Əlisəfa Azayev : - GUR İŞIQ
O, sanki onun üçün gur işıq seli idi... Harada görsəydi ovsunlanan kimi olub, bir andaca təsiri altına düşərdi. Kürdəmir rayonunun Mollakənd kənd orta məktəbində tarix və coğrafiya fənnlərindən onlara dərs deyən, əslən qonşu Türkədi kəndindən olan İbrahimxəlil Hüseynov gözəl müəllim olmaqla yanaşı, həm də qayğıkeş, tələbkar insan adam idi.
Böyük Vətən müharibəsinin iştirakçısı, veteranı olan bu cəsur, qorxmaz, hər yerdə sözünü deməyi bacaran adam, o ağır çarpışmalı illərdə sol gözünü itirdiyi üçün eynək taxardı. Onun dərslərində şagirdlər özlərini necə də ciddi aparar, ona diqqət kəsilərdilər. Sanki qarşılarında adi bir müəllim yox, böyük həyat təcrübəsi olan bir aktyor çıxış edir, dərs deyirdi. Elə bir aktyor ki, pedaqoji iş təcrübəsi var, şagird psixologiyasının bütün incəliklərini bilir, onu şagirdlərinə vermək, aşlamaq istəyirdi...
Həmişə də əlində bir xətkeş olardı. Sanki bu sehirli çubuqla o əsil mahir drijorlar fason hər şeyi nizamlayır, dərsə, sinifə önəm verir, şagirdləri onu dinləməyə səfərbər edə bilirdi. Belə anlarda kimin həddi nə idi ki, fikri başqa yerdə olsun, onu dinləməsin. İbrahimxəlil müəllim əsil mənada ayıq, gözəl natiq xislətli bir adam idi. Güclü müşahidəsi ilə hər bir şagirdin ürəyindən keçəni onun gözlərindən oxuyub səslənərdi:
- Yaxşı... Dərsimizi kim danışa bilər?
- ...
- Niyə beləsiz?! Səsiniz çıxmır ki...
Adətən belə sükutlu anlar daha çox onlar ictimaiyyət fənnini keçəndə olardı. Bu fəlsəfə tutumlu fənnin mövzularını hər şagird ilk baxışda qavraya, nəticə hasil edə bilməzdi. Elə dəqiq elmlər fənnlərindən yaxşı, əla oxuyan şagirdlər də... Belə anlarda İbrahimxəlil müəllim təəssüf içində başını bulayaraq gileylənər, dərhal onu səslərdi:
- Əlisəfa!..
- Bəli...
- Azayev!..
- Eşidirəm...
- Gəl!..
- Gəlim də...
- Danış, bilsinlər ki, dərsə necə hazırlaşmaq olar...
O, dərsi həvəslə danışdıqca şagirdlər xısın-xısın pıçıldaşar, sinifdə bir canlanma olardı. Bir dəfə öz qulaqları ilə eşitmişdi. Riyaziyyatdan əlacı olan Əflatun Hüseynov pıçıldadı:
- Gopologiyadı da... Hamısını goplayır.
Sonra mühəndis oldu, uzun müddət inşaat sahəsində işlədi. Hazırda Bakı şəhəri, Nərimanov rayonundakı Mənzil istismar idarələrindən birinin rəisidir.
Malik də onun kimi dəqiq elmlərdə sərişəli, əlaçı idi. Sonradan o da Politexnik İnstitutu, inşaat sahəsində oxudu, mühəndis oldu. ADTU-də bu sahə üzrə prorektor işlədi. İndi də orada işləyir. Uğurları ilə həmişə sevinib, bir-iki dədə də görüşüb, orta məktəb illərini yada salıblar.
