ƏQİDƏ ADAMINDAN yazdı Elman Eldaroğlu

Heydər Əliyev- 102
Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm...
Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəm. O, 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul edilib və 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülüb. 1988-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək aspiranturanın əyani şöbəsində təhsilini davam etdirib 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirərək "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edib. 1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olub. 1995-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olub. 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla həmin vəzifədən azad edilib.
2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yüksəlib, 2005-ci ildən isə professordur. Beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyanın, 8 dərsliyin və eləcə də yüzlərlə elmi məqalənin müəllifidir...
Deyir ki:- “Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial- iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun həqiqi müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994 il oktyabr və 1995 il mart dövlət çevrilişi cəhdlərinin, habelə Heydər Əliyevə qarşı hazırlanmış sui-qəsd və terror planlarının qarşısı qətiyyətlə alındı, respublikada silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq bərqərar edildi. Əsas qayəsini müstəqillik, dövlətçilik, demokratiya və düşüncə azadlığı, dünyəvilik, qanunçuluq, azərbaycançılıq və digər mütərəqqi dəyərlərin təşkil etdiyi yeni bir dövlətin - müstəqil Azərbaycanın özülü qoyuldu. İşğalçı Ermənistan qoşunları ilə müharibə cəbhəsində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı, Ermənistan 1994 ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur oldu.”
O, böyük siyasətə 1990-cı ilin “Qara Yanvar” hadisələri zamanı Ümummilli Liderin Moskvada- Azərbaycanın daimi nümayəndəliyində SSRİ rəhbərliyini ciddi tənqid etdiyi məlum çıxışından sonra qoşulub. Həmin vaxtdan başlayaraq 1990-1993-cü illərin hadisələrində və proseslərində Heydər Əliyevin bütün təşəbbüs və fəaliyyətinə dəstək verib. 1990-cı ilin iyun ayında Moskvadan dönən Heydər Əliyevi Naxçıvana qədər müşaiyət edib. Sonrakı çətin günlərdə, xüsusən də Ayaz Mütəllimov hakimiyyətinin ciddi təzyiqi ilə üz-üzə qaldığı dövrdə Ulu öndərin ətrafında olanların arasında olub. 1992-ci ildə Yeni Azərbayvan Partiyasının yaradılması prosesində iştirak edib. Digər silahdaşları ilə birlikdə YAP-ın təsis qurultayını keçirərək, YAP-ın ilk Siyasi Şurasının üzvü, İdeologiya şöbəsinin müdiri seçilib. 1993-cü ildə Azərbaycan xalqının iradəsi ilə Ümummilli Liderimiz hakimiyyətə gələndən sonra bir qrup partiya silahdaşları kimi, o da ali hakimiyyət postuna təyin edilib. Düz 10 il Ulu Öndərlə, 14 il prezident İlham Əliyevlə çiyin-çiyinə çalışıb. İndiyədək bir sıra orden və medallarla mükafatlandırılıb...
“Heydər Əliyevin təməlini qoyduğu və realllaşdırılmasına başladığı yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994 il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi haqqında müqavilə imzalandı. “Əsrin müqaviləsi” adını almış bu beynəlxalq layihədə dünyanın ən qabaqcıl ölkələrini təmsil edən nəhəng neft şirkətləri təmsil olunurdu. "Əsrin müqaviləsi" bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar 30-dan artıq saziş imzalandı ki, bu da Azərbaycana 60 milyard dollardan çox xarici sərmayənin qoyuluşuna imkan yaratdı. İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri tikilib istifadəyə verildi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa olunması haqqında saziş imzalandı, eləcə də təməli qoyuldu.”- söyləyir.
O, inanılmaz dərəcədə romantik və sevgi doludur, insanları çox sevir. Olduqca emosionaldır və çox güclü intuisiyayası var. Zəhmətkeş adamdır, məhsuldar işləməyi xoşlayır. Dünyavi insandır, səxavətli, əliaçıq olması ilə seçilir. Duyğusaldır, o, bu xüsusiyyəti ilə insanlarda əsasən iki şeyə diqqət yetirir- ruhi təmizlik və həssaslıq. Öz hislərinə, duyğularına inanır. Onun əsas xüsusiyyətləri isə emosionallıq və romantizmdir...
Deyir ki:- “Etiraf edirəm, Heydər Əliyev 1993-2003-cü illərdə öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü siyasi iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda QURTULUŞ missiyasını öz üzərinə götürərək, ölkəmizi ciddi təlatümlərdən xilas etmiş və milli dövlət quruculuğu prosesini inamla həyata keçirərək, Ümummilli Lider səviyyəsinə yüksəlmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olub. Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəldərək, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur!”
Çox fədakar bir xarakterə sahib olduğu üçün, adam onun yanında özünü son dərəcə güvənli hiss edir. Ağıllı, mehriban və sadiqdir. Fantastik sərgüzəştləri sevmir. Yaradıcılığı və innovativ ideyaları ilə karyerasında uğur qazanmağı bacarır. Amma daxilən tənha adamdır, etdiyi yaxşılıqlar çox vaxt cavabsız qalır. Bu da onu narahat edir. Necə deyərlər, yardım əlini xeyli adama uzadıb, onun hesabına ev-eşik sahibi olan, fəxri ada layiq görülən kifayyət qədər insan var, fəqət qədrini bilən azdır...
Bəli, haqqında söhbət açdığım Əli Həsənov Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan insanlardandır...