atasına çəkmişdi. Ancaq hər dəfə məni görəndə Nofəl əminin ciddi baxışları o qədər mülayim və mehriban olurdu ki, ürəyimdəki sıxıntılar çəkilib gedirdi. Nofəl əmi iri, güclü əlləriylə saçımı sığallayır, məni mehriban-mehriban dindirib-danışdırırdı. Hətta bəzən atamla və özüylə bağlı xoş, məzəli xatirələr də danışardı. Biz bir-birimizə qoşulub gülərdik. Hətta həmişə təkəbbürlü, ciddi görünən Elza xanımın da eyni açılardı. Belə anlarda Hamletin lap tez mənə sarı yönələn gözlərində elə böyük və sonsuz bir sevgi görərdim ki, uzun müddət bu doğma baxışlar xəyalımdan silinib getməzdi. Bütün bunlar gözlərimin önündən gəlib keçəndə anamın gözü önündə dayana bilməyib öz otağıma qaçdım. Laçın mışıl-mışıl yatırdı. Deyəsən, müalicə uşağı özünə gətirmişdi. O dəhşətli günün doğurduğu qorxu üzündən çəkilib getmişdi. Mən Laçın oyanmasın deyə barmaqlarımın ucunda çarpayıya sarı yeridim. Üzüquylu yatağıma düşüb qaldım. Yastığı üzümə sıxaraq ürəyim boşalana qədər ağladım. Reyhan xanım, çox qəribədir ki, ağlaya-ağlaya Nofəl əmiyə, hətta, Hamletə qarşı haqsızlıq etdiyimi düşünür və ürəyim yara yeri tək sızlayırdı. O gündən sonra ürəyim qan ağlasa da, darıxsa da, Toğrulun adını dilimə gətirmirdim. Hamletə nifrət etsəm də, onun sağalacağı günü həsrətlə gözləyirdim. Bəzən insan öz-özündən baş aça bilmir. Bu nə qəribə, anlaşılmaz hisslərdi, Reyhan xanım. O gündən sonra gözümdən yaş, dilimdən dua əskik olmurdu. Hamletin sağalıb, sağlam həyata qayıtması üçün Allaha dua edirdim. Nə qədər dua etsəm də, içimdə qara yellər əsirdi.

Uzun müddət içimdə qara yel, gözümdə yaş, dilimdə dua öz dərdimlə baş-başa verib yaşadım. Bir gün heç gözləmədiyim halda Nofəl əmi mənə zəng etdi. O qədər həyəcanlı, o qədər sevincək idi ki, heç mənimlə hal-əhval tutmadan ürəyini boşaltmağa başladı:

– Mələk, qızım, hamımızın gözü aydın! Axır həkim o bağlı qapını Hamletin üzünə açıb dedi:

–  İndi sən sağlam adamsan, Hamlet. Öz həyatına davam edə bilərsən.

Reyhan xanım, deyəsən kişinin o boyda cüssəsi içindəki sevincə, həyəcana, qəhərə dözə bilməyib titrədi. Bunu onun yarıda qırılan səsindən hiss elədim. Yəqin ki, Nofəl əmi kövrəlib  ağlayacağından ehtiyat edib xeyli danışmadı. Axır ki, özünü toparlayıb dilləndi:

– Mələk, qızım, niyyət eləmişdim ki, həkimin dilindən bu xəbəri eşitdiyim gün, bu xəbəri birinci sənə çatdıracam. Sən Hamletin balalarının anasısan. Bilirəm, sən də çox əziyyət çəkibsən, ağır günlər yaşayıbsan. Düz deyirlər ki, Allah öz bəndəsini heç vaxt darda qoymaz. İndi o məqam gəlib çatdı, qızım. Hamımızın qara günləri geridə qaldı.

Nofəl əmi qəfil susub bir xeyli danışmadı. Sonra günahı qəfil xatırlayan adam kimi peşman-peşman dilləndi:

– Qızım, indi yəqin fikirləşirsən ki, Nofəl əmi heç bizim əhvalımızı soruşmadı. Nəvəsini də yadına salmadı. Qızım, elə gün olmayıb ki, Ziyaya zəng edib sizi soruşmayım. Hər şeyi bilirəm, qızım. O gün Laçının necə qorxduğundan, müalicə olunduğundan da xəbərim var.

Hiss edirdim ki, Nofəl əmi indi danışmağa çox çətinlik çəkir:

– O gün sən də çox ağır zədə alıbsan. Səsi yenə qırıldı. Çox böyük əziyyətlə sözünə davam etdi. – Ziya deyir ki, şükür, indi yaxşısınız. Qızım, Hamletin o günkü ağlasığmaz hərəkətləri, sənin o vəziyyətdə evi tərk etməyin bizim hamımızı ölümcül hala saldı. O gündən bu günəcən Elza xəstə düşüb. Nofəl əmini də görsən tanımazsan. Bütün bunları Hamletə haqq qazandırmaq üçün demirəm. İstəyirəm biləsən ki, o gündən bu günəcən Hamlet nələr baş verdiyini yadına sala bilmir. Hamletin ağlı başında olsaydı, o cür əclaflığı edərdimi? Deyəsən, Nofəl əmi  susub mənim nə deyəcəyimi gözləyirdi. Mənsə özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim. Mənim dinmədiyimi görən Nofəl əmi yenə özü danışmağa başladı:

– Bilirəm, qızım, bu barədə danışmaq sənin üçün çox çətindi. Mən səni heç qınamıram da. Ancaq bir şeyi unutma ki, Hamletlə bir-birinizi istəyib evlənmisiniz. İki balanız da var. Hamlet də bu çirkin işə öz xoşuyla qoşulmayıb. Bu düşmən işidi, qızım. Hələ indiyə qədər bu düşmənin kim olduğunu da öyrənə bilməmişik. Bəlkə də Hamlet özü nəsə bilir. Ancaq susub heç nə demir.

Kişi dərindən köks ötürüb içindəki əzablardan kallaşmış, batıq səslə davam etdi:

– İndi mən düşmən axtarmaq hayında deyiləm. O alçaqların cəzasını nə vaxtsa Allah verəcək. Sən bilirsən ki, Hamlet elə oğlandı ki, bu gizli xəyanəti haqq etmirdi. İstəyirəm sən bunu yadından çıxartmayasan. Qızım, Mələk, imkan vermə ki, hansısa bir şərəfsiz sənin iki balanı atasız qoysun.  Hamlet artıq işə də gedir. Ancaq o sizin xiffətinizi çəkir. Həkim də deyir ki, bir müddət o gərginlikdən, fikirdən, stresdən uzaq olmalıdı. Yoxsa ki, dözə bilməyib yenə o zəhrimardan qəbul edə bilər. Həkim onu da dedi ki, əgər Hamlet bircə dəfə xəlvətcə o dərmandan qəbul etsə, bu onun qəflətən ölümünə səbəb ola bilər.

Nofəl əminin köksündən hönkürtüyə bənzər qırıq bir səs qopdu. O, mənə hiss etdirmək istəməsə də, başa düşdüm ki, Nofəl əmi səssizcə ağlayır. Onun köksündən qopan, ürək dağlayan kəsik-kəsik hıçqırıqlar aydınca eşidiləndə artıq mən özümü saxlaya bilmədim. Birdən-birə ocaq kimi alovlanan, içimdən gələn sözlər sanki söz deyildi, dilimi-dodağımı yandıran köz  idi.

– Nofəl əmi, bilirsiz ki, mən sizi necə çox istəyirəm. Qurban olum, ağlamayın. Allaha şükür, Hamlet sağalıb. Bundan sonra hər şey yaxşı olacaq, inşallah. Vallah, bu xəbərdən elə sevindim, elə həyəcanlandım ki,  bayaqdan dilim söz də tutmur.

– Qızım, qurban olum sənə, bilirəm sən yaxşı qızsan, ürəyin çox  yumşaqdı, böyükdü. Sən də çox əziyyət çəkdin, acılar yaşadın. Ona da inanıram ki, sən bağışlamağı da bacarırsan.

Kişinin nəfəsi təng idi, bircə anlığa susub yenə dindi:

– İndii səndən bircə kəlmə söz eşitmək istəyirəm. De görüm nə vaxt gəlib səni də, nəvəmi də götürüb gəlim evimizə?

Reyhan xanım, bir az əvvəl Nofəl əminin köksündən qopan o qırıq hönkürtü ürəyimi necə dağlamışdısa, indi də onun yalvarış dolu səsi məni o qədər sarsıdıb çaşdırdı. Handan-hana dilim dolaşa-dolaşa dedim:

– Nofəl əmi, bu elə gözlənilməz oldu ki, cavab verəcəyimi bilmirəm. Xahiş edirəm, mənə bir az vaxt verin.

– Yox, yox, qızım, mən səni tələsdirmirəm. Nə qədər istəyirsən düşün, götür-qoy elə. Ancaq bir şeyi unutma ki, qızım, Allahdan başqa səhvsiz insan yoxdu. Ən ağıllı adam odur ki, etdiyi  səhvdən sonra düzgün qərar versin, düzgün yol seçsin. Mən də inanıram ki, sən xeyirli olan nədi, onu seçəcəksən.

Bu an qapı döyüldü və mən özümü lap itirdim. Tez-tələsik dilləndim:

– Nofəl əmi, otağın qapısı döyülür, xahiş edirəm, olar söhbətimizi sonra davam etdirək?

– Olar, olar, qızım, sən necə istəyirsən, elə də olsun. Təki qızım, sən Nofəl əmini şad bir xəbərlə sevindirəsən.

Qapını döyən anam idi. Mən hər şeyi olduğu kimi anama  danışdım. Mən elə bilirdim ki, mənim dediklərim anamı sevindirəcək, ən azı həyəcanlandıracaq. Ancaq anam həyəcansız, məyus bir tərzdə dedi:

– Bilirəm,  Mələk, Hamletin müalicəsi yaxşı nəticə verib. Onların dediyinə görə normal həyata başlayıb, hətta işə də gedir.

Mən həyəcanla anamın sözünü kəsdim:

– Bəs niyə bu barədə mənə heç nə deməmisən?

– Atan belə məsləhət gördü ki, sənə heç nə bildirməyim. Dedi ki, Nofəl özü zəng edib hər şeyi danışacaq.

– Doğrusu, ana, mən çaşıb qalmışam. Düz iki ildi ki, Hamlet o bağlı qapı arxasında müalicə qəbul edib, Allah bilir nələr çəkib. O, necə deyərlər, azadlığa çıxır, normal həyata qədəm qoyur. Sizsə mənə heç nə demirsiz. Elə bil ki, Hamlet yad bir adamdı. Ən azı o mənim iki övladımın atasıdı.

Anam bikef-bikef sözümü kəsdi:

– Bilirsən, Mələk, siz bir-birinizi sevdiniz, arada çox umu-küsülər, incikliklər oldu. Ancaq Hamlet öz yolundan dönmədi, öz bildiyini elədi. Səni necə vəziyyətdə, heç kəsə məhəl qoymadan nigah idarəsinə apardı. Sən də göz yaşları tökə-tökə çığır-bağır saldın ki, bu necə nigahdı. Hamlet mənim istəklərimin üstündən xətt çəkib atamın sürütməsində, nimdaş paltarda nigah kəsdirdi. Mən də səni müdafiə etdim ki, bu cür nigah tarixdə görünməyib. Atan da cavab verdi ki, sənin qızın Hamletə başqa seçim yolu qoymadı ki. Nə qədər umu-küsü, get-gəl olar. Axır ki, yazıq oğlan da Mələyin  şıltaqlıqlarına dözə bilməyib onu zorla zaqsa apardı. Yadımdadı, atan görəndə ki, sən çox bikefsən, göz yaşların qurumur, səni yanına çağırıb dedi ki, bir parça kağız heç nəyi həll eləmir. Bu evlilik sənin ürəyincə deyilsə, qızım, hər şeyə elə burda son qoyaq. Bu elə də çətin bir iş deyil. Sən də bir söz deməyib göz yaşını tökə-tökə otaqdan çıxıb qaçdın.

Onda atan üzünü mənə tutub soruşdu ki, sən anasan, sən bilərsən, Mələk niyə belə eləyir? O Hamleti sevir, ya yox? Mən də bilirdim ki, sən Hamleti  sevirsən? Necə yox deyəydim. Ona görə də Nofəl toy məsələsini tezləşdirmək istəyəndə atan da razılığını verdi. – Anam susub nəfəsini dərdi. – Amma indi atan Nofələ deyib ki, daha mən bu işə qarışmayacam.  Mələk mənim gözümün önündə o qədər əzab-əziyyət çəkib ki, ikinci dəfə bir söz deməyə dilim gəlmir. Bu dəfə qərarı Mələk özü versə yaxşıdı. Anam umudsuz, çarəsiz vəziyyətdə danışdıqca mən iztirab, qorxu, üzüntü qarışıq hislərin lərzəsindən uçunurdum. O an dodaqlarımdan qopan sözlər də özümə yad gəldi. Sanki sözlər də ürəyim kimi yorğun vücudum kimi titrəyirdi, uçunurdu:

– Ana, ana, bəs sən necə düşünürsən? Mənə deməyə sözün yoxdu?

Anam dinib-danışmadan mənə baxdı və nə hiss etdisə bir an içində solğun, qəmgin çöhrəsi göz yaşlarından islandı:

– Nə deyim sənə, talesiz balam? Düz iki ildir ki, o mənzərə gözüm önündən çəkilib getmir. Az qala qorxudan gözləri hədəqəsindən çıxan Laçın boynuna elə sarmaşmışdı ki, onu səndən aralaya bilmirdin. Burnundan axan qan uşağın üzündə quruyub qalmışdı. Səninsə ancaq gözlərin baxırdı. Elə bil heç nəfəs də almırdın? Mənim  ürəyim getdi. Sonra nələr olduğunu bilmədim. Ayılanda sən də, Laçın da yatmışdınız. Üzünüzə baxıb sizi görmək istəyirdim ki, indi halınız necədi? Ancaq üzündə qan ləkələri qurumuş, gözləri  qorxudan böyümüş Laçının üzü, meyit rəngi almış üzündə ölgün gözləri, fağır-fağır baxan, sanki nəfəs belə almayan sən gözüm önündən çəkilib getmirdin. Uzun müddət o uşaqdan, o qadından başqa heç nə görmürdüm. İndi sənə nə deyim, bala? Öz ürəyinin səsinə qulaq as, qərarını özün ver.

Sanki son kəlmələri deyib qurtaranda Mələyin də nəfəsi kəsildi. Ancaq özünü  tez ələ alıb danışmağa başladı:

– O günlər mən çox dərin, ağır, ruhi sarsıntılar içindəydim, dözülməz əzablar içində qovrulurdum. Reyhan xanım, o evdən Laçını da götürüb qaçdığım gündən ta Nofəl əmi zəng edənə qədər özümü elə hiss edirdim ki, guya mən Hamleti unudub tamam yaddan çıxartmışam. Ancaq bu belə deyildi. Mən özümü məcbur etsəm də Hamleti nə unuda bilirdim, nə də ki, həyatımı onsuz təsəvvür edə bilirdim.

Bir gün atam işdən qayıdıb deyəndə ki, artıq Hamlet bağ evində, həkim nəzarəti altında müalicə olunur və vəziyyəti günü-gündən normal hala düşür. Onda hamıdan gizlin ürəyimdə bir ümüd işığı yandı. Mən bu ümüd işığında yatıb-dururdum. Və yenə həyatımı Hamletlə bağlı əlvan xəyallar bəzəməyə başlamışdı. Bəzən elə sevincək, elə şən olurdum ki, anam heyrətlə mənə nəzər salıb soruşurdu, nolub sənə, Mələk? Bir xoş xəbər varsa, de biz də bilək? Mən gülərək əlimi yelləyib deyirdim, elə bir şey yoxdu, ana. Özün bilmirsən? Mən xəyalpərəst bir şeyəm. Öz-özümə nəsə quraşdırıram, şənlənirəm, gülürəm. Anam başını yelləyib köksünü ötürərək deyirdi:

– Təki üzün gülsün, qızım, eynin açılsın. İnşallah, bir gün şad xəbər də eşidərik. Artıq o şad xəbəri Nofəl əmi mənə çatdırmışdı. Di gəl, ürəyimdəki bu şadyanalığın səbəbini onlara bildirə bilmirdim. O məqamlarda atamın bircə sözünə bənd idim ki, Laçını da qucağıma alıb Hamletin, Toğrulun yanına qaçım. Ancaq niyə ürəyimdəkiləri açıb tökə bilmirdim? Niyə öz doğmaca atamdan, anamdan öz hisslərimi gizlədirdim? Niyə demirdim ki, qoyun gedim. Bu dəfə geriyə dönüş olmayacaq. Siz də tezliklə üzündə qan ləkələri qurumuş o uşağı, öləzimiş gözləri, çarəsiz-çarəsiz baxan o düşkün qadını unudacaqsınız. Bunları demək əvəzinə bu məsələnin həllini mənim öhdəmə buraxan atama, anama hiddətlənirdim. Və bu hiddətin doğurduğu qəzəbi tez-tez mənə zəng eləyən Nofəl əminin üstünə tökdüm. O gün Nofəl əmi zəng edəndə bütün vücudum ziddiyyətli hisslərin burulğanından  lərzəyə gəlib uçunurdu. İnsan nə qəribə varlıq imiş, Reyhan xanım, içimdəki şadyanalığın, xəyalların həqiqətə dönməsi mənim bircə kəlmə – «hə, geri dönmək istəyirəm, Nofəl əmi», – sözündən asılı idi. Mənsə gözlərimdən tökülən yaşları, ürəyimi sızladan həsrətə əhəmiyyət verməyib hansısa bir hissin təsiri ilə dedim:

– Məni bağışlayın, Nofəl əmi, mən bir də o evə dönməyəcəm.

Bu son kəlmələrlə birgə Mələyin köksündən çılğın bir hönkürtü də qopdu və hönkürə-hönkürə soruşdu:

– Siz yazıçısınız, Reyhan xanım. Bəlkə siz deyəsiz, məni yox deməyə vadar edən o hissin adı nədi?

Mənim dinmədiyimi görüb təzədən danışmağa davam etdi. – Deyəsən, anamın dedikləri düz çıxdı. Anam tez-tez deyərdi, – sən çox çətin, anlaşılmaz, tərs, təkəbbürlü bir uşaqsan. Kimə oxşamısan? Bilmirəm. Ancaq bu xasiyyətin səni olmazın bəlalara düçar edəcək.

Bu məqam Mələyin həyatının ən acı səhifələrindən biri idi. Onun necə acı çəkdiyini və qəlbinin sızıltısını da hiss edirdim. O, susub bəlkə də mənim nə deyəcəyimi gözlədi. Özüm də bu talesiz qadın qədər acı çəkirdim. Bu acı o qədər ürək yaxan və çarəsiz idi ki, bir söz tapıb deyə bilmirdim. İçimdə  dolaşan səslərsə susmaq bilmirdi. – Bəlkə də ananın dedikləri düz imiş, Mələk. – Ancaq bəzən insan o qədər xəyal qırıqlığına uğrayır, o qədər acılar çəkir ki, doğru qərar verməyə ürək eləmir.

– Niyə dinmirsiniz, Reyhan xanım? – Mələk bir anlığa susub nəfəsini dərdi, çox çəkmədi onun tanış, doğma və ürək yaxan titrək səsi eşidildi:

– Bir daha deyirəm, bağışlayın məni. Sizi də üzüb əldən salmışam. Daha hər şey bitdi. Mən ona ürək-dirək vermək istədim. O, sanki bunu hiss edib məni danışmağa qoymadı. – Neçə ildi həyatımda acılı-şirinli nə varsa hamısını sizə danışıram. Danışa-danışa o günləri təzədən yaşayıram. Uşaq kimi aldanıram, elə bilirəm Hamlet sağdır, mənimlədi. Bu gün onun ölümündən danışaraq sanki onu təzədən itirdim. O, susub tez də dindi:

 – Nofəl əminin sonuncu zəngindən beş-on gün keçməmiş onun ölüm xəbərini eşitdik. O susdu və mən yenə nəsə demək istədim. Bu dəfə də Mələk mənə aman vermədi:

– Ayrılığa dözməyən Hamlet o zəhrimardan xəlvətcə qəbul etdi. Özü də lazım olduğundan artıq dozada qəbul etdi. Və ürəyi davam gətirməyib həmişəlik dayandı. Beləliklə, o son anında belə Laçını görmədən dünyadan köç etdi. – Yenə səs kəsildi, ancaq Mələk özünü çox tez toparlayıb təzədən dindi:

– Reyhan xanım… – Yox, deyəsən sözünü axıradək deməyə gücü çatmadı. Sanki illər boyunca damla-damla içinə yığılmış kədər qara daşa dönüb boğaz yolunu tutdu. Aramıza çökən sükut indiyə qədər belə uzun çəkməmişdi. Telefon xəttinin bir ucunda Mələk dayanmışdı, bir ucunda mən. Elə bil bu talesiz qadına ömür yoldaşı olmuş kədər indi aramıza keçilməz bir sədd çəkmişdi. İndi bu səddi qırıb keçməyə nə Mələyin gücü çatırdı, nə də ki, mənim. Yaxşı ki, bu daş səddi keçməyə Mələyin gücü çatdı.

– Reyhan xanım, Hamletin sağlığında və onun bağ evində müalicə olunduğu vaxtlarda da mən çox böyük, sonu görünməyən acılar içində yaşayırdım. Hamletin ölümündə mənim də günahım vardı.

Günahkarlıq hissindən, balalarımın körpəykən atasız qalmasından çox acılar yaşasam da, ayaq üstə dayana bildim. Ta ki, atamın ölümünə qədər Hamletin ölümündən çox keçməmişdi ki, atam dünyasını dəyişdi. Elə bil Hamletə etdiyim haqsızlığın əvəzində tanrı məni atamın vaxtsız və qəfil ölümüylə cəzalandırdı. Reyhan xanım, atam mənim son ümid yerim idi. O Toğrulu mənə qaytaracağına söz vermişdi. Ancaq bu vədi yerinə yetirməyə xəstə ürəyi aman vermədi. Reyhan xanım, bu elə məqam idi ki, bir türk mahnısında deyildiyi kimi gecənin ən siyahında, umudun bitdiyi yerdəydim. Və mən taleyin bu amansız zərbəsinə dözməyib yatağa düşdüm. Bəlkə də bu barədə mən sizə nə vaxtsa danışmışam. Danışmışamsa üzr istəyirəm sizdən. Yox, yox, xahiş edirəm, sözümü kəsməyin. Əgər sizin üçün çətindirsə, buna görə də sizdən üzr istəyirəm. Reyhan xanım, bu gün də mən dolan bulud kimiyəm. Dolan bulud boşalmalıdı. Qoy mən də ürəyimi boşaldım. Lap  mininci dəfə olsa da. Çünki atam yadıma düşüb.

Artıq mən də göz yaşlarımı saxlaya bilmirdim. Bilmirəm, Mələyin bundan xəbəri vardımı? Yəqin ki, yox. Çünki o, Hamletdən danışanda bütün dünyanı unutduğu kimi, indi də hər şeyi unutmuşdu. Yenə də telefon xəttinin o ucundan qopan səs ağlayırdı. Və onun belə ağladığı olmamışdı:

–Reyhan xanım, mən yataqda yıxılıb qalmışdım. Hamı ağlayırdı. Atamın yeganə bacısı Qəmər bibinin naləsi ərşə qalxmışdı. Öyrəndiyim şeirlərin çoxunu unutmuşam. Ancaq Qəmər bibinin iniltili, batıq səslə dediyi bayatı heç yadımdan çıxmır:

 

Əzizinəm durdu qəm,

Açdı yaram, durdu qəm.

Məni arxasız gördü,

Üstümə qudurdu qəm.

 

Sonraysa bibim dizinə döyə-döyə, ağ saçlarını yola-yola deyirdi: – Yollarına daş qalanaydı, gözlərinə qara su gələydi, ay zalım dərd. Hardan gəlib tapdın qardaşımın qapısını? Niyə əl çəkmirsən? Qardaşımın gözünün ağı-qarası olan bircə qızını bədbəxt elədin, cavan yoldaşını əlindən aldın, iki körpə balasını atasız qoydun. Gözün doymadı? Gözlərinə qara su gəlsin. Atam əvəzi, bircə qardaşımı da əlimdən aldın.  Sinəmə dağ çəkdin, belimi sındırdın. Yoluna daş qalansın, görən gözlərinə qara su gəlsin, ay qara dərd.

Reyhan xanım, bu dərd bizdən heç əl çəkmədi, Laçının əsəb xəstəsi olduğunu hiss etdiyim gün bibimin o naləsi qulağımda səsləndi:

 

– Əzizinəm, durdu qəm,

Açdı yaram, durdu qəm.

Məni arxasız gördü,

Üstümə qudurdu qəm.

 

– Yox, sözümü kəsməyin, xahiş edirəm. Reyhan xanım bu sözləri yəqin ki, siz çox işlətmisiz. Allah heç kəsi balasıyla sınağa çəkməsin. Mən atasız qalmış balamla da sınağa çəkildim. Və demə, dərdlərin ən ağırı bala dərdi imiş.

O, yenə qəfildən susdu və içini çəkdi:

– Günahlarımın ən böyüyünü elə indicə işlətdim, Reyhan xanım. Axı, siz körpə oğlunuzu itirmisiz. – O, kəsik-kəsik hıçqıraraq pıçıltıyla dedi:

– Sən Allah, məni bağışlayın, Reyhan xanım. Dərdlərin ən ağırını yaşamısınız. Keçin günahımdan.

