BƏNNA   DOSTUMA   MƏKTUBLAR : -  Əşrəf Veysəlli 

Ədəbiyyat 14:09 / 20.11.2023 Baxış sayı: 2084

 

I

Yeri qaldırırsan göyə elə bil,

Yox,sənin çiynində zaman ucalır.

Təkcə evlər deyil,binalar deyil,

Sənin əllərinlə insan ucalır.

Dostlarım köçürlər təzə mənzilə,

Körpə balalar da verir səs-səsə.

Haqqım var,ay qardaş,haqqım var elə

Sənə dərdimizin loğmanı desəm.

Bir zaman,bir zaman o qanlı illər,

Nəfəsi alovlu,dili zəhərli,

Çiyni avtomatlı,beli yəhərli,

Burulğanlı illər,tufanlı illər

Tikdiyin evləri uçurmasaydı,

Övladı vurulmuş analar kimi

"Saçını yolmazdı"indi şəhərlər.

Bəşəri min dərdə saldı o illər

Eh,neçə evləri,ev tikənləri

Dartıb əlimizdən aldı o illər.

Dərdlərin ünvanı yenə biz olduq.

Gah ağac daldası,gah uçuq səngər,

Gah ayı kahası evimiz oldu.

İşıqlı binalar qopdu yerindən,

Məktəbsiz qaldılar uşaqlarımız.

Hələ də dünyanın ölkələrindən

Şikayət eşidir qulaqlarımız:

"İlanın evi var,qurdun evi var,

Görəsən evsiz də insan olarmı?

Əngin səmalarda süzən durnalar

Axşam evlərinə qayıtmırlarmı?"

"...Qayalar kəkliyin,düzlər ceyranın,

Dənizlər dalğanın evi deyilmi?

Ormanlar turacın,dağlar tərlanın,

Cəvizlər qarğanın evi deyilmi?"

"...Mən evsiz qalmışam,nədəndir,ey dost,

Məgər dəmirəm mən,məgər daşam mən.

Ev-elə bir kiçik vətəndir,ey dost,

Deməli,vətənsiz vətəndaşam mən.

"Evim olsa idi,yəqin bir gözəl...

Mənə də bir gözəl könül verərdi.

Yox-yox,məndən əvvəl,o qızdan əvvəl

Kitablar qapımı açıb girərdi"

Evim olsa idi,bəzərdi yarım,

Divarlar gül açıb üzə gülərdi.

Evim olsa idi,evsiz dostlarım

Yığışıb bir gün də bizə gələrdi..."

Bu dərdi duyanlar necə dincələr,

Dünyada dizinə döyən var hələ.

Sahildə,küçədə yatıb gecələr,

"Evim olsa idi..."deyən var hələ.

Hardasa hələ də şəhərlər yanır,

Hardasa hələ də evsizik bu gün.

XX əsrlə necə dolanır,

Necə yola gedir evsizlik bu gün?!...

Ev tik,bənna qardaş,əlinə qurban.

O nəs ağrıların,nəs illərin də

Üstündən bir qələm çəkməliyik biz.

Dünyaya gələcək nəsillərin də

Evini indidən tikməliyik biz.

1969-cu il