Agamir Cavad : - YAŞAR RZAYEVİN NƏSR YARADICILIĞI

YAZARLAR 10:10 / 07.04.2026 Baxış sayı: 158

 

                                                                                                              YAŞAR RZAYEV - 85

 

 

 

Ötən əsrin 60-cı illərində keçmiş sovet respublikalarının siyasi həyatında milli, demokratik əhval-ruhiyyə özünü göstərməyə başladı. Digər - iqtisadi, sosial və mədəni sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də yeni ab-hava gücləndi. Sosialist realizmi ədəbi cərəyanı əsasında formalaşan, şüarçılıq, siyasi ritorika və pafos üzərində qurulan ədəbi nümunələri indi real həyat həqiqətlərini əks etdirən əsl bədii əsərlər əvəz edirdi. Respublikamızın ədəbi həyatında xüsusi bir canlanma yaranmışdı. Sonralar "Altmışıncılar" ədəbi nəsli kimi tanınan müəlliflər özlərinə geniş oxucu auditoriyası qazandılar. Bu yenilik bölgələrdə yaşayıb-yaradan şair və yazıçılardan da yan keçmədi. Lənkəran ədəbi mühiti də bu canlanmada özünü vaxtında və yüksək səviyyədə təqdim etməyi bacardı. Yazıçı adının böyük məsuliyyətini dərk edən və cəsarətlə bu yükü çəkmək üçün əlinə qələm alan gənc yazarlardan biri də Yaşar Rzayev idi. Yaşar müəllim universitetin filologiya fakültəsini bitirmişdi, ədəbiyyatı gözəl bilirdi, ədəbiyyatın qarşısında duran vəzifələri və onları həyata keçirmək yollarını daha yaxşı anlayırdı. Ən başlıcası isə istedadlı idi. Odur ki, elə ilk qələm təcrübələri ilə uğura imza atmağa nail oldu.

Ədəbi aləmə 1960-cı ildə "Aprel çiçəkləri" almanaxında çap olunan hekayələri ilə daxil olub Yaşar Rzayev. Amma mənə elə gəlir ki, o da dünyanın bir çox görkəmli yazıçı və filosofları, eləcə də siyasi xadimləri kimi ilk dəfə əlinə qələm alanda şeir yazıb. Çünki onun nəsrinin poetikasında lirik ovqat çox güclüdür. Onun təsvir və təhkiyəsində poeziya, lirika ab-havası duyulmaqdadır. Dilinin poetikası və təmizliyi əsərlərini daha oxunaqlı edərək oxucuda xoş ovqat yaradır və cəlbedicidir. Xüsusilə onun qələmə aldığı etüdlər, kiçik həcmli miniatürlər sanki hərəsi özündə böyük bir həyat fəlsəfəsini əks etdirən mənsur şeirlərdir. Lirik ovqatlı bu kiçik etüdlərdə ehtiva olunan fikirlərin bir çoxu sonralar onun geniş həcmli hekayə və povestlərinin ideyasına çevrilərək oxucuya təqdim olunur. "Həyat" adlı etüdündə müəllif insanın məqsədə doğru atdığı hər addımı bu yolda büdrəsə belə uğur kimi dəyərləndirir.

"Bir uşaq ayaq açdı. Bir neçə addımlıqdakı oyuncağı götürmək istədi. İlk addımını atan kimi yıxıldı. Lakin oyuncağa bir addım yaxınlaşmışdı. Yıxılmağa dəyərdi."

Bizə: "İgid odur, hər əzaba qatlana, İgid odur, atdan düşə, atlana"- atalar sözünü yada salır bu etüd.. Bəli, müəllif haqlıdır, mübarizlərlə dolu həyatda ilk addımda yıxılmaq hələ məğlubiyyət deyil. Məqsədə çatmaq üçün qalxıb yenidən yoluna davam etməkdir həyat.

