Sona Vəliyeva : - ÖZÜMLƏ SÖHBƏT

Ədəbiyyat 10:31 / 22.04.2025 Baxış sayı: 941

 

Elə bil yer üzü boşalıb,

hamı məni atıb gedib.

Bəlkə, heç doğulmamışıq –

ömür ağlımızdan keçib.

 

Kim üçün darıxar könlüm?

Niyə yol çəkər gözlərim?

Hardasa mənsiz ağlayır

yazılmayan son sözlərim.

 

Bir Allah, bir söz vəfalı,

güvənməyə kim qalıb ki?

Uzaqda bir qurd ulayır,

səsi qürbət, həsrət zəngi.

 

Ən rəhmli bildiyim kəs,

demə, ən zalım adammış,

Bizi günaha çəkməyə

Şeytan Haqdan zaman almış.

 

Şükür, yolum eşqdən başlar,

bir yol üstə min qapı var.

Çevrilən qum saatıyam,

“əvvəl-son”u kim hesablar?