Əbülfət Mədətoğlu : - Gözlərimin kökünəcən ...

Gözlərimin kökünəcən sürünüb
Ağrı,sanki, lağım atıb bəbəkdə..
Təbiətin cəzasına bürünüb -
Arılar da boğulubdu pətəkdə!
Çatmayıbdı bir kimsəyə əl, nə ün
Basaratı bağlanıbdı ruhumun..
Heç bilmirəm yaşadığım bu nə gün? -
Yozumu da tapılmır son yuxumun!..
Xiffətindi gödəkcəsi əynimin
Gah yağışdan, gah da qardan qoruyur...
Düşünsəm də bu günəcən bilmədim -
Göz yaşları məni hardan qoruyur?!
...Qapısızdı tanıdığım "ah" evi,
Pəncərə də şüşəsizdi, dam çöküb...
Qarşınıza harda çıxsa yaş izi -
Bilin, ordan Əbülfət də yol keçib...