Fərhad Tapdıqoğlu : - Mən də yana- yana yazdım,yazdım kı,qalsın....

YAZARLAR 08:39 / 01.05.2025 Baxış sayı: 1723

Erməni əsirliyində olan Kərim və Bəhmən Səfərov qardaşlarının taleyi .18 gün erməni çörəyi yeməyib vəfat edən Kərim kişi ...

Bəhmən kişi bizi görən kimi qəhərləndi.28 il öncə yaşadıqlarını yenidən yaşamağa başladı...

-...O gün...hə o gün...

Kərimlə mal - qoyunu qardaşoğlu Fazilə tapşırıb bizim evə çörək yeməyə gəlmişdik.Allah verəndən bir az yeyib evimizin yolağasına yenicə çıxmışdıq ki,xeyli sayda silahlı erməni qarşımızı kəsdi.Deyəsən böyükləri Sumqayıt ermənisi Anton idi.Kərim soruşandakı," bizdən nə istəyirsiniz?".Həmin o Anton 62 yaşlı böyük qardaşım Kərimi avtomatın qundağı ilə vurub yıxdı.Kerim yıxıanda başı dəmirə dəydi,başından qan axmağa başladı....

Artıq evlərimiz gözlərimiz qarşısında yanırdı.

Azərbaycan dilində təmiz danışan mürdarlar söyə- söyə:

- Hardadı Hətəmxan?Hanı onun uşaqları ?-deyə bağırırdı Anton.

Kərim başından qan axa- axa:

-Onlarda heç kim yoxdu,Füzuliyə gediblər- dedi.

Əclaflar Hətəmxanın yanan evini,evin qarajını, hamamını ..axtardılar.

(Hətəmxan mənim yeznəmdir.Mən aprel ayının 10 - da bacımın iki körpə yaşlı qızlarının evin hamamında necə gizlənmələri,6 saat orada qalaraq ,sonra necə xilas edilmələri barəsində ətraflı yazmışam.)

Bəhmən danışmağa çətinlik çəkir,göz yaşları dayanmır.Hamimiz kövrəlmişik.

....Həmin gün ,1991- ci ilin dekabr ayının 7- si idi.Həmin gün yüz illərlə tarixi olan bir kəndin yanıb kül olduğu bir tarixdir.Onlarla bəylərin yaşadıqları qədim bir kənd.Və o kənddən on kilometrlərlə ərazini vaxtilə ermənilərə yazıqları gəlib bizim səxavətli bəylərimiz "peşkəş " ediblər...Bir kənd yanırdı.Füzuli rayonunun Yuxarı Divanalilar kəndi...Adından göründüyü kimi bu kənddə divanxana(məhkəmə) olub.Divanalılar adı da ordan götürülüb.(Divan Alı,hakim,məhkəmə Alı)...

Ö zaman 62 yaşı olan Kərim kişi və 58 yaşı olan Bəhmən kişinin başlarına gələnləri yazmaq mənim üçün çox ağırdı.Kərim kişi dülgər idi.Demək olar ki, nəinki o kəndin,hətta qonşu kəndlərin evlərinin əksəriyyətinin dülgərlik işlərini o görmüşdü.Evlər deyildi yanan..Yanan onun əlləri idi,onun ürəyi idi..onun özü idi.Kəndi heç zaman tərk etməyəcəyini deyən Kərim kişini zorla döyə- söyə apardılar.Döyürdülər bu iki qardaşı...Gözlərini bağlayıb,Qırmızı bazar deyilən qəsəbənin yanındakı bir daxmaya, tövləyə saldılar onları. Qadınlı ,uşaqlı 11 nəfər..

Kərimin başından axan qanı silməyə də qoymayıblar alçaqlar .Nə həyat yoldaşı Laləzəri,nə də qızı Afizənı ona yaxın qoymayıblar.

10 gün ərzində qadın və uşaqları rayonun başçısı Aslan Mehdiyev azad etdirir.

Kərim kişi erməninin verdiyi cüzi quru çörəyə də əl vurmur. Mən " murdarların çörəyini yemərəm"- deyir.

18 gün ac qalan yaralı Kərim kişi dəfələrlə döyülüb,təhqir olunsa da,elə kişi kimi də ölür.Dostlar,mənim yazdıqlarımda zərrəcə şişirtmə yoxdur.Kərim kişi beləcə canını tapşırır.Kicik qardaşı Bəhmən onun meyidini iki pambıq döşəyin arasına qoyub bağlayır,ermənılərə verir...(Onlara ancaq pambıq döşək veriblər,üstlərinə ötməyə heç nə...)

