Afiq  Muxtaroğlundan İKİ ŞEİR

Ədəbiyyat 14:39 / 19.04.2024 Baxış sayı: 957

 

***

Bu saat deyəsən işləmir axı

Durub əqrəbləri, irəli getmir.

Elə bil axşam da gec düşür daha,

Adamın taqəti heç nəyə yetmir.

 

Dördgözlə gözləyir axşamı adam,

Axşam da tələsmir, vaxtında gəlir.

Nəhayət qımışıb görünür Ay da,

Nazlanıb göy adlı taxtında gəlir.

 

Axşam toranlığı dönür zülmətə,

Zülmət hədə gəlir, xox gəlir sənə.

Heç nəyə baxmağa qalmır həvəsin,

Bir loxma yemək də çox gəlir sənə.

 

Köksünü deşəcək çırpılan ürək, –

Söylə çırpınmazmı yaralı sərçə?

Axşam-axşam nədi özünlə davan,

Yetəydim içinə, biləydim bircə.

14 aprel 2024-cü il

 

 

***

Əvvəl dadandırıb öyrədər ələ,

Sən alçaq dabana enənə qədər.

Girib qılığından, alar könlünü,

Sındırana qədər, yenənə qədər.

 

Sonra kim ayırar dünyadan səni, –

Yığıla yüz paxıl, gələ min çığal.

Verdiyi tumardan əsər də qalmaz,

İtər yavaş-yavaş çəkdiyi sığal...

 

Daşları yüz yerdən yara açanda,

Oğulsan, tap görüm qan daman yeri.

Bə sən nə bilirdin qoca dünyanı,

Kimə tanıyıb ki, and-aman yeri?

 

Vurduğu naxışlar çox qara düşüb,

Yu bəlkə ağara, yu moru çoxdur.

Səni ələ salar, məzə çırtdayar,

Kinayəsi boldu, yumoru çoxdur.

 

Dadandığı yerdən əl çəkərmi heç,

Çıxar çıxdığını çıxa bildikcə.

...Zarafat sayacaq hər yıxdığında,

Yıxıb sürüyəcək yıxa bildikcə...

Bə sən nə bilirdin qoca dünyanı?

20 mart 2024-cü il