Ağaevli Əli Hacı : - Hansı dərddən su içib,suladın bu ömrümü

Ədəbiyyat 16:08 / 08.05.2025 Baxış sayı: 1339

Hansı dərddən su içib,suladın bu ömrümü

Çəkdin yolu özünə,mən də üzündən uzaq !

Sökülüb haqq divarı,o da lüt paltarında

Azadlıq söz-içində,həyatında-yalquzaq !

 

Kim örtübdür üstünü,istidə bu dərdimin?!

Yoxsa qışı görübdü içimdəki çöl adam !

Gəl,yaxına əl verək mən,üşüyən deyiləm

Çölümdəki kimsəni gəl,içimdə gör,adam !

 

Bircə qurtum su gətir,içim qəmin adına

Görüm hansı tikədir boğazımdan keçməyən !

Süfrələri açılır namərdlər körpüsündə,

Yeyir vaxtı,zamanı haqqı əkib-biçməyən !

 

Arazdan su gətirin,bu sinəmə səpməyə

Orda Araz qurumur,Kür də gəlmir özünə !

Mən,dəyirman yiyəsi,çox şeyləri üyütdüm

Niyə düşdüm dinlərin bu dəyirman gözünə ?!

 

Bükdüm daha kəfənə dərdi Bəzz Qalasında,

Öldürdüm yad istəyi Savalanın adına !

Tanrı dağdan qar gətir,səpim bu yurd boyunca

Bəlkə,bir bütövləşək soyuğluğun adına !