O gün heç yadımdan çıxmır. Mələk ağlaya-ağlaya, üzr istəyə-istəyə mənə danışmaq imkanı vermədən xudahafizləşdi. Axırda dedi ki, Reyhan xanım, sizə bir müddət zəng etməyəcəm. Anam düz deyir, sizi çox yorub əldən salıram. Kim bilir, bu danışdıqlarım sizi nə qədər qüssələndirir. Bitdi daha, qəmli hekayətlər bitdi. Sizə zəng etməsəm narahat olmayın. Bu cür xudahafizləşdiyimiz günlər çox olmuşdu. Deyirdi, bir müddət zəng etmiyəcəm, amma iki-üç gün keçməmiş zəng edirdi. Bu dəfə də belə oldu. İki-üç gün keçməmiş zəng elədi. Amma səsi həmişəki tək üzgün və kədərli deyildi. Səsindəki şadyanalığı hiss etcək sevinc içində soruşdum:

– Tezcə de görüm, Mələk nə baş verib? Axır ki, səsində ürəkaçan bir şadyanalıq hiss elədim. Yaman sevindirdin məni.

– Reyhan xanım, bu gecə elə gözəl yuxu görmüşəm ki. Elə bil anadan təzə doğulmuşam.

– Kimi görmüsən yuxunda?

– Kimi görəcəm? Hamleti görmüşəm. Ah, aman Allah, necə gözəl yuxu idi. Elə bil hər şey gerçək idi. Reyhan xanım, siz bilirsiz ki, mənim xoşbəxt günlərim çox az olub. Amma olub. Bax o günlərdən birini bu gecə Hamletlə bir yerdə təzədən yaşadım. Onda Tibb Universitetinin üçüncü kursunda oxuyurdum. On doqquz yaşımın içindəydim. Səhərlər Hamletlə bir yerdə evdən çıxırdıq. Hamlet məni Universitetə qoyub sonra işə gedirdi.

İndi Mələyin səsi sevgidən, sevincdən titrəyirdi:

– Mən sizə demişdim axı, Reyhan xanım, Hamletgilin çox nəhəng, möhtəşəm bir evi vardı. O evin pilləkənləri də evin özü kimi çox hündür və əzəmətli idi. Mən o pilləkənlərdən qaça-qaça düşürdüm, elə bil çəkimi itirirdim, quş kimi qanadlanıb uçurdum. Çünki Hamlet hər səhər məni darvazanın önündə gözləyirdi. Sevgi, nəvaziş dolu gözlərini üzümdən ayırmadan maşının qapısını açaraq deyirdi:

– Tez ol, tez ol, Mələk. Otur gedək. Yoxsa gecikirik. Neçə vaxtdı mən atam evindən ayrılıb artıq mənə tanış olan küçələrdən, evlərin, parkların böyründən keçərək Universitetə gedirdim. Hər dəfə də mənə elə gəlirdi ki, bu parkları, bu evləri, gah səhər Günəşinin rəngli şəfəqlərinə boyanan, gah da topa-topa bəyaz, boz buludlarla örtülən göyləri ilk dəfə görürdüm. Elə bil Hamlet də izaholunmaz bir duyğudan titrəyən ürəyimin sürəkli döyüntülərini eşidib tez-tez mənə sarı dönərək deyirdi:

– Bəlkə bu gün dərsdən sonra gedək bir filmə baxaq. Deyirlər, şəhərə yaxşı, təzə, maraqlı kinolar gəlib. Ya da hələ havalar soyumamış gedib sahildə gəzişək, oturaq çörək yeyək. Mən özümü nə qədər tox tutmağa çalışsam da səsim məni təpədən-dırnağacan bürüyən xoşbəxtlikdən titrəyirdi:

– Bəs iş necə olsun? İşə getməyəcəksən?

Bu anlar onun mənə baxan gözləri sevgiylə aşıb-daşır, səsi də eynən mənim səsim kimi titrəyirdi:

– Sən belə şeylərin dərdini çəkmə. İş necə olacaq, nətəhər olacaq? Bunu özüm yoluna qoyuram. Buna görə sən niyə narahat olursan? Yadındadı, Mələk? Mən sənə söz vermişdim ki, o dörd divar arasında tək-tənha oturduğun günlərin, əsassız umu-küsülərin, incikliklərin əvəzində sənə əsil həyat yaşadacam. Ona görə də ürəyini sıxma, ona azadlıq ver. Axı bilirəm ki, ikilikdə gözəl gün keçirmək sənin də xoşuna gəlir. Düz demirəm? O, əlləri sükanda ola-ola gözlərini yoldan ayırıb mənə sarı çevrilir və bir də soruşurdu: – Düz demirəm?

Bu dəfə Mələyin səsi onu çulğamış xoşbəxtlik, şadyanalıq hissindən tez-tez qırıldı. Və yenə ikimiz də bir xeyli susub danışmadıq. Az sonra Mələk yarıda qalmış söhbətinə davam etdi:

– Yadımdadı, bir səhər  yenə o, işə, mənsə Universitetə tələsirdik. Diqqətlə üzümə baxıb nigarançılıq içində soruşdu:

– Özünü pis hiss edirsən? Rəngin yaman qaçıb. Bir-iki gündü gözümə birtəhər dəyirsən? Nolub sənə?

Onun sözü bitər-bitməz əlimi ağzıma tutaraq dedim:

– Maşını saxla, Hamlet. Tez ol. Ürəyim bulanır. Havaya çıxmaq istəyirəm. O, maşını yolun qırağına verərək saxladı. Mən özümü tez çölə atdım və tez-tez dərindən nəfəs almağa başladım. O qolumdan yapışıb nigarançılıq içində bir də soruşdu:

– Nolub axı sənə, xəstələnmisən?

– Sizdən üzr istəyirəm, Reyhan xanım. Bəlkə də bu sözləri sizə demək düz deyil. Neçə gündü ki, özümü çox pis hiss edirdim. Evdə xörəyin iyi, maşında benzinin iyi ürəyimi bulandırırdı. Yenə də üzr istəyirəm, deyəsən uşağa qalmışdım. Amma Hamletə heç nə demirdim. Çünki hələ tam əmin deyildim. Hamletsə qolumdan yapışıb təkidlə soruşurdu:

– Axı, nolub sənə? Niyə dinmirsən? – O, elə israrlı idi ki, susmağın mənasız olduğunu hiss edib sanki yoldan ötüb-keçənlərin eşidəcəyindən utanaraq pıçıltıyla dedim:

– Mən hamiləyəm, Hamlet.

O, üzümə elə baxdı ki, sanki dediyim sözlərin mənasını başa düşmədi. Handan-hana nə dediyimi anlayıb məni bərk-bərk qucaqladı və üzümdən öpdü. Bu an yoldan ötüb keçənlərin baxışlarını üzümdə hiss edib onu özümdən aralayaraq pıçıldadım:

– Hamlet, biz küçədəyik. O, qolumu buraxmadan məni maşına sarı çəkdi. Və maşının qapısını açaraq:

– Keç otur, keç, – dedi. Mən həmişəki tək arxa oturacaqda oturdum. O, bir söz demədən vəcdlə başını yırğalayır, sükandan əlini ayırmadan tez-tez dönüb mənə baxaraq xoşbəxtcəsinə gülümsəyirdi. Belə həyəcanlananda onun iri gözləri kiçik məşəllər kimi alışıb yanırdı. İndi bu kiçik məşəllərdə od-alov deyil, sevgi şölələnirdi. Birdən o maşını  saxladı, cəld bir hərəkətlə maşından düşüb arxa qapını açaraq əlimdən tutdu:

– Düş, əzizim, düş, – dedi.

– Reyhan xanım, o bütün bunları elə ehtiyatla edirdi ki, sanki nəyəsə toxunub əziləcəyimdən qorxurdu. Məni gülmək tutdu və onun əlini ehtiyatla kənara itələyərək gülə-gülə dedim:

– Kənara çəkil, icazə ver maşından düşüm. Bir də ki, biz hara gedirik?

Mən dərsə gecikirəm axı.

– Dərs nədi, əzizim?

O  qolumdan bərk-bərk yapışaraq maşından araladı və ətrafa nəzər salaraq dedi:

– Bax, burda yaxşı bir park var. Başdan-ayağa yaşıllıqdı. Sənə təmiz hava lazımdı. Gedək oturaq, doyunca nəfəs al.

O, danışa-danışa qolumu buraxıb əlimdən tutdu. Bir əli əlimdəydi, bir əli isə saçıma sığal çəkirdi. Bütün bunları mən bu gecə yuxumda gördüm Reyhan xanım. Saçıma çəkilən o sığalın, əlimdən yapışan o əlin istisini, rahatlığını bir an üzümdən çəkilməyən o baxışların nəvazişini təzədən yaşadım. Bax, beləcə Parkın dərinliklərinə qədər getdik. O məni skamyaların birində oturtdu. Və heç gözləmədiyim halda qarşımda yerə çökdü və əlimi üzünə sürtərək pıçıldadı:

– Sən bilməzsən məni necə xoşbəxt elədin, Mələk. Sən elə özün mənim körpəmsən. Xoşbəxtliyə bir bax ki, çox çəkməz evimizə ikinci bir körpə də qədəm qoyar.

 Sonra ayağa qalxıb böyrümdə oturdu. Əlləri yenə kürəyimə dağılmış saçlarımda gəzdi və nəvazişlə pıçıldadı:

– Bu gün dərsi də, işi də tulladıq bir tərəfə. Bu günü ikilikdə keçirəcəyik.

– Yox, Hamlet, – deyərək onun sözünü kəsdim. – Bu gün çox vacib seminarlarım var.

– O seminarlar bu xoş xəbərin doğurduğu gözəl hissiyatdan vacibdir? Mən istəyirəm ki, bu gün bir yerdə olaq, bu gözəl hissləri bir yerdə yaşayaq. Sən bunu istəmirsən, Mələk. Yoxsa yenə əvvəlki tək tərsliyinə salıb yox deyəcəksən?

– Hamlet, bir məni də başa düş, xahiş edirəm. Bugünkü müəllimlər çox ciddidilər. Hər buraxılan seminarın əvəzini imtahan vaxtı beşqat çıxırlar. Adama zülm edirlər. Onun baxışlarındakı incikliyi hiss edib dilə tutdum: – Vallah, mən də istəyirəm bu günü bir yerdə keçirək. Ancaq sonra mənim üçün çox çətin olacaq. Özü də belə vəziyyətdə.

Başa düşdüm, düz deyirsən. Sənə çox həyəcanlanmaq olmaz. Bir az susub yumşaq bir səslə əlavə etdi:

– Bətnindəki körpəmizin sağlamlığı hər şeydən vacibdir. Sən necə istəyirsən elə də olsun.

– Yaxşı, dur gedək. Birinci qoşa dərsə çatmadım. Heç olmasa ikincisinə gedib çatım.

Hamlet hiss etdirmək istəməsə də, onun məni Universitetə könülsüz apardığını başa düşürdüm. Ancaq məni aparmağa gələndə çox sevincli idi. Üzü, baxışları xoş bir təbəssümdən işıqlanmışdı. Dodaqlarında şux bir gülüş cilvələnirdi.  Qeyri-ixtiyari soruşdum:

– Sən niyə gülürsən?

– Mən gülürəm? – deyib heyrətlə üzümə baxdı. – Mən gülüb eləmirəm.

– Yox, gülürsən.

Bu dəfə o gülə-gülə vəcdlə dilləndi:

– Bu gün elə gündü ki, gülməyəsən, neyniyəsən?

Biz danışa-danışa gəlib maşına çatdıq. Həmişəki kimi çevik bir hərəkətlə maşının arxa qapısını açaraq: – Buyur, keç, şahzadəm, – dedi.

Mən yerimdə donub qalmışdım. Maşın rəngbərəng qızılgüllərlə dolu idi. Oturacağın üstü, pəncərələrin önü, hətta ayaqlarımı qoyduğum yerə də gül səpələnmişdi. Xoş iydən başım gicəllənirdi. Maşının içindəki mənzərə elə gözəl idi ki, söz tapıb deyə bilmirdim.

– Xoşuna gəldi, şahzadəm? O an mən hər şeyi unutdum, Reyhan xanım. Hamlet Universitetin düz böyründə dayanmışdı. Müəllimlərin, tələbələrin məni görəcəyindən çəkinməyib bəlkə də ilk dəfə Hamleti qucaqladım. Sizdən də üzr istəyirəm, Reyhan xanım. Üzümü onun sinəsinə sıxıb:

– Çox sağ ol əzizim, – dedim. Demə hər şey güllərlə bitmirdi. Maşının qabaq oturacağı əlvan lentlərlə bəzənmiş hədiyyələrlə dolu imiş.

İlk dəfəydi Mələyin səsi sevginin, bəxtəvərliyin doğurduğu sonsuz şadyanalığa tab gətirməyib tez-tez qırılırdı. Bu gözəl, nağıla bənzər xatirə məni də sehirləmişdi. Odur ki, danışa bilmirdim. Yəqin Mələk də indi yuxuya dönmüş o xoşbəxt günün sehrindən qopa bilmirdi.  Yoxşa ki, bu qədər susmazdı. Handan-hana onun səsini eşitdim. – İndi Mələyin səsində həzin bir qüssə vardı:

– Niyə bir söz demirsiniz, Reyhan xanım? Yoxsa mənim halıma acıyırsınız? Yəqin fikirləşirsiniz ki, normal adam bir yuxuya görə belə şadyanalıq edərmi?

– Edər, edər, əzizim. Belə hallar hər kəsin həyatında olur. Nahaq yerə belə qüssələnirsən.

– Həmişə belə olur, Reyhan xanım. Anam demişkən bizə sevinmək də olmaz. Hər xırda sevincdən sonra elə böyük qəm, kədər gəlir ki, sevinməyə peşman oluruq. Bax, bir az əvvəl xoşbəxtlikdən ürəyim köksümə sığmırdı. Elə bil Hamlet sağ idi, yanımdaydı. O günü Hamletlə birlikdə yaşayırdım. Heç aradan bir dəqiqə ötüb keçməmiş həyatımın tamam fərqli bir səhifəsi qəfildən gözüm önündə açıldı və içim bir anda zülmətlə doldu.

– Özünə rəhmin gəlsin, Mələk. O qaramat dolu günlərdən uzaq qaç. Axı sənin həyatında işıq dolu xatirələr də var. Onlardan bərk-bərk yapış.

– Olmur, alınmır, – deyə Mələk deyəsən göz yaşlarını saxlaya bilmədən davam etdi:

– Bax, elə yuxularla bağlı elə bir xatirə gəlib düşdü yadıma ki, gözlərim yaşla, ürəyim qəmlə doldu. Yəqin o xatirəni danışsam, məni qınamayacaqsınız. Onda Laçının on üç, ya da on dörd yaşı olardı. Əsəblərinə görə müalicə olunurdu. Vəziyyəti çox gərgin idi. Evdə heç kəsin üzü gülmürdü, soyuq divarlar hüzn içində susurdu. Divarlar gülüşün, hansısa xoş bir səsin əks-sədasına həsrət qalmışdı. Belə hüznlü səhərlərin birində hamıdan gec yuxudan oyanan Laçın otağından çıxıb mənim üstümə qaçdı:

– Ana, ana, mən bu gecə gözəl bir yuxu görmüşəm, – deyib məni qucaqladı. Uzun müddətdi ki, körpə Laçınımın üzü də evimizin divarları kimi qəmli, tutqun, solğun idi. Heç dinib danışmırdı. Gözlərində elə bir səssiz qüssə vardı ki, hər baxanda ürəyim soğan kimi soyulurdu. İndi Laçınımın üzü hansısa bir duyğudan işıqlanmışdı. Gözlərindəki ağır kədərin yerində sanki işıqlı bir səhər açılırdı. Onu bağrıma basıb üz-gözündən öpməyə başladım. Gözlərimdən tökülən yaşı heç cür saxlaya bilmirdim. O bunu hiss edib soruşdu:

– Mən dedim ki, yaxşı bir yuxu görmüşəm. Sənsə ağlayırsan. Qoy o yuxunu danışım, onda sən də sevinəcəksən.

Mən islaq üzümü silə-silə dedim:

– Danış, danış, qurbanın olum.

– Nənən sənə qurban, Laçın. Danış görək necə yuxu görübsən?

Bizim səsimizi eşidib özünü hövlnak içəri salan anam da kövrəldi. Laçın başını yellədi:

– Nənə sən də ağlıyırsan? Mən deyirəm gözəl yuxu görmüşəm. Sizsə ağlayırsız: – Bikefləmiş Laçın başını yırğaladı:

– Yox, heç nə danışmayacam.

Anam da, mən də birdən Laçını qucaqladıq və ikimiz də eyni vaxtda ona yalvarıb dil tökdük:

– Yox, yox, ağlamırıq. Danış, danış, başına dönək. Yuxunu danış.

– Sizə baxıram, bu gen dünya mənim də başıma dar olur. Böyük qardaşım Aqilin nə vaxt içəri girdiyindən xəbərimiz olmamışdı. O başını kədərli-kədərli yırğalayıb yenə dilləndi:

– Bax, o uşağın evini siz yıxmısız. – Nə yapışmısız o uşağın yaxasından? Yuxunu danış, yuxunu danış, – deyib dil açıb yalvarırsız. Bəsdi də, nə qədər ağlamaq olar?

Aqil danışa-danışa üzünü mənə tutdu:

– Mənim sözüm sənədi e. Deyək ki, anam yaşdaşıb. İnsan qocalanda kövrəkləşir, gözünün yaşı əlində olur. Ancaq anamız bu yaşında da hamımızın dərdini çəkir. Sənsə bir uşağın əlində əsir-yesir qalıbsan. Uşaq yuxu görüb, siz də elə hay-həşir qoparırsız ki, deyirsən bəs nolub? Siz bu gen dünyanı özünüzə də, mənə də dar edibsiniz. Həyat da ki, bir külək kimi böyrünüzdən ötüb keçir. Heç xəbəriniz də olmur. O uşağı da mağmın günə qoymusuz.

– Bəsdi, Aqil, bəsdi. Anamın sinəsindən qopan ağlar səs Aqili çaşdırdı. Neçə dəfə demişəm ki, uşağın yanında ağzına gələni danışma. Yoxsa yadından çıxıb Laçının nə hala düşdüyü? Nə çörək yeyirdi, nə su içirdi. Saçı uzanıb kürəyinə düşmüşdü. Üzünü divara sarı tutub bir kəlmə söz demirdi. – Onu nə vəziyyətdə zornan maşına qoyub həkimə apardığın yadından çıxıb? Bax, onda həkim soruşdu ki, uşağın yuxusu necədi? Necə olacaq dedik. Yuxusu ərşə çəkilib. Beş dəqiqə yatanda da dəhşət içində oyanırdı. Dili-dodağı əsə-əsə deyirdi ki, qara maska taxmış adamlar evimizə girmişdilər, əllərindəki yekə bıçaqla məni, anamı doğramaq istəyirdilər. Onda həkim demişdi ki, mən yazdığım bu müalicəni dəqiqliklə eləsəniz hər şey yoluna düşəcək. Laçına baxıb gülümsünə-gülümsünə dedi:

– Qorxma, yaxşı yuxular da görəcəksən. Yaxşı yuxu görsən, bil ki, sağalırsan.

– Yaxşı yuxu görmüşəm də, – deyə Laçın qorxmuş halda anamın sözünü kəsdi. Evin ortasında çaşqın halda dayanmış Laçın hər üçümüzü nəzərdən keçirib ağlamsınaraq dedi:

– Yaxşı yuxu görmüşəm də. Bəs siz niyə ağlayırsız? Dayım niyə acıqlanır? Demək həkim yalan deyir. Mən sağalmayacam?

Mən elə sarsılmışdım ki, nə danışa bilirdim. Nə də ki, yerimdən tərpənə bilirdim. Yenə yazıq anam qaçıb Laçını qucaqladı. Laçın anamı kənara itələyib səsini qaldırdı:

– Yox, həkim də yalan danışır, siz də yalan danışırsız. Hər gün o dərmanları mənə içirdə-içirdə deyirsiz, sən çox yaxşılaşıbsan, Laçın. Hər səhər deyirsiz, bax bu gecə çox yaxşı, rahat-rahat yatmışdın. Yəqin yaxşı yuxular da görürsən, amma bizə demirsən.

Laçın mənə və anama diqqətlə nəzər salıb səsini qaldırdı:

– Həkim də, siz də məni aldadırsız. Mən heç vaxt sağalmayacam.

Mənim sinəmdən qopan çığırtı çox-çox sonralar da qulaqlarımdan getmədi:

– Gördün nə etdin, Aqil? Allahdan başqa heç kəs bilmir ki, yazıq anamla mən onu nə zülümlə bir az yaxşılaşdırmışdıq. Bir az özünə gətirmişdik. Sən qardaşım olsan da mənim nələr çəkdiyimi bilməzsən. – Axır ki, durduğum yerdən qopub Laçına sarı qaçdım. Evin ortasında çaşqın halda dayanaraq üzümüzə baxan Laçının çarəsiz durumu ürəyimi elə yandırıb-yaxdı ki, elə bil ağzımdan söz deyil, od-alov püskürdü:

– İndi mən neyliyəcəm, Allah?! Bu uşağın halı yenə pisləşəcək. Həkim demişdi ki, onu müalicə vaxtı acıqlandırmaq, həyəcanlandırmaq olmaz. Onun halı təzədən pisləşə bilər.

Mən ağlaya-ağlaya Laçını qucaqlamaq istəyəndə o məni də kənara itələdi: – Yox, sən də nənəm kimi mənə yalan deyirsən. Mən daha o acı dərmanları içmiyəcəm.

– Gördün, Aqil, sən nə etdin, – deyə anam səssizcə ağladı. Yazıq Mələk düz deyir, onun çəkdiklərini Allahdan başqa heç kəs bilmir. Nə sən bilirsən, nə də o biri qardaşı.

Mələk susdu. Bəzən mənə elə gəlirdi ki, gah üstünə su tökülən ocaq kimi öləziyən, gah qəfildən alovlanan, gah da payız yağışları kimi həzin bir qüssə saçan bu səs sanki uzaq, çox uzaq bir diyardan gəlirdi. Bu diyardan heç kəsin xəbəri olmadığı kimi, bu səs də heç kəsin fərqində deyildi.

– Bax, görürsüz, Reyhan xanım, bayaq dedim axı, sevinmək, gülmək mənim taleyimə yazılmayıb. Bir az əvvəl danışıb gülürdüm. İndi ağlayıram. Bəzən mənə deyirlər ki, səndən başqa əri vaxtsız ölən qadın yoxdu? Bəs onlar necə yaşayırlar? Yurd-yuvalarından qovulan, əzizlərini itirən  didərginləri də mənə misal gətirənlər də var.  Mən hər şeyi başa düşürəm. Bilirəm, bunlar çox ağır dərdlərdi. Ancaq bir şey var ki, Laçının xəstəliyi anadangəlmə dərin psixoloji xəstəlikdi. Bu sağalan xəstəlik deyil. Hələ Toğrul boyda bir dərdim də var. Elza xanım uzun illər məni oğlumun qatili kimi qələmə verib, Toğrulu mənə göstərmədi. Reyhan xanım, ölən ölür aparıb basdırırlar. Torpağın üzü soyuqdur, dərdləri də soyudur. Zaman-zaman adam da soyuyur, alışır bu dərdə. Bir də var doğma balanla eyni şəhərdə yaşayasan, bir dəfə də olsun onun üzünü görməyəsən. Bundan betər dərd var? Mən bu dərdi də yaşamışam və indi yaşayıram.

Mən hansısa bir sənədə görə yada düşdüm. Elza xanım onda başa düşdü ki, Toğrulu doğan ana da var. Sizə demişəm, Toğrul Universitetə qəbul ediləndə, hansısa bir sənədə qol çəkməliydim. Axır ki, onda gördüm Toğrulu. Və bütün ümidlərim iki-üç görüşdən sonra alt-üst oldu. Toğrulu elə bir ruhda böyütmüşdülər ki, o nə məni, nə də ki, Laçını heç vaxt qəbul etməyəcəkdi. Elə belə də oldu. O qədər eqoist, təkəbbürlü, iddialı idi ki, həm mənimlə, həm də Laçınla çox kobud rəftar edirdi. Anam heç Toğrula yaxın da gəlmirdi. Deyirdi ki, uşağı o qədər ərksöyün böyüdüblər ki, adam ağzını açıb söz deməyə də qorxur.

– Reyhan xanım, Laçın onun dikbaşlığına, kobud hərəkətlərinə heç dözə bilmirdi. Axır ki, bir dəfə onun yaxasından tutub dedi:

– Bura bax, sənə kim ixtiyar verib ki, anamla bu cür kobud rəftar edəsən. Mən yalvarıb-yaxarıb Laçını birtəhər sakitləşdirdim. Toğrulsa heç sakitləşmək bilmirdi. Nə qədər dil töksəm də oturmadı. Qapıya sarı gedib bir anlığa ayaq saxlayaraq mənə baxdı. İlahi, onun buz kimi soyuq baxışlarında nə qədər dərin bir nifrət vardı. Dediyi sözlər iti uclu bıçaq kimi ürəyimə sancıldı və uzun müddət içimi doğrayıb tökdü:

– Bu cındıra ancaq sən ana deyə bilərsən. O, mənə lazım deyil, – deyərək qapını zərblə çırpıb getdi. Mən dözə bilməyib Toğrulun dalınca qaçdım. Yalvara-yalvara onu qucaqlamaq istəyəndə məni elə itələdi ki, yıxılmaqdan özümü güclə saxladım. Sonra mənə sarı baxmadan bahalı maşınına minib getdi. Geri qayıdanda gördüm ki, Laçın qapının ağzında dayanıb mənə baxır. Onsuz da həmişə qəmli olan gözlərində elə bir məhzunluq, elə bir kədər vardı ki, hönkürüb ağlamaqdan özümü güclə saxladım. Laçınsa içindəki kədərdən boğulub batıqlaşmış səslə dedi:

– Gör özünü nə günə salıbsan ki, o sənə cındır deyir. Hələ durub onun dalınca qaçırsan da. Nəfəsini dərib dedi:

– O, bir də bu qapıdan içəri girməyəcək. – Laçın bir xeyli mənə baxıb başını acıqla yırğaladı və yumruğunu stola çırpıb az qala qışqırdı:

– Sən bilirsən ki, mənim əsəblərim yerində deyil. İstəyirsən onu vurub öldürüm?

