Rafail İncəyurd : - Əməliyyat öncəsi

Əməliyyat öncəsi
Vahiməli dəhlizi
keçəndə ağır-ağır,
Allahın gözlərinə
baxırsan fağır-fağır
əməliyyat öncəsi.
Allahdan başqa hamı,
hər şey səndən aşağı.
Aparır qanadında
Son ahın son işığı
əməliyyat öncəsi.
İşıqların selində
yolçu varır, yol varır.
Ən Allahsız adam da
Allahına yalvarır
əməliyyat öncəsi.
Taxt-tacına yayxanan
qorxu xandı, paşadı.
Parıldayan bıçaqlar
Əzrailə oxşadı
əməliyyat öncəsi.
Hamı cərrah üzündən
sevgi umur, nur umur.
Yaxşı ki, bərk ağrıyan
dərk eləmir durumu
əməliyyat öncəsi.
Bir sahilsiz boşluğa
yıxılırsan adından.
Başına gələn bilir:
Dünya çıxır yadından
əməliyyat öncəsi.
Çətin sınağa gedən
uçağa dönür adam.
“Anam, hardasan?”- deyib,
Uşağa dönür adam
əməllat sonrası...
Əməliyyat sonrası
Gözlərini açmamış
Deyirsən: “Lənət xofa,
nəfəs verin bir udum!”
Gözlərini açanda:
-Salam dünya işığı!!!
-Salam, yeni mövludum!!!