Əflatun müəllimlə isə düz əlli ildən sonra görüşdü. Özü də necə... Onun şəhərdə işlədiyini eşidib, Bakı şəhəri, Nərimanov rayon İcra hakimiyyətində təsərrüfat işləri şöbəsinin müdiri Rəşid Ağayevdən telefon nömrəsini aldı. Ona zəng çalaraq dedi:
- Əflatun müəllim, bir ədliyyə müşaviri sizinlə görüşmək istəyir.
- Lap yaxşı, mərkəzi parka tərəf gəlin.
Onu narahatçılıqdan qurtarmaq üçün dedi:
- Dost adamdı... Elə-belə görüşmək istədim.
- Çox yaxşı.
Gözəl bir payız havası vardı. İşıqlı, sərin... Gəzə-gəzə Təbriz prospekti ilə üzüyuxarı hərəkət etməyə başladı. Heydər Əliyev kompleksi, bu cənnət guşəyə tərəf çatanda, oraya baxmaqdan, orada gəzinməkdən özümü saxlaya bilmədim. Doğrudan da, insan nələrə qadirmiş! Bu gözəl kompleks, onun uca, əzəmətli, yaraşıqlı binaları, geniş həyəti, meydanları, yaşıllıqları, fəvvarələri necə də xoş, ürək oxşayırdı... Əsl cənnət-məkan idi. Burada insan ruhu dincəlir və sanki bu sakitlik içində hayqırmaq istəyirsən.
- Bəli, mən Azərbaycan vətəndaşıyam! Öz ölkəmlə, müstəqilliyimlə fəxr edirəm! Bütün bunlar o illərin nailiyyətləridi!.. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin! Yaşasın Prezidentimiz İlham Əliyev!..
Bu an telefon zəng çalır. Danışan Əflatun müəllimdi, soruşur:
- Haradasınız?
- Heydər Əliyev kompeksinin həyətində gəzinirəm.
- Metro tərəfə gəlin. Stomotoloji klinikanın yanına.
Onun dediklərinə əməl edir, ancaq ora çatanda xeyli müddət gərginlik içində qalır. Onu tanıya biləcəkdimi? Gör aradan nə qədər müddət keçmişdi. Düz əlli bir il... Bu an ona oxşar bir adam görür və öz-özünə səslənir:
- Yəni budu?..
- ...
- Yox, ona oxşamır...
- ...
- Bəlkə budu?...
O da Əflatun müəllim olmur. Bu vaxt biri gəlir. Üz cizgiləri ona necə də tanış gəlir. Orta boylu, qarayanız adam idi. Plaşlı, başı açıq halda ona tərəf addımlayırdı...
- Salam, qardaş!..
- Salam!..
Beləcə öpüşüb-görüşdülər. Onun üz-gözünə baxıb deyir:
- Maşallah, heç dəyişilməmisən.
- Yox a...
- Vallah olanı deyirəm.
- Təki Allah ağzından eşitsin. Həmişə belə cavan, gumrah qalaq.
Bu qısa görüşləri ərzində kimləri xatırlamırlar. Daha çox elə müəllimlərini, xüsusilə, İbrahimxəlil müəllimi, Xəlil müəllimi, Bədəl müəllimi... Xəlil müəllim onlara dil-ədəbiyyatdan, Bədəl müəllim rus dilindən dərs deyərdi.
Sadiq yoldaşlarından Maliki, Məhəmmədəlini, Nəzəralını, İbrahimi, Arifi, Əmiri xatırlayırlar... Hətta onda dedi:
- Məhəmmədəli, Nəzəralı çox yaxşı uşaqlar idilər. Tənəffüs vaxtı onları məktəb bufetinə aparıb, borş alardılar. Pulları olardı...
- Hə... Onda tor atır, balıq tuturdular...