Bəhmən kişi əsirlikdə bir erməni ilə qalır.Bu erməni azərbaycanlılarla əlaqədə olduğu üçün " həbs" olunmuşdu.O eyni zamanda meşə materiallarını kəsib satmaqda ittiham olunurdu.Qeyd edim ki,bizim Qacar kəndinə bitişik olan bu meşənin meşəbəyisi əvvəl Qasım kişi,onun vəfatından sonra isə oğlu Akif idi.Çox maraqlıdır ki,bu meşə Əsgəran rayonunun tabeçiliyində idi.

....Bəhmən kişi dəfələrlə döyülür.Qonşu Maşad kəndində(Maçkalaşen) yaşayan mənim də yaxşı tanıdığım erməni Şurikin oğlunun onu necə döydüyünü unutmayıb Bəhmən kişi.Döyülmək ağrıtmır Bəhməni. Dəfələrlə Bəhmən gildə çörək yemişdi bu alçaq erməni Surik...

Cəmillidə mənzərəli yerlərin birində erməni Rantikin yeməkxanası vardı.Bizimkilərin hesabına pullanmışdı erməni alçaq Pantik...Bəhməni Rantikin uşaqları da bir neçə dəfə bərk döymüşdülər...

...86 yaşlı Bəhmən kişiyə danışmaq çox çətindi.5 ayda başına gətirilən müsibətlərdən danışdiqca göz yaşlarımızı saxlaya bilmirdik.

Ayaqyoluna gedəndə də silahlılar onu müşaiyyət ediblər.Qulağının dibində dəfələrlə avtomatın darağını boşaldiblar.

Onunla qalan dustaq erməniyə hərdən ailəsi tərəfindən gətirilən çörəkdən yeyir Bəhmən kişi.Xocalida iki azərbaycanlı uşağı xilas edən rusun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyünü ,xatırlayır Bəhmən kişi..Şuşanın işğalından sonra ermənilərin " bayram atəşfəşanlığıni"ndan da danışır Bəhmən kişi...

Bəhmən kişi danışır..danışır..

Tez- tez bu kəlməni işlədir:"Soruşmayın,Soruşmayın,mən nələr çəkdiyimi soruşmayın. İstəmirəm siz də dinləyib əzab cəkəsiniz"...

...Kərim və Bəhmənin kiçik qardaşları Hətəmxan(mənim yeznəm) onları xilas etmək üçün gecəsini gündüzünə qatdı.Qonşu rayondan bir adamdan iki əsir erməni " alib" bir neçə ay saxladı.

O ermənilərin biri ilə Bəhmən kişi,digəri ilə girovluqda olan başqa birisi dəyişdirildi.On gün sonra isə Kərim kişinin meyidi ilə başqa bir erməni meyidi dəyişdirildi.Bu 1992- ci ilin may ayının ortalarında baş tutdu.Kərim kişi Yuxarı Dilağarda kəndində dəfn olundu.O kənd də işğaldadır.Ikiqat şəhid oldu Kərim kişi..

İki qardaşının azad olunması üçün dinclik bilməyən yeznəm Hətəmxan sağalmaz xəstəliyə tutuldu,2000- ci ildə dünyasını dəyişdi.

....Bəhmən kişi dəyişdirilməyə aparılanda qonşu Sos kəndində maşını bir neçə dəqiqəliyə saxlayıblar.Erməni xisləti özün göstərib.Guya yerli camaat hadisələrin belə cərəyan etməsinə təəssüflənirlər..

Qonşu Maşad kəndinə gətirəndə isə yenə də ermənilər Bəhmən kişinin başına toplaşıb' "çox pis olduqlarını" bildiriblər.

Əslində isə Bəhməni o kəndə gətirməkdə məqsəd xaraba qalmış yurd yerlərini ona göstərib ,göz dağı vermək idi.

Bəhmən kişi artıq susur,ondan o zaman 5 ay öncə yanan kəndimizin görünüşü barəsində heç nə öyrənə bilmirəm...

Bəhmən kişi indi Beyləqan şəhərində oğlu Tahirlə qalır.

Onun görüşünə gedənlər 10 nəfərdən artıq idi.Bizi görəndən sonra sanki zəifləmiş yaddaşı bərpa olundu Bəhmən kişinin.

Danışdı,yana - yana danışdı Bəhmən kişi..Yanan evlər,yanan kənd,yanan arzular...Bir də 18 gün erməni çörəyi etməyib,ac qalıb ölən böyük qardaşı Kərim kişini ana- ana danışdı Bəhmən kişi...

Mən də yana- yana yazdım,yazdım kı,qalsın....