Əbülfət Mədətoğlu : - Kür sahilinin ŞEİRİ
Kür sahili ... sükut donun geyinib
Tənhalıq da atın çapır çay boyu...
Ürəyim də için-için deyinib -
Ötənlərdən izlər tapır çay boyu...
Pıçıltılar yüyrük qurur sahildə,
Baxışlar da ləpələrdə yuyunur...
Su üstünə qoşa kölgə düşəndə -
Bir məhəbbət hərarəti duyulur..
.
Mən yapışıb təkliyimin əlindən
Kür sahilin vərəq-vərəq çevirdim...
Susdum hətta, eşitməkçün dilindən -
O kür qızı , dəli kimi sevirdim...
...Bu qış günü ötənləri anmaqla -
Kürün yorğun çöhrəsinə su səpdim...
Burda batan səsi geri almaqla -
Bir ürəyi dinləməyə tələsdim...