İSMAYIL MƏRCANLI İMANZADƏ : - DANIŞDIM

Ədəbiyyat 08:05 / 02.05.2024 Baxış sayı: 2512

 

Lal həsrətim kəsilməyən giziltim,

Həyat məni bərkə çəkdi, üzüldüm.

Kipriyimdən damla-damla süzüldüm,

Söz közərdi, səs boğuldu-danışdım.

 

Məna gəzdim avazda da, səsdə də,

Dilə gəldim hərdən zildə-pəsdə də.

Bəzən əsdim bir kəlmənin üstə də,

Ürəyimə dərd yığıldı-danışdım.

 

Bəxt sığışmaz nə ağıla, nə gücə,

Bəlkə alın yazısıymış eləcə...

Dəli könlüm havalandı hər gecə,

Can sızladı, qəlb sıxıldı-danışdım.

 

Heç bilmədim sular duru axdımı,

Ötən günlər dönüb geri baxdımı?

Əbəs yerə itirmədim vaxtımı,

Bu da elə bir nağıldı-danışdım.