Yadında idi, orta məktəbi qurtarandan sonra Şamaxı Pedaqoji məktəbinə getdi. Üç yüz nəfərə yaxın şagirdlə görüş idi. Böyük zalda cəmləşmiş halda əyləşmişdilər. Məktəbin direktoru, tarix elmlər namizədi Əziz Kərimov səviyyələrini bilmək üçün onları sorğu-sual etməyə başladı. Birinci suala o cavab verəsi oldu. Elə ikinci, üçüncü suallara da... Hətta onda direktor heyrət içində soruşdu:
- Yenə də sən?!.
Suala cavab verəndən sonra onu təriflədi və maraqlandı:
- Afərin! De, görüm haradan gəlmisən?
- Kürdəmir rayonundan...
- Hansı orta məktəbi qurtarmısan?
- Mollakənd kənd orta məktəbini. Tarix müəllimim də İbrahimxəlil Hüseynov olub...
Müəlliminin kimliyini soruşmasa da, deməyi özünə borc bildi. Onu birr daha öydü, təriflədi...
O gündən də onun ulduzu sanki parladı. Pedaqoji məktəbin bütün tədbirlərinin aparıcısı oldu. Tarix dərnəyinin əsil təşkilatçısı oldu. Radioda tarixi günlər haqqında məlumat verməyə başladı. İdman yarışlarında məktəb üzrə ən ağır çəkili daşı o qaldırardı...
Beləcə, nəinki qruplarında, məktəbdə belə fərqləndi. Yadında idi, böyük bəstəkarımız Qara Qarayevin Şamaxıya, seçiciləri ilə görüşə gəlmişdi. Onda o SSRİ İttifaq Sovetinin deputatı, böyük şöhrətli adam idi.
“Şirvan” kino-teatrının böyük zalında keçirilən o möhtəşəm tədbiri şeirlə açdı. İştirakçı çoxluğunu görəndə az qaldı ki, çaşsın. Ancaq şükürlər olsun ki, özünü ələ alıb, şeiri lazımi qaydada, yüksək səslə, pafosla deyə bildi. Onu necə də sürətlə alqışladılar.
Bu günlərdə yolu bir vaxtlar oxuduğu, təhsil aldığı Mollakənd kənd orta məktəbinə düşmüşdü. Açığı əlli bir ildən sonra olsa da, orada görüş keçirtmək, şagirdlərlə, müəllimlərlə görüşmək istəyirdi. Elə ona dərs demiş, öz müəllimlərindən danışmaq, söhbət açmaq üçün. Məktəbin direktoru Akif müəllim dedi:
- İnanın, müəllim... Biz hər tədbirdə bir vaxtlar məktəbimizdə oxumuş, indi tanınan adamlar barədə şagirdlərimizə söhbət açırıq. Elə o cümlədən sizin barədə... Fəxrimizsiniz...
- Çox sağ olun. Görüş də olsa pis olmazdı.
- Əlbəttə ki... Hökmən təşkil edib keçirərik.
Akif müəllimə məktəb kitabxanası üçün bir neçə kitab verdi. Minnətdarlıq etdi. Ayrılanda ona dedi:
- Mənim üçün İbrahimxəlil müəllimin, bir də Xəlil müəllimin şəkillərini təşkil elə. Onlar haqqında yazı yazıb, “Ədalət” qəzetində çıxış edəcəyəm. Növbəti kitablarımın birinə də həmin yazıları daxil edəcəyəm. Onlar mənim əziz, sayılıb-seçilən müəllimlərim olub.
Akif müəllim bir daha ona razılıq edərək dedi:
- Allah sizdən razı olsun. Hökmən təşkil edərəm. Mağıl heç olmasa yada salırsınız.
- Verərsiniz İnqilab müəllimə, ondan götürərəm.
İnqilab kiçik bacısı Amaliyanın həyat yoldaşı idi. Rayon İcra Hakimiyyətində ümumi şöbə müdiri işləyirdi.
