DİLİMİZ ƏLİMİZDƏN NECƏ ÇIXIR? - Nicat Kolan yazır

YAZARLAR 11:10 / 26.10.2026 Baxış sayı: 165


"Yad sözlərə aludəçilik, ana dilimizə biganəlik"

      Dil xalqın yaddaşı, tarixinin daşıyıcısı, milli kimliyinin ən mühüm göstəricilərindən biridir. Bir xalqın keçmişini, düşüncə tərzini, mənəvi dünyasını anlamaq istəyiriksə, ilk növbədə onun dilinə nəzər salmalıyıq. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhunu yaşadan mənəvi sərvətdir.
      Bəs bu gün biz öz dilimizə necə yanaşırıq? Ana dilimizin zənginliyini nə dərəcədə qoruyuruq? Gündəlik danışığımızda işlətdiyimiz sözlərə, qurduğumuz cümlələrə nə qədər diqqət yetiririk?
        Təəssüf ki, ətrafımıza nəzər salanda düşündürücü bir mənzərə ilə qarşılaşırıq. Azərbaycan dilində danışan insanların nitqində getdikcə daha çox xarici sözlərə, yad ifadələrə rast gəlirik. Bəzən bir cümlənin içində Azərbaycan, ingilis, rus və türk dillərinə aid sözlər bir-birinə qarışır. Ən təəccüblüsü isə budur ki, həmin sözlərin bir çoxunun ana dilimizdə tam uyğun qarşılığı var. Misalçün: niyə “görüş” əvəzinə “meeting”, “rəy” əvəzinə “feedback”, “fasilə” əvəzinə “time-out”, “yeniləmə” əvəzinə “update” deməyə üstünlük veririk? Nə üçün öz dilimizdə fikrimizi ifadə etmək əvəzinə başqa dillərin sözlərini işlətməyi bəzən müasirlik əlaməti hesab edirik?
        Bir də gəlin, Üzeyir Hacıbəylinin ötən əsrin əvvəllərində Bakıda cərəyan edən hadisələri əks etdirən “O olmasın, bu olsun” əsərini xatırlayaq. Əsərdə müxtəlif dillərdə danışan obrazlar var. Elə bil, o vaxtkı Bakı balaca bir beynəlxalq konfrans idi. Aradan yüz ildən çox keçib, amma elə bil dönüb-dolaşıb həmin dövrə qayıtmışıq: cümləyə Azərbaycan dilində başlayır, ortasında ingiliscəyə keçir, axırında rusca nöqtə qoyuruq. Bir az da belə getsə, öz dilimizdə danışmaq üçün tərcüməçi tutmalı olacağıq!
        Görəsən, Üzeyir bəy bu mənzərəni görsəydi, məşhur əsərinin davamını necə yazardı? Bəlkə də, Üzeyir bəy bizi bir az dayanmağa, düşünməyə və ana dilimizə qayıtmağa çağırardı!
       Əlbəttə, dünya dəyişir, texnologiya inkişaf edir, xalqlar arasında əlaqələr genişlənir. Dillərin bir-birindən söz alması təbii prosesdir. Azərbaycan dili də tarix boyu müxtəlif dillərlə təmasda olub və bu gün də inkişaf etməkdədir. Burada məqsəd başqa dilləri inkar etmək, xarici dilləri öyrənməyə qarşı çıxmaq deyil. Əksinə, xarici dilləri bilmək insanın dünyagörüşünü genişləndirir, ona yeni imkanlar yaradır.
     Ancaq xarici dil bilmək başqa şeydir, öz ana dilinə laqeyd yanaşmaq başqa. Əgər bir insan xarici dil öyrənərək dünyaya açılırsa, bu, təqdirəlayiqdir. Amma həmin insan öz dilində sadə fikrini ifadə etməkdə çətinlik çəkirsə, söz ehtiyatı getdikcə kasadlaşırsa, burada dayanıb düşünməyə ciddi ehtiyac var.
        Məsələnin başqa bir tərəfi də var. Bəzən yad sözlərdən istifadə etmək insanın danışığına süni bir müasirlik görüntüsü verir. Elə bil, insan nə qədər çox xarici söz işlətsə, bir o qədər savadlı və dünyagörüşlü görünər. Halbuki insanın savadı işlətdiyi yad sözlərin sayı ilə deyil, fikrini nə qədər aydın, dəqiq və məntiqli ifadə etməsi ilə ölçülür.
Ana dilimizin zənginliyi isə heç də hər yeni anlayışa qapını bağlamaq demək deyil. Əsas məsələ dilimizin imkanlarından düzgün istifadə etmək, ehtiyac olmayan yerdə yad sözlərə üz tutmamaqdır.
           Bu məsələdə ailənin, məktəbin, televiziyanın, sosial şəbəkələrin və ictimai xadimlərin üzərinə böyük məsuliyyət düşür. Uşaqlar ilk sözlərini ailədə öyrənirlər. Onların dil duyumu məktəbdə formalaşır, oxuduqları kitablarla, dinlədikləri verilişlərlə, izlədikləri videolarla zənginləşir. Əgər hər gün qarşılarına çıxan nitqdə yad ifadələr üstünlük təşkil edirsə, zamanla bunu adi hal kimi qəbul edirlər.
Mətbuat və televiziya da bu məsələyə həssas yanaşmalıdır. Jurnalistin, aparıcının, müəllimin və yazıçının dili cəmiyyət üçün nümunə olmalıdır. Sosial şəbəkələrdə isə hər birimiz öz nitqimizə diqqət yetirməliyik. Çünki dilin qorunması yalnız dilçilərin və dövlət qurumlarının işi deyil. Bu, hər birimizin mənəvi məsuliyyətidir. Unutmamalıyıq ki, dilə münasibətimiz əslində öz tariximizə, mədəniyyətimizə və milli varlığımıza münasibətimizdir. Ana dilini qorumaq keçmişə qapanmaq deyil; gələcəyə öz kimliyimizlə addımlamaqdır.
        Gəlin, başqa dilləri öyrənək, dünya ilə ayaqlaşaq, yeniliklərdən geri qalmayaq. Amma bunu öz dilimizi arxa plana keçirmədən edək. “Görüş”, “rəy”, “məzmun”, “yeniləmə”, “fasilə” kimi sözlərimiz olduğu halda, onları unutmağa tələsməyək. Hər bir sözün arxasında dilimizin imkanları, tariximizin izləri və milli yaddaşımız dayanır. Çünki dilimizi qorumaq üçün ilk növbədə öz danışığımızdan başlamalıyıq.
      Sanki dilimizi xaricə getmədən, elə öz evimizdə, öz küçəmizdə, öz dilimizin içində unutmağa çalışırıq! Bir xalqın dili yalnız kitabların səhifələrində deyil, insanların gündəlik söhbətlərində yaşayır. Dilimizə sahib çıxmaq istəyiriksə, əvvəlcə öz sözümüzə sahib çıxaq!
TORPAĞI ORDU, DİLİ XALQ QORUYAR!