BMT, SƏN HANSI YIRTIĞA YAMAQSAN? - Aqil ABBAS yazır
Əziz oxucular, mən adətən Birləşmiş Millətlər Təşkilatı deyil, Birləşimiş Millətlər Çayxanası yazıram. Çünki o təşkilatın dedi-qodu yığıncağı olan çayxanadan heç bir fərqi yoxdur. Eləcə də bu təşkilatı heç filan yerinə alan da yoxdu. Gözünün qabağında Ermənistan azərbaycanlıları vəhşicəsinə qırdı, soyqırım törətdi, şəhər və kəndlərimizi dağıtdı. Bir məlum 4 qətnamə çıxartdılar, o qətnamələri də Ermənistan burnunu, bəlkə də filan yerini silib atdı. Özü də bu qətnaməni çıxaranların üçü dünyanın hegemon dövlətləri idi və Təhlükəsizlik Şurasının üzvləri idi. Həmin dövlətlər sonra bir girdirmə ATƏT yaratdılar, həmin ATƏT də bir təs yeyə bilmədi, daha doğrusu, yemək istəmədi. Məcbur olub həmin təsi onlara biz yedirtməli olduq.
İndi də gözünün qabağında Rusiya-Ukrayna müharibəsi pik həddindədi, on minlərlə insan həlak olub, şəhər və kəndlər də bizim Ağdamın gününə düşüb.
Gözünün qabağında İsrail-Fələstin müharibəsi davam edir. İndiyəcən 30 min adam ölüb, sən də boş-boş heç kimə lazım olmayan bəyanat verirsən, ərəbləri sülhə çağırırsan.
Bir dəfə Sovet hökuməti, bir dəfə də ABŞ Əfqanıstanı darmadağın elədi, susdun.
Çox yazmaq olar, oxucunu yormayım. İndi də nənəyin yaylığını götürüb hönkür-hönkür ağlayırsan ki, Sudanda on milyon insan yurdundan-yuvasından qaçqın düşüb və aclıqdan əziyyət çəkir. Mən də eşidib ağlayıram, sən də. Day nə fərqimiz var ki? Mən yetim oğlanam, əlim çatmır ağlayıram, sən ki yetim deyilsən? Yüzdən çox üzvün var, buyur, üzv olan dövlətləri məcbur elə hər biri öz imkanı daxilində Sudandakı acından qırılan camaata ərzaq yardımı eləsin.
Amma səndə adında olan «G» yoxdu, cənab G.t.teriş. (adalet.az)