Beləcə həmin şəkilləri əldə elədi. Tanış simalar, gözəl müəllimlər! Neçə ilin ayrılığından sonra sanki onlarla görüşür, dərdləşirdi. Şəkilləri dönə-dönə, öpə-öpə necə də kövrəlmiş, deyirdi:
- Allah sizə qəni-qəni rəhmət eləsin, İbrahimxəlil müəllim, Xəlil müəllim! Siz bizim üçün sadəcə bir müəllim yox, həm də yol göstərən əsil mayaq, işıqlı gur şam, məşəl oldunuz!.. Sizin qayğınız, hədsiz zəhmətinizlə elm, savad aldıq, öyrəndik, bir insan kimi formalaşdıq, yetişdik! Bəs biz sizin üçün nə etmişik? Siz əsil mənada bizim mənəvi atamız olmusunuz axı... Necə ki, dayısı Məhəmməd müəllimin qəbri üstə yazılıb:
İlahi, nə çəkir insanın başı,
Ata həsrəti ilə tökür göz yaşı.
Atadan övlada çox yadigar var,
Övladdan ataya bir məzar daşı.
Biz müəllimlərimiz üçün nə yadigar qoyuruq? Çox düşündürücü, ağrılı sual, məsələdi. Axı nahaq demirlər ki, valideynlərimiz bizi göydən yerə endiriblərsə, müəllimlərimiz bizi yerdən göyə qaldırıblar! Bilik, elmin, sənətin qüvvəsi, qüdrəti ilə! Elmi ədəbiyyat insanı nadanlıqda qurtarırsa, bədii ədəbiyyat onu kobudluqdan, dönüklükdən qurtarır. Bəli, sizdən öyrəndik bu fikirləri:
- “Elmin açarı sual işarəsidi...”
- “Həqiqəti çılpaq görmək də xoşdur...”
- “Elm ağıllı adama xoşbəxtlik verir, axmağa isə bədbəxtlik”.
- “Ağılsız baş tısbağa çanağına oxşayır” - sözlərinizə necə də gülüşər, qəhqəhə çəkərdik.
Bir dəfə sual verdiniz:
- Tapılmayan dərman hansıdı?
Elə həmin suala özünüz də cavab verdiniz:
- “Axmaqlar üçün lazım olan dərman”.
Bəli, onda həm də demişdiniz ki, ümidsizlik tənbəllərin sığıncağıdı. Bu sözləri də sizdən eşitdik. Yaxşı kitab oxumaq bənzərsiz həzz olmaqla, günahlar məcmusu şərabdan söhbət açar, onun hərislərini, əyyaşlarını könüllü dəlilik adlandırardınız.
Qumarbazları oğruların şəriki adlandırar, “cibi deşiklərin həmişə qarnı ac olar” deyərdiniz. İçki düşkünlərini qədəhdə batanlar adlandırar, içkiyə, papirosa nifrət hissi aşılayardınız.
Sərxoş olub kişilikdən dəm vuranları şüşədəki qeyrətlilərdən hesab edər, stəkanda boğulanların dənizdə boğulanlardan çox olduğunu deyərdiniz. Və istər-istəməz bu yerdə Ələkbər Ziyatayın bir şeiri yadına düşür.
Böyük alim Aristotel dərs verərkən İskəndərə,
Bir gün onun albomuna yazdı belə bir xatirə...
Həm nizədən, həm də oxdan güclü silah,
Gözəllərin hüsnündəki cazibədi ey Padşah!
Dərin bilik, parlaq zəka, bir də ömrün ötmüş çağları,
O zərbəni qaytaracaq bir qalxandır olun agah!
Bəli, İbrahimxəlil kimi müəllimlər o vaxtlar onlara sadəcə dərs keçib, bilik, elm, savad öyrətmirdi, həm də əsil mənada həyat dərsi keçir, bu çətin həyata hazırlayırdılar. Onunla indi də xəyalən danışır, söhbətləşir, fikir mübadiləsi edir. Bu hamısı onun çəkdiyi min bir zəhmətin bəhrəsidi...
