Ay  Bəniz  Əliyarlı - "HÖRÜMÇƏK TORU"

Ədəbiyyat 19:00 / 27.10.2026 Baxış sayı: 725

 

Yatmışam sinənin üstünə yenə,

Düşdüyüm bu tələ tordu, bilirəm.

Durmusan canımın qəstinə yenə,

Sinən beşik deyil, gordu, bilirəm.

 

Amansız qatilsən, əsl cəlladsan,

Dişlərin qanlıdır, əllərin quru.

Özgədən özgəsən, yaddan da yadsan,

Necə qaniçənsən, hörümçək toru.

 

Ovçu əməyisən, qazanc dolusan,

İştahın yenə də tanımır əngəl.

Sən ki, gücsüzlərin əcəl yolusan,

Amanın günüdür, bir insafa gəl.

Sən bir zülmkarın artan nüfuzu,

Sən bir qəribanın sınmış qüruru.

Belə görünsən də özündən razı,

Necə hüznlüsən, hörümçək toru.

Çarəsiz kim ki var, zəlil kim ki var,

Arxa olmaz sənə, dost olmaz sənə.

Hər kəsə tor atan, tələ quranlar,

Nə sirri-xudadır, rast olmaz sənə.

Gizlət Məhəmmədi (ə.s), görünməz eylə,

Tanrı belə istər, hörümçək toru.

Azmış iştahının atını əylə,

Bir az səbr göstər, hörümçək toru