Adil Misirli: - Təhsil ocağı

MƏMLƏKƏT 08:32 / 01.02.2024 Baxış sayı: 1992

 

    Ağcabədi şəhərinin mərkəzində yerləşən M.F.Axundov adına şəhər 3 saylı orta məktəb – lisey təkcə rayonun yox, həm də respublikanın ən qədim təhsil ocaqlarından biridir. Bu məktəb 141 il əvvəl, 1883-cü ildə Ağcabədi şəhərinin orta hissəsindən axan çay ilə iki hissəyə bölünən Xalfərəddində fəaliyyətə başlamışdır. Həmin il 11 nəfər şagirdi olan məktəbin 1983-cü ildə 100 illik yubileyi respublika səviyyəsində geniş qeyd olunmuşdur. Elə həmin ildən məktəb tam orta məktəbə çevrilmişdir. Məktəb ildən ilə hərtərəfli  inkişaf mərhələsi keçmişdir. Təhsildə qazandığı uğurlara görə Təhsil Nazirliyinin əmri ilə 3 saylı orta məktəb 2007-ci ildə məktəb-liseyə çevrildi. Müxtəlif olimpiadalarda, müsabiqə və yarışlarda məktəb-liseyn şagird və müəllim kollektivi xeyli uğurlara imza atdı. 2009-cu ildə 3 saylı məktəb-lisey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı ümumitəhsil məktəb “ i adını aldı və 10 min manat pul mükafatı qazandı. Cənab Prezidentin başqa bir Sərəncamı ilə məktəbin qabaqcıl müəllimləri Camal Abbasov, Zəhra İbrahimova, Həcər Əliyeva “Əməkdar müəllim” adına laiq görüldülər. Müəllim Tofiq Zeynalov  isə ”Tərəqqi medal”ı ilə təltif olundu.

    Məktəbin binası müasir tələbələrə uyğun olmadığına görə Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyevanın qayğısı nəticəsində 2005-ci ildə 10 sinif otağından ibarət  yardımçı bina, Respublika Prezidenti İlham Əliyevin əmri ilə 2012-ci ildə 4 mərtəbəli 960 şagirdyerlik müasir məktəb tikilib istifadəyə verildi. 

    Məktəbin çalışqan, əzmkar və savadlı müəllim kollektivinin səyi  nəticəsində şagirdlərin bilik səviyyəsi daima yüksəldilir, gələcək nəslin bacarıqlı, layiqli yetişməsi üçün bir çox mühüm işlər həyata keçirilir.  Bunun bariz nümunəsidir ki, məktəbin məzunu Şirin Məmmədli 2009-cu ildə 686 bal toplayaraq rayonda ilk Prezident təqaüdünə layiq görüldü. Məktəbin məzunu Anar Mütəllimov məktəbi fərqlənmə attestatı və qızıl medalla bitirərək 683 bal toplayıb Azərbaycan Tibb Unversitetinə daxil oldu və 10 baldan 9-nu qazanaraq hər il dövlət tərəfindən 15 min pul köçürülərək Türkiyədə Gülhanə adına  Hərbi Akademiyanın Tibb fakultəsində oxumağa başladı.  Nəhayət, 2017-ci ildə rayon məktəbliləri arasında Arzu Məmmədzadə ilk olaraq rekord göstərici göstərdi, 700 bal topladı. Bundan başqa hər il məktəbin onlarla məzunu qəbul imtahanlarında 500-700 arası bal toplayaraq ölkənin və bir çox xarici dövlətlərin ali məktəblərinə qəbul oldular.

Məktəbdə pandemiya dövründəməktəbin şagirdlərinin göstəriciləri həm 9 illik, həm də 11 illik buraxılış imtahanları zamanı 80 faiz göstəriciyə nail olmuşlar.

    3 saylı məktəb - liseyin təhsil sahəsində göstəriciləri müntəzəm olaraq davam edir. Belə ki, 2018-2019-cu tədris ilində məktəbin XI sinif şagirdi Anar Məmmədov Fənn Olimpiadasının Respublika turunda 1-ci yeri tutmaqla qızıl medala laiq görülmüş və 684 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2020-2021-ci tədris ilində isə XIsinif şagirdi Mahnur Hacıyeva Fənn Olimpiyadasına Respublika turunda 3-cü yeri qazanmış, bürünc medala layiq görülmüş və 643 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşur. Bundan başqa məktəbin bir çox şagirdi inşa müsabiqələrində  1, 2, 3-cü yerləri tutmuş və intellektual yarışlarda fərqləndirici yerlərə layiq görülmüşlər.

