Əli Hacı Ağaevli - Yenə ağrı-acımla dayanmışam üz-üzə

Ədəbiyyat 09:06 / 28.10.2026 Baxış sayı: 310

Yenə ağrı-acımla dayanmışam üz-üzə,

Xəbərlərin icmalı yanağımdan su içir !

İlk bahar tək üzümə qışın şaxtası qonub,

Haqqımla ədalətin arasından su keçir !

 

Gündüzlərim yeriyir qaranlıq küçələrdən,

Ayrılıq nəğməsidir üzümdəki qırışlar!

Qaranlığın içində yolu yeyir gözlərim,

Nəfəs kəsən ölümə,qapısızdır girişlər !

 

Dərinliyə can atır,xəyalımın gəmisi

Uzaqların adına,dayazda batıb qalır !

İşiq düşən tərəfin öz dili var hər kəsə,

Dil bilməyən üz-gözüm içimdə yatıb qalır !

 

Qan paylamaq bədənə ürəyimin işidir,

Səhərdən axşamacan döyüşür baxışlarım !

Mən öləndə dostlarım,məni sözə bükərsüz

Bu,dünyada söz olmaq-ən böyük alqışlarım !

Sinəmdədir dağların Buravarı,Ağrısı

Gözümdədir yolların ən uzun məsafəsi !

Yerə,göyə,Tanrıya yaşadığım bu ömür-

Eşqə gedən yolların,məhəbbət əfsanəsi !