Ağaevli Əli Hacı : - Yaradanın əsəriyəm !

Ədəbiyyat 16:33 / 21.02.2024 Baxış sayı: 1741

Nə quluyam,nə bəndəsi

Yaradanın əsəriyəm !

Dildən çıxan sözün qulu,

Sevgilərin əsiriyəm !

 

İman adlı evdən çıxdım,

Yerim göyə çalxalandı !

Tanrı yerə arxalandı,

Yerdə göyün zərrəsiyəm !

 

Abır,həya,isməti gör,

Haqdan gələn qisməti gör !

Yoxluğun əlamətin gör,

Olla ölüm bərəsiyəm !

 

Əxlaq mənim-iç köynəyim,

Ona baxıb seç, köynəyi !

Allah verən köç köynəyin,

Ağına qara tərsiyəm !

 

Uçurdub öz sir evimi,

Eşqdən tikdim pir evimi !

İlahi ! Gəl,gör evimi

Adına gəldi ərsəyə !

 

Nə quluyam,nə bəndəsi

Yaradanın əsəriyəm !

Dildən çıxan sözün qulu,

Sevgilərin əsiriyəm !