Anam içini çəkib əlini dizinə çırpdı və ayaq üstə dayana bilməyib kresloya çökdü:

– Sənə bəxt-tale yazının qələmi sınaydı, bala, – deyərək səssizcə ağladı. Dünyada bundan ağır dərd varmı, Reyhan xanım? İki övlad arasında çarəsiz qalan anaya kim çıxış yolu göstərə bilər? Heç kim. Çünki arada övlad var. Birini atıb, o birini tutmaq olmur axı.

Mələk susub nəfəsini dərdi. Handan-hana telefondan onun səsinə bənzəməyən yad, boğuq bir səs eşidildi:

– Xatırlayırsınızsa, hər dəfə danışıb qurtarandan sonra deyirəm ki, bundan acı günüm olmayıb. Demə ən acı, ən ağır günüm hələ qabaqdaymış. İndi iki övlad arasında naçar qalmışam. Bax, Hamlet mənə bu cür çarəsiz dərdlər qoyub getdi.

Sonralar Mələk də, mən də gördük ki, dərdlərin ən betəri, ən sağalmazı hələ qabaqdaymış. O gün yağış yağırdı. Bu çiskin yağış neçə gündən bəri içimə dolmuş nigarançılığı artırırdı. Xeyli vaxt Mələyin zənginin arası kəsilmişdi. Narahat olsam da, fikirləşirdim ki, Laçın Universitetə qəbul olunandan sonra Mələyin başı qarışıb, qayğıları çoxalıb. Bu məni sevindirirdi, amma onun susub zənj etməməsi içimdəki nigarançılığı artırırdı. Belə narahat məqamlar da Mələyin şadyanalıqdan coşğun çaylar kimi çağlayan səsi qulaqlarımda səslənirdi:

– Reyhan xanım, Laçın Universitetə girəndən sonra çox dəyişib. Deyirəm, Allahın bu gününə şükürlər olsun. Laçın Universitetə özü gedib-gəlir.  İlahi, mən bu günü nə qədər  gözləmişəm. Arabir anam Laçını dilə tutub çörək almağa göndərirdi. Mənim həyəcanlandığımı görüb deyərdi:

– Qardaşın düz deyir də, sən bu uşağı dibçək gülü etmisən. Bu oğlan uşağıdı e. Bunun sonrasını düşünürsən heç? Mən buna yavaş-yavaş çölə-bayıra çıxmağı öyrədirəm. Dilə tutub, ürək-dirək verib çörək almağa göndərirəm. Sonra da deyəcəm get bazarlıq elə, yekə kişisən, sən dura-dura nənən, anan niyə bazarlıq etməlidi? Nə vaxtacan Əhməd kişiylə Aqil onu uşaq kimi maşına mindirib gəzdirməyə aparmalıdı? Allah kərimdi. Bəlkə elə yavaş-yavaş uşağın canındakı bu qorxu-ürkü, həyəcan da çəkilib gedəcək?

Onu da deyim ki, Reyhan xanım, Laçın məndən çox nənəsinin sözünə baxırdı. O, çörək almağa gedəndə mən qaçaraq gedib həyəcan içində pəncərənin ağzında dayanırdım. Çörək mağazasıyla bizim binanın arasında bir maşın yolu keçib gedirdi. Maşınlar bir-birinin ardınca elə sürətlə ötüb keçirdi ki, baxanda canıma qorxu düşürdü. Yalan olmasın, Laçın o yolu keçənə qədər bəlkə də yüz dəfə ölüb-dirilirdim. Mələk hərdən susub nəfəsini dərirdi, köksündən qopan sevinc nidaları coşğun dağ çayları kimi çağlayanda mənim də qəlbim, ruhum dincəlirdi. Şükür Allaha, indi Laçın Universitetə özü gedib-gəlir.

O gün yağış yağırdı və mən Mələkdən zəng gözləyirdim. İşim nə qədər çox olsa da bu yağışlı gündə mənə zəng eləməmişdi. Telefon inadla susurdu. Hava qaralmağa başlayanda dözə bilməyib zəng etdim. Dəstəyi Mələk götürdü. Səsimi eşidən kimi dəstəkdən qırıq-qırıq hıçqırıqlar qopdu. Bədənim buz təki soyudu, sanki damarlarımdan axan qan dondu və təpilmiş dodaqlarım güclə tərpəndi:

– Nolub Mələk, niyə ağlayırsan?

Bütün varlığıma çökmüş qorxu içində susub Mələkdən cavab gözlədim. Ancaq o susurdu, kəsilməyən hıçqırıqlar iti uclu xırda mismarlar kimi gicgahlarıma batırdı:

– Allah xatirinə, bir söz de,Mələk. Nə baş verib axı? Handan-hana onun üzgün səsi eşidildi:

– Laçın Universitetə imtahan verən müddətdə mənim bədənimdə qırmızı ləkələr əmələ gəldi. Sonra bu ləkələr iri sızanaqlara çevrildi. Başım Laçına elə qarışmışdı ki, heç nəyin fərqində deyildim. Laçın qəbul olundu, həyəcanlarım, sevincim bir az səngiyəndə gördüm ki, o sızanaqların yerində iri yaralar əmələ gəlib və o yaralardan irinli çirk axır. Reyhan xanım, siz bilirsiz ki, mən necə vasvası adamam, suyu da üfürə-üfürə içirəm. İndi bu irinli yaraları neyləyim, bu dəhşətə necə dözüm? Yazıq uşaq da mənə baxır əhvalı pisləşir.

Mələk bir az susub təzədən dindi:

– Axı mən nə günah işlətmişəm ki, Allah mənə belə zülm edir. Təzə-təzə ürəyim açılırdı. Səhər-səhər sevinc içində yuxadan oyanıb Laçını yedirdib-içirdib Universitetə yola salırdım. O qapıdan çıxıb həmin o maşın yolunu sərbəst bir şəkildə keçib avtobusa minəndə sevincdən ağlayırdım, üzümü göyə tutub Allaha yalvarırdım, şükür edirdim. Namaz qılanda təkcə öz balalarıma deyil, bütün balalara da dua edirdim. Allahdan cəmi balalara can sağlığı, xoşbəxtlik diləyirdim. Allah bunu da mənə çox gördü. Niyə belə olur, axı? Niyə? Bəyəm mənim sevinməyə, gülməyə haqqım yoxdu?

O gün yağış yağırdı. Görəsən yağan yağışdan Mələyin xəbəri vardımı? Bəlkə də vardı. Daha Mələk bunun fərqində deyildi. Daha bu yağışlar Mələk üçün yağmırdı. O gün mən Mələyə təsəlli xatirinə nə dedim, nə danışdım? Heç yadımda deyil. Mələyin dedikləri də çox çəkmədi, yadımdan çıxdı. Təkcə bu kəlmələrdən başqa:

– İndi daha heç nədən qorxum yoxdu, Reyhan xanım. Həmişə fikirləşirdim ki, nə istəsən bəndədən deyil, Allahdan istə Mələk. Daha Allahdan istəməyə də bir şey yoxdu. İndiyə qədər o iki uşaq üçün birtəhər ayaq üstə dayanıb durdum. Axırda anladım ki, o iki uşağın biri Elza xanımındı. Onun ürəyində mənə qarşı kindən, nifrətdən başqa bir şey yoxdu. Biri də ki belə. Bir az sevindim, üzüm güldü. Özünüz də gördünüz, bu ötəri sevincdən sonra qara kədər necə haqladı məni?  Yazıq bibim yeganə qardaşını, mənim atamı itirəndə bu bayatını tez-tez deyib ağlardı.

 

Əzizinəm durdu qəm,

Açdı yaram, durdu qəm.

Məni arxasız gördü,

Üstümə qudurdu qəm.

 

 – Reyhan xanım, indi daha Laçın evimizin arxasından ötüb keçən o maşın yolundan keçə bilmir. Təkbaşına avtobusa minib Universitetə də gedə bilmir. Yenə Əhməd dayı uşaq kimi onu maşına mindirib aparır, sonra da qaytarıb gətirir. Heç mən də daha onu deyə-gülə dərsə yola sala bilmirəm. O irinli yaralar əllərimə də çıxıb. Laçın da mənim kimi çox təmizkar uşaqdı. Hər şeydən üşənəndi. İraq olsun, bu yaraların ona keçməsindən elə qorxuram ki... Bax, bu da mənim axırım, Reyhan xanım.

– Axırın niyə olur, Mələk? İnşallah, sağalarsan. Dərd verən Allah dərmanını da verər.

Bu an onun dodaqlarından ani bir gülüş qopdu. Bu gülüşdə elə bir etiraz, elə bir kinayə vardı ki, göz yaşlarım gözlərimdə dondu. Həmişə işlətdiyim acı bir kəlam yenə ağlımdan keçdi: – İlahi, düz deyirlər, bəzən insan elə hala düşür ki, ağlaya bilmədiyi müsibətə gülür.

– Siz atlayırsız, Reyhan xanım. Qurban olum, ağlamayın. Ay Allah, mən sizi də bezara gətirdim.

O an mən Allahdan elə bir güc istədim ki, özümü ələ alıb ona ürək-dirək verə bilim. Yəqin ki, Allah mənim dadıma yetişdi. Yoxsa ki, bütün vücudumu sarmış ağır sarsıntıdan tutulmuş dilim söz tuta bilməzdi:

– Mələk, xahiş edirəm, özünü bir az ələ al. Yenə deyirəm, dərd verən Allah dərmanın da verər.

– Deyəsən Allah məni yadından çıxarıb, Reyhan xanım. Mən dərdinə dərman tapılan xoşbəxtlərin siyahısında deyiləm.

Gizli bir üşütmədən bədənim uyuşurdu, tüklərim biz-biz olurdu. Sanki dilim də ağzımda şişib böyümüşdü, ömürlük söz tutmayacaqdı.

– Bu illər ərzində mən sizi o qədər yaxından tanımışam ki, üzünüzü görməsəm də nə hallara düşdüyünüzü bilirəm. Xahiş edirəm, bu qədər üzülməyin. Gəlin sağollaşaq. Mən sizi o qədər üzmüşəm ki, vallah, xəcalət çəkirəm.  Xahiş edirəm, gedin dincəlin və haqqınızı mənə halal edin. Sonuncu kəlmə qəfildən dilimi açdı:

– Mələk, sən əgər mənim xətrimi istəyirsənsə, belə sözlər danışma. Xahiş edirəm, bir az möhkəm ol. Axı sən hansı həkimlərə müraciət edibsən ki, belə ruhdan düşürsən?

– Mən sənə zəng etmədiyim ərəfədə çox həkimlərin yanında olmuşam. Hətta böyük qardaşım məni Türkiyəyə apardı.

Qeyri-ixtiyari onun sözünü kəsdim:

– Bəs həkimlər sənə nə deyirlər?

– Nə deyəcəklər. Çoxlu dərman yazırlar. Deyirlər bu dərmanları vaxtlı-vaxtında at. Gündə yaralarını yaxşı-yaxşı təmizlə və məlhəm sürt. Özün də inamını itirmə.

– Bax, görürsən həkimlər nə deyirlər? Əsas inamdı, inam. Sən bu xəstəlikdən azad olacağına inanmalısan.

Yenə də Mələyin dodaqlarından acı bir gülüş qopdu və bu gülüş yenə məni elə üşütdü ki,  damarlarımdakı qanım buz bağladı.

– Yaxşı, çalışaram inamlı olum. Sizə söz verirəm, Reyhan xanım. Gedim dərmanlarımı atım. Bir azdan Laçın Universitetdən qayıdacaq. Bütün bunları onun yanında eləmək istəmirəm. Bəzən öz otağıma girib qapını da arxadan bağlayıram ki, o bu irinli yaraları görməsin. Ancaq xeyri yoxdu. Harda olsam da, Laçının yaş dolu qəmli gözlərini üzümdə hiss edirəm. Qoy gedim, o evə qayıtmamış yaralarıma dərman sürtüm. Siz də rahat olun.  Reyhan xanım, bu qədər üzülməyin. Sağ olun, Allah köməyiniz olsun.

O, dəstəyi asdı. Bu an mənə elə gəldi ki, təkcə Mələklə deyil, məni əhatə edən bu gerçək aləmlə də əlaqəm kəsildi. İlk dəfəydi ki, Mələk mənimlə belə ümidsiz, belə laqeydcəsinə xudahafizləşirdi. Onun səsində nə böyük ölçüyəgəlməz bir acı,  çarəsizlik vardı. Ürəyim bu talesiz qadına duyduğum mərhəmət və şəfqətdən göyür-göyür göynəyir, gözlərimdən tökülən yaş səngimirdi. İlahi, ona kömək ol, ilahi! Onu xəstə balasına bağışla, onun şəfasını ver Allahım!

Bəlkə durum onlara gedim? Sözlə insanın yarası sağalmır. Ona kömək etmək lazımdı. Bu fikir məni yerimdən tərpətdi. – Axı, necə?

Qəfil ildırım kimi beynimdə çaxan bu sualdan çaşdım. Əl-qolum boşalıb yanıma düşdü. Mələyin hər vaxt iztirablı, məhzun bir baxışla baxan gözləriylə təkbətək qaldım. Onun baxışları tək can üzən səsi qulaqlarımda səsləndi:

– Mən hiss edirəm, başa düşürəm, Reyhan xanım. Siz mənə kömək etmək istəyirsiniz, həmişə buna can atırsınız. Bəxti, taleyi yazan Allahdı. Allah məndən üz döndəribsə, bəndə buna neyləsin? – Bu sözlər əl-qolumu bağlayıb məni büsbütün ruhdan salsa da bir qırağa çəkilib sakit oturmadım: Bilirəm, o daha zəng etməyəcək. İndi növbə mənimdi. O, mənimlə danışmaq istəməsə belə, mən heç vaxt Mələklə əlaqəmi kəsməməliyəm.

Doğrudan da daha o mənə zəng etmədi. Bir neçə gün adət etdiyim o zəngi  gözlədim. İçimdəki intizara, narahatçılığa dözməyib Mələyə zəng etdim. Onun daha da küskünləşmiş, incəliyini, məlahətini itirmiş səsi məni sarsıtsa da, özümu toparlayıb ürəkli-ürəkli danışmağa çalışdım:

– Səndən ötrü yaman darıxdım, Mələk. Necəsən, əzizim?

Onun üzgün, zəif səsi eşidildi:

– Hə,  sizsiniz, Reyhan xanım? Niyə özünüzə əziyyət verirsiz? İndi mən sizə nə deyim, nə danışım? – Canımdan soyuq bir üşütmə keçsə də özümü ələ alıb dilləndim:

– Sənin danışmağa sözün yoxsa, mənim var. Elə həmişə sən danışmayacaqsan ki? İndi də mən danışım, sən qulaq as.

O, bir xeyli susub cavab vermədi. Sonra azacıq dəyişmiş səslə dedi:

– Deyirəm, sizin necə gözəl ürəyiniz var e, Reyhan xanım. Elə bil ürəyimdən keçənlərin hamısını hiss edirsiniz. Bax, elə bu gecə fikirləşirdim ki, mən illər uzunu danışmışam, Reyhan xanım da səsini çıxarmadan, səbirlə qulaq asıb. Demək olar ki, mən bütün həyatımı sizə danışmışam. Amma öz həyatınızdan mənə heç nə danışmamısız.

– Yox, elə demə də, Mələk. Mən də danışmışam.

– Mənim danışdıqlarımla müqayisə edəndə demək olar ki, çox az, çox cüzi danışmısız. Mələyin səsi yavaş-yavaş açılırdı, zərifləşirdi. Bu məni elə sevindirdi ki, qeyri-ixtiyari güldüm və hiss olunacaq xoş bir əhvalla: – Yaxşı, bundan sonra mən danışaram, – dedim.

Mələk məni çox  gözlətmədən dedi:

– Mənə kiçik bir xatirə danışmışdınız. Bu xatirə tez-tez yadıma düşür. Bu gecə də yadıma düşdü. Yuxum gəlmirdi, özümü çox pis hiss edirdim. İnanın, o xatirə yadıma düşdü və nə danışmışdınızsa hamısı gəlib xəyalımdan keçdi. Hiss etdim ki, halım bir az yaxşılaşdı.

– Sən də məni sevindirdin, Mələk. Özü də necə sevindirdin. Sən hansı xatirədən danışırsan?

– Danışırdınız ki, rayon qəzetində işləyəndə həmişə sadə insanlardan yazırdınız. Bir pambıqçı qızdan danışmışdınız. Danışırdınız ki, o pambıqçı qız çox illər sonra başınıza örtdüyünüz mavi, toxunma yaylığı belə unuda bilməyib. Və bu yaylığı kiçik bacınızın başında görəndə yaxınlaşıb soruşub ki, siz jurnalist Reyhan xanımın qohumusuz? Xəstəlik məni çaşdırmayıb ki, Reyhan xanım? Düz danışıram?

Mələyin birdən-birə əhvalının dəyişməsindən və nə vaxtsa danışdığım o uzaq, kiçik xatirədən söz açmasından elə təsirləndim ki, göz yaşlarına boğulsam da səsim sevincdən titrədi:

– Yox, yox, hər şeyi çox doğru, düzgün xatırlayırsan.

– Amma etiraf edirəm ki, o pambıqçı qızın bacınızı harda gördüyünü unutmuşam.

– O vaxtlar hər il məktəblilər də pambıq yığımında iştirak edirdilər.  O qız bacımı pambıq sahəsində görmüşdü. Bacım deyirdi ki, qız məni qucaqlayıb ağladı və üzümə diqqətlə baxıb dedi ki, siz Reyhan xanıma çox oxşayırsız. Bax, onun da belə bir yaylığı vardı. Mən də dedim ki, elə bu yaylıq bacımındı.

– Hə, siz danışdığınız hər şey yadıma düşür. Danışırdınız ki, o qız çox gəncdi. Atası, anası isə çox yaşlı idilər. Deyəsən atası da xəstə idi. Siz ondan soruşmusuz ki, necə dolanırsız? Qız deyib atam-anam pensiya alır. Mən də kolxozda işləyirəm. Şükür, yaxşı dolanırıq. Amma evimiz çox köhnə bir evdi.  Əgər təmir olunmasa bu qış uçub başımıza töküləcək. Sizin yazınızdan sonra onların evini təmir ediblər. Qız da çox sevinib, sevindiyindən sizi qucaqlayaraq ağlayıb. Görürsüz, hər şey necə yadımda qalıb, Reyhan xanım. Yoxsa düz demirəm? Mələyin səsində bir rahatlıq hiss edib: – Hər şeyi elə yerli-yerində danışdın ki, elə bil bu əhvalatı sənə dünən danışmışam, – dedim.

– Doğrudan? – deyə Mələk bir az həyəcanlı halda soruşdu. – Demək xəstəlik hələ ağlımı başımdan almayıb. Hələ sağam, yaşayıram.

Nitqim batdı elə bil, dilim söz tutmadı.

Uzun illərdən bəri bizi birləşdirən telefon xəttindən axır ki, üzgün, doğma səs eşidildi:

– Ay Allah, yenə sizi kədərləndirdim. Min dəfə deyirəm ki, sizi üzəcək bir söz deməyəcəm. Yenə səhvimi təkrar edirəm. Gör nə hala düşmüsüz ki, danışa da bilmirsiz. Sən Allah, məni bağışlayın, Reyhan xanım.

O, danışdıqca yavaş-yavaş özünə gəlirdi. Bilirdim ki, nəsə deməliyəm, beləcə susub qalmaq onun xeyrinə deyildi.

– Ən yaxşısı budur ki, mən dəstəyi asım. Siz də gedin rahatlanın Reyhan xanım.

– Sənin dediyin o sözdən sonra necə rahatlıq tapa bilərəm, Mələk?

Yara yeri kimi sızlayan ürəyim elə yumşaldı ki, göz yaşlarımı saxlaya bilmədim. Danışanda səsim budaqdan asılı qalmış son yarpaq kimi titrədi:

– Sən mənim üçün çox doğma, əziz adamsan, Mələk. Bir az əvvəl dediyin o sözləri necə dilinə gətirə bildin? Allaha şükür, sənin elə ciddi bir xəstəliyin yoxdu ki, ağlından belə sözlər keçirirsən.

Telefon xəttindən yenə bir xeyli səs gəlmədi. Mələk bu dəfə inınılmaz dərəcədə sakit bir səslə dilləndi:

– Reyhan xanım, mən bilirəm ki, siz məni çox istəyirsiz. Belə olmasaydı, uzun illər oturub mənim sıxıntı, göz yaşları, ürək ağrısıyla dolu söhbətlərimə səbirlə qulaq asmazdınız. Mənimlə bir yerdə sevinib kədərlənməzdiniz. İstəyirəm sevdiyim adamlar əsil həqiqəti bilsinlər. Sonra onlar ağır bir zərbə almasınlar. Ona görə də…

–Danışma  Mələk, bu barədə heç nə eşitmək istəmirəm. Sənin dediyin o həqiqəti mən heç zaman qəbul etməyəcəm. Bu sözlər dodaqlarımdan elə bir acıqla qopdu ki, bu qəzəb acı bir qəhərə dönüb boğaz yolumu tutdu. İndi bir kəlmə söz desəydim, söz əvəzinə dodaqlarımdan hönkürtü qopacaqdı. Həmişə belə olurdu. Mən susub danışmayanda o bilirdi ki, mənim əhvalım o qədər də yaxşı deyil.

– Qurban olum sizə, xahiş edirəm, bu qədər üzülməyin. O sakit danışmağa çalışsa da səsi tez-tez qırılırdı: – Mən demədim ki, bu gün, sabah öləcəm. Yox, mənim evdə xəstə balam var. Onu mən qoyub hara tələsirəm? Sadəcə olaraq onu demək istəyirəm ki, bu xəstəlik ciddi bir xəstəlikdi. Bunu Türkiyədə olanda həkim də dedi. Mən sakitcə soruşdum: – Xərçəngi nəzərdə tutursuz, həkim? O, gülüb başını yırğaladı:

– Niyə hamı elə xərçəngi nəzərdə tutur. Xərçəngdən başqa da ciddi xəstəliklər var. Sizin xəstəliyiniz o mənada ciddi xəstəlikdir ki, uzun bir müalicə lazımdı. Çox dəqiq və düzgün bir müalicə. – Mələyin səsində yaxşılığa doğru bir dəyişiklik hiss etcək qəlbimdəki o məşum qorxu və qüssə çəkilib getdi:

– Mələk, həkimin dediklərinə doğru, düzgün əməl edirsənmi?

– Hə, narahat olmayın, Reyhan xanım. Özüm bezib səhlənkarlıq etsəm də, anam buna imkan vermir. Yazıq anam gecə-gündüz başımın üstündədi. Elnarə də bu çətin məqamda bizə çox kömək edir. Allah bu qızı xoşbəxt eləsin. Mən bu fədakar qıza baxıb deyirəm ki, yox, dünyada hələ yaxşı adamlar var.

– Hər dövrdə yaxşı adamlar olur. Ancaq bəzən insanlar hamıdan yaxşılıq gözləyirlər. Heç özlərinə sual vermirlər ki, mən özüm necə, yaxşı adamammı? Yox, yox, mən sizi nəzərdə tutmuram. Mən bilirəm ki, siz Elnarəyə bir qulluqçu kimi deyil, ailənin bir üzvü kimi baxırsınız. Atanızın sürücüsü Əhməd kişiyə də elə yanaşırsınız. Ancaq mən özümü o qədər də yaxşı adam sanmıram. Həyatımda elə məqamlar olub ki, mənə göstərilən sevgini, qayğını lazımınca qiymətləndirməmişəm. Hətta deyərdim ki, laqeydlik  göstərmişəm.

– Siz nə danışırsınız, Reyhan xanım. Heç vaxt inanmaram.

– İndi Mələyin səsi illər uzunu eşitdiyim səsə oxşayırdı:

– Siz və laqeydlik. Ömründə inanmaram. Hətta Mələyin dodaqlarından ani bir gülüş də qopdu:

– Yox e, Reyhan xanım, məni inandırmağa çalışmayın.

Laqeydlik və Reyhan xanım. Bunlar bir araya sığmır axı. O, artıq xəstə olduğunu unutmuşdu. Həmişəki kimi səsində həyəcan və mənim söhbətlərimə hiss olunacaq bir maraq vardı.

– Siz kimə laqeydlik göstərmisiniz? Sözdü də deyirsiniz. Bunu sübut etmək üçün necə deyərlər, sənəd-sübut lazımdı, – deyib yenə xəfifcə güldü.

Desəm ki, həyatımda belə sevinməmişdim. Yəqin ki, mübaliğə olmaz.

– Niyə danışmırsınız, Reyhan xanım? Kimə qarşı diqqətsiz, laqeyd olmusunuz?

Mələyin səsindəki şadyanalıq mənim də səsimə keçmişdi.

– Yaxşı, danış deyirsən, danışaram. Bu, xeyli vaxt aparacaq. Dərmanlarını atmısan?

– Siz narahat olmayın. Dərmanları da atmışam, yaraları təmizləyib məlhəm də sürtmüşəm.

– Növbəti proseduraya xeyli vaxt var.

Çox qəribədi ki, indi xəstəliyindən danışanda da kədərlənib eləmədi. Bu, mənim də əhvalımı xeyli yaxşılaşdırdı və hiss olunacaq tələskənliklə dilləndim:

– Mələk, sənə demişəm axı, mənim gözlərimdə anadangəlmə durmadan artan miyapiya olub. Bu xəstəliyə görə gözlərimdə dörd dəfə əməliyyat aparılıb. Xəstəxanada olduğum müddətdə dediyim o yaxşı insanlara rast gəlmişəm. İstəyirəm söhbətə çox gənc bir qızdan başlayım. Ay parçası tək gözəl,  gəncəcik bir qızdı. Adı da Səriyyə. – Səsim içimə dolmuş nisgildən qırıldı:

– Noldu, Reyhan xanım. Xahiş edirəm danışın.

