Adil Misirli : - VİCDAN

YAZARLAR 09:23 / 25.11.2022 Baxış sayı: 2015

                                    

 

 Hər bir şəxs öz ağlının sahibi olduğu kimi, etdiyi hərəkətlərə görə də özünə hesabat verir. Əməlli-başlı ölçüb biçir. Nəyi və necə etmək fikri adamı heç zaman rahat buraxmır. Düşünürsən ki, necə olsa daha ədalətli, məqsədyönlü olardı.

Etdiyimiz hərəkətlər, gördüyümüz işlər nəyin bəhrəsidir? Düşüncəninmi, beynin, idrakın, təfəkkürün, yoxsa döyünən qəlbin, vuran ürəyin?  Çox fikirləşməli olursan, ancaq sualların çox olduğu zaman dəqiq cavab heç də həmişə mövcud deyil. Qısa və aydın cavab olmadığına görə, dəqiq bir qərar verə bilmirsən. Düşünməli olursan ki, görəsən biz niyə məhz bu cür edirik. Başqa cür etmək mümkün deyilmi? Və bizi belə hərəkət etməyə vadar edən nədir ağıl yoxsa istək, ürək. Bəs bu zaman son söz kimin olur. Və biz bir ədalətsizliyin şahidi olanda niyə hər şeydən öncə vicdanı yada salır, xatırlayırıq. Vicdan nədir, o hər şeyi vicdanla edirmi?

...Vicdansız olmasa, onu dinləyib, səsinə qulaq asmasaq yaşam tərzimiz sözsüz dözülməz hala düşər, bizə hörmət edən tapılmaz.

Vicdan təkcə qəlbin ədalət səsi deyil O, həm də daima başın üzərində olaraq, hər bir hərəkət və gördüyün işə nəzarət edən, iç və çölünün keşiyini sayıq çəkən, həmişə daxildən, içdən gələn əxlaq və mənəviyyatının tarazlıq ölçüsüdür. Buna hardasa, sadəcə olaraq mənəviyyat güzgüsü də deyə bilərik. Çünkü mənəviyyatı vicdan özü ortalığa çıxarır, ona həyat bəxş edir. Mənəviyyatın püxtələşib formalaşmasında vicdanın rolu əvəzsizdir.

Çoxları hər bir hərəkət və addımında vicdanla məsləhətləşir, onu dərindən dinləyir. Bu alqışlanası haldır. Amma Xeyirlə Şər əsrlər boyu yanaşı addımladıqları kimi, vicdanın səsini eşitməyənlər ona biganə yanaşanlar da az deyil. Vicdanı olanlar adətən belələrinin qınaq hədəfinə tuş gəlirlər. Onlar vicdanlını qəbul etmir, eləcə də vicdanlı hərəkəti də görmək istəmirlər. Onların anlayışına görə vicdan qəlbin qorxaqlıq, zəiflik səsidir. Bu isə belə düşünmək tərzi də həqiqətən ən azı ədalətsiz, insafsız baxışdır. Düzdür, qorxu, qorxaqlıq həyatda mövcud olan əlamətdir. Ancaq vicdanı qorxaqlıq ilə qardaş etmək həqiqətdən olduqca uzaqdır.

Vicdanla ayaqlaşmaq, daima təmasda olmaq cavabdehlik, məsuliyyətlilik, insanlıq deməkdir. Əsla qorxaqlıq yox.

Vicdanlı heç kimdən, heç nədən qorxmaz. Çünkü o, haqqın, ədalətin, mənəviyyatin keşiyində sayıq durur. Onu buna sövq edən də həyatda ən təmiz, saf, pak, şəffaf olan səsdir. Vicdanın səsi...