Ay Bəniz Əliyar- Saçların çox bəyazlamış

Ədəbiyyat 08:44 / 28.10.2026 Baxış sayı: 299

Saçların çox bəyazlamış,

Dağ başında qar sanaram.

Fərqi yoxdur, varsan, yoxsan,

Yoxluğunu var sanaram.

 

Soruşmaram, harda idin,

Niyə belə gec dönmüsən.

Qanadları qırıq-qırıq,

Arzuları puç dönmüsən.

 

Yəqin belə olmalıymış,

Cəzan bitib qayıtmısan.

Ömrün bircə namazlıqmış,

Azan bitib qayıtmısan.

 

Allah bizdən üz döndərib,

Yenidən sevən deyiləm.

Gözlərimə belə baxma,

Bağışlayan mən deyiləm.

 

Ovcumdadır xəyallarım,

Üfləyərəm, uçub gedər.

Yəqin elə bu dünyadan

Gözlərim də açıq gedər.