 – Bilirsənmi, Mələk? Səriyyə yadıma düşəndə çöldə qar-boran, çovğun olsa da elə bil birdən-birə bahara düşürəm. Göyləri rəngli şəfəqləriylə, bağ-bağçaları ətirli çiçəkləri ilə bəzəyən, dilsiz-ağızsız quşları dilləndirib oxudan bahar fəslinə. Səriyyəni ilk dəfə görəndə də, bax, belə bir hiss yaşadım. Halbuki, beş dəqiqə əvvəl xəstəxananın uzunsov, səssiz, yarıqaranlıq dəhlizində tək-tənha oturmuşdum. Həmişəki kimi ürəyim elə darıxırdı ki, ağlamaq istəyirdim. Evdə qoyub gəldiyim uşaqlarımın xiffətini çəkirdim. Onlar balaca idilər. Həm də mənə o qədər bağlı idilər ki, indi onların məndən ayrı necə dözdüklərini ağlıma sığışdıra bilmirdim. Təzəcə əməliyyat olunmuşdum, mənə ağlamaq olmazdı. Gözümdən üzüaşağı tökülən göz yaşlarımsa heç cür səngimək bilmirdi. Birdən kiminsə böyrümdə oturduğunu hiss edib diksindim. Yanaqlarımda gilələnib qalmış göz yaşlarımı tez-tələsik silib səs gələn səmtə baxdım. Yanımda gənc bir qız oturmuşdu. Girdə, mərmər kimi üzü elə gözəl, elə işıqlı idi ki, elə bil birdən-birə uzunsov dəhlizin tutqun işığı içində ay parladı. O, heç gözləmədiyim halda həyəcan qarışıq kövrək, titrək səslə soruşdu:

– Siz niyə ağlayırsınız? Ağlamayın, xahiş edirəm. Hər şey yaxşı olacaq.

Heç təsəvvür edə bilməzdim ki, bir an əvvəl gördüyüm bu gənc, gözəl qız böyük bir həyəcan içində cibindən kiçik, tərtəmiz əl yaylığını çıxarıb hələ də islaq olan üzümü siləcək, alnıma tökülmüş saçlarımı geri darayacaq. Təzəcə kəsilmiş göz yaşlarım təzədən üzü aşağı tökülməyə başladı. Göz yaşları içində gülümsəyərək:

– Sən nə yaxşı qızsan, – dedim. Elə bil məni çoxdan tanıyırsan. O, elə bir həyəcanla dilləndi ki, danışanda səsi titrədi:

– Yox, çoxdan tanımıram. İki-üç gündü tanıyıram. Sizin otaqda yaşlı bir xala var. O, sizin haqqınızda mənə o qədər danışıb ki, elə bil sizi çoxdan tanıyıram.

Bu, gənc qızın sevgi dolu mehriban baxışları içindəki şəfqətdən titrəyən səsi məni bir an içində büsbütün dəyişmişdi. Bu uzun, yarıqaranlıq dəhlizin ah-ufla, göz yaşlarıyla dolu sıxıntılı mənzərəsi də dəyişmişdi, başqa cür olmuşdu. Ürəyimdəki ağır, dözülməz sıxıntının yerini özümə də aydın olmayan, izaholunmaz, tərtəmiz, işıqlı duyğular almışdı. Danışanda mənim də səsim məsum, tərtəmiz baxışlarıyla, qəşəng üzündə dolaşan saf təbəssümüylə uşağa bənzəyən bu yaraşıqlı qızın səsi kimi titrədi:

– Hə, yəqin ki, Gülzar xalanı deyirsiz. O, çox gözəl insandı. Onun on yeddi yaşında gözəl bir oğlu dənizdə boğulub ölüb. Birdən ürəyimə dolan qüssədən yenə gözlərim doldu. Qız əlimdən tutub:

– Gözləriniz yenicə əməliyyat olunub, – dedi. Sizə ağlamaq olmaz. Xahiş edirəm, ağlamayın. – Ürəyim şəfqət və mərhəmət hissindən titrəyirdi:

– Heç nə olmaz, – dedim. Mən Gülzar xaladan danışırdım. Gülzar xala o boyda dərdin içində necə böyük bir canıyananlıqla mənə kömək etməyə can atırdı. Əməliyyata gedəcəkdim, ona görə də şkafımı, yatağımı qaydaya salırdım. Döşək çox narahat və düyün-düyün idi. Üzümü yoldaşıma  tutub yavaşca dedim:

– Əməliyyatdan sonra burda necə yatmaq olar?

– Yaxşı, dəyişərik. Bir azdan gedib deyərəm, təzəsini gətirərlər.

Beş-on dəqiqə keçməmiş çiynimə bir əl toxundu. Geri dönəndə gördüm ki, Gülzar xala çiynində böyük, tərtəmiz bir döşək arxamda dayanıb gülümsüyə-gülümsüyə mənə baxır.

– Çəkil qırağa qızım, o yatağı düzəltməyə dəyməz, – dedi. – Mən qıymaram ki, sənin kimi gözəl bir gəlin o cür döşəyin üstündə yatsın. – Bax, elə beləcə də dedi. Mənimsə ürəyim minnətdarlıq hissindən elə çırpınırdı ki, dilim də söz tutmurdu.

– Hə, bilirəm, – deyə qızcığaz tez-tələsik dilləndi. – Otaqdakılar mənə də danışıblar. Hamı deyir ki, Gülzar xala çox yaxşı insandı.

– Əməliyyatdan sonra isə Gülzar xala yoldaşımı dilə tutub evə göndərdi ki, qoy uşaqlar tək qalmasınlar. Bütün gecəni yatmayıb başımın üstündə dayandı. Hər ufultuma can dedi. Mələk, o məqamda mən özümü ələ ala bilmədim. İlk dəfə gördüyüm qızcığazın əlindən tutub uşaqlara xas olan kövrəkliklə dedim:

– O, sabah evə gedəcək. Onsuz çox darıxacam. Bilmirəm bu xəstəxanada necə qalacam? Özümə necə yer tapacam?

Qız böyük bir həyəcan içində hiss olunacaq tələskənliklə dilləndi:

– Gülzar xala gedəcək, amma mən uzun müddət burda olacam. İcazə verərsiniz kömək edim sizə.

– Mələk, bilmirəm o anda mənə noldu? Niyə mən hələ adını da bilmədiyim bu qızcığaza deməyə söz tapmadım? Amma o yadımdadı ki, uzun kirpikli ala gözləri mənə sevgiylə baxan, danışanda incə dodaqları əsən bu qəşəng varlığı bağrıma basıb öpmək istəyirdim.

– Hə, icazə verərsiniz? – deyə o bir də israrla soruşanda məni gülmək tutdu və gülə-gülə soruşdum:

– Sən axı mənə niyə kömək etmək istəyirsən?

– Məktəbdə müəllimlərim deyirlər ki, yazıçılar böyük adamlardı. Onlara hörmət etmək borcumuzdu. İndi də Gülzar xala sizin haqqınızda necə gözəl şeylər danışırdı? Deyirdi o, həm ağıllı, kamallı qadındı, həm də yazıçıdı. İnsanların həyatından yaxşı kitablar yazır.

Qız bu sözləri dedikcə yanaqları qızarır, ala gözlərindəki şəfqət və sevgi artırdı. Söhbətini bu sözlərlə bitirdi:

– Hə, Gülzar xala onu da  dedi ki, istəyirəm o mənim bədbəxt balam haqqında da kiçik bir kitab yazsın.

Reyhan xanım, Gülzar xala bu sözləri deyəndə ağladı.

Mən qızın dediklərindən elə sarsıldım ki, bir xeyli özümü ələ alıb danışa bilmədim. Sonra dərin peşmançılıq içində dedim:

– Gülzar xala, bu barədə mənə heç nə deməyib. Kaş oğlundan söhbət açaydı, danışaydı. Nə vaxtsa oğlundan bir yazı yazardım.

Qız uşaqsayağı bir sadəlövhlüklə sözümü kəsdi:

– Hə, bunu da dedi ki, Reyhan xanımın gözündə çox çətin əməliyyat aparılıb. Neçə gündü gözləri qıpqırmızı şişin içindədi. Çox əziyyət çəkir. Ona görə də oğlum barədə danışıb onu kədərləndirmək istəmirəm.

O, bir az susub duruxa-duruxa əlavə etdi:

– Hə, mənə tuta-tuta tapşırdı ki, bax, Səriyyə qızım, sən də bu barədə bir söz deyib onu üzmə. – Səriyyə susub yaşarmış gözlərini bir xeyli üzümdə saxlayıb pərt halda yenə dindi:

– Mən bu barədə danışmaqla səhv elədim. Eləmi, Reyhan xanım? Ay Allah, mən neylədim? – deyib üzünü əlləriylə qapadı. Çiyinlərinin titrəyişindən hiss etdim ki, o ağlayır. Qeyri-ixtiyari əllərim onun saçında gəzdi:

– Ağlama, Səriyyə. Axı, niyə ağlayırsan?

Səriyyə əllərini üzündən çəkdi. Onun təravətli çöhrəsi qəfil qaralan göy üzü kimi tutulmuşdu. O, göz yaşlarını silə-silə dərin bir iztirab içində dedi:

– Gülzar xalanın gənc oğlu dənizdə boğulub ölüb, onu rahat qoymayan, bu dərdindən tez-tez danışıb ağlayırdı.

Mənə oğlu haqqında heç nə deməmişdi. Oğlunun dənizdə boğulduğunu otaqdakılardan eşitmişdim. Mən dərin bir üzüntü içində Səriyyədən soruşdum: – Sən Gülzar xalanın telefon nömrəsini bilirsənmi?

Deyəsən Səriyyə mənim üzüntümü hiss elədi:

– Hə, hə, bilirəm. Mən nömrəni yazıb sizə gətirərəm.

Mələk söhbətin bu yerində  sözümü kəsdi:

– Səriyy telefon nömrəsini sizə verdimi?

– Hə, verdi.

– Siz Gülzar xalaya zəng etdiniz?

Mən günahkarlıq hissi içində susub qaldım.

– Niyə dinmirsiniz Reyhan xanım?

Handan-hana dilləndim:

– Danışmağa çox çətinlik çəkirəm.

– Niyə axı?

– Çünki mən  Gülzar xalaya zəng eləmədim. Bir gün o özü mənə zəng elədi. Əhvalımı soruşdu, uşaqları, yoldaşımı soruşdu. Hələ onu da dedi ki, səni söhbətə tutub vaxtını almayım. Bilirəm, uşaqların balacadı. İşin-gücün çoxdu. Mənə ürək-dirək verib dəstəyi asdı.

Bir xeyli Mələkdən də səs çıxmadı. Deyəsən o nə deyəcəyini bilmirdi. Mənsə nəsə deyib özümə bəraət qazandırmağa utanırdım. Mələk uzun çəkən sükutdan sonra mənə haqq qazandırmağa başladı:

– Sizdə günah yoxdu. Doğrudan da vəziyyətiniz çətindi. Gözünüzdə çox çətin bir əməliyyat aparılmışdı. Uşaqlar balaca, evin tükənmək bilməyən iş-gücü. Yoldaşınız da səhər gedib, axşam gəlirdi. Azacıq susub bunu da əlavə etdi: – Əgər siz bu gün Gülzar xaladan bu cür üzüntüylə danışırsınızsa deməli onu hələ də unutmamısınız. Yaxşı, bəs Səriyyə necə oldu? Ondan danışırdınız axı?

Heç bilməzdim ki, bu xatirələri danışdıqca əhvalım bu qədər pisləşəcək, içimə ürəkyaxan bir qüssə dolacaq. İstədim deyəm ki, Mələk, qoy qalsın, sonra danışaram. İş ondaydı ki, Mələyin əhval-ruhiyyəsi yaxşılaşmışdı. Onun əhvalını korlamaq istəmirdim. Ona görə də özümü ələ alıb danışmağa başladım.  

– Əvvəlcə elə sandım ki, Səriyyənin səsini titrədən bu həyəcan, hansı bir hissdənsə tez-tez dolub-boşalan gözlərindəki bu sevgi, keçici bir hissdi. Ancaq ötüb keçmədi. Axşam yeməyini onun istəyi ilə bir yerdə yedik. Dəhlizdəki stolun üstünə kiçik, ağappaq bir süfrə saldı. Tükənməz və mənim üçün izaholunmaz bir sevinc içində soruşdu:

– Reyhan xanım, yarpaq dolmasını xoşlayırsınız? Anam bir qazança yarpaq dolması göndərib. Özü də istidi, bir az əvvəl atam gətirib.

Mən tez-tələsik dilləndim:

– Məndə isə aş var. Amma qızdırmaq lazımdı.

Mən yerimdən durmaq istəyəndə o qolumdan tutub:

– Yox, yox, xahiş edirəm, yerinizdən tərpənməyin, – deyib israr etdi. – Gözünüz təzə əməliyyat olunub. Mən öyrənmişəm, sizə çox hərəkət etmək olmaz.

Onun hərəkətlərindəki uşaqsayağı təkid və canıyananlıq, bir tərəfdən məni güldürürdü, bir tərəfdən isə içimə dolan minnətdarlıq hissindən gözlərim gizli-gizli yaşarırdı. Yenə də fikirləşirdim ki, qızcığazın bu fədakarlığı, mənə bu cür qayğı göstərməsi uzun sürməz. Axı, onun da gözləri eynən mənim gözlərim kimi  çox zəif görürdü. Bu onun hərəkətlərindən, baxışlarından hiss olunurdu. Stolun üstünə qab-qacağı və yeməli şeyləri düzəndə tez-tez çaşır, başını aşağı əyib, gözlərini qıyaraq hər şeyin yerli-yerində olmağına əmin olmaq istəyirdi. O an mənim ürəyimi sızladan, ürəkyaxan qüssəni boğaraq bu yeniyetmə qızın qolundan tutaraq:

– Narahat olma, hər şey yaxşıdı, gəl otur, – deyərək gözlərimin dərinliklərinə yaş yığılsa da gülümsəyirdim. Səhəri gün xəstələrə yemək paylanmazdan əvvəl heç gözləmədiyim halda Səriyyə qapını açıb özünü içəri atdı və mənə yaxınlaşıb həyəcanla dilləndi:

– İndicə səhər yeməyi veriləcək. Durun gedək əl-üzünüzü yuyun. Mən özümü saxlaya bilmədim: – Səriyyə, qızım, sən narahat olma. Axı, sən özün də səhər yeməyini yeməlisən. Sonra həkimin qəbulunda olmalısan.

Səriyyə tələskənliklə sözümü kəsdi:

– Mənə görə narahat olmayın, Reyhan xanım. Mən çoxdan durmuşam. Yeməyimi də yemişəm. Xəstəxanada verilən kaşanı xoşlamıram. Xahiş edirəm durun, Reyhan xanım. Səhər yeməyinin vaxtıdı.

Mənim bütün cəhdlərimə,  etirazlarıma baxmadan o səhərdən başlayaraq xəstəxanadan çıxana qədər Səriyyə bax, beləcə yorulmadan, usanmadan mənim qayğımı çəkdi.

Hətta bir gün otaq yoldaşlarımdan biri zarafatla dedi:

– Bu qız elə bil xəstəxanaya müalicə almağa yox, sizə qulluq eləməyə gəlib.

Başqa birisi də söhbətə qoşuldu: – Bu qız qohumunuzdu? – Mən yox, deyəndə başını yelləyib:

– Vallah, çox yaxşı qızdı, – dedi. – Oğlun böyük olsaydı, qızı ona alardıq. Sənə yaxşı gəlin olardı. Mən də ürək dolusu bir sevgiylə dedim: – Vallah, yaşıd olsaydılar alardım oğluma. Belə misilsiz qızı hardan tapacaq oğlum?

Bir gün Səriyyə gözyaşlı üstümə gəldi. Mən ağzımı açmamış o özü ağlaya-ağlaya dedi:

– Həkim deyir ki, gözlərində əməliyyat aparmaq lazımdı. Çünki müalicə heç bir effekt vermir.

Ürəyim alışıb yandı. Onda Səriyyənin on altı yaşı vardı. Hələ orta məktəbi də bitirməmişdi. O da mənim kimi anadangəlmə durmadan artan miyapiya xəstəliyindən əziyyət çəkirdi.

– Bir də ki, həkimin mənə acığı tutdu. Dedi ki, niyə gözlərinə eynək vurmursan?

– Doğru deyir də, həkim. Mən neçə dəfə istəmişəm səndən soruşum ki, niyə eynəyini taxmırsan? Eynəksiz gözlərin gücə düşür.

– Eynəyi taxanda məni lağa qoyurlar. Məktəbdə azmış kimi xəstəxanada da söz atırlar. Birdən qızın titrək dodaqlarından yanıqlı bir hıçqırıq qopdu:

– O gün əynində ağ xalat olan bir oğlan yanımdan keçəndə dedi:

– Qəşəng qızsan, hayıf ki, gözlərin görmür. Eynək də sənə heç yaraşmır. Elə o gündən eynəyimi çıxardıb qoydum kənara.

O an mən ürəyi həyat eşqiylə dolu olan bu qızın baxışlarındakı qüssəyə, nisgilə tab gətirə bilməyib onun başını sinəmə sıxdım. Onun azacıq qıvrım olan qəşəng xurmayı saçlarını sığallamağa başladım. Sinəmə dağılmış bu yumşaq saçları elə bir həsrətlə, nisgillə sığallayırdım ki, sanki uzun axtarışdan sonra gəncliyimi təzədən tapmışdım. Və hardansa uzaqlardan qayıdıb gəlmiş bu gənc qız mənə elə sarılmışdı ki, elə bil bir də məndən ayrılmayacaqdı. O, ürəyimdən keçənləri hiss edibmiş kimi başını sinəmdən ayırıb altdan yuxarı mənə baxdı. Uzun, islaq kirpiklərini qırpa-qırpa dedi:

– Mən sizi çox istəyirəm və sizə elə alışmışam ki, bilmirəm evə gedəndə neyləyəcəm?

– Yox, Səriyyə, elə demə, – deyib onu başa salmaq istədim: – Bütün bunlar keçici hisslərdi. Sən doğma evinə, ananın yanına qayıdan kimi hamısı ötüb keçəcək.

– Yox, yox, nə danışırsınız, sizi heç vaxt yaddan çıxarmaram, – deyib mənə qısıldı. – Heç kəs məni sizin qədər başa düşməyib. – Bu sözləri deyib yenə başını sinəmə sıxıb gözlərini yumdu və pıçıldadı:

– Sizin saçlarınızın nə gözəl ətri var. –  Ürəyim bu qızcığazın izaholunmaz böyük sevgisi qarşısında mum kimi əridi. Və bir neçə gün əvvəl mənim gözlərimə işıq verən professor Qəlbinurla olan söhbətim yadıma düşdü. Əvvəlcə professor soruşdu ki, bu qız sənin qohumundu?

Deyəndə ki, mən onu burda görmüşəm, heç bir qohumluğumuz yoxdu. Onun nurlu üzü bir az da işıqlandı:

– Gör necə yaxşı qızdı, sizin qayğınızı elə çəkir ki, elə bildim yaxın qohumunuzdu. Bir az susub başını təəssüflə yırğaladı. – Təsadüfə bax, – dedi.

İkiniz də eyni xəstəlikdən  əziyyət çəkirsiniz.

Ürəyimin sürəkli çırpıntıları qulaqlarımda əks-səda verdi, məni çuğlayan həyəcan içində soruşdum: 

– Səriyyə də mütləq əməliyyat olunmalıdı, professor?

– Bəli, mütləq olunmalıdı. Ancaq mən onu heç cür razı sala bilmirəm. Professor gülümsünə-gülümsünə davam etdi: Körpəcə, məsum uşaq kimidi.

– Elədir. Bilirsiniz, professor, o gözlərinə bıçaq vurdurmaqdan çox qorxur.

– Siz onu niyə başa sala bilmirsiniz ki, əməliyyat çox vacibdi. Öüzünüzü ona misal göstərin, başa salın.

– Neçə dəfə onunla söhbət eləmişəm. Demişəm ki, əgər əməliyyat olunmasaydım gözlərimin işığını itirə bilərdim. Hətta mən onu başa salmaq istədim, professorun yanına bir az tez gəlsəydim vəziyyətim bundan çox-çox yaxşı olardı. Ona görə də indidən əməliyyat olunsan eynəyi də mənim kimi birdəfəlik tullayacaqsan. Ancaq mən onun gözlərinin qabağında nümunə olsam da o, əməliyyat olunmaqdan çox qorxur.

Səriyyənin qüssəli səsi məni düşüncələrdən ayırdı. Siz də  uşaqlıqdan gözlərinizə görə əziyyət çəkirsiniz. Buna görə ananıza acığınız tuturdumu? Onunla dalaşırdınız?

O, başını sinəmdən ayırıb diqqətlə mənə baxdı və yenə soruşdu:

– Hə, deyin də, siz də ananızla dalaşırdınızmı?

İlahi, onun qəmli baxışlarında elə bir məsumluq və saflıq vardı ki, yenə ürəyim mum kimi əridi:

– Yox, Səriyyə, mən buna görə heç vaxt anamla dalaşmamışam.

O, uşaq sadəlövhlüyü ilə bir də soruşdu:

– Heç vaxt?

– Heç vaxt. Nəyə görə anama acıqlanmalıyam? Axı mən hiss  edirdim ki, atam da, atam da gözlərimdəki xəstəliyə görə məndən çox əziyyət çəkirlər. Hansı valideyn istəyər ki, övladının gözləri yaxşı görməsin?

O, qəmli-qəmli başını tərpətdi:

– Düz deyirsən. Ancaq mən anamla tez-tez dalaşıram, ona tez-tez acığım tutur. Elə xəstəxanaya gəlməmişdən üç-dörd gün əvvəl onunla dalaşmışdım. Bilirsiniz, nəyə görə? Səhər-səhər güzgünün qabağında dayanıb saçlarımı darayırdım. Çünki otaq yarıqaranlıq idi, özümü yaxşı görə bilmirdim. Birdən daraq əlimdən xalçanın üstünə düşdü. Darağın rəngi xalçanın rəngi kimi tünd olduğundan heç cürə tapa bilmirdim. Həm də daraq çox kiçik idi. Odur ki, dizlərimi yerə qoyub əlimi xalçanın üstündə gəzdirərək, darağımı axtarırdım. Birdən qapı açıldı. Anam görəndə ki, mən dizi üstə çökmüşəm. Təəccüblə soruşdu:

– Səriyyə, dizi üstə niyə çökübsən? Nə edirsən orda?

– Kor qızın darağını axtarır, – deyib içimdəki qəzəbi soyutmaq üçün əlimi bərk-bərk xalçaya sürtdüm. Anam tez-tələsik işığı yandırdı və çəkinə-çəkinə dedi:

– Otaq qaranlıqdı axı. Bu qaranlıqda o balaca darağı kim görər?

– Yalan deyirsən, – deyib ayağa qalxdım. O gün sənin sevimli, balaca qızının nevidimkası düşmüşdü yerə. Çeçələ barmağımdan da nazik balaca bir sancaqdı. O, işığı-zadı yandırmadan o dəqiqə sancağını tapdı.

Anam mənim ağladığımı hiss edib yumşaq-yumşaq dilləndi:

– Qızım, daraq düz ayağının yanındadı. Götür, saçını dara, dərsə gecikirsən.

– Mən dərsə-zada getməyəcəm. Yadından çıxıb, həkimlər mənə nə deyirdilər? Oxumaq olmaz, ağır iş görmək olmaz, ailə qurmaq olmaz. Ancaq  ölmək olar. Mən ölmək istəyirəm.

– Qızım, başına dolanım. Yalvarıram sənə, qurban olum, ağlama.

– Mənə heç nə demə. – Ayağını yerə vuraraq qışqırdım:

– Çıx otaqdan. Gözüm səni görməsin. Axı məni bu kor gözlərlə niyə dünyaya gətirdin? Ayaq üstə dayana bilməyib dizləri üstə yerə çökdüm və hönkürtüm divarlarda əks-səda verdi.

Mələk, söhbətin bu yerində artıq mən Səriyyəni eşitmirdim. Onda bizim otaq da yarıqaranlıq idi. Anam pəncərəyə pərdə asırdı. Deyəsən əlindəki iri sancaqla pərdənin başına ip keçirirdi. Mən evin küncündə oturub gözəl gəlinciyimlə oynayırdım. Birdən yarıqaranlıq otaqda anamın səsini eşitdim:

– Vay, sancaq düşdü yerə. Reyhan, qızım, gəl sancağı yerdən götür, mənə ver. Ayağımın altındakı stul elə hündürdü ki, çıxıb düşmək çətindi. Gəl, başına dönüm, gəl sancağı ver mənə. Mən yerimdən qalxıb pəncərəyə sarı gəldim.

– Bax, ordadı, götür ver mənə. Ürəyim bərk-bərk döyünürdü. Nə qədər diqqətlə baxırdımsa da sancağı görə bilmirdim.

– Reyhan, bala, ayağının altındakı o boyda sancağı görmürsən? Niyə dəvikə-dəvikə qalıbsan? Ayağım ağrıdı axı, sancağı götür ver mənə də.

Bilmirəm niyə məni ağlamaq tutdu? Sancağı tapıb stulun üstündə quruyub qalmış anama vermək əvəzinə qapını açıb çölə qaçdım. Əlimdə gəlincik, qulaqlarımda anamın səsi:

– Bıy, Allah məni öldür. Uşaq o boyda sancağı görmədi? Anan ölsün, Reyhan, anan ölsün!

Mələk, onda mən o qədər balaca idim ki, o yaşda uşaqların ayağına bir kiçik daş dəyib incidəndə analarının üstünə qaçırdılar.  Mənimsə qucağımda gəlincik, qulaqlarımda anamın səsi, kiçik ürəyimdə isə hələ mənə anlaşılmaz olan o dərdi götürüb bağımızın dərinliklərinə sarı qaçırdım. Və ağlaya-ağlaya deyirdim:

– Niyə mən o sancağı tapıb anama verə bilmədim? Niyə?

