Aida Adıgözəl : - İstəməz

 

Ədəbiyyat 08:46 / 11.07.2024 Baxış sayı: 2322

 

Çıx ta, könlümün adamı,

çıx bu saraydan, istəməz.

Tanrısına təpik atan,

bu lütf, bu paydan, istəməz.

 

Yaz yürüdümsə yollarda,

başım qalda, könlüm darda.

Qış, onda hardaydın, harda?!

Sel suyu çaydan istəməz!

 

Sən sevəni vəba tutsun,

şahlığı başına uçsun.

Unutsun, səni unutsun,

azalsın saydan, istəməz.

 

Keçər ağrı, can sağalar,

yaradan tək izi qalar.

Bir gün ürək verər qərar,

möhür, - bu aydan istəməz.

 

Qayıt ruh sərgəştəliyim,

ayıl, könül sərməstliyim.

Keçsin Leyla xəstəliyim,

qəlb bu haraydan istəməz.