İdris Babayev : - DÜZƏ YER YOXDUR

Ədəbiyyat 10:33 / 07.04.2026 Baxış sayı: 143

 

O qədər yer tutub yalan dünyada,

Sonuncu pillədə düzə yer yoxdur.

Haramdan əmələ gələnlər keçib,

Daha irəlidə bizə yer yoxdur.

 

Haqqın arxasını vurub pul yerə,

Getdiyi düz yolda düşür qul şərə,

Mikrafon verilib naşı dülgərə,

Əsl sənətkara, Sözə yer yoxdur.

 

Çəkib ağıllını, dəlini keşə,

Ölüm qoymur çıxa yaş əlli beşə,

Yetmişin bəxtinə təsəlli düşə,

Onsuz da doxsana, yüzə yer yoxdur.

 

İdris, yazıq demə, sən hər "yalqız"a,

Üzü üzlər görüb, yox həya, sıza,

Yaradan şans verib çox həyasıza,

Utanan, həyalı üzə yer yoxdur.

04.04.2026