– Axır ki, içimdəki qəhərə səsim tab gətirə bilməyib qırıldı. Deyəsən, Mələk də kövrəlmişdi, səsi eşidilirdi. İkimiz də bu kövrək, qəmli sükutun içində bir xeyli susub qaldıq.

– Reyhan xanım, siz Səriyyəyə dedinizmi ananı bu qədər günahlandırmaq olmaz. Allah bilir, yazıq qadın necə əziyyət çəkir. Mənim anam kimi. Ancaq mən də sizin kimi çox acılarımı ürəyimdə, təkbaşına çəkirəm. – Mələyin qəmli səsi qırılanda ona belə kədərli xatirələri danışmağa peşman oldum. Məni sarmış peşmançılıq hissi səsimə də keçdi:

– Gərək belə kədərli şeyləri danışmazdım. Bəlkə gedib dincələsən, Mələk?

– Yox, yox, dincəlmək nədi? Mən  elə sizinlə danışa-danışa dincəlirəm. Xəstəliyim də yadımdan çıxır. İnanın mənə, Reyhan xanım, düz sözümdü. Xeyli vaxtdı ki, əhval-ruhiyyəm belə yaxşı olmamışdı. Siz Səriyyədən danışırsınız. Hiss edirəm ki, o yaşına görə çox uşaqdı, hələ böyüməyib. – Mələk azacıq susub duruxa-duruxa əlavə etdi: – Bilmirəm, nə qədər düzgün danışıram? Madam ki, o sizi bu qədər sevirdi, gərək onu başa salaydınız ki, əməliyyata getmək lazımdı. Ananın üzünə qayıtmaq ən böyük günahdır.

– İnan, Mələk, onu nə qədər dilə tutdum, başa salmağa çalışdım. Dedim ki, Qəlbinur misilsiz cərrahdı, gözəl insandı. Bax, görürsən, mən eynəyi də tullamışam, gözlərim də əvvəlkindən çox yaxşı görür. Onu da deyim ki, ilk dəfə professorun yanına gələndə dedi ki, Reyhan xanım, siz mənim yanımda olanda qorxmayın və mənə inanın. İnam olan yerdə sağalmaz xəstəliklərə belə çarə var. Səriyyə qızım, o gün, bu gün həkimə o qədər inanıram ki, qorxum, həyəcanım da büsbütün çəkilib gedib. Sən də qorxma, əməliyyata razılıq ver. Sonra hər şey yaxşı olacaq.

– Yox, yox, Reyhan xanım, xahiş edirəm, bunu məndən istəməyin, – deyə hər dəfə  o böyük bir həyəcan içində sözümü kəsirdi. – Mən hər dəfə fikirləşəndə ki, siz bir-birinin ardınca dörd dəfə əməliyyata girmisiniz, az qalır ağlım başımdan çıxa. – Sonra məni qucaqlayıb deyirdi:

– Siz çox güclü qadınsınız. Mən sizin kimi ola bilmərəm.

Görəndə ki, mən çox bikef oluram. Səsinə sevinc qataraq könlümü almağa çalışırdı:

– Reyhan xanım, vallah, nə vaxtsa mən də, özümdə güc tapacam. Mən də əməliyyata gedəcəm. – Danışa-danışa başımı çiynimə qoyub rahatca nəfəs alaraq bu sözləri də dedi: – Yəqin ki, mənim də həyatımda  hər şey yaxşı olacaq.

Mələk, onunla bağlı o qədər xatirələrim var ki, hamısını danışmaq üçün Allah bilir nə qədər vaxt lazımdı. Bax, biri yadıma düşdü. Qoy bunu da danışım. Atası Səriyyənin yanına tez-tez gəlirdi. Bir dəfə ona baş çəkib gedəndən sonra Səriyyə tez-tələsik üstümə qaçdı:

– Siz balıq sevirsiniz, Reyhan xanım? – Bu sözləri deyib üzümə elə bir həyəcan və nigarançılıqla baxdı ki, sanki mənim cavabım onun həyatında nəyisə dəyişdirəcəkdi. Gülə-gülə dilləndim:

– Yox, balığı o qədər də sevmirəm. Uşaqlıqda mənə zornan o qədər balıq yağı içirdiblər ki, balığın iyindən zəhləm gedir. Gördüm ki, Səriyyənin güləş gözləri qüssəylə doldu, hələ köks də ötürdü. Hiss etdim ki, onun bu bikefliyi balıqla bağlıdı.

– Amma nərə balığını çox sevirəm. Özü də kababını. –  O, əlini bir-birinə sürtdü, yəqin ki, dəhlizdə xəstələr olmasaydı, sevincindən atılıb-düşərdi.

– Reyhan xanım, elə indicə atam bir qazan nərə balığını kabab eləyib gətirib. Sizə demişəm də, Reyhan xanım. Biz şəhərdən xeyli aralı, dəniz qırağında yaşayırıq. Biz tərəfin adamlarının ən sevimli yeməyi balıqdı. Balığı çox dadlı, əla bişirirlər. Görəcəksiniz, atam necə dadlı kabab bişirib. Deyirəm, nə yaxşı oldu. Nahar vaxtıdı, atam da düz vaxtında gəlib çıxdı. İndi gəlirəm, siz yerinizdən tərpənməyin, – dedi və mənim cavabımı gözləmədən tələsik uzaqlaşdı və əlində böyük bir sumka geri qayıtdı.

Sumkanı aça-aça dedi:

– Burada hər şey var. Anam yazıq hər dəfə stolun üstünü silmək üçün təmiz dəsmal, hələ süfrə də göndərir. Bax, bu bizim süfrəmiz, – deyərək kraxmallı ağappaq kiçik süfrəni, tərtəmiz sildiyi stolun üstünə sərdi. Sonra üstü xırda güllərlə bəzənmiş iri, sarı qazanı da çıxarıb stolun üstünə qoydu. Qapağını açıb: – Hələ istidi e, Reyhan xanım. Kababı isti-isti yemək lazımdı. – O, sumkanın içindən çıxartdığı nimçələrin birini mənim qabağıma qoyaraq içini çəkdi. – İlahi, burda nələr yoxdu? Bax, bu narşərab, bu sumax. Göy-göyərtinin iyinə baxın. Adamın iştahı açılır. Ay Allah, atam salfetka da göndərib. Şkaf doludu salfetkaynan, yenə göndərib. Buna bax, yazıq ana, gigiyenik salfetka da göndərib. Bilirəm, əllərinizi yusanız da, hər dəfə bu salfetkayla təzədən silirsiniz. Alın, tez olun, əllərinizi silin. – Özü də əllərini silib: – Hə, indi başlayaq, – dedi. Nə, baxırsınız, Reyhan xanım, di başlayın də kabab soyuyur axı. – O nimçənin böyründəki çəngəli götürüb mənə uzadaraq təkid etdi: – Bax, nimçənizə qoyduğum tikələrin hamısını yeyəcəksiniz. Yox e, bu qazanı boşaltmaq lazımdı. Kabab soyuyandan sonra yemək olmur. Mənsə gülümsəyə-gülümsəyə Səriyyənin nimçəyə qoyduğu tikələri yeyə-yeyə ona baxır, bu fədakar qıza duyduğum minnətdarlıq və sevgi hissindən ürəyim mum tək əriyirdi. Bəlkə ona görə ona etiraz edə bilmirdim. Hətta qəlbinə toxunacağından qorxaraq demək istədiyim çox sözləri dilimə gətirə bilmirdim. Ancaq ilk balıq qonaqlığı bitəndən sonra bu sözləri deməkdən özümü saxlaya bilmədim:

– Sağ ol, əzizim. Hər şeyə görə sağ ol. Ancaq bu sağ olun çoxu sənin atana və anana düşür. Səriyyə, əzizim, hər dəfə sumkanın içindəki şeyləri çıxartdıqca gah sevinirdin, gah yazıq ana, deyib gizli-gizli qüssələnirdin. Bu qüssə özündən asılı olmayaraq gözlərinə də çökürdü. Bilirəm,  sən də əziyyət çəkirsən. Bəlkə də qeyri-ixtiyari ananın ürəyinə toxunursan. Yəqin ki sonra peşman olursan.

– Düz deyirsən, Reyhan xanım. – Səriyyənin gözlərində yaş görünəndə o qədər peşman olurdum ki, onu qucaqlayıb əzizləməkdən özümü saxlaya bilmirdim. Hər dəfə də onun zərif, ətirli cüssəsini qucaqlayanda elə bilirdim ki, qucağımdakı bu zərif varlıq evdə qoyub gəldiyim balaca qızımdı. Belə məqamlarda xatirələr axınına  düşürdüm.  Və bu xatirələri dilə gətirməkdən özümü saxlaya bilmirdim. Heç cür məni tərk etməyən ürək yaxan xatirələrin təsiri altında: 

– Səriyyə, qulaq as, sənə kiçik bir xatirə danışacam. Bu xatirə səni qüssələndirəcək, – dedim. Amma əminəm ki, həm də qəlbində bəzi şeyləri dəyişdirəcək. Bəlkə də anana acığın tutanda bax, bu kiçik xatirə yadına düşəcək. Və anana olan acığın soyuyacaq.

– Danışın, danışın, – deyib adəti üzrə yenə böyük bir həyəcan və maraq içində əlavə etdi. – Bilirsinizmi, Reyhan xanım, siz danışanda ürəyimə bir sakitlik, rahatlıq çökür. Və bu anlar inanıram ki, hər şey yaxşı olacaq. – Onun yumşaq, balaca əlləri yenə əlimdən yapışdı. Bu hamar, sərin əllər əllərimdən tutanda mənim də ürəyimə bir sərinlik, izaholunmaz duyğular axırdı.

– Onda mən kiçik idim, ya üçüncü, ya da dördüncü sinifdə oxuyurdum. Eynən sənin kimi mənim də gözlərim lövhədəki yazıları görmürdü. Riyaziyyat dərsi idi. Yenə İbad müəllim təbaşiri lövhəyə bərkdən vuraraq bir-birinin ardınca həll etdiyi misalları lövhəyə yazırdı və tez-tez uşaqlara sarı dönərək deyirdi:

– Uşaqlar, nə yazıramsa, dəftərinizə köçürün. Ev tapşırıqlarını həll edəndə yazdıqlarınız sizin köməyinizə gələcək. Mən qulaqlarımda küyüldəyən ürək çırpıntıları içində lövhəyə yox, böyrümdə oturmuş sinif yoldaşımın dəftərinə baxır, başımı ona sarı əyərək onun yazdıqlarını köçürürdüm. Sinif yoldaşıma o qədər yaxın oturmuşdum ki, qızın acıqlı-acıqlı nəfəs aldığını belə hiss edirdim. Birdən qız əlini yazdıqlarının üstünə qoyub: – Korsan? – dedi. Niyə lövhəyə baxıb yazmırsan? – Özü də bir az qırağa çəkildi.  

İlahi, o an mən nə günə düşdüm? Sinif yoldaşımın dediklərini uşaqlar da, İbad müəllim də eşitdi. Sinifi xəfif pıçıltılar bürüdü. Mən gözlərimdən tökülən yaşları silə-silə kənara çəkildim.

Səriyyənin yumşaq əlləri, əllərimi bərkdən sıxdı, sinəsindən yanıqlı bir səs qopdu:

– Özünüzü pis hiss edirsinizsə danışmayın. Lazım deyil.

– Yox, danışsam yaxşıdı, Səriyyə. Yoxsa ürəyim sakitləşməyəcək.

– Yaxşı, danışın. Amma ağlamayın. Gözlərinizə ziyandı.

– Yox, ağlamıram. Niyə ağlayıram ki, – deyib onun gözlərindəki sevginin yerini almış kədər azalsın deyə gülümsədim. Və səsimə xoş bir ahəng qatmağa çalışdım. – Hə, dedim axı, İbad müəllim də sinif yoldaşımın dediklərini eşitdi və o bizim oturduğumuz partaya yaxınlaşaraq: – Sənə ayıb olsun, – dedi. Bu nə kobud hərəkətdi?

Sonra müəllimin əli saçımda gəzdi:  

– Mənim yazdıqlarımı köçürmək o qədər də vacib deyil, – dedi. Reyhan, qızım sən diqqətlə qulaq assan kifayətdi.

Mələk,  o məqamda istəsəm də göz yaşlarımı saxlaya bilmədim. Ancaq bir gözüm ağlasa da, bir gözüm gülürdü.  Çünki İbad müəllimin saçlarımda gəzən əllərində elə bir sevgi vardı ki, o vaxt bu sevgi ürəyimi necə sakitləşdirmişdisə, uzun illərdən sonra da məni sakitləşdirdi.  Bu sakitlik, rahatlıq səsimə də keçdi:

– Səriyyə, İbad müəllim çox həssas, incə qəlbli bir insandı. Ancaq dərs vaxtı o qədər ciddi və tələbkar olurdu ki, bütün uşaqlar ondan çəkinirdilər və onu çox sərt adam kimi tanıyırdılar.

Səriyyə kiçik ovcunda tutduğu əlimi sığallayaraq:

– Hə, sonra noldu? – dedi. – Yəqin evə dönəndə çox kədərli idin, hə? Bəs valideynlərinə heç nə demədin?

– Yox, valideynlərimə bu barədə heç nə demədim. Ümumiyyətlə, mən gözlərimlə bağlı olan söhbətdən həmişə qaçırdım. Nə çəkirdimsə təkbaşına çəkirdim. Səriyyənin baxışlarında böyük bir heyrət göründü. Üzümə elə baxırdı ki, sanki ürəyimin içini görmək istəyirdi. Uzun-uzadı baxdı və: – Siz elə uşaqlıqdan çox qəribə olmusunuz, – dedi, sonra yenə fikrə getdi. Və danışanda baxışlarındakı təəccüb səsində də hiss olundu. – Yaxşı, başqalarına bu barədə danışmırdınızsa, başa düşmək olar. Bəs, doğma atanıza, ananıza niyə danışmırdınız? Səriyyənin baxışlarında elə bir sadəlövhlük və elə bir saflıq hiss etdim ki, ürəyimi almış sıxıntılar, acılar dağılıb getdi.

– Səriyyə, bu sualın cavabını yenə bir xatirə danışmaqla verəcəm. Bir gün atam valideynlər iclasından qayıdanda bir az əvvəl dediyim kimi gözlərinin biri gülürdü, biri ağlayırdı. Anam ona sarı yeriyib:

– Nə xəbərlə gəlibsən, Polad, – deyib diqqətlə ona baxdı. Elə bil ağlayıbsan? Sən Allah, məni qorxutma. De görüm müəllimlər nə dedilər?

– Nə deyəcəklər? – deyə atam mənə sarı dönüb səsinə bir şuxluq qatmağa cəhd elədi:

– Həmişəki kimi hamısı razılıq elədi. – Dedilər, çox tərbiyəli, ağıllı uşaqdı. Dərslərinin hamısından beş alır.

– Yaxşı, bəs niyə beləsən? Deyəsən, atam lap doluxsundu, ancaq bunu hiss etdirmədən mənə sarı yeridi:

– Mənim göyçək balam, ağıllı balam, – deyərək məni bərk-bərk qucaqladı. Sonra danışanda səsi titrədi:

– Müəllimlər icazə verdilər, sabah yola düşürük. Balamı yaxşı-yaxşı gəzdirəcəm, nə desə alacam.

– Nolub e, a kişi? Bu Bakıya getmək hardan çıxdı? Uşağı dərsdən ayırma, sən Allah.

– Müəllimlər özləri icazə verdilər. Dedilər, uşağı şəhərə apar. Orda yaxşı həkimlər var. Hayıfdı uşaq, onun gözlərinə yaxşı-yaxşı müalicə lazımdı. Yoxsa uşaq hayıf olub gedər.

 Axır ki, atam özünü saxlaya bilmədi. İçindən püskürən hönkürtünü boğmağa çalışsa da bacarmadı. Həmişəki kimi sanki gözlərindən tökülən yaşı gizlətmək üçün qolunun biriylə gözlərini örtdü.

– Yaxşı, yaxşı a kişi, uşağın bağrını yarma, sən Allah. – Anamın da səsi titrəyib qırıldı. O da yaylığın ucunu gözlərinə basdı. Səriyyə, o an atam da, anam da mənə elə yazıq, elə çarəsiz göründülər ki, onlara baxa bilməyib qaçıb getdim. Xəlvət yerdə oturub ağlamağa başladım. İnan, qızım, o an mən gözlərimə görə deyil, anamın çarəsiz durumuna görə ağlayırdım. Atamın, anamın səsi isə aramsız olaraq qulaqlarımda səslənirdi.

 – Uşağı həkimə aparmağa da qorxuram, Zibeydə. Deyirəm, görəsən bu dəfə həkimlər nə deyəcəklər?

– Qorxma, Polad. İnşallah, yaxşı söz deyərlər. Allah var, rəhmi də var. Bəndəsini darda qoymaz.

Atamın, anamın dedikləri, ağ xalatlı həkimlərin oturduğu səssiz otaqları yadıma salırdı. Onların ağzından çıxan sözləri təzədən eşidirdim:

– Oxumaq olmaz. Ağır iş görmək olmaz. Ailə qurmaq olmaz. Onda uşaq idim və uşaq olduğum üçün də bu sözlərdən çox, irili, xırdalı hərflər yazılmış lövhədən qorxurdum. Lövhədəki hərflərin üstündə gəzən çubuqdan və həkimin soyuq, laqeyd bir tərzdə verdiyi sualdan qorxurdum: – De görüm, bu hansı hərfdi?

Mənsə tutqun bir işıq saçan lövhədə heç nə görmürdüm və o qədər qorxurdum ki, dönüb atama baxırdım. Atamın qolunu gözləri üstə görəndə başa düşürdüm ki, o ağlayır. O anları təzədən yaşamaqdan qorxurdum. Hansı uşaq olsaydı, şəhərə getməkdən sevinərdi. Mənimsə ürəyim gizli bir qüssədən əzilərdi, elə sıxılardı ki, gözlərim tez-tez dolub boşalardı. Şəhərə çatana qədər yaşıl vaqonların çirkli, ləkəli pəncərəsindən çölə baxardım. Atama sarı baxmağa da qorxurdum ki, gözlərim içimdəki qüssəni bəlli edəcək. Atam tez-tez soruşardı:

– Niyə heç nə yemək istəmirsən, Reyhan, bala? Ananın qoyduğu yeməkləri yemək istəmirsən, gedək restoranda yeyək. Gedirsən?

– Yox, istəmirəm ata. Sən bilirsən ki, buranın iyi ürəyimi bulandırır. Ona görə də yemək istəmirəm. – Atam ürəyi darıxmış kimi dərindən nəfəs alıb əlini başıma çəkərək bir söz deməzdi. Mənsə üzümü pəncərədən ayırmazdım. Topa-topa yanıq yovşanlarla örtülmüş bomboz çöllərə, irili-xırdalı təpəliklərə baxıb ağlamaq istəyirdim.

– Danışmayın, Reyhan xanım, xahiş edirəm, danışmayın. Mələyin üzgün, kövrək səsi məni o uzaq aləmdən ayırdı. O xatirələrə elə dalmışdım ki, hər şeyi unutmuşdum. Əlimdəki telefon dəstəyi olmasaydı, sanardım ki, o səs qeybdən gəlir. Qeybdən gələn səs yenə eşidildi:

– İlahi, heç bilməzdim ki, siz bu cür ağrılı-acılı xatirələrlə baş-başa verib yaşayırsınız. – Mələyin səsi qırıldı, amma o özünü tez ələ alıb təzədən dindi.  – Bu dəfə siz məni aldatdınız.

Mən dərin bir peşmançılıq içində nəsə demək istədim, ancaq Mələk mənə aman vermədi.

– Sözümü kəsməyin, xahiş edirəm. İllər uzunu mən sizi öz dərdlərimlə yükləmişəm. Hələ istəyirəm ki, mənim haqqımda kitab da yazasınız. Allah, mən nə qədər günaha batmışam.

– Mələk, Mələk, xahiş edirəm. Belə danışma. Axı mən sənə neçə dəfə demişəm ki, bu mənim işimdi. Həmişə Allahdan onu istəmişəm ki, kitab yazmaq üçün mənə güc-qüvvət versin. Bunsuz həyatımın bir mənası olmazdı. Bu mənasız həyatı çəkilməz bir yük kimi qəbir evinə qədər çiynimdə daşımaq necə böyük bir işgəncə olardı. Ona görə bir də deyirəm, özünü mənim qarşımda heç vaxt günahkar sayma. Məni bu sözləri tez-tez deməyə niyə məcbur edirsən, Mələk?

Telefon dəstəyinin bir ucundan o biri ucuna qədər gözəgörünməz, çox uzun bir yol keçirdi. Hər dəfə mənə elə gəlirdi ki, bu uzun yolun əvvəlində Mələk, sonunda isə mən dayanmışam. İndi bu gözəgörünməz yola sükut çökmüşdü. Sanki bu sükutu nə o, nə də mən poza bilirdim. Deyəsən, bu məqamda nə deyəcəyimizi bilmirdik. Yenə də yolun əvvəlində dayanmış Mələyin səsi gəldi: – Bəs sonra noldu Reyhan xanım? Dediklərinizə necə reaksiya verdi? Nə dedi, nə danışdı?

– Başını aşağı salıb susurdu. Sözü qurtarar-qurtarmaz hönkürüb ağladı. Sanki üzünü, gözlərini görməyim deyə əlləriylə üzünü qapadı: – Sonra mən çox pis qızam, Reyhan xanım, – deyib islaq üzünü sinəmə söykədi. – Mən anamı çox incitmişəm, Reyhan xanım. Kaş, mən də sizin kimi ola biləydim. Bir az susub göz yaşlarını silə-silə bunları da dedi:

– Sizə söz verirəm, bundan sonra çalışacam ki, anamın xətrinə dəyməyim.

– Bəs balıq qonaqlığı necə, davam etdimi, Reyhan xanım?

Səhhətinin belə çətin vaxtında Mələyin zarafatyana tərzdə dediyi bu sözlər mənim də ürəyimi açdı və mən də səsimə yaxşı notlar qatdım.

– Səriyyənin atası sürücü idi. İri cüssəli, boylu-buxunlu və zəhmli bir kişi idi. Ancaq ürəyi də, xasiyyəti də çox yumşaq, mülayim idi. Günaşırı o iri, sarı qazanla bir balıq kababı gətirirdi, özü də isti-isti. Nə qədər etiraz etsəm də, Səriyyə mənə fikir vermirdi. Axır bir gün dedim ki, Səriyyə, atanı niyə bu qədər əziyyətə salırsan? Bir də ki, mənə gətirilən xörəklər də qalıb xarab olur, axı. Xahiş edirəm, atana de ki, bir də balıq kababı gətirməsin.

Səriyyə adəti üzrə çox çılğın və həyəcanlanmış halda etiraz etdi:

– Siz elə bilirsiniz, mən atamdan xahiş edirəm? Yox, inanın mənə ki, belə deyil.

Deyəsən o çox qəhərləndi, başını aşağı salıb susdu. Sonra üzümə baxmadan dedi:

– İndi bu barədə danışmaq mənim üçün çətindi.  Atam bilir ki, mən anamı çox incidirəm. Ona görə atamın da qanı qaralır. Mənə bir söz demir, ancaq həmişə fikirli olur, qaşqabağı açılmır. İndi görür ki, mən səninlə oturub şad-xürrəm, deyə-gülə balıq kababı yeyirik, elə bil ona dünyanı verirlər, vallah, mən ona heç nə demirəm, özü bişirib gətirir. Özünüz də görürsüz də, qaş-qabağı necə açılıb. Ona görə də belə narahat olmayın, Reyhan xanım.

– Reyhan xanım, siz danışırsız, mən də ürəyimdə fikirləşirəm ki, siz bir-birinizdən necə ayrıldınız? Xəstəxanadan çıxandan sonra necə əlaqə saxladınız?

Mələyin sualları bir xeyli cavabsız qaldı. Çünki bu barədə danışmaq indi mənim üçün çox çətin idi.

– Niyə dinmirsiz, Reyhan xanım? Bu barədə danışmaq çətindirsə, onda lazım deyil. – Mələk bir xeyli susub danışmadı. Sonra elə bir tərzdə danışdı ki, elə bil mənimlə deyil, bir başqası ilə danışırdı. – Siz danışırdınız. Mən də hiss edirdim ki, Səriyyə sizə çox bağlanıb. Ona görə də istəyirəm biləm ki, bunun axırı necə oldu?

– Düzünü deyim, Mələk, heç ağlıma belə gətirməzdim ki, bu gənc qız bu qısa müddətdə mənə belə bağlana. Xəstəxanadan göz yaşları içində getdi. Gördüm ki, əhvalı heç yaxşı deyil. Onu özünə gətirmək üçün dedim:

– Sən özünə qapanma, Səriyyə. Rəfiqələrinlə danış, gül, şəhərə çıx. Evə qapanıb qalma.

O, acıqlı, bir az da pərt halda sözümü kəsdi:

– Mənim rəfiqəm yoxdu, Reyhan xanım.

– Niyə axı? Sən gözəl-göyçək, həm də çox hissiyyatlı qızsan.

– Elə hissiyyatlı olduğum üçün onlarla dil tapa bilmirəm də. Eynək vurandan sonra isə bütün münasibətlər korlanıb. Tez-tez soruşurlar ki, sən o gözəl gözlərinə niyə eynək vurursan?

– Bu eynəkdə lap professora oxşayırsan. – Üzdə özlərini elə göstərirlər ki, guya məndən ötrü ölürlər. Arxada isə dördgöz deyib lağa qoyurlar.

Siz məni başa düşürsünüz, Reyhan xanım? Bütün bunlara dözmək nə qədər çətindi? Hərdən öz-özümə deyirəm ki, sən çəkdiyini onlar çəkmirlər. Ona görə də onlardan heç nə gözləmə, Səriyyə.