ADU-da hüquq fakültəsində oxuyanda xarici ölkələrin dövlət və hüquq tarixindən onlaraa dərs deyən Əli Əliyev imtahan vaxtı qiymətini “yaxşı” bildirəndə dedi:
- Müəllim, niyə “əla” qiymət almayım ki?
Müəllim heyrətlənmiş halda dedi:
- Onda bir bilet də çək... Yaxşı cavab verməsən, “kafi”qiymət yazacağam.
Təkrar bilet çəkib, bütün suallara cavab verdi. Ona “əla” qiymət yazdı. Partiya tarixi fənnindən onlara dərs deyən professor Seyfəddin Qəndilov da belə anlar yaşadı. Onda da təkrar bilet çəkib, “əla” qiymət aldı. Əlbəttə, bütün bunlara görə valideynlərinə, doğulub boya-başa çatdığı mühitinə, ilk növbədə ona dərs demiş müəllimlərinə borculudu. Şəxsən İbrahimxəlil Hüseynova, o gözəl, mərd-mübariz insana! O sanki sadə bir müəllim yox, əsl dahi, alim, qocaman, cəsur qvardiyacı, general idi. Bir baxışı, hərəkəti, sözü ilə çox məsələləri həll edir, yoluna qoyurdu. Heç vaxt yadından çıxmır... Məktəb ilk partiya təşkilat katibi gənc rus dili müəllimləri Bədəl müəllimlə onun mübahisələşməsi, dialoqu:
- Kəs, sən hələ uşaqsan!
- Hə, lap çoçuğam...
- Mən o partbilet cibimdə qanlı səngər yolu keçmişəm!..
- Bilirəm... Xidmətləriniz olub...
- Üstəlik də ağır xəsarət alıb gözlərimdən birini itirmişəm...
Bədəl müəllim bir partkom kimi ona dərs demiş müəlliminin üzünə ağ ola bilmədi, susdu, yola verdi. Sonralar o DTK-nin əməkdaşı oldu, Şamaxı şöbəsində işləsə də, Kürdəmirə baxardı... Hər gəlişi onlar üçün bayram olardı.
Hərdən rayona, kəndlilərinə gedəndə, Kürün sahilində olub, onun qoy sularına baxanda, sanki o parlaqlıqda ona dərs demiş müəllimlərinin sürətlərini görür... O cümlədən İbrahimxəlil müəllimin sürətini... Elə bil ki, soruşur:
- “Necəsən?..”
- “Çox yaxşı...”
- “Dözümlü olun.... Xoşbəxt bir zəmanədə yaşayırsınız. Bizim gəncliyimizi müharibə əlimizdən aldı”.
- “Bizim də Qarabağ dərdimiz var...”
- “Ə, ermənidən adam qorxar?.. Müharibə vaxtı onları biz heç adam saymırdıq....”
- “Çox zabitlərimiz, generallarımız elə onların xəyanəti üzündən, dünyalarını dəyişiblər”.
Günəş doğur... Sanki o bu qızılı şəfəqlər qoynunda İbrahimxəlil müəllimin gülən, məğrur, eynəkli simasını görür, ona əl edə-edə ayrılır...
Xəyalında İbrahimxəlil müəllimi, o gözəl insanı xatırlaya-xatırlaya böyük Çin filosofu Konfutsinin müqəddəs kəlamlarını xatırlayır:
- “Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işbacaran insan müəllim sayıla bilər”.
- “Bildiyini bilənin arxasınca gedin. Bildiyini bilməyəni oyandırın. Bilmədiyini bilənə öyrədin. Bilmədiyini bilməyəndən qaçın”.
- “Təhsilli insanlar hər şeydən əvvəl ədalətə dəyər verir. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olursa, üsyankar olurlar. Cahil insanlar ədalət olmadan cəsarət sahibi olursa, quldur olurlar”.
- “Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını da unutdura bilər”.