Həzi HƏSƏNLİ, Şair-publisist : - Başı kəsik gözəl kötük

YAZARLAR 09:50 / 01.05.2025 Baxış sayı: 1768

                                                                                                                                                 Yaşıl dünya

 

 

Başı kəsik gözəl kötük,

bu dağı sənə kim çəkdi?

Baltanı sənə kim vurdu,

bıçağı sənə kim çəkdi?

 

İpək-ipək yarpaqların,

küləklərlə talandımı?

Bilək-bilək budaqların

Ocaqlarda qalandımı?

 

 Ramiz Rövşənin bu şeirini oxuyanda insanın ürəyi qövr eləyir. Xəyalım uşaqlığımın uzaq illərinin enişli-yoxuşlu yollarından keçib geri qayıdır.Ağac kölgəsində dincəldiyim, kitab oxuduğum, universitetə hazırlaşdığım günlər yadıma gəlir.  Həyətimizdə yaz aylarında çiçək salxımlarından şirə çəkən, bal arılarından ballı çiçəklərini əsirgəməyən akasiya ağacımız düşür yadıma.

 Ramiz Rövşən başı kəsik gözəlkötüyü sözlə elə gözəl təsvir edirki... Şair dililə ona layla çalır. Onun söz sığalı ürəkləri isindirir.

  Meşədə hündür bir ağac kəsiləndə şaqqıltıyla əli baltalının üstünə yıxıldığını görmüsünüzmü?.  Mən öz gözlərimlə görməsəm də, rəhmətlik atam meşədə bunun şahidi olmuşdu. Deyirdi ki, nəvaxtsa adamlar kəsdikləri ağacların altında qalıb ölüb. Kənddə də danışırdılar ki, filankəsləri meşədə kəsdikləri ağac vurub öldürüb.

Bir payız günü,yaşadığımız yerin yaxınlığındatəbiətin pərişan çağında özüm də pərişan oldum. Həmişə kölgəsində oturub dincəldiyim tut ağacını yerində görmədim.  Onun yerindəbaşı kəsik qərib bir kötük qalmışdı. Qanunsuz ağac kəsənlər təbiətə və insanlara xar tutunxeyirindən qat-qat çox  ziyan vurmuşdular. “Sapı özümüzdən olan baltalar”ın qurbanı olmuşdu xartut. Çox üzüldüm. Ahım tüstü olub göylərə qalxdı.Neçə-neçə insanlar onuntəmiz havasından ciyərdolusu nəfəs alır, kölgəsində şükranlıqla dincəlir, şirin meyvələrindən yeyirdilər.

... Aylar keçdi. Təbiətin ilk bahar çağında, tut kötüyünün bəxtinə gün doğdu.Şəfəqləri əlvan, üfüqləri qızıla çalan günəşli bir gündə tut kötüyü rəngdən-rəngədüşdü. İşıqlı, nurlu göyə, qızılı üfüqlərə sarı həsrətlə boylandı.  Şahanə yarpağa, köksünün üstünə atılan torpağa, bir ovuc torpaqdan boy verən çiçəklərə baxıb öz keçmişini andı...

 Astaca meh əsir, kötüyün sinəsindən rişələnən yarpaqlara, çobanyastığı çiçəklərinə baxdıqca adamın ürəyi açılır. Doğrudan da kötük ağ günə çıxıb. Bir ovuc torpağa qucaq açıb, sinəsindəki çiçəklərlə könül-könülə dayanıb.Yaşıllığın, gül-çiçəyin arasında özünə qarşı mehr-məhəbbət görür. Köksündə bülbüllər oxuyur. Dövrəsində cəh-cəh vuran quşlarla ülfət bağlayır. Nəfəsinə gül nəfəsi toxunur.Tanrının möcüzəsi kimi,zərifliklə qolboyun yaşayır.

Əhdi möhkəm, qoynu gülüstan başı kəsik gözəl kötük  gül açıb, dil açıb. Deyir ki, ey bir ağac əkməyib, min bir ağac kəsən nankorlar! Bütün canlılar yaşamaq istəyir. Sən mənim başımı kəsdin. Amma hikmət dünyasında kötük olub yaşamağın, ömrün sevinc yükünü daşımağın da ilahi bir hikməti var...

...Beləcə,başı kəsik gözəl kötükdən ömrün payızında gözdolusu bir nişanə, ürəkdolusu bir xatirə qaldı. Həm acı, həm də şirin bir xatirə...