Əbülfət Mədətoğlu : - Qoşma...

Ədəbiyyat 23:23 / 01.04.2024 Baxış sayı: 1420

 

Dörd divar arası çırpındığım yer,

Ömür ütülənir, an ütülənir...

Bir azca əl saxla, biraz ara ver -

Ağrı dəzgahında can ütülənir!..

 

Sızır bəbəyimdən üzü aşağı,

Cızır yanağımı qəmin başağı!..

Qızır ah içində, qələm uşağı -

Fikir cilalanır, söz itilənir!..

 

Əl göydən asılır, diz qalır yerdə

Hara tərpənirsən iz qalır yerdə...

Üzürsüz olanda üz qalır yerdə -

Tapdanır, ya da ki, can fitillənir!..

 

İncidir könlümü köhnə düyünlər,

Dostun köhnəsinə güvən,- deyirlər!

Əldən də, gözdən də düşür bu günlər -

Əbülfət, həyatın tay mitillənir!..