Adilə Nəzər : - HƏYAT

Ədəbiyyat 21:27 / 12.04.2025 Baxış sayı: 713

 

Ey həyat,

sən qaranlıqda

su üzündə parıldayan

bədirlənmiş dolu Aysan,

tutmaq istəsəm, mümkünsüz,

toxunsam dağılacaqsan...

Sən yoxsan əslində, həyat,

heç mən də yoxam, olmadım

əvvəlindən bu oyunda...

ömrə de, məni yox saysın,

aşır bu oyun boyumdan.

İşarə kimisən, həyat,

Qəlbə toxunub

dil tutan...

sən ki yoxsan, xatırlamaz

səni bir dəfə unudan.

Ən uzun ömür yaşayan

sənə uyğunlaşa bilmir.

Heç bir şeir, heç bir roman,

səninlə uzlaşa bilmir.

Ey həyat,

sən yalançısan...

öncə maqnit kimi çəkdin,

fərqli qütblü yüklər kimi

cəlb elədin,

sonra eyni qütblü yüklə

yüklənmiş tək itələdin.

Sən – mən adlı iki uclu

qopdu qopacaq bir bağsan,

yüz il ölü, bir an sağsan,

kor adamam,

toz nurumsan,

kənarınam, uçurumsan.

Sən boz rəngsən, mənsə rəngsiz,

qaynatsalar qarışmarıq,

Eyni çöldə itsək belə,

min il keçsə tapışmarıq.

Sən xəyalsan...

əl uzatsaq yapışmarıq...

Yazdıracağam daşıma

heç olmayıb, yoxdu həyat,

Bu röyadı, bu yuxudu,

kim inanmır and içərəm,

o, heç əzəldən yoxudu...

Heç mən də olmadım sayın,

olmayanı öləndə də

ağlamayın, ağlamayın.