Ayaz Arabaçı - Ən uzaq ulduzda həyat gəzirik

Ədəbiyyat 13:00 / 27.10.2026 Baxış sayı: 144

ən uzaq ulduzda həyat gəzirik,

ən yaxın işığı görə bilmirik,

heç vaxt yanımızda olan adamın,

əsil qiymətini verə bilmirik.

 

baş alıb gedirik hissə qapılıb,

gedirik, bahardan qışa düşürük.

heç nəyi vaxtında dərk eləmirik,

hər şeyi sonradan başa düşürük.

 

bir şirin xəyala daldığı zaman,

başından min acı söz yağdırırıq.

heç çox vaxt fərqinə varmırıq da ki,

ürək sındırırıq, könül qırırıq.

 

gedib küllənirik kafedə, barda,

bişirir - düşürür baxıb yemirik.

bizə gecə - gündüz canını qıyan,

xanıma dilucu can da demirik.

 

dönür yavaş-yavaş kölgəyə dönür,

batır bir bucaqda səsi, ünü də.

çiçək aparırıq başqalarına,

düşmür yadımıza heç ad günü də.

 

çox vaxt xoşbəxt olub, ən adi şeydən,

paltar ipinə də xəyal sərirlər.

qurduğu ocağı qorumaq üçün,

min-min əzablara sinə gərirlər..

 

alıb, könlümüzün uzaqdan-uzaq,

atırıq ən ucqar bir diyarına..

yalnız öz kefimiz, nəşəmiz üçün,

qara xətt çəkirik arzularına.

 

hər gün eləsək də eyni səhvləri,

dözürlər, sevirlər, bağışlayırlar.

daim adımızı şərəfləndirir,

daim ömrümüzü naxışlayırlar.

 

bəzən çox görürük adi güzəşti,

nə bilim ehh, nələr fikirləşirik..

onlar ev qururlar, şəhər salırlar,

biz də zəlzələlər fikirləşirik..