AY Bəniz Əliyar - Könül verib can alsaydım
Könül verib can alsaydım,
içimdə bir can, gəzərdim.
İndiyə ölmüş olsaydım,
ruhu sərgərdan gəzərdim.
Daha bir təsəlli yerim,
daha bir canım olardı...
Nə var sevgidən bahalı?
Baha bir canım olardı.
Yazım belə tez bitməzdi,
tez gəlməzdi qışım belə.
Yarıyolda axsamazdı
ağlım belə, huşum belə.
Tək özümü düşünərdim,
düşünməzdim özgələri.
Afət olmazdı hisslərim,
küsdürməzdim sevgiləri.
Ürəyim belə döyünüb,
tələsməzdi hər şey üçün.
Başılovlu arzuları
tükənməzdi, bəlkə, bir gün.