Balayar Sadiq : - Dodaqların simfoniyası

Ədəbiyyat 09:10 / 03.04.2025 Baxış sayı: 835

 

Bu şeirimi sən pıçılda, İlahi,

Gül qoxulu yuxusuna o qızın.

Səndən gələn ayrılıq da, ölüm də,

Qoy bələnsin qoxusuna o qızın.

 

O gözlərə özün söylə, ilahi,

Danışmasın ayrılığın dilində.

Baxışlarım gecə-gündüz can verir,

Küləklərə gülümsəyən telində.

 

Hər gün çırpır qanadını misralar,

Könlümdəki bu ağrının ətrinə.

Daha səndən incimirəm, ilahi,

Verdiyin bu xoş əzabın xətrinə.

 

Bax, o qızın dodaqları çiyələk,

Həyat özü həyat alıb dadından.

Nə yaxşı ki, dadmamısan, İlahi,

Allahlığın çıxacaqdı yadından.

 

Ovuduram doluxsunan bəxtimi,

Goz yasımın hənirində gəl, qızın.

Bu üşüyən ürəyimi, İlahi,

Dur, dəfn elə dodağında o qızın.