Yaylaqların mahnısı - yazdı Həzi HƏSƏNLİ, Şair-publisist

YAZARLAR 12:19 / 23.04.2025 Baxış sayı: 1204

İnsan mənzərələri

 

Dünyaya gələn hər kəs öz yerinə gəlir. Gedəndə də öz yerini boş qoyub gedir. Kəndimizdə çoxlarının Ağ atlı oğlan kimi tanıdığı bir Telman vardı. Öz ömrünü həyat eşqiylə yaşardı. Bir gün də öz yerini boş qoyub köçdü bu dünyadan.

Ona həyat eşqi aşılayan, Tanrı töhfəsi kimi ilahidən gələn, yanğısı ilə könülləri göynədən məlahətli səsi, bir də vəfalı atı idi. Onun zəngulə-zəngulə dağlarımızda əks-səda verən o səsi qəlbimdə həsrətdən yuva qurub. Uşaq yaddaşımı qanadan, yanıqlı “Cəlili” havası üstündə oxuyurdu:

Yaxın sirdaş kimi, əziz dost kimi,

Qollarını boynuma saldı bu yerlər.

Mənim bir nisgilim vardı əzəldən,

Oxşayıb könlümü aldı bu yerlər.

 

...Kim minir Qazağın Dilboz atını,

Götürür toyların şal- xalatını.

Şeirin, sənətin mükafatını

Hər zaman, hər yerdə aldı bu yerlər...

Bu şeir onun səsinin boyuna biçilmişdielə bil... Səsinin vurğunu olanların xahişi ilə, bir də təklənəndə oxuyardı. Səsi dağların sinəsini ilğım kimi bürüyürdü:

Vaxt olub ki, bu yerləri dolanıb,

Bir ov üçün min sorağa gəlmişəm.

Düşüb arxasınca, başı alovlu

Boz arandan göy yaylağa gəlmişəm.

 

Nə çəkmədim hələ cavan yaşımda?

Oda düşdüm min bir sevda başımda.

Xatirəm var torpağında, daşında,

Mənə tanış bir oylağa gəlmişəm.

Onun səsi qulağıma gələndə xəyalım dağlar dolanır. Səsinin zəngulələri zirvəli dağlarda qərar tutmuşdu. Dağları, dərələri, çölləri dilə gətirirdi. Ruhları yerindən oynadan ifaları atlını  yolundan edirdi.

Əlim qələm, dilim söz tutanda bildim ki, onun içdən duyub oxuduğu  şeirlər, özünün də bir dəfə görüb tanıdığı sevimli şairimiz Osman Sarıvəllinindir. Mən hələ körpə uşaq olanda Osman Sərıvəlli  bizim Faxralı kəndində qonaq olub. O zamandan şairin bir çox şeirləri kəndimizdə saz-söz  sevdalılarının- aşıqların,“dəftər-qələm tanımayan” urvatlı nənələrin, babaların dilinin əzbərinə dönmüşdü.

 Ağ atlıoğlanın ifasını dinləyib səsinə salavat çəkən yaylaqlar yaraşığı nənələr, babalar görmüşdüm  kəndimizdə. Onlara elə gəlirdi ki, şair bu şeirləri  bizim yerlərin, allı-güllü yaylaqlarının, and yerimiz olan dağlarının eşqinə yazıb. Doğrudan da Osman Sarıvəllinin qoşma dili necə də qənirsizdir. Qoşmaları anadilli şeirimizin çox gözəl nümunələridir.

Onun şeirləri üstündə Telmanın səsi ilə bağlı illərin arxasından keçib gələn bir xatirədə yaddaşımda yuva qurub.

...Günlərlə, həftələrlə başsız biçənəklərdə yeyib sinirən, boynu qantarğa, ağzı yüyən görməyənAğ at meşələrin dərinliyində itmişdi. Hamı Ağ atın qurda- quşa yem olduğunu düşünürdü.

   ... Qübarlı bir payız gecəsində ulduzlar göyün yeddinci qatında bərq vururdu. Ay da göyün  tən ortasında gün kimi nur saçırdı. “Qızılqaya” yaylağının səfalı qoynunda payız binəsinə köç etmişdik.  Binə qonşularımız bizim dəyənin qənşərindəki ocağın başına cəm olub, onun Ağ atı soraqlayan yanıqlı səsinə heyranlıqla qulaq kəsilmişdi.

    O səs  İsgəndər quşları kimi  dağları, daşları öz həzin nəğməsinə bələmişdi.Elə bil, ilahilər səsinə səs qatmışdı. Birdən sanki möcüzə baş verdi. Qarşı dağın o üzündən Ağ atın kişnərtisi eşidildi. Kişnərti yavaş- yavaş yaxınlıqda eşidilməyə başladı. Ceyran yerişli Ağ at dəyəmizin qənşərinə gəlib sahibinin səsinə sarı boylandı...

    O səsin həsrətindən indi də könlüm sızlayanda  gecələr yuxumda qantarğalı, yəhərli, yüyənli köhlənlər kişnəyir.

    Sevinci  bölüşməyə nə var ki? Hanı elə bir adam ki həsrəti bölüşə bilsin?! İnsan ömrün sonunadək həsrətdən gözdolusu, könüldolusu “kamını alanadək” yaşayır. Həsrət də könüllərin bir qismətidir.Dağın da dağ dərdi var. Həsrətində olduğum o səs, o yaylaqların mahnısı sanki dağların dərdini dilə gətirirdi.