Əbülfət Mədətoğlu : - Edirəm...

Ədəbiyyat 10:02 / 23.02.2024 Baxış sayı: 3112

 

Öz-özümlə söhbətdə

Günü axşam edirəm...

Gözlərimdə gecəni -

Yanan ağ şam edirəm!..

 

Tükəndikcə səbirim

Şaxələnir cəbirim!

Əl isitmir hənirim -

Boyat bir tam edirəm...

 

Ruhumdakı tərdimi?

Dərib günə sərdimi?!

Böyüdürəm dərdimi -

Onu adam edirəm!..

 

Düşməmək üçün gözdən,

Tonqal çatmaqçün közdən...

Özümü asıb sözdən -

Bəzən , edam edirəm!..