Elnur Uğur Abdiyevin YENİ ŞEİRLƏRİ
***
Tanrım,məni işığınla aydınlat,
Qara rəngə bürüməyim sübhümü.
Öz- özümlə bu savaşda yenilim,
Məğlub etsin hərbim hər gün sülhümü.
Aldanmasın hər barışa qoy başım,
Yaman dardır ruha bədən- bu çuxam.
Mən eləyir məni mənlə savaşım,
Öz-özümlə barışdığım gün yoxam.
Həyat savaş,həyat vuruş meydanı,
Bu meydanda bəxtin valı dönəcək.
Mən o mənə qalib gəlsəm, bilirəm
Gələcəyin gələcəyi sönəcək.
***
Yolçuyam yoluma yarımadımsa,
Sağıma, soluma yarımadımsa.
Bircə sağoluna yarımadımsa,
Daha bu dünyada kiməm, kim üçün?
Çıraqtək dörd yana nur saçmadımsa,
Məkrli gecəyə sirr açmadımsa.
Dözüb kölə oldum, hürr qaçmadımsa,
Daha bu dünyada kiməm kim üçün?
Özüm öz özümə enmədimsə heç,
Haqqım yeyiləndə dinmədimsə heç,
Nahaqqı doğmamış gömmədimsə heç,
Daha bu dünyada kiməm, kim üçün?
Əliyəm, Vəliyəm, dəliyəm adam,
Mən eşqə, sevgiyə zəliyəm, adam!
Bilmirəmsə bu gün mən nəyəm adam,
Daha bu dünyada kiməm kim üçün?
Gəl şəkil çəkdirək
Örtək gülüşümüzlə acılarımızın üstünü.
Şəkillərdə,bəlkə də,xoşbəxt olur ancaq insan.
Yaxın dur,
Gülümsə
Mənə acıqlı da olsan.
Bu saxta həyat,
Onsuz da ağrılı şəkillərlə doldurub qəlbimizi.
Biz şəklimizi
Gülə- gülə çəkdirək
Adını qoyaq Sevda şəkli.
Sevənlər baxıb öyrənsin,
Ağlayanda gülməyi
Yıxılanda qalxmağı.
Gəl şəkil çəkdirək
Sən qız,mən oğlan uşağı.
Axsın qarın qanı isti nəfəsimizdə.
Pozulsun həyatın sərhədləri,
Şəkil çərçivəmizdə...
Zülmət gecədə
Bir ulduz bəs edir işığını tutub gedim.
Tənhalığın baş gicəlləndirici dəhşətində
Kölgəmi görmək kifayətdir
Özümü xoşbəxt hiss edim.
Bu dünya aşiqlərin həsrət meydanıdır,
Bu həsrətdə sınanır- eşq!
Bu dəhşətdə tanınır - aşiq!
Ömrün Kərbəlasından keçmək
Hər zəvvara nəsib olmur.
Gələndən pıçıldadı qulağıma adımı atam!
Adam
Adam,
Adam!
Varsansa sabahın elə nur da saça bilər,
Üzündən eldən işıq da qaça bilər.
Əməlini qapı əllərinə açar elə.
Lap uşaqlıqdan belə söylədi atam,belə.
Bu düsturla hesablayıram qaranlıöın dərinliyini,
Günün işıq sürətini.
Yaşayıramsa özüm bilməliyım ki,
Dünya da bilsin qiymətimi.
Ən qatı gecədə işığı görə bilirəm,
Tənhalığı dilləndirirəm
Kölgəmlə danışıram özümü tapmayanda da.
Mənə məndən başqa
Heç kim qalib gələ bilməz bu dünyada,o dünyada.