Şakir Xanhüseyn : - KİM BİLMİR

Bəzən öz-özünə gülüb-
-ağlamağı kim bilmir.
Yarasını yarasıyla
bağlamağı kim bilmir...
Sərt daşa da çat düşürür
səslərdəki həsrət, qəm;
Ürəyində həmişə od
saxlamağı kim bilmir...
Sarı simə dönüb hamı,
bir balaca toxun, gör...
Köksünə köz basılırtək
yuhlamağı kim bilmir...
Çalınan bütün havalar
bir darıxmaq havası...
Göz yaşıyla əkdiyini
sulamağı kim bilmir...
Kədər bizdən biri olmuş,
aramızda o, çoxdu;
Ahı ilə ocağını
qalamağı kim bilmir?!