"Oğlanlar əsgər gedir" etüdündün ideyası sonradan qələmə aldığı "Gecə eşalonu" hekayəsinin ideyası ilə necə də səsləşir. Qeyd edim ki, Yaşar Rzayevin hekayələrdən ibarət ilk kitabı 1972-ci ildə çapdan çıxmış "Gecə eşalonu" kitabıdır. Kitabın adı kimi təqdim olunan bu əsər, məncə, 60-70-ci illərdə Azərbaycan nəsrində qələmə alınmış ən gözəl hekayələrdən biridir. Hərbi xidməti kişilik məktəbi kimi dəyərləndirən müəllif ataların keçdiyi yolu indi oğulların onlara layiq davam etdirməyinə əmindir. Vətən Müharibəsinin iştirakçısı olan, dörd il çəkən bu cahan savaşının hər ağrı-acısını dadan atanın sülh, əmin-amanlıq dövründə hərbi xidmətdə olan oğlu ilə gecə eşalonunda görüşü çox təbii, təsirli və bədii boyalarla təsvir olunur. Dörd il arxa cəbhədə hər əzaba qatlaşıb ərinin yolunu gözləyən Sənəm xanımın oğlundan teleqram alarkən keçirdiyi ana narahatlığı o qədər gözəl təqdim olunub ki, ədəbiyyatımızda seçilən ana obrazlarından biri kimi yadda qalır.

Yaşar Rzayevin ikinci kitabı 1977-ci ildə nəşr olunan "Biz çay becəririk" adlı oçerkidir. Qeyd edim ki, ilk dəfə mən Yaşar müəllimi bu əsəri ilə tanımışam. Orta məktəbin yuxarı siniflərində oxuyan, geniş mütaliəsi olan, dünya və Azərbaycan ədəbiyyatından çoxsaylı nümunələrlə bədii zövqünü formalaşdıran biri üçün bu əsəri oxumaqda maraq mövzunun Lənkəranla bağlı olması, müxtəlifinin Lənkəranlı olması idi. Təbii ki, oçerk kənd təsərrüfatında çayçılığın inkişafı ilə bağlı dövlət siyasətinin həyata keçirilməsindən, zəhmət adamlarının gördüyü işlərdən bəhs edirdi. Mənim üçün isə əsas maraq oçerkin necə yazılması idi. Əsəri oxuyan kimi hiss etdim ki, bu oçerk adi qəzet jurnalistinin qələmə aldığı yazı deyil. Bu qələm sahibinin sinəsində yazıçı ürəyi döyünür. Müxtəlif ideoloji düşüncələri və faktları öz gözəl, obrazlı dili ilə zəhmətkeşlərin işi və həyat tərzinin təsviri və tərənnümü içərisində əridərək meydana oxucunu razı salacaq bədii-publisistik bir nümunə qoymuşdu. Ən başlıcası bu idi ki, əsər mənə lazım olan, gözləmədiyim estetik zövqü aşılaya bilmişdi.

1981-ci ildə Yaşar Rzayevin povest və hekayələrdən ibarət "Əks-səda" kitabı çoxsaylı oxucuları arasında əks-səda doğurdu. Kitaba müxtəlifin "Əks-səda" povesti ilə yanaşı doqquz hekayəsi daxil edilmişdi: "Ana ömrü", "Bir il keçmişdi", "Dənizin təmiz havası", "Beş dəqiqəlik yol", "Kim çala bilir", "Üç...", "Papamın dişi ağrıyır", "Təkamül" və "Dadaş qohum axtarır".

Bu hekayələrdə doğma insanların qayğılı həyat tərzi, ağrı-acılı günləri öz əksini tapmaqla yanaşı gündəlik həyatımızda rastlaşdığımız müxtəlif fırıldaqla iş qurmaq istəyənlər, müdirinə yaltaqlıq edib müəyyən mövqe qazanmaq istəyənlər, bəzi vəzifə sahiblərinin işçiləri ilə davranışı və s insanlığa yad olan xüsusiyyətlər yazıçının usta qələmi ilə satirik və yumorik bir dillə tənqid olunmuş, öz mənfi hərəkətlərindən gülünc vəziyyətə düşərək ifşa olunmuşdur.

Onun "Ana ömrü" hekayəsində bütün ömrünü övladının qayğılarına, inkişafına həsr edən, ağrı-acılar içərisində yaşayan bir ananın obrazı yaradılmışdır. Professor elmi rütbəsinə qədər inkişaf etmiş oğlu Əbilov isə ananın çəkdiyi iztirabları, qayğı və əzabları çox gec anlayır. Bu hekayənin ideyası ilə "Ana" etüdünün ideyası necə də həmahəng səslənir.

"Baxışlarında çətin günlərin ağrıları.

Saçlarında çətin günlərin çəkdiyi rəng.

Sifətində çətin günlərin naxışları-qırışlar.

Səsində çətin günlərin qorxusu-titrəklik.

Qarşısında çətin günlərin ümidi-Mən.