– Mələk, o anlarda Səriyyəyə baxırdım və mənə elə gəlirdi ki, qarşımda oturmuş bu qız elə mən özüməm. Ancaq aramızda yaş fərqi vardı. Hərdən ürəyimi elə qorxu və nigarançılıq alırdı ki, özümü günahkar və müqəssir hiss edirdim. Səriyyə mənə çox bağlanıb, sanki öz doğmalarını, yaşıdlarını tamam unudub, – deyə peşmançılıq içində əzab çəkirdim. Ancaq bu barədə söz açmağa ehtiyat edirdim. O qədər həssas və duyğusal idi ki, bircə sözdən qırılıb sına bilərdi.

Deyəsən, söhbətin bu yerində Mələyin səbri tükəndi:

– Reyhan xanım, bayaqdan təlaş və həyəcan içind fikirləşirəm ki, xəstəxanadan gedəndən sonra onun halı necə oldu? Dedi və darıxıbmış kimi dərindən nəfəs aldı. – Ümumiyyətlə, sonra onunla görüşdünüzmü?

– Yox, bu günəcən bir dəfə olsun belə bir-birimizi görmədik. Xəstəxanadan gedəndən sonra Səriyyə mənə tez-tez məktub yazırdı. İlk vaxtlar mən də ona cavab yazırdım. Bu məktubların hər sətrində yaxın, doğma adamından ayrı düşmüş gənc bir qızın sadəlövh düşüncələri vardı. Ancaq bu sadəlövhlükdə elə bir həsrət, sevgi, elə bir məsumluq, saflıq vardı ki, ona duyduğum minnətdarlıq hissindən ürəyim sızıldayırdı. Onun məktublarının ardı-arası kəsilmirdi. Mənimsə cavablarım gecikirdi. Və elə bir vaxt gəlib çıxdı ki, daha mən bu məktublara cavab yaza bilmədim.

– Niyə, nə üçün? – Mələk bu sualları elə həyəcanla dedi ki, nəfəsi təngidi. Nəfəsini dərib təzədən dindi: – Məktub yazmaq o qədər çətin iş idimi, Reyhan xanım? – Mələyin həyəcanla verdiyi bu sualın da cavabı çox gecikdi. Amma handan-hana özümü ələ alıb dilləndim: – Mən Səriyyənin məktublarını cavabsız qoyduğum üçün indi də əzab çəkirəm. Desəm ki, bunun səbəbi uşaqların qayğıları, dərdi-səri, evin işi-gücü oldu, bunlar əsassız bəhanələr olardı. Mələk, yaradıcı adamların qəribəlikləri çox olur. Bax, dünyada çox tanınmış bir yazıçı olub. Dostu buna aramsız məktub yazırmış, ondan cavab istəyirmiş. Böyük romanlar müəllifi olan bu adam dostuna cavab məktubu yaza bilmir. Qatara minib dostunun yanına gedir və bütün məktubların cavabını verib, sonra da geri dönür. Bəzən, görürsən ki, mən də kiçik bir yazını yaza bilmirəm. Bu yazı məktub da ola bilər, ərizə də və sair. Bunları deməklə özümə haqq qazandırmıram. Əsas səbəb odur ki, o ərəfədə bir xeyli fasilədən sonra mən böyük bir roman üzərində işləməyə başlamışdım. Elə adam var ki, işə gedə-gedə əsər yaza bilir. Amma bu məndə alınmır. Mən əsər üzərində işləyəndə sözün əsil mənasında gerçək aləmdən ayrılıram. Evdən çölə çox nadir hallarda  çıxıram. Evdə heç kəs olmayanda televizoru söndürürəm, hətta telefonu da xətdən ayırıram. Bir dəfə sənə danışmışdım. Növbəti bir əsər üzərində işləyirdim. Onda qızım balaca idi. Mənim danışmadığımı, susduğumu görüb tez-tez soruşurdu:

– Ana, sən mənimlə nə vaxt çoxlu-çoxlu danışacaqsan.

Qızımın iri, qara gözlərində elə bir həsrət olardı ki, ürəyim qana dönərdi. Onu qucaqlayıb deyirdim:

– Darıxma Aysel. Az qalıb. Sonra yenə sənin dediyin kimi çoxlu-çoxlu danışacayıq.

– Hə, sizi indi başa düşdüm, Reyhan xanım. Sizinlə bir az aqressiv danışdım. Üzr istəyirəm. Amma sizə sualım var. Mənə də iki iri  həcmli kitab vermisiniz. Bu kitablar Qarabağ faciəsindən bəhs edir. Hamı bu faciəni bayraq edib qışqırır. Yaxşı, siz o boyda kitabların müəllifi ola-ola niyə bircə dəfə olsun efirdə görünməmisiniz. Adınız heç yerdə hallanmır. Sizə Yazıçılar Poliklinikasında rast gəlməsəydim, belə bir yazıçının olduğunu bizim ailəmiz də bilməyəcəkdi. Bilirsiniz də, mənim rəhmətlik atam mütaliəni çox sevirdi. Evdə onun çox zəngin kitabxanası var. Biz bu kitabların içində böyümüşük. Anam ədəbiyyat müəllimidi. Sizin kitablarınızı oxuyandan sonra təəssüf hissiylə dedi:

– Çox qəribədi, biri əl boyda kitab yazır. Özü də boş-boş şeylərdən. Adı efirlərdən düşmür, səs-küyü aləmi bürüyür. Bu qadın, bu boyda kitabların müəllifidi, amma heç biz onun adını da eşitməmişdik. Özü də xalqın dərdlərindən, müsibətlərindən yazır. Reyhan xanım, sizin sonuncu kitabınızı götürüb dedi:

– Buna bax e, 600 səhifədən də çoxdu bu kitab. İndikilər bu kitabı on beş kitab eləyib dünyaya səs salarlar. Sonra da deyirlər, Qarabağ faciəsi haqqında kitab yazılmayıb.

Mələk susdu və yəqin ki, məndən cavab gözlədi.

– Bu barədə  danışmaq mənim üçün həmişə çətin olub Mələk. Bilmirəm, nə deyim?

– Xahiş edirəm, Reyhan xanım, sizi incitdimsə, bağışlayın məni.

– Yox, incitmədin. Belə bir şey danışım sənə. Amerika yazıçısı İrvinq Stounun «Yaşamaq yanğısı» adlı bir kitabı var. Bu kitabda o böyük Hollivud rəssamı Van Qoqdan bəhs edir. Bu gün rəsm əsərləri dünyanın ən böyük muzeylərini bəzəyən Van Qoqun sağlığında bir əsəri də satılmayıb. Həmin əsərdə Van Qoqun dediyi bu sözlər də var:

 – Hər bir yaradıcı adamın, istər yazıçı olsun, istər rəssam, bəstəkar və sair. Onun işi öz hücrəsinə çəkilib böyük əsərlər yaratmaqdan ibarətdir. Onları təbliğ etmək, xalqa tanıtdırmaq isə cəmiyyətin işidir.

O gün mənim üçün yaddaqalan bir gün oldu. Mən Səriyyədən danışıb ürəyimi boşaltdım, xeyli yüngülləşdim. Söhbət arada başqa səmtə yönəlsə də, axırda yenə də Səriyyənin üstündə dayandı. Sonda Mələyə dedim ki, Səriyyənin məktublarını indi də saxlayıram. Hərdən onları təzədən oxuyuram. O qədər qüssələnib peşman oluram ki, istəyirəm ona məktub yazım. Ancaq yaza bilməmişəm. Çünki aradan çox uzun bir vaxt ötüb keçib. O vaxt orta məktəbdə oxuyan oğlum indi evlidi, uşaqları var. Qardaşından xeyli kiçik olan Aysel də böyüyür, necə deyərlər böyük qız olub. Mən də yaşa dolmuşam. Hisslər, hətta baxış çox dəyişib. Yəqin ki, mən Səriyyəyə məktub yazsam da, heç nə əvvəlki tək olmayacaq. Nə həsrət o həsrət olacaq, nə də ki sevgim. Düşündüm ki, qoy hər şey əvvəlki tək qalsın. Səriyyə qəlbimin dərinliklərində əlçatmaz, ünyetməz müqəddəs bir hiss kimi, duyğu kimi yaşasın. Təki Səriyyə xoşbəxt olsun. Önəmli olan budur.

Mələk xəstəliyə tutulandan sonra mənim həyatımda dərin bir boşluq yarandı. Demə onun aramsız zəngləri, söhbətləri mənim yaşantımın ayrılmaz hissəsinə dönübmüş. Telefon isə inadla susurdu. Mələk: – Daha mən sizi öz dərdlərimlə yükləmək istəmirəm, Reyhan xanım, deyərək zəng eləmirdi. İndi mənim növbəmdi. Səriyyə barədə danışarkən hiss etdim ki, o xəstəliyiilə bağlı ağır sıxıntılardan xeyli uzaqlaşdı, hətta əhvalı da bir az yaxşılaşdı. Əgər mən öz söhbətlərimlə azacıq da olsa Mələyi o məsum duyğulardan uzaqlaşdıra bilsəydim mənim də içimdəki qorxu, nigarançılıq azalardı. Ancaq mən ona tez-tez zəng etməkdən çəkinirdim. Bəzən söhbətlər o qədər uzanırdı ki, Mələk müalicəsini dəqiq vaxtında edə bilmirdi. Hərdən Səmayə xanımın otağa girib ona irad tutduğunu da hiss edirdim. Mələksə narazı-narazı deyinirdi:

– Yaxşı ana, narahat olma, indi gəlirəm. Dərmanları iki-üç dəqiqə gec atmaqla dünya dağılmaz. Reyhan xanımı özüm məcbur edirəm ki, söhbət eləsin. Bu söhbətlər mənim başımı qatır, vaxtın necə ötüb-keçdiyini hiss eləmirəm.

Anası bir söz deməyib otaqdan çıxanda Mələk mənə şikayətlənirdi:

– Yazıq anam elə bilir ki, bu iyrənc yaralara beş-on dəqiqə gec məlhəm sürtsəm nəsə baş verəcək. Daha bilmir ki, istəyirəm vaxt ötüb keçsin, mən bu iyrənc yaralarla tez-tez üz-üzə qalmayıb. Beş dəfə sürtmərəm, dörd dəfə sürtərəm. Təki vaxtın necə ötüb keçdiyini hiss etməyim. Gecə tez düşsün, güclü yuxu dərmanları içib bir az yuxuya gedim. İşgəncələrim bir az azalsın.

Evdəki bu çətin dözülməz vəziyyəti hiss edib tez-tez zəng etməyə cəsarətim çatmırdı. Heç gözləmədiyim halda bir gün Mələk özü mənə zəng etdi. Mələyin səsini eşitcək elə bil çiyinlərimdə çəkilməz bir yük vardı, o yük bir an içində qeyb oldu. Mələyin ağır sıxıntılardan azad olmuş, durulaşmış səsi eşidildi:

– Sizə şad xəbərim var, Reyhan xanım. Təzə bir həkim tapmışıq. Özünün iki otaqdan ibarət balaca bir klinikası var. Elə yaxşı, mülayim bir adamdı ki.

Məni diqqətlə müalicə etdi və dedi ki, qorxulu bir şey yoxdu. Səni müalicə edəcəm, hər şey ötüb keçəcək. Neçə gündür onun müalicəsini qəbul edirəm. Gözləyirdim ki, yaxşı bir şey olsa, sizə zəng edim. Yaralar yavaş-yavaş soluxub, sağalır, Reyhan xanım.

İlahi, o an mən necə sevindim, həmişə kədərdən, qüssədən tutulan dilim, indi sevincdən tutuldu elə bil. Nə vaxtdan içimə yığılıb qalmış qəhər, acı göz yaşlarına dönüb qəfil yağan yağış kimi töküldü. Ağladığımı Mələk hiss etməsin deyə  dillənə bilmirdim.

– Niyə dinmirsən, Reyhan xanım? Yoxsa ağlayırsınız? Sizə qurban olum, ağlamayın. İnanıram ki, hər şey yaxşı olacaq. Daha susmağın yeri deyildi.

– Vallah, sevincdən ağlayıram, Mələk, əzizim, – dedim. Boğazımı acışdıran qəhər tamam dağılsın deyə bir anlığa susdum. – Mən də inanıram hər şey yaxşı olacaq. İndi sizə gəlmək istəyirəm. Yəqin əvvəlki tək yox, deyib etiraz etməzsən ki, hələ gəlmə, yaralarım sağalanda gələrsən. Yoxsa pis olarsan. İndi gəlib səni görmək istəyirəm.

– Hələ tezdi, Reyhan xanım. Xahiş edirəm mənə bir az vaxt verin. Qoy bu zəhrimarlar sağalıb rədd olub getsin. Mən də özümə gəlim. Sizi gülərüzlə, sağ-salamat qarşılamaq, sizə özüm gözəl bir süfrə açmaq istəyirəm. Ona görə də bir az dözün, Reyhan xanım, xahiş edirəm.

– Yaxşı, yaxşı, necə istəyirsən, elə də olsun, Mələk. Təki sənin eynin açılsın, üzün gülsün, səsin sevdiyin yağışlar kimi həzin bir şırıltıyla süzülüb sıxıntılarımızı  da yuyub aparsın.

– Siz dediniz, yadıma yağış düşdü. Ürəyim bir leysan yağış istədi, Reyhan xanım. O, yağışın altında doyunca gəzərdim. Yaşadığım əzabların çəkilməz acıların əvəzini çıxardım.

 – Darıxma, hər şey yaxşı olacaq, Mələk. O leysan yağışın altında birlikdə gəzərik, doyunca deyib-gülərik.

– İstəkləriniz çin olsun, Reyhan xanım. Təki təzə müalicəm xeyirli olsun.

– İnşallah, hər şey arzuladığın kimi olar. İndi isə Mələk, get, rahat ol. Səmayə xanıma da məndən çoxlu-çoxlu salam de. Müalicəni də vaxtlı-vaxtında elə. Di sağ ol.

– Hara tələsirsiniz e, Reyhan xanım. Eynimin açıldığı, üzümün güldüyü bu vaxtda nə tez sağollaşırsız. Mən sizlə doyunca söhbət etmək istəyirəm. Gör neçə gündü zəngləşib danışırıq. Vallah, nahar da eləmişəm, dərmanlarımı da atmışam, yaralara da təzəcə dərman sürtmüşəm.

Mələyin uşaqlara xas olan bu sadəlövh etirafları ürəyimi muma döndərdi. Mələk mənim dillənmədiyimi görüb təzədən dindi:

– Reyhan xanım, illər uzunu mən sevinəndə də, kədərlənəndə də sənə zəng etmişəm. Hisslərimi səninlə bölüşüb yüngülləşmişəm. Nə vaxtdı söhbət eləmirik. Ürəyim yaman dolub. Gəl doyunca söhbətləşək, ürəyimizi boşaldaq.

– Yaxşı, Mələk. Necə istəyirsən, elə də olsun. – Mən bir az fikrə gedib gülə-gülə dedim: – Çox vaxt sən danışıbsan, mən qulaq asmışam. İndi də danış, ürəyini boşalt.

– Elə şey yoxdu. – Mələk zarafatyana tərzdə əlavə elədi:  – Növbə sizindi, Reyhan xanım.

– Heç bilmirəm nədən danışım.

– Bax, Reyhan xanım, siz həm də jurnalist kimi fəaliyyət göstərmisiniz. Jurnalistlərin həyatı maraqlı olur. Müxtəlif  adamlarla görüşürlər, onların həyatından, talelərindən yazırlar. İstəyirəm siz iş həyatınızda yaddaqalan, maraqlı hadisələrdən danışasınız.

– Sən bilirsən ki, Mələk, mən jurnalist kimi geniş fəaliyyət göstərməmişəm. Əsasən bədii yaradıcılıqla məşğul olmuşam. Ancaq jurnalist kimi işlədiyim bu qısa müddətdə yaddaqalan,  maraqlı hadisələr çox olub. Birinci, elə qızımla Aysellə bağlı əhvalatdan danışım. Bir gün Aysel məktəbdən çox kədərli qayıtdı. Soruşdum ki, qızım, sənə nolub? Gözləri yaşla dolanda məni təşviş və nigarançılıq hissi bürüdü. Onu qucaqlayıb həyəcanlanmış halda soruşdum:

– Yenə kim sənin xətrinə dəyib?

Aysel çox həssas, duyğusal bir qızdı. Bəzən  bir sözdən elə inciyir ki, uzun müddət özünə gələ bilmir. O, mənim təşviş keçirdiyimi hiss edib tez-tələsik dedi:

– Heç kəs mənim xətrimə dəyməyib. Ana, mənim bir müəllimim var. Gülnarə müəllimi deyirəm. Bizə ingilis dilindən dərs deyir. Deyəsən, mən ondan sənə danışmışam, axı. Elə yaxşı, mehriban müəllimdir ki. Yəqin yadından çıxıb. Bu gün mənə yaxınlaşıb soruşdu ki sənin anan jurnalistdir, eləmi? Mən də dedim, bəli, jurnalistdi, özü də qəzetdə işləyir.

Ana, Gülnarə müəllim danışanda birdən ağlamağa başladı. Ürəyim elə sıxıldı ki. Heç bilmirdim onu necə sakitləşdirim. O, mənim həyəcanlandığımı hiss edib dedi: 

– Aysel, qəşəng qızım, mən indi çox çətin vəziyyətdəyəm. Deyirəm, bəlkə, sənin anan mənə  kömək edə bildi?

Mən də soruşdum ki, sizə nə kömək lazımdı, mənə danışın, mən də anama deyərəm. – O, göz yaşları içində gülümsəyib yenə məni qucaqladı və dedi:

– Sən hələ balacasan, Aysel. Ananla görüşsəm yaxşıdı. O, mənimlə görüşərmi? Onda görüşəndə necə ağır vəziyyətdə olduğumu anana danışaram.

– Hə, mən Gülnarə müəllimlə görüşüb söhbət elədim. Doğrudan da o, çıxılmaz vəziyyətdə qalmışdı. Onun həyat yoldaşı könüllü cəbhəyə gedənlərdən olub. Cəbhəyə gedəndə qızının bir yaşı varmış. Arada gəlib evə dəyəndə yoldaşı deyib ki, Günelin ad günü olanda gələcəm. Onun iki yaşını birlikdə qeyd edərik. Qadın göz yaşlarından boğula-boğula danışırdı ki, biz sevinə-sevinə süfrə açdıq. Sevinc və həyəcan içində gözləyirdik ki, Günelin atası indi qapını açıb içəri girəcək. Çox gözlədik, o gəlmədi. Günelin atası onun doğum günündə həlak oldu. Təsəvvür edirsinizmi, Reyhan xanım, bu mənim üçün nə deməkdi? Uşağa baxa bilmirdim, hər dəfə ona baxanda kədər və qüssədən boğulurdum. Məni ağlamaq tuturdu. İki yaşında uşağı necə başa salacaqdım, axı? Hər dəfə ağladığımı hiss edib soruşurdu?

– Ata nə vaxt gələcək?

Belə bir müsibətin içində  qayınanam məni evdən çölə atdı. Dedi ki, çıx bu evdən, gözüm səni görməsin. Sənin ayağın bizə düşmədi. Gülnarə incə, qəşəng bir qadın idi. Qəhərli-qəhərli danışanda qəfil çovğuna düşmüş gül budağı kimi əsim-əsim əsirdi, dili güclə söz tuturdu:

– Atamgildə də qalmağa yer yoxdu, – dedi. İki otaqlı evdə atam, anam, subay bacım və bir də qardaşım öz ailəsi ilə bir yerdə yaşayırlar. Mən ora necə sığınım, Reyhan xanım? Bircə göz otağım olsa qızımla baş-başa verib yaşayaram. Atamgil də mənə görə bu qədər əzab çəkməzlər.

Mən susub nəfəsimi dərəndə Mələk həyəcan içində soruşdu:

– Sonra noldu, Reyhan xanım. Ona ev verdilərmi?

– Mən Gülnarə və onun qızından böyük bir yazı yazdım. Tezliklə ona iki otaqlı ev verdilər.

– Yazının adı yadınızda qalıbmı, Reyhan xanım?

– Hə, qalıb. Adı belə idi. «Günel də atasız böyüyəcək».

– Çox təsirləndim, Reyhan xanım.

– Sən danış deyirsən. Mən də danışdım. Yaxşı, onda qoy sənə başqa bir əhvalat danışım. Güman edirəm ki, bu əhvalat səni güldürəcək.

– Qulaq asıram, Reyhan xanım.

– Rayon qəzetində işləyəndə ədəbiyyat səhifəsini də mən hazırlayırdım. Yadımdadı, «Əsgər müəllimin zarafatları» adlı bir yumoreska yazmışdım. Qəzet çıxan günün səhəri xəbər gəldi ki, səni raykomun ikinci katibi çağırır. Mən də elə bildim ki, mənə rayonda ev verəcəklər. Hər gün kəndə gedib-gəlməkdən canım qurtaracaq. İçimdə şadyanalıq hissi ikinci katibin otağına daxil oldum. O məni çox mehribanlıqla qarşıladı. Böyük hörmətlə oturmaq üçün yer göstərdi. Hiss etdim ki, ikinci katib danışanda çox çətinlik çəkir. Gözlərini başqa səmtə yönəldir:

– Reyhan xanım, siz Əsgər müəllimin zarafatları adlı bir yazı yazmısınız. Axşam qəzet çıxıb səhər tezdən maarif müdiri başı alovlu üstümüzə qaçıb ki, jurnalist məni rüsvay edib. Mən kimdən, nə vaxt rüşvət almışam?

Mələk, məni elə bir heyrət bürüdü ki, bir xeyli danışa bilmədim. Katibin gözləri üzümə dikilib qalmışdı. Mənim peşman olduğumu güman edib dilləndi: – Hə, görürsünüzmü? Siz özünüz də peşman olmusunuz.

– Yox, mən əsla peşman  olmamışam. Onu fikirləşirəm ki, maarif müdiri nəyə əsasən deyir ki, mən ondan yazmışam? Mən hansısa bir Əsgər müəllimdən yazmışam. Maarif müdirinin adı isə Allahverdidi.

– Biz də elə deyirik qızım, amma çığır-bağır salır ki, yox e, Kərimova yoldaş məndən yazıb. Məni gülmək tutdu və gülə-gülə dedim:

– Yəqin Allahverdi müəllimin belə işdəkləri çoxdu. Məsəl var e, soğan yeməmisən için niyə göynəyir?

– Yox, Reyhan xanım, Allahverdi müəllim təmiz adamdı. Uzun illərdi maarif sahəsində çalışır. Əgər o rüşvətxor olsaydı, biz onu bu sahədə saxlayardıqmı? Vallah, o, çox təmiz adamdı. Siz nahaq belə bir yazı yazmısınız.

– Bu yazı felyeton deyil, yoldaş katib. Ədəbi janrın bir növü olan yumoreskadı. Bu yazı heç bir fakta əsaslanmır. Bu, mənim təxəyyülümün məhsuludu.

İkinci katibin qızarmış üzündə elə bir səfeh ifadə vardı ki, sanki o mənim dediklərimi başa düşmürdü. Bunu gizlətmək üçün bilmirdi ki, nə etsin.  Bu an telefon xəttindən süzülüb axan gülüş gəlib mənə də çatdı. Mələk gülə-gülə dilləndi:

– Bəzən nədənsə vəzifə başında oturan adamlar çox səfeh görünürlər. Belələrindən rəhmətlik atam da danışıb gülərdi.

– Hə, Mələk, səni güldürdümsə nə xoş mənim halıma.

– Bəs sonra necə oldu? İkinci katib nə istəyirdi, axı?

– İzahat istəyirdi. Yadındadı, necə can-fəşanlıqla məni dilə tuturdu:

– Qızım, mən sənin xətrini çox istəyirəm. Yazılarını həmişə oxuyuram. Çox gözəl qələmin var. Bir izahat nə olan şeydi? İki-üç sətir sözdü də. Yazırsan ki, mən maarif müdiri Allahverdi Gözəlovdan yazmamışam. Bu yazının ona aidiyyatı yoxdu. – Doğrusu, o, məni elə dilə tuturdu və elə canfəşanlıq edirdi ki, əslində mən istəyərək yox, utandığımdan, bu yaşlı kişinin rəzil vəziyyətə düşməsindən heyrətlənib izahatı yazdım və rəhmətlik Mirzə Cəlilin anlamaq dərdi sözləri yadıma düşdü. İş yoldaşlarım bu hərəkətimə etiraz edib dedilər ki, biz heç inanmazdıq ki, sən belə bir uşaqlıq edəsən:

– Harda görünüb ki, heç bir fakta əsaslanmayan yazıya görə izahat yazasan? – Mələk, hələ indinin özündə də etdiyim uşaqlığa görə pərt oluram.  

Bir müddət Mələyin əhvalı yaxşılığa doğru getdi. Deyəsən, yaralar yavaş-yavaş silinib gedirdi. Bir dəfə o mənə dedi:

– Uzun müddətdi mən danışırdım. Danışdıqlarımda da ürəkaçan bir şey yox idi. Son vaxtlar siz öz həyatınızdan danışırsınız. Bu, mənim əhval-ruhiyyəmə elə yaxşı təsir edir ki, Reyhan xanım. Xahiş edirəm, yadınıza düşənlərdən danışın. Mələyin əhvalının yaxşılaşması mənim də könlümə bir rahatlıq və sakitlik gətirirdi. Bu nakam, talesiz qadının əhvalının yaxşılaşması üçün danışmaq nədi, nə desə, yerinə yetirərdim. Bir gün ona dedim ki, yaddaqalan xatirələr çoxdu, Mələk. Biz illər uzunu danışmışıq. İndi bəzən çaşıram, fikirləşirəm ki, hansını danışmışam, hansını yox? Sənə yəqin ki, demişəm. Mən Respublika Qadınlar Şurasının xətti ilə də işləyirdim. O ərəfədə bir qadının Əfqanıstanda itkin düşmüş oğlunu tapıb anasına verdim.Qadın illər uzunu o qapını, bu qapını döyə-döyə oğlunu axtarırdı. Bilmirdi ölüb, ya itkin düşüb. Yazıq qadın göz yaşları içində dərdini mənə danışanda halı pisləşdi, ürəyi getdi. Qadını birtəhər özünə gətirdik. Gözlərini açdı və mənə baxdı. Təpimiş dodaqlarından bu kəlmə qopdu:

– Reyhan xanım, yalvarıram sizə. Mənə kömək edin, ölməmişdən əvvəl heç olmasa balamın üzünü bircə dəfə görüm. Qadının nisgil, ələm dolu baxışları hələ də gözüm önündən getməyib. İndi bu əhvalatı sənə danışa-danışa öz-özümə fikirləşirəm ki, bunu sənə danışmışam ya, yox?

