Şakir Xanhüseyn : - QUŞU QONMAQ

Bir adama quşun qondu
qəlbində yer edib, demək;
Sanırsan ona aidmiş
köksündə çırpınan ürək;
Quşun qonur gözlərinə,
sözlərinə quşun qonur.
Yolu gedir ha baxırsan,
izlərinə quşun qonur;
Dinləyirsən ipək, yumşaq
səsi qulağına qonur,
Dilindən qopan kəlmələr
bir-bir dodağına qonur...
Hansı tərəfdən çıxır gün,
hardan düşürsən dumana;
Hə, birini sevmək üçün
gərək quşun qona
ona...
Bir-birinə nəfəs olan
insanlar bəyəm çoxmu, dur;
Çıxıb gedərdim e burdan,
yad torpağa quşum qonmur...