Əbülfət Mədətoğlu : - Gəlmişəm...

Yarıb qaranlığı, söküb dan yerin
Sənin səhərinə keçib gəlmişəm...
Vallah bir nəfəsə- içində tərin -
Gülüm, şəhərinə köçüb gəlmişəm...
Qəfil havalanıb axan ulduz tək,
Sahilə üz tutub baxan sal buz tək...
Sevən ürəyimlə tənha, yalqız, tək -
Sənə Qibləm! - deyib, seçib gəlmişəm...
Olub büdrək ayaq, əl, əsməmişəm
Sevib, sevilməkdə tələsməmişəm...
Hər an axtarmışam, gəl, səsləmişəm -
Bu fikri ömrümə biçib gəlmişəm!