– Deyəsən, danışmamısız. Mələk bir az susub təzədən dindi. – Doğrusunu deyim ki, Reyhan xanım, sizinlə tanış olanda ürəyim dolu idi. Danışmağa o qədər sözüm vardı ki, ürəyimi boşaltmaq istəyirdim. Özü də içimdə çox böyük bir nigarançılıq, təlaş vardı. Bir-birinin ardınca o qədər əzab-işgəncə yaşamışdım ki, başıma nəsə gələcəyindən qorxaraq ürəyimi boşaltmağa tələsirdim. Ona görə də sizin danışdıqlarınızın çoxu yadımda qalmayıb. Əslində isə siz öz həyatınızdan mənə o qədər də çox şey danışmamısız. Bu o qədər də vacib deyil. Əsas odu ki, sizin yazınızdan sonra o oğlan tapılıb anasına qaytarıldı. Siz çox savab işlər görmüsüz, Reyhan xanım.

– Mələk, o illərdən danışanda bilirsən məni ən çox kövrəldən nədi? O ərəfədə gözümün görmə qabiliyyəti o qədər azalmışdı ki, sanki beynim tünd bir duman içindəydi. Yəqin sənin də yadındadı, dörd bir yanımızda elə dəhşətli hadisələr baş verirdi ki, adam özü haqqında düşünə bilmirdi. Mən də başqaları kimi. İki ağır əməliyyatdan sonra gözlərimə mirvari suyu gəlmişdi. Əməliyyat olunmalıydım. Amma əməliyyat mənim yadıma da düşmürdü. Qəzetdə işləyirdim. Hərfləri belə yaxşı seçə bilmirdim. Nə yazırdım, əl havasına yazırdım. Nə oxuyurdum, fəhmnən oxuyurdum.

Boğazım acışdı sözümü axıradək deyə bilmədim. Ancaq bir an sonra özümü ələ alıb davam etdim:

– O vaxtlar Aysel mənim görən gözüm idi. Avtobusun nömrəsini görə bilmirdim, o mənə deyirdi. Axşamlar düşəndə gözlərim ayağımın altını yaxşı seçmirdi. Onun qolundan tuturdum, qızım da sevincək mənə qısılırdı. Qızımın mən qısılmış kiçik cüssəsi, içimdəki sıxıntını, inamsızlığı azaldır, onunla yanaşı yeriyəndə sanki zəif gözlərimə işıq gəlirdi.

– Reyhan xanım, siz məni kövrəltdiniz. – Mələyin kədərli səsi yenə içimi peşmançılıq hissiylə doldurdu və tez-tələsik dilləndim:

– Sən israr edirsən, mən də danışıram. Gərək danışmayaydım.

– Yox, yox, Reyhan xanım, indi məni kövrəldən hisslər çox xoş hisslərdi. Siz həmişə qızınızdan, Ayseldən danışanda hiss edirəm ki, o çox həssas, duyğusal qızdı. Təpədən-dırnağacan sevgiylə doludu. Bu sevgidən sizə o qədər pay düşür ki, ondan danışanda hiss edirəm ki, o, ev işlərində də sizə çox kömək edir.

– Elədi, Mələk, lap balaca vaxtlarından o mənə çox kömək edirdi.  Heç yadımdan çıxmaz, əməliyyatdan çıxıb evə qayıdanda gördüm ki, qapının ağzında dayanıb mənim gəlişimi gözləyir. Məni görcək özünü üstümə atdı. Gördüm ki, onun əynindəki paltar o qədər də təmiz deyil. Boynundan da bir açar asılmışdı. Qızım onsuz da cılız idi, bir az da arıqlamışdı. Onun əynindəki əzik-əzik, çirkli paltar, iplə boynundan asdığı açar, məni bərk-bərk qucaqlayıb buraxmaması, iri, qara gözlərinə sığışmayan həsrətqırışıq sevgi məni qəhr edirdi. Bilirdim ki, bir söz desəm ağlayacam. Ancaq özümü saxlaya bilməyib soruşdum:

– Bu açarı kim sənin boynundan asıb:

Mənim göz bəbəklərimdə gilələnmiş yaşı gördü və ağlamsına-ağlamsına dedi: – Qaqaş asdı, dedi ki, belə yaxşıdı, yoxsa itirərsən.

Atası məni qabaqladı:

– Səni evdə qoyub özü hara gedib bəs? – dedi və hirsli-hirsli deyindi. – Onunla bacarmaq olmur də. Min dəfə  demişəm, bacını evdə tək qoyma.

Mən göz yaşları içində onun boynundan asdığı açarı açıb bir tərəfə tulladım.

– Bəs qaqaşın hara gedib, – deyə acıqlı-acıqlı soruşdum.

– Pitomnikə getdi. Dedi ki, balıqlara yem aparıram. İndi qayıdacam.

– Bəs sən niyə onunla getmədin?

– Ata səni gətirməyə getdi. Mən də evi təmizləyirdim ki, hər şey təmiz olsun. Sənə iş qalmasın. Ana, bax sənin güllərinin yarpaqlarını da silmişəm. Axı, sən deyirdin evləri təmizləyəndə güllərin yarpaqlarını da silmək lazımdı.

Yenə boğazım acışdı, qəhər məni boğdu. Bunu hiss edən Mələyin mənə çox doğma, əziz olan səsi eşidildi:

– Ağlamayın, xahiş edirəm. Siz çox xoşbəxtsiniz ki, belə qızınız var.

– Onda o çox balacaydı. Özü də o qədər incə və cılız idi ki, yupyumru üzü, qalın, qara saçları, iri, qara gözləri onu nağıllarımızın qəhrəmanı cırtdana oxşadırdı. Hərdən onu cırtdan deyib çağırırdıq. Ancaq onun balaca canında o qədər böyük bir fədakarlıq və canıyananlıq vardı ki. Özünü oda çırpan pərvanələr tək, o da özünü ora-bura çırpıb evin işlərini görürdü ki, mən əlimi heç nəyə vurmayın. Mənsə göz yaşlarımı içimə axıda-axıda qəhr olurdum ki, mən Ayselin uşaqlığını əlindən atıram. Bu hiss mənə həmişə əzab verirdi.

– Özünüzə bu qədər əzab verməyin, Reyhan xanım. Siz Ayseli məcbur etmirdiniz ki, iş görsün. Bir də ki, çətin vəziyyətdə uşaq ataya kömək etməlidi. Bu təbii bir haldı.

Məndən asılı olmadan içimə dolmuş hisslərin təsiri altında dilləndim.

– Sənə Aysellə bağlı bir xatirə də danışmaq istəyirəm.

– Nə yaxşı. Qulaq asıram Reyhan xanım.

– Bir dəfə tikiş fabrikinə gedib işçilərdən müsahibə götürməliydim. Redaktorun dediyinə görə həmin tikiş fabrikindən redaksiyaya çoxlu şikayət məktubları gəlmişdi. O ərəfədə İttifaqın dağılmasıyla bağlı hər yerdə xaos hökm sürürdü.  Tikiş fabrikində də işlər yaxşı getmirdi. Kiçik bir tikiş sexi işləyirdi. Orda da ancaq uşaq paltarları tikilirdi. Redaksiyaya daxil olan məktublarda işçilər yazırdılar ki, biz bütün günü işləyirik, ancaq məvacib almırıq. Alanda da gördüyümüz işin müqabilində çox cüzi bir əmək haqqı alırıq. Şikayətlənirdilər ki, əgər maaş verə bilmirlərsə bizi niyə bu qədər işlədirlər? Və yaxud bu sexi niyə bağlamırlar? Və redaktorun məsləhətiylə mən o fabrikdən bir reportaj hazırlamalıydım. O gün oğlum səhər məktəbə gedəndə demişdi ki, evə gec gələcək. Məktəblərarası futbol yarışı keçirilirdi. Oğlum da bu yarışda iştirak edəcəkdi. Yoldaşım da  işdə idi. Ayseli evdə tək qoyub getməyə ürəyim gəlmirdi. Çünki günortadan xeyli keçmişdi. Payız fəsli idi, bir azdan hava qaralacaqdı. Düzdü, mən Ayseli tez-tez özümlə işə aparmaq məcburiyyətində qalırdım. Hətta bəzən obyektlərə yazı yazmağa gedəndə onu da özümlə aparırdım. Amma indi mən böyük, məşhur bir  fabrikə yazı yazmağa gedirdim. Fikirləşirdim ki, bəlkə uşağı içəri keçməyə qoymayacaqlar. Onda necə olacaq? Doğrudan da Ayseli mənimlə bərabər içəri buraxmadılar. Qapıçı ortayaşlı bir kişi idi. – Heç narahat olmayın, xanım, – dedi. – Siz gedin işinizlə məşğul olun. Uşaqdan göz-qulaq olaram.

Bu sözlərdən sonra mən rahatlaşıb fabrikə daxil oldum və birbaşa sexə girdim. İşçilər məni bir an içində dövrəyə aldılar. Suallar qəfil leysan kimi üstümə töküldü. Axır ki, bizim səsimizi də eşidən oldu, – deyib ürəklərini boşaltmağa başladılar:

– Evdə bizi uşaqlarımız gözləyir. Onlara çörək aparmalıyıq, ya yox? Onsuz da mağazalar bomboşdu. Allahın çörəyini də ala bilmirik.

– Bu ay maaş olacaq deyib başımızı qatırlar. Neçə aydı ki, maaş üzü görmürük.

– Biz də insanıq axı. Heyvan kimi işləyirik, bir manat belə vermirlər bizə. Onlara sərf eləmirsə, bu sexi də bağlasınlar də.

Bütün bu deyilənləri böyük bir həyəcan içində dəftərçəmə köçürtdüyüm vaxtda çox kobud bir səs eşitdim:

– Çəkilin, çəkilin, gedin işinizlə məşğul olun!

Bu səsdən diksinib başımı qaldıranda gördüm ki, mən üç-dörd cantaraq oğlanların əhatəsindəyəm. Biri əlimdəki dəftərçəyə baxıb başını yellədi:

– Xanım, sizə ixtiyar verilib ki, icazəsiz-filansız sexə girmisiz?

– Rəhbərliyin icazəsi olmadan işçilərdən müsahibə almaq özbaşınalıqdır.

Bir az aralıda dayanmış işçilərdən biri acıqlı-acıqlı dilləndi:

– Biz redaksiyaya şikayət məktubları göndərmişik, yoxsa sizə sərf eləmir? Jurnalistə də icazə lazımdı?

 – Sən səsini kəs, özü də get işinlə məşğul ol, – deyə mühafizəçilərdən biri danışan qıza acıqlandı.

Qız yenə də nəsə demək istəyəndə mühafizəçi yenə ona acıqlandı.

– Bu sözümü qoyub başqasına keçim, Mələk. Yazı qəzetdə çıxanda o danışan qız mənə məktub yazmışdı. Çox acılar yaşamış bir qız idi. Ata-anasını cavankən itirmişdi. Özündən balaca bir qardaşı vardı. Qardaşına özü baxırdı. Yazırdı ki, mən çoxdan bir jurnalistlə görüşmək istəyirdim. Mənimlə görüşmək istəsəniz özümü çox xoşbəxt hiss edərəm. Onunla görüşüb evinə də getdim. Çox acınacaqlı bir şəraitdə yaşayırdı. Evin təmiri o qədər köhnəlmişdi ki, elə bil bu saat uçub töküləcəkdi. Qardaşı da özündən xeyli balaca, cılız bir uşaq idi: – Yazıq uşaq bu evdə xəstəlik tapıb, – deyə qız ağlamaqdan özünü güclə saxlayırdı.

– Divarlardan su axır. Bu evi necə təmir elətdirim mən? İşləyirəm, amma çörək pulu da vermirlər. Mən ona söz verdim ki, evin təmirində sizə kömək edəcəm. Yazıq qız boynuma sarılıb göz yaşlarından boğula-boğula mənə təşəkkür edirdi.

O uzaq gündə yaşadıqlarım məni elə çulğadı ki, qeyri-ixtiyari qəhərləndim və bir xeyli danışa bilmədim.

– Reyhan xanım, siz axı başqa şeydən danışırdınız. Sonra nə baş verdi? Axı Aysel sizi qapıda gözləyirdi.

– Hə, oğlanlar məni çox təhdid etdilər. Dedilər ki, fabrikin direktoru sizi öz otağında gözləyir. Onunla görüşməmiş bir addım da ata bilməzsiniz. Mənimsə ürəyim Ayselin yanında idi. Gördüm ki, onlar çox israrlıdılar, öz dediklərini yerinə yetirməyincə məni buraxmayacaqlar. Yarı qəzəbli, yarı kədərli bir səslə dedim:

– Mənim azyaşlı qızım qapıda dayanıb məni gözləyir. Onu ordan götürüb sonra hörmətli direktorun yanına təşrif buyurarıq.

Mənim səsimdəki kinayəni anlamayan mühafizəçilər dərhal razılaşdılar. Mən böyük bir nigarançılıq içində çıxış qapısına sarı tələsdim. Aysel ağlayırdı. Məni görçək özünü üstümə atıb:

– Ana, mən qorxdum, – dedi və islaq üzünü mənə sıxdı:

– Demişdin tez gələcəm. Bəs niyə belə gec gəldin?

– Ay xanım, nə qədər çalışdım, uşağı sakitləşdirə bilmədim. Yaman qorxaq uşaqdı.

– Tez olun, xanım, iş vaxtı qurtarır. Direktor sizi gözləyir. Qızım bərk-bərk məni qucaqladı. – Ana, yenə də gedirsən, – dedi. Mən burda qalmayacam. Məni də özünlə apar.

– Yaxşı Aysel, qorxma. Birlikdə gedəcəyik. Biz mühafizəçilərin əhatəsində təzədən fabrikə qayıtdıq.

– Siz danışırsınız Reyhan xanım, mən həyəcandan əsirəm:

– Axı, nə baş vermişdi? Vallah, mən anlamıram. Bəyəm jurnalist yazı yazmaq üçün icazə almalıdı? Bəs o vəsiqəni sizə nəyə görə veriblər?

– Elə mən də vəsiqəni direktora göstərib soruşdum:

– Bəs bu vəsiqə nə üçündü? Bu vəsiqəylə jurnalist istədiyi yerə gedə bilər.

Onu da deyim ki, direktor sanballı, özündən razı bir qadın idi. Qaşlarını çatıb hökmranə bir şəkildə dedi:

– Xanım, siz o vəsiqəylə bəlkə də başqa yerlərə gedə bilərsiz. Amma bura təkcə bizim ölkədə deyil, xarici ölkələrdə də tanınmış, böyük bir fabrikdi. Sizin bura icazəsiz girməyə, fabrikin işçilərindən müsahibə götürməyə haqqınız yoxdu. Bu, özbaşınalıqdı.

Direktorun sərt, amiranə səsi Ayselin təşvişini bir az da artırdı. Onun altdan-yuxarı mənə baxan gözləri qorxuyla dolmuşdu. Mən özümü saxlaya bilməyib acıqlı-acıqlı:

– Xanım, xahiş edirəm, səsinizi qaldırmayın, – dedim. – Uşaq qorxur.

Qadın başını kinayə ilə yellədi:

– Birinci dəfədi görürəm, jurnalist obyektə uşaqla gəlir. – Mən pərt halda nə deyəcəyimi bilmədən susdum:

– Axı, o sizdən nə istəyirdi? – Mələk səbirsiz halda soruşdu:

– Ayının min bir oyunu bir armudun başındadı, – deyərlər. Bunlar da məni qorxutmaq istəyirdilər ki, mən o yazını yazmayım. Daha bilmirdilər ki, onların əsassız təzyiqi məni daha da acığa salır. Mən bu yazını yazmaqda çox israrlı idim. Nə isə, Mələk, uzun söhbətdi. Sonra direktor özu yumşalaraq dilə tutdu:

– Xanım, indi çox ağır, qarışıq bir zəmanədi. O boyda dövlət dağıldı. Onunla bərabər bütün sistem dağıldı. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat da çökdü. Bizim fabrikdə də vəziyyət çox çətindi. Bilirəm, işçilərə vaxtında maaş verə bilmirik. İşçilər də gərək bizi daşa düşsünlər. Biz də çalışırıq işləri qaydasına salaq. Daha bu qədər də aqressiya, şikayət olmaz axı.

– Xanım, sizin uşaqlarınız aclıq çəksə, əl-qolunuzu  yanınıza salıb susarsınız? Direktor yenə qaşlarını çatıb sərt bir səslə etiraz etdi:

– Xahiş edirəm, şəxsi məsələlərə keçməyin. Çalışarıq bu günlərdə işçilərin maaşını verək. Siz də onların dediklərini şişirtməyin, unudun hamısını.

– Siz nə etdiniz, Reyhan xanım? O yazını yazmadınız?

– Yox, yazdım. Özü də bu yazı çox böyük səs-küy qopartdı. Haqqında sənə danışdığım o qız mənə çoxlu məktublar yazdı. Başqa məktublar da vardı. O yazıya görə məni üstüörtülü şəkildə hədələyənlər də vardı. İş yoldaşlarımın arasında mənə çox yaxın olan bir qadın vardı. O, dedi ki, sən belə şeylərdən uzaq olsan yaxşıdı. Niyə bu qədər kişi müxbirləri dura-dura redaktor o fabrikə səni göndərir? Özü də yazının adına bax bir. «Volodarski adına «türmədən» reportaj». İndi qarışıq zamandı. Bizdə də artıq mafiyoz qruplar yaranır. Kim bilir, o hədələyici məktublar da onların işidir? Düzdü, Reyhan xanım, sənin yaxşı qələmin var. Oçerklərin nə qədər bədii və təsirlidisə, tənqidi yazıların da o qədər kəsərlidi. Ancaq sən belə şeylərdən uzaq gəz.

– Bəs bu barədə həyat yoldaşına heç nə demədin? Yazı çıxandan sonra xəbər tutdu və narazılıq etdi. Dedi, sən belə yazıları niyə yazırsan axı? Dedim ki, mən ora öz xoşumla getməmişəm. Redaktor göndərib. Sonra aramızda belə bir söhbət oldu ki, mən bir müddət işdən ayrılıb əməliyyata getsəm yaxşıdı. Düzü, gözlərimin görmə qabiliyyəti kəskin surətdə azalmışdı. Hə, onu da sənə deyim, Mələk, biz fabrikdən çıxanda hava qaralmışdı. Çiskin yağış yağırdı. Payız günləri adamı üşüdürdü. Mən qızımla əl-ələ tutub avtobus dayanacağına tələsirdik. Aysel bir-birinin ardınca ötüb keçən avtobuslardan birini göstərib:

– Ana, bizim avtobus gəldi, – dedi. Tez ol, gedək minək.

Avtobusda o qədər də adam yoxdu. Biz yerimizi rahatlayıb oturduq. Mələk, içimdə bir narahatlıq və izaholunmaz bir kədər vardı. Aysel pəncərədən çölə baxıb tez-tez astadan deyirdi:

– Ay Allah, hava lap qaralıb. Yağış da yağır. Görəsən, ata, qaqaş evdədilər? Heç özüm də anlamırdım ki, onun pıçıltıyla dediyi bu sözlər niyə məni belə kövrəldir. Hərdən pəncərədən çölə baxırdım. İşıqların çoxu yanmırdı. Hər tərəf qaranlıq idi. Zəifləmiş gözlərim də heç seçmirdi. Birdən Aysel nə hiss etdisə, içini çəkib qorxu içində pıçıldadı:

– Ana, bizim yolumuz belə qaranlıq olmurdu axı. Mən burda heç nəyi tanıya bilmirəm.

Mən təlaş içində diksinib pəncərədən çölə baxanda sürücünün səsi eşidildi: – Sonuncu dayanacaqdı. Tez olun düşün.

Mən Ayselin əlindən bərk-bərk tutub avtobusdan düşdüm. Hər tərəf bom-boş və qaranlıq idi. Tək-tük dirəklərdən asılmış lampalar yağışlı gecənin qaranlığı içində zəif, tutqun işıq saçırdı. Əlimdən bərk-bərk yapışaraq ora-bura baxan qızım qorxu içində dilləndi:

– Ana, biz başqa yerə gəlib çıxmışıq. Bura haradı? Ay Allah, burda heç adam da yoxdu.

Mən o qədər çaşqın idim ki, nə edəcəyimi bilmirdim. Gücüm ancaq qızıma çatdı:

– Sənə demişdim axı, avtobusun nömrəsinə diqqətlə bax. Bilirsən ki, mən görmürəm.

– Bağışla ana, məni bağışla. Vallah, diqqətlə baxmışdım. Bilmirəm, niyə belə oldu?

Onun yaşla dolu gözləri ora-bura baxır və tez-tez deyirdi:

– Ay Allah, indi biz nə edəcəyik? Heç avtobus da yoxdu. Hava da necə qaranlıqdı. Mən qorxuram ana.

O, birdən hönkürüb ağladı. Ayseli özümə sıxıb:

– Ağlama, dedim, – niyə ağlayırsan? İndi avtobus gələr, gedərik.

Bu zaman yağışlı gecənin qaranlığı içindən bir qadın çıxıb bizə yaxınlaşdı və Ayselə nəzər salıb soruşdu:

– Bu uşaq niyə ağlayır?

Elə sevindim ki, sanki həyatımda ilk dəfə insan səsi eşidirdim. Qadın Ayselin qolundan tutub:  – Balası niyə ağlayırsan axı? – dedi və onu sakitləşdirməyə çalışdı:

– Ağlama, indicə avtobus gələr, minib evimizə gedərik.

İlahi, tanımadığım o qadının mehriban səsi elə bil incik qəlbimə məlhəm oldu:

– Xanım, buralar elə qaranlıq və səssizdi ki, adam avtobusun gələcəyinə inanmır. – Buna bax, bir-birinin ardınca dirəklər düzülüb. Cəmi ikisində, üçündə lampa var.

– Ehh, ay xanım, indi nə yerindədi ki, işıq da yerində ola? Allah ermənilərin tifağını dağıtsın, necə ki, bu camaatın tifağını dağıdıb çöllərə saldılar.

– Xala, avtobus gələcək?

Qadının əli Ayselin kürəyində gəzdi, sonra alnına tökülmüş saçlarını geri elədi:

– Gələcək, gözəl bala, gələcək. Qorxub eləmə.

Sonra qadın üzünü mənə tutdu:

– Düzdü, bura naqolay yerdi. Amma avtobuslar on ikiyə qədər gəlib gedir.

Demə qadın da biz tərəfə gedirmiş. Lap qonşu binada yaşayırmış. Sonralar onu arabir görürdüm. Hər dəfə elə sevinirdim ki, sanki uzaq səfərdən təzəcə qayıtmış əziz adamımı görürdüm. Və həmin gecənin qüssəsini təzədən yaşayırdım. O çiskinli payız gecəsi anladım ki, mənim günü-gündən işığını itirib zəifləyən gözlərimin ağrısını qızım da mənimlə bərabər yaşayır. Onu bu ağrıdan qurtarmaq üçün təcili əməliyyata getməliydim. Böyük hörmət bəslədiyim professor Qəlbinur da tez-tez mənə deyirdi ki, əməliyyatı gecikdirmək olmaz. Sonra bunun fəsadları daha ağır olar. Hərdən də məmnun bir halda deyirdi ki, bilirəm, xalqın bu ağır günündə siz də əlinizdən gələn işi görürsünüz. Yazılarınızı oxuyuram, çox xoşuma gəlir. Hələ bu faciədən kitab da yazıbsınız. Amma, Reyhan xanım, belə davam etsə, gözlərinizi itirə bilərsiniz. Əməliyyat elətdirin, sonra rahat bir şəkildə bir jurnalist kimi fəaliyyətinizə davam edin, kitabınızı da bitirin. Həm də bu əməliyyatlardan sonra gözlərinizin görmə qabiliyyəti artacaq. Siz eynəyi də tullayacaqsınız.

Nəhayət, mən işdən ayrılıb bir-birinin ardınca əməliyyata girdim və eynəyi tulladım. Və bunun üçün mən göydə Allaha, yerdə professor Qəlbinura minnətdaram. Əməliyyatlardan sonra jurnalist fəaliyyətimə son qoyub bədii yaradıcılıqla məşğul oldum.

– Hə, bilirəm, Reyhan xanım. Məndə iki kitabınız var. İkisi də irihəcmli kitablardı. Biri lap böyükdür, altı yüz on səhifədir. Özü də balaca şriftlərlə yığılıb. Mən gülə-gülə Mələyin sözünü kəsdim:

– Sözünə qüvvət, bir dəfə yazı-pozu adamlarından biri mənə dedi ki, başqası olsaydı, o kitabını indiki şriftlərlə yığdırıb neçə kitab eləyərdi. Sonra da ədəbi mühitdə bir hay-küy qoparardı ki.