5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo mərkəzində keçirilən 10 ölkənin qatıldığı Beynəlxalq  Steam Azərbaycan festivalında Ağcabədi 3 saylı məktəb-liseyin fizika və Steam müəllimi Şəbnəm Məmmədova və onun komandası, VIIasinif şagirdi  Səyyid Fərəcli və VIIIb sinif şagirdi Validə Oruclu iştirak etmişlər. “ Təhsil dronları” kateqoriyası üzrə yarışda finala yüksələn komanda 3-cü yerə çıxaraq bürünc medala layiq görülmüşdür. 

    3 saylı Ağcabədi şəhər məktəb-liseyin şagirdləri təcrübəli və bilikli müəllimlərin böyük səyi nəticəsində həm də torpağı sevir, vətənpərvər Vətən övladı kimi böyüyürlər. Müəllimlərin onlara ötürdüyü, aşıladığı Vətən sevgisini ürəklərinin dərin guşəsində daşıyan məktəbin şagirdləri orta məktəbi bitirdikdən sonra əsl Vətən övladları olaraq doğma torpağa olan sonsuz sevgilərini hər zaman göstərmis və sübuta yetirmişlər.

    Erməni işğalçı və qəsbkarlarının bizə qarşı elan olunmamış, həm də 1988-ci ildə torpaqlarımızı zəbt etməyə başladığı Birinci Qarabağ müharibəsində 3 saylı məktəb-liseyi bitirən Sərdar Nəsir oğlu Xasıyev qarı düşmənə qarşı qəhrəmanlıqla vuruşmuş, Vətən yolunda canından keçərək şəhidilik zirvəsinə yüksəlmişdir.

    Müzəffər Ali Baş Komandan,  Prezidentimiz İlham Əliyevin Çağrışına qoşulan məktəbin məzunlarından Həsən İsmayıl oğlu Əliyev, Emin Elnur oğlu Fərzəliyev İkinci Qarabağ müharibəsində Vətən uğurunda vuruşaraq  şəhid olub şəhadətə qovuşublar.

 Məktəbin məzunlarından Samir Eldəniz oğlu Mamedov, Nurlan Elşən oğlu Abbasov, Elgiz Hümbət oğlu Ağamalıyev, müəllim Elçin Sadiq oğlu Allahverdiyev isə müharibə qaziləridir.

    Təcrübəli müəllim Mətanət Quliyevanın direktor, “Əməkdar müəllim” Camal Abbasovun tədrisi işləri üzrə direktor müavini işlədikləri  M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin qabaqcıl müəllimləriArzu Əsədova, Saragül Həsənova, Vüsalə Quliyeva, Vəfa Bağırova, Şəbnəm Məmmədova, Asim Mirzəxanlı və digər peşəkar, səriştəli pedoqoqların yorulmaz əməyi, tükənməz səyi nəticəsində məktəbdə dərslər əyani vəsaitlərdən geniş istifadə  olunaraq günün tələbələri səviyyəsində qurulur və keçirilir.

     3 saylı məktəb-lisey təkcə  Ağcabədi deyil, onun hüdudlarından çox-çox uzaqlarda qabaqcıl tədris mərkəzi kimi tanınır və sevilir. Məktəbin belə tanınmasında onun tanınmış məzunları-kimya elmləri doktoru Əyyub Əzimov, texnika elmləri doktorları Kamran Məmmədov, Rza Məmmədov, Cahid Kərimov (professor), filologiya elmləri doktoru Rasim Tağıyev, cərrah-yazıçı Nurəddin Qənbər (Mirzəyev), dilçi alim, filologiya elmləri doktoru Şamil Cəmşid, xalq artisti  Ağakişi Kazimov, yazıçı-dramaturq İsi Məlikzadə, xalq artisti , görkəmli xanəndə Yaqub Məmmədovun böyük əməkləri olumuşdur. Onlar həmişə bu məktəbin məzunu olduqları ilə fəxr etmiş, doğma təhsil ocağının adını qürur və məsuliyyətlə daşımışlar.

    Məktəb elə bir unudulmaz məkandir ki, illər öncə ondan ayrılsan da heç vaxt onu yaddan çıxarmır, onunla bağlı xatirələrini həmişə, hər yerdə ürəyinin ən əziz yerində saxlayır, gəzdirirsən. Çünki məktəb gələcək həyatımızda onsuz keçinə bilmədiyimiz bir çox amil və keyfiyyəti bizə öyrədir, aşılayır. Məktəbdə aldığımız bilik, keçdiyimiz həyat dərsi həmişə gərəyimiz olur, əlimizdən tutur. Bizi ömrün, həyatın keşməkeşli yollarında büdrəməyə qoymur. Odur ki, biz hər zaman bizim üçün doğma, əziz olan bu məkanla ayrılarkən əlivda yox, görüşənə qədər deyirik. Görüşənə qədər, doğma məktəb!

 

Adil Misirli,

                                                  Qarabağ üzrə bölgə müxbiri.