Arzu Əsəddən TƏKLİF: - Bir qədər bədii ədəbiyyat, fəlsəfə, psixologiya oxuyun..

Maraqli 21:49 / 10.08.2024 Baxış sayı: 2353

 

Din təbliğatçıları bir qədər bədii ədəbiyyat, fəlsəfə, psixologiya oxusalar çox yaxşı olardı. Onlar düşüncəni çox radikallaşdırırlar. Düşüncədəki radikalizm isə sonra hökmən cəmiyyətdə davranışlara sirayət edir.

Gözəl bəlağəti, normal təfəkkürü olan, son vaxtlar maraqlı video-xütbələri ilə diqqəti cəlb edən Fərid Abdullah adlı bir dostumuz Həzrət Əlinin guya Quranda hələ şərab içmək tam qadağan edilməyənə qədər şərab içdiyi haqqında yalan və böhtanlara cavab verir. Təbii ki, bir dindar maarifçi buna cavab verməlidir və o özünün əsaslandığı sübut və dəlillərlə bu iddianı təkzib edir. Lakin söhbətinin sonunda Həzrət Əlidən belə bir sitat gətirir: "Əgər bir damla şərab quyuya düşərsə və o quyunun yerində minarə tikilərsə, mən o minarədə əzan demərəm. Əgər bir damla şərab çaya düşərsə və suyu quruyarsa, oradakı otlarla heç bir heyvanı otarmaram". Bu sitatı tamamladıqdan sonra Fərid bəyin simasında elə bir məmnun ifadə yaranır ki...

Doğrudanmı, bu dostumuz bu ifadələri tarixdə öz dini avtoriteti ilə bərabər dünyanın ən böyük müdriklərindən sayılan Həzrət Əlinin deyə biləcəyini düşünür? Adam müəyyən kitablara əsaslana bilər. Amma öz bəlağətinə və dini radikalizmə o qədər aludə olub anlamır ki, islama, islam təbliğatına böyük zərər olan belə məntiqsiz, qeyri-real, heç bir məna ifadə etməyən,ağlın qəbul etmədiyi absurd fikirləri İslam dininin sütunlarından birinin adına vermək olmaz. Deyə bilər ki, məcazdır. Məcaz fikrin daha da aydınlaşdırılmasına, məna və məzmunun daha aydın dərk olunmasına xidmət edir. Belə uydurma ifadələr dinimizi mürtəceləşdirir, onun çox aydın bəyanlarını absurdlaşdırır. Dinin halal və haram buyruqları məlumdur. Onların müqabilində vəd olunan mükafat və cəza da aydındır. Amma eyni zamanda islam dini insanlara TÖVBƏ kimi bir anlayış da bəxş edib.

Bu dinə görə tövbə edən insan günahlarından tamamilə arınmış hesab olunur. Həzrət Əli Allah sözünün üstünə sözmü deyib? Siz bu uydurma hədislə Allahın son nəfəsə qədər açıq qoyduğu tövbə qapısını niyə bağlamaq istəyirsiniz? Özünüzü eləmi qüdrətli və iqtidarlı hesab edirsiniz? Məgər dinimiz buyurmayıb ki, ASANLAŞDIRIN, ÇƏTİNLƏŞDİRMƏYİN! Bir damcısı çaya düşüb çayı qurutsa belə o yerdə heyvan otarmaram kimi insan ağlına zidd, mürtəce, anti-humanist ifadələri o böyük zatın adına söyləməyi necə ağlınıza, idrakınıza rəva görürüsünüz? Belə mübaliğəli fikirlərin oturuşduğu, möhkəmləndiyi beyinlərin necə radikallaşacağını və o radikallığın imkan və şərait tapan kimi küçə və meydanlarda qan gölünə dönüşəcəyini dərk etmirsinizmi? Bir damcısı düşüb çayı qurudan yerdə heyvan otarmayacağınız şəkildə sabah bu radikalizmin qan gölünə dönüşdürüb quruda biləcəyi bir cəmiyyətdə hansı insan sürüsünün otarılacağını dərk edirsinizmi? Bu dediklərimin sizin sitatınız kimi mübaliğəli olmadığını başa düşmək üçün tarixə və bu günümüzün islam coğrafiyasına baxmaq kifayətdir.

 

Ağaselim Has