Xatirə Rəhimbəyli : - DƏLİ

Ədəbiyyat 20:26 / 02.05.2025 Baxış sayı: 1308

 

Gözümün yaşını selə döndərib,

Ömrün altın üstə çevirən dəli.

Yalandı bu acı giley-güzarlar,

Mən yenə də səni sevirəm,dəli.

 

Neyləyim bu qədər sərtsən,soyuqsan?

Çaşaram hardasa qarşıma çıxsan..

Sən ay mənim yoxum, sən həmin yoxsan,

Varsan ki, taxtını devirəm, dəli ?

 

Sən bir şirin yoxsan, mən bir acı var,

Sən lalsan, mən isə dili-dilavar,

Dəli duyğuları,noolar,gəl apar,

Hərəsin bir yana qovuram, dəli!..

 

Qalmaya ürəklər güman içində,

Elə ah içində, aman içində,

Noola, tufan olam bir an içində,

Bütün dərdü-səri sovuram,dəli.

 

Sən bir var olasan,mən bir bəxtəvər,

Döyə qapımızı hey xeyir xəbər,

Deyə bir-birinə vurğun könüllər,

Hər səhər, hər axşam "sevirəm'',dəli,

Mən sənin dərdindən ölürəm, dəli!.."