.. Və baxışlarının sevincini, saçlarının rəngini, sifətinin təravətini, səsinin şaqraqlığını qaytarmağa qadir olmayan Vaxt"

Bəli, təəssüf ki, vaxtı qaytarmaq olmur. Çox vaxt itirdiyimiz günlərin ağrısı qazandığımız uğurlardan ağır olur. Valideynlər qarşısında isə heç kəs borcunu tam ödəyə bilmir.

"Kim çala bilir" hekayəsi yumoristik bir hadisə üzərində qurulub. İşə yenicə təyin olunmuş müdir işçiləri kabinetinə çağırıb onlarla mehribancasına tanış olduqdan sonra onların hansı musiqi alətlərində çala bilməsi ilə maraqlanır. Çalmağı bacaran işçilərdən xahiş edir ki, bir rəqs havası çalsınlar. Özü isə durub yorulana qədər oynayır. Hamı fikirləşir ki, nə gözəl müdirdir, işlərimiz əla gedəcək. Müdir isə oynayıb qurtarandan sonra üzünü işçilərə tutub deyir: "Siz çaldınız, mən oynadım. Bundan sonra mən çalacağam, siz oynayacaqsınız."

Novella kimi gözlənilməz sonluqla bitən bu yumorik hekayəni oxuyub gülüşlə qarşıladıqdan sonra bizi bir fikir düşündürür: "Görərsən, müdir xarakterini, müdir hegemonluğunu bundan gözəl, bundan bədii, bundan məntiqli ifadə etmək olarmı?"

Müəllifin "Dadaş qohum axtarır", "Papamın dişi ağrıyır" və s. hekayələrində də cəmiyyətdə və bəzi insanların xarakterindəki çatışmazlıqlar böyük ustalıqla, yumorik şəkildə qələmə alınaraq oxucunu düşünməyə məcbur edir.

"Əks-səda" povesti orijinal bir süjet xətti üzərində qurulub. Əsər aşağıdakı misralarla başlayır:

O illərdən səda gəlir haçandı...

O illərçün ayaqyalın qaçardıq.

O sevinci bir kədər də taparmış.

O məhəbbət kimi almış, aparmış?...

...Və: "Sən də o əks-sədanı eşidirsənmi heç?" sualı ilə bitən "Dostumun məktubu" proloqundan sonra müəllif bir-birini tamamlayan üç novella qələmə alır.

Birinci novella "O ümidin arxasınca qaçardıq", ikinci novella "O sevinci bir də kədər taparmış", üçüncü novella isə "O məhəbbət kimi almış, aparmış?" adlanır. Bir ömrün əks-sədasını yüksək bədii sənətkarlıqla, lirik bir ovqatla nəql edən müəllif əsəri "Bu bizim uşaqlığımızın dənizididir" cümləsi ilə başlayır və birinci novellanın sonu: "Bu yaydan hamı qaçmağa, hamı kölgəliyə, sərinliyə can atırdı. Təkcə biz bu qızmar yayın qızmar yollarında qarşıdakı ümidə doğru ayaqyalın qaçırdıq,"- cümləsi ilə bitir.

"Bu göy gurultusu o illərin əks-sədasımı?" -cümləsi ilə başlayan ikinci novella: "Bu gün anamın saçlarında ağ tük gördüm. Fikirləşdim ki, nə olub-keçənləri qaytarmaq olar, nə də ağ saçları qaytarmaq"-cümlələri ilə bitir.

"Bu təbəssüm nə qədər doğmadır!" -cümləsi ilə başlayan üçüncü novella isə: "Qabaqda bir uşaq qaçır. Atası əlindən tutmaq istəyir-birdən yıxılır. Uşaq isə qaçır, büdrəyir, yıxılır, yenə durub qaçır.

Nə çoxdur yollarda, səkilərdə adam!

Ehey...y....y...yol verin mənə. Yol verin mənə, yol verin!

Ehey...y...y!..gəlirəm!...m....m!" -sonluğu ilə tamamlanır.

Povestdə bu məqamları xatırlatmağım təsadüfi deyil. Bu sonluqlarda aşılanan fikir müəllifin "Ana", "Həyat", "Mən səni axtarıram" etüdlərindəki ideyaların daha geniş həyat hadisələri ilə məntiqi davamı deyilmi? Bəli, müəllif öz fikir və ideyalarında israrlıdır və bu ideyaları oxucuya aşılamaq üçün qələmin gücündən maksimum istifadə etməyi bacarır.

