Xanım İsmayılqızı : - Yavaş-yavaş.

10:30 / 17.04.2025 Baxış sayı: 986

Gözlərinlə yaş birləşir,

Sinən ilə daş birləşir,

Baharınla qış birləşir,

Zaman keçir yavaş-yavaş.

 

Sənə gələn yolların dar,

Dörd tərəfin doğma divar,

Hələ ki, öz əllərin var,

Duman keçir yavaş-yavaş.

 

Eşidirsən, səs də gəlmir,

O doğma nəfəs də gəlmir,

Sevməyə həvəs də gəlmir,

Güman keçir yavaş-yavaş.

 

Xatirənin sellərindən,

Hisslərinin dillərindən,

Ürəyinin tellərindən

Kaman keçir, yavaş-yavaş.

 

İllərin bir gün içində,

Uçunur sürgün içində,

Ömür də mürgün içində

Yaman keçir, yavaş-yavaş.

17 aprel, 2022.