Ayaz Arabaçı : - Gəlim  yanına

Ədəbiyyat 13:03 / 13.06.2025 Baxış sayı: 1339

Neçə gündü darıxmışam bilirsən,

Canım gəlim,gözüm gəlim,yanına.

Burax o boş bəhanəni sən canın,

Durum qəfil özüm gəlim yanına,

 

Demirəm ki,ürəyinə xal salım,

Köhlən kimi yollarında nal salım,

İstəyirsən göz yaşına sal salım,

Dəryaları üzüm gəlim yanına.

 

Getdi əldən,getdi ah,ar,demirəm..

Şamü-səhər,leylü-nahar demirəm,

Yox ey sənə bahar-mahar demirəm,

Qışım-qarım-buzum,gəlim yanına.

 

Doymaq olmur, ölüm səndə gözəldir,

Qovuşursa Tanrı bəndə gözəldir,

İki könül bir bədəndə gözəldir,

Yaram, gəlim-duzum, gəlim yanına.

 

Təzələyək o mövzunu iynə-sap,

Çarəsini özün ara,özün tap..

Burda sənin canavarın ölür lap,

Bir zəng elə quzum,gəlim yanına.

 

Həm könlümdən o balaca kin çıxar

Həm canımdan şeytan çıxar,cin çıxar..

Əminəm ki,sən istəsən çin çıxar,

Bir yuxum var yozum gəlim yanına.

 

Bax da hansı saat gəlim radəcə,

Busələnək iki büllur badəcə,

Könlüm səni arzulayır sadəcə,

Əgər varsa lüzum gəlim yanına.

 

Çıxım baxım Yasamalın qaşından,

Məhlənizdə düşüm bir ağ maşından,

Durum keçim yüz manatın başından,

Karantini pozum gəlim yanına.