Memmed Qedir - Gözləyirəm

Ədəbiyyat 11:46 / 26.10.2026 Baxış sayı: 254

 

 

Mən bir az qəribə adamam, ömrüm,

Ən arsız adamdan ar gözləyirəm.

Qışın ortasında əriyir könlüm,

Yayın oğlan çağı qar gözləyirəm.

 

Ürəyim sevinir İlahi qəmdən,

Məni dəli bilib çıxıblar cəmdən,

Özüm babayame... Hələ dədəmdən,

Körpə uşaq kimi şar gözləyirəm.

 

Nə nəfsim aldadır, nə də ki qarın,

Köhnə xəstəsiyəm əhdin, ilqarın,

Hirsindən çatlayır gülöyşə narım,

Söyüd ağacından bar gözləyirəm.

 

Sən demə bar verən çiçək açırmış,

Zülməti görənlər işıq saçırmıs,

Ağlımı biləndən məndən qaçırmış,

Nə dövlət, nə də ki var gözləyirəm.

 

Məni qorxutmadı qəfil edamlar,

Ömründə min dəfə ölür adamlar,

Elə qəşəng deyib gülür adamlar,

Hüzür məclisində tar gözləyirəm.

 

Cism məmləkətim, könül taxtımdı,

Ruhu uşaq olmaq, Məmməd, baxtımdı,

Deyəsən tabuta girən vaxtımdı,

Mən hələ beşikdə yar gözləyirəm..