Əlizadə Nuri - Tənha qadın

Ədəbiyyat 15:44 / 14.02.2026 Baxış sayı: 428

 

Xatirələr çay kimi,

Tökülər yuxusundan...

İşığı oyaq qalar

Gecənin qorxusundan.

 

Kimsə gəlib götürməz,

O kədəri üzündən.

Elə təkdi, diksinər

Ürək döyüntüsündən.

 

Tanrı da heyran qalar,

Onda olan dözümə.

Sevinc bağlı qapıdı-

Bağlanıbdı üzünə...

...Yada düşər o günlər,

Köhnə bayatı kimi.

Əlindən saldığı qab

Sınar həyatı kimi...

Qəfil bir zəng istəyər,

Ümid savaşındadı-

Bəlkə elə xoşbəxtlik

Xəttin o başındadı?!

Kim ağladıb şamını,

Kim hönkürüb baxtına?

Hər gecə yuxusunu

Qurar azan vaxtına...

 

...Uçub gedər o quş da,

Quş da xətrinə dəyər.

Onun pəncərəsini

Yağışlar dimdikləyər...