Arzu Əsəd :- Okean kənarında yaşamaq istəyirəm

Ədəbiyyat 13:47 / 02.05.2025 Baxış sayı: 1481

Okean kənarında yaşamaq istəyirəm -

bir yanım sonsuzluq olsun.

Həyatın darlıqlarından doğan iztirablarım

suların göy üzüylə qovuşduğu

intəhasızlığında yuyulsun.

Okean kənarında yaşamaq istəyirəm -

açılım genişliklərə,

qopum adiliklərdən,

hər addımbaşı toxunmayım

insan divarlara,

baxım okean nəfəsliyimdən

göy üzü azadlığıma,

çıxım görünməz barmaqlıqlarından

varlığa məhkumluğumun,

görüm göründüyümü,

bilim bilindiyimi,

unudum unudulduğumu,

hər an bir az da xatırlayım

əbədiyyətə aid olduğumu.

Okean kənarında yaşamaq istəyirəm,

okean kənarında -

ruhuma çırpılan dalğalarında

qovuşsun

yaşamdakı həyəcan ölümdəki həyəcan,

qarışsın bir-birinə

içimdəki okean çölümdəki okean,

ərisin, itsin bu bədən,

çıxım ömrün sərhədlərindən,

önüm açıq olsun -

sonunda sonsuzluğunda

Tanrı bir gün bəlkə

görünmək istədi

suların göy üzüylə qovuşduğü

maviliklərin fonunda.