AŞIQ ƏLƏSGƏRİN HEYKƏLİ - Aqil ABBAS yazır
Şəhərdə Aşıq Ələsgərə bir heykəl, bir abidə ucaldılıb. Maraqlı bir heykəldi. Bundan əvvəl olduğu kimi bu cür heykəllər Rəşid Behbudova, Bülbülə, Müslüm Maqomayevə, Əlağa Vahidə və Hacı Zeynalabdin Tağıyevə də ucaldılıb.
Bu heykəltəraşlığın yeni bir növüdür və dünyanın bir çox şəhərlərində sənətkarlara, filosoflara belə abidələr ucaldılıb.
Bundan əvvəl Bakıda saydığımız sənət adamlarına ucalan abidələr belə səs-küy salmamışdı. İndi nədən Aşıq Ələsgər belə səs-küylü müzakirələrə səbəb olub?
Uzatmıram, biri sosial şəbəkədə yazıb ki, elə bil Aşıq Ələsgər bu dəqiqə əlindəki sazı kiminsə təpəsinə çırpacaq.
Çırpacaq, dostum, ermənilərin təpəsinə çırpacaq. Və bir gün doğulduğu Göyçə mahalında da Aşıq Ələsgərin elə bu gözəllikdə maraqlı bir heykəlini ucaldacağıq.
Heykəlin müəllifinə uğurlar arzulayırıq. Bəxtiyar Vahabzadə bizə dərs verəndə bir qəribə ifadə işlədəndə belə deyərdi: «Gedin bunun çortuna, görün nə görürsüz».
İndi siz də gedin bu heykəlin çortuna, görün nələr görərsiiz.
Hər dəfə dəniz kənarına gedəndə görürəm ki, müxtəlif insanlar yığışıb Müslüm Maqomayevin heykəlinin ətrafına, orda quraşdırılmış kompüterdə dahi ifaçının mahnılarına qulaq asırlar.
Mən də təklif edirəm ki, Aşıq Ələsgərin də heykəlinin yanında belə bir kompüter quraşdırılsın və saz havaları eşitmək istəyənlər gedib orda saz havalarına qulaq assınlar.
Bir dəfə azıb gedib çıxmışdım Varşavaya. Orda böyük bir bağda Şopenin ev muzeyi var və bağda hansı ağacın altında oturursansa xəfif səslə 24 saat Şopenin əsərlərini eşidə bilərsən.
Ağcabədidə Üzeyir Hacıbəyovun adına Muğam Mərkəzi tikiləndə, o da böyük bir bağın içində tikilib, mən təklif etdim ki, burda da ağaclarda dinamiklər quraşdırılsın və insanlar istədiyi vaxt gəlib Üzeyir Hacıbəyovun əsərlərini və muğamlarımızı dinləsinlər.
Ağcabədinin o vaxtkı icra başçısı Şahin Məmmədov təklifimi yüksək qarşıladı və indi kim istəyirsə axşamlar gedib «Xanəndə Mütəllim əminin bağı» adlanan həmin bağda muğamlarımızı və Bəyin əsərlərini dinləyə bilərlər.