Ağamir Cavad : - SƏN ELƏ SEV Kİ...

İnamdır, vəhdətdir, həyatdır sevgi,
Qoy ömrün güc alsın eşq qiymətindən.
Sən elə sevil ki, sən elə sev ki,
Arzun çiçək açsın sədaqətindən.
Səma salam versin xoş sabahlara,
Səadət eşqiylə səslənsin azan.
Sən elə sevil ki, sən elə sev ki,
Sevgi nəğməsini oxusun cahan.
Qaytar o əvvəlki düz ahənginə
Qəm üstə köklənən bu şad dünyanı.
Sən elə sevil ki, sən elə sev ki,
Bu saf sevgin ilə yaşat dünyanı.
Xeyir əməllərlə yaşayıb-yarat,
Yolunda nə duzaq, nə də şər olsun.
Sən elə sevil ki, sən elə sev ki,
Ömrünün mizanı bərabər olsun.
Tanrının eşqiylə dolanır cahan,
Fələk də baş əyir bu şah qüdrətə.
Sən elə sevil ki, sən elə sev ki,
Dünya heyran qalsın bu məhəbbətə.