– Siz danışırsınız, Reyhan xanım, bir vaxt sizin dediyiniz bir söz yadıma düşdü. Qəzetdə işlədiyiniz vaxtlarda deyəsən, mətbuat komitəsinin sədri redaksiyaya zəng edib sizi soruşub. Deyib ki, bu jurnalistin yazılarını mütəmadi oxuyuram. Hələ belə bir söz də deyib ki, bu xanımın yazısı məni ağlatdı. Mənim yadımdan çıxıb, o hansı yazıydı?

– Oğlu Əfqanıstanda itkin düşmüş ananın adından yazdığım yazını deyirdi. Elə o oğlanı həmin mətbuat komitəsinin sədri tapdırıb anasına qaytardı. O xalqın ən ləyaqətli oğullarından biri idi. Heyf, o da vertolyot qəzasında həlak oldu. O redaksiyaya zəng edib soruşanda, mən işdə olmamışdım. Deyib ki, necə ola bilər ki, belə bir qələm sahibini biz tanımayaq? Belə bir söz də demişdi ki, mən indi iş dalınca gedirəm, tələsirəm. Sonra mən o jurnalistlə görüşüb söhbət edəcəm. Söhbətin bu yerində çox qəhərdəndim. – O, getdi, bir də geri dönmədi. Vertolyot qəzasında həlak oldu.

O gün mən çox ağır bir sarsıntı yaşadım, Mələk. Və uzun müddət bu sarsıntıdan çıxa bilmədim.

– Hə, bütün xalq üçün çox ağır bir gün idi o gün. Başımıza gələn bu faciədə nə qədər ləyaqətli, mərd, istedadlı oğullar itirdik, Reyhan xanım. Siz o illərdən danışdınız. Yadıma Hamletlə bağlı bir xatirə düşdü. Əgər yorulmamısınızsa, o xatirəni danışım, qulaq asın. Nəsə ürəyim elə istədi ki, bəlkə bir də belə məqam olmayacaq.

– Elə demə, Mələk. Biz hələ çox söhbət edəcəyik. Axı, səni də, məni də maraqlandıran bir kitab söhbəti var. Ona görə də danışdığın hər xatirə o kitabın ortalığa çıxması üçün təkandır.

– Heç ağlınıza da gətirməzsiniz ki, Reyhan xanım, siz belə danışanda mən necə sevinirəm. Lap xəstəliyim də yadımdan çıxır. Deməli, o kitabı yazacaqsınız.

– Sənə demişəm axı, Mələk, səninlə danışa-danışa o kitab yaddaşıma yazılır. Bircə qalır köçürmək.

– Reyhan xanım, siz deyirsiz ki, kompüterdə işləyə bilmirsiz. İndi hamı kompüterdə yazır. Bəs siz necə edəcəksiniz? Makinanız da sınıb. Sizin üçün çətin olacaq.

– Mən belə şeylərə öyrəncəliyəm, Mələk. Sən dediyin o altı yüz səhifəlik kitabın əlyazmasını əlimlə yazmışam. O kitabın əlyazması min yeddi yüz səhifədən ibarət idi. Bir gün gördüm ki, qələm tutan barmaqlarımdan qan axır.

– Ay allah, bəs sonra necə davam etdiniz.

– Barmağımı sarıdım və davam etdim. O yaralı qabarın yeri indi də barmağımdadı.

– Deməli, siz o iki kitabın əlyazmasını əlinizlə yazmısınız?

– İki yox, üç kitabın. İlk kitabımı sənə verməmişəm. Çünki özümdə bir-ikisi qalmışdı. O da mənə lazım idi. O kitabda repressiya qurbanlarının acı faciəli həyatından bəhs edilir. Nə isə, əsas məsələdən uzaqlaşdım deyəsən. İndi sənə qulaq asıram. Hamlet haqqında o xatirəni danış mənə.

– Bu, xoşbəxt günlərimlə bağlı bir xatirədi, Reyhan xanım. Evləndiyimizin birinci ili idi. Bir vaxt sizə danışmışdım. Hər açılan səhəri sevinclə qarşılayırdım. Biz bir yerdə evdən çıxırdıq. Dediyim kimi, Hamlet məni Universitetə qoyub, sonra işə gedirdi. Bir gün o maşını hərəkətə gətirmək istəyəndə ikimiz də bir çığırtı eşitdik. Hamletin əli sükanın üstündə donub qaldı. Evimizin yaxınlığında böyük bir yataqxana vardı. O yataqxanada didərginlər yaşayırdı. Çığırtı da o tərəfdən gəlirdi. Yataqxana o qədər yaxın idi ki, hər şey aydın görünürdü. Əlindəki uşağı bağrına basan qadın çığırırdı:

– Kömək edin, nolar, kömək edin, balam əldən gedir.

Hamlet mənə bir söz demədən maşının qapısını açıb özünü çölə atdı. Elə sürətlə qaçmağa başladı ki, elə bil ayaqları yerə dəymirdi. O, qadına yaxınlaşıb uşağı əlindən aldı və yenə başqa bir səmtə qaçmağa başladı. İlk anda Hamletin hara və niyə qaçdığını anlaya bilmədim. Sonra yadıma düşdü ki, yaxınlıqda uşaq klinikası var. Yəqin ki, uşağı o klinikaya çatdırmaq istəyirdi. Mən maşında oturub onun qayıdıb gəlməsini gözləyirdim. Hiss edəndə ki, o gec qayıdacaq, maşından düşüb evə gəldim. Elza xanım məni görcək həyəcanla soruşdu:

– Nə baş verib? Niyə qayıtdın? Bəs Hamlet hanı?

– Qorxmayın, Elza xanım, heç bir hadisə baş verməyib, – deyib onu sakitləşdirdim. Və olanları danışmağa başladım. O, məni dinləyib, kinayə ilə başını yırğaladı və səsini qaldırdı:

– Atasına çəkib də. Atası bir himə bənddi ki, özünü oda atsın. Bir də görürsən, bikef işdən qayıdıb gəlir. Soruşuram nolub, ay Nofəl, gəmilərin batıb? Başlayır danışmağa ki, bəs dünən rayondan yanıma tanış bir adam gəlmişdi. Baxdım kişiyə, tanımadım. Onun bir gurhagur vaxtı vardı ki, rayonda yaxşı bir vəzifədə işləyirdi. Camaat yolda-rizdə dayanıb yol maşını, avtobus gözləyəndə, o, təptəzə «Volqa»da gəzirdi. Amma yaxşı adamdı. Adamın işi düşəndə yox demirdi. İndi kişi xəstə düşüb. Müalicə etdirməyə imkanı da yoxdu. Yanıma gəlmişdi. Gərək ona kömək eləyəm. Bunu eləyirdi, başqası çıxırdı ortalığa. Axırda da peşman-peşman deyirdi ki, əşşi, insana yaxşılıq yoxdu. Bir məsəl var e, bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı salamməleyk qurtardı. Bilmirəm, zəmanədəndi ya nədəndi, insanlar dəyişiblər. İndi bu Hamlet də atasının yolunu gedir.

Elza xanım hirsli-hirsli başını yelləyib təzədən dilləndi:

– Deyəsən yadından çıxıb e. Bax, belə hərəkətlərinin üstündə elə bir zibilə düşmüşdü ki, yazıq Nofəl onu gücnən bu zibildən qurtardı.

– Nə baş vermişdi ki? – Mən soruşar-soruşmaz Elza xanım odlandı:

– Bir dəfə səhər-səhər Universitetə gedəndə görür ki,  onaltı, onyeddi yaşında bir oğlan yaşlı bir qadının əlindən çantasını alıb qaçdı. Danışırdı ki, küçədə-zadda adam yoxdu. Arvadın səsi dünyanın başına götürmüşdü. Ağlaya-ağlaya qışqırırdı:

– Bir kimsə yoxdu, mənə kömək etsin. Haramzada çörək pulumu əlimdən alıb qaçdı:

Bax, elə indiki təki Hamlet maşından düşüb, düşür oğlanın dalınca. Özünü oğlana çatdırıb sumkanı alır. Buna deyən gərək sumkanı aldım geri qayıt də. Yox, bu gərək oğlana dərs keçsin. Başlayır ona ağıl öyrətməyə ki, cavan oğlansan. Utanmırsan bu hərəkətindən. Bəlkə elə bu arvad gözünü bu pula dikib. Yəqin onun pensiyasıdır. Sən alçaq xəlvət yerdə onu yaxalayıb olan- qalanını əlindən alırsan.

Oğlan gözünə döndüyüm də, bunun payını yaxşıca verir. Başlayır söyüş söyməyə. Hamlet dözə bilməyib oğlanı döyür. Deyirdi ki, arvad gəlib çıxmasaydı, onun ölüsünü atacaqdım. Etdiyi hərəkətdən utanmır, ata-ana söyüşü edir.

Elza xanım elə odlu-odlu danışırdı ki, nəfəsi təngidi. Qadın bilmirdi ki, canını hara qoysun. Evin ortasında hərlənərək gah pəncərədən çölə, gah da saata baxaraq başını narazılıqla yırğalayırdı. Birdən mənə sarı çevrilib qəzəbli-qəzəbli səsini qaldırdı:

– Onda bilirsən nə oldu? Sumka oğurlayan qaldı bir tərəfdə. Biz düşdük zibilə. Oğlanı vuranda demə dişinin biri düşübmüş, oğlanın anası həyasızın biri idi, tutub oğlunun qolundan gedib polisə. Deyib ki, oğlum oğurluq eləmişdi, bunun cəzasını siz verməlisiniz. O kimdi ki, oğlumun ağız-burnunun qanını qatıb bir-birinə. Əli qurumuş necə vurubsa dişi də laxlayıb yerindən çıxdı. Uşağın ağzı qanla dolub-boşalırdı. Qanı birtəhər kəsib sizin üstünüzə qaçdım ki, o qudurğanı tapıb cəzasını verin. Bəyəm dərəbəylik-zaddı? Qanun-zad yoxdu? – Bax, beləcə düşdük polisə. Polislər də himə bənddilər… Eşitdilər ki, Hamletin atası prokurordu. Birinin üstünə də beşini qoyub keçdilər onların tərəfinə. Dedilər ki, adamın bir dişini vurub saldığına görə ona neçə il iş düşür. Nəsə, Nofəli soyub buraxdılar. Biz deyirdik, o əhvalat buna dərs olub.

Mən özümü saxlaya bilməyib söhbətə qarışdım:

– Elza xanım, o əhvalat başqa, bu başqa. Yazıq qadın elə qışqırıb ağlayırdı ki, kim olsaydı kömək edərdi.

Elza xanım acıqlı-acıqlı sözümü kəsdi:

– Bəyəm, küçədə bundan başqa adam-zad yoxuydu? Biri kömək edəydi də.

– Axı siz niyə narahat olursuz? Yəqin indi qayıdıb gələr də?

– Ay qız, görmürsən, indi  necə qarışıq zəmanədi? – deyib üstümə çımxırdı. – Yaxşıca qəhrəman əp tapmısan özün üçün. Görürəm, yaman müdafiə edirsən onu? Deyirsən uşağı qadından alıb qaçdı. Bəlkə elə uşaq onun qucağında keçindi? Bəs sonra nələr olacaq? Onu ağlına gətir də bir. Bu yenə necə özün atdı odun içinə e, – deyə Elza xanım yenə odlandı:

– Ağıl yoxdu də, bu adamda, deyən gərək uşağı arvaddan alıb qaçınca, arvadı götür apar də, uşağı da qucağında olsun. Allah, sən özün kömək ol, hər şey yaxşılıqla qurtarsın. Elza xanım susub saata baxdı:

– Buna bax e, iki saatdan çoxdu gedib, qayıdıb gəlmək bilmir. Sən dərsdən qaldın, özün də işdən. – Elza xanım deyinə-deyinə pəncərəyə sarı gedib çölə baxmağa başladı. Bir az narahat-narahat ora-bura boylandı.

– Hə, budur gəlir qəhrəman, – deyib pəncərədən aralandı: – Gəlsin görək nə deyəcək? Əşşi yox e, soruşsan da əməlli-başlı bir söz deməyəcək. Nə vaxt, nə soruşursan deyir: – Narahat olmayın, hər şey yaxşıdı. Vəssalam.

Mələk nəfəsini dərib susanda bayaqdan bəri içimdə qövr edən sözlərimi dilə gətirdim:

– Rəhmətlik yaxşı oğlan imiş. Heyif, çox tez köçüb getdi. Bu sözlərə bənd imiş kimi Mələk də sözümə qüvvət verdi. Amma indi onun səsi çox kədərli idi: – Hə, saf, xeyirxah insandı. Amma məni dərd, ələm içində qoyub getdi.

Mən sözün istiqamətini dəyişmək üçün tez-tələsik dedim:

– Mələk, siz bir yerdə olsaydınız hər şey başqa cür olardı.

Onun yanıqlı köks ötürmələrini eşidəndə dediyim sözlərə görə peşman oldum. Və yenə əvvəlki söhbətin üstünə qayıtdım.

– Hə, bayaqkı söhbət yarımçıq qaldı. Qadın niyə qışqırırmış? Uşağa nə olmuşdu?

Mələk sualıma cavab versə də səsi çox üzgün idi:

– Elza xanım demişkən ondan söz almaq olur? Çox yalvar-yaxardan sonra dilucu dedi ki, uşağın sudurğası varmış. Yenə küçədə tutub. Yaxınlıqda yaşayan didərginlərdən idi. Yazıq qadın başını itirib. Köməyə adam çağırırdı. Bu sözləri deyib susanda mən də dözməyib etiraz elədim:

– Həmişə beləsən e, adamı intizarda saxlayırsan. Bəs sonra noldu? Uşağın vəziyyəti düzəldi?

– Hə, düzəldi. Nə bilim e. Həkimlərdi də. Hərəsi bir söz dedi. Sözün düzü o idi ki, uşağı vaxtında klinikaya çatdırmışdı. Mələyin sözü ağzında qaldı. Kimsə qapını açıb nəsə dedi.

– Yaxşı, ana, yaxşı. Narahat olma. İndi gəlirəm.

– Mələk, ananı narahat eləmə. Yəqin dərmanların vaxtıdı. Get əzizim,  get. Özünə yaxşı bax. Allah köməyin olsun.

Bu söhbətdən sonra xeyli müddət ötüb keçdi. Mələk zəng eləmədi. Mənsə ondan zəng gözləyirdim. Özüm zəng eləyib onu narahat etmək istəmirdim. Telefon da inadla susurdu. Axır ki, dözməyib özüm zəng elədim. Dəstəyi Mələk özü götürdü. Əhvalı o qədər pərişan, səsi o qədər zəif və üzgün idi ki, ürəyim qopdu. Qeyri-ixtiyari soruşdum:

– Yenə nə baş verdi, Mələk? Axı deyirdin, şükür Allaha, yaralar sağalır.

– Hə, yaralar sağalırdı, Reyhan xanım. Mən də sevinirdim ki, qaranlıq dünyadan, işıqlı dünyaya çıxdım. Məndə o bəxt hardaydı? Mənim bəxtim qaradı, qara. Allah belə yazandan sonra həkim neyləsin? Həkim əlindən gələni edir. Amma yaranın biri sağalır, ikisi böyründən çıxır. Daha bezmişəm, yorulmuşam, tükənmişəm, Reyhan xanım. Özümü öldürəcəm vallah, öldürəcəm. Qorxuram, bu yara talesiz, bədbəxt balama da keçər. Çox qorxuram, Reyhan xanım. Özümə görə heç qorxmuram, nə olursa mənə olsun. Təki Laçına bir şey olmasın.

O an ağlıma gəlməzdi ki, bu zəng, bu söhbət sonuncu olacaq. Bir müddət təşviş və həyəcan içində Mələyin zəngini gözlədim. Axırda, dözməyib özüm zəng elədim. Cavab verən olmadı. Bu dəfə telefon daha inadla susurdu. İçimdəki qorxu və nigarançılıq mənə rahatlıq vermirdi. Buna görə də mütəmadi zəng etməyə başladım. Bir kimsə dəstəyi qaldırıb cavab vermirdi. Onu harda axtaracağımı bilmirdim. İşdən çoxdan çıxmışdı. Buna baxmayaraq gizli bir ümid içində iş yerinə zəng elədim.

– Ondan xəbərimiz yoxdu, – dedilər. Bir qadın çox həyəcan keçirdiyimi hiss edib dedi: – Reyhan xanım, o mobil telefonunun nömrəsini dəyişmişdi. Mən təzə nömrəni verim zəng edin. Bəlkə bu nömrə cavab verdi. – Yox, bu nömrə də cavab vermədi. Oğlumla birgə Mələyin yaşadığı yerlərə getdim. Ünvanı dəqiq bilməsəm də, ümid edirdim ki, yaşadığı binanı tapa bilərik. Çünki bir neçə dəfə onların evində olmuşdum. Ancaq ətrafda bir-birinə oxşar yeni binalar tikildiyindən Mələyin yaşadığı mənzili tapa bilmədik. Ümidsiz halda evə döndük. Və mən bu zənglər həmişəlik kəsiləndən sonra hiss elədim ki, bu illər ərzində Mələk mənim üçün o qədər əziz, doğma adam olub ki… Demə o mənim yaşantımın bir hissəsinə çevrilibmiş. İndi həyatımda elə bir boşluq yaranmışdı ki, nə edəcəyimi bilmirdim. Onun qəfildən yoxa çıxmasıyla bağlı cavabsız suallar mənə dinclik vermirdi. Görünür doğrudan da zaman hər şeyin dərmanıymış. Bir müddət sonra bu zənglərsiz həyata alışdım. Amma onun yaralı nəğməyə bənzəyən xatirələrini unuda bilmədim. Hər vaxt, hər zaman bu yaralı nəğmənin doğurduğu iniltiləri eşidirdim. Və indiki kimi bu nakam, talesiz qadının bütün həyatı gəlib gözüm önündən keçirdi. Və hər dəfə də məlum olurdu ki, hələ yadıma düşməyən çox xatirələr varmış. Bu xatirələrdən biri də belə idi.

Bir dəfə Mələk özünü ələ ala bilməyib ağlaya-ağlaya danışırdı: – Günah məndədi Reyhan xanım. Mən çox günahkaram. İndi sizə bir xatirə danışacağam. Mənim necə günahkar olduğuma siz də əmin olacaqsınız.

Bir gün Hamlet yenə yalvar-yaxar məni dartıb o dörd divarın arasından çıxartdı. Biz maşına oturduq. Və bir an içində sanki maşın qanad açıb uçdu. Arabir dönüb mənə baxırdı. Sanki içində nə varsa gözlərinə yığışmışdı. Bir söz demirdi, amma gözləri gülürdü. Maşını elə sürətlə sürürdü ki, sanki bu yerlərdən birdəfəlik ayrılırdı və bir də geri dönməyəcəkdi. Evlər, bağ-bağatlar, küçələr bir-bir arxada qalırdı. Biz harasa baş alıb gedirdik. O isə bir söz demirdi. Mən dözə bilməyib soruşdum.

– Biz hara gedirik?

O, bir anlığa mənə baxdı. Gözlərindəki sevgi, bəxtiyarlıq səsinə də keçdi:

– Əzizim, gəl, bu şəhərin tüstülü, bürkülü havasından baş götürüb qaçaq. Bilgəh tərəfə, dəniz qırağına gedirik. Bir yer tanıyıram. Orda dəniz elə təmiz və durudur ki. Hava da gözəldir. Düzdü, oralar qayalıqdı. Qoy olsun, onsuz da biz çimmirik ki. Oturarıq qayalıqda ayaqlarımızı da suya salarıq.

Reyhan xanım, deyəsən sizə demişdim. Mən qumluq yerləri sevmirəm. Məni allergiya tutur. Ancaq Hamlet elə sevincli idi ki, bunları deməyə ürəyim gəlmirdi. Bir az fikirləşib bəhanə tapdım:

– Sən gərək əvvəlcədən deyəydin. Mən yeməyə bir şey hazırlayıb, özümlə götürərdim.

O, gülə-gülə dedi:

– Yeməyin dərdini çəkmə. İndi dəniz qırağında o qədər yeməkxanalar var ki. Birində oturub yeyərik.

– Yox, mən belə yeməkxanalardan iyrənirəm, – dedim. Çünki gözdən uzaq yerlərdi, isti su-zad yoxdu. Qab-qacaqları, elə yeməkləri də təmiz olmur.

– İndi nə deyirsən? Getmiyək?

– Yox, başqa vaxt gedərik. Özümüzlə yemək də götürərik.

Birdən o maşını saxladı. Dərindən nəfəs alıb başını sükana söykədi. Sonra mənə sarı çevrilib uzun-uzadı baxdı. Dəyişmiş səslə soruşdu: – Sən məni sevirsənmi? Mən gözlənilməz sualdan elə çaşdım ki, nə deyəcəyimi bilmədim.

– Sualıma cavab ver, məni sevirsənmi?

Bayaqdan bəxtiyarcasına gülən gözlər, indi kiçik məşəllər təki alovlanırdı. Mən özümü tamam itirdim. Dilim dolaşa-dolaşa dedim:

– Başqa cür olsaydı indi burda olmazdım ki.

– Demək biz nişanlı olduğumuz üçün sən burdasan, eləmi?

O, yenə dərindən nəfəs alıb əlini alnına çırpdı və mənə yad gələn bir səslə dedi:

– Ay Allah, bu nə zülümdü?

O an mənim də ürəyim alışıb-yandı. Ancaq içimdəki qürur, təkəbbür imkan vermədi ki, ona xoş bir söz deyim. Bu dəfə Hamlet mənə sarı dönmədən qarşımızda uzanıb gedən yola baxa-baxa təzədən dindi: – Yox, sən məni sevmirsən. Biz sadəcə olaraq nişanlıyıq. Sevsəydin hər an, hər dəqiqə mənimlə bir yerdə olmağa can atardın. Mən sənə dil tökürəm, yalvar-yaxarla səni o divarın arasından çıxarıram. Sənə xoş anlar yaşatmaq istəyirəm. Sən də qab-qacaqdan, natəmizlikdən danışırsan. Sevən adam uf demədən özünü oda da atır.

Reyhan xanım, indi öz-özümü danlayıram ki, o anda niyə ona bir xoş söz demədim. Niyə onun könlünü belə sındırdım?

O, maşını hərəkətə gətirib geri döndərdi və yenə də mənə yad gələn səslə dilləndi:

– Gəl, səni aparım evə. Elə o dörd divarın arasında otur, mənasız xəyallarınla baş-başa ver yaşa.

Özümü saxlaya bilməyib Mələyin sözünü kəsdim.

– Ay Allah, sən niyə geri dönməyə razı oldun? Doğrudanmı sən təkəbbürünə, qüruruna qalib gəlib ona xoş bir söz deyə bilmədin?

– Yox, deyə bilmədim, Reyhan xanım. Geri qayıtmaq istəməsəm də heç nə deyə bilmədim. Evə dönəndə maşını çox asta-asta sürürdü. Bəlkə də məndən yaxşı bir söz gözləyirdi. Mənsə kövrəlmiş halda maşından çölə baxaraq susurdum. O, hiss olunacaq bir kədərlə yenə danışmağa başladı:

– Sənin çox sevdiyin bir şeir var. Tez-tez onu söyləyib qüssələnirsən. Səhv etmirəmsə o şeir belədi:

 

Mənim gözlərimdə yaş,

Sənin barmağında

Nişan üzüyü,

Sən bu gün bəy evinə

Gəlin köçürsən.

Gəl, sənə nəğmə oxuyum.

Köhnə gitaranın,

Qədim sədaları altında.

Sən o nəğməni, hamıdan gizli

Yaddaşında apar bəy evinə.

 

Və mənə tərəf baxmadan əlavə etdi:

– Sən o şeirin son misrasını dəyişsən, bizim əhvalımıza çox yaxın olar. Son misranı dəyiş, belə söylə:

 

Gəl, sənə nəğmə oxuyum.

Köhnə gitaranın,

Qədim sədaları altında.

Sən o nəğməni, hamıdan gizli

Yaddaşında apar qəbir evinə.

 

Reyhan xanım, o an məni üşütmə tutdu. Elə bil damarlarımda qanım dondu. Az qala çığırdım:

– Niyə belə deyirsən? Necə dilin gəldi ki, bu sözləri deyə bildin, Hamlet.

Onun iri gözləri yenə kiçik məşəllər kimi alovlandı.

– Çünki, belə görürəm ki, sənin bu xasiyyətinlə biz bəy evinə yox, ancaq qəbir evinə gedə bilərik.

– Mələk, Mələk, – özümü saxlaya bilməyib yenə onun sözünü kəsdim:

– Gör sən o yazıq oğlanı nə vəziyyətə gətiribsən ki, bu sözləri dilinə gətirib. Ancaq sənin günahların çox olub.

O gün nə qədər çalışsam da, Mələyin göz yaşlarını kəsə bilmədim. O, göz yaşları içində sağollaşıb dəstəyi asdı. Kim bilir, nə qədər söhbətlərimiz beləcə göz yaşları içində sona çatmışdı. Ağlıma da gəlməzdi ki, bu bizim son söhbətimiz olacaq.

Beləcə Mələk məni və bəlkə də bu şəhəri tərk edib getdi. Bir gün dəniz sahilində rastlaşdığım Laçın da verdiyi vədə əməl edib mənə zəng etmədi. Mələkdən mənə qalan ürək yaxan xatirələr və qəfil yağan leysan yağışlar oldu. Arabir hündür evlərin yastı damlarından süzülüb axan, yolları, küçələri, ağacları yuan bu leysan yağışların doğurduğu acı qüssə gözlərimi yaşla doldurur, tez-tez yadıma düşən bir şeirin nisgilli misraları bu iki gəncin nakam sevgisindən danışırdı:

 

– Bir inilti duydum sərviliklərdə,

Dedim ki, burda da ağlayan varmı?

Yoxsa təkbaşına, bu sakit yerdə

Əski bir sevgini anan rüzgarmı?

Gözlərə enərkən siyah zülflər,

Umardım ki, artıq ölənlər gülər.

Yoxsa həyatında sevmiş ölülər

Hələ sərvlikdə ağlıyırlarmı?

 

04 noyabr, 2018-ci il.