Ayaz Arabaçı -Zaman doğrudan da axır su kimi

Ədəbiyyat 09:18 / 26.10.2026 Baxış sayı: 286

Zaman doğrudan da axır su kimi,

Yoxdu həyatımda qalacaq yeri.

Onu ilk məhəbbət duyğusu kimi,

Heç cürə qaytara bilmirəm geri.

 

Batır boz bir ömrə qoyulan maya,

Vaxtın azlığından adam boğulur.

Vaxt da bircə dəfə gəlir dünyaya,

Vaxt da insan kimi bir yol doğulur.

 

Vaxt alır əlindən olan-olmazın,

Qönçə bir gülün də, hətta xarın da.

Qızıldan olsa da lap alın yazın,

Yox olub gedirsən vaxt axarında.

 

Dünən saatımı çıxardıb atdım,

Duydum bir rahatlıq boş biləyimdə.

11:35-də uzanıb yatdım,

Zamanı saxlamaq vardı səyimdə.

 

İçimdə zamana tənə, etiraz,

Dedim ki, qoy qalsın elə bu ildə.

Zamanı saxlamaq istədim bir az,

Bir eyni ölçüdə, eyni şəkildə..