Yaşar Rzayev "Beş dəqiqəlik yol" adlı növbəti nəsr kitabını 2021-ci ildə nəşr etdirmişdir. Bu kitabda müəllifin çoxsaylı hekayələri və "Əks-səda" povesti ilə yanaşı "Yay əhvalatı", "Dəryada gəmim qaldı", "Günəşli və yağışlı günlər" povestləri daxil edilmişdir. Bu povestlərində də müəllif öz yaradıcılıq kredosuna sadiq qalmışdır. Əsərlərin adlarından göründüyü kimi yazıçı insanların taleyi ilə təbiət hadisələri arasında assosiativ məna yaxınlığı yarada bilir.

Yaşar Rzayev öz poetik dilinin təsiri ilə elə ilk cümlələrdən oxucunu sehrləməyi bacarır. "Dəryada gəmim qaldı" povestinin "Zeynəb" adlı hissəsi: "Sən göz yaşlarınla İmranın ovcunu isladarkən nəyi xatırladın birdən-birə, Zeynəb? İyirmi iki il bundan əvvəlki mülayim iyun günlərinimi?" bədi sualları ilə, "İmran" adlı fəsli isə: "Sən əlini Zeynəbin titrəyən çiyinlərində gəzdirərkən nəyi düşünürdün, İmran? Taleyin gözlənilməz və amansız dönəmlərinimi? Məhbus olduğun illərdə yaşadığın daxili əzablarınımı?" bədii sualları ilə başlayır və bu sualların təsir gücü sonacan oxucunu tərk etmir. Yazıçının qüdrətini göstərən amillərdən birincisinin elə dil faktoru olduğunu desək, yəqin ki yanılmarıq.

Yaşar Rzayevin ən irihəcmli nəsr əsəri isə 2015-ci ildə nəşr olunan "Dünya mənim" romanıdır. Məlumdur ki, Yaşar Rzayev uzun müddət Lənkəranda məsul vəzifələrdə çalışmış, Milli Məclisin deputatı olmuşdur. O, sovetlər dönəmində, eləcə də müstəqillik illərində respublikada və rayonda baş vermiş hadisələrdən məlumatlı olmuş və bir çoxunda birbaşa iştirak etmişdir. Bu da ona ictimai-siyasi hadisələri düzgün təhlil etmək və nəticə çıxarmaq üçün böyük həyat təcrübəsi vermişdir. O, bu hadisələrin bir çoxunu qələmə almış, "Lənkəran:93-cü ilin yayı", "Ömürdən səslər", "Yaddaşa qayıdış" publisistik kitablarında tarixiləşdirmişdir. "Dünya mənim" romanı bu tarixi-publisistik kitablara düşməyən bir çox hadisələrin bədii salnaməsidir. Əsərdəki Sərdar surəti müəllifin proobrazıdır desək, yəqin ki yanılmarıq. Müəllif kitabını "Bu fani dünyanın keşməkeşli dolanbaclarında çətin də olsa, mənəviyyatını qoruyub saxlayan insanlara dərin hörmətlə" ithaf etdiyini qeyd edir. Doğrudan da, keçid dövrü adlandırdığımız bu dövrlər təkcə iqtisadi, siyasi aləmdə yox, həm də insanların mənəviyyatını qoruyub saxlamasında bir keçid dövrü idi. Həmin dövr çox insanları sınağa çəkdi. Bəziləri bu ağır imtahandan üzüağ çıxa bilmədi. Dözümlü insanlar isə mənəviyyatlarını qoruyub saxlaya bildilər. Müəllif romanını məhz bu dözümlü insanlara həsr etdiyini bildirir. Əsər bir proloq və üç kitabdan ibarətdir. Dünyanın faniliyindən, heç kimə qalmayacağından danışan proloqda müəllif gənclik illərində tərcümə etdiyi ingilis yazıçısı Bertran Rasselin "İlahiyyaçının qorxulu yuxusu" hekayəsinin məzmunundan söz açır və "Bu romanda birləşən ayrı-ayrı kitablar da elə həmin tərcüməni, həmin "mikroorqanizm"ləri bir daha xatırlayandan sonra araya gəldi" yini bildirir. Bir kitabda üç kitab yer alıb: "Nomenklatura", "Oyundankənar" və "Şirkət". Məncə, Sərdarın bildiyi hələ çox hadisələr var. Yəqin ki, gələcəkdə bu trilogiyaya yeni kitablar əlavə olunacaq.

Yaşar Rzayevin zəngin elmi, publisistik və bədii irsi var. İnanırıq ki, yaxın gələcəkdə bu zəngin yaradıcılıq nümunələri daha geniş şəkildə tədqiq olunacaqdır.