Elçin Mirzəbəyli - Haqq yazıb sədəfdən alın yazımı...
Haqq yazıb sədəfdən alın yazımı,
Sədəf altındakı dürrdəyəm, dədə.
Varmıdır bu ömrün səndə yozumu?
Sonu bilinməyən sirrdəyəm, dədə.
Bir ismi pünhanam, ismim açılmaz
Yüz il də desinlər "sim-sim", açılmaz.
Sinəmin ustündən tilsim açılmaz,
Sinəmin altında - pirdəyəm, dədə.
Haqdan yol azan kəs yol dışındadı -
Nəfsi verim-alım savaşındadı...
Dünya ölüm-qalım savaşındadı
Mən elə durduğum yerdəyəm, dədə.
Bakı, 12 oktyabr 2017-ci il