UNUDURAM ÖZÜMÜ - Bəhruz   Niftəliyev

Ədəbiyyat 20:00 / 25.10.2026 Baxış sayı: 166

 

Unuduram özümü,

Yavaş-yavaş yadımdan çıxıram.

Bir az səndən, bir az qəmdən götürüb gedirəm,

Tanrıya dualarımı,

Üsyanları ötürüb gedirəm.

Sevgilim, bir az əllərindən,

Daha çox gözlərindən

Öpülüb gedirəm.

Gedirəm susuzluğun köz olduğu yerlərə,

Yollarımın düz olduğu yerlərə.

Gecələrdən yorulmuşam,

Gündüz olan yerlərə gedirəm.

Unuduram özümü,

Saçımdakı ağlarımı,

Sinəmdəki dağlarımı.

Doğmalarımı unudub gedirəm.

Gedirəm sən olmayan,

Mən olmayan yerlərə.

Gedirəm Vətən olam kiməsə,

Qələm ola kimdəsə,

Yazam yeni şeirlər.

Səndən mənə nə qaldı ki?

Kim durula, kim əsə…

Külək olam bir az mən,

Dilək olam bir az mən.

Kömək olam Allaha,

Kömək olam bir az mən.

Bir az da O şükr edə.

Gedirəm!

0;50

25.10.26