Ayaz Arabaçı - bir qara sevda..
Yox, ola bilmirəm heç cürə azad,
Deyirsən keçəcək bu qanlı təzad..
Həkim nə xəstəlik, nə ağrı, nə zad,
Bir qara sevdadır dönür başımda.
Nə vaxtdı ərimir qəlbimin donu,
Leyləklər özüylə apardı onu,
Unutmaq deyil ki, bu dərdin sonu,
Bir qara sevdadır dönür başımda.
Nə olsun gülüzlü ilk bahar gəlir,
Arzu kor görünür, ümid kar gəlir,
Dümağ sevdalara içim dar gəlir,
Bir qara sevdadır dönür başımda..
Müftə sevincmi var, qəfil qapasan?
Dəli köhlənini minib çapasan,
Dərd deyil, aptekdən dərman tapasan,
Bir qara sevdadır dönür başımda.
Sonunda nə qalar bu qədər hissdən?
Təmizdi yüz faiz tərkibi misdən,
Baxışı dumandan, göz yaşı sisdən,
Bir qara sevdadır dönür başımda..